Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
23 may 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96; Azərbaycan Respublikasının 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli, 28 fevral tarixli 144-VIIQD nömrəli,18 mart tarixli 158-VIIQD nömrəli və 161-VIIQD nömrəli qanunları) 34.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. birinci abzasın birinci cümləsində və ikinci abzasda “40” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin;
1.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.”.
Maddə 2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 9.2-ci maddənin birinci cümləsində “40” rəqəmləri “15” rəqəmləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 9-2-ci maddə əlavə edilsin:
“Maddə 9-2. Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması
9-2.1. Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır.
9-2.2. Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-ci maddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.
9-2.3. Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində “iflas prosesində olan” yazılmış möhür təqdim olunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır.”;
2.3. 11.4-1-ci maddənin birinci cümləsinə “dəyişdirilməsi” sözündən sonra “və ya hüquqi şəxsin iflas prosesində olması” sözləri əlavə edilsin;
2.4. 12.8.1-ci maddəyə “ləğv edilməsi” sözlərindən sonra “və hüquqi şəxsin iflas prosesində olması” sözləri əlavə edilsin;
2.5. 14.1.9-cu maddəyə “ləğvetmə” sözündən sonra “və ya iflas” sözləri əlavə edilsin;
2.6. 16-cı maddə üzrə:
2.6.1. aşağıdakı məzmunda 16.2-1-ci maddə əlavə edilsin:
“16.2-1. Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində “iflas prosesində olan” yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.”;
2.6.2. 16.3-cü maddəyə “tərəfindən” sözündən əvvəl “və ya əmlak inzibatçısı” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti