“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
14 iyul 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

14 iyul 2026

Layihə 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109 (Cild I); 2024, № 2, maddə 138, № 4 maddə 365; 2025, № 2, maddə 106; 2026, № 2, maddə 106) 2.1-ci maddəsinin birinci cümləsinə birinci halda “təhlükəsizliyinə” sözündən sonra “, həmçinin balıqçılıq sahəsində” sözləri əlavə edilsin.
Maddə 2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1397 (Cild I) Əlavə – “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“27. Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə aşağıdakı ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi:
27.1. heyvandarlıq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla, layihə üzrə  heyvan saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox   olduqda;
27.2. quşçuluq müəssisələri – yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla,  layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda;
27.3. balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları – illik əldə olunan balıq məhsullarının, habelə balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda;
27.4. aqroparklar – bu Əlavənin 27.1–27.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.”;
2.2. 34-cü maddə ləğv edilsin.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU