Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
27 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

27 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 22-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“Maddə 22. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyatı həyata keçirilən şəxslər
22.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən şəxslərin qeydiyyatı həyata keçirilərkən həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların Azərbaycan Respublikasında statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi verilir.
22.3. Qeydiyyat vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir və qeydiyyat vəsiqəsi verilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində məlumatlar həmin sistem vasitəsilə Vahid Miqrasiya Məlumat Sisteminə ötürülür.
22.4. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
2. 25.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Rəsmi səfər vizası Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvlərinə, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.”.
3. 42.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“42.9. Bu Məcəllənin 25.1-ci maddəsində göstərilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətlərinin uzadılması bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni viza verilməsi qaydasında həyata keçirilir.”.
 
 
                       Azərbaycan Respublikasının Prezidenti
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU