MAHMUDOV Yaqub Mikayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 113 saylı Şəki şəhər
1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının üzvüdür. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Dövlət mükafatı laureatıdır. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. «Qızıl qələm», «Qızıl qılınc», Abbasqulu ağa Bakıxanov, Yusif Məmmədəliyev, Rəsul Rza, «Humay», «Gənclərin dostu», Samir Əsgərxanov mükafatları laureatıdır. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 1000-dən çox elmi əsərin və elmi-publisistik məqalənin müəllifidir. Adı XXI əsrin ən məşhur elm adamlarının siyahısına daxil edilmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1956-cı ildən Balakən rayonunun Sarıbulaq kənd orta məktəbində müəllim işləmişdir. 1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, baş redaktorun elmi işlər üzrə müavini, 1974-cü ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, 1981-ci ildən Azərbaycan Dövlət Universitetində dosent, kafedra müdiri, Tarix fakültəsi dekanının müavini, 1992-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, «Azərbaycan Ensiklopediyası» Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1986–2004-cü illərdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən AMEA-nın Tarix İnstitutunun direktorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Milli Məclis yanında Toponimiya komissiyasının üzvüdür. Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İspaniya, Macarıstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU