Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
23 may 2025   
    

23 may 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli, 28 fevral tarixli 143-VIIQD nömrəli və 7 mart tarixli 152-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 18.5-ci və 18.6-cı maddələrdə “127-4.5-ci” sözləri “127-3.6-cı” sözləri ilə əvəz edilsin;
1.2. 38.6-cı maddə, 9-cu fəslin adı və 45-ci maddə aşağıdakı redaksiyada verilsin:
“38.6. İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.”;
 
“FƏSİL 9
İnzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi”;
 
“Maddə 45. İnzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemləri 
45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi, saxlanılması, habelə inzibati xətalar haqqında işlərə baxılması ilə əlaqədar proseslərin həyata keçirilməsi məqsədilə inzibati xətalar haqqında işlərə baxmağa və inzibati xətalar haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bu Məcəllənin Ümumi hissəsinin məqsədləri üçün bundan sonra – informasiya sistemi) yaradırlar və həmin informasiya sistemlərinin fəaliyyətini təmin edirlər.
45.2. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) baxdıqları inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində aşağıdakı məlumatların 24 saat müddətində (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər:
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər;
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.
45.3. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında işə baxarkən nömrələnmiş blanklarda tərtib edilən qərardadlar barədə bu Məcəllənin 118.1-ci maddəsində nəzərdə tutulan məlumatların 24 saat müddətində (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hal istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.4. İnzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) nömrələnmiş blanklarda tərtib edilmiş inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulan məlumatların həmin protokol baxılması üçün göndərilməzdən əvvəl, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.5. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında protokol tərtib etdikləri iş üzrə məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.
45.6. Bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar, habelə informasiya sistemləri vasitəsilə tərtib edilmiş protokol və qərar (qərardad) bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada çap edildikdən dərhal sonra səlahiyyətli orqanın informasiya sistemində yerləşdirilir.
45.7. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunmuş inzibati xəta haqqında elektron protokollar və inzibati xəta haqqında iş üzrə elektron qərarlar bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan dərhal sonra həmin orqanın informasiya sistemində yerləşdirilir.”;
1.3. aşağıdakı məzmunda 45-1-ci və 45-2-ci maddələr əlavə edilsin:
“Maddə 45-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi 
45-1.1. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – “İCMAL” informasiya sistemi) yaradılır.
45-1.2. İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə məlumatlar bu Məcəllənin 45-2-ci maddəsində nəzərdə tutulmuş qaydada “İCMAL” informasiya sisteminə ötürülür. 
45-1.3. Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara “İCMAL” informasiya sistemi vasitəsilə unikal kod verilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə pulunun hesablanması) tələb edilə bilməz. 
45-1.4. “İCMAL” informasiya sisteminin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürülür.
Maddə 45-2. İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barəsində məlumatların “İCMAL” informasiya sisteminə ötürülmə qaydası
45-2.1. Bu Məcəllənin 45.2–45.4-cü maddələrinə uyğun olaraq səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin  sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.
45-2.2. Məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların “İCMAL” informasiya sisteminə ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
45-2.3. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl “İCMAL” informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənir və ya nömrələnmiş blanklarda çap edilərək imzalanır.
45-2.4. Bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq unikal nömrə verilməklə tərtib olunmuş sənədlər bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 
45-2.5. İtirilmiş, zədələnmiş (korlanmış) blanklar, habelə bu Məcəllənin 45-2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməmiş və ya nömrələnmiş blanklarda çap edilməmiş sənədlər barədə məlumatlar dərhal, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq “İCMAL” informasiya sisteminə ötürülür.”;
1.4. 54-cü maddə üzrə:
1.4.1. 54.4-cü maddənin üçüncü cümləsində “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.4.2. aşağıdakı məzmunda 54.4-1-ci maddə əlavə edilsin:
“54.4-1. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə elektron sənəd formasında tərtib olunur. Sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar (qərardad) təsdiq edilməmişdən əvvəl “İCMAL” informasiya sisteminə ötürülür. “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş qərar (qərardad) “Elektron prokurorluq” informasiya sisteminə ötürüldükdən sonra müvafiq səlahiyyətli əməkdaşın gücləndirilmiş elektron imzası ilə dərhal təsdiqlənir.”;
1.4.3. 54.5-ci maddənin ikinci cümləsinə “(vəzifəli şəxsə)” sözlərindən sonra “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;
1.5. 57-ci maddə üzrə:
1.5.1. aşağıdakı məzmunda 57.5-1-ci maddə əlavə edilsin:
“57.5-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:
57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan;
57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).”;
1.5.2. 57.6.1-ci, 57.6.2-ci və 57.7-ci maddələr ləğv edilsin;
1.6. aşağıdakı məzmunda 57-1-ci maddə əlavə edilsin:
“Maddə 57-1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması
57-1.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə bu Məcəllənin 57-1.4-cü maddəsi nəzərə alınmaqla aşağıdakı qaydada məlumatlandırılır: 
57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 
57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 
57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
57-1.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 
57-1.3. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir. 
57-1.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar nömrələnmiş blankda tərtib edildikdə, həmin sənədlərin kağız daşıyıcıda surəti onlara yerində verilir (iş materialları və bu Məcəllədə nəzərdə tutulan hüquqları barədə məlumatlarla tanış ola biləcəyi internet ünvanı şəxsə bildirilir). Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokollar və elektron qərarlar barədə məlumatlandırılması, olduğu halda onların mobil telefon nömrəsinə bu barədə SMS məlumatı göndərilməklə və ya bu Məcəllənin 57-1.3-cü maddəsinə uyğun olaraq həyata keçirilir.”;
1.7. 58.0.5-ci maddəyə “olmama,” sözündən sonra “sənədi qəbul etməkdən imtina,” sözləri əlavə edilsin;
1.8. 76.1-ci maddənin ikinci cümləsindən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər” sözləri çıxarılsın;
1.9. 81-1-ci maddə üzrə:
1.9.1. 81-1.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər” sözləri çıxarılsın;
1.9.2. 81-1.2-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər” sözləri “İnzibati xətanın aşkarlanmasında istifadə olunan” sözləri ilə əvəz edilsin;
1.10. 89.7-ci maddədə “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.11. 97.5-ci maddədə “surəti” sözü “habelə protokola əlavə kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir, ikinci nüsxəsi” sözləri ilə əvəz edilsin;
1.12. 99-cu maddə üzrə:
1.12.1. 99.1.1-ci maddədən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər” sözləri çıxarılsın;
1.12.2. 99.7-ci maddədə “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.13. 100-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 100. İnzibati xəta haqqında protokol
100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 
100.2. İnzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. 
100.3. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. 
100.4. Protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 
100.5. Nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 
100.5.1. protokolun tərtib edildiyi tarix, vaxt və yer; 
100.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 
100.5.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 
100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 
100.5.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 
100.5.6. olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; 
100.5.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 
100.5.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 
100.5.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 
100.5.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 
100.6. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolda bu Məcəllənin 100.5-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar da göstərilir: 
100.6.1. nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı; 
100.6.2. törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulduğu halda, götürülən sürücülük vəsiqəsinin seriyası və nömrəsi, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin seriyası və nömrəsi; 
100.6.3. sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırıldığı halda, kənarlaşdırılma səbəbi. 
100.7. Səlahiyyətli orqanların informasiya sistemlərində elektron protokolun tərtib edilmə qaydası, habelə həmin protokolda göstərilən məlumatlar bu Məcəllənin 127-3-cü maddəsi ilə müəyyən edilir. 
100.8. Protokolun, o cümlədən elektron protokolun forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;
1.14. 104-cü maddə üzrə:
1.14.1. 104.4-cü maddədə “qərarın surətini” sözləri “qərarı səlahiyyətli orqanların informasiya sistemləri vasitəsilə, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surətini poçt vasitəsilə” sözləri ilə əvəz edilsin;
1.14.2. 104.6-cı maddənin birinci cümləsində “onun surətini” sözləri “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda surətini poçt vasitəsilə” sözləri ilə əvəz edilsin;
1.15. 105.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır.”;
1.16. 110.3-cü maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
1.17. 114-cü maddə üzrə:
1.17.1. 114.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“114.4. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda, o cümlədən elektron qərar səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı inzibati tənbeh vermə haqqında qərar bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla).”;
1.17.2. aşağıdakı məzmunda 114.5-ci maddə əlavə edilsin:
“114.5. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron qərarın forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;
1.18. 115.1.5-ci maddədə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “növü” sözündən sonra “, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat” sözləri əlavə edilsin;
1.19. aşağıdakı məzmunda 117.3-cü və 117.4-cü maddələr əlavə edilsin:
“117.3. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı “İCMAL” informasiya sisteminə  göndərir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya prokuror həmin qərar daxil olduğu vaxtdan 3 gün müddətində bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulan məlumatları müvafiq olaraq səlahiyyətli orqanın informasiya sisteminə və ya “Elektron prokurorluq” informasiya sisteminə yerləşdirir. 
117.4. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq məlumatlandırılır.”;
1.20. 122-ci maddə üzrə: 
1.20.1. 122.1-ci maddənin birinci cümləsinə “şəklində” sözündən sonra “və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə” sözləri əlavə edilsin;
1.20.2. aşağıdakı məzmunda 122.1-1-ci maddə əlavə edilsin:
“122.1-1. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürülür və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.”;
1.20.3. 122.2-ci maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
1.20.4. 122.4-cü maddədə “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin;
1.20.5. 122.6-cı maddədə “125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində” sözləri “57-1.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.20.6. 122.7-ci maddənin birinci cümləsində dördüncü halda “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.21. 123-cü maddə üzrə: 
1.21.1. 123.1-ci maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin;
1.21.2. 123.2-ci maddə üzrə:
1.21.2.1. ikinci cümləyə “olmadan” sözündən sonra “bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada” sözləri əlavə edilsin; 
1.21.2.2. üçüncü cümlədə “İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində” sözləri “Barəsində” sözü ilə, “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin; 
1.22. 124-cü maddə üzrə:
1.22.1. 124.1-ci maddə üzrə:
1.22.1.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Məhkəmənin inzibati xəta haqqında iş üzrə qəbul etdiyi qərarının göndərilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.”;
1.22.1.2. üçüncü cümlə çıxarılsın;
1.22.1.3. dördüncü cümlədə “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin;
1.22.2. 124.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“124.4. İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.”;
1.22.3. aşağıdakı məzmunda 124.4-1-ci maddə əlavə edilsin:
“124.4-1. Bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir.”;
1.22.4. 124.5-ci maddənin üçüncü cümləsinə birinci halda “qərar” sözündən sonra “bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin və həmin cümlədən “və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir” sözləri çıxarılsın;
1.22.5. 124.6-cı maddənin üçüncü cümləsinə birinci halda “qərar” sözündən sonra “bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada” sözləri əlavə edilsin və həmin cümlədən “və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir” sözləri çıxarılsın;
1.23. 125-ci maddə üzrə:
1.23.1. 125.1-ci maddədə “, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir” sözləri “inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir” sözləri ilə əvəz edilsin;
1.23.2. 125.2-ci maddə üzrə:
1.23.2.1. birinci abzasda “aşağıdakı” sözü “bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin və həmin abzasın sonunda iki nöqtə işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;
1.23.2.2. 125.2.1–125.2.3-cü maddələr ləğv edilsin;
1.23.3. 125.3-cü və 125.4-cü maddələr ləğv edilsin;
1.23.4. 125.6-cı maddədə “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin; 
1.24. 126-cı maddə üzrə:
1.24.1. 126.1-ci maddənin birinci cümləsində “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.24.2. 126.3-cü maddəyə “qərarlar” sözündən sonra “əl ilə nömrələnmiş blankda tərtib edilərək bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq” sözləri əlavə edilsin və həmin maddədə “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin;
1.25. 127-ci maddədə “125.2-ci” sözləri “57-1.1-ci” sözləri ilə əvəz edilsin;
1.26. 127-1.1-ci maddənin ikinci cümləsində və 127-1.5-ci maddədə “mərkəzi” sözü “müvafiq” sözü ilə əvəz edilsin;
1.27. 16-1-ci fəslin adı, 127-3-cü və 127-4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
 
“FƏSİL 16-1
Dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalarla bağlı işlərə baxılmanın xüsusiyyətləri”;
 
“Maddə 127-3. İnzibati xəta dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə icraatın aparılması qaydası 
127-3.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 
127-3.2. Bu Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. 
127-3.3. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilən inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir: 
127-3.3.1. protokolun tərtib edildiyi tarix və vaxt; 
127-3.3.2. inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 
127-3.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar: 
127-3.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs haqqında (soyadı, adı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) və hüquqi şəxs haqqında (adı, VÖEN-i, hüquqi və faktiki ünvanları) məlumatlar; 
127-3.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; 
127-3.3.6. bu Məcəllənin 127-3.6-cı və 127-3.7-ci maddələrinin izahı. 
127-3.4. Dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakılar göstərilir: 
127-3.4.1. qərarın çıxarıldığı tarix və vaxt; 
127-3.4.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 
127-3.4.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 
127-3.4.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, fiziki şəxs işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi); 
127-3.4.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 
127-3.4.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar; 
127-3.4.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-4.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi qaydası və müddəti. 
127-3.5. Dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda barəsində inzibati icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır.
127-3.6. Barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi qeyd olunan inzibati cəriməni həmin protokol barədə bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. 
127-3.7. Barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndərilir. 
127-3.8. Bu Məcəllənin 127-3.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. 
127-3.9. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəyə bilər.
Maddə 127-4. Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətə baxılma qaydası 
127-4.1. Barəsində bu Məcəllənin 127-3.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. 
127-4.2. Dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar olunmuş inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edərsə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edir.
127-4.3. Bu Məcəllənin 127-4.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq səlahiyyətli orqanın informasiya sistemində yerləşdirilir və həmin qərar “İCMAL” informasiya sisteminə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.”;
1.28. 127-5-ci və 127-6-cı maddələr ləğv edilsin;
1.29. 128.2-ci maddənin birinci abzasında ikinci halda və 128.2.3-cü maddədə “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;
1.30. 130.1-ci maddədə “maddəsində” sözü “və 127-4.1-ci maddələrində” sözləri ilə, “57.1–57.5-ci maddələrində” sözləri “57-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.31. aşağıdakı məzmunda 136.2-1-ci və 136.2-2-ci maddələr əlavə edilsin:
“136.2-1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə məhkəmə qərarlarının səlahiyyətli orqana (vəzifəli şəxsə) və prokurora göndərilməsi, müvafiq sistemlərə yerləşdirilməsi, ötürülməsi bu Məcəllənin 117.3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
136.2-2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin yuxarı səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət üzrə çıxarılan qərarları barədə məlumatlandırılması bu Məcəllənin 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.”;
1.32. 150-ci maddə üzrə:
1.32.1. aşağıdakı məzmunda 150.1-1-ci maddə əlavə edilsin:
“150.1-1. İnzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq edilir.”;
1.32.2. 150.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“150.4. İnzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilir. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə bu Məcəllənin 57-1.1-ci və 57-1.4-cü maddələrinə uyğun olaraq verilir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndərilir.”;
1.32.3. 150.5-ci maddədə “qərarın” sözü “qərar elektron qaydada, bu mümkün olmadıqda isə onun kağız daşıyıcıda” sözləri ilə əvəz edilsin;
1.32.4. 150.11-ci maddənin yeddinci cümləsi çıxarılsın;
1.32.5. 150.13-1-ci maddəyə “göndərilir” sözündən sonra “və bu barədə məlumat “İCMAL” informasiya sisteminə ötürülür” sözləri əlavə edilsin; 
1.32.6. 150.14-cü maddə ləğv edilsin;
1.32.7. aşağıdakı məzmunda 150.17-ci maddə əlavə edilsin:
“150.17. İnzibati cərimələrin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
1.33. 339.5-ci maddənin dispozisiyası üzrə:
1.33.1. “123.2,”, “, 125.4” və “, 125.3” rəqəmləri çıxarılsın;
1.33.2. birinci halda “Məcəllənin” sözündən sonra “57-1.3,” rəqəmləri, ikinci halda “Məcəllənin” sözündən sonra “57-1.2,” rəqəmləri əlavə edilsin;
1.33.3. “mərkəzi” sözü “müəyyən etdiyi orqanın (qurumun) müvafiq” sözləri ilə əvəz edilsin.
Maddə 2. Keçid müddəalar
2.1. Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
2.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemləri mövcud olmayan səlahiyyətli orqanlar öz elektron informasiya ehtiyatının və sisteminin yaradılmasını təmin edənə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində həmin orqanlar üçün yaradılmış elektron kabinetlərdən istifadə edirlər.
2.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-1-ci maddəsində nəzərdə tutulan informasiya sistemi fəaliyyətə başlayana qədər inzibati xəta haqqında protokollar və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar) bu Qanun qüvvəyə mindiyi tarixədək qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada tərtib və icra olunur.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU