Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Qanun layihələri
05 iyun 2026
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
05 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD, 373-VIIQD nömrəli və 21 aprel tarixli 387-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7.0.29-cu maddədə “və tərcüməçidir” sözləri “, tərcüməçi, habelə təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsdir” sözləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda 99-1-ci maddə əlavə edilsin:
“Maddə 99-1. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs
99-1.1. Təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılırlar.
99-1.2. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində göstərilən şəxsin müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edir.
99-1.3. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:
99-1.3.1. cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;
99-1.3.2. etirazlar etmək və vəsatətlər vermək;
99-1.3.3. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;
99-1.3.4. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;
99-1.3.5. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;
99-1.3.6. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;
99-1.3.7. ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;
99-1.3.8. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;
99-1.3.9. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb-çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;
99-1.3.10. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
99-1.4. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:
99-1.4.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;
99-1.4.2. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
99-1.4.3. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;
99-1.4.4. məhkəmə iclasında qaydaya riayət etmək;
99-1.4.5. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
99-1.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
99-1.5. Məhkəmə cinayət işlərinə, habelə əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxsin məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verdiyi şikayətə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətlərinə baxılması üzrə məhkəmə iclaslarında iştirak etmək hüququndan istifadə etməsi üçün onun müvafiq məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş tədbirləri görməlidir.
99-1.6. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.
99-1.7. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs şəxsən, qanuni nümayəndəsi və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.”;
1.3. 249.3.4-cü maddədə “və atasının adı” sözləri “, atasının adı, hüquqi şəxsin adı və yerləşdiyi ünvan” sözləri ilə əvəz edilsin;
1.4. 252.1.4-cü maddəyə ikinci halda “yer” sözündən sonra “, hüquqi şəxsin adı və yerləşdiyi ünvan” sözləri əlavə edilsin;
1.5. 253.0-cı maddə üzrə:
1.5.1. ikinci cümlədə “həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək” sözləri “əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxs əmlak üzərinə həbs qoyulması barədə müstəntiqin qərarından məhkəmə nəzarəti qaydasında bu Məcəllənin 449-cu maddəsinə uyğun olaraq, məhkəmənin qərarından isə bu Məcəllənin 454-cü maddəsinə uyğun olaraq şikayət vermək” sözləri ilə əvəz edilsin;
1.5.2. üçüncü cümlə çıxarılsın;
1.6. 383.1.7-ci və 384.1.12-ci maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 383.1.8-ci və 384.1.13-cü maddələr əlavə edilsin:
“383.1.8. xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə – xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi.”;
“384.1.13. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması barədə hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıldıqda.”;
1.7. aşağıdakı məzmunda 384.3-1-ci maddə əlavə edilsin:
“384.3-1. Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır.”;
1.8. 405.1.4-cü və 405.2.3-cü maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 405.1.5-ci və 405.2.4-cü maddələr əlavə edilsin:
“405.1.5. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.”;
“405.2.4. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.”;
1.9. 409.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 409.1.7-ci maddə əlavə edilsin:
“409.1.7. xüsusi müsadirənin tətbiq edilməsi və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması nəticəsində hökm və ya məhkəmənin digər yekun qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi.”;
1.10. aşağıdakı məzmunda 409.5-1-ci və 410.1.2-1-ci maddələr əlavə edilsin:
“409.5-1. Bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə şikayət vermək hüququna malikdirlər.”;
“410.1.2-1. əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməmiş şəxs tərəfindən hüquqlarının pozulmasını ehtimal etdiyi məhkəmə hökmündən və ya digər yekun qərardan – hökmün və ya digər yekun qərarın surətinin alındığı və ya həmin hökmlə və ya digər yekun qərarla hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan 3 (üç) ay müddətində;”;
1.11. 416.1.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 416.1.23-cü maddə əlavə edilsin:
“416.1.23. xüsusi müsadirə cinayət qanununun və ya bu Məcəllənin tələbləri pozulmaqla tətbiq edildikdə, habelə bu Məcəllə və digər qanunla müəyyən edilmiş tələblər pozulmaqla mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulduqda.”;
1.12. 422.3-cü maddəyə “nümayəndələri,” sözündən sonra “bu Məcəllənin 409.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslər və ya onların nümayəndələri (yalnız xüsusi müsadirənin tətbiq edilməsinə və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasına dair hissədə),” sözləri əlavə edilsin;
1.13. aşağıdakı məzmunda 449.3.4-4-cü maddə əlavə edilsin:
“449.3.4-4. əmlak üzərinə həbs qoyulması;”.
Maddə 2. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 11, maddə 1011; 2026, № 1, maddələr 8, 16; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 365-VIIQD nömrəli və 3 mart tarixli 376-VIIQD nömrəli qanunları) 183.2-ci maddəsi ləğv edilsin.
Maddə 3. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli Qanunu) 89-cu maddəsinə birinci halda “əmlakın” sözündən sonra “(cinayət işləri üzrə hökmlərin və qərarların əmlakın alınmasına dair hissəsi istisna olmaqla)” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

