Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə
 AZƏRBAYCAN  RESPUBLİKASI  MİLLİ  MƏCLİSİNİN
MÜRACİƏTİ

Əziz soydaşlar, dəyərli həmvətənlər!
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 28 il öncə milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcının qoyulması yeni dövrün salnaməsinin ən mühüm siyasi hadisələrindən biri olmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin gücləndirilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 
Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələri ilə haqlı olaraq fəxr edir. Tarix boyu xalqımızın yaradıcılıq enerjisinin və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlər dünya sivilizasiyasının inkişafına dəyərli töhfələr vermişlər.
İyirminci yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik potensialının yeni şəraitdə təzahür etməsi və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi. 100 illiyini qeyd etdiyimiz ilk müstəqil dövlətimiz təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi inkişafında ayrıca bir mərhələ təşkil etmişdir.
İyirminci əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan Respublikası tarix baxımından qısa müddətdə qərinələrə bərabər yol keçmişdir. Bu yolun əsas göstəriciləri ümummilli liderimiz Heydər Əliyevin xidmətləri sayəsində siyasi və dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması kimi səciyyələndirilə bilər.
Ulu öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilməkdədir. Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir.
Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn düşünülmüş tədbirlər həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Müstəqilliyin bərpasından öncə dünyanın müxtəlif bölgələrində bir-birindən çətinliklə xəbər tutan soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranmışdır. Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi mühüm rolunu bərpa etməsinə yol açır.
Azərbaycan Respublikası bütün azərbaycanlıların ata-baba yurdu olduğuna görə dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. 
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlərimiz çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. 
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq! 

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il 28 dekabr tarixli iclasında qəbul edilmişdir.)

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU