ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Yanvarın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2016-cı il yaz sessiyasında ilk iclası keçirildi. İclasda komitənin qarşıdakı sessiya üçün qanunvericilik işləri planı müzakirə olundu.
Komitə sədri Hadi Rəcəbli bildirdi ki, yaz sessiyasında iki yeni – “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq. Qeyd olundu ki, uzun müddətdir hər iki sənədin əlaqədar qurumlarla və ictimaiyyətlə birlikdə geniş müzakirəsi gedir. Yaxın günlərdə sənədlər üzərində iş başa çatdırılacaq və parlamentə təqdim ediləcək. Bildirildi ki, “Əlillərin hüquqları haqqında” qanun layihəsi əvvəllər qəbul olunan “Əlilliyin qarşısının alınması haqqında” qanunun yenidən işlənilmiş variantıdır. Həmin qanunun aktuallığını qismən itirməsi səbəbindən sənədin yenidən işlənməsi zərurəti yaranmışdı.
Komitə sədri yeni “Qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi hazırlandığı barədə də məlumat verdi. Qeyd olundu ki, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini, bu zaman cərəyan edəcək proseslərin tənzimlənməsini nəzərdə tutan layihə demək olar ki, hazırdır. Hadi Rəcəbli yaz sessiyası dövründə Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsini nəzərdə tutan sənədin də hazırlandığını dedi. Bildirildi ki, Məcəlləyə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılır. Sonra komitə sədri qanun yaradıcılığı subyekti olaraq yeni təşəbbüslərlə çıxış etməyin vacibliyindən, bu sahədə deputatların üzərinə düşən vəzifələrdən danışdı. Bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi zərurətinin yarandığını vurğuladı.
Çıxış edən millət vəkilləri Rauf Əliyev, Yaqub Mahmudov, Sevinc Hüseynova, Elmira Axundova qanunvericilik işləri planı ilə bağlı fikirlərini bildirdilər.
İclasda iştirak edən Azərbaycan Gözdən Əlillər üçün Şahmat və Dama Federasiyasının sədri Camal Cabbarov “Bədən tərbiyəsi və idman haqqında” qanunda əlillərin hüquqları ilə əlaqədar müddəalarda korlar üçün heç bir güzəştin nəzərdə tutulmadığı ilə bağlı iradlarını bildirdi. Millət vəkilləri onun verdiyi təkliflərin yerində olduğunu, qanun layihəsində bu məqamların əksini tapmasının vacib olduğunu vurğuladılar.
Komitə üzvləri yaz sessiyasının qanunvericilik işləri planını razılıqla qarşıladılar.
Milli Məclisin
Mətbuat xidməti