HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
06 iyun 2016 | 05:06   
İyunun 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  iclasının gündəliyə 3 məsələ daxil edilmişdi. 
Komitə sədri Əli Hüseynli diqqətə çatdırdı ki, ilk iki məsələ “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.
Belə ki, “Notariat haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə 6-cı bəndin əlavə edilməsi təklif olunur. Həmin əlavəyə əsasən, notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə sahəsi beş hektardan çox olmayan xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək səlahiyyəti verilir.
Həmçinin bu qanunun 32-ci maddəsinin yeddinci hissəsində və   “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-2-ci maddəsində “notarius” sözündən sonra “notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” sözləri əlavə edilir. 
Çıxış edən deputatlar Rövşən Rzayev və Fəzail Ağamalı bu dəyişikliklərin kənd təsərrüfatının inkişafına xidmət etdiyini və insanların işini asanlaşdıracağını diqqətə çatdırdılar.
Sonra gündəlikdəki üçüncü məsələ - Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında məlumat verildi. Bildirildi ki, məcəllənin 38-ci maddəsinə təklif olunan dəyişiklik Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “ASAN Viza” sisteminin fəaliyyətinin təşkili ilə bağlıdır. Həmin maddədə elektron vizanın alınması barədə müraciətə baxılması müddəti, vizanın qüvvədə olma müddəti, vizanın müddətinin uzadılmasına qoyulan tələblər və digər məsələlər öz əksini tapmışdır. Çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Vüsal Hüseynov, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və dəvət edilmiş qonaqlar bu sistemin ölkəmizdə turizmin inkişafına təkan verəcəyini diqqətə çatdırdılar.
Müzakirələrin sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU