AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Martın 7-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları, Monitorinq və Mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin üzvləri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov, deputatlar Elxan Süleymanov, Vüsal Hüseynov və Müslüm Məmmədov iştirak edəcəklər.
İclaslarda Avropa institutlarının şəffaflığı, dinc nümayişlər zamanı insan hüquqları pozuntularının qarşısının alınması, 2010-cu ilin 10 aprel tarixində Polşa nümayəndə heyətini daşıyan TU-154 təyyarəsinin Rusiya Federasiyasında qəzaya uğraması, İnternetdə fikir azadlığı, Mədəniyyət və demokratiya, Şərqi və Mərkəzi Avropada regional dillərin təbliği, Gənclər korrupsiyaya qarşı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatları müzakirə olunacaq məsələlər barədə çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
Milli Məclisin
Mətbuat xidməti