MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 6-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclası keçirildi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı iclası açaraq bildirdi ki, bugünkü iclasın gündəliyinə “Azərbaycan Respublikası Ailə Məcəlləsində dəyişikliklər edilməsi” haqqında qanun layihəsi daxil edilib. Bildirildi ki, qanunveriçilik təşəbbüsü qaydasında Ali Məhkəmənin Plenumu 28 mart 2016-cı il tarixli qərarla sənədə dəıyişikliklərlə bağlı təkliflər verib. Təklif olunan dəyişikliyə görə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaq valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir. Bildirildi ki, Məcəllənin 23.3-cü maddəsinə edilən dəyişiklikdə “çıxarışı” sözündən sonra “nikahın pozulmasının dövlət qeydiyyatı üçün” sözlər, 112.1-ci maddəsinə “bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir” cümləsi əlavə edilir.
İclasda iştirak edən Ali Məhkəmənin hakimi Vəfaddin İbayev çıxışında bildirdi ki, Azərbaycanda nikahların pozulması ailənin möhkəmliyi xüsusiyyətlərinə cavab vermir. Cəmiyyətdə nikahların pozulması hallarının get-gedə artması ilkin olaraq uşaqların taleyində müəyyən problemlər yaradır, aliment məsələlərində fikir ayrılıqları ortaya çıxır. Boşanma ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsindən sonra nikahları pozulan cütlüklərə aliment məsələsi ilə bağlı yuxarı instansiya məhkəmələrinə müraciət, şikayət etmək hüququ verilmişdi və bu da ən azı 6-7 ay çəkirdi. Bu müddətdə də uşaqlara alimentlərin ödənilməsi məsələsində əlavə problemlər yaranırdı.
Ali Məhkəmənin Plenumu belə bir təkliflə çıxış etdi ki, birinci instansiya məhkəməsinin qətnaməsindən sonra alimentin tutulması dərhal təmin edilsin. Vəfaddin İbayev onu da qeyd etdi ki, məhkəmələr boşanma zamanı tərəflərin hər ikisinin iştirakının təmin olunmasına zəmin yaratmalı, nikah pozularkən uşaqların üstün mənafeyi təmin olunmalıdır.
Millət vəkilləri Musa Quliyev, İlham Məmmədov, Elmira Axundova, Astan Şahverdiyev, Sahibə Qafarova, Araz Əlizadə, Tahir Rzayev Məcəlləyə təklif edilən dəyişikliklərin yerində olduğunu, Ali Məhkəmənin qərarını ədalətli hesab etdiklərini vurğuladılar.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti