Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
26 may 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19; Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli və 3 mart tarixli 374-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 192.13-cü, 192.14-cü, 253-1.5-ci və 439-3-cü maddələr əlavə edilsin:
“192.13. Tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanılmasına və ya əmək münasibətlərinin davam etdirilməsinə görə –
vəzifəli şəxslər üç min manat məbləğində cərimə edilir.
192.14. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçinin sağlamlığı haqqında tibbi arayış, habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və ya vəzifəyə işə qəbul edilməsinə görə –
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.”;
“253-1.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə –
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”;
“Maddə 439-3. Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulması
Maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə dair hesabatların “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə –
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”;
1.2. 440.1-ci maddənin dispozisiyasında “və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla)” sözləri “, bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) və ya maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxs” sözləri ilə əvəz edilsin və həmin maddənin dispozisiyasına “təşkilatları haqqında” sözlərindən sonra “, “Maliyyə icarəsi haqqında” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 447-1-ci maddə əlavə edilsin:
“Maddə 447-1. Ərzaq balansının tərtibi ilə bağlı zəruri məlumatların təqdim edilməməsi
447-1.1. Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına (tədarükünə) dair məlumatların ildə bir dəfə, həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatların isə növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməməsinə görə –
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.
447-1.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən 15 iş günü müddətində təqdim edilməməsinə görə –
vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində cərimə edilir.
447-1.3. Bu Məcəllənin 447-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs həmin xətaların törədilməsinə səbəb olan halları 10 iş günü müddətində aradan qaldırdıqda inzibati məsuliyyətdən azad olunur.
2. Bu Məcəllənin 447-1.1-ci və 447-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən həmin xətaların törədilməsinə səbəb olan hallar 10 iş günü ərzində aradan qaldırılmalıdır. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.
Maddə 2. Bu Qanunun 1.1-ci (439-3-cü maddəyə münasibətdə) və 1.2-ci maddələri “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il _______ tarixli ______ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

