TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNDƏ

Sentyabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti islası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlərin hər birini ətraflı şərh etdi.
Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olundu. Bundan sonra komitədə “Hərbi qulluqçuların statusu” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” sənədlərə edilən dəyişikliklərə baxıldı.
“Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihəsini deputatlar razılıqla qarşıladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” qanun layihəsi barədə fikirlərini bildirən Ziyafət Əsgərov sənədin yüksək əhəmiyyətindən danışdı.
Daha sonra iclasda “NATO-nun Əfqanistandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın iştirakının təmin edilməsi haqqında” Azərbaycanın müdafiə naziri ilə NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi haqqında sənədin müzakirəsi keçirildi. Komitə üzvləri qanun layihəsinin zəruriliyini vurğuladılar.
Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti