HÜSEYNOVA Hicran Kamran qızı
1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Fransanın Milli Fəxri Legion ordeninə layiq görülmüşdür. Rus və ingilis dillərini bilir.
1977–1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988– 1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993– 2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000–2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olmuşdur. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Çin, Fransa, İtaliya, Koreya, Küveyt, Rusiya, Türkiyə, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
ATƏT-in və Avropa Şurasının gender üzrə ekspertidir.
Evlidir, 2 övladı var.