“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
23 may 2025   
    

23 may 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2025, № 2, maddə 104; Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanunu) 2-ci maddəsinə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” yubiley medalı;”.
Maddə 2. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
 
Azərbaycan Respublikasının Prezidenti
 
 
   
                                                                                           


    Azərbaycan Respublikasının
2025-ci il “___” _______ tarixli _______ nömrəli Qanunu ilə təsdiq edilmişdir
 

“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında
ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan Respublikasının
2025-ci il “___” _______ tarixli _______ nömrəli Qanunu ilə təsdiq edilmişdir 

“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmiş, xarici çevrənin ulduz təsviri yaradan səkkiz kənar çıxıntılı hissəsi relyefli xətlərlə işlənmiş və 1,3 mm enində hamar zolaqlarla konturlanmışdır.
2.2. Xarici və daxili konturların arasında tünd qırmızı minalı fonda yuxarı hissədə qövs boyunca “MƏHKƏMƏ-HÜQUQ ŞURASI” sözləri, aşağı hissədə mərkəzdə “20” rəqəmləri yazılmış, həmin rəqəmlərin sağında və solunda dəfnə yarpaqlarından ibarət çələng təsvir olunmuşdur.
2.3. Daxili çevrənin içərisində ay və səkkizguşəli ulduz, tərəzi və qılınc atributları, Azərbaycan xəritəsi təsvir edilmişdir.
2.4. Bütün yazılar, rəqəmlər və atributlar qızılı rəngdədir, qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin səthi hamardır, 1,3 mm enində zolaqlarla konturlanmışdır və mərkəzində dörd sətrə bölünməklə “AZƏRBAYCAN RESPUBLİKASININ MƏHKƏMƏ-HÜQUQ ŞURASI” sözləri, sözlərdən aşağıda bir sətirdə “2005–2025” rəqəmləri yazılmışdır. Bütün yazılar qızılı rəngdədir.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. 
4.2. Xara lentin yuxarı hissəsinə üzərində dəfnə yarpaqlarından ibarət çələng təsvir olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.3. Xara lentin mərkəzində 12 mm enində tünd qırmızı rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində açıq qırmızı rəngli, 3 mm enində tünd qırmızı rəngli, 3,5 mm enində açıq qızılı rəngli, 3 mm enində tünd qırmızı rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
 

“Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU