İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Martın 16-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”nin təsdiq edilməsi barədə məsələyə baxıldı.
Komitənin sədri Ziyad Səmədzadə dedi ki, bu saziş Azərbaycanın dünya bazarına, dünya iqtisadi məkanına çıxışını təmin etmək baxımından çox önəmli sənəddir. Sonra iclasda İqtisadi İnkişaf Nazirliyinin şöbə rəisi Sahil Babayevin Kredit Sazişi barədə məlumatı dinlənildi. Bildirildi ki, həmin tikintidə baş podratçı Azərbaycan tərəfidir. Kreditin məbləği 300 milyon avrodur, istifadə müddəti 48 aydır, faiz dərəcəsi illik 4 faizə bərabərdir, qaytarılma müddəti 15 il nəzərdə tutulub. Sənəd tərtib edilərkən müvafiq hüquqi şərtlər təmin olunub və Azərbaycan tərəfinin maraqları tam şəkildə qorunub.
Komitədə ətraflı fikir mübadiləsi aparıldı. Deputatlardan Əli Məsimli, Vahid Əhmədov, İlham Əliyev sənəd barədə rəylərini diqqətə çatdırdılar, Kredit Sazişinin əhəmiyyətini yüksək dəyərləndirdilər.
Müzakirələrin yekununda Azərbaycanla Serbiya arasında Kredit Sazişinin təsdiqinə dair məsələ ratifikasiya üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti