REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 23-də Milli Məclisin Regional məsələlər komitəsinin 2015-ci ildə ilk iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə komitə üzvlərini yeni ilin və sessiyanın başlanması münasibəti ilə təbrik etdi, deputatlara fəaliyyətlərində uğurlar arzuladı.
Sonra o, 2014-cü ilin payız sessiyası dövründə komitənin gördüyü işlər barədə hesabat verdi. Qeyd olundu ki, 2014-cü il payız sessiyası dövründə komitənin 7 iclası keçirilib. İclaslarda 11 qanun layihəsi daxil olmaqla 13 məsələ müzakirə olunub. Hesabat dövründə komitənin ünvanına daxil olan 101 məktub, təklif, ərizə və şikayətə baxılıb, araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə üzvləri 450 nəfərdən çox vətəndaşı qəbul edib, onların qayğı və problemlərinin həllinə mümkün qədər yardım göstərilib.
Çıxış edən komitə üzvləri Tahir Rzayev, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Qalib Salahzadə, Azər Badamov komitədə qəbul edilən qanunların əhəmiyyətindən danışdılar, dekabr ayında keçirilən bələdiyyə seçkilərini ötən ilin ən böyük uğur göstəricisi kimi dəyərləndirdilər.
Sonra iclasda 2015-cü ilin yaz sessiyası zamanı komitədə görüləcək işlərin planı müzakirə edildi. Qeyd edildi ki, işlər planına Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və bir sıra qanunlarda əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələri daxildir.
İclasın sonunda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edlməsi barədə qanun layihəsi də müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti