REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri payız sessiyasının başlanması münasibəti ilə həmkarlarını təbrik etdi. Sonra o, cari ilin ötən sessiyası dövründə komitənin fəaliyyəti barədə hesabat xarakterli məlumat verdi. Bildirildi ki, həmin dövrdə komitənin 6 iclası keçirilib, 10 qanun layihəsi hazırlanaraq parlamentdə qəbul edilib. Arif Rəhimzadə qeyd etdi ki, sessiya müddətində komitəyə 200-dən artıq məktub, ərizə və şikayət daxil olub, 655 vətəndaşın qəbulu həyata keçirilib və onların problemlərinin həllinə mümkün olan köməklik göstərilib. Komitə sədri qarşıdakı sessiya dövründə görüləcək işlər barədə məlumat verdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
İclasda “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanuna edilən dəyişiklik deputatlar tərəfindən razılıqla qarşılandı.
Arif Rəhimzadə bildirdi ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” qanun layihələrindəki dəyişikliklər “Avtomobil yolları haqqında” qanunun müddəalarına uyğunlaşdırma məqsədi ilə həyata keçirilir.
İclasda “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Torpaq bazarı” və “Torpaq islahatı” haqqında qanun layihələrində dəyişikliklər müzakirə edildi. Qeyd olundu ki, bu dəyişikliklərə əsasən, qanunlarda “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözləri “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz edilir.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti