Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
10 aprel 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli, 30 dekabr tarixli 332-VIIQD nömrəli və 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin 2-ci hissəsində “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin və həmin hissədən “müvafiq” sözü çıxarılsın;
1.2. 48-ci maddəyə aşağıdakı məzmunda 5-2-ci və 5-3-cü hissələr əlavə edilsin:
“5-2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər.
5-3. Bu maddənin 5-ci hissəsinin birinci abzasının birinci cümləsində nəzərdə tutulmuş arayış və 5-2-ci hissəsində nəzərdə tutulmuş rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağandır.”;
1.3. 74-cü maddənin 1-ci hissəsinin “f” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “g” və “ğ” bəndləri əlavə edilsin:
“g) tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə;
ğ) işçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində sağlamlıq haqqında tibbi arayışı olmayan şəxslə əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə, belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən hallarda.”;
1.4. 226-cı maddəyə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirlər.”.
Maddə 2. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanunu) 24.3-cü maddəsinin birinci cümləsinə “olmayaraq” sözündən sonra “, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

