14 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523, № 12 (I kitab), maddə 1125; Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli, 17 mart tarixli 379-VIIQD nömrəli və 1 may tarixli 402-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 30-cu maddənin VIII hissəsinin ikinci abzasının üçüncü cümləsində, üçüncü və dördüncü abzaslarının birinci cümlələrində “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin.
2. 46-2-ci maddənin I hissəsinin 5-ci və 6-cı bəndlərində “mərkəzi” sözü “müvafiq” sözü ilə əvəz edilsin.
3. 53-cü maddə üzrə:
3.1. VII hissənin beşinci cümləsində “mərkəzi” sözü “müvafiq” sözü ilə əvəz edilsin;
3.2. XIX hissənin ikinci cümləsində “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin.
4. 84-cü maddənin birinci hissəsi üzrə:
4.1. 6-1-ci bənddə “operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək” sözləri “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib etmək və” sözləri ilə əvəz edilsin;
4.2. 6-2-ci bəndə “inzibati tənbeh” sözlərindən əvvəl “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş” sözləri əlavə edilsin.
5. 85-ci maddənin birinci hissəsinin 9-cu bəndində “surəti” sözü “habelə protokola əlavə kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir, ikinci nüsxəsi” sözləri ilə əvəz edilsin.