ƏLİYEVA Mehriban Arif qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 14 saylı Xəzər seçki dairəsi
1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. Geniş ictimai və xeyriyyəçilik fəaliyyətinə, təhsil, səhiyyə, mədəniyyət, idman və s. sahələrin inkişafına, xalqlararası əlaqələrin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun genişləndirilməsinə verdiyi töhfələrə görə bir çox fəxri adlara layiq görülmüş, mükafatlar almışdır. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru, Bolqarıstan Respublikasının Müqəddəs Kirill və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktorudur. «Heydər Əliyev» mükafatı və «Heydər Əliyev» ordeni, Rusiya Federasiyasının «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut xaç» ordeni, Polşa Respublikasının «Xidmətlərə görə Böyük Komandor Xaçı» ordeni, Fransa Respublikasının «Şərəf Legionu» ordeninin zabit dərəcəsi, Pakistan İslam Respublikasının «Hilal-e Pakistan» ali ordeni, Serbiya Respublikasının «Sreten» ordeni, Macarıstanın «Xidmətlərə görə Komandor Xaçı» ordeni, Avropa Olimpiya Komitələrinin ali ordeni, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, UNESCO-nun «Qızıl Motsart» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının, Beynəlxalq Olimpiya Akademiyasının və bir sıra digər beynəlxalq təşkilatların mükafatlarına layiq görülmüşdür. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1988–1992-ci illərdə Moskva şəhərində Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda çalışmışdır. 1995-ci ildən Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. 1996-cı ildə «Azərbaycan-İrs» jurnalını təsis etmişdir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2004-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun prezidentidir. Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU