AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN TƏDBİRİNDƏ

Aprelin 13-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” mövzusunda tədbir keçirildi. Əvvəlcə aprel ayının ilk günlərində cəbhənin düşmənlə təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri giriş sözü ilə açan komitənin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, bu, böyük bir layihənin ilk tədbiridir və komitə regionlarımızda bilavasitə əhalinin iştirakı ilə bu qəbildən olan tədbirləri daha geniş formada həyata keçirməyi planlaşdırır. Tədbirin əsas məqsədi ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, sağlam ailə modeli kontekstində erkən evlilik və onun törətdiyi fəsadlar, bu sahədə ictimai qınaq, mövcud qanunvericiliyin ictimai təbliği, bu prosesdə ağsaqqal və ağbirçəklərin rolunun artırılması üçün maarifləndirmə işinin gücləndirilməsinə həsr olunub. Komitə sədri diqqətə çatdırdı ki, müxtəlif qayğıların fonunda dözümlü ailə nümunələrini təbliğ etmək və həmçinin ictimaiyyətin diqqətini milli-mənəvi dəyərlər əsasında qurulmuş adət-ənənələrimizə cəlb etmək layihənin əsas məqsədlərindən biridir.
Sonra çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova insan hüquqları kontekstində ailə institutunun hüquqi statusu barədə fikirlərini bildirdi. Ölkədə qeydiyyatsız nikahların sayının artmasından ciddi narahatlığını ifadə edən Ombudsman qeyd etdi ki, bu hal kəndlərdə və rayonlarda daha çox olur. O, diqqətə çatdırdı ki, erkən və məcburi nikahlar, narkomaniya, qumar oyunları, reproduktiv sağlamlıqla bağlı problemlər, insanların dünyagörüşü baxımından uyğunsuzluğu ailə institutunu dağıdan ən mühüm səbəblərdəndir. O, həmçinin bildirdi ki, ailələrin oğlan övladına üstünlük verməsi nəticəsində statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ailə institutunun formalaşmasında problemlərdən və perspektivlərdən danışdı. Bildirdi ki, Azərbaycanda uşaq psixoloqlarına böyük ehtiyac var. Bu sahədə ciddi boşluqlar mövcuddur. Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılması, onların fəaliyyətlərinin genişləndirilməsi çox vacibdir. Əvvəllər məktəblərdə psixoloqlar uşaqlarla işləyirdi. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişikliklər özünü göstərir.
Hicran Hüseynova qeyd etdi ki, rayon icra hakimiyyətlərindəki Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər. Bildirdi ki, gözləməməliyik ki, hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov son dövrlərdə qeyri-ənənəvi İslamın ailələrdə yaratdığı problemlərdən danışdı. Bildirdi ki, bu problemlərin həllində sağlam dini maarifçilik önəmli rol oynaya bilər. Çünki İslam dini qadınların təhsil almaq, işləmək, ictimai-siyasi həyatda iştirak etmək hüquqlarına hörmətlə yanaşır.
Daha sonra çıxış edən Bakı şəhəri Nərimanov rayonunun Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayılova ailə institutunun formalaşmasında nikahın rolu barədə fikirlərini bildirdi. Səadət İsmayılova ölkəmizdə ailə institutunun qorunmasına dövlət qayğısı, bu sahədə görülmüş işlər və qarşıda dayanan vəzifələr barədə danışdı.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Əhliman Əmiraslanov, deputat Kamilə Əliyeva, müvafiq qurumların, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri ailə institutunun qorunması və inkişaf etdirilməsi barədə fikirlərini bildirdilər.
İclasa yekun vuran Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı tədbirin əhəmiyyətindən danışdı, belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğuladı.
Milli Məclisin
Mətbuat xidməti