MİRƏLƏMOV Hüseynbala Fazil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 33 saylı Xətai birinci seçki dairəsi
1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Əməkdar mühəndisdir. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür. Avropa və Rusiya Mədən akademiyalarının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «Qızıl kəlmə», «Qızıl qələm», «Qızıl dərviş», «Qızıl buta», «Abdulla Şaiq» və «Rəsul Rza», Rusiyanın Yuri Dolqoruki, N.Kosıgin mükafatları, akademik Həsən Əliyev adına beynəlxalq mükafat, Mahmud Kaşqari beynəlxalq mükafatı laureatıdır. Fransa Sənayeçilər Assosiasiyasının «Napoleon» qızıl medalına, «Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət medalı»na layiq görülmüş, MDB ölkələri üzrə 8 dəfə «İlin direktoru» seçilmişdir. Rus dilini bilir. 1965-ci ildən «Azərbaycan pioneri» qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971- ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis, 1986-cı ildən «Azərqaztəmirtikinti» Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1996-cı ildən «Bakqaz» İstehsalat İdarəsi rəisinin müavini, 1998–2007-ci illərdə Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri işləmişdir. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, qazın nəqli və saxlanması kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədridir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, İran, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan, Yaponiya, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU