MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Aprelin 14-də Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İclası açan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əvvəlcə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı fikirlərini bildirdi. Qeyd olundu ki, sənəddə aparılan dəyişikliklərə əsasən kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə cəzalar sərtləşdirilir. Ölkəmizdə keçiriləcək I Avropa oyunları ərəfəsində bu dəyişikliklərin zəruri olduğu bildirildi. Bu tipli tədbirlərdə giriş biletlərinin saxtalaşdırılmasına görə fiziki şəxslər 500 (beş yüz) manat, vəzifəli şəxslər 2000 (iki min) manat, hüquqi şəxslər 5000 (beş min) manat miqdarında cərimə ediləcək.
Sonra iclasda “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədə baxıldı. Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev bildirdi ki, qanuna edilən dəyişikliklər “Polis haqqında” qanuna uyğunlaşdırma məqsədilə aparılıb. Dəyişikliklər əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin təmin edilməsini gücləndirəcək, habelə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasının qarşısını alacaq.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində bu sənədlə əlaqədar ediləcək dəyişiklikləri şərh etdi. O, “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna edilən dəyişiklikləri də diqqətə çatdırdı. Bildirdi ki, mövcud qanunun 10-cu maddəsindəki “3 iş günü” ifadəsi, sadəcə” 3 gün” ifadəsi ilə əvəz olunur.
Ətraflı müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti