Kraudfandinq haqqında

Qanun layihələri
07 iyul 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

07 iyul 2026

Layihə

Kraudfandinq haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10 – 13-cü və 15-ci  bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyir. Bu Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.


1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. borc əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin buraxdığı borc investisiya qiymətli kağızının investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb olunmasını nəzərdə tutan kraudfandinq;

1.1.2. düşünmə dövrü – fərdi investor tərəfindən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulan müddət ərzində investisiya ilə bağlı təklifinin heç bir səbəb göstərmədən və hər hansı cərimə ödəmədən geri çağırılması  müddəti;

1.1.3. əsas məlumat vərəqəsi – bu Qanunun 9.3.1-ci maddəsində göstərilən  məlumatları əks etdirən və kraudfandinq platformasında açıqlanan məlumatların məcmusu;

1.1.4.  fərdi investor – peşəkar investor meyarlarına cavab verməyən və investisiyanın riskli olmasını yazılı şəkildə qəbul edən investor;

1.1.5. idarəetmə funksiyalarını yerinə yetirən şəxslər – hüquqi şəxsin müşahidə şurasının (direktorlar şurasının) (olduqda) və icra orqanın rəhbəri və üzvləri;

1.1.6. kraudfandinq – investorlardan pul vəsaitlərinin cəlb edilməsi məqsədilə hər hansı kraudfandinq layihəsinin kraudfandinq platforması vasitəsilə kütləvi maliyyələşdirilməsi;

1.1.7. kraudfandinq kampaniyası – kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün tələb olunan pul vəsaitlərinin toplanması məqsədilə kraudfandinq platformasının internet informasiya ehtiyatında yerləşdirilən elan;

1.1.8. kraudfandinq layihəsi – bu Qanunla müəyyən edilmiş qaydada pul vəsaitlərinin cəlb edilməsi məqsədilə kraudfandinq platformasında yerləşdirilən təklif;

1.1.9. kraudfandinq müqaviləsi – kraudfandinq platforması vasitəsilə investorlarla layihə sahibi arasında bağlanılan yazılı müqavilə;

1.1.10. kraudfandinq platforması (bundan sonra – platforma) – operator tərəfindən idarə olunan, investorların layihə sahibləri ilə əlaqələndirilməsi yolu ilə kraudfandinqin həyata keçirildiyi və ictimaiyyət üçün açıq olan informasiya sistemi;

1.1.11. layihə sahibi – platforma vasitəsilə  pul vəsaitlərini cəlb etmək istəyən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş kommersiya hüquqi şəxsi;

1.1.12. məcmu kapital – operatorun davamlı fəaliyyətinin təmin edilməsi məqsədilə bu Qanuna uyğun olaraq müəyyən olunmuş kapital;

1.1.13. mühüm iştirak payı – nizamnamə kapitalının 10 (on) və ya daha çox faizini təşkil edən və ya müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;

1.1.14. operator – bu Qanunun tələblərinə uyğun olaraq platformanı idarə edən hüquqi şəxs;

1.1.15. peşəkar investor – “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.7-2-ci maddəsi ilə müəyyən edilmiş investorlar;

1.1.16. səhm əsaslı kraudfandinq – bu Qanunla müəyyən olunmuş şərtlər daxilində kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə layihə sahibinin səhmlərinin investorlar tərəfindən alınması qarşılığında pul vəsaitlərinin cəlb edilməsini nəzərdə tutan kraudfandinq;

1.1.17. vətəndaş qüsursuzluğu – operatorun və layihə sahibinin benefisiar mülkiyyətçilərinin, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, mühüm iştirak pay sahiblərinin (həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin (üzvlərinin) qəsdən törədilmiş cinayətə görə məhkumluğunun olmaması, iqtisadi sahədə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan müəyyən müddətə məhrum edilmə barədə məhkəmə qərarının olmaması, operatora münasibətdə həmçinin həmin şəxslərin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələblərinə uyğun olması faktı.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. Kraudfandinq fəaliyyəti haqqında qanunvericilik

2.1. Kraudfandinq fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunları, bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) bunlara uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktları ilə tənzimlənir.

2.2. Bu Qanun dövlətin investisiya siyasətini həyata keçirmək məqsədilə dövlət tərəfindən yaradılmış hüquqi şəxslər və onların təsis etdiyi qurumlara şamil olunmur.

2.3. Ələt azad iqtisadi zonasında kraudfandinqlə bağlı münasibətlər “Ələt Azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

 

2-ci fəsil

OPERATORUN YARADILMASI, FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR VƏ REYESTRƏ DAXİL EDİLMƏSİ

 

Maddə 3. Operatorun yaradılması və fəaliyyətinin təşkili

3.1. Operator məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyəti formasında yaradılır.

3.2. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin (ərazilərin) vətəndaşları və ya həmin dövlətlərdə (ərazilərdə) qeydiyyata alınmış hüquqi şəxslər, habelə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsində göstərilən fiziki şəxslər və qurumlar, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ofşor zonalarda qeydiyyata alınmış və ya təsisçiləri, mühüm iştirak payının sahibləri və benefisiar mülkiyyətçiləri belə zonalarda qeydiyyata alınmış şəxslər operatorun təsisçisi (iştirakçısı), mühüm iştirak payının sahibi və benefisiar mülkiyyətçisi ola bilməz.

3.3. Operatorun fəaliyyətinin müstəsna predmeti səhm və borc əsaslı kraudfandinqin həyata keçirildiyi platformanın idarə edilməsidir.

3.4. Operator Mərkəzi Bank tərəfindən aparılan Kraudfandinq platformalarını idarə edən operatorların reyestrinə (bundan sonra – reyestr) daxil edildikdən sonra platformanın idarə edilməsi üzrə fəaliyyəti həyata keçirə bilər.

3.5. Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən  müəyyən edilir.

3.6. Operatorun adında “kraudfandinq platformasının operatoru” sözləri olmalıdır.

3.7. Operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilmir. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı  olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.

3.8. Operator fəaliyyətinin effektiv idarə olunmasına, o cümlədən vəzifə bölgüsünə, fəaliyyətinin davamlılığına, habelə maraqlar münaqişəsinin qarşısının alınmasına dair daxili siyasət və prosedurları qəbul etməli və onların həyata keçirilməsi üzrə daxili nəzarət mexanizmlərinə malik olmalıdır.

3.9. Operatorun əməliyyat funksiyaları başqa şəxslər tərəfindən həyata keçirilə bilər, bu şərtlə ki, onların fəaliyyəti operatorun daxili nəzarətinin keyfiyyətinə və operatorun bu Qanunla müəyyən edilmiş tələblərə əməl etməsinə Mərkəzi Bankın nəzarət etmək imkanlarına xələl gətirməsin. Operatorun əməliyyat funksiyalarının başqa şəxslər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq həmin funksiyaların həyata keçirilməsinə görə tam məsuliyyəti operator daşıyır.

3.10. Operatorun idarəetmə funksiyalarının yerinə yetirilməsi səlahiyyəti kənar idarəçiyə verilə bilməz.

Maddə 4. Mühüm iştirak payı

4.1. Operatorun mühüm iştirak payının sahibi bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Hər hansı şəxs operatorun nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən mövcud payını mühüm iştirak payına çatdıran əlavə payı, habelə mühüm iştirak payını artıraraq nizamnamə kapitalının 20 (iyirmi), 33 (otuz üç) və ya 50 (əlli) faizinə çatmasına, yaxud bu miqdarı keçməsinə gətirib çıxaran iştirak payını bu Qanunla müəyyən edllmiş qaydada Mərkəzi Bankın razılığı əsasında əldə edə bilər.

4.2. Bu Qanunun 4.1-ci maddəsində qeyd olunan payın əldə edilməsindən əvvəl operator icazə almaq üçün Mərkəzi Banka ərizə təqdim etməlidir.

4.3. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.3.1. mühüm iştirak payının sahibi fiziki şəxs olduqda:

4.3.1.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

4.3.1.2. bu Qanunun 4.4.1-ci və 4.4.2-ci maddələri ilə müəyyənləşdirilən şərtlərə uyğunluğu barədə məlumatlar;

4.3.2. mühüm iştirak payının sahibi hüquqi şəxs olduqda:

4.3.2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

4.3.2.2. hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvlərinin) vətəndaş qüsursuzluğuna dair məlumat;

4.3.3. mühüm iştirak pay sahibi tərəfindən payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyini təsdiq edən məlumatlar və sənədlər;

4.3.4. bu Qanunun 4.4.2-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğunluğunu təsdiq edən məlumat.

4.4. Mühüm iştirak payının əldə edilməsinə icazənin verilməsi üçün şərtlər aşağıdakılardır:

4.4.1. mühüm iştirak payını əldə edəcək fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin (üzvlərinin) vətəndaş qüsursuzluğu tələbinə cavab verməsi;

4.4.2. mühüm iştirak payını əldə edəcək şəxs barədə cinayət-hüquqi tədbirlərin görülməsi, iflas prosedurunun başlanılması və ya müflis elan olunması faktının olmaması (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin);

4.4.3. mühüm iştirak payının əldə edilməsinə yönəldilən vəsaitin mənbəyinin məlum olması, habelə mühüm iştirak pay sahibinin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsas verən faktların olmaması;

4.4.4. bu Qanunun 3.2-ci maddəsinin tələblərinin pozulması faktının olmaması;

4.4.5. bu Qanunun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq kraudfandinq kampaniyası başa çatmamış layihənin sahibi və ya benefisiar mülkiyyətçisi olmaması.

4.5. Bu Qanunun 4.3-cü maddəsində göstərilən məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada təqdim edilir.

4.6. Ərizəyə və ona əlavə edilmiş sənədlərə təqdim edildiyi tarixdən 60 (altmış) təqvim günü ərzində bu Qanunun 7.2-ci və 7.3-cü maddələri ilə müəyyən edilmiş qaydada baxılır. Həmin müddətdə Mərkəzi Bank ərizəyə dair münasibətini yazılı surətdə bildirmədikdə ərizəyə müsbət baxılmış hesab edilir.

4.7. İcazənin verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 (iki) iş günü ərzində operatora təqdim edilir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Mərkəzi Bankın verdiyi icazədə iştirak payının əldə edilməsinin başa çatmalı olduğu maksimum müddət göstərilir.

4.8. Bu Qanunun 4.3-cü maddəsində nəzərə tutulan sənədlər və məlumatlar tam təqdim edilmədikdə və ya bu Qanunun 4.4-cü maddəsində müəyyənləşdirilən şərtlərə uyğunluq olmadıqda icazənin verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edilir. Operator həmin qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

4.9. Mühüm iştirak payının ödənilməsi üçün bu Qanunun 4.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdığı gündən 5 (beş) iş günü ərzində payın alınması barədə Mərkəzi Banka yazılı məlumat təqdim edilməlidir.

4.10. Mühüm iştirak payını əldə etmək istəyən şəxs payın ödənilməsi üçün müəyyən edilmiş son müddətədək həmin payı almadıqda və ya tam almadıqda Mərkəzi Bank bu Qanunun 4.9-cu maddəsində məlumatlandırma üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra 5 (beş) iş günü ərzində icazəni tam və ya əldə edilməmiş hissəyə münasibətdə ləğv edir və bu barədə şəxsə yazılı bildirişi təqdim edir və ya elektron üsulla, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

4.11. Hər hansı bir şəxs mühüm iştirak payını əvvəlcədən icazəsi olmadan və ya bu Qanunun 4.7-ci maddəsinə uyğun olaraq nəzərdə tutulmuş son müddət başa çatdıqdan sonra əldə etdikdə, Mərkəzi Bank həmin şəxsin operatordakı payının icazəsiz alınan hissəsinin müəyyən etdiyi tarixədək ləğv edilməsi barədə yazılı göstəriş verir. Həmin şəxsin ləğv olunmalı hissədə səsvermə hüququ operatorun qərarlarının qəbul edilməsində nəzərə alınmır.

4.12. Bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Maddə 5. İdarəetmə funksiyalarını yerinə yetirən şəxslərə dair tələblər

5.1. Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri aşağıdakı tələblərə cavab verməlidir:

5.1.1. ali təhsilli olmalı;

5.1.2. azı biri Mərkəzi Bank tərəfindən tənzimlənən və nəzarət olunan maliyyə xidmətlərinin göstərildiyi fəaliyyət sahələrində 3 (üç) illik iş təcrübəsinə malik olmalı;

5.1.3.  vətəndaş qüsursuzluğuna malik olmalı.

5.2. Bu Qanunun 19.1.2 – 19.1.5-cı maddələrində nəzərdə tutulan əsaslar üzrə operatorun reyestrdən çıxarılması barədə qərarın qəbul edildiyi tarixdən, yaxud operatorun və ya maliyyə bazarlarında fəaliyyət göstərən Mərkəzi Bankın digər nəzarət subyektlərinin maliyyə vəziyyətinin pisləşməsi və prudensial tələbləri pozmaqla əlaqədar onların məcburi ləğv edilməsi, müflis elan edilməsi barədə qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən az olmayan müddətdə həmin operatorun və ya nəzarət subyektinin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmiş idarəetmə funksiyalarını yerinə yetirmiş şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən etibarən 3 (üç) il ərzində operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxs ola bilməz. Operatorun  idarəetmə funksiyalarını yetirən yetirən şəxs həmçinin 3 (üç) ildən az olmayan müddət ərzində Mərkəzi Bankın tələbi ilə hər hansı digər nəzarət subyektində vəzifəsindən azad edilmiş şəxs (barəsində işə bərpa olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna olmaqla) ola bilməz.

5.3. Operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslər barədə reyestrdə dəyişikliklər edilməsi üçün Mərkəzi Banka ünvanlanan müraciətə həmin şəxslərin bu Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar və sənədlər əlavə edilir.

Maddə 6. Reyestrə daxil edilməsi üçün müraciət

6.1. Reyestrə daxil olmaq üçün operator Mərkəzi Banka ərizə ilə müraciət edir.

6.2.  Ərizəyə aşağıdakı məlumatlar və sənədlər əlavə edilir:

6.2.1. operatorun nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənmiş surəti;

6.2.2. ödənilmiş nizamnamə kapitalının məbləğini təsdiq edən sənəd;

6.2.3. hər bir iştirakçı haqqında məlumatlar və sənədlər (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin məlumatları, daimi yaşayış yerini və məşğuliyyət növünü göstərən məlumatlar və sənədlər, hüquqi şəxs olduqda – adını, ünvanını və kommersiya fəaliyyətinin növünü əks etdirən məlumatlar və sənədlər);

6.2.4. hər bir iştirakçının operatorun nizamnamə kapitalında payı (səhmi) və payın (səhmin) əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;

6.2.5. pay sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və VÖEN-i) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;

6.2.6. mühüm iştirak payı sahiblərinin bu Qanunun 4.4-cü maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar və sənədlər;

6.2.7. müraciət edənin təşkilati strukturu, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin vətəndaş qüsursuzluğuna dair məlumat, o cümlədən həmin şəxslərin bu Qanunun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməsini təsdiq edən sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq təsdiq edilmiş surəti;

6.2.8. bu Qanunun 3.9-cu maddəsinə uyğun olaraq operatorun başqa şəxslər tərəfindən həyata keçirilən funksiyalarının təsviri (olduqda);

6.2.9. operatorun benefisiar mülkiyyətçiləri və payçıları arasındakı münasibətlər, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə arayış;

6.2.10. platformadan istifadə qaydası, habelə bu Qanunun 3.8-ci maddəsində nəzərdə tutulan digər daxili sənədlər (siyasətlər, qaydalar və s.);

6.2.11. kraudfandinqdə istifadə olunacaq platformanın texniki və təhlükəsizlik tələblərinə, habelə funksionallığına cavab verməsini təsdiq edən məlumatlar və sənədlər.

6.3. Bu Qanunun 6.2-ci maddəsində göstərilən məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada təqdim edilir.

6.4. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

6.5. Bu Qanunda nəzərdə tutulmuş sənədlər əcnəbilər və xarici hüquqi şəxslər tərəfindən normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada leqallaşdırılır və ya onlara apostil verilir və həmin sənədlər notariat qaydasında Azərbaycan dilinə tərcümə edilir.

Maddə 7. Reyestrə daxil edilməsi üçün müraciətə baxılması

7.1. Reyestrə daxil edilməsi üçün müraciətə təqdim edildiyi tarixdən 90 (doxsan) təqvim günü ərzində baxılır. Həmin müddətdə Mərkəzi Bank müraciətə dair münasibətini yazılı surətdə bildirmədikdə müraciətə müsbət baxılmış hesab edilir.

7.2. Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar etdikdə (bu Qanunun 6.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), bu barədə müraciət edənə 15 (on beş) iş günü ərzində həmin çatışmazlıqların aradan qaldırılması barədə yazılı bildiriş təqdim edir.

7.3. Müraciət edən çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən ən geci 15 (on beş) iş günü ərzində aradan qaldırmalıdır. Mərkəzi Bank tərəfindən yazılı bildirişin təqdim edilməsi bu Qanunun 7.1-ci maddəsində müraciətə baxılması üçün müəyyən edilmiş müddətin axımını dayandırır və dayandırılmış müddət müraciətə baxılması müddətinə daxil edilmir. Müraciət edən tərəfindən çatışmazlıqların aradan qaldırılması barədə Mərkəzi Banka yazılı məlumat daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

7.4. Müraciət edən tərəfindən təqdim olunan sənədlərdə və məlumatlarda çatışmazlıqlar olmadıqda istifadə olunacaq platformanın texniki və təhlükəsizlik tələblərinə, habelə funksionallığına uyğunluğunu yoxlamaq üçün Mərkəzi Bankın əməkdaşları tərəfindən platformaya baxış keçirilir. Baxışın vaxtı barədə müraciət edənə 3 (üç) iş günü əvvəlcədən yazılı bildiriş təqdim edilir.

7.5. Operatorun reyestrə daxil edilməsindən imtina üçün bu Qanunun 7.7-ci maddəsi ilə müəyyən edilmiş əsaslar aşkar edilmədikdə Mərkəzi Bank tərəfindən operatorun reyestrə daxil edilməsi barədə qərar qəbul edilir və 2 (iki) iş günü ərzində müraciət edənə dövlət rüsumunun ödənilməsi haqqında yazılı bildiriş təqdim edilir.

7.6. Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd Mərkəzi Banka təqdim edildikdən sonra Mərkəzi Bank 2 (iki) iş günündən gec olmayaraq müraciət edəni reyestrə daxil edir, müraciət edənə bu barədə yazılı məlumat verir və həmin məlumat Mərkəzi Bankın rəsmi internet informasiya ehtiyatında yerləşdirilməklə ictimaiyyətə açıqlanır. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd 5 (beş) iş günü ərzində təqdim edilmədikdə, operatorun reyestrə daxil edilməsi barədə qərar Mərkəzi Bank tərəfindən ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü ərzində müraciət edənə təqdim edilir.

7.7. Mərkəzi Bank operatorun reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina edir:

7.7.1. təqdim edilmiş məlumatlarda və sənədlərdə  çatışmazlıqlar bu Qanunun 7.3-cü maddəsinə uyğun olaraq aradan qaldırmadıqda və ya təqdim edilmiş məlumatların və sənədlərin yanlış olması aşkar edildikdə;

7.7.2. müraciət edənin idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, mühüm iştirak pay sahibləri və ya benefisiar mülkiyyətçiləri bu Qanunda nəzərdə tutulmuş tələblərə cavab vermədikdə;

7.7.3. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin müraciət edənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya müraciət edənin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;

7.7.4. ödənilmiş nizamnamə kapitalının məbləği operatorlar üçün müəyyən edilmiş minimum miqdardan az olduqda;

7.7.5. bu Qanunun 3.9-cu maddəsinə uyğun olaraq operatorun əməliyyat funksiyalarının başqa şəxslər tərəfindən həyata keçirilməsi operatorun daxili nəzarətinin keyfiyyətinə və Mərkəzi Bankın nəzarət etmək imkanlarına xələl gətirən hallar müəyyən edildikdə;

7.7.6. təqdim edilmiş digər məlumatlar və sənədlər bu Qanunun tələblərinə uyğun olmadıqda;

7.7.7. platforma bu Qanuna uyğun olaraq müəyyən edilmiş texniki və təhlükəsizlik tələblərinə cavab vermədikdə və ya funksionallığına uyğun olmadıqda.

7.8. Mərkəzi Bank operatorun reyestrə daxil edilməsindən imtina barədə qərar qəbul etdikdə, qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü ərzində imtina səbəbləri göstərilməklə ərizəçiyə təqdim edilir və ya göndərilir.

7.9. Reyestrə daxil edilməsindən imtina qərarını alan şəxs reyestrə daxil edilməsi üçün təkrar ərizə ilə imtina barədə qərar qəbul edildiyi tarixdən 6 (altı) ay sonra Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

7.10. Müraciət edən reyestrə daxil edilməsindən imtina haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

7.11. Mərkəzi Bank təqdim edilən məlumatların və sənədlərin yoxlanılması məqsədilə müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) məlumat əldə edə bilər. Dövlət orqanları (qurumları) Mərkəzi Bankın sorğu etdiyi məlumatı 7 (yeddi) iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.

7.12. Bu Qanunun 7.11-ci maddəsi sonradan operatorda mühüm iştirak payı əldə etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinə), idarəetmə funksiyalarını yerinə yetirən və operatorun benefisiar mülkiyyətçisi olan şəxslərə münasibətdə də şamil edilir.

Maddə 8. Operatorun fəaliyyətində maraqlar münaqişəsinin qarşısının

                Alınması

8.1. Operator platformanın idarə edilməsi və kraudfandinq kampaniyasının həyata keçirilməsi ilə bağlı fəaliyyətinə maraqlar münaqişəsinin təsir etməsinə yol verməməlidir. Operator mövcud və potensial maraqlar münaqişəsi hallarının aşkar edilməsi, qarşısının alınması, idarə edilməsi və bu cür hallar barədə məlumatın platformada açıqlanması üçün müvafiq siyasət və prosedurların sənədləşdirilməsini və onlara riayət olunmasını təmin etməlidir.

8.2. Operator, onun əməkdaşları, benefisiar mülkiyyətçiləri, nizamnamə kapitalında mühüm iştirak pay sahibləri və operatora aidiyyəti olan digər şəxslər həmin operatorun idarə etdiyi platformada yerləşdirilən layihələrin sahibi ola bilməzlər.

8.3. Operator öz kraudfandinq platforması vasitəsilə həyata keçirilən kraudfandinq kampaniyaları çərçivəsində hər bir kraudfandinq layihəsinin maliyyələşdirilməsi məqsədilə hədəflənmiş məbləğin 20 (iyirmi) faizindən çox olmayan həcmdə investisiya təklifi verə bilər. Belə investisiyalar digər investorlarla eyni şərtlərlə həyata keçirilməli və bu barədə məlumat operatorun platformasında açıqlanmalıdır.

8.4.     Operator investor sifarişlərini müəyyən kraudfandinq layihəsinə (öz platformasında və ya üçüncü tərəf platformasında) təşviq edə bilməz, habelə hər hansı kraudfandinq layihəsinin təşviqinə görə ödəniş, endirim, yaxud qeyri-maddi fayda ödəyə və ya qəbul edə bilməz.

 

3-cü fəsil

PLATFORMANIN FƏALİYYƏTİ

 

Maddə 9. Platformanın fəaliyyətinə dair tələblər

9.1. Platforma Mərkəzi Bank tərəfindən müəyyən edilən texniki və təhlükəsizlik tələblərinə cavab verməli və funksionallığına uyğun olmalıdır.

9.2. Operator platformada azı aşağıdakı məlumatları açıqlamaqla platforma iştirakçılarını (layihə sahiblərini və investorları) operatorun və platformanın fəaliyyəti barədə məlumatlandırır:

9.2.1. operatorun adı, VÖEN-i və hüquqi ünvanı;

9.2.2. operatorun idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin soyadı, adı, atasının adı (olduqda), vəzifəsi və əlaqə vasitələri;

9.2.3. operatorun təşkilati strukturu və işçilərinin sayı;

9.2.4. auditor rəyi ilə birlikdə son ilin illik maliyyə hesabatları (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə);

9.2.5. kraudfandinq çərçivəsində platforma vasitəsilə topladığı pul vəsaitlərinin ümumi məbləği;

9.2.6. kraudfandinq çərçivəsində platforma vasitəsilə yerləşdirilən kraudfandinq layihələrinin ümumi sayı;

9.2.7. hər təqvim ili ərzində kraudfandinq müqaviləsini imzalayan investorların sayı və fərdi investorlar üzrə toplanan pul vəsaitlərinin orta hesabla məbləği;

9.2.8. platformadan istifadə qaydası;

9.2.9. operatorun xidmət haqqı və platformadan istifadə ilə bağlı digər xərclər (olduqda) barədə məlumat;

9.2.10. kraudfandinq layihəsinin hər hansı dövlət orqanı (qurumu) tərəfindən yoxlanıb təsdiq edilməməsi, habelə investisiya nəticəsində yarana biləcək bütün risklərin, o cümlədən investisiya qoyulmuş vəsaitin tam və ya qismən itirilməsi riskinin investora məxsus olması barədə bəyanat;

9.2.11. kraudfandinq çərçivəsində edilən investisiyaların hər hansı sığorta və təminat mexanizmi ilə əhatə olunmaması, onlar üzrə hər hansı gəlirin əldə edilməməsinin mümkünlüyü barədə xəbərdarlıq;

9.2.12. investorların şikayətlərinə baxılması və kraudfandinq çərçivəsində yaranan mübahisələrin həlli qaydası.

9.3. Operator investorların kraudfandinq layihələri ilə tanış olması üçün platforma vasitəsilə aşağıdakı məlumatları açıqlayır:

9.3.1. əsas məlumat vərəqəsində qeyd edilən azı aşağıdakı məlumatları:

9.3.1.1. kraudfandinq layihəsinin təsviri, o cümlədən məqsədi və əsas xüsusiyyətləri;

9.3.1.2. kraudfandinq kampaniyasının müddəti;

9.3.1.3. hər bir kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği, kraudfandinq layihəsinin maliyyələşdirilməsinə layihə sahibinin yönəltdiyi öz vəsaitinin miqdarı  (olduqda), habelə kraudfandinq kampaniyası ərzində vəsaitlərin toplanmamasının nəticələri barədə məlumat;

9.3.1.4. layihə sahibinin adı, VÖEN-i, hüquqi ünvanı, idarəetmə funksiyalarını həyata keçirən şəxsləri barədə məlumatlar (soyadı, adı, atasının adı (olduqda) və vəzifəsi), habelə mühüm iştirak pay sahibləri barədə məlumatlar (fiziki şəxs olduqda soyadı, adı, atasının adı (olduqda), hüquqi şəxs olduqda adı, VÖEN-i və hüquqi ünvanı);

9.3.1.5. layihə sahibininin əsas məlumat vərəqəsində əks olunan məlumatlar üçün məsuliyyət daşıyan səlahiyyətli şəxslərinin soyadı, adı, atasının adı (olduqda), vəzifəsi və əlaqə vasitələri;

9.3.1.6. əsas məlumat vərəqəsinin hazırlanması, o cümlədən orada əks olunan məlumatların tamlığı və doğruluğuna görə layihə sahibinin məsuliyyət daşıdığına dair bəyanat;

9.3.1.7. layihə sahibinin əsas fəaliyyət istiqamətləri və onun tərəfindən təqdim edilən məhsullar və xidmətlər;

9.3.1.8. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği 50 (əlli) min manata qədər olduqda layihə sahibinin son maliyyə ili üzrə (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə)  əsas maliyyə göstəriciləri (aktiv, öhdəlik, kаpital (xalis aktivlər), gəlir, xərc);

9.3.1.9. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflənən pul vəsaitlərinin məbləği 50 (əlli) min manat və ya daha yüksək olduqda, habelə bir təqvim ili ərzində kraudfandinq layihələri üzrə hədəflənən pul vəsaitlərinin məbləğinin ümumi həcmi 2 (iki) yüz min manatdan çox olduqda layihə sahibinin auditor rəyi ilə birlikdə (məcburi audit subyektlərinə münasibətdə) son ilin illik maliyyə hesabatları (bu müddətdən az fəaliyyətdə olduqda faktiki fəaliyyət müddəti üzrə);

9.3.1.10. layihə sahibinin sonuncu maliyyə hesabatının dərc olunduğu mənbəyə istinad (olduqda);

9.3.1.11. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün buraxılan səhm və (və ya) istiqrazların sayı, nominal dəyəri, valyutası, gəlirliyin faiz dərəcəsi (müəyyən olunduqda),  qiymətli kağızlarla təsbit edilən hüquqlar və məhdudiyyətlər, geri satınalınma şərtləri (olduqda), təminatın təsviri və şərtləri (olduqda);

9.3.1.12. kraudfandinq kampaniyasının müddətindən asılı olaraq bu Qanunun tələblərinə uyğun olaraq fərdi investorlar üçün müəyyən olunan düşünmə dövrü (dövrün son tarixi göstərilməklə);

9.3.1.13. investorların kraudfandinq layihəsi ilə bağlı bütün xərcləri (olduqda);

9.3.2. bu Qanunun 11.1.9-cu maddəsində nəzərdə tutulan məlumatlar.

9.4. Operator platformanın idarə edilməsi üzrə fəaliyyətini platformadan istifadə qaydaları əsasında həyata keçirir.

9.5. Platformadan istifadə qaydası azı aşağıdakıları özündə ehtiva etməlidir:       

9.5.1. platformadan istifadə etmək üçün operatorun investorla və layihə sahibi lə bağlanılan müqavilələrin əsas şərtləri;

9.5.2. platformadan istifadə etməklə həyata keçirilən kraudfandinqin növləri;

9.5.3. operator tərəfindən açıqlanan məlumatların dairəsi, habelə həmin məlumatların açıqlanma qaydası;

9.5.4. platforma vasitəsilə mübadilə edilən məlumatlar;

9.5.5. müəyyən edildikdə platformada yerləşdirilən kraudfandinq layihələrinə dair operatorun tələbləri (məsələn, qadağan edilən fəaliyyət sahələri və s.);

9.5.6. Mərkəzi Bank tərəfindən operatorların platformadan istifadə qaydasına dair əlavə tələblər müəyyən edildikdə tələb olunan digər məlumatlar.

9.6. Reyestrə daxil edildikdən sonra operator platformadan istifadə qaydalarına dəyişiklik etdikdə Mərkəzi Bankla razılaşdırmalıdır. Dəyişikliklərlə bağlı operatorun müraciətinə Mərkəzi Bank tərəfindən 15 (on beş) iş günü ərzində baxılır.

9.7. Kraudfandinq platformasından istifadə qaydaları bu Qanunun 9.5-ci maddəsinə və (və ya) normativ hüquqi aktlara uyğun olmadıqda Mərkəzi Bank dəyişikliklərin edilməsinə razılıq verməkdən imtina edir və 2 (iki) iş günü ərzində bu barədə operatora yazılı bildiriş təqdim edir.

9.8. Bu Qanunun 10.5-ci maddəsində göstərilən məlumatlar və sənədlər tam təqdim olunmadıqda, yanlış olduqda, həmin maddədə göstərilən şəxslər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə və ya bu Qanunun 10.5.2-ci və 10.5.3-cü maddələrində göstərilən faktlar mövcud olduqda, habelə təqdim edilən kraudfandinq layihəsi platformadan istifadə qaydalarında müəyyən edilən tələblərə uyğun olmadıqda operator səbəblərini göstərməklə kraudfandinq layihəsinin platformada yerləşdirilməsindən imtina edir.

9.9. Maliyyə bazarlarını tənzimləyən qanunlara əsasən Mərkəzi Bankın nəzarət etdiyi subyektlər, habelə lombardlar, faktorinq və maliyyə icarəsi xidmətləri göstərən şəxslər platformada kraudfandinq layihəsi yerləşdirə bilməzlər.

 

 

4-cü fəsil

LAYİHƏ SAHİBİNİN VƏ OPERATORUN VƏZİFƏLƏRİ, İNVESTORLAR QARŞISINDA MƏSULİYYƏT

 

Maddə 10. Layihə sahibinin vəzifələri və məsuliyyəti

10.1. Layihə sahibinin vəzifələri aşağıdakılardır:

10.1.1. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflədiyi pul vəsaitinin maksimum məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilən həddən artıq olmamasını təmin etməlidir;

10.1.2. eyni kraudfandinq layihəsini birdən çox platformada yerləşdirməməlidir;

10.1.3. platformada yerləşdirilməsi nəzərdə tutulan bütün məlumatların tamlığını və doğrululuğunu təmin etməlidir;

10.1.4. aşağıdakı hallarda dərhal operatoru məlumatlandırmalıdır:

10.1.4.1. əsas məlumat vərəqəsində göstərilən məlumatlarda hər hansı dəyişiklik olduqda;

10.1.4.2. kraudfandinq layihəsi geri çağırıldıqda;

10.1.5. tərtib etdiyi və bu Qanunun 9.3-cü maddəsində göstərilən məlumatları əks etdirən əsas məlumat vərəqəsi ilə birlikdə azı aşağıdakı məlumatları və sənədləri operatora təqdim etməlidir:

10.1.5.1. idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) və benefisiar mülkiyyətçilərinin vətəndaş qüsursuzluğuna dair normativ hüquqi aktlara uyğun olaraq əldə edilmiş arayış (arayışlar);

10.1.5.2. vergilər və digər məcburi ödənişlərlə bağlı borcunun olmamasına dair məlumat;

10.1.5.3. özü, habelə onun mühüm iştirak pay sahibləri və benefisiar mülkiyyətçiləri barəsində cinayət-hüquqi tədbirlərin görülməməsi, layihə sahibi barəsində iflas prosedurunun başlanılması faktının olmaması və ya müflis elan olunmaması barədə məlumat;

10.1.5.4. bu Qanunun 10.2-ci maddəsinə uyğun olaraq platformada yerləşdirilməsi üçün müraciət edilən kraudfandinq layihəsinin digər platformada yerləşdirilməməsi və ya yerləşdirilməsi üçün müraciət edilməməsi barədə məlumat;

10.1.5.5. kraudfandinq layihəsi çərçivəsində yerləşdirilən səhmlərin və (və ya) istiqrazların buraxılışının normativ hüquqi aktlara uyğun olaraq dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd.

10.1.6. bu Qanunun 10.5.1 – 10.5.3-cü maddələrində göstərilən faktlar müvafiq məlumatlar operatora təqdim edildikdən sonra da baş verdikdə bu barədə məlumatı dərhal operatora təqdim etməlidir.

10.2. Layihə sahibi əsas məlumat vərəqəsində göstərilən məlumatların düzgünlüyünə, habelə  kraudfandinq layihəsinin həyata keçirilməsi ilə bağlı səhm və istiqrazların emitenti qismində normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə və öhdəliklərin yerinə yetirilməsinə görə investorlar qarşısında cavabdehdir.

 Maddə 11. Operatorun vəzifələri və məsuliyyəti

11.1. Operatorun vəzifələri aşağıdakılardır:

11.1.1. platformanın etibarlı, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməlidir;

11.1.2. kraudfandinq çərçivəsində investorların, həmçinin layihə sahiblərinin adından və ya onların xeyrinə aparılan əməliyyatlarla bağlı sui-istifadə hallarına yol verməməlidir;

11.1.3. kraudfandinq çərçivəsində investorlara və layihə sahiblərinə platformanın idarə edilməsindən başqa, hər hansı formada xidmət, o cümlədən məsləhət xidməti göstərməməlidir;

11.1.4. kraudfandinq çərçivəsində bu Qanunun 10.1.1-ci və 13-cü maddələrinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilmiş hədlərdən artıq miqdarda pul vəsaitlərini qəbul etməməli və investisiya limitlərinə nəzarət etməlidir;

11.1.5. platformada yaranmış texniki nasazlıqlar barədə (nasazlığın səbəblərini qeyd etməklə) ən geci 1 (bir) iş günü ərzində investorları, layihə sahibini və Mərkəzi Bankı yazılı qaydada məlumatlandırmalıdır;

11.1.6. kraudfandinq çərçivəsində bu Qanunun, platformadan istifadə qaydalarının və müvafiq müqavilə şərtlərinin pozulması halları aşkar edildikdə layihə sahibindən həmin pozuntuların aradan qaldırılmasını tələb etməli, pozuntular aradan qaldırılanadək kraudfandinq kampaniyasını dərhal dayandırmalı və ən geci 1 (bir) iş günü ərzində bu barədə layihə sahibinə və investorlara məlumat verməlidir;

11.1.7. kraudfandinq kampaniyasının keçirildiyi müddətdə bu Qanunun
10.1.5.1 – 10.1.5.4-cü maddələrində göstərilən faktları aşkar etdikdə, dərhal kraudfandinq kampaniyasını ləğv etməli və ən geci 1 (bir) iş günü ərzində bu barədə layihə sahibinə və investorlara məlumat verməlidir;

11.1.8. qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla investorlara aid məlumatların məxfiliyini qorumalıdır;

11.1.9. əsas məlumat vərəqəsində, həmçinin kraudfandinq layihəsində hər hansı dəyişikliyin olması barədə məlumatı aldıqda dərhal bu məlumatı platformada açıqlamalıdır;

11.1.10. investorlarla müqavilə bağlanarkən fərdi investorlara kraudfandinq kampaniyasına müraciətini geri götürmə müddəti və qaydaları haqqında dəqiq və aydın məlumat verməlidir;

11.1.11. kraudfandinq çərçivəsində investorlar və layihə sahibləri ilə yazışmaların  platforma vasitəsilə aparılmasını təmin etməlidir; 

11.1.12. platformanın idarə edilməsi ilə əlaqədar məlumatların və sənədlərin, o cümlədən platforma iştirakçıları ilə yazışmaların, müqavilələrin və digər əlaqəli sənədlərin kraudfandinq kampaniyası müddətinin başa çatdığı vaxtdan azı 5 (beş) il ərzində saxlanılmasını təmin etməlidir.

11.2. Operator bu Qanunun 9-cu maddəsində göstərilən məlumatların platformada tam və aydın şəkildə yerləşdirilməsinə, operatorun fəaliyyəti ilə bağlı yaranmış hər hansı zərərə, itkiyə (o cümlədən, platformada məlumat itkisinə görə), məlumatların qanunsuz yayılmasına, verilməsinə və ya digər qanunsuz işlənməsinə görə investorlar qarşısında cavabdehdir.

11.3. Operator “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq investor və layihə sahibinə münasibətdə müştəri uyğunluğu tədbirləri tətbiq etməli, müvafiq məlumat və sənədlərin əldə edilməsini və saxlanılmasını təmin etməlidir.

 Maddə 12. İnvestorların pul vəsaitlərinin idarə edilməsi  

12.1. Operator kraudfandinq layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar investorlardan toplanan pul vəsaitlərinə dair aşağıdakı tələblərə əməl etməlidir:

12.1.1. kraudfandinq kampaniyası başlandığı vaxtdan investisiya ilə bağlı investorlardan daxil olan bütün təkliflərin və toplanan pul vəsaitlərinin hər bir kraudfandinq kampaniyası üzrə ayrıca uçotunu aparır (təkliflərin və vəsaitlərin daxilolma vaxtı qeyd edilməklə);

12.1.2. investorlardan toplanan pul vəsaitlərinin operatorun öz aktivlərindən ayrı saxlanılmasını təmin edir;

12.1.3. bu Qanunun 17.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra toplanan pul vəsaitlərinin layihə sahibinə köçürülməsini təmin edir.

12.2. Aşağıdakı hadisələrin baş verdiyi gündən sonrakı 5 (beş) iş günü ərzində operator investorların pul vəsaitlərini tam həcmdə geri qaytarmalıdır:

12.2.1.  bu Qanunun 16.6-cı maddəsi nəzərə alınmaqla, kampaniya müddətinin sonunadək maliyyələşmə üçün hədəflənən pul vəsaitləri toplanmadıqda;

12.2.2. layihə sahibi tərəfindən layihə geri çağırıldıqda və ya təxirə salındıqda (bu Qanunun 16.10-cu maddəsində göstərilən halda);

12.2.3. kampaniya müddəti ərzində layihə sahibi tərəfindən kraudfandinq layihəsi ilə bağlı məlumatlarda edilən dəyişikliklə bağlı investor həmin dəyişikliklərə razılığının olmaması səbəbilə vəsaitlərin geri qaytarılması üçün müraciəti etdikdə;

12.2.4. davam edən kampaniya müddəti çərçivəsində operator bu Qanuna uyğun olaraq reyestrdən çıxarıldıqda və bu Qanunun 19.3-cü maddəsinə uyğun olaraq fəaliyyətini dayandırdıqda;

12.2.5. eyni kraudfandinq layihəsi üzrə səhm və borc əsaslı kraudfandinq kampaniyası çərçivəsində hədəflənən pul vəsaitləri tam toplanmadığı halda, həmin kraudfandinq layihəsi üzrə digər kraudfandinq kampaniyası da ləğv edildikdə;

12.2.6. kraudfandinq kampaniyası dayandırıldıqda və investorun vəsaitlərin geri qaytarılması ilə bağlı müraciəti olduqda;

12.2.7. kraudfandinq kampaniyası ləğv edildikdə.

12.3. İnvestorlardan toplanan və bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq saxlanılan pul vəsaitlərindən operatorun və üçüncü şəxslərin hər hansı marağı üçün istifadə edilə bilməz, habelə həmin pul vəsaitlərinə operatorun və üçüncü tərəflərin öhdəlikləri üzrə tələb yönəldilə və həbs qoyula bilməz.

 

5-ci fəsil

SƏHM VƏ BORC ƏSASLI KRAUDFANDİNQ

 

 Maddə 13. İnvestisiya limitləri

13.1.  Fərdi investor tərəfindən bir kraudfandinq layihəsi və bir platforma üzrə qoyula bilən investisiyanın maksimum məbləğini Mərkəzi Bank müəyyən edir.

13.2. Mərkəzi Bank kraudfandinq layihələrinin maliyyələşdirilməsi üzrə hədəflənən məbləğlərin peşəkar investorlar tərəfindən təmin edilməsinin minimum həddini müəyyən edir.

Maddə 14. Səhm əsaslı kraudfandinq

14.1. Səhm əsaslı kraudfandinq üzrə layihə sahibi qismində yalnız səhmdar cəmiyyətləri çıxış edə bilər.

14.2. Layihə sahibi platformada səhm əsaslı kraudfandinq üzrə yalnız əlavə səhmlər buraxmaqla nizamnamə kapitalını artıra bilər.

14.3. Layihə sahibi son 12 (on iki) ay ərzində səhm əsaslı kraudfandinq üzrə maksimum  2 (iki) kraudfandinq layihəsini maliyyələşdirə bilər.

Maddə 15. Borc əsaslı kraudfandinq

15.1. Borc əsaslı kraudfandinq yalnız istiqraz buraxılışı vasitəsilə həyata keçirilir.

15.2. İstiqrazların tədavül müddəti  5 (beş) ildən çox ola bilməz.

15.3. Layihə sahibi son 12 (on iki) ay ərzində borc əsaslı kraufdfandinq üzrə maksimum iki kraudfandinq layihəsini maliyyələşdirə bilər.

 Maddə 16. Kraudfandinq kampaniyası

16.1. Kraudfandinq kampaniyası çərçivəsində səhmlər və istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdirilir.

16.2. Kraudfandinq kampaniyası əsas məlumat vərəqəsinin platformada dərc edildiyi gündən başlayır və əsas məlumat vərəqəsində göstərilən müddətdən, lakin istənilən halda 90 (doxsan) gündən çox olmayaraq davam edir. Kampaniya müddətində investorlar kraudfandinq layihəsinə investisiya etmək üçün platformaya müraciət edə və bu Qanunun 16.3-cü maddəsi nəzərə alınmaqla qiymətli kağızların dəyərini ödəyə bilərlər. Qiymətli kağızların dəyəri yalnız nağdsız qaydada operatorun milli depozit mərkəzində açdığı pul hesabına və ya onun üzvü olan banklarda açdığı müvəqqəti cari hesaba köçürülür.

16.3. Fərdi investor investisiya təklifini verdiyi vaxtdan dərhal platforma vasitəsilə  düşünmə dövrünün başlanması və bitmə tarixi barədə məlumatlandırılır. Düşünmə dövrü investisiya təklifinin verildiyi günün növbəti günündən başlayaraq 7 (yeddi) təqvim gününü əhatə edir. Düşünmə dövründə fərdi investorlardan səhm və ya istiqrazların alınması üçün pul vəsaiti toplanıla bilməz.

16.4. Əgər kraudfandinq layihəsi üzrə hədəflənən məbləğ kraudfandinq kampaniyasının müddəti başa çatanadək toplanmışdırsa, kampaniya vaxtından qabaq tamamlanır, bu şərtlə ki, investisiya təklifini verən fərdi investorlar üçün düşünmə dövrü başa çatmış olsun.

16.5.  Kraudfandinq kampaniyası başa çatmadan eyni layihə sahibi platforma vasitəsilə yeni kraudfandinq layihəsi ilə əlaqədar kraudfandinq kampaniyasına başlaya bilməz.

16.6. Bir kraudfandinq layihəsi üzrə eyni vaxtda səhm və borc əsaslı kraudfandinq kampaniyası aparıla bilər, bu şərtlə ki, hədəflənən pul vəsaitlərinin məbləği müvafiq kraudfandinq kampaniyalarından birində Mərkəzi Bankın müəyyən etdiyi həddə toplanmadığı halda digər kampaniya da ləğv edilsin.

16.7. Platforma vasitəsilə eyni layihə üzrə səhm və (və ya) borc əsaslı kraudfandinq kampaniyası mövcud olduqda, müvafiq olaraq yeni səhm və (və ya) borc əsaslı kraudfandinq kampaniyasına başlanıla bilməz.

16.8. Operator layihə sahibinin müraciəti əsasında kraudfandinq kampaniyasını 1 (bir) aydan çox olmayan müddətə təxirə sala bilər. Bu zaman bu Qanunla kraudfandinq kampaniyası üçün nəzərdə tutulmuş müddətin axımı dayanır. Kraudfandinq kampaniyasının təxirə salınmasına səbəb olan şərait aradan qalxdıqdan sonra layihə sahibinin operatora etdiyi müraciət əsasında kraudfandinq kampaniyası bərpa edilir və dayandırılmış kampaniya müddətinin axımı davam edir. Kraudfandinq kampaniyası təxirə salındığı təqdirdə pul vəsaitlərini geri almaq istəyən investorlara həmin vəsaitlərin geri qaytarılması bu Qanunun 12.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir;

16.9. Bu Qanunun 11.1.6-ci maddəsinə uyğun olaraq kraudfandinq kampaniyası dayandırıldıqda layihə sahibi 10 (on) iş günü ərzində dayandırılmaya səbəb olan halları aradan qaldırmalıdır. Həmin hallar aradan qalxdıqda layihə sahibi sonrakı 3 (üç) iş günü ərzində kraudfandinq kampaniyasının bərpa edilməsi üçün operatora müraciət edir. Operator tərəfindən bu müraciətə 5 (beş) iş günü ərzində baxılır və kraudfandinq kampaniyasının dayandırılmasına səbəb olan halların aradan qaldırıldığı müəyyən  edildikdə kraudfandinq kampaniyası platformada bərpa edilir. Operator tərəfindən kraudfandinq kampaniyasının dayandırılmasına səbəb olan halların aradan qaldırılmadığı müəyyən edildikdə, kraudfandinq kampaniyası ləğv edilir və bu barədə layihə sahibinə və investorlara 3 (üç) iş günü ərzində məlumat verilir.

16.10. Layihə sahibi tərəfindən kraudfandinq kampaniyası geri çağırıldıqda investorlardan toplanan pul vəsaitlərinin geri qaytarılması bu Qanunun 12.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

16.11. Kraudfandinq kampaniyası çərçivəsində hədəflənən məbləğin toplanıb-toplanmamasından asılı olmayaraq operator kampaniyanın nəticələri barədə məlumatı kraudfandinq kampaniyası müddətinin bitməsindən sonrakı iş günündən gec olmayaraq platformada yerləşdirməlidir.      

 Maddə 17. Qiymətli kağızların yerləşdirilməsi

17.1. Kraudfandinq kampaniyası başa çatdıqdan sonra 3 (üç) iş günü ərzində operator tərəfindən qiymətli kağızların yerləşdirilməsinə başlanmalıdır. Qiymətli kağızların yerləşdirilməsi müddəti başlanma tarixindən etibarən 3 (üç) iş günündən çox olmamalıdır.

17.2. Qiymətli kağızların yerləşdirilməsi “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.28-ci maddəsi ilə müəyyən edilmiş ödənişə qarşı çatdırılma prinsipi əsasında həyata keçirilir. 

17.3. Qiymətli kağızların mülkiyyətçiləri depozitar sistemində depo hesabına malik olmalıdır. Kraudfandinq çərçivəsində depo hesabı milli depozit mərkəzinin üzvü olan operator və ya bu əməliyyat funksiyasını həyata keçirən milli depozit mərkəzinin digər üzvü tərəfindən açılır.

17.4. Müvafiq qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan və normativ hüquqi aktlara uyğun olaraq qiymətli kağızların (istiqrazlar istisna olmaqla) emissiyasının və kütləvi təklifinin yekunları barədə təsdiq edilmiş hesabat layihə sahibi tərəfindən operatora təqdim edildikdən sonra operator 1 (bir) iş günü ərzində bu Qanunun 16.2-ci maddəsinə uyğun olaraq topladığı pul vəsaitini layihə sahibinin hesabına köçürür.                

17.5. Səhmlərin və istiqrazların buraxılması, yerləşdirilməsi, səhmlərin emissiyasının və kütləvi təklifinin yekunları haqqında hesabatın təqdim və təsdiq edilməsi, hesabatlarda olan məlumatların açıqlanması, səhmlərin və istiqrazların tədavülü və bu qiymətli kağızlarla digər əməliyyatların həyata keçirilməsi ilə bağlı məsələlər bu Qanunla ayrı qayda nəzərdə tutulmadığı halda qiymətli kağızlar bazarı haqqında qanunvericiliklə tənzimlənir.

 

6-cı fəsil

KRAUDFANDİNQ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ NƏZARƏTİ

 

Maddə 18. Kraudfaundinq sahəsində dövlət tənzimlənməsi və nəzarətin

                  həyata keçirilməsi

18.1. Azərbaycan Respublikasında operatorların fəaliyyətinin tənzimlənməsi və onların fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirilir.

18.2. Mərkəzi Bank kraudfandinq sahəsində tənzimləmə və nəzarət sahəsində  aşağıdakı səlahiyyətlərə malikdir:

18.2.1. operatorların reyestrini aparır, operatorları reyestrə daxil edir və reyestrdən çıxarır;

18.2.2. operatorların fəaliyyətinin tənzimlənməsi üzrə bu Qanuna uyğun olaraq normativ xarakterli aktları qəbul edir;

18.2.3. operatorun fəaliyyəti ilə bağlı istənilən sənədləri, məlumatları, o cümlədən daxili qaydaları əldə edir və onlara dair idarəetmə funksiyasını həyata keçirən şəxslərdən, əməkdaşlardan, habelə operatorda audit yoxlamasını həyata keçirən və ya həyata keçirmiş auditorlardan məlumat alır;

18.2.4. operatorda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır;

18.2.5. operatorun fəaliyyətində pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan göstəriş verir;

18.2.6. platformanın idarə edilməsinə dair qaydalarda dəyişiklik edilməsini operatordan tələb edir;

18.2.7. operatorun fəaliyyətində pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların xüsusiyyətindən asılı olaraq həmin hallar aradan qaldırılanadək platformanın fəaliyyətini dayandırır və (və ya) idarəetmə funksiyasını həyata keçirən şəxslərin vəzifədən kənarlaşdırılması və ya vəzifədən azad edilməsi barədə icrası məcburi olan göstəriş verir;

18.2.8. operator tərəfindən investorların və layihə sahiblərinin şikayətlərinə baxılmasına dair tələbləri müəyyən edir və operatorun fəaliyyəti ilə bağlı daxil olan şikayətlərə baxır;

18.2.9. bu Qanunda və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində nəzərdə tutulan digər səlahiyyətləri həyata keçirir.

18.3. Operatorun nizamnamə kapitalının və məcmu kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər barədə Mərkəzi Bankın qərarı fəaliyyətdə olan operatorlara münasibətdə 6 (altı) aydan tez olmayaraq tətbiq edilir.

18.4. Operator platformanın fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim edir. Hesabatların (maliyyə hesabatları istisna olmaqla) forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

18.5. Operator illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.

18.6. Operator illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Yoxlamanı aparan kənar auditor kraudfandinq sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar haqqında Mərkəzi Banka yoxlama müddətində yazılı məlumat verir.

18.7. Mərkəzi Bankın tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.

18.8. Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Mərkəzi Bankın sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir. Həmin şəxslər əcnəbi olduqda, cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə rezidenti olduğu ölkənin aidiyyəti dövlət orqanlarından əldə edilmiş arayış təqdim edilir.

Maddə 19. Operatorun reyestrdən çıxarılması

19.1. Mərkəzi Bank aşağıdakı hallarda operatoru reyestrdən çıxarır:

19.1.1. operator müraciət etdikdə;

19.1.2. reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və ya təhrif olunmuş məlumatlar sonradan aşkar edildikdə;

19.1.3. Mərkəzi Banka bilərəkdən yanlış hesabat və (və ya) məlumat təqdim edildikdə və ya ardıcıl olaraq sonuncu iki hesabat tarixinə hesabat təqdim edilmədikdə;

19.1.4. operator nəzarət tədbirləri çərçivəsində Mərkəzi Bankın verdiyi icrası məcburi olan göstərişlərə əməl etmədikdə;      

19.1.5. operatorun bu Qanunla nəzərdə tutulmayan fəaliyyətlə məşğul olması müəyyən edildikdə;

19.1.6. reyestrə daxil edildiyi gündən 12 (on iki) ay ərzində operator fəaliyyətə başlamadıqda və ya fəaliyyət dövrü ərzində ardıcıl olaraq 2 (iki) il ərzində operator fəaliyyətini göstərmədiyi müəyyən edildikdə;

19.1.7. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin operatora təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda;

19.1.8. operator ləğv edildikdə və ya müflis elan edildikdə;

19.1.9. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulmasına görə operatora 1 (bir) il ərzində 2 (iki) dəfədən artıq inzibati tənbeh tətbiq edildikdə.

19.2. Mərkəzi Bank operatorun reyestrdən çıxarılması qərarı barədə məlumatı həmin qərar qəbul edildiyi tarixdən sonrakı iş günündən gec olmayaraq öz rəsmi internet saytında yerləşdirməli və operatora təqdim etməlidir.

19.3. Operatora reyestrdən çıxarılması barədə qərar təqdim edildiyi gündən operator qərarda göstərildiyi tarixdən platformanın idarə edilməsi üzrə fəaliyyətini dayandırmalı və dərhal investorlara və layihə sahiblərinə bu barədə məlumat verməlidir.

19.4. Reyestrdən çıxarılması haqqında Mərkəzi Bankın qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın qərarının icrasını dayandırmır.

19.5. Reyestrdən çıxarılmış operator reyestrdən çıxarılması barədə qərarın aldığı tarixdən 2 (iki) ay ərzində adında müvafiq dəyişiklik etməli və həmin dəyişikliyi dövlət qeydiyyatına aldırmalıdır.

19.6. Bu Qanunun 19.5-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət edilmədikdə Mərkəzi Bank məhkəmə qaydasında hüquqi şəxsin adında müvafiq dəyişikliyin edilməsi üçün tədbirlər görür.

19.7. Bu Qanunun 19.1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, reyestrdən çıxarılmış hüquqi şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən  1 (bir) il ərzində operatorların reyestrinə yenidən daxil edilmək üçün müraciət edə bilməz.

Maddə  20. Reyestr

20.1. Mərkəzi Bank operatorların ictimaiyyət üçün açıq olan reyestri tərtib edir. Reyestrə operatorun adı, hüquqi ünvanı, idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin adları, reyestrə daxil edilmə nömrəsi və tarixi, platformanın fəaliyyətinin dayandırılması, habelə  reyestrdən çıxarılmış operatorlar barədə məlumatlar daxil edilir.

20.2. Operator reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik baş verdiyi tarixdən 5 (beş) iş günü ərzində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda baş vermiş dəyişiklik qeyd olunmalı və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təqdim edilən sənədlərdə çatışmazlıqlar olmadıqda Mərkəzi Bank 2 (iki) iş günü ərzində reyestrdə müvafiq dəyişikliklər edir, çatışmazlıqlar aşkar etdikdə isə bu barədə 2 (iki) iş günü ərzində müraciət edənə yazılı məlumat verir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin dəyişikliklər 2 (iki) iş günü ərzində reyestrə daxil edilir.

 

7-ci fəsil

YEKUN MÜDDƏALAR

 

Maddə 21. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 22. Operatorun yenidən təşkili və ləğvi

Operatorun yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçiirlir.

Maddə 23. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən 6 (altı) ay sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU