Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
13 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300; Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli, 1 may tarixli 401-VIIQD nömrəli və 5 iyun tarixli 417-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 94-1-ci və 103-1-ci maddələr əlavə edilsin:
“Maddə 94-1. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı
Bu Məcəllənin on üçüncü və on dördüncü fəsilləri kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinə onların iş vaxtını tənzimləyən normativ hüquqi aktlar nəzərə alınmaqla şamil edilir.”;
“Maddə 103-1. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin istirahət vaxtı
Bu fəsil kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinə onların istirahət vaxtını tənzimləyən normativ hüquqi aktlar nəzərə alınmaqla şamil edilir.”.
Maddə 2. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 133 (Cild I) 2025, № 4 (I kitab), maddə 306, № 6, maddə 521) aşağıdakı məzmunda 1.1.82-1-ci və 27-1-ci maddələr əlavə edilsin:
“1.1.82-1. uçuş iş vaxtı – hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddət;”;
“Maddə 27-1. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi
27-1.1. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtı bu Qanunun 27-1.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq tənzimlənir.
27-1.2. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu Qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
27-1.3. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
27-1.3.1. istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;
27-1.3.2. istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;
27-1.3.3. istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;
27-1.3.4. istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.
27-1.4. Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:
27-1.4.1. istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;
27-1.4.2. istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;
27-1.4.3. istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.”.
Azərbaycan Respublikasının Prezidenti

