Məhsul şəhadətnaməsi haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
23 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Məhsul şəhadətnaməsi haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 13-cü və 15-ci bəndlərinə uyğun olaraq, məhsul şəhadətnamələrinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi qaydalarını, məhsul şəhadətnamələrindən istifadənin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. əmtəə məhsul şəhadətnaməsi – borclunun məhsul şəhadətnaməsində göstərilmiş keyfiyyətdə və miqdarda aqrar məhsulu (bundan sonra – məhsul) şəhadətnamənin mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini təsbit edən məhsul şəhadətnaməsi;
1.1.2. maliyyə məhsul şəhadətnaməsi – borclunun məhsul şəhadətnaməsində göstərilmiş miqdarda pul məbləğini şəhadətnamənin mülkiyyətçisinə vermək öhdəliyini təsbit edən məhsul şəhadətnaməsi;
1.1.3. məhsul şəhadətnaməsi – məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürür.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Maddə 2. Məhsul şəhadətnaməsi haqqında qanunvericilik
2.1. Məhsul şəhadətnaməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında məhsul şəhadətnaməsi ilə bağlı münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2-ci fəsil
MƏHSUL ŞƏHADƏTNAMƏSİ İLƏ BAĞLI TƏLƏBLƏR, MƏHSUL ŞƏHADƏTNAMƏSİNİN NÖVLƏRİ VƏ MƏZMUNU
Maddə 3. Məhsul şəhadətnaməsi ilə bağlı tələblər
3.1. Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.
3.2. Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyırlar.
3.3. Kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi dəyişdikdə məhsul şəhadətnaməsi üzrə hüquq və vəzifələr yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə keçir. Torpaq sahəsinin belə yüklülüyü barədə borclu yeni mülkiyyətçi, istifadəçi və ya icarəçiyə məlumat verməyə borcludur.
3.4. Bu Qanunun 3.3-cü maddəsində göstərilən halda borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisinin dəyişməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə 10 (on) gün müddətində məlumat verməlidir.
3.5. Heyvandarlıq sahəsində məhsul şəhadətnaməsini mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı heyvanları (bundan sonra – heyvan) olan şəxslər buraxa bilərlər.
Maddə 4. Əmtəə məhsul şəhadətnaməsinin məzmunu
4.1. Əmtəə məhsul şəhadətnaməsində aşağıdakı məlumatlar göstərilməlidir:
4.1.1. borclu barədə məlumatlar:
4.1.1.1. fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN), habelə olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
4.1.1.2. hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
4.1.2. məhsul şəhadətnaməsinin mülkiyyətçisi barədə məlumatlar:
4.1.2.1. fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN), habelə olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları;
4.1.2.2. hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və əlaqə məlumatları;
4.1.3. məhsul şəhadətnaməsinin əldə edilməsi müqabilində onun mülkiyyətçisi tərəfindən borcluya ödəniləcək pul məbləği, həmin məbləğin ödənilməsi müddəti və qaydası;
4.1.4. məhsul şəhadətnaməsinin mülkiyyətçisinə təqdim edilməli olan məhsul, onun keyfiyyəti və miqdarı;
4.1.5. öhdəliyin icra müddəti (öhdəlik hissə-hissə icra olunmalıdırsa, hər hissə üçün icra müddəti);
4.1.6. məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması şərtləri və yeri;
4.1.7. məhsulun istehsal və ya ilkin emal ediləcəyi torpaq sahəsi və ya müəssisə üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiqləyən sənəd və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan qida zənciri subyektlərinə münasibətdə qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış barədə məlumatlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət kadastrı məlumatları (heyvandarlıq sahəsində buraxılan əmtəə məhsul şəhadətnaməsinə münasibətdə borclunun normativ hüquqi aktlara əsasən identikləşdirilməli olan heyvanlarının identikləşdirilməsi haqqında, identikləşdirilməli olmayan heyvanların sayı, cinsi və yaşı barədə məlumatlar);
4.1.8. məhsulun sığortalanması barədə məlumatlar;
4.1.9. məhsulun yetişdirilməsi və ya ilkin emalı texnologiyası barədə məlumatlar;
4.1.10. əsas öhdəliyin icrasının təmin edilməsi üsulu müəyyən edildiyi hallarda, həmin üsul barədə məlumatlar;
4.1.11. əmtəə məhsul şəhadətnaməsinin buraxılış tarixi.
Maddə 5. Maliyyə məhsul şəhadətnaməsinin məzmunu
5.1. Maliyyə məhsul şəhadətnaməsində aşağıdakı məlumatlar göstərilməlidir:
5.1.1. borclu barədə məlumatlar:
5.1.1.1. fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN), habelə olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
5.1.1.2. hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
5.1.2. məhsul şəhadətnaməsinin mülkiyyətçisi barədə məlumatlar:
5.1.2.1. fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN), habelə olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
5.1.2.2. hüquqi şəxs olduqda onun adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), əlaqə məlumatları və ödəniş rekvizitləri;
5.1.3. məhsul şəhadətnaməsinin əldə edilməsi müqabilində onun mülkiyyətçisi tərəfindən borcluya ödəniləcək pul məbləği, həmin məbləğin ödənilməsi müddəti və qaydası;
5.1.4. borclunun məhsul şəhadətnaməsinin mülkiyyətçisinə təqdim etməli olduğu pul məbləği;
5.1.5. öhdəliyin icra müddəti (öhdəlik hissə-hissə icra olunmalıdırsa, hər hissə üçün icra müddəti);
5.1.6. məhsulun istehsal və ya ilkin emal ediləcəyi torpaq sahəsi və ya müəssisə üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiqləyən sənəd və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyatı tələb olunan qida zənciri subyektlərinə münasibətdə qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış barədə məlumatlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət kadastrı məlumatları (heyvandarlıq sahəsində buraxılan maliyyə məhsul şəhadətnaməsinə münasibətdə borclunun normativ hüquqi aktlara əsasən identikləşdirilməli olan heyvanlarının identikləşdirilməsi haqqında, identikləşdirilməli olmayan heyvanların sayı, cinsi və yaşı barədə məlumatlar);
5.1.7. məhsulun sığortalanması barədə məlumatlar;
5.1.8. məhsulun yetişdirilməsi və ya ilkin emal texnologiyası barədə məlumatlar;
5.1.9. əsas öhdəliyin icrasının təmin edilməsi üsulu müəyyən edildiyi hallarda, həmin üsul barədə məlumatlar;
5.1.10. maliyyə məhsul şəhadətnaməsinin buraxılış tarixi.
3-cü fəsil
MƏHSUL ŞƏHADƏTNAMƏSİNİN DÖVRİYYƏSİ
Maddə 6. Məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi
6.1. Borclu bu Qanunun 4-cü və 5-ci maddələrində (4.1.2-ci və 5.1.2-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) qeyd edilən məlumatları informasiya sisteminə daxil edir.
6.2. Bu Qanunun 6.1-ci maddəsində göstərilən məlumatlar informasiya sisteminə daxil edildikdən sonra kreditor (kreditorlar) informasiya sistemi vasitəsilə şəhadətnaməni əldə etmək arzusunda olduğunu bildirir, bu Qanunun 4.1.2-ci və 5.1.2-ci maddələrində göstərilən məlumatları və mövcud olduğu halda borclu tərəfindən yerləşdirilən məlumatlara dair əlavə təkliflərini borcluya göndərir.
6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar tərəflərdən tələb edilmir. Belə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onların təqdim olunması məlumatların aid olduğu tərəfin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya məlumatların aid olduğu tərəfin özü tərəfindən təmin edilir.
6.4. Borclu informasiya sistemi vasitəsilə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan məlumatları aldığı andan 5 (beş) iş günü müddətində kreditorlardan birinin təklifini qəbul edir və digər kreditorların təklifini rədd edir (və ya bütün kreditorların təklifini rədd edir). İnformasiya sistemi vasitəsilə bu barədə kreditorlara dərhal bildiriş göndərilir.
6.5. Borclu kreditorlardan birinin təklifini qəbul etdikdən sonra məhsul şəhadətnaməsi borclunun bu Qanunun 6.1-ci maddəsinə uyğun olaraq informasiya sisteminə daxil etdiyi və kreditorun bu Qanunun 6.2-ci maddəsinə uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında informasiya sistemi vasitəsilə avtomatik formalaşdırılır, nömrələnir və 3 (üç) iş günü müddətində borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sistemi üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza vasitəsilə imzalanır.
6.6. Məhsul şəhadətnaməsinin mülkiyyətçisi bu Qanunun 4.1.3-cü və 5.1.3-cü maddələrinə əsasən müəyyən edilmiş müddətdə şəhadətnamədə göstərilən pul məbləğini nağdsız qaydada borclunun bank hesabına ödəməlidir. Ödəniş barədə məlumat informasiya sistemi vasitəsilə avtomatik əldə edilir, bu mümkün olmadıqda isə ödənişi təsdiq edən sənəd məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən informasiya sisteminə daxil edilir. Məhsul şəhadətnaməsi ödəniş məbləğinin borclunun bank hesabına daxil olduğu andan qüvvəyə minir. Müəyyən edilmiş müddətdə ödəniş edilmədikdə məhsul şəhadətnaməsi qüvvəyə minmir.
6.7. Məhsul şəhadətnaməsi hər iki tərəfin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə imzalandıqdan sonra onda birtərəfli qaydada dəyişiklik edilə bilməz.
6.8. Məhsul şəhadətnaməsi ilə bağlı tələbin güzəşti informasiya sistemində məhsul şəhadətnaməsinin mülkiyyətçisi tərəfindən məhsul şəhadətnaməsində təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə verilmə qeydinin (indossamentin) edilməsi ilə həyata keçirilir.
6.9. Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən təkrarən satıla bilər.
6.10. Məhsul şəhadətnaməsi mülkiyyətçi tərəfindən öhdəliklərlə yüklənə bilər və belə yüklənmə bu Qanunun 6.12-ci maddəsinə uyğun olaraq qeydiyyata alındığı andan qüvvəyə minir.
6.11. Əmtəə məhsul şəhadətnaməsi təkrar satıldığı halda yaranmış əlavə çatdırılma xərcləri tərəflər arasında başqa razılaşma yoxdursa, yeni mülkiyyətçi tərəfindən ödənilir.
6.12. Məhsul şəhadətnaməsinin onun mülkiyyətçisi tərəfindən təkrar satılması və öhdəliklərlə yüklü edilməsi (girov və s.) barədə məlumatlar mülkiyyətçi tərəfindən 5 (beş) iş günü müddətində informasiya sisteminə daxil edilir.
Maddə 7. Məhsul şəhadətnaməsi buraxılan zaman sığorta
Məhsul şəhadətnaməsi buraxılan zaman tərəflər kənd təsərrüfatı məhsulunun sığortalanması barədə öhdəlik götürə bilərlər.
4-cü fəsil
MƏHSUL ŞƏHADƏTNAMƏSİNİN TƏMİNATI VƏ MONİTORİNQİ
Maddə 8. Məhsul şəhadətnaməsinin təminatı
8.1. Bu Qanunun 8.6-cı maddəsi nəzərə alınmaqla, məhsul şəhadətnaməsinin təminatı məhsuldur.
8.2. Məhsul şəhadətnaməsinin mülkiyyətçisinin məhsul şəhadətnaməsinin təminatı üzərində yüklülüyünün üçüncü şəxslər üçün açıqlanması “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
8.3. Məhsul şəhadətnaməsi ilə müəyyən olunmuş miqdarda məhsul istehsal və ya ilkin emal edildikdən sonra məhsul şəhadətnaməsinin təminatına çevrilir və istehsal olunmuş və ya ilkin emal edilmiş məhsulun mənbəyini sübut etmək vəzifəsi borclunun üzərinə düşür.
8.4. Əgər əldə edilmiş məhsul itki nəticəsində məhsul şəhadətnaməsi üzrə öhdəliyin tam icra edilməsi üçün kifayət etmirsə, borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisi ilə qarşılıqlı razılıq əsasında məhsulu eyni dəyərli başqa təminatla əvəz etməlidir.
8.5. Borclu məhsul şəhadətnaməsinin təminatı üzərində normativ hüquqi aktlara uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Əgər tərəflər arasında başqa qayda müəyyən edilməmişdirsə, borclu təminat predmetini özgəninkiləşdirdikdə və ya digər üsulla onun üzərində sərəncam verdikdə, həmin tarixdən 7 (yeddi) gün müddətində təminat predmetini eyni növdə, miqdarda və keyfiyyətdə məhsulla əvəz etməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə təminat predmeti ekvivalent dəyərə malik digər məhsulla da əvəz edilə bilər.
8.6. Məhsula əlavə olaraq, borclu qanunla qadağan olunmayan istənilən əmlakı məhsul şəhadətnaməsi üzrə öhdəliyin təminatı kimi istifadə edə bilər.
Maddə 9. Məhsul şəhadətnaməsi üzrə monitorinq
9.1. Əgər borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında başqa qayda müəyyən edilməmişdirsə məhsul şəhadətnaməsinin mülkiyyətçisi 3 (üç) iş günü əvvəlcədən borclunu xəbərdar etməklə məhsul üzərində monitorinq həyata keçirə bilər. Monitorinq öhdəliyin qüvvədə olduğu bütün müddət ərzində məhsul şəhadətnaməsinin mülkiyyətçisinin özü və ya onun səlahiyyət verdiyi üçüncü şəxslər tərəfindən həyata keçirilə bilər.
9.2. Məhsul üzərində monitorinqə məhsulun istehsal və ya ilkin emal edildiyi, habelə saxlanıldığı torpaq sahəsi, anbar, müəssisə, nəqliyyat vasitəsi və başqa yerdə məhsulun müşahidə edilməsi və texnoloji proseslərlə tanışlıq daxildir.
9.3. Borclu məhsulun istehsal və ya ilkin emal edildiyi, habelə saxlanıldığı torpaq sahəsi, anbar, müəssisə, nəqliyyat vasitəsinə və başqa yerə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin maneəsiz daxil olmasını təmin etməlidir.
9.4. Məhsul şəhadətnaməsinin mülkiyyətçisi monitorinq zamanı borclunun təsərrüfat fəaliyyətinə müdaxilə edə bilməz.
9.5. Məhsul şəhadətnaməsinin mülkiyyətçisi monitorinq zamanı bu Qanunun 4.1.9-cu və 5.1.8-ci maddələrinə uyğun olaraq məhsul şəhadətnaməsində qeyd edilən tələblərə əməl edilmədiyini aşkar edərsə, əməl edilməyən tələblər barədə borclunu 5 (beş) iş günü müddətində yazılı xəbərdar edir.
9.6. Yazılı xəbərdarlıqdan sonra borclu bu Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş pozuntuları 30 (otuz) təqvim günü müddətində aradan qaldırmırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi məhsul şəhadətnaməsi üzrə öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.
5-ci fəsil
MƏHSUL ŞƏHADƏTNAMƏSİ ÜZRƏ ÖHDƏLİKLƏRİN İCRASI VƏ
TUTMA YÖNƏLDİLMƏSİ
Maddə 10. Məhsul şəhadətnaməsi üzrə öhdəliklərin icrası
10.1. Maliyyə məhsul şəhadətnaməsi üzrə öhdəlik məhsul şəhadətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin məhsul şəhadətnaməsinin mülkiyyətçisinə ödənilməsi ilə icra edilir.
10.2. Əgər borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında başqa qayda müəyyən edilməmişdirsə, əmtəə məhsul şəhadətnaməsi üzrə öhdəlik məhsulunun məhsul şəhadətnaməsi ilə müəyyən edilmiş qaydada məhsul şəhadətnaməsinin mülkiyyətçisinə təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması ilə icra edilir. Borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisinə məhsulu təqdim edərkən həmin məhsullara dair “Qida təhlükəsizliyi haqqında”, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş icazə sənədlərini təqdim etməlidir.
10.3. Əgər borclu və əmtəə məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında ayrı qayda müəyyən edilməmişdirsə, əmtəə məhsul şəhadətnaməsində göstərildiyindən fərqli növ və keyfiyyətdə məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması öhdəliyin icrası hesab olunmur.
10.4. Borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi aşağıdakılar barədə razılığa gələ bilərlər:
10.4.1. öhdəliyin əmtəə məhsul şəhadətnaməsində göstəriləndən fərqli növ və keyfiyyətdə məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması və ya pul məbləğinin məhsul şəhadətnaməsinin mülkiyyətçisinin bank hesabına köçürülməsi ilə icra olunması barədə;
10.4.2. məhsul şəhadətnaməsi üzrə öhdəliyin borclu tərəfindən vaxtından əvvəl icra olunması barədə.
10.5. Əgər məhsul şəhadətnaməsində öhdəliyin hissə-hissə icra olunması nəzərdə tutulursa, əmtəə məhsul şəhadətnaməsində hər hissə üçün ödəniş tarixləri və məhsulun minimal miqdarı, maliyyə məhsul şəhadətnaməsində isə hər hissə üçün ödəniş tarixləri və minimal pul məbləği müəyyən edilir.
10.6. Məhsul şəhadətnaməsi üzrə öhdəlik tam və ya hissə-hissə icra olunduqda, məhsul şəhadətnaməsinin mülkiyyətçisi bu barədə məlumatı 3 (üç) iş günü müddətində informasiya sisteminə daxil edir.
10.7. İstehsal və ya emal edilmiş məhsul əmtəə məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrası üçün kifayət etməzsə, öhdəliyin qalan hissəsi əmtəə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin seçimi üzrə aşağıdakı üsullardan biri ilə icra edilir:
10.7.1. əmtəə məhsul şəhadətnaməsində göstərilən məhsulla eyni növdə, miqdarda və keyfiyyətdə başqa məhsulun, yaxud tərəflərin razılığı ilə ekvivalent dəyərə malik digər məhsulun təhvil-təslim aktı əsasında verilməsi və ya çatdırılması ilə;
10.7.2. məhsulun orta bazar qiyməti üzrə hesablanan dəyəri məbləğində kompensasiyanın ödənilməsi ilə.
10.8. Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edildikdə borclu tərəfindən öhdəliyin icrasını təsdiq edən sənədlər (maliyyə məhsul şəhadətnaməsinə münasibətdə borcun ödənilməsi barədə ödəniş qəbzi, əmtəə məhsul şəhadətnaməsinə münasibətdə təhvil-təslim aktı) 3 (üç) iş günü müddətində informasiya sisteminə daxil edilir və bu məhsul şəhadətnaməsi üzrə öhdəliyin tam icra edilməsi barədə qeyd hesab edilir. Bu qeydin doğruluğu və ya daxil edilmiş sənədlərlə bağlı yaranmış mübahisələr tərəflərin qarşılıqlı razılığı ilə həll edilir və ya həmin mübahisələrə məhkəmə qaydasında baxılır.
Maddə 11. Məhsul şəhadətnaməsinin təminatına tutma yönəldilməsi
11.1. İnformasiya sistemində məhsul şəhadətnaməsi üzrə bu Qanunun 10.8-ci maddəsində nəzərdə tutulmuş qaydada öhdəliyin tam icra edilməsi barədə qeydin olmaması məhsul şəhadətnaməsinin mülkiyyətçisinin başqa sübut və dəlillər təqdim etmədən məhsul şəhadətnaməsi üzrə pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu təsdiq edir.
11.2. Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə təminata Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutma yönəldilə bilər.
11.3. Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin müraciəti ilə informasiya sistemində dərhal məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd tərtib edilir və məhsul şəhadətnaməsi üzrə təminata tutma yönəldilməsi üçün “Elektron icra” informasiya sisteminə göndərilir.
11.4. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyddə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində və bu Qanunun 4-cü (əmtəə məhsul şəhadətnaməsinə münasibətdə) və ya 5-ci (maliyyə məhsul şəhadətnaməsinə münasibətdə) maddələrində müəyyən olunmuş məlumatlar göstərilir.
11.5. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd məhsul şəhadətnaməsinin təminatı üzərində sahibliyin icra məmuru tərəfindən borcludan alınıb məhsul şəhadətnaməsinin mülkiyyətçisinə verilməsini müəyyən edir.
11.6. Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunmalıdır.
11.7. Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ məhsul şəhadətnaməsinin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli deyildirsə və tərəflərin razılaşmasına əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malikdir.
6-cı fəsil
YEKUN MÜDDƏALAR
Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Maddə 13. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən 3 (üç) ay sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

