“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I); 2024, № 5 (I kitab), maddə 503, № 12 (II kitab), maddə 1350) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddə üzrə: 
1.1. 7.2-ci maddənin birinci cümləsinə “edilir” sözündən sonra “və elektron sağlamlıq kartı sistemində saxlanılır” sözləri əlavə edilsin;
1.2. 7.5-ci maddə üzrə:
1.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilir.”;
1.2.2. ikinci cümlə üçüncü cümlə hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunur.”.
2. 10.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Müalicədən imtina edilməsi ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil edilir.”.
3. Aşağıdakı məzmunda 12.4-cü maddə əlavə edilsin: 
“12.4. Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.”.
4. 17-ci maddə üzrə:
4.1. 17.2.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.2.5-ci maddə əlavə edilsin:
“17.2.5.  bu Qanunun 19.2-1-ci maddəsində nəzərdə tutulmuş halda prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə.”;
4.2. aşağıdakı məzmunda 17.4-cü maddə əlavə edilsin:
“17.4. Psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.”.
5. 19-cu maddə üzrə:
5.1. 19.1-ci maddəyə “ərizə” sözündən sonra “(qərar)” sözü əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 19.2-1-ci maddə əlavə edilsin:
“19.2-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilir.”;
5.3. 19.3-cü maddənin ikinci cümləsinə “Ərizədə” sözündən sonra “(qərarda)” sözü əlavə edilsin;
5.4. 19.4-cü maddənin birinci cümləsinə “ərizədə” sözündən sonra “(qərarda)” sözü əlavə edilsin;
5.5. 19.5-ci maddəyə “ərizəni” sözündən sonra “(qərarı)” sözü əlavə edilsin.
6. Aşağıdakı məzmunda 24.2-1-ci maddə əlavə edilsin: 
“24.2-1. Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən həddlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin edilir.”. 
7. 25.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU