AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi.
Komitə sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib. Komitə sədri qanunun birinci oxunuşda müzakirəsindən sonra sənədin xeyli təkmilləşdirildiyini, 4 aya yaxın bir müddət ərzində işçi qrupu tərəfindən qanun layihəsi üzərində iş aparıldığını, layihəyə 6 yeni maddə, 50-dən artıq yeni müddəanın salındığını vurğuladı. Qeyd olundu ki, qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafının, kooperativlərin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirmək məqsədilə hazırlanıb.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini - Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə sənədi ətraflı şərh etdi. Qeyd olundu ki, kooperativlər kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı, satışı və s. ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvlərin maddi və sosial tələblərini ödəmək məqsədi ilə yaradılır. Bildirildi ki, sənədə əsasən dövlət və bələdiyyə orqanlarının kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində vəzifələri müəyyənləşdirilib.
Çıxış edən millət vəkilləri Eldar Quliyev, Hüseynbala Mirələmov, Novruzəli Aslanov, Aydın Hüseynov, Kənd Təsərrüfatı və İqtisadiyyat və sənaye nazirliklərinin nümayəndələri kənd təsərrüfatının inkişafı istiqamətində sənədin çox əhəmiyyətli olacağını bildirdilər, yeni təkliflər səsləndirdilər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti