Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
10 iyul 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

10 iyul 2026

Layihə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338; 2025, № 4 (I kitab), maddə 315, № 7, maddələr 610, 631, № 8, maddələr 738, 744) 90-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1.aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan torpaq sahələri qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dəyişdirilir.

Dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi, habelə dəyişdirilən torpaq sahələrinin qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;

1.2. 2-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Torpaq sahələrinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tənzimlənir.”;

1.3. 3-cü hissə ləğv edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208) aşağıdakı məzmunda 155.5-ci maddə əlavə edilsin:

 “155.5. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan əmlak, o cümlədən torpaq sahəsi qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dəyişdirilir.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir.

Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 3. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1622 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1.5-ci maddəyə ikinci halda “olan” sözündən sonra “dövlət orqanı (qurumu), bələdiyyə,” sözləri əlavə edilsin;

3.2. 9.1.4-cü maddəyə “sifarişçi” sözündən sonra “dövlət orqanı (qurumu), bələdiyyə və ya” sözləri əlavə edilsin.


Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU