MİLLİ MƏCLİSİN KOMİTƏ İCLASINDA

Martın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.
Əvvəlcə iclasda “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi müzakirə olundu. Qanunvericilik təşəbbüsü subyekti kimi sənədi hazırlayaraq komitəyə təqdim edən deputat Rafael Cəbrayılov qanun layihəsi barədə məlumat verdi. Sözügedən layihənin çox əhəmiyyətli olduğunu qeyd edən millət vəkili bildirdi ki, burada əsasən Konstitusiya Məhkəməsinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur. Belə ki, Konstitusiya Məhkəməsi Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilə əsasında insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın Azərbaycan barəsində qəbul etdiyi qərarların Azərbaycan Konstitusiyasına uyğunluğu baxımından icrasının mümkünlüyü məsələsini həll edəcək.
Qeyd edildi ki, qanunvericilik prinsiplərinə əsasən bu qanun layihəsi 63 deputatın razılığı olandan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilə bilər. Müzakirələr zamanı bildirildi ki, belə bir sənədin olması insan hüquqları sahəsində Azərbaycana qarşı mövcud olan ikili standartların qarşısını alacaq.
Sonra “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsinə baxıldı. Bildirildi ki, layihədə, 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib. Qeyd olundu ki, sənəd üzərində iş davam etdirilir. bu sahədə yerli mütəxəssislərin təkliflərinə baxılır, eləcə də beynəlxalq təcrübə öyrənilir.
İclasda “İnzibati icraat haqqında” qanunda, eləcə də Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxıldı. Qanunvericilik bazasının uyğunlaşdırılması baxımından təklif olunan redaktə və texniki xarakterli düzəlişlər komitə üzvləri tərəfindən qəbul edildi.
Məsələlərin hər biri ayrılıqda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti