MİLLİ MƏCLİSDƏ “REKLAM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Martın 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.
İclası açan komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, ölkədə reklamın inkişafını realizə edən sənəd parlamentdə 1997-ci ildə qəbul edilmişdi. Ötən 15 ildən artıq bir vaxtda Azərbaycanda sosial-iqtisadi sahədə çox ciddi dəyişikliklər həyata keçirilib. Ölkə iqtisadiyyatının davamlı inkişafı üçün böyük nailiyyətlər əldə olunub, iqtisadi həyatın bütün sahələrində tərəqqi müşahidə olunur. Reklam sahəsində də müəyyən uğurlarımız əldə olunub. Buna görə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, “Reklam haqqında” sənədə yenidən yanaşmaya ehtiyac duyulurdu. Hazırlanan yeni qanunun qəbulundan sonra bu sahədə mövcud olan boşluqlar aradan qaldırılacaq.
Deputat Vahid Əhmədov çıxışında qeyd etdi ki, qanunun Milli Məclisin plenar sessiyasında ilk oxunuşda müzakirəsi zamanı sənədlə bağlı səsləndirilən bütün prinsipial təkliflər, reklam bazarının inkişafına xidmət edən əsaslı rəylər nəzərə alınmış, fəaliyyət subyektlərinin narahatlığına səbəb ola biləcək müddəalarla bağlı məqamlar aradan qaldırılmışdır. Yeni qanun layihəsi sadə, anlaşılan formada, həmçinin bu sahədə xarici təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Layihədə reklamın istehsalı və yayımı prosesinin dövlət tənzimlənməsinə dair bir çox yeniliklər öz əksini tapır.
Komitə üzvü Əli Məsimli “Reklam haqqında” qanun layihəsinin əsas prinsipləri barədə məlumat verdi. Qeyd etdi ki, layihəyə müasir dövrdə baş vermiş dəyişiklikləri ehtiva edən anlayışlar, reklam subyektləri arasındakı münasibətlərin tənzimlənməsinin yeni mexanizmləri daxil edilib. Sənədə əsasən yetkinlik yaşına çatmamış uşaqların müdafiəsi ilə bağlı müddəalar genişləndirilib və süni qida, dərman preparatları, alkoqollu içkilər, tütün məmulatları, mənşəyi bilinməyən məhsullarla bağlı reklamların məhdudlaşdırılmasına görə xüsusi maddə əlavə edilib.
Komitənin iclasında millət vəkilləri Rüfət Quliyev, Xanhüseyn Kazımlı, Nəqliyyat, Mədəniyyət və turizm, Səhiyyə, Rabitə və informasiya texnologiyaları nazirliklərinin, Hesablama Palatasının, reklam şirkətlərinin nümayəndələri sənədlə bağlı fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti