Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 sentyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111, № 5 (I kitab), maddə 399, № 6, maddə 488,
№ 7 (I kitab), maddələr 616, 619; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 470-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 67-1.6-cı maddə əlavə edilsin:
“67-1.6. Bu Məcəllədə texnologiyalar parklarının rezidentlərinə, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərə şamil edilən və 2027-ci il yanvarın 1-dən qüvvəyə minmiş vergi güzəştləri 2027-ci il yanvarın 1-dən texnologiyalar parkının rezidenti şəhadətnaməsini alan və qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının rezidentlərinə münasibətdə tətbiq edilir.”;
1.2. 101.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“101.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətində 0 faiz dərəcəsi ilə tutulur. Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:
101.7.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
101.7.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.”;
1.3. 102-ci maddə üzrə:
1.3.1. 102.1.21-ci və 102.1.21-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“102.1.21. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir (muzdlu işdən gəlir istisna olmaqla) – normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt aşağıdakı şərtlər daxilində tətbiq edilir:
102.1.21.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
102.1.21.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;
102.1.21.3. avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldıqda. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə bu maddədə nəzərdə tutulan azadolma şamil edilmir;
102.1.21-1. texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:
102.1.21-1.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
102.1.21-1.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;”;
1.3.2. 102.1.27-ci maddəyə “faizi” sözündən sonra “(2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.3.3. 102.1.31-ci maddədə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.3.4. 102.1.44-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.45 – 102.1.50-ci maddələr əlavə edilsin:
“102.1.45. “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
102.1.46. bu Məcəllənin 102.1.45-ci maddəsində göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər –2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
102.1.47. bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər – 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;
102.1.48. aşağıdakı şərtlər daxilində işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay (səhm) üzrə gəlirlər (fayda), habelə belə müqavilələr çərçivəsində əldə edilən aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlir – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə:
102.1.48.1. payı (səhmi) əldə olunan və təqdim edilən müəssisənin texnologiyalar parkının rezidenti olması və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmaması;
102.1.48.2. payı (səhmi) əldə edən işçinin çalışdığı müəssisədə azı bir il ərzində fəaliyyət göstərməsi;
102.1.48.3. payın (səhmin) vergidən azad edilən dəyəri həmin payın (səhmin) xalis aktivlərin dəyərinə mütənasib məbləği (müəssisənin aktivlərinin yenidən qiymətləndirilmə nəticəsində yaranan artım istisna olmaqla) qəbul olunur;
102.1.49. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş yüksəkixtisaslı miqrantların Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən və ya qeydiyyatda olan qeyri-rezident şəxslərlə bağlanmış əmək müqaviləsi çərçivəsində xaricdən əldə etdikləri gəlirlər – 2027-ci il yanvarın 1-dən 20 il müddətinə;
102.1.50. vençur kapitalı fondları tərəfindən “Startap” şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.”;
1.3.5. aşağıdakı məzmunda 102.10-cu maddə əlavə edilsin:
“102.10. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın vergi tutulan ümumi gəlirindən çıxılır:
102.10.1. fərdi sahibkarın gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) 50 faizindən çox olmamalıdır;
102.10.2. investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
102.10.3. investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
102.10.4. əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır;
102.10.5. investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə fiziki şəxsin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
102.10.6. sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.”;
1.4. 106-cı maddə üzrə:
1.4.1. 106.1.13-cü və 106.1.13-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“106.1.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı, o cümlədən texnologiyalar parkından kənar fəaliyyətdən əldə etdikləri gəlir – normativ hüquqi aktlara uyğun olaraq sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən etibarən sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt aşağıdakı şərtlər daxilində tətbiq edilir:
106.1.13.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
106.1.13.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;
106.1.13.3. avadanlıqların, aparat-texniki vasitələrin ixracı həyata keçirildiyi halda həmin avadanlıqlara, aparat-texniki vasitələrə texnologiyalar parkının rezidenti olan vergi ödəyicisi tərəfindən yaradılmış və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada qeydiyyata alınmış müəlliflik hüququnun obyekti olan qeyri-maddi aktivlər (o cümlədən proqram təminatı), innovasiya məhsulu və nou-hau inteqrasiya edildiyi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında avadanlığın, aparat-texniki vasitənin üzərində əsaslı texnoloji dəyişiklik aparıldıqda. Avadanlıqların, aparat-texniki vasitələrin üzərində əsaslı texnoloji dəyişiklik aparılmadan, yalnız digər şəxslərə məxsus proqram təminatının yüklənməsi, qablaşdırma və ya sadə quraşdırma əməliyyatlarından əldə edilən gəlirlərə bu maddədə nəzərdə tutulan azadolma şamil edilmir;
106.1.13-1. texnologiyalar parkının rezidentinin bu fəaliyyət üzrə əldə olunan gəlirlərindən ödənilən dividend – texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı tarixdən etibarən 20 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt iri sahibkarlıq subyektlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:
106.1.13-1.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
106.1.13-1.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə;”;
1.4.2. 106.1.19-cu maddəyə “faizi” sözündən sonra “(2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda 100 faizi)” sözləri əlavə edilsin;
1.4.3. 106.1.23-cü maddədə “3” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
1.4.4. 106.1.36-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.37 – 106.1.41-ci maddələr əlavə edilsin:
“106.1.37. “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən hüquqi şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
106.1.38. bu Məcəllənin 106.1.37-ci maddəsində göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə hüquqi şəxslərə ödənilən dividendlər – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;
106.1.39. bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər – 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;
106.1.40. texnologiyalar parkının rezidenti olan və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmayan şəxs tərəfindən üçüncü şəxslərin payçı (səhmdar) kimi cəlb edilməsi zamanı iştirak paylarının (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsi (yerləşdirilməsi) nəticəsində əldə edilən gəlir (müəssisənin aktivlərinin yenidən qiymətləndirilməsi üzrə yaranan dəyər artımına mütənasib dəyər istisna olmaqla) – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə. İştirak payının (səhmlərin) nominal dəyərindən yuxarı qiymətə təqdim edilməsi ilə bağlı dəyər artımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
106.1.41. vençur kapitalı fondları tərəfindən “Startap” şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət, habelə həmin mənfəət üzrə ödənilən dividendlər – 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.”;
1.4.5. aşağıdakı məzmunda 106.11-ci maddə əlavə edilsin:
“106.11. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində müəssisənin vergi tutulan ümumi gəlirindən çıxılır:
106.11.1. müəssisənin gəlirindən çıxılan məbləğ onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi mənfəətinin 50 faizindən çox olmamalıdır;
106.11.2. investisiya qoyuluşunu həyata keçirən hüquqi şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
106.11.3. investisiya qoyuluşunu həyata keçirən hüquqi şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə tətbiq edilmir);
106.11.4. əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq hüquqi şəxsin mülkiyyətində saxlanılmalıdır;
106.11.5. investisiya yatırılan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə hüquqi şəxsin vergi tutulan ümumi gəlirindən çıxılan məbləğ investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
106.11.6. sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.”;
1.5. 113-cü maddənin mətni 113.1-ci maddə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda 113.2-ci maddə əlavə edilsin:
“113.2. Vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə “Startap” şəhadətnaməsi almış şəxslərə, sənaye və texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılır. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsal tətbiq edilmir. Bu maddədə nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, habelə texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;
1.6. aşağıdakı məzmunda 114.3-4-cü maddə əlavə edilsin:
“114.3-4. Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə amortizasiya ayırmaları 2027-ci il yanvarın 1-dən 10 il müddətinə bu Məcəllənin 114.3.2-ci və 114.3.2-1-ci maddələri ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilməklə gəlirdən çıxıla bilər. Bu halda bu Məcəllənin 114.3-2-ci və 114.3-3-cü maddələri tətbiq edilmir.”;
1.7. 164.1.64-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.65-ci maddə əlavə edilsin:
“164.1.65. bu Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri – 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir.”;
1.8. 168.1.5-ci maddənin doqquzuncu abzası aşağıdakı redaksiyada verilsin:
“kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi, o cümlədən bu şəbəkələrin, sistemlərin və proqram təminatının elektron şəbəkələr vasitəsilə məsafədən idarə edilməsi, onlara məsafədən texniki dəstək, rəqəmsal müşayiət və fasiləsizliyinin proqram səviyyəsində təmin edilməsi xidmətləri (aparat-texniki vasitələrə, avadanlıqlara və şəbəkələrə bilavasitə yerində fiziki müdaxilə tələb edən quraşdırma, istismar, texniki xidmət və təmir işləri istisna olmaqla);”;
1.9. 199.7-ci və 207.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“199.7. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti (o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə) olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər normativ hüquqi aktlara uyğun olaraq, sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən başlayaraq, sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parklarının rezidentlərinə münasibətdə isə 20 il müddətinə həmin fəaliyyət çərçivəsində istifadə edilən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.”;
“207.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye, yaxud texnologiyalar parklarının rezidenti (o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə) olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər normativ hüquqi aktlara uyğun olaraq, sənaye və texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən başlayaraq, sənaye parklarının rezidentlərinə münasibətdə 10 il, texnologiyalar parkının rezidentlərinə münasibətdə isə 20 il müddətinə həmin fəaliyyət çərçivəsində istifadə edilən torpaqlarına görə torpaq vergisini ödəməkdən azaddırlar.”.
Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524; 2026, № 7 (I kitab), maddə 623) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3.0.10-2-ci maddə əlavə edilsin:
“3.0.10-2. rəqəmsal səyyah – rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;”;
2.2. 26.1-ci maddədə “habelə yüksəkixtisaslı miqrantlara” sözləri “yüksəkixtisaslı miqrantlara, habelə rəqəmsal səyyahlara” sözləri ilə əvəz edilsin;
2.3. 36-cı maddə üzrə:
2.3.1. 36.1.6-cı və 36.1.6-2-ci maddələrdə “və şəxsi səfər” sözləri “, şəxsi səfər, habelə yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara verilən işgüzar səfər” sözləri ilə əvəz edilsin;
2.3.2. 36.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 36.1.8-ci maddə əlavə edilsin:
“36.1.8. işgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah üçün bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti.”;
2.4. 45-ci maddə üzrə:
2.4.1. 45.1.4-cü maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.4.2. 45.1.4-1-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.4.3. “Qeyd” hissəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin:
“4. Rəqəmsal səyyaha münasibətdə bu Məcəllənin 45.1.4-1-ci və 52.1.7-ci maddələrində göstərilən hal Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə o zaman əsas hesab olunur ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla texnologiyalar parkının rezidenti olaraq bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirir.”;
2.5. 46-cı maddə üzrə:
2.5.1. aşağıdakı məzmunda 46.1.4-2-ci maddə əlavə edilsin:
“46.1.4-2. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.5.2. 46.1.7-ci maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.6. 47.6-cı və 47.7-ci maddələrə “yüksəkixtisaslı miqrantlara,” sözlərindən sonra “rəqəmsal səyyahlara, bu Məcəllənin 64.0.19-cu maddəsində nəzərdə tutulan şəxslərə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə,” sözləri əlavə edilsin;
2.7. 49-cu maddə üzrə:
2.7.1. 49.1-ci maddədə “və 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara münasibətdə)” sözləri “, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.7.2. 49.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“49.2. Bu Məcəllənin 45.1.2-ci, 45.1.4-1-ci (yüksəkixtisaslı miqrantlara və rəqəmsal səyyahlara münasibətdə) və 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddələrində göstərilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 (üç) ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 3 (üç) ildən çox olmayan müddətə uzadıla bilər.”;
2.8. aşağıdakı məzmunda 50.1.7-2-ci maddə əlavə edilsin:
“50.1.7-2. Bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olduqda;”;
2.9. 51.5-ci maddəyə “miqrantın” sözündən sonra “, rəqəmsal səyyahın və bu Məcəllənin 64.0.19-cu (texnologiyalar parkının rezidenti tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər istisna olmaqla) maddəsində göstərilən şəxslərin” sözləri əlavə edilsin;
2.10. 52-ci maddə üzrə:
2.10.1. 52.1.6-cı maddəyə “idman” sözündən sonra “, informasiya və kommunikasiya texnologiyaları” sözləri əlavə edilsin;
2.10.2. 52.1.7-ci maddədə “və ya yüksəkixtisaslı miqrant” sözləri “, yüksəkixtisaslı miqrant və ya rəqəmsal səyyah” sözləri ilə əvəz edilsin;
2.11. 53-cü maddə üzrə:
2.11.1. 53.1.7-ci maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.11.2. aşağıdakı məzmunda 53.1.7-1-ci maddə əlavə edilsin:
“53.1.7-1. rəqəmsal səyyahın bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surəti;”;
2.12. 54-cü maddə üzrə:
2.12.1. 54.5-ci maddənin ikinci cümləsinə “miqrantlara,” sözündən sonra “rəqəmsal səyyahlara, habelə” sözləri əlavə edilsin;
2.12.2. 54.7-ci maddənin birinci və ikinci cümlələrinə “miqrantlara” sözündən sonra “və ya rəqəmsal səyyahlara, habelə” sözləri əlavə edilsin;
2.13. 55-ci maddə üzrə:
2.13.1. 55.0.6-cı maddəyə “miqrantın” sözündən sonra “və ya rəqəmsal səyyahın” sözləri əlavə edilsin;
2.13.2. aşağıdakı məzmunda 55.0.6-3-cü maddə əlavə edilsin:
“55.0.6-3. bu Məcəllənin 3.0.10-2-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirmədikdə və ya xarici mənbələrdən son 6 (altı) ay müddətində orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olduqda;”;
2.14. 66-cı maddənin “Qeyd” hissəsinə “miqrantın” sözündən sonra “və rəqəmsal səyyahın” sözləri əlavə edilsin.
Maddə 3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 15, 16) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 12-ci maddədən “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər)” sözləri çıxarılsın və həmin maddəyə “vətəndaşlığı olmayan şəxslər və əcnəbilər” sözlərindən sonra “, habelə rəqəmsal səyyahlar, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları və innovasiyalar sahələrində yüksəkixtisaslı miqrantlar” sözləri əlavə edilsin;
3.2. 14-cü maddə üzrə:
3.2.1. 14.8-ci maddənin birinci hissəsində “Texnologiyalar” sözü “Qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar” sözləri ilə, “2023-cü il yanvarın 1-dən 10” sözləri “2027-ci il yanvarın 1-dən 20” sözləri ilə əvəz edilsin və həmin hissədən “(o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər)” sözləri çıxarılsın;
3.2.2. aşağıdakı məzmunda 14.9-cu maddə əlavə edilsin:
“14.9. Bu Qanunun 14.8-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan güzəşt qeyri-dövlət sektoruna aid edilən, eləcə də səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olmayan texnologiyalar parkının iri sahibkarlıq subyektlərinə aid edilən rezidentlərinə münasibətdə aşağıdakı şərtlər daxilində tətbiq edilir:
14.9.1. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisi müəyyən edilən həddən az olmadıqda. Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinin minimum həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir;
14.9.2. texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri tərəfindən malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlər (vəsaitlər) vergi ödəyicisinin Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürüldükdə.”.
Maddə 4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2-ci maddəyə “13-cü” sözlərindən sonra “, 18.6-cı” sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 18.6-cı maddə əlavə edilsin:
“18.6. Yoxlamanın dayandırıldığı müddətdə yoxlayıcı orqan tərəfindən həmin yoxlama çərçivəsində sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə hər hansı yoxlama tədbirlərinin aparılması qadağandır.”.
Maddə 5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I); 2026, № 3, maddə 203, № 7 (I kitab), maddə 617) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci maddə üzrə:
5.1.1. aşağıdakı məzmunda 1.1.8-1-ci və 1.1.8-2-ci maddələr əlavə edilsin:
“1.1.8-1. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənədlə təsdiqlənmiş texnoloji həll formasında olan mal (iş, xidmət);
1.1.8-2. pilot tətbiq prosesi – satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, həmin məhsulun ikimərhələli tender metodu çərçivəsində layihələndirilməsi və funksionallığının real iş şəraitində sınaqdan keçirilməsi;”;
5.1.2. 1.1.24-cü maddə aşağıdakı redaksiyada verilsin:
“1.1.24. satınalma güzəşti – təkliflər qiymətləndirilərkən satınalma predmeti üzrə təklif olunan qiymətlərə bu Qanunun 33.13-cü və 33.13-1-ci maddələrinə uyğun olaraq tətbiq edilən güzəştli düzəliş;”;
5.1.3. 1.1.27-ci maddəyə “təklif” sözündən sonra “, eləcə də ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflər” sözləri əlavə edilsin;
5.1.4. aşağıdakı məzmunda 1.3-cü maddə əlavə edilsin:
“1.3. Texnoloji həll formasında olan malın (işin, xidmətin) innovasiya məhsulu olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada verilən təsdiqedici sənəd əsasında müəyyən olunur. Müvafiq təsdiqedici sənəd yalnız müraciətdə göstərilən fərdi texniki və keyfiyyət xüsusiyyətlərinə malik konkret satınalma predmetinə münasibətdə hüquqi qüvvəyə malikdir. Həmin sənəd təchizatçı tərəfindən fərqli xüsusiyyətlərə malik digər malların (işlərin, xidmətlərin) və ya texnoloji həllərin satın alınması zamanı güzəşt və üstünlüklər əldə etmək məqsədilə istifadə edilə bilməz.”;
5.2. 3-cü maddə üzrə:
5.2.1. aşağıdakı məzmunda 3.2.1-1-ci maddə əlavə edilsin:
“3.2.1-1. satınalan təşkilat tərəfindən aparılan satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən və dəyəri 100 000 (yüz min) manatadək olan innovasiya məhsulu (azı 3 təchizatçıdan qiymət təklifinin alınması və tələblərə uyğun olan ən aşağı qiymət təklifinin seçilməsi şərtilə);”;
5.2.2. 3.9-cu maddədə “3.8-ci maddəsində” sözləri “3.2.1-1-ci və 3.8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
5.2.3. 3.12-ci maddəyə “3.2.1-ci,” sözlərindən sonra “3.2.1-1-ci,” sözləri əlavə edilsin;
5.3. 25-ci maddə üzrə:
5.3.1. aşağıdakı məzmunda 25.1.1-1-ci və 25.1.8-1-ci maddələr əlavə edilsin:
“25.1.1-1. satınalma predmetini təşkil edən informasiya sistemləri və ehtiyatları, habelə proqram təminatları üzrə minimum təhlükəsizlik və risk nəzarəti üzrə tələblər;”;
“25.1.8-1. satınalma predmeti üzrə proqram təminatının mənbə kodunun və lisenziyaların təhvil verilməsi, məlumatların daşınması (köçürülməsi), əqli mülkiyyət hüquqlarının bölgüsü;”;
5.3.2. 25.3-cü maddədə “və təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna” sözləri “kotirovka sorğusu metoduna, təklifin təminatına münasibətdə isə 25.1.15-ci maddəsi kotirovka sorğusu metoduna və ehtimal olunan qiyməti 1 000 000 (bir milyon) manatadək olan digər satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təkliflərə” sözləri ilə əvəz edilsin;
5.4. aşağıdakı məzmunda 33.13-1-ci maddə əlavə edilsin:
“33.13-1. Satınalan təşkilat tərəfindən aparılan satınalmalarda satınalma komissiyası ehtimal olunan qiyməti 250 000 (iki yüz əlli min) manatadək olan satınalmalarda satınalma predmeti üzrə təklifləri qiymətləndirərkən startap və ya sənaye, yaxud texnologiyalar parklarının rezidenti tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təklifin xeyrinə 20 faiz həcmdə satınalma güzəşti tətbiq edir. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunur. Qeyd edilən güzəşt bu Qanunun 33.13-cü maddəsində müəyyən edilmiş satınalma güzəşti ilə toplanıla bilməz. İnnovasiya məhsulunun satın alınmasına münasibətdə bu Qanunla müəyyən edilmiş güzəşt və üstünlüklərdən istifadə etmək üçün təchizatçı uyğunluğun müəyyənləşdirilməsi mərhələsində “Startap” şəhadətnaməsini və ya sənaye parkının, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini satınalan təşkilata təqdim etməlidir.”;
5.5. 33.14-cü maddədə “Satınalma” sözü “Bu Qanunun 33.13-1-ci maddəsində qeyd edilən hal istisna olmaqla, satınalma” sözləri ilə əvəz edilsin;
5.6. aşağıdakı məzmunda 35.1.5-1-ci maddə əlavə edilsin:
“35.1.5-1. təchizatçı bu Qanunun 46.4-2-ci maddəsində qeyd edilən aralıq hədəf göstəricilərinə cavab vermədikdə;”;
5.7. 38.10-cu maddənin üçüncü və dördüncü cümlələri müvafiq olaraq dördüncü və beşinci cümlə hesab olunsun və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Pilot tətbiq prosesində iştirak edən təchizatçı tərəfindən bağlanmış subpodrat müqavilələrinin ümumi məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox ola bilməz.”;
5.8. aşağıdakı məzmunda 46.4-1 – 46.4-3-cü maddələr əlavə edilsin:
“46.4-1. Satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada verilən rəy əsasında satınalan təşkilat ikimərhələli tenderin birinci mərhələsi çərçivəsində pilot tətbiq prosesini həyata keçirə bilər. Pilot tətbiq prosesinin həyata keçirilməsi məqsədilə satınalan təşkilat ilkin təklifləri məqbul sayılan təchizatçılarla pilot tətbiq müqaviləsi bağlayır. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 000 000 (bir milyon) manatdan, icra müddəti isə 12 (on iki) aydan çox ola bilməz.
46.4-2. Nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən pilot tətbiq müqaviləsində layihələndirmə, prototipin yaradılması və sınaqdan keçirilməsi üzrə aralıq mərhələlər, kəmiyyət və keyfiyyətcə ölçülə bilən hədəf göstəriciləri (indikatorlar), hədəflərə nail olunmasına mütənasib mərhələli ödəniş şərtləri, məlumatların mühafizəsi, məxfilik, insident məsuliyyəti, təhlükəsizlik auditi və çıxış strategiyası üzrə şərtlər, habelə mərhələli xitam halları və əqli mülkiyyət hüquqlarının bölgüsü (müstəsna hüquqların təchizatçıda qalması və satınalan təşkilata yalnız öz ehtiyacları üçün qeyri-müstəsna pulsuz lisenziyanın verilməsi, habelə mənbə kodlarının açıq yerləşdirilməsi şərtilə) müəyyən edilməlidir.
46.4-3. Təqdim edilmiş innovasiya məhsulu pilot tətbiq müqaviləsində müəyyən edilmiş aralıq hədəf göstəricilərinə cavab vermədikdə təchizatçı satınalma komissiyasının qərarı ilə sınaq mərhələsindən kənarlaşdırılır və müqavilə birtərəfli qaydada ləğv edilir. Tərəflər arasında öhdəliklərin qarşılıqlı icrası ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həll edilir.”.
Maddə 6. Keçid müddəalar
6.1. Bu Qanunun 1.2-ci, 1.3.1-ci, 1.4.1-ci, 3.1-ci və 3.2.1-ci maddələri 2027-ci il yanvarın 1-dən etibarən texnologiyalar parkının rezidenti şəhadətnaməsini almış şəxslərə münasibətdə tətbiq edilir.
6.2. 2027-ci il yanvarın 1-dək texnologiyalar parkının rezidenti, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət üzrə rezidentlik şəhadətnaməsi almış şəxslərin fəaliyyətinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.7-ci, 102.1.21-ci, 102.1.21-1-ci, 106.1.13-cü, 106.1.13-1-ci maddələrinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-ci maddəsinin birinci hissəsinin 2027-ci il yanvarın 1-dək qüvvədə olan redaksiyasının müddəaları tətbiq edilir.
Maddə 7. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

