İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Aprelin 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə gündəlikdəki layihələrin müzakirəsinə keçməzdən əvvəl son günlərdə Azərbaycan ordusunun cəbhə bölgəsində uğurlu hərbi əməliyatlar keçirdiyini, bunun hər bir vətəndaş, bütövlükdə Azərbaycan xalqı tərəfindən qürurla qarşılandığını dilə gətirdi. O bildirdi ki, dövlət başçısının bu istiqamətdəki siyasəti əhali tərəfindən birmənalı şəkildə dəstəklənir. Əminik ki, belə bir ordu sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkiləcəklər.
Sonra iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi müzakirə olundu. Ziyad Səmədzadə qanun layihəsi barədə ətraflı məlumat verdi. Çıxış edən millət vəkilləri Ağalar Vəliyev, Vahid Əhmədov, Əli Məsimli, Tahir Mirkişili, İlham Əliyev sənədin sahibkarlığın inkişafı üçün əhəmiyyətindən söz açdılar. Eyni zamanda qanun layihəsinin dilinin bir qədər sadələşdirilməsi, hər bir sahibkarın başa düşə biləcəyi formada yazılması, ölkəmizdə dempinqə düşən məhsulların siyahısının sənədə əlavə olunması təklif olundu.
Daha sonra “Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökumətləri arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” sazişin təsdiq edilməsi haqqında sənədə baxıldı.
“Sosial sığorta haqqında” qanununa dəyişiklik edilməsi barədə qanun layihəsində edilən redaktə xarakterli düzəliş barədə də məlumat dinlənildikdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti