Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
10 iyul 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

10 iyul 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187, № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 39-cu maddə üzrə:
1.1.1. 39.4-cü maddədə “təsviri, spesifikasiyası və nümunəsi” sözləri “məzmunu” sözü ilə əvəz edilsin;
1.1.2. 39.5-ci maddənin ikinci cümləsi çıxarılsın;
1.2. 41.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“41.2. Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndərilir.”;
1.3. 42-ci maddə üzrə:
1.3.1. 42.6-cı maddədə “edilmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “edildikdə” sözü ilə, “qərar təqdim edir” sözləri “qərarı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edir, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərir” sözləri ilə əvəz edilsin;
1.3.2. 42.8-ci maddədə “fərdi olaraq doldurulması, verilməsi” sözləri “elektron qaydada tərtib olunması, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi və onun müraciət edənin təqdim etdiyi elektron poçt ünvanına göndərilməsi” sözləri ilə əvəz edilsin;
1.4. 43.1.4-cü maddəyə “olmadıqda” sözündən sonra “və ya bu Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 41.3-cü və 41.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.
Maddə 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997,  № 2, maddə 88 (Cild I); 2025, № 6, maddə 523, № 7, maddə 629; 2026, № 1, maddə 8) 3-cü maddəsinin birinci hissəsinin 4-cü bəndində “nümunəli” sözü “məzmunlu” sözü ilə əvəz edilsin.
Maddə 3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775,  № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20) 14.9-cu maddəsindən “və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın” sözləri çıxarılsın.
Maddə 4. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə elektron qaydada tərtib olunur, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür, eləcə də müraciət edənin elektron poçt ünvanına göndərilir və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU