“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
23 aprel 2024   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

23 aprel 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: 
 
Maddə 1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022,  № 6, maddə 579 (Cild I) aşağıdakı məzmunda 24.1-1 – 24.1-4-cü maddələr əlavə edilsin: 
“24.1-1. Alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqi, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatı aşağıdakı şərtlərə uyğunluğa dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir:
24.1-1.1. Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin olmaması; 
24.1-1.2. barəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;
24.1-1.3. alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətinin həyata keçirildiyi qida obyektində istehsal həcmini müəyyən edən nəzarət ölçü cihazlarının quraşdırılması.
24.1-2. Alkoqollu içki növü olan arağın istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı aşağıdakı şərtlərə də əməl edilməsini təmin etməlidirlər:
24.1-2.1. alkoqollu içki növü olan arağın illik minimum istehsal həcminin 100 min dekalitr  olması; 
24.1-2.2. alkoqollu içki növü olan arağın istehsalında xammal qismində istifadə olunan spirtin alışını qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməsi (spirtin özü tərəfindən istehsal olunduğu hallar istisna olmaqla).
24.1-3. Alkoqollu içki növü olan arağın idxalı fəaliyyətini həyata keçirən qida subyektləri bu fəaliyyətin həyata keçirilməsi zamanı bu Qanunun 24.1-1-ci maddəsində nəzərdə tutulan şərtlərlə yanaşı malların idxalı ilə bağlı təchizatçı ilə müqavilənin olması şərtinə də əməl etməlidirlər.
24.1-4. Bu Qanunun 24.1-1-ci (Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla),     24.1-2-ci və 24.1-3-cü maddələrində müəyyən olunmuş şərtlərə əməl edilməməsi alkoqollu içkilərin istehsalı və ya idxalı həyata keçirilən qida obyektinin qeydiyyatı və ya təsdiqinin, qida obyekti olmadan fəaliyyət göstərən qida subyektinin qeydiyyatının ləğvi üçün əsasdır.”.
Maddə 2. Keçid müddəalar
2.1. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun     24.1-2.1-ci maddəsində alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi ilə bağlı nəzərdə tutulan tələb 2032-ci il yanvarın 1-dən tətbiq edilir.
2.2.  2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi aşağıdakı kimi müəyyən edilir:
2.2.1. 2024-2025-ci illər üzrə 20 min dekalitr;
2.2.2. 2026-2027-ci illər üzrə 30 min dekalitr;
2.2.3. 2028-2029-cu illər üzrə 50 min dekalitr;
2.2.4. 2030-2031-ci illər üzrə 80 min dekalitr.
2.3. Bu Qanun qüvvəyə minənədək alkoqollu içkilərin istehsalı fəaliyyətini həyata keçirən qida subyektləri bu Qanun qüvvəyə mindikdən sonra 6 (altı) ay müddətində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun   24.1-1.3-cü maddəsində qeyd olunan şərtə əməl edilməsini təmin etməlidirlər. Bu müddət ərzində qeyd olunan tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv edilir.
 
 
    Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU