ZABELİN Mixail Yuryeviç

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 12 saylı Qaradağ-Binəqədi- Yasamal seçki dairəsi
1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini, Bakı Ali Partiya Məktəbini və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Sovet quruculuğu fakültəsini bitirmişdir. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Rusiya Federasiyasının «Dostluq» ordeninə, Rus pravoslav kilsəsinin Sergiy Radonejski ordeninə, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının və Moskva şəhəri Hökumətinin fəxri fərmanlarına layiq görülmüşdür. Azərbaycanda Rus İcmasının sədridir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. 1966-cı ildən Bakıda layihə institutunda texnik işləmişdir. 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin, Bakı Şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur. 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, birinci katibin referenti, müfəttiş, 1989-cu ildən Nizami Rayon İcraiyyə Komitəsinin sədri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi komissiyalar şöbəsinin katibi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Mədəniyyət komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, İrlandiya, Litva, Mavritaniya, Polşa, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU