REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Mayın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxılacaq.
Arif Rəhimzadə qanun layihəsini şərh edərkən qeyd etdi ki, bu layihə uzun müddətli müzakirələrdən sonra ərsəyə gəlib. Layihədə 17 rayon üzrə 31 yaşayış məntəqəsinin adının dəyişdirilməsi nəzərdə tutulur. İclasda vurğulandı ki, sənədin üzərində iş üç istiqamətdə aparılıb. Birincisi, 15 rayonda 27-dən çox eyniadlı yaşayış məntəqələri mövcuddur ki, həmin yerlərin adlarının dəyişdirilməsi zərurəti vardı. Məsələn, Kəlbəcər rayonunda 3, Gədəbəydə 4, Cəlilabadda 3, Tərtərdə 4 belə yaşayış məntəqəsi var ki, bu da poçt, bank və digər xidmət sahələrinin fəaliyyəti üzrə çoxsaylı problemlər yaradır. İkincisi, 2 rayonda əhalinin istəyi ilə bir sıra yaşayış məntəqələrinin adlarının dəyişdirilməsidir. Bu yaşayış məntəqələrinin adlarındakı dəyişikliklərin öz növbəsində müəyyən inzibati-ərazi dairələrinin adlarının dəyişdirilməsinə səbəb olması isə üçüncü istiqamətdir.
İclasda çıxış edən Toponimiya Komissiyasının sədr əvəzi Teymur Bünyadov, deputatlardan Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Qalib Salahzadə sənəddə edilən dəyişiklikləri razılıqla qarşıladılar.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti