Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
10 aprel 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli və 30 dekabr tarixli 332-VIIQD nömrəli, 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli və 27 fevral tarixli 367-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin “g” bəndinə “yaratmaq,” sözündən sonra “eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək,” sözləri əlavə edilsin;
1.2. 154-cü maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. İşəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.”.
Maddə 2. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 920 (Cild I); 2025, № 1, maddə 17; Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunu) 9-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.1. İşəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-İxtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.”;
2.2. 9.2-ci maddədən “, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər” sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Prezidenti

