“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
13 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

13 oktyabr 2026

Layihə
                     
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 11-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 46-1-ci maddə əlavə edilsin:
“Maddə 46-1. Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi
46-1.1. İcra məmuru borclunun özündə aşkar edilən sənədli qiymətli kağızı dərhal götürərək, həmin qiymətli kağızın götürüldüyü gündən gec olmayaraq üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir.
46-1.2. İcra məmuru borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağızın, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağızın olması barədə mərkəzi depozitardan rəsmi məlumat aldıqda həmin məlumatın alındığı gündən gec olmayaraq onun üzərinə həbs qoyulması barədə qərar qəbul edir və bu qərarın surətini mərkəzi depozitara, qiymətli kağızın emitentinə və qiymətli kağızı verən şəxsə göndərir. 
46-1.3. Borclunun mülkiyyətində olan qiymətli kağızın üzərinə həbs qoyulması, həmin qiymətli kağıza sərəncam hüququnu və həmin qiymətli kağız üzrə ödənişlərin qəbulunu icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə məhdudlaşdırır.
46-1.4. Yönəldilən tələb miqdarında və həcmində bölgüsü mümkün olmayan qiymətli kağızlar üzrə sərəncam hüququna, tələbin miqdarı və həcmindən asılı olmayaraq, bütövlükdə həbs qoyulur.
46-1.5. Borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər “Elektron icra” informasiya sistemi vasitəsilə təşkil edilir.
46-1.6. Qiymətli kağıza tələb yönəldilərkən qiymətli kağız əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə tələbkara təklif olunur. Tələbkar həmin təklifin qəbulu ilə bağlı iradə ifadəsini 7 iş günü müddətində bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. 
46-1.7. Qiymətli kağızın tələbkarın mülkiyyətinə keçirilməsi ilə əlaqədar icra məmuru 1 iş günü müddətində müvafiq olaraq mərkəzi depozitara, ödəyiciyə və ya investisiya şirkətinə müraciət edir. Tələbkarın depo hesabı olmadığı halda tələbkar sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza tələbin yönəldilməsinə qədər depo hesabı açılması üçün mərkəzi depozitarın üzvünə (investisiya şirkətlərinə və investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən banklara) müraciət etməlidir. 
46-1.8. Əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymət, belə qiymət mövcud olmadıqda isə nominal dəyər tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. 
46-1.9. Qiymətli kağızın verilməsi (depo hesabına köçürülməsi) təklifi tələbkar tərəfindən qəbul edilmədikdə qiymətli kağıza tələbin yönəldilməsi qiymətli kağızın tənzimlənən bazarda satılması yolu ilə həyata keçirilir. Qiymətli kağızların tənzimlənən bazarda satışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir. Bu halda icra məmuru sifarişçi qismində çıxış edərək Azərbaycan Respublikasında fəaliyyət göstərən investisiya şirkətinə qiymətli kağızların tənzimlənən bazarda satışını həvalə edir. Qiymətli kağızların tənzimlənən bazarda satışı zamanı qiymətli kağız satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə təklif olunur. 
46-1.10. Qiymətli kağızın satışından daxil olan vəsait icra xidmətinin depozit hesabına köçürülür. 
46-1.11. Qiymətli kağız tənzimlənən bazarda iki ay müddətində  satışdan əvvəlki ticarət gününün sonuna olan qiymətdən aşağı olmayan qiymətə, belə qiymət mövcud olmadıqda isə nominal dəyəri ilə satılmadıqda bu barədə icra məmuruna məlumat verilir və həmin qiymətli kağız yenidən tələbkara nominal dəyəri ilə təklif olunur. Həmin təklifin rəsmiləşdirilməsi bu Qanunun 46-1.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq həyata keçirilir. Həmin təklif tələbkar tərəfindən qəbul edilmədikdə sənədli qiymətli kağız 3 iş günü müddətində borcluya qaytarılır, sənədsiz qiymətli kağızın borclunun depo hesabına qaytarılması üçün 1 iş günü müddətində mərkəzi depozitara bildiriş göndərilir.
46-1.12. Ödəniş vaxtı çatmış və üzərinə həbs qoyulmuş qiymətli kağızlar üzrə borcluya ödənilməsi nəzərdə tutulan vəsait icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə ödəyici tərəfindən icra xidmətinin depozit hesabına ödənilir. 
46-1.13. Girov predmeti olan qiymətli kağızlara tələbin yönəldilməsi bu Qanunun 48-ci maddəsi nəzərə alınmaqla həyata keçirilir.
46-1.14. Bu maddənin tələbləri daşınmaz əmlak üzərində ipoteka hüququnu təmin edən ipoteka kağızına şamil olunmur.”.
Maddə 2. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); 2025, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 613) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 22-ci maddə üzrə:
2.1.1. 22.2-ci və 22.3-cü maddələrə “qərarı ilə” sözlərindən sonra “və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilsin;
2.1.2. 22.6-cı maddənin ikinci cümləsinə “məhkəmə” sözündən sonra “, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halda icra məmuru” sözləri əlavə edilsin;
2.2. 28.2-ci maddənin ikinci cümləsində “və ya məhkəmənin” sözləri “, məhkəmənin və ya “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş halda icra məmurunun” sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU