Balıqçılıq haqqında
- I OXUNUŞ
- II OXUNUŞ
- III OXUNUŞ
- Müzakirədə iştirak edin
10 iyul 2026
13 iyul 2026
Layihə
Azərbaycan Respublikasının Qanunu
Balıqçılıq haqqında
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. akvakultura - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının yetişdirilməsi və saxlanılması üzrə fəaliyyət;
1.1.2. balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən məhsul;
1.1.3. balıq ovu - akvakultura məqsədilə istifadə edilən balıqçılıq su obyektləri istisna olmaqla, balıqçılıq su obyektlərində bu Qanunun 6.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu, akvakultura, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət, habelə iqlimləşdirilmə məqsədləri ilə tutulması;
1.1.4. balıq ovu alətləri - balıq ovunu həyata keçirmək üçün istifadə edilən avadanlıq, o cümlədən torlar, nevodlar, venterlər, domca, tral və başqa ov vasitələri;
1.1.5. balıq ovu üçün kvota - balıq və digər su bioresurslarının ovuna yol verilən maksimum həcm;
1.1.6. balıq və digər su bioresursları -balıqçılıq su obyektlərində məskunlaşan balıqlar və onların kürüləri, habelə digər su heyvanları və bitkiləri və onların reproduktiv (çoxalma) materialları;
1.1.7. balıq və digər su bioresurslarının iqlimləşdirilməsi - balıq və digər su bioresurslarının onların mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və həmin mühitə uyğunlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər;
1.1.8. balıqartırma - balıq və digər su bioresurslarının çoxaldılması, bərpası və ovunun tənzimlənməsi məqsədilə akvakultura yolu ilə yetişdirilmiş və ya iqlimləşdirilmə yolu ilə əldə edilmiş balıq və digər su bioresurslarının balıqçılıq su obyektlərinə buraxılması üzrə fəaliyyət;
1.1.9. balıqçı gəmisi - izləmə qurğuları ilə təchiz edilmiş, tor, tral və digər balıq ovu alətləri ilə balıq və digər su bioresurslarının ovunu və daşınmasını həyata keçirən gəmi və ya qayıq;
1.1.10. balıqçılıq -balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının akvakulturası, ovu, artırılması, mühafizəsi, emalı və dövriyyəsi ilə bağlı fəaliyyətin məcmusu;
1.1.11. balıqçılıq infrastrukturu - balıqçılığın həyata keçirilməsi üçün zəruri əmlak kompleksləri, o cümlədən binalar, tikililər, qurğular, vətəgə sahələri üzərində tikilmiş və ya quraşdırılmış obyektlər və qurğular;
1.1.12. balıqçılıq obyektləri - iqtisadi əhəmiyyətli və (və ya) mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları;
1.1.13. balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının məskunlaşdığı və (və ya) onların akvakulturası, artırılması, ovu və mühafizəsi üçün istifadə edilən bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan su obyektləri;
1.1.14. balıqçılıq su obyektlərinin meliorasiyası - balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası (suyun oksigenlə zənginləşdirilməsi), habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn fəaliyyət;
1.1.15. balıqçılıq subyektləri - balıqçılıq sahəsində fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər, bələdiyyələr və dövlət orqanları (qurumları);
1.1.16. balıqmühafizə -balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, onların ovunun tənzimlənməsi və balıqçılıq su obyektlərinin meliorasiyası işlərinin təşkili ilə bağlı tədbirlər sistemi;
1.1.17. balıqyetişdirmə - balıq və digər su bioresurslarının damazlıq materiallarından çoxalma və ilkin inkişaf mərhələsində olan canlı formalarının (kürü, sürfə, körpə və digər erkən inkişaf mərhələləri) əldə edilməsi, inkubasiyası və bəslənilməsi;
1.1.18. göl və dəniz qəfəsləri - balıq və digər su bioresurslarının açıq və ya yarıaçıq su məkanlarında saxlanması və yetişdirilməsi məqsədilə quraşdırılan metal, taxta, plastik və ya digər materiallardan hazırlanmış qurğu;
1.1.19. vətəgə sahəsi -balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış balıqçılıq su obyektlərinin sahili boyu balıqçı gəmilərinə xidmət göstərilməsi, balıq ovu alətlərinin təmiri və qurulması, habelə istirahət, balıq satışı və istehsalat təyinatlı bina və tikililərin yerləşdirilməsi məqsədilə balıqçı gəmilərinin yan alması və manevr etməsi üçün kifayət qədər su sahəsinə (akvatoriyaya) malik olan, dalğaqıranlarla mühafizə olunan su qanunvericiliyində müəyyən edilmiş qaydada ayrılan ərazi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Balıqçılıq haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə tənzimlənir.
2.3. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə Azərbaycan Respublikasının su qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.
2.4. Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında Azərbaycan Respublikasının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.
2.5. Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
2-ci fəsil
BALIQÇILIQ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ NƏZARƏTİ
Maddə 3. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri
3.1. Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı əsas prinsiplərə əsaslanır:
3.1.1. balıqçılıq sahəsində məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə dayanıqlı istehsal metodlarının və innovativ texnologiyaların təşviqi;
3.1.2. daxili bazar tələbatının ödənilməsi və ixrac potensialının artırılması məqsədilə yerli istehsalın stimullaşdırılması;
3.1.3. elmi tədqiqatların və təlim proqramlarının dəstəklənməsi yolu ilə balıqçılıq sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması;
3.1.4. akvakulturanın dayanıqlı inkişafı məqsədilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
3.1.5. balıq və digər su bioresursları ehtiyatının tükənməsinin qarşısının alınması;
3.1.6. bu Qanunla müəyyən edilən hallar istisna olmaqla, balıq və digər su bioresurslarının ovunun ödənişli olması;
3.1.7. balıq ovu üçün kvota müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin nəzərə alınması;
3.1.8. balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi;
3.1.9. balıqçılıq və akvakultura sahəsində idarəetmənin rəqəmsallaşdırılması;
3.1.10. balıqçılıq fəaliyyəti zamanı balıq və digər su bioresurslarının təbii davranışlarının qorunmasının, onların ağrı və stresin minimuma endirildiyi şəraitdə saxlanılmasının və daşınmasının təmin edilməsi;
3.1.11. transsərhəd su hövzələrində balıq və digər su bioresurslarının ehtiyatlarının birgə idarə olunması;
3.1.12. regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində öhdəliklərin yerinə yetirilməsi.
Maddə 4. Balıqçılıq sahəsində dövlətin vəzifələri
4.1. Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.1.1. balıqçılıq sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;
4.1.2. balıqçılıq sahəsində normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;
4.1.3. balıqçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi;
4.1.4. balıqmühafizə tədbirlərinin həyata keçirilməsi;
4.1.5. balıqartırma işlərinin təşkili;
4.1.6. istifadəyə və ya icarəyə verilməmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində meliorasiya fəaliyyətinin həyata keçirilməsi;
4.1.7. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının mühafizəsinin təşkili;
4.1.8. balıqçılıq sahəsində araşdırma və elmi tədqiqatların həyata keçirilməsi;
4.1.9. balıqçılıq sahəsində dövlət dəstək tədbirlərinin göstərilməsi;
4.1.10. balıqçılıq sahəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili;
4.1.11. balıqçılıq sahəsində hüquqpozmaların qarşısının alınması və aradan qaldırılması;
4.1.12. balıqçılıq su obyektlərinin mühafizəsi məqsədilə ətraf mühitə mümkün mənfi təsirlərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;
4.1.13. balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Maddə 5. Balıqçılıq sahəsində dövlət nəzarəti
5.1. Balıqçılıq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri aşağıdakılardır:
5.1.1. balıq və digər su bioresurslarının ovuna nəzarət etmək;
5.1.2. balıqçı gəmilərini, habelə qanunsuz balıq ovu ilə məşğul olan gəmiləri saxlamaq, onları təyin olunmuş yerə istiqamətləndirmək, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlara maneəsiz daxil olmaq, eləcə də həmin gəmilərin, habelə balıq və digər su bioresurslarının daşınmasında istifadə olunan digər nəqliyyat vasitələrinin, balıqovlama biletlərinin, balıqovu alətlərinin və əldə edilmiş balıqçılıq məhsullarının yoxlanılmasını həyata keçirmək;
5.1.3. ovlanmış balıqçılıq obyektlərinin balıq ovu üçün kvotaya uyğunluğunu yoxlamaq;
5.1.4. ixtisaslaşdırılmış bazarlarda ticarət dövriyyəsinə daxil edilməsi üçün balıq və digər su bioresurslarının mənşəyi, cinsi, növü, miqdarı, ölçüləri və çəkisi barədə məlumatları əks etdirən müşayiətedici sənədin mövcudluğunu və faktiki vəziyyətin həmin məlumatlarla uyğunluğunu yoxlamaq;
5.1.5. balıq və digər su bioresurslarının dayanıqlı ovunun təmini məqsədilə balıqçılıq subyektləri tərəfindən istifadə edilən balıqçılıq infrastrukturu, balıq ovu alətləri və balıqçı gəmiləri ilə bağlı texniki tələbləri müəyyənləşdirmək, uçotunu və izlənməsini (o cümlədən məsafədən izləmə sistemləri vasitəsilə) həyata keçirmək və bununla bağlı nəzarət tədbirləri görmək;
5.1.6. müqavilə əsasında istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıqçılıq subyektləri tərəfindən həyata keçirilən meliorasiya fəaliyyətinə nəzarət etmək;
5.1.7. balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və yeni növlərinin balıqçılıq su obyektlərinə buraxılmasına nəzarət etmək;
5.1.8. kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazənin (sertifikatın) verilməsini təmin etmək;
5.1.9. balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün satılan məhsulun minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etmək;
5.1.10. akvakultura təsərrüfatlarına daxil olmaq və onların bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan Biotexnoloji Layihə Sənədinə uyğunluğunu, habelə həmin təsərrüfatlarda balıqçılıq haqqında qanunvericiliyə əməl etməsini yoxlamaq;
5.1.11. akvakultura təsərrüfatlarında balıqçılıq obyektləri istehsalının uçotunu aparmaq və izlənmə sisteminin qurulmasını təmin etmək;
5.1.12. akvakultura təsərrüfatlarında nohurların qurudulması, doldurulması, formasının dəyişdirilməsi, qum və digər torpaq resurslarının götürülməsi ilə bağlı nəzarət tədbirlərini həyata keçirmək;
5.1.13. ətraf mühit amillərinin, o cümlədən istifadə edilən suyun keyfiyyətinin balıqçılığa və akvakultura fəaliyyətinə təsiri ilə bağlı monitorinq həyata keçirmək;
5.1.14. balıqların kürütökmə yerlərində bəndin çəkilməsinə və dağılmış bəndlərin bərpa edilməsinə razılıq vermək;
5.1.15. balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsinə razılıq vermək;
5.1.16. sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi məqsədilə çaylarda, çay qollarında və kanallarda qalaqlar yaradılmasına və ya su axınının qarşısının kəsilməsinə, su anbarlarından, göllərdən və limanlardan suyun buraxılmasına razılıq vermək;
5.1.17. balıq və digər su bioresurslarının təbii artımının təmini məqsədilə təbii balıqçılıq su obyektlərində süni riflər və digər balıqartırma tikililərinin qurulması ilə bağlı tələblər müəyyənləşdirmək;
5.1.18. balıqçılıq subyektlərinə normativ hüquqi aktların tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək.
5.2. Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri nəzarət tədbirlərinin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən xüsusi geyim, fərqlənmə nişanları, xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatlar ilə, nəqliyyat vasitələri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurum) tərəfindən müəyyən edilən fərqlənmə nişanları ilə təmin olunurlar.
5.3. Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq edə bilərlər.
5.4. Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına aid bölməsində və daxili su hövzələrində balıqçılıq sahəsində mühafizə və dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə gəmiləri, minik avtomobillərini və digər nəqliyyat vasitələrini satın almaq, icarəyə (kirayəyə) və əvəzsiz istifadəyə götürmək hüququna malikdir.
5.5. Sahibkarlara münasibətdə balıqçılıq sahəsində dövlət nəzarəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
5.6. Balıqçılıq subyektləri və obyektləri, habelə balıqçılıq infrastrukturu, balıq ovu alətləri, balıqçı gəmiləri barədə və balıqçılıq sahəsində idarəetmənin və nəzarətin həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində toplanır.
5.7. Balıqçılıq su obyektləri, o cümlədən vətəgə sahələri barədə məlumat daşınmaz əmlakın dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri məlumatlarının tamlığının təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, bu Qanunun 11.1.9-cu maddəsində nəzərdə tutulmuş məlumatlar balıqçılıq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilmiş balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil olmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
3-cü fəsil
BALIQ OVU, AKVAKULTURASI VƏ TİCARƏT DÖVRİYYƏSİ
Maddə 6. Balıq ovu
6.1. Balıq ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
6.1.1. sənaye ovu;
6.1.2. idman və həvəskar ov;
6.1.3. akvakultura üçün ov;
6.1.4. elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ov;
6.1.5. iqlimləşdirilmə üçün ov.
6.2. Balıq ovunun həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.3. Xüsusi mühafizə olunan təbiət ərazilərində balıq ovu "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
6.4. Balıq ovunda siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qadağan olunmuş ov alətlərindən, istənilən növ partlayıcı, öldürücü və uyuşdurucu maddələrdən, eyni zamanda elektrikli və elektroşok cihazlardan istifadəyə yol verilmir.
6.5. Balıq və digər su bioresurslarının iqlimləşdirilmə, elmi tədqiqat, təhsil, maarifləndirmə və nəzarət məqsədilə ovu istisna olmaqla, balıq ovu ödənişlidir.
6.6. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq icazə verilir.
6.7. Balıq ovu forması və verilmə qaydası bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir.
6.8. Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Balıqovlama biletinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
6.9. Ovu nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən müəyyən edilir.
6.10. Balıq ovu üçün kvota müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurum) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
6.11. Balıq ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya əsasən müəyyən edilir.
6.12. Balıqovlama biletinin dayandırılması, bərpa edilməsi və ləğvi "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 7. Vətəgə sahələri
7.1. Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vətəgə sahələri ayrılır.
7.2. Vətəgə sahələri üzərində müvafiq obyektlər və qurğular Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla tikilir.
7.3. Vətəgə sahələrindən istifadə edən fiziki və hüquqi şəxslər vətəgələri çirklənmədən və zibillənmədən qorumalı, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş sanitariya qaydalarına və normalarına riayət etməlidirlər.
Maddə 8. Akvakultura
8.1. Balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilir. Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8.2. Balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsinin əldə edilməsi məqsədilə balıqçılıq subyektlərindən nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Biotexnoloji Layihə Sənədinin hazırlanması tələb olunur. Biotexnoloji Layihə Sənədinin ekspertizasının həyata keçirilməsi üçün məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmət haqqı tutulur.
8.3. Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir.
8.4. Akvakultura təsərrüfatlarında elmi tədqiqat məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarının yetişdirilməsinə və istifadəsinə yol verilmir.
8.5. Akvakultura təsərrüfatları tərəfindən bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulduğu və ya akvakultura sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeydiyyat şəhadətnaməsini həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır.
8.6. Akvakultura təsərrüfatları "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində göstərilən hal istisna olmaqla, qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.
8.7. Qeydiyyat şəhadətnaməsinin dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda qeydiyyat şəhadətnaməsi "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinə uyğun olaraq bərpa olunur.
8.8. Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular akvakultura təsərrüfatı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.
Maddə 9. Balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsi
9.1. Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahələri üzrə normativ hüquqi aktların tələblərinə cavab verən balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilə bilər.
9.2. Balıq məhsulları "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketlənir.
9.3. Balıqçılıq obyektləri ticarət dövriyyəsinə daxil edilən zaman "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baytarlıq sənədləri ilə müşayiət edilir.
9.4. Balıqçılıq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq əldə edilmiş balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir.
9.5. Ticarət dövriyyəsinə daxil edilmiş balıqçılıq obyektlərinin satışı "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş bazar, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.
9.6. İxtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılması "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq həyata keçirilir.
9.7. İxtisaslaşmış bazarların yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
9.8. Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla həyata keçirilir.
9.9. Ölkə ərazisinə idxal edilən və ölkə ərazisindən ixrac edilən törədici balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin damazlıq xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
4-cü fəsil
BALIQÇILIQ SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Maddə 10. Balıqçılıq subyektlərinin hüquqları
10.1. Balıqçılıq subyektləri aşağıdakı hüquqlara malikdirlər:
10.1.1. normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada ovlanmış və akvakultura fəaliyyətindən əldə edilmiş məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək;
10.1.2. balıqovlama biletini əldə etmək;
10.1.3. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vətəgə sahələrindən istifadəni həyata keçirmək;
10.1.4. mülkiyyətlərində, istifadəsində və (və ya) icarəsində olan balıqçılıq su obyektlərindən və torpaqdan akvakultura üçün istifadə etmək;
10.1.5. normativ hüquqi aktlarla qadağan edilməyən balıqçılıq sahəsində mövcud olan həmkarlar ittifaqlarında və digər birliklərdə iştirak etmək;
10.1.6. normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Maddə 11. Balıqçılıq subyektlərinin vəzifələri
11.1. Balıqçılıq subyektlərinin vəzifələri aşağıdakılardır:
11.1.1. balıqçılıq sahəsini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;
11.1.2. balıq və digər su bioresurslarından balıqovlama biletində, Biotexnoloji Layihə Sənədində göstərilən müddətlər, ölçülər və növlər üzrə istifadə etmək;
11.1.3. balıq ovu ilə məşğul olmaq üçün istifadə etdiyi balıqçı gəmiləri və balıqovu alətləri barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil etmək;
11.1.4. balıqçı gəmilərində normativ hüquqi aktlarla müəyyən edilmiş texniki nəzarət vasitələrini (gəmilərin avtomatik identifikasiya sistemi, gəmilərin peyk əsaslı izləmə sistemi, naviqasiya və digər texniki vasitələri) quraşdırmaq və işlək vəziyyətdə saxlamaq;
11.1.5. qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlama və nəzarət tədbirlərini həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərinə əməl etmək, balıqçılıq sahəsində nəzarətin həyata keçirilməsi üçün şərait yaratmaq;
11.1.6. balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən (invaziv) yeni balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə yol verməmək;
11.1.7. balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının məhsuldarlığının artırılmasına yönəlmiş meliorasiya işləri aparmaq;
11.1.8. balıqçılıq su obyektlərində suyun keyfiyyətinin pisləşməsinə yol verməmək;
11.1.9. balıqçılıq obyektlərinin növünü, həcmini və s. əks etdirən məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil etmək;
11.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında qida zənciri obyektinin (subyektinin) qeydiyyata alınmasına və ya təsdiq olunmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, idxal olunmuş məhsullara dair idxal sağlamlıq aktını təqdim etmək;
11.1.11. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) balıqçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı verdiyi yazılı göstərişlərinə əməl etmək;
11.1.12. balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq, fitosanitar və karantin qaydalarına riayət etmək;
11.1.13. Biotexnoloji Layihə Sənədində nəzərdə tutulmayan balıq və digər su bioresursları növlərindən və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan yem məhsullarından istifadə etməmək;
11.1.14. bu Qanunun 6.4-cü maddəsi ilə qadağan edilən balıq ovu alətlərindən, balıqçı gəmilərindən və digər vasitələrdən istifadə etməmək;
11.1.15. uçot və hesabat işləri aparmaq və aidiyyəti orqanlara məlumat vermək;
11.1.16. normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
11.2. Balıq ovu ilə məşğul olmaq üçün istifadə olunan balıqçı gəmilərinin və balıqovu alətlərinin qeydiyyatı qaydası, habelə balıqçı gəmilərində quraşdırılan texniki nəzarət vasitələrinin siyahısı və onlara dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
5-ci fəsil
BALIQARTIRMA VƏ BALIQ VƏ DİGƏR SU BİORESURSLARININ MƏSKUNLAŞDIĞI MÜHİTİN MÜHAFİZƏSİ
Maddə 12. Balıqçılıq su obyektləri
12.1. Balıq və digər su bioresurslarının məskunlaşması, artırılması, akvakulturası, ovu və mühafizəsi üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:
12.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
12.1.2. çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;
12.1.3. dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü su obyektləri;
12.1.4. su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıq yetişdirməyə uyğunlaşdırılmış digər yerlər.
12.2. Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 13. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi
13.1. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi elmi tədqiqat işləri aparıldıqdan sonra həyata keçirilir.
13.2. Balıqartırmaya və balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
13.3. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu fəaliyyətə dair "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.
13.4. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xüsusiyyətlərini, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər Biotexnoloji Layihə Sənədinə daxil edilir.
13.5. Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilə bilər.
13.6. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya və qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
13.7. Balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən (invaziv) balıq və digər su bioresurslarının su obyektlərinə buraxılmasına və yayılmasına yol verilmir.
Maddə 14.Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin
mühafizəsinə dair tələblər
14.1. Balıq və digər su bioresurslarına və onların məskunlaşdığı mühitə, balıqçılıq su obyektlərinə və vətəgələrə zərərli təsir (ərazilərin doldurulması, qurudulması, qismən və ya tam şəkildə formasının dəyişdirilməsi, yaxud bu ərazilərdən qum, çınqıl, daş çıxarılması, daş, torpaq, tikinti tullantıları və digər oxşar materialların tökülməsi və istehsala mənfi təsir göstərə biləcək fəaliyyətlər) göstərə bilən müəssisələrin, qurğuların, tikililərin və digər obyektlərin layihələndirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istifadəsini həyata keçirən fiziki və hüquqi şəxslər balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yerdəyişməsi və dayanıqlığının təmin edilməsi üçün əlverişli şərait yaratmalı, onların məskunlaşma və nəsilartırma mühitinin toxunulmazlığını təmin etməlidirlər.
14.2. Balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin artırılması və mühafizəsi məqsədləri üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində su istifadəçilərinin hüquqları balıqçılığın inkişafının təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
14.3. Bu Qanunun 14.1-ci maddəsində göstərilən fəaliyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir.
Maddə 15. Balıqçılıq su obyektlərinin meliorasiyası
15.1. Balıqçılıq su obyektlərinin meliorasiyası balıqçılıq su obyektlərinin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərinin və rejimlərinin optimallaşdırılması, balıq və digər su bioresursları üçün əlverişli şəraiti təmin edən digər tədbirlər vasitəsilə həyata keçirilir.
15.2. Balıq və digər su bioresurslarının yaşayış mühitinin, təbii miqrasiya yollarının, kürütökmə və qışlama sahələrinin qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:
15.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan balıqların və digər su bioresurslarının hərəkət və kürütökmə yerlərində onların təbii keçidinə maneə olan bəndlər çəkmək və dağılmış bəndləri bərpa etmək;
15.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında və kanallarda qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
15.2.3. balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərli-kimyəvi maddələrlə, gön-dəri, ağac və neft emalı məhsulları ilə çirkləndirmək və zibilləndirmək, onların tullantılarını balıqçılıq su obyektlərinə axıtmaq;
15.2.4. dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıq və digər su bioresurslarının məskunlaşdığı kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq.
15.3. Balıqçılıq su obyektlərinin meliorasiyasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
15.4. Balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15.5. Akvakultura təsərrüfatlarının meliorasiyası balıqçılıq subyektlərinin öz vəsaiti hesabına həyata keçirilir.
15.6. Balıqçılıq su obyektlərinə sənaye, kommunal, məişət, drenaj və digər tullantı sularının axıdılması Azərbaycan Respublikasının su qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 16. Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları
16.1. Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları uzunmüddətli təsiri ilə su obyektlərinin ekosistemində dəyişikliklərə gətirib çıxarmayan antropogen təsirin yol verilən həddinin həcmi və bu obyektə və ya onların sutoplayıcı sahəsinə axıdılan, yaxud daxil ola bilən zərərli maddələrin yol verilən həddinin miqdarı əsasında müəyyən edilir.
16.2. Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları və onların təsdiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 17. Balıqçılıq su obyektlərinin monitorinqi
17.1. Balıqçılıq su obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan monitorinq balıqçılıq su obyektlərində baş verə biləcək mənfi halların vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, habelə bu halların inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların hidroloji, ixtioloji və hidrogeoloji göstəricilərinə, həmçinin balıqçı gəmilərinə və akvakultura təsərrüfatlarına müntəzəm müşahidə sistemindən ibarətdir.
17.2. Balıqçılıq su obyektlərinin monitorinqi "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir.
17.3. Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balıq ovu və akvakultura fəaliyyətinin izlənilməsi və pozuntuların aşkar edilməsi məqsədilə balıqçılıq subyektləri tərəfindən bu Qanunun 11.1.4-cü maddəsinə uyğun quraşdırılmış texniki nəzarət vasitələrinin məlumatlarını əldə etmək, habelə balıqçılıq sahəsində dövlət nəzarəti məqsədləri üçün müşahidə və monitorinq sistemləri yaratmaq, quraşdırmaq və onlardan istifadə etmək hüququna malikdir.
Maddə 18. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası
18.1. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
18.2. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 4.21-ci maddəsi, uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə isə həmin Qanunun 4.22-ci maddəsi tətbiq edilir.
18.3. Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
Maddə 19. Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər
19.1. Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektləri aşağıdakı şərtlərə əməl edilməklə istismar olunur:
19.1.1. su bəndlərinin dövrəsində, balıqların və digər su bioresurslarının hərəkət və kürütökmə yerlərinə keçidini təmin edən, balıqburaxıcı qurğular quraşdırıldıqda;
19.1.2. balıq və digər su bioresurslarının çoxalma, kürütökmə, qışlama dövründə su anbarlarında suların səviyyəsi tələb olunan həddə (təbii fəlakət istisna olmaqla) saxlanıldıqda;
19.1.3. hidrotexniki, sugötürücü və suburaxıcı qurğular, irriqasiya sistemləri balıqqoruyucu qurğularla təchiz edildikdə;
19.1.4. balıqların kürütökmə və qışlama yerlərində, habelə balıq körpələrinin toplandığı sahələrdə sugötürücü və suburaxıcı qurğular yerləşdirilmədikdə;
19.1.5. kommunal-təsərrüfat, neft-mədən, neft-kimya, neftayırma və balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə zərərli təsir edən digər sənaye və aqrar obyektlərinin istismarı ekoloji tələblərə cavab verdikdə;
19.1.6. çayların aşağı hissəsində balıq və digər su bioresurslarının məskunlaşması, çoxalması və təbii yaşayış mühitinin qorunması üçün su anbarlarının alt hissəsinə kifayət həcmdə su buraxıldıqda.
19.2. Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmalıdır.
Maddə 20. Su mühafizə zonaları
20.1. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
20.2. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.
20.3. Qiymətli balıq növlərinin kürütökmə yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq edilir.
20.4. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və digər balıqçılıq su obyektlərinin sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin kəsilməsi, ağacların qırılması və kökündən çıxarılması, qəbiristanlıqların, heyvandarlıq fermalarının, düşərgələrinin, zibilxanaların yerləşdirilməsi, habelə su qanunvericiliyi ilə müəyyən edilmiş digər fəaliyyət növləri qadağan edilir.
20.5. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə qaydaları Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilir.
6-cı fəsil
BALIQÇILIĞIN İQTİSADİ TƏNZİMLƏNMƏSİ
Maddə 21. Balıqçılığın iqtisadi tənzimlənməsinin prinsipləri
21.1. Balıqçılığın iqtisadi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
21.1.1. balıqçılıq sahəsində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən dövlət xidmətlərinin göstərilməsinə, habelə dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlərin, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələrin, balıq və digər su bioresurslarının qeyri-qanuni ov və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın ödənilməsi;
21.1.2. balıq və digər su bioresurslarının artırılmasının, mühafizəsinin və balıqçılığın elmi təminatının dövlət büdcəsi və büdcədənkənar ödəmələr hesabına maliyyələşdirilməsi;
21.1.3. balıq və digər su bioresurslarının səmərəli istifadəsi və mühafizəsinin stimullaşdırılması;
21.1.4. akvakulturanın iqtisadi stimullaşdırılması;
21.1.5. akvakultura məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə fiskal siyasətin həyata keçirilməsi.
Maddə 22. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər
22.1. Bu Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından ov məqsədli istifadə ödənişlidir.
22.2. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər balıq və digər su bioresurslarının növü, onların ovu üsulları, ov alətlərinin və texniki vasitələrin növü, habelə su obyektlərinin təyinatı nəzərə alınmaqla normativ hüquqi aktlara və həmin müqaviləyə uyğun həyata keçirilir.
22.3. Təsərrüfat obyektlərinin tikintisindən, istismarından, habelə balıqçılıq su obyektlərində müxtəlif fəaliyyət növlərindən balıq və digər su bioresurslarına dəyən zərərli təsirin qarşısının alınması mümkün olmadıqda balıq və digər su bioresurslarına vurulan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən ödənilir.
22.4. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlərin məbləği, dərəcələri, tətbiq edilmə qaydası və balıq və digər su bioresurslarının qeyri-qanuni ovu və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın hesablanma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Maddə 23. Balıq və digər su bioresurslarının artırılması, bərpası və
mühafizəsi fondu
23.1. Balıq və digər su bioresurslarının artırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi fondu (bundan sonra - Fond) yaradılır.
23.2. Fondun formalaşma mənbələri və Fondun vəsaitindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 24. Balıq və digər su bioresurslarının artırılmasının, mühafizəsinin
və balıqçılığın elmi təminatının maliyyələşdirilməsi
24.1. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıqyetişdirmə, balıqartırma, balıqmühafizə və balıqçılıq su obyektlərinin meliorasiyası fəaliyyəti dövlət büdcəsinin vəsaiti və büdcədənkənar vəsait hesabına maliyyələşdirilir.
24.2. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıqyetişdirmə və balıqçılıq su obyektlərinin meliorasiyası işləri balıqçılıq su obyektlərinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri tərəfindən maliyyələşdirilir.
24.3. Nərə cinsli balıqların və digər qiymətli balıq və digər su bioresurslarının artırılması və bərpası dövlət tərəfindən stimullaşdırılır.
24.4. Balıqçılığın elmi təminatı dövlət büdcəsi və büdcədənkənar vəsait hesabına müvafiq müəssisələr tərəfindən həyata keçirilir.
Maddə 25. Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanın
stimullaşdırılması
25.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlarında balıq və digər su bioresurslarının mühafizəsi, balıq ovu, akvakulturası və balıq emalı sahələrində məqsədli investisiya, subsidiya, güzəştli kredit və digər dövlət dəstəyi tədbirləri həyata keçirilir.
25.2. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər və qeyri-qanuni ov və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyanın məbləğinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hissəsi balıq və digər su bioresurslarının artırılması və mühafizəsinin stimullaşdırılmasına yönəldilir.
7-ci fəsil
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 26. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının
artırılması, istifadəsi və mühafizəsi ilə bağlı beynəlxalq
əməkdaşlıq
26.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Xəzər dənizinin (gölünün) bioloji ehtiyatlarının öyrənilməsində, suların ekoloji, hidroloji, hidrogeoloji, texnoloji normalarının hazırlanmasında və zərərli təsirin qarşısının alınmasında, habelə balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsində iştirak edir və məlumat mübadiləsini həyata keçirir.
26.2. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının artırılması, bərpası və istifadəsi kvotası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında müəyyən edilir.
Maddə 27. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici
dövlətlərin su hövzələrində balıq və digər su
bioresurslarından istifadə hüququ
27.1. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri tərəfindən xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində ovlanmış və emal edilmiş balıqçılıq obyektləri idxal məhsulları hesab edilmir.
27.2. Xarici dövlətlərin su hövzələrində və dünya okeanının açıq sahələrində balıq və digər su bioresurslarından istifadə qaydası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə digər beynəlxalq hüquq normaları ilə müəyyən edilir.
Maddə 28. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan
Respublikasının su hövzələrində balıq və digər su
bioresurslarından istifadə hüququ
28.1. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.
28.2. Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə digər beynəlxalq hüquq normalarına uyğun olaraq istifadə edirlər.
28.3. Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8-ci fəsil
YEKUN MÜDDƏALAR
Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 30. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" Azərbaycan Respublikasının 1998-ci il 27 mart tarixli 457-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 362 (Cild I); 2024, № 4, maddə 365, № 11, maddə 1181; 2025, № 7, maddə 631) ləğv edilir.
Azərbaycan Respublikasının Prezidenti
14 iyul 2026