“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

Qanun layihələri
30 sentyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 sentyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1. 2026-cı il fevralın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş (bundan sonra – Saziş) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Sazişdə iştirak edən Podratçı tərəflərə verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra − Hökumət təminatı) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş 10 (on) Əlavə (bundan sonra − Əlavələr) qəbul və təsdiq edilsin və onların həyata keçirilməsinə icazə verilsin.
4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU