AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 14-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişikliklər edilməsi ilə bağlı məsələlər daxil edilib.
Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini, Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə qanun layihələri barədə məlumat verdi.
Bildirildi ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, ölkəyə idxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə edilməməsi haqqında məlumatın göstərilməsi tələb edilir. Bu, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələlərə tələbkarlığın artırılması məqsədi daşıyır.
Sonra iclasda “Balıqçılıq haqqında” qanuna edilmiş dəyişikliklərə baxıldı. Bildirildi ki, qanunun yeni redaksiyada verilmiş 20-ci maddəsində dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri əks etdirilir. Bu vəzifələrə balıq və digər su bioresurslarının, onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək, bu sahədə hüquqpozmaların qarşısını almaq, akvakulturanın inkişafı ilə bağlı proqramlar hazırlamaq, akvalultura subyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması qaydasını müəyyən etmək kimi məsələlər daxildir. Balıq və digər su bioresurslarının qorunmasına, ovunun tənzimlənməsinə, bərpasına, meliorasiya işlərinə, akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Digər dəyişikliyə əsasən, qanunun 21-ci və 22-ci maddələri ləğv edilir.
Komitə üzvləri müzakirələrdən sonra hər iki sənədi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti