Toxumçuluq haqqında
- I OXUNUŞ
- II OXUNUŞ
- III OXUNUŞ
- Müzakirədə iştirak edin
10 iyul 2026
13 iyul 2026
Layihə
Azərbaycan Respublİkasının Qanunu
Toxumçuluq haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
1-ci fəsil
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. altsistem - toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılmasını, təhlilini, hesabatlılığını, habelə toxum əməliyyatçılarının qeydiyyatını, bu Qanunun 1.1.16-cı maddəsində nəzərdə tutulmuş Reyestrdən çıxarışın verilməsini və toxumun sertifikatlaşdırılmasını elektron qaydada təmin edən proqram təminatı və texnoloji avadanlıqların məcmusu olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin struktur hissəsi;
1.1.2. bitki materialının xətti - müəyyən xüsusiyyətlərə (məhsuldarlıq, xəstəliyə davamlılıq, ölçü və s.) görə seçilmiş və ayrılmış bitki nümunəsinin ardıcıl nəsli;
1.1.3. dövlət toxumçuluq qurumu - toxumçuluq haqqında normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən, toxumçuluq sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və həmin siyasətin, habelə toxumçuluq sahəsində əlaqələndirməni təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.4. elit toxum - seleksiyaçı və ya onun səlahiyyət verdiyi şəxsin nəzarəti altında orijinal toxumun çoxaldılmasından alınmış sertifikatlaşdırılmış toxum;
1.1.5. əsas (baza) ting - əsas (baza) əkin materiallarından əldə olunan cavan bitki;
1.1.6. hibrid - genetik cəhətdən fərqli valideyn formalarının nəzarət olunan çarpazlaşdırılması nəticəsində alınmış bitki və ya onun çoxaltma materialı;
1.1.7. "in vitro" - bərpa, çoxaldılma, toxuma kulturası üzrə tədqiqatların sınaq şüşəsində təcrübə qoyulmaqla aparılması;
1.1.8. kənd təsərrüfatı bitkiləri - qida məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ), bioenerji (biokütlə), kommersiya məqsədilə becərilən (yetişdirilən), istehsal edilən bitkilər;
1.1.9. laboratoriya ekspertizası ‒ toxumun hansı bitki növünə, cinsinə və sortuna aid olduğunu müəyyən edən, həmçinin toxumun əslini, mənşəyini və sorttəmizliyini təsdiqləyən elmi-laborator müayinə üsulu;
1.1.10. laboratoriya müayinəsi - müayinələrin aparılması vasitəsilə toxumun sortluq təmizliyinin və müəyyən sorta mənsub olmasının təyin edilməsi;
1.1.11. meşə bitkiləri - meşə təsərrüfatında istifadə edilən ağac, kol və ot bitkiləri;
1.1.12. orijinal ting - orijinal əkin materiallarından əldə olunan cavan bitki;
1.1.13. orijinal toxum - bu Qanunun 1.1.16-cı maddəsində nəzərdə tutulmuş Reyestrə daxil edilmiş sortun seleksiyaçı və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən dövlət toxumçuluq qurumunun nəzarəti altında istehsal edilən sertifikatlaşdırılmış toxumu;
1.1.14. qrunt nəzarəti - bitkilərin və toxumların konkret sorta məxsusluğunun (sortun əsilliyinin) müəyyən edilməsi üçün xüsusi sahələrdə toxumun səpilməsi və sonradan bitkilərin sortluq təmizliyinin müqayisəli təyini;
1.1.15. risk - toxum əməliyyatçılarının fəaliyyəti nəticəsində fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, dövlətin əmlak mənafelərinə zərərin vurulma ehtimalı;
1.1.16. seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatı (bundan sonra - Reyestr) - seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusu;
1.1.17. seleksiyaçı - seleksiya nailiyyətini yaradan, onu aşkar edib təkmilləşdirən şəxs, onunla seleksiya işinin aparılması məqsədilə xidməti və ya əmək müqaviləsi bağlayan, patent sahibi olan, yaxud patent sahibinin işini yerinə yetirməyə səlahiyyət verilmiş şəxs, o cümlədən onların hüquqi varisi;
1.1.18. sertifikatlı ting - sertifikatlı əkin materialından əldə edilən cavan bitki;
1.1.19. sertifikatlı toxum - elit toxumun ardıcıl çoxaldılmasından alınmış C1, C2 və s. kateqoriyalı sertifikatlaşdırılmış toxum, o cümlədən sertifikatlaşdırılmış birinci nəsil hibridlər;
1.1.20. sort - eyni genotip (bitkinin xromosomlarında yerləşən bütün genlərin cəmi) və fenotiplərin (bitkinin xarici əlamətlərinin cəmi) əlamətlərini səciyyələndirən, həmin botaniki taksona (bitkinin sistematik ölçü vahidi) aid digər bitki qruplarından ən azı bir əlamətlə fərqlənən oxşar bitkilər qrupu;
1.1.21. sortdəyişmə - bitki sortlarının yeni, daha məhsuldar və keyfiyyətli sortlarla əvəz olunması;
1.1.22. sortluq və səpin keyfiyyətləri - toxumun sorta məxsus genetik təmizliyi və səpinə yararlılığının kompleks göstəriciləri;
1.1.23. sorttəmizliyi - kənd təsərrüfatı bitkilərinin əsas sortunun gövdələrinin sayının ümumi gövdələrinin sayına nisbəti;
1.1.24. sorttəzələmə - sorttəmizliyi və bioloji keyfiyyəti pisləşmiş toxumların həmin sortun yüksək reproduksiyalı və keyfiyyətli toxumları ilə əvəz edilməsi;
1.1.25. sortun rayonlaşdırılması - sortun müxtəlif torpaq-iqlim şəraitlərində yetişdirilərək onun bioloji davamlılığına və təsərrüfat faydalılıq xüsusiyyətlərinə uyğun coğrafi ərazilərin müəyyənləşdirilməsi prosesi;
1.1.26. standart ting - standart əkin materialından əldə edilən cavan bitki;
1.1.27. tarla müfəttişi - tarla nəzarətini həyata keçirmək hüququ olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mütəxəssisi;
1.1.28. tarla nəzarəti - toxumluq əkin sahələrində növbəli əkin sisteminə əməl olunmasının, əkinlərin sorttəmizliyinin, bitkilərin sort tipikliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin sahədə yoxlanılması, habelə məhsuldarlığın proqnozlaşdırılması və təyini;
1.1.29. ting - bağların, meşələrin, yaşıllıqların salınması və dekorativ məqsədlər üçün istifadə edilən öz kökü üstə bitən, o cümlədən calaq edilmiş cavan bitki;
1.1.30. toxum - bitki sortlarının təkrar istehsalı məqsədilə istifadə edilən bitkilərin generativ və vegetativ orqanları (toxum, spor, çilik, ting, soğanaq, kök yumruları, mitselli və s. daxil olmaqla);
1.1.31. toxum əməliyyatçısı − Reyestrə daxil edilən sortun toxum istehsalı, emalı, tədarükü, saxlanması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı ilə məşğul olan və Reyestrdə qeydiyyata alınmış fiziki və ya hüquqi şəxs;
1.1.32. toxumun keyfiyyətinə nəzarət - tarla nəzarəti, qrunt nəzarəti, laboratoriya müayinəsi və ekspertizası ilə toxumun sortluq və səpin keyfiyyətlərini müəyyən etmək, onun toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməsini təmin etmək məqsədilə həyata keçirilən fəaliyyət;
1.1.33. toxum müfəttişi - toxumçuluq sahəsində dövlət nəzarətini bilavasitə həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı;
1.1.34. toxum partiyası - mənşəyinə, sortluq və səpin keyfiyyətlərinə görə eyni (homogen) olan toxum kütləsi;
1.1.35. toxumçuluğa dövlət nəzarəti - kənd təsərrüfatı və meşə bitkilərinin toxumçuluğu sahəsində fəaliyyət göstərən fiziki və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;
1.1.36. toxumçuluq - kənd təsərrüfatı və meşə bitkilərinin toxumlarının çoxaldılması məqsədilə həyata keçirilən toxumların istehsalı, emalı, tədarükü, saxlanması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, toxumun keyfiyyətinə nəzarətə dair elmi, aqrotexniki və təşkilati tədbirlər sistemi;
1.1.37. toxumun sertifikatlaşdırılması - Reyestrə daxil edilən sortun toxum partiyasının sortluq və səpin keyfiyyətlərinin, habelə toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yoxlanılması və yazılı, o cümlədən elektron formada təsdiqi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.
Maddə 2. Toxumçuluq haqqında qanunvericilik
2.1. Toxumçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, "Seleksiya nailiyyətləri haqqında", "Fitosanitar nəzarəti haqqında" və "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında toxumçuluq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2.3. Meşə bitkilərinin toxumçuluğu ilə bağlı bu Qanunla tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə tənzimlənir.
Maddə 3. Toxumçuluğun məqsəd və prinsipləri
3.1. Toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, zərərli orqanizmlərə və müxtəlif iqlim amillərinə dözümlü bitki sortlarını və hibridləri müəyyənləşdirmək və yetişdirmək, onların çoxaldılmasını təmin etmək, bioloji müxtəlifliyi qorumaq, qeydiyyata alınmış bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasını təşkil etməkdir.
3.2. Toxumçuluq aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.2.1. sortun və hibridin səciyyəvi xüsusiyyətlərini təyin etməyə imkan verən fərqlilik, oxşarlıq, sabitlik və digər əlamətlərin qorunub saxlanması;
3.2.2. toxum istehsalında təsdiq edilmiş becərilmə sxemlərinə və artırılma ardıcıllığına riayət olunması;
3.2.3. toxumun sertifikatlaşdırılmasının məcburiliyi;
3.2.4. sortun rayonlaşma qaydalarına əməl edilməsi;
3.2.5. toxumçuluq sahəsində fəaliyyətin izlənilməsinin təmin edilməsi;
3.2.6. yüksək səpin keyfiyyətinə və məhsuldarlığa malik sağlam toxumların yetişdirilməsi.
Maddə 4. Toxumçuluğun obyektləri və subyektləri
4.1. Toxumçuluqda istifadə edilən bitki materialları, onların hibridləri, populyasiyaları, klonları, xətləri və toxumluq əkinlər toxumçuluğun obyektləridir.
4.2. Toxumçuluq sahəsində (toxumların istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı, ixracı) fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, habelə dövlət orqanları (qurumları) toxumçuluğun subyektləridir.
2-ci fəsil
TOXUMÇULUQ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ NƏZARƏTİ
Maddə 5. Toxumçuluq sahəsində dövlət tənzimləməsi
5.1. Azərbaycan Respublikasında toxumçuluq sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri aşağıdakılardır:
5.1.1. toxum istehsalı sahəsində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması;
5.1.2. toxumçuluğun elmi təminatı;
5.1.3. toxumların keyfiyyəti və sertifikatlaşdırılması üzrə normativ tələblərin müəyyənləşdirilməsi;
5.1.4. toxumçuluğun obyekt və subyektlərinin qeydiyyata alınması;
5.1.5. toxumçuluq subyektlərinin qanuni mənafelərinin və hüquqlarının qorunması;
5.1.6. toxumçuluğa dövlət dəstəyi və nəzarəti;
5.1.7. dövlət vəsaiti hesabına dövlət toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi;
5.1.8. toxumçuluğun maliyyələşdirilməsi;
5.1.9. Reyestrin və onun altsisteminin təşkili və aparılması;
5.1.10. toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi;
5.1.11. tarla müfəttişlərinin fəaliyyətinin təşkili;
5.1.12. toxumluq əkinlərin tarla nəzarətinin aparılması;
5.1.13. sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarının (kütləsinin) müəyyən edilməsi.
Maddə 6. Toxumçuluğa dövlət dəstəyi
6.1. Azərbaycan Respublikasında toxumçuluğa dövlət dəstəyi aşağıdakılardan ibarətdir:
6.1.1. yerli toxumların istehsalı və satışı üçün subsidiyaların verilməsi;
6.1.2. toxumçuluq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə kreditlərin verilməsi;
6.1.3. toxumluq əkinlərin sığortalanması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
6.1.4. toxumçuluq sahəsində tarif (qiymət) siyasətinin həyata keçirilməsi;
6.1.5. normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər iqtisadi təşviq tədbirlərinin tətbiqi.
Maddə 7. Toxumçuluğa dövlət nəzarəti
7.1. Toxumçuluq sahəsində dövlət nəzarəti dövlət toxumçuluq qurumu tərəfindən həyata keçirilir.
7.2. Toxumçuluq sahəsində dövlət nəzarəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:
7.2.1. toxumun keyfiyyətinə nəzarət;
7.2.2. toxumçuluq subyektlərinin normativ hüquqi aktların tələblərinə uyğun fəaliyyət göstərmələrinə nəzarət;
7.2.3. bitki sortlarının dövlət sınağına nəzarət.
7.3. Toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydası "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 8. Toxumçuluğun elmi təminatı
8.1. Azərbaycan Respublikasında toxumçuluğun elmi təminatı toxumçuluq sahəsində elmi fəaliyyətlə məşğul olan elmi tədqiqat institutları, digər elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, habelə elm və innovasiya fondları tərəfindən həyata keçirilir.
8.2. Toxumçuluq sahəsində elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, kreditlər, qrantlar, ianələr və qanunda nəzərdə tutulan digər mənbələr hesabına həyata keçirilir.
Maddə 9. Toxumların keyfiyyətinə və sertifikatlaşdırılmasına dair tələblərin
normalaşdırılması
9.1. Toxumların keyfiyyətinin təmin edilməsi və sertifikatlaşdırılması sahəsində normalaşdırma toxumların keyfiyyətinə dair tələbləri, onların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, sertifikatlaşdırılması, daşınması, tədarükü, saxlanması, ticarət dövriyyəsi, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi şərtlərinə dair ekoloji, sanitariya norma, qayda və tələbləri müəyyənləşdirən normativ hüquqi aktlara uyğun həyata keçirilir və həmin aktların tələblərinin icra edilməsi toxumçuluq subyektləri üçün məcburidir. Toxumların keyfiyyətinə və sertifikatlaşdırılmasına dair tələblər toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.
9.2. Toxumçuluq sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
9.3. Toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
9.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tələb edilən toxumların sortluq və səpin keyfiyyətlərinin eyni və ya daha yüksək səviyyəsini təmin etdiyi müəyyən edilərsə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, bu cür texniki normativ hüquqi aktların Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyi tanınır.
9.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 10. Toxumçuluğun maliyyələşdirilməsi
10.1. Toxumçuluq dövlət büdcəsinin vəsaiti, toxumçuluq sahəsində həyata keçirilən tədbirlərə və göstərilən xidmətlərə görə hüquqi və fiziki şəxslər tərəfindən ödənilən vəsait, ianələr, qrantlar, cəlb edilən investisiyalar və qanunda nəzərdə tutulmuş digər maliyyə mənbələri hesabına maliyyələşdirilə bilər.
10.2. Toxumçuluq sahəsində aşağıdakı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir:
10.2.1. bu Qanuna, sahibkarlara münasibətdə həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxumçuluq sahəsində yoxlama tədbirlərinin həyata keçirilməsi;
10.2.2. dövlət toxum ehtiyatı fondlarının yaradılması və saxlanılması;
10.2.3. toxumçuluq sahəsində dövlət sifarişi ilə elmi tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması və əlavə təhsili;
10.2.4. məqsədli dövlət və regional proqramların icrası çərçivəsində toxumçuluq sahəsində tədbirlərin görülməsi.
10.3. Toxumçuluq sahəsində aşağıdakı tədbirlər və xidmətlər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə hüquqi və fiziki şəxslər tərəfindən maliyyələşdirilir:
10.3.1. sertifikatlaşdırma məqsədilə toxumluq əkinlərdə tarla nəzarətinin aparılması;
10.3.2. toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi;
10.3.3. toxumların sorta uyğunluğunun (identifikasiyasının) laboratoriya ekspertizası;
10.3.4. toxumların sortluq və səpin keyfiyyətlərinin laboratoriya müayinəsi və ekspertizası məqsədilə toxum partiyalarından nümunələrin götürülməsi;
10.3.5. toxumların genetik modifikasiya olunmasının və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmasının müəyyən edilməsi üçün molekulyar-bioloji ekspertizası;
10.3.6. toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının verilməsi;
10.3.7. toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın verilməsi;
10.3.8. təyinatı üzrə istifadəyə yararsız, o cümlədən genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki toxumlarının götürülməsi, daşınması, saxlanması, ekspertizası, zərərsizləşdirilməsi və ya məhv edilməsi.
10.4. Toxum əməliyyatçılarının qeydiyyatı ilə bağlı Reyestrdən çıxarışın və onun dublikatının, habelə toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğlərdə dövlət rüsumu tutulur.
10.5. Bu Qanunun 10.3.1-ci, 10.3.3-cü, 10.3.5-ci və 10.3.8-ci maddələrində nəzərdə tutulmuş, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş sınaq laboratoriyalarında həyata keçirildiyi halda bu Qanunun 10.3.2-ci və 10.3.4-cü maddələrində nəzərdə tutulmuş tədbirlərə və xidmətlərə görə xidmət haqlarının məbləğləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 11. Toxum müfəttişlərinin vəzifələri və hüquqları
11.1. Toxum müfəttişlərinin vəzifələri aşağıdakılardır:
11.1.1. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
11.1.2. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində həyata keçirilən fəaliyyətin keyfiyyətini yoxlamaq;
11.1.3. toxum əməliyyatçıları tərəfindən toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinin pozulmasına dair bildirişlər vermək;
11.1.4. toxumdan (toxum partiyasından) sertifikatlaşdırma məqsədilə götürülmüş nümunələrin toxumçuluq sahəsində normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə saxlanılmasını təmin etmək;
11.1.5. toxumların aidiyyəti üzrə (məqsədli) istifadəsinə (istehlakına) nəzarət etmək;
11.1.6. ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasını həyata keçirmək;
11.1.7. toxum bazarının konyukturunu öyrənmək, təhlil etmək və müvafiq təkliflər vermək;
11.1.8. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən və bu Qanunla nəzərdə tutulmuş sənədləri olmayan toxumların toxumluq əkin məqsədilə satılmasını qadağan etmək;
11.1.9. toxum əməliyyatçılarından patent sahibi ilə müqavilə bağlanmasını tələb etmək;
11.1.10. toxumçuluq haqqında normativ hüquqi aktların pozulmasına görə təqsiri olan şəxslərin normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə tədbirlər görmək;
11.1.11. bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
11.2. Toxum müfəttişlərinin hüquqları aşağıdakılardır:
11.2.1. toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxum əməliyyatçılarına məxsus obyektlərə baxış keçirmək və toxum əməliyyatçılarından məlumat və sənədlər almaq;
11.2.2. sertifikatlaşdırılmış toxumlardan yoxlama məqsədilə nümunələr götürmək;
11.2.3. bu Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
11.3. Toxum müfəttişləri təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş vəsiqə ilə təmin edilir.
Maddə 12. Toxumçuluq sahəsində risklərin idarə olunması
12.1. Toxumçuluq sahəsində risklərin idarə olunması toxum əməliyyatçılarının risk qrupunun müəyyən edilməsi və dəyişdirilməsi, riskin azaldılması, yol verilən (və ya qəbul edilən) risk səviyyəsinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən toxumçuluq sahəsi üzrə fəaliyyətin planlaşdırılması və təşkili ilə əlaqədar həyata keçirilən və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsində göstərilən tədbirlərin məcmusudur.
12.2. Toxum əməliyyatçıları plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə toxum əməliyyatçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında yüksək, orta və aşağı risk qruplarına bölünür.
12.3. Toxumçuluq sahəsində risklərin idarə olunması qaydası "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
3-cü fəsil
TOXUMÇULUĞUN TƏŞKİLİ
Maddə 13. Toxum əməliyyatçılarının qeydiyyata alınması
13.1. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən altsistem vasitəsilə aparılır.
13.2. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyata alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
13.3. Toxum istehsalı ilə məşğul olan toxum əməliyyatçısı 10 (on) ildən bir, digər toxum əməliyyatçıları isə 3 (üç) ildən bir bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq qeydiyyatdan keçirlər.
13.4. Toxum əməliyyatçılarına onların bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınmalarına dair Reyestrdən yazılı, o cümlədən elektron çıxarış verilir.
13.5. Toxum əməliyyatçılarının Reyestrdə qeydiyyata alınmaları üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.2.1 - 18.2.4-cü maddələrində qeyd edilən sənədlər, habelə aşağıdakı əlavə sənədlər və şərtlər tələb edilir:
13.5.1. toxum istehsalçıları tərəfindən:
13.5.1.1. toxumçuluq üzrə mütəxəssislərin təhsili haqqında dövlət sənədi;
13.5.1.2. əkin sahələri barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 5 (beş) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər;
13.5.1.3. toxumçuluq sahəsində normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun olan anbar və saxlanc yerləri barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 3 (üç) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənədlər;
13.5.1.4. toxum istehsalı üçün kənd təsərrüfatı texnikaları və toxum emalı avadanlıqları barədə məlumat və onlar üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər (dövlət qeydiyyat şəhadətnaməsi, mülkiyyət və ya digər əşya hüquqlarını təsdiq edən sənədlər);
13.5.2. orijinal və elit toxum istehsalı üzrə:
13.5.2.1. seleksiyaçının nəzarəti altında toxum istehsalının aparılması (fərdi qaydada toxumçuluqla məşğul olan seleksiyaçı istisna olmaqla);
13.5.2.2. azı bir nəfər seleksiyaçı və ali təhsilli aqronomun əmək müqaviləsi əsasında fəaliyyət göstərməsi;
13.5.3. sertifikatlı toxum istehsalı üzrə ali təhsilli azı 1 (bir) aqronomla bağlanılmış əmək müqavilə barədə məlumat;
13.5.4.toxum satıcılarının maddi-texniki bazasına dair tələblər:
13.5.4.1. toxum istehsalçıları ilə müqavilə;
13.5.4.2. toxumun satışı üçün mülkiyyətində və ya qanuni istifadəsində olan satış məntəqəsinin mövcudluğu;
13.5.4.3. toxumun saxlanılması üçün mülkiyyətində və ya qanuni istifadəsində olan müvafiq normativ hüquqi aktların tələblərinə uyğun anbarın mövcudluğu;
13.5.5. "in vitro" üsulu ilə orijinal və əsas (baza) ting istehsalçılarından bu Qanunun 13.5.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən əlavə toxumçuluq sahəsində normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun olan laboratoriyaları barədə məlumat və onlar üzərində mülkiyyət hüququnu və ya azı 5 (beş) il müddətinə istifadə və ya icarə hüququnu təsdiq edən sənəd.
13.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 13.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinin mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə uyğun olaraq yazılı, o cümlədən elektron sənəd formasında təqdim edilə bilər.
13.7. Toxum əməliyyatçıları bu Qanunun 13.3-cü maddəsində qeyd edilən müddət ərzində toxum istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı ilə bağlı fəaliyyətin bu maddə ilə müəyyən olunmuş tələblərə uyğunluğunu təmin etməlidir.
13.8. Reyestrdə qeydiyyata alınmamış toxum əməliyyatçılarının toxumçuluq sahəsində fəaliyyət göstərməsi qadağandır.
Maddə 14. Toxum əməliyyatçılarının vəzifələri və hüquqları
14.1. Toxum əməliyyatçılarının vəzifələri aşağıdakılardır:
14.1.1. toxumçuluğa dair normativ hüquqi aktlara əməl etmək;
14.1.2. patent sahibi ilə müəyyən edilmiş qaydada mühafizə olunan bitki sortlarının toxumlarından istifadəyə görə müqavilə bağlamaq;
14.1.3. ticarət dövriyyəsinə daxil edilən toxumların müşayiətedici sənədlərində sortluq və səpin keyfiyyətlərinin düzgün göstərilməsini təmin etmək;
14.1.4. hər bir sort üzrə müəyyən edilmiş formada toxumların sortluq və səpin keyfiyyətlərinin sənədləşdirilməsini aparmaq və onları 1 (bir) il müddətində saxlamaq;
14.1.5. toxumların satışı zamanı alıcının və dövlət toxumçuluq qurumunun tələbi ilə toxum partiyalarının sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatları təqdim etmək;
14.1.6. toxum istehsalının texnoloji sxemlərinin, toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, ticarət dövriyyəsi, utilizasiyası və məhv edilməsi şərtlərinə dair toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmək;
14.1.7. toxum və ting yetişdirilməsi üçün istifadə olunan əkin sahələrinin tarla nəzarətinin həyata keçirilməsinə şərait yaratmaq;
14.1.8. toxumların səpin keyfiyyətlərini müəyyənləşdirmək məqsədi ilə təhlil, laboratoriya müayinəsi və ekspertizanın aparılması üçün nümunə götürülməsinə şərait yaratmaq;
14.1.9. istehsal etdikləri toxumların müşayiətedici sənədlərində göstərilən, o cümlədən altsistemə daxil edilən məlumatların düzgünlüyünü təmin etmək;
14.1.10. qeydiyyata alınmış anbar və saxlanc yerlərində ziyanverici orqanizmlərə qarşı zərərsizləşdirmə (fumiqasiya) tədbirlərinin görülməsini təmin etmək;
14.1.11. bu Qanunla nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
14.2. Toxum əməliyyatçıları aşağıdakı hüquqlara malikdirlər:
14.2.1. toxumçuluq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə, təlim-seminarlarda, hərraclarda və digər tədbirlərdə iştirak etmək;
14.2.2. toxumçuluq sahəsində birlik və assosiasiyalar yaratmaq;
14.2.3. fəaliyyətlərində innovativ texnologiyalardan və elmi nailiyyətlərdən yararlanmaq;
14.2.4. bu Qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
14.3. Toxum əməliyyatçıları tərəfindən altsistemə bilə-bilə yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsi qadağandır.
Maddə 15. Reyestrdən çıxarışın dayandırılması, bərpa və ya ləğv
edilməsi
15.1. Toxum əməliyyatçısı tərəfindən bu Qanunun 13.7-ci maddəsinin tələblərinin pozulduğu və ya toxumçuluq sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Reyestrdən çıxarışı həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır.
15.2. Toxum əməliyyatçısı "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində göstərilən hal istisna olmaqla, Reyestrdən çıxarışın dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.
15.3. Reyestrdən çıxarış onun dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinə uyğun olaraq bərpa olunur.
15.4. Reyestrdən çıxarışın dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular toxum əməliyyatçısı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.
Maddə 16. Toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi
16.1. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı yardımın göstərilməsi məqsədilə bu Qanunun 16.2-ci və 16.5-ci maddələrində göstərilən qaydada dövlət toxumçuluq qurumunun təklifləri əsasında "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxum ehtiyatı fondları yaradılır.
16.2. Dövlət toxum ehtiyatı fondları dövlət büdcəsinin vəsaiti hesabına yaradılır və Azərbaycan Respublikasının mülkiyyətidir.
16.3. Dövlət toxum ehtiyatı fondları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır.
16.4. Toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi "Dövlət ehtiyatları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
16.5. Toxum ehtiyatı fondlarında Reyestrə daxil edilmiş sortlara aid olan, həmçinin sortluq və səpin keyfiyyətləri toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən toxumlar tədarük edilir və saxlanılır.
16.6. Dövlət toxum ehtiyatı fondlarına toxum tədarükü ilə bağlı sifariş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
16.7. Naxçıvan Muxtar Respublikasında dövlət toxum ehtiyatı fondlarının yaradılması və istifadəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
4-cü fəsil
TOXUMLARIN SERTİFİKATLAŞDIRILMASI
Maddə 17. Toxumların sertifikatlaşdırılması
17.1. Toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
17.2. Toxumluq əkin sahələrinin tarla və qrunt nəzarəti, eləcə də toxumların laboratoriya müayinəsi və ekspertizası nəticəsində toxumların sortluq və səpin keyfiyyətləri müəyyən edilir.
17.3. Toxumluq əkinlərin tarla nəzarəti tarla müfəttişləri tərəfindən həyata keçirilir. Toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
17.4. Toxumların laboratoriya müayinəsi və ekspertizası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyalarında (bundan sonra - akkreditasiya olunmuş sınaq laboratoriyaları) aparılır. Akkreditasiya olunmuş sınaq laboratoriyalarında aparılan laboratoriya müayinəsinin və ekspertizasının nəticələri arasında ziddiyyət olduğu təqdirdə, nəticələrin düzgünlüyü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi istinad laboratoriyaları tərəfindən yoxlanılır və təsdiq edilir.
17.5. Toxumdan (toxum partiyalarından) nümunələrin laboratoriya müayinəsi üçün götürülməsi tarla müfəttişləri tərəfindən həyata keçirilir.
17.6. Toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
17.7. Reyestrə daxil edilmiş bitki sortlarının sertifikatlaşdırılmış toxumlarının qrunt nəzarəti keçirilir.
17.8. Reyestrə daxil edilmiş bitki sortlarının təkrar istehsalı nəzərdə tutulmuş toxumlarının bu Qanunun 17.4-cü maddəsinə uyğun olaraq laboratoriya müayinəsi və ekspertizası həyata keçirilir.
17.9. Təkrar istehsal və ya istifadə üçün nəzərdə tutulmuş toxumluq əkin sahələrinin bu Qanunun 17.3-cü maddəsində nəzərdə tutulan qaydada tarla nəzarəti həyata keçirilməlidir.
17.10. Toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən toxumlara dair laboratoriya müayinəsinin nəticəsini əks etdirən arayış verilir.
17.11. Toxum əməliyyatçıları toxum partiyasının keyfiyyətinin qiymətləndirilməsi qaydalarına əməl etməlidir. Toxum əməliyyatçıları tərəfindən keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunması qadağandır.
17.12. Toxumların zərərli orqanizmlərdən mühafizəsi Azərbaycan Respublikasının fitosanitar nəzarəti haqqında normativ hüquqi aktlarına uyğun olaraq həyata keçirilir.
Maddə 18. Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın
ləğv edilməsi və etibarsızlığı
18.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən toxumçuluğa nəzarət nəticəsində toxum istehsalı ilə məşğul olan toxum əməliyyatçısı tərəfindən toxumçuluq sahəsində qəbul edilmiş texniki normativ hüquqi aktların tələblərinə riayət edilməməsi nəticəsində toxumların sortluq və səpin keyfiyyətlərinin sertifikat göstəricilərindən aşağı olduğu aşkar edildikdə, verilmiş sertifikat ləğv edilir.
18.2. Toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatın müddəti bitdikdə sertifikat etibarsız hesab olunur.
Maddə 19. Toxumların təkrar sertifikatlaşdırılması
19.1. Sortluq və səpin keyfiyyətləri təsdiq edilmiş toxumlar sertifikatının müddəti bitdikdə və ya keyfiyyətinin itirilməsinə əsaslı şübhələr olduqda, təkrar sertifikatlaşdırılır.
19.2. Toxumların təkrar sertifikatlaşdırılması toxum əməliyyatçılarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciəti əsasında həyata keçirilir. Bu Qanunun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, müraciətə aşağıdakı sənədlər əlavə edilir:
19.2.1. tarla nəzarətinin nəticələrini əks etdirən akt (idxal olunmuş toxumlara münasibətdə, olduğu halda);
19.2.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikat.
19.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsinin mümkün olmadığı hallarda, onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmin sənədlər "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə uyğun olaraq yazılı, o cümlədən elektron sənəd formasında təqdim edilir.
19.4. Təkrar sertifikatlaşdırma məqsədilə toxumdan (toxum partiyasından) nümunələr tarla müfəttişləri tərəfindən götürülür.
19.5. Toxumların təkrar sertifikatlaşdırılması bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
5-ci fəsil
toxumçuluq fəalİyyətİ
Maddə 20. Toxumların istehsalı
20.1. Reyestrdə qeydiyyata alınmış sortların toxumlarının istehsalı toxumçuluğun prinsiplərinə riayət edilməklə həyata keçirilir.
20.2. Orijinal və elit toxumların istehsalı seleksiyaçının nəzarəti altında elmi tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında, habelə toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə cavab verən ixtisaslaşmış təsərrüfatlarda, sertifikatlı toxumların istehsalı isə bu fəaliyyət növü ilə məşğul olan toxumçuluq təsərrüfatlarında həyata keçirilir. Seleksiyaçılar normativ hüquqi aktlara uyğun olaraq fərdi qaydada və ya digər seleksiyaçılarla birlikdə orijinal və elit toxumların istehsalı ilə məşğul ola bilərlər.
20.3. Calaqaltı və calaqüstü anaclıqların yaradılması üçün xəstəliklərə və ziyanvericilərə davamlı bitki materialları toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq müvafiq elmi tədqiqat müəssisələrində və ya ixtisaslaşmış tingçilik təsərrüfatında istehsal olunur.
20.4. Artırılma mərhələsindən asılı olaraq kənd təsərrüfatı bitki sortlarının toxumlarının (tinglər istisna olmaqla) aşağıdakı kateqoriyaları müəyyən edilir:
20.4.1. orijinal toxum;
20.4.2. elit toxum;
20.4.3. sertifikatlı toxum.
20.5. Artırılma mərhələsindən asılı olaraq tinglərin aşağıdakı kateqoriyaları müəyyən edilir:
20.5.1. orijinal ting;
20.5.2. əsas (baza) ting;
20.5.3. sertifikatlı ting;
20.5.4. standart ting.
20.6. Bu Qanunun 20.4-cü və 20.5-ci maddələrində qeyd edilən kateqoriyalar üzrə müxtəlif bitki sortlarının toxum və tinglərinin istehsal xüsusiyyətləri nəzərə alınaraq istehsal metodları toxumçuluq sahəsində normativ hüquqi aktların tələbləri ilə müəyyən edilir.
Maddə 21. Toxumların emalı, utilizasiyası və məhv edilməsi
21.1. Sortluq və səpin keyfiyyətlərinin müəyyənləşdirilməsi nəticəsində təyinatı üzrə istifadəyə yararsız olan, o cümlədən genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış toxumlar toxumçuluq sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq emal, utilizasiya və ya məhv edilir.
21.2. İstifadə və ya məhv edilməsi barədə qərarın qəbul edilməsi üçün toxumlar sortluq və səpin keyfiyyətlərinin müəyyənləşdirilməsi müddəti ərzində ayrı-ayrı saxlanc yerlərində saxlanmalıdır.
21.3. Təyinatı üzrə istifadəyə yararsız, o cümlədən genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış bitki toxumlarının götürülməsi, daşınması, saxlanması, ekspertizası, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı xərclər həmin toxum sahiblərinin vəsaiti hesabına həyata keçirilir.
21.4. Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə çəkilən xərclər dövlət tərəfindən kompensasiya edilir. Kompensasiyanın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 22. Toxumların ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı
22.1. Azərbaycan Respublikasında rayonlaşdırılmış, Reyestrdə qeydiyyata alınmış bitki sortlarının və hibridlərin sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı olan toxumları ticarət dövriyyəsinə daxil edilir.
22.2. Toxumların ticarət dövriyyəsi mühafizə olunan sortun patent sahibi ilə bağlanmış və normativ hüquqi aktlara uyğun olaraq qeydiyyata alınmış lisenziya müqaviləsi əsasında həyata keçirilir.
22.3. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir:
22.3.1. rayonlaşdırılmamış sortların toxumları;
22.3.2. Reyestrdə qeydiyyata alınmamış sortların və hibridlərin toxumları;
22.3.3. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatı (idxal və ixrac əməliyyatları zamanı idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda həmçinin fitosanitar sertifikatı) olmayan və ya sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatının müddəti qurtarmış toxumlar;
22.3.4. qablaşdırılmamış və etiketləşdirilməmiş toxumlar;
22.3.5. genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış toxumlar.
22.4. Toxum qablarının (konteynerlər, bağlamalar və s.) üzərində, etiketlərdə və ya müşayiətedici sənədlərdə bitki sortunun adı, mənşəyi və toxumun keyfiyyəti barədə yanlış məlumat göstərilməsi, həmçinin toxum partiyası barədə qeyri-dəqiq reklamın yayılması qadağandır.
22.5. Ticarət dövriyyəsinə daxil olan bitki sortlarının və hibridlərin sınağının aparılması "Seleksiya nailiyyətləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
22.6. Aid olduğu bitki sortu və ya hibridi Reyestrdə qeydiyyata alınmış (bu Qanunun 22.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatları olan, habelə bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan texniki normativ hüquqi aktların tələblərinə uyğun olan toxumlar idxal və ixrac oluna bilər.
22.7. Bu Qanunun 22.14-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, toxumun (toxum partiyasının) aşağıdakı göstəricilərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akkreditasiya olunmuş laboratoriyalarında ekspertizası keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun idxal olunmasına icazə verilir:
22.7.1. toxumların sortluq və səpin keyfiyyətləri;
22.7.2. toxumların genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması.
22.8. Reyestrdə qeydiyyata alınmamış bitki sortlarının toxumları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla yalnız aşağıdakı hallarda idxal oluna bilər:
22.8.1. seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilməsi məqsədilə;
22.8.2. beynəlxalq müqavilə əsasında istehsal edilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə.
22.9. Reyestrdə qeydiyyata alınmayan bitki sortlarının toxumlarının seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilməsi, beynəlxalq müqavilə əsasında istehsal edilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə idxalı üçün ərizə bu Qanunun 19.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
22.9.1. fitosanitar sertifikat;
22.9.2. sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikat;
22.9.3. bitki sortunun genetik modifikasiya olunmaması və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmaması barədə sənəd;
22.9.4. sərgi məqsədilə gətirilən nümunənin geri qaytarılacağına dair zəmanət (öhdəlik) məktubu;
22.9.5. hüquqi və fiziki şəxslər, habelə ailə kəndli təsərrüfatları tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal edildiyi halda torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiqlənmiş surəti (elektron üsulla təqdim olunan sənədlər istisna olmaqla).
22.10. Bu Qanunun 22.9-cu maddəsində qeyd olunan sənədlər Azərbaycan dilində təqdim edilir. Digər dillərdə təqdim olunmuş sənədlər Azərbaycan dilinə tərcümə olunur və notariat qaydasında təsdiq edilir.
22.11. Sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarını (kütləsini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
22.12. Gen mühəndisliyi əsasında alınmış toxumların (genetik dəyişdirilmiş və ya genetik modifikasiya edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına yalnız "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 21.4-cü maddəsində nəzərdə tutulmuş qaydada yol verilir.
22.13. Toxumların qablaşdırılmadan, etiketləşdirilmədən və fitosanitar sertifikatları olmadan idxal və ixracına yol verilmir.
22.14. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, toxumların idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.
22.15. Bu maddənin tələbləri toxumların Azərbaycan Respublikasının ərazisindən açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan və yenidən qablaşdırılmadan başqa ölkələrə tranzit daşınması zamanı tətbiq edilmir.
22.16. Toxumların ixrac (təkrar ixrac) əməliyyatları zamanı fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı ilə müşayiət olunması "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 23. Toxumların qablaşdırılması və etiketləşdirilməsi
23.1. Ticarət dövriyyəsinə daxil edilmiş toxumlar bu Qanunun 9.3-cü maddəsinin tələblərinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir.
23.2. Etiketdə toxumun keyfiyyəti haqqında məlumatlar tam verilir.
23.3. Kimyəvi və bioloji preparatlarla işlənmiş toxumların taralarında müvafiq xəbərdarlıq yazıları və nişanları qeyd olunmalıdır.
23.4. Etiketdə və ya müşayiətedici sənədlərdə toxumların istifadəsi üzrə təhlükəsizlik qaydaları haqqında məlumatlar qeyd edilməli və xarici dildə olduqda Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
23.5. Etiketdə göstərilən məlumatlar silinməyən boya və ya digər vasitələrlə yazılmalıdır.
23.6. Dərmanlanmış və qablaşdırılmış toxumlar etiketlərində müvafiq xəbərdaredici qeyd yazılmaqla sanitar qaydalara uyğun, təcrid olunmuş halda bu Qanunun 9.3-cü maddəsində nəzərdə tutulan qaydaların tələblərinə cavab verən anbarlarda saxlanılır.
6-cı fəsil
YEKUN MÜDDƏALAR
Maddə 24. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə
məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 25. Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına
görə tətbiq edilən cərimələrdən daxilolmalar
25.1. Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürülür.
25.2. Bu Qanunun 25.1-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 26. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 354 (Cild I) ləğv edilir.
Maddə 27. Keçid müddəa
Bu Qanun qüvvəyə minənədək toxum istehsalçılarına toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş şəhadətnamələr həmin şəhadətnamədə göstərilən müddətdə öz hüquqi qüvvəsini saxlayır.
Azərbaycan Respublikasının Prezidenti
14 iyul 2026