16.03.2018 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 60

Milli Məclisin iclas salonu.
16 mart 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədr O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Ceyhun Bayramov, Azərbaycan Respublikasının təhsil naziri vəzifəsini icra edən.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri.
Pərviz Şahbazov, Azərbaycan Respublikasının energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.

*  *  *

Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
                                                  

*  *  *

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Səyyad Salahlı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Dövlətxan Dövlətxanov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini. 

*  *  *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurasının sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Saleh Məmmədov, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri.

                                                
*  *  *

Etibar Pirverdiyev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin  prezidenti.
Baba Rzayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar  Cəmiyyətinin  sədri.
Əhməd Əhmədzadə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin  sədri.
Rauf Vəliyev, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.  
                  

*  *  * 

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

*  *  *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

 *  *  *

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.


İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Artur Rasizadə, Arif Rəhimzadə, Əli Məsimli, Hikmət Məmmədov, Azər Badamov, Elmira Axundova, Zahid Oruc, Sahibə Qafarova, Fazil Mustafa, Musa Qasımlı, Musa Quliyev, Bəxtiyar Əliyev, Rafael Hüseynov, Əflatun Amaşov, Fərəc Quliyev, Tahir Mirkişili, Tahir Rzayev, İlham Məmmədov, Astan Şahverdiyev, Çingiz Qənizadə, Sahib Alıyev, Eldar Quliyev, Jalə Əliyeva, Yaqub Mahmudov, Tahir Kərimli, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Rəşad Mahmudov, Mirkazım Kazımov, Fəzail Ağamalı, Naqif Həmzəyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI
   
16 mart  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli deputatlar! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz. 

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Bildiyiniz kimi, bu gün gündəlikdə bir məsələ var. Hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Konstitusiyaya uyğun olaraq hökumətin  fəaliyyəti barədə hesabatı dinlənilir.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Bizə təqdim edilmiş sənədlə tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, “2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır”.
Hörmətli xanımlar və cənablar! Ötən il ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilmişdir. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndirmişlər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək 35-ci yerə yüksəlmişdir. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri xeyli yaxşılaşmışdır.
2017-ci ildə Azərbaycan dövlətinin neft strategiyasında növbəti uğurlu addım atılmışdır. “Azəri–Çıraq–Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şərtlərlə  2050-ci ilə qədər uzadılmışdır. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələri olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası sürətlə davam etdirilmişdir.
Ötən il tarixi İpək Yolunun bərpası üçün böyük önəmi olan Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilmişdir. Araşdırmalar göstərir ki, bu layihə Avropa ilə Şərqi birləşdirən məsafəni 2 dəfəyə qədər yaxınlaşdırır.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılmışdır. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş vermiş, nəticədə bu sektorun ÜDM-də xüsusi çəkisi təqribən 63 faiz təşkil etmişdir.
Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldonun yaranmasıdır. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlamış və daha da artırmışdır. Ötən il ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılmışdır.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında əlaqələrin güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakını təmin edir.
Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Millət vəkillərinin 68 təklifinin icra vəziyyəti ilə bağlı görülmüş işlər hesabatda ətraflı qeyd edilmişdir. Fikrimcə, bu gün keçirəcəyimiz müzakirələr də faydalı olacaq, hökumətin fəaliyyətinin səmərəliyinin daha da artmasına öz töhfəsini verəcəkdir.  Mən təklif edirəm, həmişəki kim ilk növbədə Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəni dinləyək, sonra müzakirələrə keçək. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, hörmətli Artur müəllim, buyurun.
A.Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! 2017-ci il ölkəmizin tarixində maliyyə sabitliyinin və iqtisadi artımın bərpası, dərin islahatlar ili kimi özünəməxsus yer tutacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin olduqca gərgin və mürəkkəb beynəlxalq şəraitdə xalqın mənafeyinə uyğun apardığı sosial-iqtisadi siyasət keçən il daha da dərinləşərək köklü və keyfiyyətli dəyişikliklər ilə müşayiət olunmuşdur. Dövlət başçısı hökumətin ötən ilin yekunlarına dair iclasındakı çıxışında ölkəmizdə sosial-iqtisadi vəziyyəti dolğun şəkildə təhlil etmiş və  növbəti il üçün əsas prioritetləri müəyyənləşdirərək qarşıda duran ən mühüm vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlarını vermişdir.
Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti barədə geniş və hərtərəfli hesabat həmişəki kimi Milli Məclisə əvvəlcədən təqdim edilmişdir. Yəqin ki, hesabatla tanış olmusunuz və müzakirələrdə konstruktiv təkliflərinizlə fəal iştirak edəcəksiniz. Azərbaycanın tərəqqisi, xalqımızın təhlükəsizliyi və əmin-amanlığı üçün böyük önəm kəsb edən Prezident seçkiləri ərəfəsində olduğumuza görə bugünkü çıxışımı ölkə rəhbərinin son 14 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənmiş sosial-iqtisadi siyasətinin nəticəsində əldə olunan əsas nailiyyətlər üzərində qurmağı düzgün hesab edirəm. Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məşğulluğunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əmək haqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətlər 30 dəfə artmış, bir milyon 900 mindən çox yeni iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enmiş, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlmişdir. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalmışdır. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən daxili və xarici siyasət sayəsində bütün dünyada geniş əks-səda doğurmuş Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası mümkün olmuşdur. Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin, Prezidentin çoxşaxəl siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.
Hörmətli deputatlar, neft-qaz sənayesinin iqtisadiyyatdakı aparıcı rolu, təbii ki, hələ uzun illər davam etməklə ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək, habelə digər sahələrin də inkişafına ciddi təsir göstərəcəkdir. “Azəri–Çıraq–Günəşli” neft  yatağının işlədilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaratmışdır.
Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşmış və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmışdır. Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədi ilə mühüm layihələr həyata keçirilmişdir. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu əsaslı şəkildə rekonstruksiya olunub və modernizə ilə əlaqədar mühüm işlər aparılır. Karbamid zavodunun yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq müvafiq sınaq işlərinə başlanılmışdır. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına müvəffəq olacaqdır.
Son 14 ildə əhalinin təbii qaz ilə təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan vermişdir. Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olmuşdur. 2004–2014-cü illər ərzində ölkədə ümumi gücü 2400 meqavatdan artıq olan 30 elektrik stansiyası tikilib istismara verilmiş, 5200-dən çox yarımstansiya inşa edilmiş və ya modernizə olunaraq yenidən qurulmuş, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilmişdir. Ardıcıl olaraq sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaratmışdır. Sənayenin inkişafına dair dövlət proqramı təsdiq edilmiş və icrasına başlanılmışdır. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılmışdır. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilmişdir. Bu cür sənaye kompleksləri ölkənin işgüzar qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımdan xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Bu illərdə Bakı Gəmiqayırma Zavodu, Gədəbəy və Daşkəsəndə qızıl filizi zavodları, Gəncə Avtomobil Zavodu, Gəncə alüminium zavodu kompleksi, Bakı İri qabaritli transformatorlar zavodu, Yüksək gərginlikli avadanlıqlar istehsalı zavodu və digər müasir tipli müəssisələr istifadəyə verilmişdir. Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olmuş, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılmışdır. Növbəti illərdə daha 10  müəssisənin yaradılması nəzərdə tutulur. 2004–2017-ci illərdə tikinti materiallarının istehsalı 4,4 dəfə, elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə, mebel istehsalı 2,4 dəfə  artırılmışdır. Ümumilikdə son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilməsi, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artırılmasına imkan vermişdir.
Dövlət başçısı ölkənin ərzaq təhlükəsizliyini, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsini iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Qarşıya qoyulmuş vəzifələrin vacibliyi və miqyası nəzərə alınaraq ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilmiş və onun icrasına başlanılmışdır. Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizminin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ölkədə 32 iri fermer təsərrüfatı yaradılmış və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılmışdır. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri toyuqçuluq təsərrüfatının yaradılması istiqamətində intensiv işlər aparılır. 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci ildə pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair Dövlət Proqramı təsdiq edilmiş, fındıqçılığın inkişafı məqsədi ilə yeni bağlar salınmışdır. Son 14 ildə görülmüş bütün bu işlər öz bəhrəsini vermiş, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsalının həcmi əhəmiyyətli dərəcədə artırılmışdır. Bu illərdə aqrar sahədə istehsalın artırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilmişdir. Kənd təsərrüfatı istehsalçılarının suvarma su ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olmuşdur. 2004–2017-ci illərdə ümumi su tutumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilmişdir. Su tutumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir və bərpa edilmiş, 4 min kilometrə yaxın suvarma  kanallarının və 2,1 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılmış, 1960 subartezian quyusu qazılmışdır. Ümumilikdə bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilmişdir. Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış, 127 min hektar  ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin keyfiyyətli içməli su ilə təmini, kanalizasiya şəbəkələrinin tikintisi kimi olduqca vacib sosial problemlərin həlli məqsədi ilə mühüm layihələrin icrasına başlanılmışdır. Bu illərdə Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran Oğuz–Qəbələ–Bakı su kəməri tikilib istifadəyə verilmiş, 9 min kilometrdən çox su və 3500 kilometrdən artıq kanalizasiya xətləri çəkilmiş, 230 su anbarı tikilmiş və yenidən qurulmuşdur. Carı ilin əvvəlinə 10 şəhərdə və rayon mərkəzində su və kanalizasiya şəbəkələrinin, 9 şəhərdə isə su xətlərinin inşası başa çatmış, 390 min əhalinin su təchizatı yaxşılaşdırılmışdır. Bunlarla yanaşı, 487 yaşayış məntəqəsində modul tipli su təmizləyici sistemləri quraşdırılmış və 700 min nəfərdən çox insan keyfiyyətli içməli su ilə təmin edilmişdir.
Dövlət başçısının ilk günlər əsas hədəf kimi qarşıya qoyduğu mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması olmuşdur. Bu istiqamətdə görülmüş iri həcmli işlər, təbii ki, müsbət nəticələrini vermiş və nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutmuşdur. 2004–2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan yol  yenidən qurulmuş, təmir edilmiş, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilmişdir. 5 milyondan çox əhalinin yaşadığı 2000-dən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik  həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatına, sahibkarlığın və turizmin inkişafına ciddi təkan vermişdir. Bakı–Tbilisi–Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının  sərhədinədək dəmir yolunun, Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkəsi statusu qazanmış respublikamızı “Şimal–Cənub”, “Şərq–Qərb” nəqliyyat dəhlizinin qovşağına çevirmişdir. Dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşınmaların səmərəliliyinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədi ilə 2013-cü ildə Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin ləğv edilmiş Xəzər Dəniz Donanmasının bazasında  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Gəmiçiliyin inkişafına dair 2016 – 2020-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmış və iqtisadi göstəricilər əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu müddətdə alınmış 19 müxtəlif təyinatlı gəmi hesabına onun fəaliyyəti daha da genişləndirilmişdir. Hazırda  Bakı Gəmiqayırma Zavodunun sifarişi əsasında iki gəmi və iki tankerin tikintisi aparılır.
Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləndirilmiş, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəlmişdir. Əgər 2003-cü ildə Azərbaycanda yalnız bir beynəlxalq statusa malik hava limanı var idisə, hazırda onların sayı altıya çatdırılmış, təkcə Heydər Əliyev Beynəlxalq Hava Limanında istifadəyə verilmiş müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək gücündədir.
Bakı şəhərində əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi nəqliyyat növü kimi metronun fəaliyyəti daim diqqət mərkəzində olmuşdur. Bu xidmət sahəsinə davamlı olaraq ayrılmış dövlət vəsaiti hesabına Bakı Metropoliteninin maddi-texniki bazası  əhəmiyyətli dərəcədə gücləndirilmiş, 5 yeni metro stansiyası istifadəyə verilmiş, Koroğlu, İçərişəhər və 28 May stansiyalarında əsaslı təmir işləri aparılmış, 130-dan artıq təzə metro vaqonları alınmışdır. Nəticədə Bakı Metropoliteninin xidmətindən gün ərzində 630 min nəfərə yaxın sərnişin istifadə edir.
Ölkəmizdə aparılan ardıcıl və düşünülmüş sosial siyasətin bariz nümunəsi kimi “ASAN xidmət” mərkəzlərinin nümunəvi fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsini xüsusilə qeyd etmək istərdim. Hesabat ilinin sonuna 14 “ASAN xidmət” mərkəzinə 19 milyondan artıq müraciət olunmuş, ümumilikdə respublikanın 52 rayonunda əhaliyə bilavasitə yaşadığı yerdə səyyar formada xidmət göstərilmişdir.
2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülmüş, çoxsaylı infrastruktur layihələri həyata keçirilmiş, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlamış və minlərlə yeni iş yeri açılmışdır. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərin həllinə rəvac vermişdir. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində vəsait yönəldilmişdir. Dövlət  başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənmişdir. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət üç qəsəbə ləğv olunmuş, yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilmişdir.
Təhsil, səhiyyə, turizm, gənclər və idman sahələrinin inkişafı, insanların yaşayış səviyyəsinin yüksəldilməsi sosial-iqtisadi siyasətdə başlıca yerlərdən birini tutur. Bu illər ərzində təhsil sektorunda islahatlar davam etdirilmiş, Avropa təhsil sisteminə keçid təmin olunmuş və onun əsasında yeni məzmunlu milli təhsil sistemi qurulmuşdur. Ümumi təhsil sistemində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılmış, onların əmək haqqı əhəmiyyətli dərəcədə artırılmışdır. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsili sistemi təkmilləşdirilərək 14 peşə təhsil mərkəzi yaradılmışdır. Ötən il respublikanın 40 rayonunda 106 modul tipli məktəb quraşdırılmış və təhsil şəraiti yaxşılaşdırılmışdır. 2004–2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmişdir.
Səhiyyə sistemində aparıcı texnologiyalar və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətin nəzərə çarpan dərəcədə artırılmasına səbəb olmuşdur. Son illərdə istifadəyə verilmiş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin klinikaları belə müasir səhiyyə obyektlərindəndir. Bu dövrdə 635 tibb müəssisəsi tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir ki, bunların da 70 faizini regionlardakı səhiyyə obyektləri təşkil edir. Bir çox xəstəliklər üzrə, o cümlədən talassemiya ilə mübarizəyə dair, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair, şəkərli diabet xəstəliyi üzrə qəbul edilmiş dövlət proqramlarının icrası artıq öz müsbət nəticələrini verməkdədir. 2013-cü ildə qəbul edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair  Dövlət Proqramı” çərçivəsində ötən il uşaqların 90 faizindən çoxu müayinəyə cəlb olunmuşdur. Bu gün ölkəmizdə əvvəllər mümkün olmayan yeni texnologiya və peşəkarlıq tələb edən cərrahi əməliyyatlar uğurla həyata keçirilir. 2017-ci ilin əvvəlində Mingəçevir şəhəri və Yevlax rayonunda icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılmışdır.
Son illərdə  ölkədə yaradılmış dayanıqlı sabitlik, müasir infrastruktur, göstərilən davamlı dövlət dəstəyi turizm sektorunun inkişafında dönüş yaratmağa imkan vermişdir. Qusar rayonunda ilboyu fəaliyyət göstərən Şahdağ turizm mərkəzi, Qəbələ, Quba, Xaçmaz rayonlarında, Naftalan şəhərində yüksək  standartlara uyğun inşa edilmiş yeni mehmanxanalar və istirahət mərkəzləri yerli və xarici turistlərin sevimli istirahət məkanına çevrilmiş, onların ölkəyə axınının artmasına səbəb olmuşdur. Əgər 2004-cü ilin əvvəlində ölkədə fəaliyyət göstərən mehmanxana və turizm istirahət mərkəzlərinin sayı 238 idisə, 2007-ci ildə müasir tələblərə cavab verən belə obyektlərin sayı 563-ə çatdırılmışdır. Bu illər ərzində gənclərin təhsili və məşğulluğu məsələlərinin həlli, sağlamlıqlarının qorunması, ictimai biliyin artırılması məqsədi ilə qəbul edilmiş iki Azərbaycan gəncliyi Dövlət Proqramının icrası təmin olunmuş və 2017–2021-ci illəri əhatə edən üçüncü proqram da icra edilməkdədir. Gəncliyin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif uğur və sair əldə etmələri üçün respublikamızın müxtəlif bölgələrində 40 Gənclər evi yaradılmışdır. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, güclü idmançıların hazırlanması məqsədi ilə 38 olimpiya kompleksi tikilmiş, müxtəlif ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün çoxlu sayda müasir idman sarayları və qurğuları istifadəyə verilmişdir. Ölkəmizin  paytaxtında ən yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları möhtəşəm idman bayramı kimi yaddaşlarda qalacaqdır.
2004–2017-ci illərdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Abşeron yarımadasındakı neftlə çirklənmiş torpaqların, göllərin, lay suları altında qalmış sahələrin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı işlər başa çatdırılmışdır. Təhlükəli, o cümlədən radioaktiv tullantıların  yığılması, yerləşdirilməsi və utilizasiyası üzrə poliqonlar yaradılmış, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu istifadəyə verilmiş, Sumqayıt şəhəri 130 min kubmetrə yaxın civə tullantılarından təmizlənmişdir. Böyükşor gölünün ekoloji bərpası layihəsinin birinci mərhələsi yekunlaşdırılmış, Avro-4 ekoloji normaları tətbiq edilmişdir. Bu dövrdə 143 min hektar ərazidə meşə bərpa tədbirləri aparılmış, o cümlədən 47 min hektar sahədə yeni meşələr salınmış və 106 milyon ağac əkilmişdir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 yeni milli parkın yaradılması hesabına artırılmışdır.
Hörmətli deputatlar, dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi bir dönüşə nail olunmamışdır. Bunun əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər vasitə ilə uzatmağa çalışmasıdır. Dövlət başçısı hamımızın ən ağrılı yeri olan bu məsələni gündəlik nəzarətdə saxlayır, bütün beynəlxalq tədbirlərdə və görüşlərdə onun hüquqi müstəvidə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Münaqişənin həllində sülh danışıqları ilə yanaşı, hərb variantının mümkünlüyü də nəzərə  alınaraq Ali Baş Komandanın rəhbərliyi ilə bizim hərbi gücümüz durmadan artır, ordunun maddi-texniki bazası möhkəmləndirilir, müasir silah-sursatla təminatına xüsusi diqqət yetirilir. 2016-cı ilin şərəfli aprel döyüşlərində erməni təxribatının qarşısının qəhrəmanlıqla alınması ordunun hərbi hazırlığının ildən-ilə artdığını bir daha əyani nümayiş etdirdi. Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən Müdafiə Sənayesi Kompleksi yaradılmış və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılmışdır. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunmuşdur. Bu gün Azərbaycanda istehsal olunan  hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.
Hörmətli deputatlar, təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması və dünya dövlətləri arasında layiqli yer tutması, dərin sosial-iqtisadi islahatların, nəhəng strateji layihələrin, irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi istiqamətində çoxşaxəli və yorulmaz fəaliyyətini bir çıxışda tam əhatə etmək mümkün deyildir. Bir də ki, atalarımızın yerinə düşəcək gözəl bir ifadəsi var: “Görünən dağa bələdçi nə lazım”. Çıxışımın sonunda bir daha Prezident seçkiləri mövzusuna qayıdaraq bildirmək istəyirəm ki, müdrik xalqımız hər dəfə olduğu kimi, bu dəfə də düzgün seçim edəcək, özünün və övladlarının rifahına, Azərbaycanın uğurlu gələcəyinə səs verəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi hesabatın müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak eləmək istəyənlər yazılsınlar. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Nazirlər Kabinetinin hesabatı və Artur müəllimin çıxışı bizə həmişə olduğu kimi çox səlis və yüksək səviyyədə təqdim olundu.  Artur müəllimin təşəbbüsü və rəhbərliyi ilə hesabatın bu formada təqdim olunması bizi hər dəfə sevindirir, çünki burada tək görülən işlərə deyil, eyni zamanda, deputatlar tərəfindən verilən təklif və tənqidi qeydlərə də diqqət yetirilir. Bu tənqidi qeydlərin və təkliflərin hamısı icra olunmasa da, heç olmasa, deputatlara məsələnin həlli yolları izah olunur və bu da, mən hesab edirəm, parlamentlə hökumət arasında olan çox yaxşı münasibətin sübutudur. Düşünürəm ki, hesabatı yüksək qiymətləndirəcəyik. Çünki görülən işlər də cəlbedicidir. Ələlxüsus Artur müəllimin 14 ildə Azərbaycanda görülən işlər haqqında verdiyi məlumat bizi hesabatı yüksək qiymətləndirməyə sövq edir.
Mən fürsətdən istifadə edərək bir məsələ haqqında danışmaq istəyirəm. Kənd təsərrüfatına son vaxtlar böyük diqqət yetirilir. Kənd təsərrüfatı torpaqlarının istifadəsi əsas məsələ kimi gündəmdə durur. Neftçala rayonunda son illər ərzində balansda olmayan 9 min hektar torpaq  əkin üçün istifadə olunur. Bu torpaqların içində dövlət və bələdiyyə torpaqları da var. Hətta suvarılan torpaqlar da var. Bu, yəqin ki, yaxşı haldır, çünki torpaqlardan daha səmərəli istifadə etmək, daha yüksək məhsul götürmək üçün şərait yaradır. Ancaq əfsuslar olsun ki, bu torpaqlar indiyə kimi qeydiyyata götürülməyib və buna görə də o torpaqlarda taxıl əkən əkinçilər sürtkü materialları və yanacaq üçün verilən kompensasiyadan məhrum olurlar. Mən xahiş edirəm, bu məsələyə diqqət yetirilsin. Bu, əlbəttə, tək rayonun işi deyil, xeyli xərc tələb edir. Çünki o torpaqlar gərək yenidən kadastrdan keçirilsin, sahələr müəyyənləşdirilsin, dəqiqləşdirilsin. Mən  düşünürəm ki,  təkcə Neftçala rayonunda deyil, digər rayonlarda da belə  hallar var və ona görə xahiş edərdim, bu məsələyə diqqət yetirsinlər. Mən çıxışımın sonunda yenə də qeyd etmək istəyirəm, Azərbaycanda görülən işlər və onların burada  əks etdirilməsi bizim hamımıza imkan verir ki, hesabatı yüksək qiymətləndirək və Azərbaycanın gələcək inkişafı istiqamətində yeni bir addım ataq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli Baş nazir, deputat həmkarlarım, hökumət nümayəndələri, media mənsubları, xanımlar və cənablar! Əvvəlcə qarşıdan gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edib, ən xoş arzularımı bildirirəm. Azərbaycana böyük uğurlar arzulayıram. Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatdan məlum olur ki, Azərbaycanda ötən il həm iqtisadi, həm də sosial sahədə xeyli dərəcədə irəliləyişlərə nail olunmuş və müsbət meyillər əldə edilmişdir. Onların altısını xüsusi qeyd etmək istəyərdim.
Birinci, özündən əvvəlki il ilə müqayisədə islahatların dərinləşdirilməsi və genişləndirilməsi, xüsusən struktur islahatları, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi, kadr islahatları, eyni zamanda, yeni istehsal sahələrinin yaradılması, sənaye parkları, sənaye məhəllələrinin yaradılması istiqamətində atılan addımlar, hesab edirəm ki, iqtisadi artımın növbəti illərdə də davam etdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edəcək.
Hamımız bilirik ki, 2016-cı ildə Azərbaycanda iqtisadiyyat 4 faizə qədər geriləmişdi, bu isə iqtisadiyyatın 2 milyard manata qədər  daralması, kiçilməsi demək idi. Çox yaxşı haldır ki, 2017-ci ildə iqtisadiyyatın kiçilməsi prosesi dayandı və 0,1 faiz də olsa  artıma nail olundu.
Üçüncü ciddi məqamı mən manatla bağlı qeyd etmək istəyərdim ki,  devalvasiyalardan sonra artıq 1 dollar 1 manat 92 qəpik səviyyəsinə gəlib çatmışdı. 2017-ci ildə görülən işlər, valyuta bazarında ajiotajin aradan qaldırılması və sair istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində manatın nisbi sabitliyi təmin olundu, 1 dollar haradasa 1 manat 72 qəpik civarında sabitləşdi.
Dördüncü ciddi məsələ sərmayə qoyuluşları ilə bağlıdır ki, 2016-cı ildə sərmayə qoyuluşu 20 faizdən çox, yəni kəskin surətdə aşağı düşmüşdü. 2017-ci ildə sərmayə qoyuluşlarında azalmanın minimuma endirilməsi, hesab edirəm ki, irəliyə doğru çox mühüm addımdır.
Eyni zamanda, idxalın məhdudlaşdırılması istiqamətində atılan addımları çox mühüm hesab edirəm. Qeyri-neft sektorunda ixracın artırılması da bir-birini tamamlayan məqamlardır ki, bunların hesabına  xarici ticarət balansında çoxmilyardlı profisitin əmələ gəlməsi bu sahədə irəliyə doğru mühüm addım kimi qiymətləndirilə bilər. Eyni zamanda, ikiillik fasilədən sonra Azərbaycanın tədiyə balansında mənfi göstəricilərdən müsbət göstəricilərə keçid də manatın sabitliyinin təmin olunmasında mühüm rol oynayır.
Altıncı məqam kimi mən xüsusi qeyd etmək istəyərdim ki, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi regionda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində və bir ucu Çin, digər ucu isə Böyük Britaniya olmaqla böyük bir sahədə, Avrasiya regionunda Azərbaycanın çox önəmli bir logistika mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.
Eyni zamanda, 2017-ci ildə iqtisadiyyatda özündən əvvəlki illərdə olan proseslərlə bağlı mənfi meyillər də davam edib ki, onlardan birini qeyd etmək istəyərdim. Hökumətin 2017-ci ildə üzləşdiyi problemlərin içərisində bank sahəsindəki problemlər daha ciddi xarakter daşıyır. Ona görə də bank sahəsində atılan addımları müsbət qiymətləndirməklə yanaşı, eyni zamanda, bu istiqamətdə bəzi təkliflərimi də qeyd etmək istəyərdim.
Birinci, hesab edirəm, Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı üçün çox önəmli olduğuna görə məhz bu il, 2018-ci ildə bu məsələyə xüsusi diqqət verilməlidir ki, qeyri-neft sektorunun inkişafında artım templərinin yüksəldilməsində bankın  özünün də töhfəsi artır. Ona görə də  banklarda sağlamlaşdırma məsələsinin təkcə Beynəlxalq Bank ilə məhdudlaşdırmadan bütövlükdə bank sisteminə şamil edilməsi istiqamətində addımların atılmasını təklif edirəm.
İkinci, hesab edirəm ki, ənənəvi surətdə yüksək faizlər hesabına bankların nəsə qazanmasının perspektivi yoxdur, bir müddətdən sonra  bu özünü mənfiliklərlə yenə göstərəcək. Ona görə də təklif edirəm ki, həmin perspektivsiz yoldan bilavasitə çox perspektivli biznes layihələrinin maliyyələşdirilməsinə keçilsin və bankların real sektorla, istehsalla əlaqəsinin möhkəmləndirilməsi istiqamətində real addımlar atılsın.
Üçüncü istiqamət isə  problemli kreditlərlə bağlıdır, yən problemli kreditləri həll etmədən Azərbaycanda bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Bununla əlaqədar olaraq biz xüsusi təkliflər hazırlayıb aidiyyəti orqanlara göndərmişik. Mahiyyət ondan ibarətdir ki, bir qurumun üzərinə ağırlıq düşməsin. Həmin xarici valyutada olan kreditlərin problemini yumşaltmaqdan ötrü  həmin vəsaitin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları üzərinə götürsün, digər bir hissəsi isə xalqın, yəni əhalinin üzərində qalsın. Bu cür riskin 4 yerə bölünməsi, hesab edirəm ki, bu problemin həllinin yumşaldılması istiqamətində irəliyə doğru atılmış çox mühüm addım  olardı.
Martın 6-da Milli Məclisin plenar islasında qaldırılan məsələlərin içərisində məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Prezidentinin təşəbbüsü yüksək qiymətləndirildi. Eyni zamanda, biz bununla əlaqədar olaraq  belə bir variantın bilavasitə dollarla olan kreditlərə də şamil edilməsi istiqamətində müraciət etdik. İmkandan istifadə edərək bu gün biz Maliyyə Sabitliyi Şurasına, Mərkəzi Banka, Maliyyə Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına və bir sıra digər aidiyyəti qurumlara yenə də müraciət edirik ki, həmin təkliflərə həssas yanaşsınlar və bu təkliflərin həyata keçirilməsi istiqamətində məhz bu il addımların atılması istiqamətində real işlər görsünlər.
İkinci qəbildən olan məsələləri biz sosial proseslərin tənzimlənməsinə şamil etmək istəyirik. Əgər ötən il Azərbaycanda əmək haqları haradasa 6 faiz, əhalinin gəlirləri 7 faiz civarında artıbsa, inflyasiya  13 faiz artıb, qida məhsullarında isə bu artım 17 faiz təşkil edir. Əgər burada monopoliya amili olmasa idi, əmək haqlarının artım tempi inflyasiyanın artım tempindən iki dəfə geri qalmayacaqdı, əmək haqqı gəlirlərinin artım tempi haradasa inflyasiyanın artım tempindən bir-iki faiz yüksək olacaqdı. Bu il xüsusi əhəmiyyət kəsb edən il olduğu üçün həm iqtisadi artıma diqqət yetirilməsi, həm də cümhuriyyətimizin 100 illiyi ilə bağlı sosial proseslərin tənzimlənməsi istiqamətində  sanballı addımların atılması üçün biz hesab edirik ki, məhz bu il proqnozlaşdırılan həmin 6 faizdən yüksək inflyasiyaya imkan verməmək istiqamətində aidiyyəti orqanlar işlər görməlidirlər. Çünki bundan artıq inflyasiyanın artması  süni artımdır. Azərbaycan Prezidentinin xüsusi sərəncamları ilə maaşların artırılması istiqamətində ciddi addımlar atılır. Biz bunu müsbət qiymətləndiririk, eyni zamanda, maaşlar artandan sonra hansısa təhsil haqlarının artırılması, stavkaların artırılması, yəni süni qiymət artımlarının  aradan qaldırılması həmin vəsaiti əhalinin güzəranının yaxşılaşmasına yönəldəcək. Hesab edirəm ki, bu da bilavasitə 2018-ci il kimi vacib ildə hökumətin əhaliyə böyük töhfəsi olacaq. Diqqətinizə görə təşəkkür edirəm. Hesabatı  mühüm bir sənəd kimi qiymətləndirib, sizi səsverməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, hörmətli hökumət üzvləri! Çox mürəkkəb bir tarixi mərhələdən keçirik və bu mərhələ elə bir mərhələdir ki, xalqlar tarix qarşısında yeni dövlətçilik imtahanı verirlər və ona görə də hər bir milli hökumətin fəaliyyətinin səmərəliliy tarix qarşısında  bu imtahanı necə verməkdən keçir. Mən düşünürəm ki, bizə təqdim olunan hesabatda Azərbaycan hökumətinin 2017-ci ildəki fəaliyyəti mühüm strateji istiqamətlər üzrə bu qiymətləndirməni aparmaq üçün bizə əsaslar verir. Hər bir xalqın gələcəyi, əslində, həm də onun hökumətinin səmərəli fəaliyyəti, təhlükəsizlyinin təmin olunması ilə bağlıdır. Eyni zamanda, bu gün həyata keçirilən işlər xalqımızın və dövlətimizin gələcəyə vəsiqəsini təmin edir. Çünki hazırkı mərhələdə çox amansız bir mübarizənin şahidiyik, beynəlxalq münasibətlərdə çox ciddi rəqabət var, manipulyasiyalar var. Belə bir şəraitdə yaşadığımız regionda bir çox ölkələr və onların siyasi gündəmi tamamilə fərqli şeylərlə məşğul olarkən Azərbaycanda gündəm inkişafdan, sabitlikdən, təhlükəsizliyin təmin olunmasından danışmaqdır. Mən düşünürəm ki, təkcə bu amilin özü çox ciddi bir məsələdir. Hər bir ölkənin təhlükəsizliyinin təmin olunmasının sosioloji düsturu hər şeydən öncə  sosial-iqtisadi problemlərin, maliyyə problemlərinin həll olunmasından keçir. Hörmətli Baş nazirimizin çıxışında da ayrı-ayrı istiqamətlər üzrə hesabat bizə təqdim olundu. Məsələ ondadır ki, bu gün milli təhlükəsizliyi,  onun təmin olunmasını zəruri edən istiqamətlər  ilk növbədə sabitlikdən keçir və sabitliyin də birinci amili sosial problemlərin həll olunmasıdır ki, bu istiqamətdə Baş nazirimiz çoxsaylı rəqəmlər səsləndirdi.
İkinci məsələ, heç şübhəsiz ki, ərzaq təhlükəsizliyi məsələsidir. Hazırda millətin genefondunu dağıtmaq üçün istifadə olunan əsas silahlardan biri ərzaqdır və yaxud ərzaq vasitələri ilə, genetik modifikasiya olunmuş mallarla milli genefondu zəiflətməkdir. Ona görə də Azərbaycanda biz bilirik ki, ərzaq təhlükəsizliyi siyasəti həyata keçirilir və bu istiqamətdə də çox böyük addımlar atılıbdır. Hökumətin hesabatında da bu rəqəmlər öz əksini tapıbdır. Əlbəttə, biz ərzaq təhlükəsizliyindən danışan zaman ilk növbədə bizim gözümüzün önünə kənd təsərrüfatının inkişafı məsələləri gəlir. Heç şübhəsiz ki, kənd təsərrüfatı məhsulları ərzaq təhlükəsizliyimizin əsas komponentlərindən birini təşkil edir. Ona görə də bu sahədə aparılan islahatlar, son dövrlərdə  yeni metod və texnologiyalarla  sahənin inkişafına nail olunması məsələlər hesabatda öz əksini tapıbdır.
Çox böyük məsələlərdən bir millətlərin öz su təhlükəsizliyi məsələsini təmin etməsidir. XXI əsrdə bizə qonşu olan regionda, Yaxın Şərqdə müharibələrin aparılmasının səbəblərindən biri də su ehtiyatlarına nəzarət uğrunda aparılan mübarizədir. Nəzərə alsaq ki, Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsi, az qala üçdə ikis milli sərhədlərimizdən kənarda formalaşır, bu problemin həlli, əslində, Azərbaycanın su təhlükəsizliyi üçün 100 illiyin probleminin həlli kimi nəzərdən keçirilə bilər. Bu problem Azərbaycanda həll edilibdir. Taxtakörpü su anbarının tikintisi ilə, Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsi ilə Azərbaycan  bu mühüm təhlükəsizliyi təmin etməyi bacarıbdır.
Bundan başqa, heç şübhəsiz ki, informasiya təhlükəsizliyi mühüm məsələdir. Beynəlxalq münasibətlərdə Azərbaycanın yerinin möhkəmləndirilməsi əsasdır. Milli gücün beyni hesab edilən milli diplomatiyamızın fəaliyyəti mühüm məsələdir. Hökumətin hesabatı ilə tanış olanda biz bunların hər birinə rast gəlirik. Regionda bizim qonşu ölkələrlə münasibətlərimizin xarakterik xüsusiyyətləri və əlaqələri ayrıca bəndlə verilibdir ki, mən  düşünürəm, bu da vacib məsələlərdən biridir. Bütövlükdə əgər biz nəzərdən keçirilən sahələr üzrə qiymətləndirmə aparmağa çalışsaq, görəcəyik ki, 2017-ci ildə hökumətin fəaliyyəti qənaətbəxş hesab edilə bilər və əslində, bu fəaliyyət həm də 2018-ci ildə və ondan sonrakı mərhələdə milli təhlükəsizliyimizin maraqlarının təmin olunmasının əsasları kimi qəbul edilə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Hörmətli Oqtay müəllim, cənab Baş nazir, hökumət üzvləri və həmkarlar! Bu gün Milli Məclisdə hökumətin 2017-ci ildəki fəaliyyətinə dair geniş və ətraflı hesabat məruzəsini bizlərə təqdim etdiyinə görə hörmətli cənab Baş nazirə öz təşəkkürümü bildirirəm. Həm də  hesabatın öncədən Milli Məclisin üzvlərinə təqdim olunması hər birimizə 2017-ci ildə hökumətin fəaliyyəti ilə yaxından tanış olmağa imkan verdi. Hesabatdan göründüyü kimi, ümumi statistik göstəricilərin artım dinamikası, yola saldığımız ildə həyata keçirilən sosial-iqtisadi layihələrin həcmi və 2017-ci ilin yanvar ayından milli iqtisadiyyat və iqtisadiyyatın əsas 11 sektoru üzrə strateji yol xəritələrinin icrasına start verilməsi bir daha ölkə başçısının müəyyənləşdirdiyi siyasi, sosial-iqtisadi siyasətin Nazirlər Kabineti tərəfindən uğurla həyata keçirildiyini göstərir. Düzgün iqtisadi siyasət yürüdüləndə dünya iqtisadiyyatında baş verən halların ölkə iqtisadiyyatına təsirləri minimuma enir, ölkə güclənir. Ümumilikdə götürdükdə ölkədə yeni istehsal sahələri yaranır, iş yerləri açılır və insanların rifahı yaxşılaşır. İqtisadiyyatın yüksək inkişaf mərhələsinin göstəricisi olan  bütün istiqamətlər hökumətin fəaliyyətinin nəticəsi kimi qeyd etmək istəyirəm və hesabatı müsbət dəyərləndirirəm. Ölkəmiz yenidən qurulur. Son 14 il ərzində Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizi yüksək inkişafa doğru aparmışdır. Əldə etdiyimiz yüksək nailiyyətlər xaricdən bizə baxışda da çox yüksək səviyyədə qeyd olunur. “Doing Business 2018” hesabatında, Dünya İqtisadi Forumunun, “Fitch” beynəlxalq reytinq agentliyinin, başqa beynəlxalq iqtisadi reytinq hesablamalarında ölkəmizin mövqelərinin ilbəil möhkəmlənərək pillə-pillə önə çıxması hər birimizi sevindirir və bunu bir daha ölkə başçısının rəhbərliyi altında Azərbaycan hökumətinin müsbət fəaliyyəti kimi dəyərləndirirəm.
Bununla yanaşı, paytaxtımız Bakı şəhərinin gələcəyi ilə bağlı məni düşündürən bir məsələyə toxunmaq istəyirəm.  2003–2005-ci illərdə Bakı şəhərinin yollarında tıxac problemi yaşanırdı. Ölkə başçısının uzaqgörənliyi sayəsində paytaxtımızın avtomobil yollarında çoxlu sayda keçidlər və körpülər tikilir. Həmin keçid və körpülər paytaxtımızda tıxac problemini aradan qaldırır və Bakı şəhərinə xüsusi gözəllik gətirir. Bakımız dünyanın ən gözəl şəhərləri sırasına daxil olmuşdur. Amma son vaxtlar şəhərin mərkəzi rayonlarında hündürmərtəbəli binaların sürətlə tikilməsi, düşünürəm ki, yaxın gələcəkdə yollarda tıxac problemini yenidən gündəmə gətirəcəkdir. Sovet dönəmində şəhərin genişlənməsi və  yükünün azaldılması üçün mikrorayonlar salınırdı. Bu yaxşı ənənə idi. Həm şəhərin sahəsi genişlənirdi, həm də şəhərin mərkəzində yükün çoxalmasının qarşısı alınırdı. Müstəqillik qazanandan bu günə qədər Bakının əhalisi 3 dəfə artmışdır. Amma şəhərin ərazisində  nəzərəçarpacaq böyümə olmamışdır. Mən təklif edirəm ki, şəhərin mərkəzində hündür göydələnlərin tikilməsinə məhdudiyyət qoyulsun və şəhərətrafı boş ərazilərdə şəhərə bitişik yeni yaşayış massivlərinin salınması planlaşdırılsın. Bu, beynəlxalq təcrübədə də mövcuddur, düşünürəm ki, əgər belə olarsa, Bakımız daha da böyüyər, şəhərin yükü şəhər ətrafı ilə paylaşılar və bu da şəhərin mərkəzi yollarında yüklənməni azaldar.
Seçildiyim Qusar rayonu ilə bağlı bir məsələni qeyd etmək istəyirəm. 2018-ci ilin dövlət büdcəsinin müzakirələrində köhnə Xudat, Həzrə–Sudur yolunun yenidən qurulması ilə bağlı bir məsələni diqqətinizə çatdırmışdım. Bu məsələ çox aktual olduğuna görə bir daha səsləndirmək istəyirəm. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə 600 kənd yolunun icrasına başlanılmışdır. Qeyd etdiyim avtomobil yolu isə 30-a yaxın kəndin əhalisinə xidmət edəcək. Bu gün həmin məsələnin o bölgənin sakinlərini ən çox narahat edən bir problem olduğunu nəzərə alaraq hökumət üzvlərindən  2018-ci ildə həmin yolun tikintisinə başlanmasını bir daha xahiş edirəm. Hesabatı dəstəkləyirəm, hökumət üzvlərinə 2018-ci ildə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Məmnuniyyətlə qeyd etmək istərdim ki, hesabat obyektiv və prinsipial meyarlar üzərində hazırlanıb. Biz millət vəkillərinə iqtisadi və maliyyə vəziyyətini doğru-dürüst göstərdiyi üçün hesabat müəlliflərinə təşəkkürümü bildirirəm. Yaxşı haldır ki, çətinliklərə rəğmən dövlət bir çox layihələri, xüsusilə sosial layihələri dayandırmayaraq çox vacib işləri, islahatları həyata keçirtdi. Bu barədə hörmətli millət vəkilləri artıq deyiblər. Hesabata nəzər saldıqda görürük ki, əvvəlki illə müqayisədə  ümumi daxili məhsul 0,1 faiz artaraq 60 milyard manatdan 70 milyard manata çatmışdır. Burada əsas artım qeyri-neft sahəsi olan kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və digər bu kimi sahələrdə müşahidə olunur. 2016-cı illə müqayisədə 2017-ci ildə ölkənin qeyri-neft sektorundan əldə edilən ÜDM-nin miqdarı 2,7 faiz artaraq 440 milyard manatı keçmişdir. Bu da son illərdə neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq ölkə iqtisadiyyatının neft sektorundan asılılığının azaldılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək üçün  qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və təşviqi, iqtisadiyyatın şaxələndirilməsi, investisiya qoyuluşunun sürətləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırığın uğurla icra edildiyini göstərir. Bu yaxınlarda bir neçə ölkədə olarkən mən mağazalarda bizim mallarımızı,  şərablarımızı, çayımızı görmüşəm. Camaat bu məhsulları  çox yüksək qiymətləndirir. Bu çox yaxşı bir təcrübədir, onu genişləndirmək lazımdır. Bütün bunlara görə keçən dövrdə hökumətin fəaliyyətini, əsasən, qənaətbəxş hesab edirəm və hökumət nümayəndələrinin burada iştirak etməsindən istifadə edərək sizinlə bir sıra mülahizələrimi bölüşmək, təkliflərimi vermək istərdim.
İlk əvvəl mən qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” küçəsində və onun ətrafında yerləşən binalar haqqında bir neçə kəlmə demək istəyirəm. Son illərdə dolların məzənnəsinin qalxdığını və Azərbaycan manatının devalvasiya olunduğunu nəzərə alaraq gözləmək olardı ki, hökumətimiz sökülən evlərin kompensasiyasını bir qədər qaldıracaqdır. Lakin  hazırda eşitdiyimə görə, yenə də əvvəlki illərdə hesablanan məbləğ, yəni 1500 manat təklif olunur. Nəzərə alsaq ki, bu ərazilərdə kiçik həcmli evlər kifayət qədərdir, yaxşı olardı, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin. Artıq belə bir təcrübədən qismən uğurla istifadə olunub. Özü də bildiyimə görə, dövlət hesabına tikilən belə evlərin 1 kvadratmetri təmirlə birlikdə cəmi 500–600 manata başa gəlir. Yəni dövlət hər kvadratmetrdə 1000 manata qədər qənaət edə bilər. Nəticədə ölkə büdcəsinə xeyli miqdarda vəsait qalacaq, həm də insanlar razı olacaqlar. O ki qaldı  nisbətən irihəcmli evlərin sahiblərinə, yəni sahəsi 60–80 kvadratmetrdən yuxarı olan evlərə verilən  kompensasiyanın həcmi manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, 2 min manata çatdırılmalıdır. Düşünürəm ki, bu, sosial cəhətdən ədalətli olardı.
Bir məsələni də qeyd etmək istəyirəm. Respublikanın müxtəlif regionlarında, xüsusilə Abşeron yarımadasında və Masallıda  bu məsələ ciddi hesab oluna bilər. Bu, vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələri ilə bağlıdır. Elə ərazilər var ki, insanlar artıq 20–30 ildir, orada inşa etdikləri fərdi evlərdə yaşayırlar. Qanunsuz da olsa salınmış bu yaşayış məntəqələrinin əksəriyyəti kommunikasiya xətləri ilə təchiz olunub. Sakinlər rabitə, işıq, su, qaz və sair kommunal xidmətlərdən istifadə edirlər. Bu xidmətlər üçün haqq ödəyirlər. Tikililərin bir çoxuna bələdiyyə, icra hakimiyyəti tərəfindən sənədlər   də verilib. Lakin kompleks yanaşma olmadığından bu ərazilərin torpaqları hələ də rəsmi sənədlərdə  kənd təsərrüfatı  təyinatlı torpaqlar olaraq qeydiyyatdadır. O səbəbdən də insanlar 20 ildən artıqdır ki, yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər. Xahiş edirəm, hökumətimiz bu məsələni, nəhayət, sistemli şəkildə həll etsin.
Digər bir məsələ isə yeraltı təbii sərvətlərimizin  potensialının düzgün qiymətləndirilməsi ilə bağlıdır. Onların hasilatı və istismarı ilə bağlı qərarlar qəbul edərkən tələskənliyə yol vermək olmaz. Çünki dövlətimizin maksimum faydalanmasına nail olunmalıdır. Məsələn, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan dəmir filizi mədənləri ehtiyatların həcminə görə çox böyük potensiala malikdir. Lakin bir neçə aydır, mətbuatda bu müəssisənin təcili, dəyər-dəyməzinə də olsa özəlləşdiriləcəyi ilə bağlı materiallar gedir. Bilmirəm, bu nə dərəcədə düzgündür, amma bu müəssisə ilə bağlı bildiyimə görə, dövlətimizin konkret planları var. Zəngin ehtiyatlara malik olan dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zənciri quraraq müəssisənin vahid, səmərəli bir klaster formasında fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Bu da bölgədə ən azı min  yeni iş yerinin  açılmasına şərait yaradacaq.
İkincisi, belə zəngin potensiala, xammal bazasına malik müəssisələri tələm-tələsik, dəyər-dəyməzinə  satmaq düzgün olmazdı. Düzgün olan odur ki, belə strateji müəssisələrin satışından həm dövlət  gəlir götürməli, həm də bu, özəlləşdirilən müəssisənin, eləcə də sahənin inkişafında ciddi investisiyalarla müşayiət olunmalıdır. Eyni yanaşma digər belə strateji obyektlərin özəlləşdirilməsi məsələsində də öz əksini tapmalıdır.
Masallı rayonuna gəlincə, mənim hökumət nümayəndələrimizdən  xahişim var. Bizdə bir sıra  məktəblər indi də qəza vəziyyətindədir. Onların tikintisi, əsaslı təmiri dayandırılıb, bir neçə  ildir getmir. Çox xahiş edərdim ki, bu əsaslı təmir olunan məktəblərin sıralarına biz təzə məktəbləri də daxil edək. Bakı–Astara yolunu, nəhayət ki, istifadəyə verək. Çünki bu yolların vəziyyəti çox ağırdır, xüsusilə Salyandan Lənkərana qədər yol  bərbad vəziyyətdədir.  Bilmək istərdim ki, bu yol, nəhayət, nə zaman istifadəyə veriləcək?
Ümumilikdə mən Nazirlər Kabinetinin işin müsbət qiymətləndirir, hökumət nümayəndələrinin  gərgin işini dəyərləndirir, onlara daha böyük uğurlar və nailiyyətlər arzulayıram. Hesabatın lehinə səs verəcəyimi bildirirəm, diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr,  hörmətli Baş nazir, hörmətli Məclis üzvləri! Cənab Sədr, mənə söz deməyə imkan yaratdığınıza görə çox təşəkkür edirəm, bunu yüksək qiymətləndirirəm,  qarşıdan gələn bayram münasibəti ilə burada olan hər kəsi və o cümlədən millətimizi təbrik edirəm.
Nazirlər Kabinetinin hesabatı ilə bağlı fikir söyləməyəcəyəm, çünki onun lehinə səs verəcəyəm. Həm də o amili nəzərə alıram ki, 1 ay sonra Nazirlər Kabineti həm seçkilərin nəticələrindən çıxış edərək, eyni zamanda, Konstitusiyaya uyğun olaraq istefaya gedəcəkdir və onun tərkibi yenidən formalaşacaqdır. Bu həm də o deməkdir ki, hər kəsin yerini qoruyub saxlaması təkcə 1 ilin fəaliyyəti kontekstində deyil, çox əminəm ki, son 5 ilin çərçivəsində veriləcək. O cümlədən Azərbaycanın hazırkı və gələcək iqtisadi, siyasi, təhlükəsizlik çağırışları əsasında onların fəaliyyəti dəyərləndiriləcək. Ancaq  seçkilərə cəmi 26 gün vaxt qalır. Ölkədə daxili sabitlikdir. Azərbaycan əsgəri də səngərdə ona olan  hər hansı xarici təhlükələri qarşılayır. Sabitliyin ictimai-siyasi ölçüsü hamımızı qane edir.  Bununla fəxr edirik. Amma sakitlik məni narahat edir. Ona görə ki, ölkənin xaricindən deyilən müsbət rəylərlə yanaşı, mənfi rəylər də var.  Xaricdən müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən himayə olunan, yönləndirilən və kütləvi informasiya vasitələri üzərindən həyata keçirilən və bunu kütləvi qırğın vasitəsi kimi nəzərdə tutan, dövlətin müqəddəsliyinə, böyüklüyünə xələl gətirmək istəyən dairələrin fəaliyyətinə reaksiya vermək istəyirəm. Düşünürəm ki, əlbəttə, bu təkcə dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır. Ümumi ictimai-siyasi məkanımızı təhqir notlarına bürümək üçündür. Təhqiri siyasi həyatın elementinə çevirmək üçündür. O üzdən Azərbaycanın hər bir insanından, xüsusilə də ümumi ictimai missiya daşıyıcısı olan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm.
Birinci növbədə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət edirəm. Düşünürəm ki, hər kəsə bəllidir, müstəqillik dövründə şeyx həmişə dövlətin, dövlətçiliyin yanında olubdur. Ən müxtəlif dövrlərdə biz bunun şahidi olmuşuq. Ulu öndər də bunu  yüksək dəyərləndirmiş və şeyxin özünə qarşı olan hücumlarda öz sözünü, mövqeyini göstərmişdi. Bəli, din dövlətdən ayrıdır. Amma hər zaman belə düşünürük ki, din dövlətsiz, dövlət də dinsiz ola bilməz. Ona görə də şeyx başda olmaqla bütün  inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram. Mədəniyyət adamlarımıza, incəsənət  xadimlərimizə səslənirəm, bunların hər biri sizə  qarşıdır. Bu fəaliyyəti, sadəcə, seyrçi olaraq müşahidə  eləmək olmaz. Bu, hər birimizdən vətəndaş mövqeyi tələb edir.  Ulu öndərin bu mənada sözünü xatırlatmağı özümə borc sayıram: “Bu məsələlərdə mövqeyinizi göstərin. Düşünməyin ki, bu yalnız konkret şəxslərin missiyasıdır, ya hakim partiyada bəlli insanların  vəzifəsidir və ya sosial mediada konkret kimlərinsə işidir. Xeyr. Hər kəsdən bu məsələlərdə mövqe tələb olunur. Belə olan halda  siz səngərdə dayanan əsgərlərin yanında dayanmış olacaqsınız”. Yəni hesab edin ki, informasiya məkanı da bir vuruş meydanıdır və siz orada ölkə əleyhinə fəaliyyət aparan qüvvələrə etirazınızı bildirməlisiniz.
Cənab Sədr, bu şəraiti mənə yaratdığınıza görə çox təşəkkür edirəm. Bir daha Sizə minnətdaram və bu sənədə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahibə Qafarova.
S.Qafarova. Çox sağ olun. Hörmətli cənab Sədr,  hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və həmkarlar!  Düşünürəm ki, təqdim olunan hesabat Azərbaycan hökumətinin 2017-ci ildəki fəaliyyətini dolğun əks etdirir. Hesabatda hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Həmçinin ölkə həyatının bütün sahələri üzrə inkişaf göstəriciləri də hesabatda aydın şəkildə verilib. Qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti ötən ildə də öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib və Azərbaycanın sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verib. 
Hesabatdan da göründüyü kimi, Azərbaycanın sürətli inkişafını hədəfləyən çoxşaxəli islahatlar 2017-ci ildə də uğurla davam etdirilib. Ölkənin inkişafını ifadə edən bütün statistik göstəricilərdə artım müşahidə olunur. Həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi dayanıqlıq və sabitlik qorunub. Ötən il ölkənin iqtisadi imkanlarının genişləndirilməsi fonunda sosial sahəyə diqqət daha da artırılıb, əmək haqqı və pensiyaların məbləğinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Təhsil, səhiyyə infrastrukturunun  yenilənməsi, yeni məktəblərin, müasir tibb ocaqlarının tikilməsi prosesi davam edir. Ölkədə qeyri-neft sektorunun üstün inkişafı, informasiya-kommunikasiya  texnologiyalarının tətbiqinin genişlənməsi, inklüziv inkişafla bağlı atılan addımlar Azərbaycanın qarşıya qoyduğu hədəflərin reallaşmasında mühüm əhəmiyyətə malikdir.
2017-ci ildə xarici siyasət sahəsində Azərbaycanın milli maraqlarının qorunması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsaslı uğurlar qazanılıb. Nazirlər Kabinetinin hesabatında ötən il ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi yönümündə görülmüş tədbirlərin geniş şəkildə işıqlandırılması mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin qazandığı nailiyyətləri şərtləndirən vacib amillərdən biri, şübhəsiz, xarici siyasətlə daxili siyasətin bir-birini uğurla tamamlamasıdır. Ölkə daxilində iqtisadi, sosial, siyasi, humanitar və digər  bütün sektorlar üzrə qazanılan nailiyyətlərin xarici siyasətdə də ardıcıllıqla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasi kursun nə qədər əhəmiyyətli və praqmatik olduğunu göstərir. Azərbaycan bu gün sabit, dinamik inkişaf edən, dünyada sülh və təhlükəsizliyə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa mühüm töhfələr verən, müstəqil xarici siyasət yürüdən və bir çox mühüm beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edən dövlət kimi özünü təsdiq edib. Təkcə 2017-ci ildə ölkəmizdə beynəlxalq forumlar, iqtisadi və siyas mövzuda konfranslar, idman sahəsində mühüm yarışlar, İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunaraq bir daha Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi.
Son olaraq mən nəyi qeyd etmək istərdim? Ötən ilin uğurlu nəticələri bir daha təsdiq edir ki, Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu  inkişafın əsasında isə dövlət başçısı möhtərəm Prezident  cənab İlham Əliyev tərəfindən uğurlu uzaqgörənliklə reallaşdırılan praqmatik siyasət dayanır. Mən hesabata səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.  
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və  millət vəkilləri! Mən Azərbaycanın dəyərli dövlət xadimi, çox hörmət bəslədiyim Artur müəllimin hökumətin hesabatı ilə bağlı çıxışında göstərilən bir sıra məsələləri təkrar etmək fikrində deyiləm. Həqiqətən də,  neft sektorunda bağlanan müqavilələr, Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsi ilə ölkənin qarşısında dayanan perspektivlər, “ASAN xidmət”  kimi bir modelin Azərbaycanda tətbiq olunması müsbət ənənədir. Hətta Azərbaycanda bu gün ən üzə çıxarılası və fəxr ediləsi məsələlərdən biri qaçqın və məcburi köçkünlər üçün böyük infrastrukturun yaradılmasıdır.  Bakıdakı şəraitdən daha mükəmməl şəraitə malik olan rayonlarda qaçqın şəhərciklərinin salınması, orada olan məktəblərin və səhiyyə obyektlərinin səviyyəsinin, dediyim kimi, Bakıda olan səviyyədən qat-qat  yüksək olması kimi hallar hökumətin gördüyü müsbət işlərdir. Amma müsbət işlərlə yanaşı, hesab edirəm, görülməyən işlər də var. Bunların qeyd olunması vacibdir ki, gələcəkdə hökumət öz fəaliyyətində bunları nəzərə alsın. 
Ümumiyyətlə, birinci, mən nəyi nəzərdə tuturam? Bu hesabatın forma və məzmununun dəyişməsinin vacib olduğunu düşünürəm. Bu hesabat, sadəcə, irihəcmli mətnlərdən ibarət olmamalıdır, hökumətin sosial-iqtisadi həyatın ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı  bəyan etdiyi hədəf göstəricilərinin hesabatı kimi ortaya çıxarılmalıdır. Məsələn, hökumət məktəbəqədər təhsilin əhatə səviyyəsini, yaxud da minimum əmək haqqının orta əmək haqqına nisbətinin əvvəlki illə müqayisədə  hansı həddə çatdırmağı özünün hədəf seçdiyini burada göstərməlidir. Əgər faktiki nəticə başqa cürdürsə,  hesabatdan kənarlaşma amilləri varsa, mütləq bunun səbəbləri barədə  hesabatda  izahat verilməlidir. Bu yanaşma hökumətin Milli Məclisə təqdim etdiyi hesabatın keyfiyyət və nəticə əsaslı hesabat olması demək olacaqdır.
Digər tərəfdən, burada ən müsbət ənənələrdən biri deputatların qaldırdıqları təkliflərə, məsələlərə münasibət və bunun  bəndlər üzrə verilməsidir. Amma burada təqdim olunan sənədlərdə mütləq verilən təkliflərə ya əsaslı cavab verilir, ya da cavab vermək mümkün deyilsə, o təklifi orada səsləndirmirlər, o qrafanı boş buraxırlar. Məsələn, mən bir nümunə oxumaq istəyirəm. Deputatların “israfçılıq o həddə çatıb ki, bəzi nazirliklərdə 10 milyon manat civarında təmir işləri görülür, 10 milyon manata 3 kənd salmaq mümkündür, 30 məktəb binası tikmək olar” təklifinə cavabda göstərilir ki, 2017-ci ildə Azərbaycanın müdafiə xərcləri 15 faiz dövlət büdcəsindən ayrılma hesabına müəyyən olunur, 2016-cı illə müqayisədə 19 faiz çoxdur. Orada israfçılıqdan, burada isə müdafiə xərclərinin artırılmasından söhbət gedir. Bunun məsələyə nə aidiyyəti var? Yəni deputatlara təqdim olunan sənəddə bu kimi məqamlara ciddi diqqət yetirilməlidir. Əgər 10 milyon əhəmiyyətsiz puldursa, onda həmin pul lazımi yerlərə ayrılsın. Bu gün vətəndaşların mənzillərində, özəl mülklərində qaçqın və köçkün vətəndaşlarımız qalmaqdadırlar, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində nə qədər çox addım atılırsa da, yetərli səviyyədə deyil. O vəsait müvafiq qurumlara ayrılsın və orada qaçqınlar üçün şərait yaradılsın. Həmin qaçqın və məcburi köçkünlərin yaşadığı özəl mülkiyyətlərin aid olduğu yerlərə görə vətəndaş həm əmlak vergisi, həm də torpaq vergisi ödəyir. Yəni vətəndaş orada istifadə edə bilmədiyi sahələrə görə də pul ödəyir. Yaxud da keçən dəfə bu məsələ qaldırılmışdı ki, hərbiçilərin evlərində belə məcburi köçkünlər yaşayırlar. Biz müharibə aparan dövlətik. Necə ola bilir ki, həmin insanların mənzillərlə təmin olunmasını yekunlaşdıra bilmirik. Çünki vəsait azdır. Buraya vəsaiti artırmaq lazımdır ki,  bu problem tamamilə bitsin. Ən azı, hərbiçi öz evində, özünə məxsus olan, qanuni haqqı çatan evində öz yaşayışını təmin edə bilsin.
Digər tərəfdən, diaqnostik qiymətləndirmə mexanizmi ilə orta məktəb müəllimlərinin əmək haqqı səviyyəsinin orta hesabla 50 faiz artırılmasına imkan verildiyi vurğulanır. Nəticədə dövlət sektorunda çalışan yüksək ixtisaslı həkimlərlə təhsil işçilərinin rəsmi maaşları arasında kəskin fərq yaranır. Nəzərə alsaq ki, dövlət səhiyyə sistemində onsuz da öncədən məvaciblər çox az idi, sosial sahənin iki seqmentinin arasında belə kəskin fərqin yaranması sosial baxımdan ədalətli deyil. Bu təbəqələrin maraqlarını düşünməliyik, aşağı maaşlı müəllimdən yüksək səviyyəli təhsil tələb eləmək imkanı yoxdur və ona görə də müəllimin və ya həkimin özünün də yüksək səviyyədə vətəndaşa xidmət etmək imkanı olmur. Bu maaşların artırılması imkanlarını axtarıb tapmaq lazımdır. Çünki bunun nəticəsində Azərbaycan vətəndaşı şikəst olur. Müalicədən kənarda qalan öz vətəndaşımız olur. Sonra, diaqnostik qiymətləndirməyə əsasən orta məktəb müəllimlərinin maaşlarının artırılması, təbii ki, müsbət addımdır. Lakin burada vacib bir məqam var, orta təhsil sistemində elə bir sistem hazırlanmalıdır ki, həm diaqnostik qiymətləndirmə nəticəsində fərqli nəticə göstərən, həm də tədris prosesində fərqli performansı olan müəllimlərin maaşları  diferensiallaşsın. Məsələn, şagirdləri olimpiadada, müxtəlif bilik yarışmalarında, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən müəllimlərin əldə etdiyi nəticələr tarif maaşlarına müxtəlif əlavələr formasında həmin müəllimlərin yekun əmək haqqında öz əksini tapsın.
Digər məsələ kənd təsərrüfatı ilə bağlıdır. Bir sıra ölkələrdə benzinin qiyməti ilə südün qiyməti təqribən üst-üstə düşür. Bizdə benzinin qiyməti 90 qəpikdir, südün qiyməti isə 1,50 qəpikdən yuxarıdır. Orta məktəblərdə süd ilə bağlı dəfələrlə məsələ qaldırılıbdır. Türkiyədə bu kampaniyanın keçirilməsi nəticəsində boy artımı son 3 ildə 6 faiz artmağa başlayıb. Çünki hər məktəbliyə hər gün süd içirmə kampaniyası keçirilir. Bizdə isə adi vətəndaşın bu qiymətə süd alması problemdir. Ona görə də regionların inkişafında bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Fermer və ailə təsərrüfatından südün zəmanətli qiymətlər əsasında emal müəssisələri tərəfindən  alınması ilə bağlı təşviq mexanizmlərinə ehtiyac var. Məsələn,  bu gün müsbət haldır ki, pambıq zavodları kəndlilərlə hələ əkin dövrünün başlanğıcında müqavilələr bağlayırlar. Bu mexanizm meyvə-tərəvəz yetişdirən, mal-qara saxlayan fermerlərlə emal zavodları arasında  da yaradılmalıdır. Eyni zamanda, kənd təsərrüfatı sığortası elə çalışmalıdır ki, həm emal müəssisələri, həm də fermerlər təbii fəlakət və gözlənilməz hadisələr nəticəsində kənd təsərrüfatı məhsullarının itkisinə görə kompensasiya ala bilsinlər. Belə zəmanətli və sığortalı kənd təsərrüfatı münasibətlərinin kiçik fermerçiliyin inkişafına ciddi təkanı ola bilər. Nəzərə alsaq ki, 250–400 min ailə kəndlərdə kiçik təsərrüfat hesabına yaşayır, bunun müsbət nəticələri mütləq olacaq. Kənd təsərrüfatı sahəsinə kifayət qədər vəsait ayrılması vacibdir. Çünki ixracyönlü məhsullarımızın bir qismi bu sahə ilə bağlıdır. Bu sahədə xeyli müsbət işlər  görülür. Son vaxtlar  kəndlərə bürokratik əngəllər olmadan müəyyən gübrələrin çatdırılması, avadanlıqların verilməsi məsələsində müsbət ənənə var. Amma bu ənənə nəticəyə doğru yönəlik müəyyən məsələləri ortaya qoymalıdır.
Digər tərəfdən, son vaxtlar Bakı şəhərində bu pilot layihələr ilə bağlı məsələ narahatedici amilə çevrilməyə başlayıb. Müsbət haldır. Köhnə binalar sökülür, yeniləri tikilir. Vətəndaşlara kirayə pulu verilir. Amma bu binaların vaxtında tikilməsinə kim zəmanət verir? Bu  binalar vaxtında inşa olunub başa çatdırılmasa, vətəndaşın kompensasiyasını kim ödəyəcəkdir? İcra başçılarının əlində bu vəsait yoxdur. Bu yenə dövlət büdcəsinin üzərinə düşəcək. Ona görə də belə mexanizm kütləvi şəkildə tətbiq eləməyin, məncə, böyük riskləri ola bilər. Yəni bir neçə yerdə oldusa, bunun nəticələrini gözləmək lazımdır. Əgər müsbət nəticələri varsa, onda bütün şəhəri söküb onun yerində pilot layihələr ilə binalar tikmək olar. Amma hər yanda bu söküntünü aparıb,  riskini kim üzərinə alacaqdır, bu da olduqca ciddi problemlərdən biridir.
Bütövlükdə mən hesab edirəm, hökumətin gördüyü çox sayda müsbət işlər ilə yanaşı, görməli olduğu, yəni görülməsi mümkün olan işlər də var. Məsələn, pul məsələsində sabitliyin qorunması kifayət qədər iqtisadiyyatın canlanmasına səbəb oldu. Vaxtında bu tədbirlərin görülməsi daha uyğun idi ki, bu qədər problem yaşanmasın və devalvasiyaya görə vətəndaşların böyük əksəriyyəti bank borcları içində qalıb ya intihar etməsinlər, ya da  bu gün hüquq mühafizə orqanlarının qapılarında sürünməsinlər. Bu cür problemlərin həlli istiqamətində hökumət konkret addımlar atmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Çox hörmətli cənab Sədr və hörmətli millət vəkilləri! İlk növbədə çox dəyərli dövlət adamımız, hörmətli Artur müəllim Rasizadə başda olmaqla hökumət üzvlərinə dərin hörmət və ehtiramımı bildirirəm. Hörmətli Oqtay müəllim, bu salonun səviyyəsi çox yüksək olduğu üçün hesab edirəm ki, hökumətimizin hesabatına detallarla  deyil, cəmiyyətimizin bu günü, dövlətimizin bu günü və gələcəyin inkişafı baxımından prinsipial məsələlər üzrə qiymət  və müxtəlif sahələr üzrə təkliflər verməliyik. Mən hökumətimizin hesabatına təməl prinsipləri ilə qiymət verib bəzi mülahizələrimi bildirmək istəyirəm. İlk növbədə demək istəyirəm ki,  hörmətli Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi və yürütdüyü siyasətin həyata keçirilməsi nəticəsində bizim tariximizdə indiyə qədər rast gəlinməyən bir ilkə imza atılıb. O nədən ibarətdir? Tariximizdə ilk dəfə olaraq göstərildi ki, dünya siyasətində mühüm rol oynamaqdan ötrü ölkənin ərazisinin böyüklüyü və əhalisinin çoxluğu önəmli deyil. Ölkənin ərazisi kiçik ola bilər, əhalisi az ola bilər və buna baxmayaraq, o, dünya siyasətində mühüm rol oynaya bilər. Bunu bizim tariximizdə ilk dəfə cənab Prezidentimiz etdi və Azərbaycanı şəbəkə dövləti, şəbəkə ölkəsi halına gətirdi. 14 ildə Azərbaycanda ən böyük təməl bundan ibarətdir. Bu bizim millətimizin bu günü,  sonrakı tarixi və həyatı üçün ən mühüm prinsipial bir məsələdir. Bizim üçün bu gün cəmiyyətimizi düşündürən məsələlər hansılardır?
Birinci, qaçqınların və məcburi köçkünlərin  sosial məsələləri. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cənab Prezidentin müəyyənləşdirdiyi xətti Əli müəllim Həsənovun rəhbərliyi altında ən yaxşı bir şəkildə həyata keçirdi. Bu gün bizim hər bir məcburi köçkünümüz başa düşür ki, onun üzərində cənab Prezidentin qayğısı var.
İkinci məsələ insanlarımızın özlərinin məşğulluğunu təmin etməsidir. Son illərdə əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Səlim müəllim Müslümov tərəfindən görülən işlər müstəsna dərəcədə böyük əhəmiyyət daşıyır.
Üçüncü toxunacağım məsələ Azərbaycanın şəbəkə ölkəsi olaraq nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsidir. “Şimal–Cənub” və “Şərq–Qərb” dəhlizinə çevrilməsidir. Bu, sadəcə, nəqliyyat dəhlizi deyil, özü ilə  Azərbaycan insanına, vətəndaşına xeyir gətirən böyük bir layihədir. Bu, Azərbaycandan ayrı düşmüş Naxçıvanı dünyanın mərkəzi halına gətirən bir layihədir. Bununla əlaqədar olaraq cənab Prezidentimizin tapşırıqlarını çox vicdanla yerinə yetirən həmkarımız Cavid müəllim Qurbanovun xidmətlərini burada deməyi özümə borc bilirəm.
Konkret sahələr üzrə də öz təkliflərimi söyləmək istəyirəm. Hesab edirəm ki, hörmətli cənab Baş nazirimiz və hörmətli hökumət üzvlər diqqətə alarlar. Birinci, biz mütləq yerli və yüngül sənayeni inkişaf etdirməyə xüsusi diqqət yetirməliyik. Bu özü ilə xammal tələbatı gətirəcək. Özü ilə müvafiq sahənin inkişafını gətirəcək. Bu, sosial problemlərin həllini təmin edəcək. Məsələn, son vaxtlar cənab Prezidentimizin xalçaçılığın inkişafı ilə bağlı qəbul etdiyi tədbirləri ən əhəmiyyətli hesab edirəm.
Dördüncü məsələ ərzaq məsələsidir. Ölkəmizdə istehsal olunan məhsulları  xaricdən  kim gətirmək istəyirsə, həmin məhsulların üzərinə yüksək rüsum qoyulmalıdır. Mən proteksionizm eləmək istəmirəm. Bunun bəzi beynəlxalq tərəfləri var. Amma biz daxildə istehsalımızı, istehlakçımızı və bazarımızı qorumalıyıq. Məndən əvvəl hörmətli deputat həmkarımız Hikmət müəllim söylədi. Bu, eyni zamanda, ərzaq təhlükəsizliyidir, əhalinin sağlamlığı məsələsidir.
Beşinci toxunacağım məsələ maliyyə nəzarəti məsələsidir. Ən ciddi şəkildə maliyyə nəzarəti həyata keçirilməlidir. Bizim İqtisadiyyat  Nazirliyimiz Mədəniyyət və Turizm Nazirliyi ilə oturub bir hesabat aparmalıdır, mühasibatlıq eləməlidir. Bizim ölkədən ildə xaricə  sanatoriya və kurortlara nə qədər insan gedir, nə qədər vəsait xərclənir və ölkəmizdən nə qədər vəsait çıxır. Təbiidir ki, Azərbaycan demokratik bir ölkədir. Biz bunun qarşısını ala bilmərik. İnsanlarımız gedəcəklər. Bu, insanlarımızın həyat şəraitinin yaxşılaşması ilə bağlıdır ki, gedirlər. Amma biz bunun alternativlərini düşünməliyik. Nədir onlar? Məsələn, bizim Həmkarlar İttifaqları Şurası çox gözəl Şıx sanatoriyasını yaradıb. Dünyanın bir neçə ölkəsindən oraya insanlar gəlir. Yəni bunu eləmək olar. Hesab edirəm, hökumətimiz bu sahədə addımlar atmalıdır ki, bizim vəsaitimiz getməsin, əksinə, xaricdən bizə gəlsin.
Toxunacağım digər bir məsələ bəlkə də sizə qəribə gələcək. Bu, tarlaqoruyucu meşələrin salınmasıdır. 1970-ci illərdə bu var idi. Kənd təsərrüfatı inkişaf eləyirsə, mütləq tarlaqoruyucu meşələr olmalıdır. Bunu kənd təsərrüfatı ilə məşğul olanlar, meşəçilik ilə məşğul olanlar çox yaxşı bilirlər. Hesab edirəm ki, bizim Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu sahəyə də diqqət eləməlidir. Çox böyük işlər görülür. Amma tarlaqoruyucu meşələrin salınması, mənim fikrimcə, kənd təsərrüfatının inkişafına və məhsuldarlığın artırılmasına kömək göstərə bilər.
Sonra, bir məsələni də söyləmək istəyirəm. O nə ilə bağlıdır? Yardımlının tarixində ən böyük inkişaf cənab Prezidentimizin oraya ayaq basması ilə olub. Hörmətli Saleh müəllim burada iştirak eləyir. Saleh  müəllim, Osnakəran kəndində Yardımlı–Hamarkənd–Abbasabad yoluna cənab Prezidentimiz vəsait ayırdı, o yol tikildi. Bu ərazidə 10 mindən yuxarı əhali yaşayır. 2 il keçməyib, amma o yol dağılır. Bu gün  əgər oraya bir neçə min manat vəsait qoyulacaqsa, o yol təmir olunacaq. İnsanların gözündə yol mədəniyyətdir, dövlətdir, hakimiyyətdir. Cənab Prezidentimizin xüsusi sərəncamı ilə çəkilən  bir yoldur. Böyük bir qovşaqdır. Bunu eləmək lazımdır. Mən sizdən xahiş edirəm və hesab edirəm ki, siz bunu eləsəniz, bizə də qalaq-qalaq məktub gəlməz. Mən hökumətimizin hesabatını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, çox böyük iş görülüb, bayramlarını da təbrik edirəm. Hörmətli cənab Sədrimiz, Sizə də minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Mən də hesab edirəm ki, hökumətin ötənildəki fəaliyyəti uğurlu olmuşdur. Ölkədə möhkəm ictimai-siyasi sabitlik təmin edilmiş, makroiqtisadi dayanıqlıq daha da güclənmişdir. İqtisadiyyatımızın, demək olar ki, bütün sahələrində artım müşahidə olunmaqdadır. Həm ümumi daxili məhsulda, həm də dövlət büdcəsindəki artım əhalimizin sosial müdafiəsinin güclənməsinə yönəlmişdir. Ümumi daxili məhsulun üçdə ikisindən çoxunun qeyri-neft sektorunun payına düşməsi və bu sektorda formalaşması regionlarımızın hərtərəfli inkişafına bir sübutdur. Xüsusilə qeyri-neft sektorunun kənd təsərrüfatı, turizm, nəqliyyat  sektoru ötən il çox uğurla fəaliyyət göstərmişdir. Mən kənd təsərrüfatı sektorunda son illərdə görülən işləri çox yüksək qiymətləndirirəm. Cənab Prezidentin bu sahəyə  xüsusi diqqəti və qayğısı vardır. İnvestisiyalar ayrılır. Müvafiq icra hakimiyyəti orqanları öz işlərini kifayət qədər uğurla həyata keçirirlər. Bu təkcə Azərbaycanda ərzaq bolluğu yaradılması məsələsi deyil. Eyni zamanda, kənd yerlərində yaşayan insanların kənd təsərrüfatı sektorunda məşğulluğunun təmin edilməsidir. Ərzaqla, qida məhsulları ilə bağlı Azərbaycanın idxaldan asılılığı aşağı salınmışdır. Hətta son illərdə Azərbaycan məhsulları Azərbaycan brendi adı altında dünya ölkələrinə də ixrac olunmaqdadır.
Ötən il Bakı–Tbilisi–Qars dəmir yolunun açılmasını da çox yüksək qiymətləndirirəm. Bu, Azərbaycana təkcə iqtisadi dividendlər gətirmir, həm də  Azərbaycanın çox böyük siyas avantajıdır. Bu dəmir yolu xəttinin açılması Azərbaycanı dünyanın aparıcı nəqliyyat dövlətlərindən birinə çevirməkdədir. Bu günlərdə bizim hörmətli iqtisadiyyat nazirimiz və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Tehranda oldular. İranda çox vacib görüşlər keçirtdilər və o müqavilənin nəticəsində  Azərbaycan Fars körfəzi ilə Fin körfəzini birləşdirəcək “Şimal–Cənub” Nəqliyyat Dəhlizinin aparıcı bir dövləti kimi özünü dünyaya  təqdim edəcəkdir. Cənab Prezident son zamanlarda Bakı dəmir yolunun yenidən qurulmasından ötrü 100 milyon manatdan çox vəsaitin ayrılması ilə bağlı sərəncam verdi. Bu təkcə Bakının deyil, bütün Abşeronun ətraf kəndlərinin də nəqliyyat və sosial problemlərinin həllinə ciddi təkan olacaqdır.
Ötən il sosial müdafiə sahəsində, əhalinin məşğulluğu sahəsində, ünvanlı sosial yardımlar üzrə məşğulluq proqramları sahəsində aztəminatlı insanların, xüsusilə Qarabağ əlillərinin, şəhid ailələrinin, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər də diqqətəlayiqdir və bunları da yüksək qiymətləndirirəm.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, biz strateji yol xəritələrində 2025-ci ildə orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasındakı nisbətin 60 faizə çatdırılmasını qarşıya məqsəd qoymuşuq. Hələlik minimum əmək haqqı orta aylıq əmək haqqının 24 faizini təşkil edir və beləliklə, 2025-ci ildə  bu məqsədə çatmaq üçün hər il minimum əmək haqqı orta aylıq əmək haqqına ən azı 5 faiz artımla yaxınlaşmalıdır. Eyni zamanda, hesab edirəm ki, müəllim və tibb işçilərinin, həkimlərin minimum əmək haqlarının orta aylıq əmək haqqına çatdırılması barədə hökumət düşünməlidir.
Səhiyyəmizin son illərdəki uğurları keçən ildə də davam etmişdir. Yeni-yeni tibb müəssisələri tikilmiş, yaxud əsaslı şəkildə təmir olunmuşdur. Tibb müəssisələrinin sayı 30-dan çoxdur. Tibbin son texnologiyaları uğurla tətbiq olunmaqdadır. Kadr təchizatının təminatı ildən-ilə yaxşılaşır. Xüsusilə cənab Prezidentin tapşırığı ilə əhalinin dispanserizasiyasının uğurla həyata keçirilməsini qeyd etmək istəyirəm. Bu, səhiyyənin profilaktik istiqamətidir. Hər il 5 milyondan çox vətəndaşımız icbari dispanserizasiyadan keçməklə öz sağlamlığını təmin etmiş olur. Elektron səhiyyə mərkəzinin işləməsi vətəndaşlarımızın bir çox sağlamlıq və sosial problemlərinin həllinə müsbət kömək göstərir. Səhiyyədən danışarkən mən Səhiyyə Nazirliyi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlığını xüsusi qeyd etməliyəm. Məhz bu əməkdaşlıq sayəsində Azərbaycanda son illərdə infeksion xəstəliklərin azaldılması istiqamətində çox mühüm işlər görülmüşdür. Aparılan işlər nəticəsində Azərbaycan əhalisinin fasiləsiz keyfiyyətli su ilə təminatı xeyli yaxşılaşdırılmışdır. Məhz suyun keyfiyyətinin yaxşılaşdırılması əhalinin sağlamlığında aparıcı rol oynayır. Son 3 ildə suyun bakterioloji çirklənməsi 15,7 faizdən 3 faizə düşmüşdür. Fiziki-kimyəvi çirklənmə isə 7 faizdən 0 faizə  düşmüşdür.
Mən səhiyyənin uğurlarından danışarkən şəkərli diabetə diqqəti cəlb eləmək istəyirəm. Hazırda Azərbaycanda 240 minə qədər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Şəkərli diabet bu gün dünyanın bir nömrəli xəstəliklərindən birinə çevrilməkdədir və təəssüf olsun ki, ölüm hallarına görə onkoloji və ürək xəstəliklərindən sonra 3-cü yerdə şəkərli diabet gəlir. Hər il Azərbaycanda 20 min insan ilkin şəkərli diabet xəstəsi kimi qeydiyyata alınır və mən hörmətli hökumət üzvlərindən xahiş edərdim ki,  dövlət büdcəsi hazırlanarkən şəkərli diabetə ayrılan vəsaitin artırılması nəzərdə tutulsun. Çünki son 3 ildə şəkərli diabetə ayrılan vəsait 36 milyon olaraq qalır. Ancaq hər il bizim insanlarımızın həm tələbatı artır, həm də bu xəstələrin sayı artmaqdadır. Eyni zamanda, şəkərli diabetin müalicəs tam dövlət vəsaiti hesabına həyata keçirilir və bu insanların dərman təminatı da dövlət vəsaiti hesabına ödənilir. Amma dünyanın aparıcı ölkələrinin çoxu artıq insan insulinindən imtina edib modern insulinə keçməkdədirlər. Azərbaycana da modern insulin gətirilir. Amma uşaqlara, vəziyyəti ağırlaşmış xəstələrə verilir, yəni əhalimizi tam əhatə etmir. Çox arzu edərdim ki, gələcəkdə Azərbaycana da son analoq insulinlər, son modern insulinlər gətirilsin ki, bunların həm ağırlaşmaları azdır, həm də  xəstəliyin qarşısının vaxtında  alınmasında  mühüm rol oynayır. Sonra, icbari tibbi sığorta ilə  bağlı mən inanıram ki, gələn il biz bu modeli bütün ölkə  üzərində tətbiq edəcəyik. Bununla  bağlı görülən lazımi işləri yüksək qiymətləndirirəm.
Çıxışımın sonunda təmsil etdiyim Gəncə şəhəri ilə bağlı bir neçə kəlmə söyləmək istəyirəm. Bütün hökumət üzvlərinə  seçicilərim adından minnətdarlığımı bildirirəm. Deputat həmkarlarım da bu fikirdədirlər ki, cənab Prezidentin  diqqəti və hökumətimizin qayğısı sayəsində Gəncə özünün intibah dövrünü yaşayır. Gəncədə çoxlu sayda iş yerləri, obyektlər açılır, o cümlədən sosial obyektlər açılır, şəhər gözəlləşir və ölkənin ikinci şəhəri, doğrudan da, intibah dövrünü yaşayır. Bununla əlaqədar iki təklif irəli sürmək istəyirəm. Birinci, Gəncə Aqrar Universitetinin təcrübə bazası kifayət qədər geniş deyildir. Bu məsələni vaxtilə deputat həmkarım Naqif Həmzəyev də  parlament iclasında qaldırmışdı.  Aqrar Universitetin tələbələrinin işi öyrənməsi üçün sahələr lazımdır. İstər bitkiçilik, istər meyvəçilik, istərsə də heyvandarlıqla bağlı torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsini xahiş edərdim. 
Heydər Əliyev adına Gəncə parkı öz böyüklüyünə görə dünyanın ilk beşliyində olan parkdır və Avropanın ən böyük parklarından biridir. Çox gözəl parkdır. Parkın sahəsinin genişləndirilməs və şəhər ətrafında böyük yaşıllıq zolağının salınması üçün xeyli potensial var. Torpaq sahələrinin ayrılması üçün hökumət lazımi tədbirləri görsə yaxşı olardı. Sonda bir daha hökumətimizə uğurlar  arzulayıram. Hər kəsin bayramını təbrik edirəm və hökumətin ötən ildəki fəaliyyətini qənaətbəxş hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Bu gün Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair müzakirə etdiyimiz hesabat çox mükəmməl hazırlanmış bir sənəddir. Bütün sahələr üzrə yığcam şəkildə ətraflı məlumat verilibdir. Nazirlər Kabinetinin  2018-ci ildə 2017-ci ilin nəticələrinə görə aparılmış müzakirələrində cənab Prezident çox ətraflı, geniş qiymət verib. 2017-ci ildə, həqiqətən də, Azərbaycan iqtisadiyyatın bütün sahələrində çox böyük nailiyyətlər əldə edib. Artıq iqtisadiyyatımızın  dayanıqlı, davamlı inkişafı,  rəqabət qabiliyyəti təmin edilibdir və Azərbaycanda bütün sahələrdə daxili məhsulun inkişafına investisiyaların yatırılması, sağlam biznes mühitinin  yaradılması, kiçik və orta sahibkarlığa dövlət tərəfindən hərtərəfli diqqət və qayğının göstərilməsi, maliyyə dəstəyinin verilməsi öz nəticələrini artıq göstərir. Regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurla həyata keçirilməsi regionlarımızın inkişaf etməsinə, orada, eyni zamanda, kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələrinin də inkişafına xeyli təkan vermişdir.
Bu gün Azərbaycanda artıq azad iqtisadi zonalar, texnoparklar yaradılır. Bütün bunlar onu göstərir ki, Azərbaycanda bütün sahələrdə qarşıya qoyulmuş hədəflər və o istiqamətə yönəlmiş investisiyalar öz nəticələrini verməkdədir. Burada deputat həmkarlarım da qeyd etdilər, Azərbaycan 2017-ci ildə geniş bir layihənin həyata keçirilməsin başa çatdırdı. Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat dəhlizində Azərbaycanın müstəsna rolu var. Biz bilirik ki, “İpək yolu” layihəs tam başa çatdırıldıqda onun illik dövriyyəsi Polşa mütəxəssislərinin hesablamasına görə, təxminən 3 trilyon dollar təşkil edəcək. Burada Azərbaycanın bir tranzit ölkə kimi gəlirlərini təsəvvür etmək o qədər də çətin deyil. Əlbəttə, bunların hamısı Azərbaycanın gələcək inkişafına hesablanır və Azərbaycan xalqının daha  firavan həyatı üçün görülən   işlərdir.
Eyni zamanda, qeyd etmək istərdim ki, əhalinin gəlirlərinin artırılması, işsizliyin aradan qaldırılması, yoxsulluq səviyyəsinin aşağı salınması, minlərlə yeni iş yerinin açılması təkcə kəmiyyət göstəriciləri deyil, eyni zamanda, kəmiyyət göstəricilərinin keyfiyyətə keçməsinə, əhalinin daha keyfiyyətli həyat tərzi ilə təmin edilməsinə yönəlmiş tədbirlərdir. Strateji yol xəritələri iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 yol xəritəsini özündə ehtiva edir və burada əsas məsələlərdən biri insan kapitalının  və əlverişli biznes mühitinin inkişaf etdirilməsidir. Bu gün qeyri-neft sektorunun inkişafı, əlbəttə, təhsildən, elmdən keçir. Bu sahədə çox böyük işlər görülübdür. Burada o fikirlər səsləndirildi və hökumətin hesabatında bu sahədə görülmüş işlər barədə geniş, müfəssəl  məlumatlar var. Hesab edirəm ki, Azərbaycanın ən böyük sərvəti onun insan kapitalıdır ki, Azərbaycan hökuməti bu sahəyə çox böyük diqqət ayırır.
Səhiyyə sahəsində aparılan  islahatlar da göz önündədir. Burada deputat həmkarımın qeyd etdiyi kimi, tibbi sığortanın pilot layihə kimi həyata keçirilməsi artıq öz müsbət nəticələrini göstərir və güman edirəm ki, tezliklə bütün ölkədə tibbi sığortanın həyata keçirilməsi bu sahədə də qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına imkan verəcəkdir.
Bir məsələyə də diqqət yönəltmək istəyirəm. Bu gün elmlə, təhsillə iqtisadiyyatın, biznesin sırf əməkdaşlığı təmin olunur və ötən il Azərbaycan Milli Elmlər Akademiyasında texnoparkın yaradılması, elmin kommersiyalaşdırılması ilə bağlı dövlət başçımızın  imzaladığı sərəncam xüsusi tarixi bir əhəmiyyətə malik məsələdir. Burada deyildi, daxili bazarın qorunması, eyni zamanda, elmi nailiyyətlərin bilavasitə iqtisadiyyata tətbiq edilməsi, xüsusilə də bizim müdafiə qabiliyyətimizin artırılması ilə bağlı ordu quruculuğu sahəsində elmi nailiyyətlərimiz həddən ziyadə çoxdur və onların iqtisadiyyata tətbiqi istiqamətində  görülən işlərə diqqəti bir qədər də artırsaq, hesab edirəm ki, qeyri-neft sektorunun inkişafına böyük töhfə vermiş olarıq.
Ənənəyə sadiq qalaraq, Nazirlər Kabinetinin əvvəlki illərdə Milli Məclisdə hesabatı müzakirə edilən zaman deputatların qaldırdıqları məsələlər, verdiklər    təkliflər, tövsiyələr burada sadalanır. Bu çox yaxşı ənənədir, çünki müqayisə aparmaq mümkündür ki, hökumətlə Milli Məclis sıx əlaqədə işləyir və bizim bütün görəcəyimiz işlər yalnız dövlətin inkişafına, xalqın firavan həyatının təmin edilməsinə yönəlmişdir.
Bir məsələyə mən diqqəti yönəltmək istəyirəm. Azərbaycan iqtisadiyyatının göstəricilərindən biri ondan ibarətdir ki, o, dünyada öz iqtisadiyyatı,  vəsaiti hesabına 1 milyondan artıq məcburi qaçqın və köçkün üçün pulsuz, gözəl qəsəbələr salan, evlər tikən və bunları pulsuz olaraq insanlara verən yeganə dövlətdir. Əlbəttə, bu, Azərbaycan iqtisadiyyatının ən böyük uğuru və göstəricisidir. Təkcə  təmsil etdiyim Ağdam rayonu ərazisində indiyə qədər 20-yə yaxın çox gözəl, müasir qəsəbə tikilib və insanlar bu gün oraya qayıdırlar. İşğal  altında olmayan Ağdam ərazisində əgər əvvəllər 35 min insan yaşayırdısa, bu gün  görülmüş işlər nəticəsində əhalinin sayı 93 mini keçir. Bununla bağlı bir məsələni də qeyd etmək istəyirəm, o ərazi ilə tanış olanlar bilirlər ki, 4 yol deyilən bir yerdə əvvəllər bizim əsgərlər dayanırdılar, amma artıq görülmüş işlər nəticəsində Ağdama doğru həmin 4 yoldan da irəliyə gedərək yeni bir neçə qəsəbə tikilib və  təkcə Ağdamdan məcburi köçkünlərimiz deyil, digər rayonlardan olanlar da o gözəl qəsəbələrdə yerləşiblər, gözəl məktəblər var, orada musiqi məktəbləri də tikilib, bütün təchizatlarla da təmin edilibdir. Amma burada başqa bir məsələ var.  Bərdə şəhərindən Quzanlı qəsəbəsinə qədər gedən bir yol var, elə də böyük bir məsafə deyil. Bu yol üzərində təxminən 120 mindən artıq insan yaşayır. O yolun ətrafında bir qarış da boş torpaq yoxdur. Dövlətin qayğısı nəticəsində insanlar hər qarış torpağı əkirlər. Orada elə yerlər var, 2–3 dəfə əkin aparır, bir ildə 2 dəfə məhsul götürürlər. Buna görə də insanlar dövlətə minnətdardırlar və cənab Prezidentin bu qayğısını öz həyatlarında daim hiss edirlər. Amma o yol  bərbad vəziyyətdədir.  O bölgəni tanımayan insanlar o yola çıxanda, yəqin, düşünürlər ki, burada canlı həyat yoxdur. Ona görə hökumət bu məsələni də diqqətə alsa, yaxşı olar. 2018-ci ildə Bərdə–Quzanlı yolu yenidən salınsa, orada iqtisadiyyatın daha da canlanmasına, inkişafına öz töhfəsini verəcəkdir. Bütövlükdə mən hökumətin hesabatını yüksək qiymətləndirirəm və ona sonrakı fəaliyyətində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli hökumət üzvləri, dəyərli millət vəkilləri!  Yeni ilimiz artıq bir neçə aydır başlayıb. Biz təqvimin  yeni ilini başlamışıq, təbiətin yeni ilinin lap astanasındayıq və bu hündürlükdən arxada qalan ilə, 2017-ci ilə baxırıq və düşünürük ki, Azərbaycan 2017-ci il içərisində necə yaşadı. Zənnimcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildək fəaliyyəti haqqındakı hesabat Azərbaycanın 2017-ci ildə necə yaşaması barədə suala ən dürüst cavabdır. Bakıdakı tarixi, möhtəşəm binalardan birinin, indi Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” adlanan o imarətin üzərində vaxtilə, 1920-ci illərin əvvəllərində VII əsr müdrikinin bir fikri yazılmışdı: “Dünyanın qarışıqlığı təəccüblü deyil, təəccüblü olan insanın bu qarışıqlıqdan necə baş çıxarmasıdır”. İndi Azərbaycanın ümumi mənzərəsin nəzərdən keçirərkən, bu qarışıq dünyada ən müxtəlif cərəyanların, siyasi gedişatın, hərbi münaqişələrin   günbəgün artdığı bir əsnada Azərbaycanın dinamik, davamlı bir inkişaf yolu ilə irəliləməsi, əlbəttə ki, insanda iftixar hissi oyadır. Təqdim olunan hesabatda  görülmüş işlərin miqyası, sanbalı insanda təəccüb deyil, artıq iftixar və daxili məmnunluq duyğuları yaradır. 2017-ci ildə Azərbaycan hökumətinin səyləri ilə ən müxtəlif istiqamətlərdə böyük uğurlara çatılıb, Azərbaycan inkişaf etməkdədir. 2017-ci ildə görülmüş işlər haqqındakı hesabat həm də 2018-ci il üçün hazırlanmış cidd təməl deməkdir. Bu o deməkdir ki, biz 2018-ci ildə əlbəttə, bir addım da irəliləyəcəyik, ən müxtəlif sahələrdə Azərbaycan insanının həyatı daha firavan olacaq, Azərbaycan ölkə daxilində və dünya miqyasında daha böyük uğurlara imza atacaqdır.
Bu hesabatdakı ən müxtəlif istiqamətlər barədə  müsbət düşüncələri ifadə etmək olar. Bu gün biz hesabatı dəyərləndiririk. Ona görə də düşünürəm ki, biz arzularımızdan, niyyətlərimizdən, nəyin necə olması haqqındakı istəklərimizdən daha çox görülmüş işlərə qiymətlərimizi, dəyərlərimizi ortaya qoymalıyıq. Mən  qısaca olaraq mədəniyyətlə bağlı görülmüş işlər, mədəniyyətlə əlaqədar Azərbaycan hökumətinin apardığı siyasət, bu sahədə əldə olunmuş uğurlar barədə düşüncələrimi bölüşmək istərdim. Çünki mədəniyyət Azərbaycanı Azərbaycan edən, onu dünya miqyasında  tanıdan və ucaldan ən vacib dəyərdir. Mədəniyyət bizim o sərvətimizdir ki, biz onun təməlində,  bünövrəsində  dünyanın bizdən iqtisadi cəhətdən, hərbi cəhətdən, siyasi cəhətdən qat-qat böyük, müqayisə edilməz dərəcədə yüksək gücə malik olan ölkələri ilə üzbəüz dayana bilərik və üstünlüyümüzü isbat etməyə qadir olaraq. Baş nazirimizin babası Şeyx Məhəmməd Rasizadə Azərbaycanın böyük maarif xadimlərindən və ədiblərindən biri olub. Bu il onun da 140 yaşı tamam olur. Onun kiçik qardaşı dahi Hüseyn Cavid gələcək insanların mədəniyyətə sahibliyindən düşünərkən yazırdı: “Onlar mədəniyyətlə günəşlər yapacaqlar, keçmişlərə üstdən baxacaqlar”.  Mədəniyyət bir pyedestaldır ki, onun üstündə ucalan millət indiyə də, keçmişə də üstdən baxa bilər və bu ucalıqdan  dünyaya o boynu göstərə bilər. Hər şey müqayisələrdə özünü göstərir. Bu hesabatın içərisində Azərbaycan mədəniyyətini ölkə daxilində inkişaf etdirmək və beynəlxalq miqyasda qorumaq, yüksəltmək, daha artıq təmsil etmək, təqdim etmək səmtində görülən işlər barədə dəqiq faktlar, dəlillər var. Mən bir fakta əsaslanaraq müqayisədə Azərbaycanın nə qədər böyük uğura çatdığını diqqətə yetirmək istəyirəm.
2003-cü ildə biz YUNESKO-nun xətti ilə keçirilən bir toplantıda iştirak edirdik. Orada “Dünyanın maddi və mədəni irsi” adlı   konvensiyanın 30 illiyi qeyd olunurdu. Həmin vaxtlar Azərbaycan YUNESKO ilə əməkdaşlığının ilk addımlarını atırdı. O zaman  dünyanın maddi və mədəni irs siyahısında Azərbaycanla bağlı cəmi 2 nominasiya öz əksini tapmışdı. Onlardan biri Qız qalası, digəri İçərişəhər idi. İçərişəhər də təhlükə altında olan obyekt kimi qeydə alınmışdı. Amma bu gün YUNESKO-nun ən müxtəlif siyahılarında, konvensiyalarında Azərbaycanın böyük silsilə mədəni dəyərləri öz əksini tapır. Bunların sırasında ən yüksəkdə dayananı əlbəttə ki, Qobustan qoruğudur.  Qobustan qoruğu ilə bağlı  Mədəniyyət və Turizm Nazirliyi uzun illər boyu iş aparsa da, böyük uğura çata bilmirdi. Lakin 2007-ci ildə bu sahədə biz çox böyük nailiyyət əldə etdik. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri ilə o zaman  YUNESKO-ya rəhbərlik edən Koiçiro Matsuura Azərbaycana gəldi. Mehriban xanım onun Qobustana səfərini təşkil etdi və o, öz gözləri ilə Qobustanın  yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə aid möhtəşəm bir abidə olduğunu gördükdən sonra qısa müddətdə Qobustan qoruğu YUNESKO-nun dünyanın irsi siyahısına daxil edildi və 2017-ci ildə  artıq bu, hesabatda da əksini tapdı. Qobustan qoruğunun yaran-masının 50 illiyi və  YUNESKO-nun dünyanın irsi siyahı-sına salınmasının 10 illiyi bayram edildi.
Azərbaycanın 2017-ci ildə mədəniyyət sahəsində gördüyü işlərin mənzərəsini göz önündə canlandıranda o cəhətin qabarıq olduğunu görürük ki, ölkə daxilində mədəniyyətin inkişafına böyük diqqət göstərilməklə yanaşı, dünya miqyasında Azərbaycan mədəniyyətinin daha artıq təqdim olunmasına da xüsusi önəm verilmişdir. Məsələn, 2017-ci ildə Azərbaycanda artıq 5-ci dəfə xalça simpoziumu keçirildi. Bu, sadə bir məsələ deyil. Bu, ulu öndərin müəyyənləşdirdiyi modeldir ki, biz mədəniyyətdən istifadə edərək siyasətdə də özümüzü ifadə etməyin, təsdiqləməyin bir yolunu tapaq. Çünki xalça sərvətimizdir, muğam  sərvətimizdir, bizim ayrı-ayrı musiqi alətlərimiz, bədii-mənəvi dəyərlərimiz o sərvətlərimizdir ki,  ayrı-ayrı yağılar, qəsbkarlar torpağımız kimi onlara da göz dikməkdədirlər. 5-ci dəfə xalça simpoziumu  muğam simpoziumu Azərbaycanda keçirilirsə,  ən müxtəlif musiqi festivalları Azərbaycanda təşkil edilirsə, demək, Azərbaycan  dünya mədəniyyətinin mərkəzlərindən birinə çevrilir. Ölkənin, dövlətin apardığı ən vacib siyasətlərdən biridir ki, istər regional siyasətdə, istər iqtisadiyyatda, istərsə də mədəniyyətdə Azərbaycanı  mərkəzdə dayanan aparıcı dövlətlərdən birinə çevirməklə onun daha  artıq tanınmasına, daha artıq özünü təsdiqləməsinə nail olaq. Düşünürəm ki, yalnız mədəniyyət sahəsində görülən işlər bu ölkənin 2017-ci ildə nə qədər böyük nailiyyətlərə imza atdığını aşkar şəkildə sübut etməkdədir.
Ayrı-ayrı göstəricilər həm də düşünmək üçün fürsət yaradır. Məsələn, Azərbaycanda kino sənətinin inkişafı üçün  bu gün bəlkə də yaradılmış imkan, ayrılan vəsait bizim arzuladığımızdan qat-qat aşağıdır. Amma buna baxmayaraq, 2017-ci ilin hesabatını oxuyarkən biz onu görürük ki, həmin ildə dünyada keçirilən ən müxtəlif beynəlxalq kino festivallarında, müsabiqələrində Azərbaycanın təmsilçiləri 20 mükafata nail olmuşlar.  Bu o deməkdir ki, əgər bu sahədə bizə ayrılan imkanlar, yaradılan şərait indikindən də bir az artıq olsa, demək, o mükafatların miqdarı, beynəlxalq festivallarda, müsabiqələrdə bizim qazandığımız uğurlar 2–3 dəfə arta bilər. Ona görə də məncə, buradakı uğurların hər biri həm də düşünmək üçün   fürsət yaradır, yeni pəncərə açır ki, görək biz  qarşıdakı illərdə Azərbaycan mədəniyyətinin yüksəlməsi, inkişafı üçün daha nələr edə bilərik və özümüzü səfərbər edərək həmin addımları da ataq. Mən Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətini uğurlu hesab edirəm. Azərbaycan xalqının və Azərbaycan dövlətinin mənafelərini, istəklərini ifadə edən bir fəaliyyət hesab edirəm. İnanıram ki, qarşıdakı illərdə həmin fəaliyyət daha səmərəli və uğurlu olacaqdır. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Müzakirələrə siyahı ilə davam edirik. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, dəyərli həmkarlar və hökumət üzvləri, əziz media nümayəndələri! Düşünürəm ki, Nazirlər Kabinetinin hesabatı səlisdir, məntiqlidir, lakonikdir. Ona görə də hörmətli Baş nazirimizə dərin təşəkkürümü bildirirəm. Sənəddə bütün sahələr üzrə görülən işlərə yetərincə nəzər salınıb. Qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib. Hesabatda, xüsusən, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar tədbirlərə yer ayrılmasını, konkret məqamların açıqlanmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, biz hesabatla tanış olduqda və müqayisələr apardıqda bu qənaətə gələ bilərik ki, ölkəmiz hər iki devalvasiyanın gətirdiyi sıxıntıları aradan qaldırmaq üzrədir. Əlbəttə, bu sevindiricidir.
Mən 2016-cı ilin hesabatı müzakirə edilərkən də bir məsələyə diqqət yetirmişdim. Bu, maliyyə baxımından cüzi bir rəqəmdir. Amma mənəvi, siyasi, ölkəmizin dünyada imicinin müsbət formalaşması baxımından çox-çox önəmlidir. Söhbət ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərinə əlavə dəyər vergisinin tətbiqindən gedir. Məlum olduğu kimi, bu vergi əvvəllər tətbiq edilmirdi, amma bir neçə ildir ki, tətbiqinə başlanılıb. Əslində, bu, dövlət büdcəsinə elə də əhəmiyyətli vəsait gətirmir. Bu vəsait təqribən yarım milyona qədərdir. Ancaq əlavə dəyər vergisinin tətbiqi medianın iqtisadi durumuna olduqca mənfi təsir göstərməkdədir. Düşünürəm ki, indiki şəraitdə medianın iqtisadi durumu və onun yerinə yetirdiyi ictimai missiya mütləq qaydada nəzərə alınmalıdır. Həm də bu missiya yalnız ictimai deyil, eyni zamanda, stratejidir. Bu gün qeyd etdiyim məsələ səbəbindən hər hansı qəzet nəşrini dayandırırsa, yaxud onun nəşrində durğunluq yaranırsa, demək ki, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Mən hüquqşünas deyiləm, amma məsələyə hüquqi nöqteyi-nəzərdən də diqqət yetirmək istərdim. Vergi Məcəlləsinin 164.1.7-ci maddəsində göstərilir: “Kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr əlavə dəyər vergisindən azaddır”. Yəni sözüm ondadır ki, qeyd etdiyim məsələnin reallaşması üçün hazır hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır. Mən bir daha təklif edirəm  ki, ölkəyə gətirilən qəzet, kağız və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın və hər kəsi bu təklifimi dəstəkləməyə çağırıram. Çünki biz bunu etsək, həm də Azərbaycana çoxlu jurnal, kitab gətiriləcək, onlar ucuz qiymətə satılacaq, hamı onları oxuyacaq, daha da savadlı, dünyagörüşlü olacaq. Bunun nəyi pisdir ki? 
İkinci bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Deputatı olduğum Saatlı rayonunda suvarma, kollektor-drenaj şəbəkələri, hidrotexniki qurğular, nasos stansiyası və digər obyektlər istifadəyə verilib. Həqiqətən də, həyata keçirilən tədbirlər nikbinlik üçün əsas verir. Ancaq qeyd etməliyəm ki, suvarma işlərinə daha da diqqətlə yanaşmaq lazımdır. Çünki keçən  il Saatlıda 17 min hektar sahədə pambıq əkilmişdi, onun 1000 hektarı suvarılmadı. Düzdür, gələcəkdə qonşu rayonların hesabına Saatlı sakinləri bir qədər suvarma suyu ilə təmin olunacaqlar, amma problemi həll etmək üçün mütləq Kür çayından su kanalı çəkilməlidir. Keçən dəfə də bildirmişdim ki, söhbət 17–18 kilometr uzunluğunda olan kanalın çəkilişindən gedir. Düşünürəm, bu işi ciddi diqqətdə saxlamaq lazımdır ki, susuzluqdan kəndlilər gəlirlərindən məhrum olmasınlar. Buna görə də istərdim, Azərbaycan hökuməti 2018-ci ildə bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Təşəkkür edirəm, hesabata səs verəcəyəm. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə də hamını  təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Onsuz da 5 dəqiqə çıxış edirlər, hökumətin hesabatıdır, vaxtı dəyişmirəm. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Sədr, hörmətli Baş nazir və hökumət üzvləri! Hörmətli həmkarlar, mən sizin hamınızı qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm və uğurlar arzulayıram. Hökumətin fəaliyyətində irəliləyişlər olması göz qabağındadır. Həm bu sənəd, həm də özümüzün müşahidələrimiz bunu göstərir. Ərzaq təhlükəsizliyi ilə bağlı yaradılmış qurumlar, kənd təsərrüfatında real inkişafın üzdə olması,  biz, təbii ki, bu halları müşahidə edirik. Xüsusən həmkarımız Cavid müəllimin rəhbərlik etdiyi sahənin uğurları bizi sevindirir. Çox geridə qalmış bir sahənin artıq yaxın zamanlarda böyük vəsaitin büdcəyə axınını təmin eləmək imkanları yaranacaqdır. Yeni vergilər nazirinin fəaliyyətə başlamasından sonra bu sahədə dürüstlük və islahatların sürətlənməsi istiqamətində atılan addımlar da ürəkaçandır və biz bunu təbii ki, təqdir edirik.
Mən hökumət üzvlərindən bir neçə məsələyə aydınlıq gətirilməsini istəyirəm. Atılan bəzi addımlar neft amilinin önə çəkilməsini göstərir. Bunun bir  izahı olmalıdır. 2018-ci ilin büdcə proqnozlarında Neft Fondundan transferlərin həcminin 50 faizdən çox artırılması, dövlət büdcəsinin artımında neft gəlirlərinin payının 97 faiz yer alması yenidən neft siyasətinə üstünlük vermək istəyi kimi izah oluna bilərmi, ya da yox? Bu aydın olmalıdır, çünki bu çox təhlükəli ənənədir, artıq ABŞ bu ildən neftin hasilatını artıracaq. Bu amili və başqa amilləri nəzərə alan bir çox məşhur şirkətlər, araşdırma mərkəzləri neftin yenidən ucuzlaşacağı haqqında proqnozlar verirlər. Ona görə də biz yenidən neft amilini üzə çəksək, köhnə problemləri yenidən yaşamaq məcburiyyətində qala bilərik. Çünki biz islahatlar üçün start vermişik, cənab Prezidentin Strateji Yol Xəritəsi ilə bağlı məlum fərmanı var və bu sənəd ciddi bir sənəddir. Ona görə hökumət Strateji Yol Xəritəsini həyata keçirməkdə davamlılıq nümayiş etdirməlidir və islahatlardan təbii ki,  çəkinməməlidir. Prezidentin fərmanı ilə ortaya çıxan iqtisadi inkişaf üçün nəzəri konseptual baza hazırdır. Amma etiraf olunmalıdır ki, əksəriyyət bu konsepsiya ilə ayaqlaşa bilmir. Çünki 2017-ci ilin ilk dövründə müsbət addımlar müşahidə olunsa da, sonrakı aylar iqtisadi enmələr olub. Deməli, səlahiyyətli rəsmi orqanların öz tərəfindən icra vəziyyəti ilə bağlı aparılan  monitorinqin nəticələrinə görə müəyyənləşib ki, Strateji Yol Xəritəsində bu dövr üçün nəzərdə tutulanlar cəmi 27 və 29 faiz civarında həyata keçirilib və ikirəqəmli inflyasiyanın qarşısı alınmayıb. Ona görə ciddi şəkildə bu sahənin inkişafı üçün əl-qolumuzu çırmalamalıyıq, yalnız Strateji Yol Xəritəsinin və neftsiz büdcə siyasətinin həyata keçirilməsi üçün çalışmalıyıq.
Mən bir neçə məsələyə aydınlıq gətirilməsi üçün də hökumət üzvlərinə üz tuturam. Xahiş edirəm, bu məsələyə də münasibətləri olsun. Problemli kreditlərlə bağlı olaraq heç bir tədbir görülmədi, amma bu bizim problemimizdir. Çox ciddi sosial məsələdir. Əhalini narahat edən məsələlərdən biridir. Müəyyən tədbirlər görmək imkanı var idi. Burada, parlamentdə də bir çox deputat təkliflərlə çıxış edib. Mən də təkliflərlə çıxış etmişəm. Mən istəyirəm bilim ki, heç olmasa, növbəti il üçün, daha doğrusu, bu il üçün hökumətin bu sahəni sahmana salmaqla bağlı bir konsepsiyası var, ya yox?
İkinci, Beynəlxalq Bank və başqa yerlərdən götürülmüş, daha doğrusu, oğurlanmış vəsait və avantürist layihələrlə bağlı kreditlər var idi. Onların taleyi necə oldu? Onların büdcəyə qaytarılması ilə bağlı bir iş görülürmü, ya görülmürmü? Bu suala cavab istəyirəm. Özümüzdə istehsal olunan istehlak malları ilə eyni adda malların kənardan ölkəyə gətirilməsi ilə bağlı narahatçılığımı bildirmək istəyirəm. Bu məhsullar ölkəyə gətirilir, amma vətəndaşlarımızın yerli məhsulla – tarla, bazar, süfrə əlçatanlığı ilə təmin eləmək və istehsalçılara stimul vermək üçün gömrük tariflərində yeni dəyişikliklər eləməklə, sair tədbirlər görməklə kənardan gələn məhsulların qarşısını almaq mümkündürmü? Məsələn, bazarlarımız İran kartofu ilə doludur, amma mətbuatda oxuyuruq ki, Gədəbəy kartofu çürüyür və sair. Bu siyahını artırmaq mümkündür.
Hökumətə sonuncu sualımı ünvanlamaq istəyirəm. Baş nazir də bildirdi, etiraf elədi ki, keçən il, 2017-ci ildə işğal olunmuş ərazilərimizin azad olunması ilə bağlı heç bir irəliləyiş olmayıb. Təbii, biz real mənzərəni bilirik, amma ATƏT-in Minsk qrupu dövlətlərinin fəaliyyətini də bilirik, amma istəyirəm soruşum ki, bu il bu istiqamətdə yeni konsepsiya nəzərdə tutulubmu, yeni yanaşmalar varmı? Çünki başaldatma  danışıqları, ATƏT-in Minsk qrupunun məlum davranışları, orada olan dövlətlərin birmənalı şəkildə Ermənistanı müdafiə eləməsi bu konsepsiyanın uğur gətirəcəyinə ciddi şəkildə şübhə yaradır. Bununla da bağlı hökumətin izahı olsa, məmnun olarıq.
Sonda təşəkkür edirəm və inanıram ki, bizim hökumət ölkəmizin, xalqımızın iradəsini ifadə edərək yaxşı fəaliyyət göstərəcək və cənab Prezidentin ortaya qoyduğu Strateji Yol Xəritəsini həyata keçirəcək. Mənə elə gəlir ki, biz əl-ələ verib yeni uğurlar əldə elə bilərik. Bir daha bayramınızı təbrik edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Sağ olun, cənab Sədr. Hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Nazirlər Kabinetinin parlament qarşısında hesabat verməsi ənənəsi və bu prosedurun ildən-ilə təkmilləşdirilməsi icra strukturlarının məsuliyyətini daha da artırır, onların fəaliyyətində şəffaflığı təmin edir. Bu hesabat ölkənin ümumi sosial problemlərinin birgə müzakirəsinə şərait yaratdığı üçün  millət vəkilləri və hökumət üzvləri tərəfindən yüksək dəyərləndirilir. Regionda yerləşən ölkələrin bir çoxundan fərqli olaraq bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və effektiv şəkildə idarə olunur. Hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlıq ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinə mühüm şərait yaratmışdır. Nazirlər Kabinetinin parlament qarşısında bugünkü hesabatı və parlament müzakirələri hakimiyyətin qolları arasında konstruktiv birgə fəaliyyətin bir nümunəsi olaraq qəbul edilməlidir. Təcrübələr göstərir ki, siyasi impuls olmadan iqtisadi və institusional islahatı həyata keçirmək qeyri-mümkündür. Bu mənada ölkə başçısının fəaliyyəti, hökumətin iqtisadi bloku üçün verilən siyasi dəstək həm də bir impuls olaraq dəyərləndirilməlidir. Hesab edirik ki, yaradılan şəraitdən daha səmərəli və məhsuldar istifadə edilməsi Nazirlər Kabinetinin fəaliyyətinin  əsas hədəfi və başlıca vəzifəsi ola bilər. Hörmətli cənab Baş nazirin çıxışında, eyni zamanda, bizə paylanan hesabatda ölkənin bütün sahələrini kifayət qədər əhatə edən rəqəmlər olduğundan, düşünürəm ki, rəqəmlərin bir daha təkrarlanmasına lüzum yoxdur. Hazırda hökumətin fəaliyyəti yalnız statistik göstəricilərlə deyil, həm də konkret nəticələrlə xarakterizə olunur. Açılan iş yerləri, tikilən təhsil və səhiyyə ocaqları, istifadəyə verilən infrastruktur obyektlər artıq statistika deyil, rəqəm deyil, görülmüş işlərin konkret nəticələridir. Aparılan iqtisad idarəetmə islahatları ölkəmizin tək bugünü üçün deyil, həm də gələcək inkişafı üçün çox əsaslı bünövrə yaratmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti ölkədə ye-niləşmə və müasirləşmənin, o cümlədən bütün mütərəqqi sosial-iqtisadi təşəbbüslərin müəllifi kimi xüsusi bir missiyanı yerinə yetirir. 2015-ci ildə baş verən hadisələr ölkə iqtisadiyyatı qarşısında alternativ iqtisadi artım mənbələri tapmaq kimi mühüm vəzifə qoymuşdur. 2016-cı ildə ölkə Prezidenti tərəfindən qəbul edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə strateji yol xəritələri bu mənbələri artıq müəyyən etmişdir. Məhz 2017-ci il alvernativ mənbələrin inkişafı üçün test ili olmuşdur.  Alternativ iqtisadi artım mənbələrindən qeyri-neft sənayesi, kənd təsərrüfatı, xidmət və nəqliyyat sektorları üzrə  ortalama illik artımın 4 faizdən çox olması  müsbət bir  nəticədir. Məhz bu istiqamətlər üzrə sürətli inkişaf ölkəmizin qısa müddətdə hərtərəfli inkişafını təmin edəcək.  2017-ci ildə tələbin stimullaşdırılması, pul-kredit siyasətinin yumşaldılması, işgüzar fəallıq indeksinin artması, tədiyə balansının cərimə əməliyyatları balansında profisitlə nəticələnməsi hökumətin fəaliyyətini müsbət xarakterizə etmişdir. Təhsildə baş verən keyfiyyət dəyişiklikləri, iqtisadiyyatın artan tempinin yüksək ixtisaslı kadrlarla təmin etmək kimi vəzifəni öz üzərinə götürməsi hər birimizi, təbii ki, sevindirir.
Hörmətli cənab Sədr, bütün bunlarla yanaşı, ölkədə əlverişli iqtisadi mühitin yaradılması ilə bağlı müxtəlif qanunların qəbul edilməsi xarici investorların Azərbaycana marağını getdikcə artırmaqdadır. Xarici investorları iqtisadiyyatın müxtəlif sahələrinə yönləndirən, onlara hazır layihələr təqdim edən və onların müraciətlərini qəbul edən vahid pəncərəyə bu gün çox ehtiyac vardır. Məhz bu məsələnin gələcəkdə baxılmasını xahiş etmək istərdim.
İkincisi, ölkə iqtisadiyyatında istehsala yönələn kreditləşmənin səviyyəsinin daha da artırılması üçün əsaslı işlərin görülməsi ilə yanaşı, sahibkarlarda kreditlərə maraq artıran fiskal alətlərdən də istifadə olunmasına ehtiyac yaranmışdır. Xahiş edirəm, bu məsələyə də imkan çərçivəsində baxılsın.
Üçüncü, seçicilərin çoxsaylı müraciətləri nəzərə alınaraq əhalisinin sayı 600 minə yaxın olan Sumqayıt şəhərində bu gün ölkə başçısının birbaşa tapşırığı və qayğısı ilə çox böyük yenidənqurma işləri görülür. 600 minə yaxın  əhalisi olan Sumqayıtda məişət tullantılarının emalı ilə bağlı müəssisənin yaradılmasına ciddi ehtiyac vardır. Bakıda olduğu kimi, məişət tullantılarının yandırılması ilə deyil, tamamilə başqa istiqamətdə onların mexanik məhv edilməsi ilə bağlı daha ucuz qiymətə başa gələn  layihələr mövcuddur. Xahiş edirəm ki,  nəinki Sumqayıtın, gələcəkdə Gəncə, Mingəçevir və digər iri şəhərlərin də belə müəssisə ilə təmin olunması imkanlarına diqqət yetirilsin.
Sonda xüsusi vurğulamaq istərdim ki, cənab Prezide-tin bilavasitə rəhbərliyi ilə həyata keçirilən islahatlar və hökumətin gördüyü işlər Azərbaycanda dayanıqlı iqtisadi inkişafa nail olunması istiqamətində öz müsbət nəticələrini bir neçə ildən sonra daha qabarıq şəkildə göstərəcəkdir. Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətini uğurlu hesab edir və hökumət üzvlərinə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayırıq. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və həmkarlar! Əlamətdar hadisələrlə zəngin olan, makroiqtisadi dayanıqlığı və iqtisadi sabitliyi ilə yadda qalan 2017-ci il tarixə çevrilsə də, onun həyatımıza bəxş etdiyi uğurlar xeyli müddət xatırlanacaq. Çünki dünyada baş verən ciddi qarşıdurmalar, münaqişələr, iqtisadi çətinliklər Azərbaycanda sosial-iqtisadi gərginlik yaratmamış, sabitliyi poza bilməmiş, əksinə, ötən il yeni-yeni uğurlar qazanılmışdır. Qeyd edildiyi kimi, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, aqrar sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsi və bu sahədə dövlət başçısının, eləcə də hökumətin həyata keçirdiyi tədbirlər, ölkə iqtisadiyyatının inkişafı insanların həyat şəraitinin yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu möhkəmlənmişdir. Dövlət başçısının qəbul etdiyi bir çox fərman və sərəncamlar, qərarlar, proqramlar, layihələr, strateji yol xəritələri və onların reallaşdırılması, qazanılan iqtisadi göstəricilər, ölkəmizdəki siyasi durum beynəlxalq aləm və dünyanın aparıcı reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilmiş və son illərdə aparılan mühüm siyasətin nəticəsi kimi dəyərləndirilmişdir. Yüksək peşəkarlıqla hazırlanmış hesabatda da  bu ruh hakimdir və gələcəyə nikbin baxış əks olunmuşdur. Bütün sahələr ətraflı təhlil olunub, uğurlar, qazanılan amillər, istiqamətlər, yollar, vəzifələr göstərilib. Deputatlar tərəfindən qaldırılan bir çox məsələlərin həlli istiqamətində görülən tədbirlərin hesabatda yer alması müsbət hal kimi dəyərləndirilir. Bu, diqqət meyarı kimi təqdir olunmalıdır. Buna görə də Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirirəm və ona səs verəcəyəm.
Mənim fikrimcə, bu hesabat təkcə Nazirlər Kabinetinin deyil, hər bir hökumət üzvünün, məmurun, vətəndaşın hesabatıdır. Dövlət-xalq həmrəyliyinin, vətəndaş birliyinin göstəricisidir. Bəzi göstəriciləri təkrarlamaq fikrində deyiləm, əldə olunan nəticələrin necə, hansı zəhmətlər hesabına qazanıldığı dövlətini sevən hər kəsə yaxşı məlumdur. Onsuz da bədxahlar yaxşı nə varsa, tikilən 300-dən artıq məktəbi, 600-dən artıq səhiyyə ocağını, çəkilən 10 min kilometrlərlə yolları,  ucaldılan minlərlə binaları, yaşayış massivlərini, istifadəyə verilən çoxsaylı sənaye, emal,  ticarət, turizm, mədəniyyət obyektlərini görmək istəmirlər. Hər şeyi qara görür, hər işə qara yaxırlar. Olsun, bu onların xislətidir. Azərbaycan dövləti və hökuməti öz yolu ilə gedir, yaxşını da, pisi də görür və qiymətləndirir.
Bu gün ölkədə  insanlara xidmət edən nə varsa, diqqət mərkəzindədir. Kənd təsərrüfatının inkişafı bu baxımdan xarakterikdir və görülən tədbirlər göz  qabağındadır. Belə ki, 2017-ci ildə baramaçılığın, ipəkçiliyin, əkinçiliyin, tütünçülüyün inkişafına dair dövlət proqramları qəbul edilmiş, kənd təsərrüfatına maliyyə dəstəyi gücləndirilmiş, əlavə subsidiyalar verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ötən ilin 12 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə işlərin yenidən qurulmasını, emal sənayesinin yaradılmasını, ixracın artırılmasını, intensivləşdirilməni, könüllülük əsasında kooperativlərin təşkilini və onlara dəstək verilməsini əsas məqsəd kimi qarşıya qoyur. Keçən il çətin hava şəraitində 207 min ton pambıq tədarük edildi ki, bu da pis nəticə deyil. Əgər səpində, becərmədə, yığımda müəyyən gecikmələr, texnika çatışmazlığı, işdə yol verilən müəyyən nöqsanlar olmasa idi, daha çox məhsul istehsal etmək mümkün olardı. Bəzi rayonların məhsuldarlığa, keyfiyyətə, intensiv metodlara deyil, kəmiyyətə, əkin sahələrindən kor-təbii istifadəyə meyillənməsi istənilən nəticəni vermədi. Hər hektardan 8–10 sentner məhsul götürməklə pambıqçılığı inkişaf etdirmək, gəlirli sahəyə çevirmək çətindir. Yığımın gecikdirilməsi də məhsulun keyfiyyətinə müəyyən qaydada təsir etdi. Keçən il ümumi məhsulun 120 min tonundan çoxu oktyabr ayının 15-dən sonra toplanmışdı ki, bu da pambığın keyfiyyətinə  təsir göstərməyə bilməzdi. Dövlət proqramında nəzərdə tutulan vəzifələr vaxtında həyata keçirilərsə, ölkə üzrə hər hektardan 25–30 sentner məhsul götürmək mümkündür. Bu bir çox sahələrin artıq əkilməsinin qarşısını alar, çəkilən xərcləri azaltmaqla digər sahələrin, pambıqçılığın, heyvandarlığın inkişafına, əkin sisteminin tətbiq edilməsinə imkan yaradar. Pam-bıqçılıqla məşğul olan, 200 hektar və ondan çox sahədə pambıq əkən sahibkarlara güzəştli şərtlərlə bir pambıqyığan maşın, bir traktor, nəqliyyat vasitələri, becərən aqreqat ayrılarsa və daimi istifadəyə verilərsə, bu, kooperativlərin sürətlə yaradılmasına, məhsuldarlığın artırılmasına, əkinin, səpinin, yığımın vaxtında aparılmasına köməklik edə bilər. Daha sahibkar işlərin qızğın vaxtında günlərlə qapıları döyüb maşın, mexanizm istəməz, vaxtını boş keçirməz. Texnikanı vaxtında işlədər, təmir edər və işlərini səmərəli qurub yüksək keyfiyyətli məhsul istehsal etməklə gəlir götürə bilər. İnsanları da öz təsərrüfatına cəlb edib sahələrini genişləndirməyə nail ola bilər.
Mən bir məsələyə də diqqət yönəltmək istəyirəm. Son zamanlar ölkədə tikinti sektoru xeyli genişlənib. Ancaq bu gün hələ də insanların, daha çox gənclərin mənzilə ehtiyacı qalır və bu da gizli deyil ki, elə binalar var, orada minlərlə mənzil uzun illərdir, boşdur. Tikilib, ancaq MTK-lar tərəfindən yüksək qiymət qoyulub və onlar istifadədə deyil. Əlbəttə ki, bu, müəyyən qədər dövlətə ziyandır, çünki həmin mənzillər istifadəyə verilərsə, işıq pulu, qaz pulu, su pulu, digər xidmət və əmlak xərcləri ödənilə və bundan dövlətə xeyli gəlir gələ bilər. Yaxşı olar ki, hökumət  bu barədə fikirləşsin. Əgər bu mənzillər uzun illər istifadəsiz  qalırsa, ya boş qalan mənzillərin əmlak vergisi həmin MTK sahibləri tərəfindən dövlətə ödənilsin, ya da digər tədbirlər görülsün ki, bu qiymətlər müəyyən qaydada stabilləşdirilsin, aşağı salınsın və  insanlara satıla bilsin. Mən yenə deyirəm, Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirirəm və ona səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hökumət üzvləri! Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatla yaxından tanış olmuşam, bu hesabatı uğurlu hesab edərək yüksək qiymətləndirirəm və  hesabata səs verəcəyimi bəyan edirəm. Qeyd etmək istəyirəm ki, bu uğurun ən başlıca səbəbi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş, uğurlu, inamlı və cəsarətli daxili-xarici siyasətinin nəticəsidir. Əslində, bu gün mövcud iqtisadi kataklizm şəraitində iqtisadi inkişaf tempini qorumaq istənilən bir ölkə üçün uğur sayıla bilər. Lakin yenə də qeyd edərək bildirmək istəyirəm ki, dünyanın bu siyasi-iqtisadi qeyri-müəyyənliyində ölkəmizin iqtisadi inkişaf tempini nəinki qoruya bilmişik, hətta bu gün qazandığımız uğurlar üzərində gələcək illər üçün yeni iqtisadi uğurların əsasını yaratmışıq. Bu, heç də bizim burada eşitdiyimiz statistik rəqəmlərdən ibarət deyil.
Biz sizinlə, ölkəmizin əhalisinin iştirakı ilə bu uğurların şahidi və iştirakçısı olmuşuq. Bunların bəzilərini çox qısa halda bir daha nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi üzrə nəqliyyat dəhlizinin tam istifadəyə verilməsinin əlbəttə ki,  transmilli layihə olmaqla ölkəmizin yük daşımalarında tranzit ölkəyə çevrilməsində çox böyük əhəmiyyəti var. 2017-ci ildə demək olar ki, cənab Prezident hər ay ölkəmizin bir bölgəsinə səfər edib. Yeni-yeni istehsal-sənaye sahələrinin, mədəniyyət müəssisələrinin açılışında iştirak edib. Cənab Prezident hara gedibsə, özü ilə yeni bir yol infrastrukturu aparıb, yol çəkilişi aparıb və onların açılışında iştirak edib. Bu yollar o bölgəyə yeni iqtisadi və sosial inkişaf aparıb. Yenə də qısa iqtisadi rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. Bakı–Şamaxı–Yevlax çərçivəsində 77 kilometr və yaxud da Ələt–Astara–İran İslam Respublikası sərhədi çərçivəsində 91 kilometr, Yevlax–Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun 42,7 kilometrliyində görülən işlər. Bununla yanaşı, kənd daxili yollarının çəkilişi və sair. Əlbəttə, bu siyahını  daha çox uzada bilərik, ancaq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu, böyük və əsaslı vəsait tələb edən infrastruktur layihələridir. Bu özü ölkəmizin gücünü, qüdrətini göstərən böyük bir uğurdur. Bu nəhəng infrastruktur ölkə sənayesinin, iqtisadiyyatının, kənd təsərrüfatının bundan sonra da dayanıqlı inkişafının əsas təminatçısı rolunda çıxış edəcəkdir. Obrazlı desək, bu çəkilən dəmir yolları, avtomobil yolları ilə il ərzində əsas fondlarının dəyəri 4 milyard 385 milyon 500 min manat olan yeni istehsal və sosial təyinatlı obyektlərin tikilib istifadəyə verilməsi təmin edilmişdir. Bunların hər birində möhtərəm cənab Prezidentimiz İlham Əliyev və  Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyeva şəxsən iştirak etmişlər.
Əlbəttə, 2017-ci ilin uğurları içərisində möhtərəm Prezidentimizin siyasətinin əsas sahəsi olan sosial siyasətin və tibbin inkişafı barəsində də fikirlərimi qısaca bildirmək istəyirəm. 2017-ci ildə ümumilikdə 30 tibb müəssisəsində təmir-tikinti işləri aparılıbdır. Onların 8-i Bakı şəhərində, 22-si regionlardadır. Yenə də Neftçalada, Sabirabadda cənab Prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı və xeyir-duası ilə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun açılışı  olmuşdur. Dövlət proqramları çərçivəsində səhiyyəyə ayrılan vəsait hesabına bəzi sahələr üzrə ölüm faizinin xeyli aşağı düşdüyünü də qeyd etmək istəyirəm. Məsələn, irsi qan xəstəlikləri ilə bağlı proqramları xüsusi alqışlayıram. Təsəvvür edin ki, 1583 hemofiliya xəstəsi qeydiyyatdadır. Faktor preparatlarının alınıb gətirilməsi çox böyük vəsait tələb edir və bu faktor preparatlarının dünyanın ən inkişaf etmiş ölkələrində belə tam təminatı həyata keçirilə bilmir. Ancaq dövlətimizin gücü-qüdrəti sayəsində bu, məhz bizdə həyata keçirilir. Təbii ki, bu sahədə təkliflərim də var. Hesab edirəm ki, hökumətimiz bunu nəzərə alaraq dövlət proqramları çərçivəsində bəzi xəstəliklərin azalması istiqamətində, məsələn, şəkərli diabet xəstəliyinə ayrılan vəsaitin artırılması istiqamətində addım atsa, daha müvafiq olar. Çünki şəkərli diabet  bir çox xəstəliklərdə məhz ölüm faizinin artmasına səbəb olur. Ürək, qan-damar xəstəliklərinin, böyrək çatışmazlığı xəstəliklərinin əlbəttə,  nəticəsi ilə deyil,  səbəbi ilə mübarizə aparsaq, daha yaxşı olar. Bu gün dünyada analoq preparatlardan istifadə olunur. Ölkənin gücü-qüdrəti və inkişafı imkan verir ki, şəkərli diabet üzrə analoq preparatlarının alınıb gətirilməsinə şərait yaradılsın.
Təbii ki, fürsətdən istifadə edərək millət vəkili olduğum bölgənin  bir məsələsini də nəzərinizə çatdırmaq istəyirəm. Hesab edirəm ki,  bu məsələ ölkəmizin iqtisadi inkişafının uğuru kimi növbəti illərin siyahısında, yəni hesabatında öz əksini tapacaq və bizim hökumətimizin, dövlətimizin uğuru kimi qeyd olunacaqdır. Belə ki, 2013-cü ildə möhtərəm Prezidentimizin 3146 nömrəli sərəncamı ilə Yevlax Olimpiya İdman Kompleksinin tikilməsi üçün ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanmasına 2 milyon vəsait ayrılmışdı. Həmin ildə artıq bunun üçün şəhər icra hakimiyyəti tərəfindən 4 hektar torpaq sahəsi də ayrılmışdı. Ancaq bu layihənin həyata keçməsi hələ ki, ləngiyir. Mən xahiş edərdim ki, imkan olarsa, yeni olimpiya komplekslərinin siyahısına Yevlax Olimpiya Kompleksi də əlavə olunsun və növbəti hesabatlarda biz bunu ölkəmizin yen uğurlarının siyahısında görək.
Mən bütün bunları nəzərə alaraq bir daha qeyd etmək istəyirəm ki, hökumətin fəaliyyəti möhtərəm cənab Prezidentimizin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir və bu hesabata səs verəcəyəcəm. Hörmətli millət vəkillərini də bu hesabata səs verməyə çağırıram və hökumətə  ölkəmizin inkişafı naminə növbəti illər üçün fəaliyyətində uğurlar arzu edirəm. Əlbəttə ki, bu uğurların təməli, əsası qoyulubdur və möhtərəm Prezidentimizin rəhbərliyi ilə bundan sonrakı illərdə daha böyük uğurlara, daha böyük nailiyyətlərə imza atılmasını arzu edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün Azərbaycan respublikasının Baş naziri cənab Artur Rasizadə tərəfindən Nazirlər Kabinetinin bizə təqdim olunan hesabatı Azərbaycan hökumətinin 2017-ci ildə gördüyü işlər tam dolğunluğu ilə göstərdi. Ölkə iqtisadiyyatının inkişafını müəyyən edən əsas göstərici bildiyiniz kimi, ümumi daxili məhsulun istehsalıdır. 2017-ci ildə ölkədə 70 milyard 135 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Hesabat dövründə baxmayaraq ki, neft sektorunda  təxminən 5 faiz azalma baş vermişdi, ümumi daxili məhsulun istehsalında əvvəlki il ilə müqayisədə qeyri-neft sektorunun hesabına az da olsa irəliləmə vardır. Bu da qeyri-neft sektoruna və xüsusən kənd təsərrüfatına göstərilən diqqətin nəticəsidir. 2017-ci ilin yekununa olan məlumatlara görə neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi təxminən 40 faiz  təşkil edir ki, bu da mühüm rol oynamışdır. Belə ki, hesabat dövründə inflyasiya cəmi 5,7 faiz təşkil etmişdi və bunu da yaxşı göstərici kimi qeyd etmək olar.
Hesabatda qeyd edildiyi kimi, Beynəlxalq Valyuta Fondu və digər nüfuzlu beynəlxalq təşkilatlar da manatın məzənnəsini mövcud şəraitdə ölkədə maliyyə iqtisadi siyasətinin sabitliyinin mərkəzi elementi kimi qiymətləndirmiş və Mərkəzi Bankın apardığı siyasət təqdim edilmişdir. Azərbaycanın bank sistemi maliyyə dayanıqlığı nümayiş etdirmişdir.
Bildiyiniz kimi, mən seçicilərimin hamısını məcburi köçkünlər təşkil edən 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsindən deputat seçilmişəm. 2017-ci ildə də əhalimizin ən zərif təbəqəsi olan məcburi köçkünlərimiz ölkə başçısının tam diqqət və qayğısı ilə əhatə olunmuşdu. Hesabatda qeyd olunduğu kimi, son 14 il ərzində Azərbaycan Respublikası Prezidenti tərəfindən 66 fərman və sərəncam, Nazirlər Kabineti tərəfindən 213 qərar və sərəncam, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən isə 11 qanun qəbul edilmişdir. Bildiyiniz kimi, 2017-ci ilin yanvar ayında Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında qərar qəbul etmiş və qəbul edilmiş qərar qısa bir müddətdə həyata keçirilmişdir. Kəndə yol çəkilmiş, orta məktəb binası inşa edilmiş, sakinlər də öz doğma yurdlarına qayıtmışlar.
2018-ci il fevral ayının 20-də cənab Prezidentin sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il mart ayının 1-dən 10 faiz artırılmışdır. Bu onu göstərir ki, məcburi köçkünlərin  problemlər daim hökumətin və cənab Prezidentin diqqətindədir. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şərait-inin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür.     Bu diqqət və qayğıya görə seçicilərim olan  bütün məcburi köçkünlər adından mən ölkə rəhbərinə, hörmətli möhtərəm cənab İlham Əliyevə və hökumətə öz dərin təşəkkürümü bildirirəm. Onların problemlərinin həlli bizim hər birimizin probleminin həlli deməkdir.
Qeyri-neft sektoruna olan qayğının bir nümunəsi də bu günlərdə, martın 12-də imzalanan Prezident sərəncamıdır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunun  layihələndirilməsi və qazılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 21 milyon manat maliyyə vəsaiti ayrılması haqqında sərəncam imzalamış və bu sərəncamdan irəli gələn digər məsələləri həll etməyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə etmişdir. Bir məsələni də qeyd etmək istəyirəm ki, 2017-ci ildə xarici ticarət dövriyyəsi 24 milyard 257 milyon ABŞ dolları təşkil etmişdir ki, bunun da 15 milyard 475 milyonu ixracın, 8 milyard 782 milyonu isə idxalın payına düşmüşdür. Beləliklə, nəticədə 6 milyard 693 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
Hörmətli Sədr, mən hesab edirəm ki, son bir ildə hökumət yaxşı işləmişdir. Bir daha dediklərimi nəzərə alaraq Azərbaycan hökumətinin 2017-ci ildəki işini yaxşı qiymətləndirir və hesabatın bəyənilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun, cənab Sədr. Cənab Sədr, cənab Baş nazir və hökumət üzvləri, hamınızı salamlayıram. Təbii ki, mən də həmkarlarım kimi, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müsbət dəyərləndirirəm və ona səs verəcəyəm. Amma müəyyən sahələrdə olan islahatlar və uğurlar barəsində, təbii ki, qeyd etmək lazımdır. Hüquqşünas olduğum üçün ilk öncə, ədliyyə və hüquq mühafizə orqanlarının işi ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Hesabatdan görünür ki, 2017-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və qanunvericilikdə nazirliyin üzərinə qoyulmuş vəzifələrin icrası üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Ədliyyə Nazirliyində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, o cümlədən nazirliyin əsas internet saytında yeni bölümlərin yaradılması bu sahədə aparılan islahatların nəticəsidir. Eyni zamanda, qeyd olunduğu kimi, burada notarial hərəkətlərin artırılması, nazirliyin mühüm fəaliyyəti istiqamətlərindən biri olan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması sahəsində də uğurlu addımları hiss edirik. 40 milyon manat verginin hesablanaraq dövlətə ödənilməsi Ədliyyə Nazirliyi tərəfindən təbii ki, bu işdə olan uğurlardan biridir. Həmçinin qeyd etmək istəyirəm ki, dövlət başçısının təşəbbüsü ilə 2017-ci il 20 oktyabr tarixində  Milli Məclis tərəfindən qəbul edilmiş Cinayət Məcəlləsinə edilmiş 300-ə yaxın mühüm dəyişikliyin həyata keçirilməsi, müvafiq təşkilati tədbirlərin görülməsi üçün vaxtında Ədliyyə Nazirliyində bir fəaliyyət ortaya qoyularaq bu mühüm və çətin  tapşırıq layiqincə yerinə yetirildi. Eyni zamanda, Ədliyyə Nazirliyində ictimai iştirakçılıq prinsipinə uyğun olaraq ictimai komitə fəaliyyət göstərir ki, nəticədə 302 cəzaçəkmə müəssisəsinə baş çəkmə həyata keçirilmişdir. Bu, quruma ictimai nəzarətin həyata keçirilməsində yaradılan mühüm şəraitlərdən biridir. Biz hesabatla tanış olanda görürük ki, Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq sahəsində də əlaqələri olduqca genişdir. O, nəinki qonşu ölkələrlə, hətta Afrika, Ukrayna, İndoneziya kimi bir çox ölkələrin ədliyyə nazirlikləri ilə əlaqələr qurmaqla qarşılıqlı münasibətləri formalaşdırır və müəyyən beynəlxalq tədbirlərdə əldə olunan nəticələri ölkəmizdə tətbiq etməyə çalışır.
Digər bir sahədə, korrupsiyaya qarşı mübarizə sahəsində də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 2017-ci il ərzində digər qurumlarla birlikdə bütün səylərini ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəltmişdir ki, bu da alqışlanmalıdır. Qeyd etmək istəyirəm ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 7809 müraciətinə baxılmışdır və bu, olduqca böyük bir rəqəmdir. Əməliyyat qurumları tərəfindən 23 cinayət işinə başlanması nəticəsində dövlətə dəymiş zərərin 22 milyon manatının dövlətə qaytarılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin uğurlarından biridir. Bu qurum beynəlxalq əməkdaşlıq sahəsində çoxsaylı fəaliyyətini davam etdirir. Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində işlər uğurla davam etdirilir və bu danılmazdır. Hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşməsi və cinayətkarlığa qarşı mübarizədə 2017-ci ildə daxili işlər orqanları tərəfindən ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlərin davam etdirilməsinin şahidi olmuşuq. Qeyd etmək istəyirəm ki, həm respublikada, həm də ayrı-ayrı bölgələrdə əməliyyat şəraiti daim nəzarətdə saxlanılmaqla ölkədə ictimai sabitlik təmin edilmişdir. Bir şeyi qeyd edim ki, Daxili İşlər Nazirliyinin nəzdində Baş ictimai təhlükəsizlik idarəsinin bilavasitə tabeçiliyində olan inzibati həbs yerlərinin, saxlama məntəqələrinin müasir standartlara cavab verməsi formasında yenidən inkişafı və tikintisi davam etdirilir, bu da təbii ki, müsbət hallardan biridir. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən qalmış cinayət işlərinin açılması və cinayətkarların tapılması birgə fəaliyyətin prinsiplərindən biridir. Son olaraq qeyd edim ki, 2017-ci ildə respublikamızın əhalisinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycan MDB məkanında birincidir və eyni zamanda, Şərqi Avropa məkanında təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır. Fövqəladə Hallar Nazirliyi 2017-ci ildə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir. Eyni zamanda, gömrük işinin təşkilindəki islahatları da biz görürük və müvafiq ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, sərhəddən malların keçirilməsində müəyyən çətinliklərin aradan qaldırılması uğurlu işlərdən xəbər verir.
Digər vacib sahələrdən biri səhiyyə və eyni zamanda, rabitə və nəqliyyat sahəsidir. Səhiyyə ilə bağlı qeyd etmək istəyirəm ki, tibb müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, dərman ilə təminatın yaxşılaşdırılması nəticəsində əhaliyə göstərilən tibbi xidmətin həcmi və keyfiyyəti xeyli dərəcədə artmışdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən 18 yaşdan yuxarı əhalinin 76 faizinin tibbi müayinədən keçirilməsi nazirliyin uğurlarından biridir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanımın təşəbbüsü ilə Talassemiya Mərkəzinin açılması, son illərdə talassemiya xəstələrinin ölüm dərəcəsinin 5 dəfə azalması yenə də  nazirliyin uğurlarından biridir. Bədxassəli şişlərə qarşı mübarizədə də irəliləyişlər qeyd olunur. Müasir standartlara uyğun təkmilləşdirilmiş avadanlıqlarla təminat bu sahədə də uğurların əldə olunmasına gətirib çıxarıb. Belə hesab edirəm ki, ölkədə keçirilmiş tibbi profilaktik tədbirlərin nəticəsində son illər yoluxucu xəstəliklərin və ən çox da malyariya xəstəliyinin olmaması aparılan işlərin nəticəsidir. Tibbi təhsil və kadr işinin təkmilləşdirilməsi istiqamətində də uğurlu işlər  davam etdirilir.
Rabitə və nəqliyyat sahəsində aparılan işlərin uğurlu nəticələri deməyə əsas verir ki, bu sahədə son illərdə aparılan islahatlar çox düzgün istiqamətdə gedir və mən təbii ki, bunun davamlı olmasını  arzulayıram. Mən burada rəqəmləri sadalamaq istəmirəm və qeyd etmək istəyirəm ki, nəqliyyat sahəsində uğurlarımız artıq həmkarlarım tərəfindən qeyd olundu. Yükdaşımalar  həddindən artıq artmışdır və Bakı–Tbilisi–Qars dəmir yolunun, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin açılması ilə bağlı aparılan işlər də bu sahədə aparılan uğurlardandır. Amma Nəqliyyat Nazirliyi ilə bağlı bir şeyi də qeyd etmək istəyirəm ki, burada Bakı nəqliyyatı ilə bağlı açıqlama verilib. Amma kənd yerlərində nəqliyyatla bağlı müəyyən problemlər var və araşdırmamız nəticəsində məlum olub ki, bu problemlər heç də Nəqliyyat Nazirliyinin problemi deyil, sahibkarlara yaradılmış  normal şəraitdən sui-istifadə ilə bağlıdır, yəni birbaşa sahibkarlarla bağlıdır. Bununla bağlı gələcək iclaslarda mən öz fikrimi bildirəcəyəm. Dövlət əmlakının idarə edilməsi, özəlləşdirmə və daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində də uğurlu işlər davam etdirilir və qeyd etmək istəyirəm ki, bu sahədəki bütün islahatları biz zaman-zaman öz çıxışlarımızda qeyd etmişik. Xarici investorların özəlləşdirməyə cəlb edilməsi sahəsində işlər davam etdirilir və eyni zamanda, 106 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi bu qurumun uğurlu işinin nəticəsidir. 33 rayonda Azərbaycan torpaqlarının elektron kadastr işlərinə başlanması da belə hesab edirəm ki, bu sahədəki uğurlardan biridir. Çıxarışların verilməsi və yerlərdə çıxarışların insanlara problemsiz  çatdırılması vətəndaş məmnunluğuna gətirib çıxarır.
Kommunal xidmətlər sahəsində “Azərenerji”nin fəaliyyətini qeyd etmək istəyirəm. Rayonlarda demək olar ki, bu qurumla bağlı heç bir narazılıq yoxdur. Son illər, ümumiyyətlə, şikayətlər daxil olmur. Belə hesab edirəm ki, onlar çox düzgün yoldadırlar. Bu sahədə də onlara uğurlar arzulamaq istəyirəm. Standartlaşma və metrologiya ilə bağlı bir balaca qeydlərim var. Burada da məhsulların keyfiyyətinin təhlükəsizliyi, rəqabət qabiliyyəti və sair məsələlər, təbii ki, daim nəzarətdədir. Amma cəmiyyətdə müəyyən problemlər var və belə hesab edirəm ki, bununla bağlı bu qurumda müəyyən qədər ciddi tələbkarlıq ortaya qoyulmalıdır. Qida məhsulları ilə bağlı, qida məhsullarının istehsalı ilə bağlı qida təhlükəsizliyi qurumunun yaradılması məqsədəuyğundur.
Meliorasiya və su təsərrüfatı ilə bağlı da qeyd etmək istəyirəm ki, bu qurum yerlərdə meliorasiya işlərinin, bəndləşmə işinin aparılması, torpaqların çirkli sulardan yuyulması ilə bağlı qarşıya qoyulmuş bütün addımları atıb. Belə hesab edirəm ki, bu sahədə də uğurlu islahatlar gedir. Yolların çəkilməsi ilə bağlı sahədə də çox gərgin işlər gedir, biz bunun nəticələrini görürük. Həm kənd yollarında, həm də magistral yollarda olduqca keyfiyyətli və uğurlu işlər davam etdirilir. Mən bütün bunları sadalamaqla, ayrı-ayrı qurumların işlərinə qiymət verməklə vaxtınızı almaq istəmirəm. Ümumilikdə Nazirlər Kabinetinin fəaliyyətinə müsbət qiymət verirəm və hamını səsverməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, kabinet üzvləri və dəyərli həmkarlar! Öncə onu deyim ki, hesabat tam mənzərə yaranması üçün bir sıra kontekstlərə varılaraq ətraflı və əhatəli hazırlanıb. Burada deputatların ötən hesabatda səsləndirdikləri fikirlər və onların yerinə yetirilməsi yönündə görülən, yaxud da görüləcək işlər öz əksini tapıb ki, bunu da ancaq alqışlamaq olar. Bütövlükdə hökumətin keçənilki fəaliyyətinə gəldikdə isə mən bu fəaliyyəti müsbət qiymətləndirirəm. Niyə müsbət? Baxın, burada qeyd edildi ki, keçən il ümumi daxili məhsulun artımında 0,1 faizlik bir göstərici qeydə alınıb. Əslində isə ötən il dövlətin geosiyasi, geoiqtisad önəminin artırılmasını, hərbi potensialının güclənməsini, öz maraqları çərçivəsində regional və bir sıra hallarda  qlobal proseslərə təsir imkanlarının çoxalmasını rəqəmləşdirməli olsaq, bu, ikirəqəmli ədəd ilə ifadə oluna bilər. Bunun da arxasında cənab Prezidentin reallaşdırdığı bir sıra regional və qlobal əhəmiyyətli layihələr durub ki, onlardan biri də keçən il Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin açılışı,  “Şimal–Cənub” Nəqliyyat Dəhlizi ilə bağlı önəmli addımların atılması,  “Azəri–Çıraq–Günəşli” yatağı ilə bağlı Azərbaycanın maraqlarına tam cavab verən ikinci kontraktın imzalanması idi ki, bütün bunlar da təbii ki, dövlətin uğurlarıdır və dediyim kimi, dövlətin o  sahələrdəki gücünün artmasını göstərir. Məhz bu addımın nəticəsidir ki, yəqin fikir verənlər olub, Ermənistan mediasında bugünkü başlıqlardan birinə baxıram,  “Şimal–Cənub” və “Şərq–Qərb” dəhlizləri ilə bağlı 4 ölkənin xarici işlər nazirinin bir araya gəlməsini onlar Ermənistanın regiondan sürgün edilməsi kimi qiymətləndirirlər. Bu başlıq altında veriblər. Həqiqətən də de-fakto belə bir vəziyyət yaranıb. De-fakto Ermənistan regionda qanunsuz bir dövlətə çevrilib. Azərbaycan özünün iqtisadi uğurlarına imza atmaqla yanaşı, eyni zamanda, düşmən keçən il daha güclü zərbələr ilə küncə dirənmiş bir vəziyyətə gətirib çıxarıb. Sa-dəcə, bir rəqəmi xatırlatmaq istəyirəm. Keçən il bizdə iqtisadiyyata qoyulan sərmayənin həcmi 14,6 milyard dollar idi və bunun 80 faizi təqribən xarici investisiyadır. Ermənistan iqtisadiyyatına isə keçən il vur-tut 124 milyon dollarlıq yatırım qoyulub. Bu artıq həmin ölkənin hansı səviyyədə olduğunu, necə bir vəziyyətə gətirildiyini göstərir. Təbii ki, öz hakimiyyətinin yanlış siyasəti və bu siyasətə Azərbaycanın reaksiyası nəticəsində belə bir reallıq yaranıb.
İqtisadi artıma gəldikdə isə onu demək lazımdır ki, bu artım bir tərəfdən maliyyə bazarında  makroiqtisadi sabitliyin bərpası, maliyyə dayanıqlığının yaradılması, valyuta bazarının qaydaya salınması kimi antiböhran tədbirlərinə paralel olaraq, həm də struktur mahiyyətli islahatların həyata keçirilməsi nəticəsində əldə edilib. Əslində, 2015-ci ildəki vəziyyətdən sonra belə bir artım heç cür ağla sığmırdı. Amma fakt olaraq hazırda biz belə bir addımla üz-üzəyik. Mən bunu təmsil etdiyim rayonun timsalında da görürəm. Rayonda 1170 nəfərlik Şıxax qəsəbəsi bizim məcburi köçkün bacı və qardaşlarımızın istifadəsinə verilib, oraya xarici ölkələrin səfirləri də gəlirlər.
Onların öz etiraflarıdır ki, Avropanın özündə belə  bu cür qəsəbələrə çox az halda rast gəlinir. Bu, bir tərəfdən dövlətin iqtisadi potensialının, sosial tərəfinin göstəricisidirsə, digər tərəfdən humanitar potensialı, insan haqlarına münasibəti göstərir. Ən ali haqları əllərindən alınmış, yuvalarından qovulmuş, öz evlərində yaşamaqdan məhrum edilmiş insanlara Azərbaycan dövləti ən yüksək standartlara cavab verən ev bəxş edib. Keçən il Tərtərdə pambıq yığımı məsələsində yüksək göstəricilərə görə Prezident örnək göstərdi. Təbii ki, bu, hökumətin gördüyü tədbirlər sayəsində əldə edildi. 15 artezian quyusu qazıldı, baxmayaraq ki, su qıtlığı problemi yenə də qalır. Amma bu infrastruktur layihəsi – su, elektrik, qaz xətlərinin çəkilməsi məsələsi, təbii, öz müsbət həllini göstərdi.
Yol infrastrukturuna gəlmək istəyirəm. Keçən il Tərtərdə ən yüksək standartlara cavab verən, 26 min əhalinin yaşadığı 20 kəndi birləşdirən gözəl bir yol çəkiblər. Ümumiyyətlə, həmkarım Azər Badamov da qeyd etdi, bundan öncə də qeyd edildi, hazırda çəkilən yollar yüksək keyfiyyəti və funksionallığı ilə seçilirlər. Bu, istər Bakıdakı dəyirmi yol olsun, sovetski dediyimiz ərazidən keçən yol olsun, istərsə də regionda kəndarası yollar olsun,  istər-istəməz diqqəti cəlb edirlər və bunu qeyd etməyə bilmərəm.
Bütövlükdə demək istəyirəm, dəyərli həmkarlar, biz inkişafa məhkumuq. Nəyə görə məhkumuq? Bu inkişaf, sadəcə, bizim yaxşı yaşamağımız üçün lazım deyil. Biz dünyada baş verən prosesləri görürük. Əgər bir millət, bir xalq ki istehsalçı xalq, istehsalçı millət  olmadı, onda onun taleyi çox qaranlıq ola bilər. Hazırda böyük dövlətlərin hərəkətləri, bəyanatları, atdığı addımlar indi XXI əsr olsa da, çox təəssüf ki, quldarlıq dövründəkindən heç də fərqlənmir. Məhz buna görə bizim qarşımızda inkişaf etməkdən başqa ayrı bir yol yoxdur. Bu yol isə ilk növbədə peşə təhsilindən, ali təhsildən keçir. Mən fikir verirəm, keçən il peşə təhsili sahəsində müəyyən əhəmiyyətli addımlar atılıb. Demək olar ki, peşə təhsilinə sənəd verənlərin arasında 4 və 5 qiymət alanların artımı 20 faizdir. Əslində, peşə təhsilinə yanaşmanın, ümumiyyətlə, fəlsəfəsi dəyişməlidir. Peşə təhsilinin əhəmiyyəti dərk edilməli, cəmiyyətə aşılanmalı və bu yöndə addımlar atılmalıdır. Eyni zamanda, onu demək istəyirəm ki, əgər statistikaya fikir versəniz, əhalinin hər min nəfərinə düşən ali təhsil məsələsində Azərbaycan ilə bağlı statistika reallığı bilmirəm nə qədər əks etdirir, amma elə də ürəkaçan deyil. Mənə elə gəlir ki, bu məsələyə də diqqət yetirmək lazımdır. Təbii ki, orta məktəblərdə təhsilin səviyyəsi məsələsi var. İndi modul tipli məktəblərə üstünlük verilir və yüz belə məktəb istifadəyə verilib. Onlardan ikisi Tərtərdə inşa olunub. Amma bizim elə məktəblər var ki, onlarda demək olar, şagirdlərin sayı ilə müəllimlərin sayı az qala eynidir. Güney təcrübəsində bu var. Amerikada da var, Avropada da var və 2 il bundan öncə mən uzaq Altayda da gördüm. O yerdə ki şagirdlərin sayı azdır, o yerlərdə məktəb tikintisi yoxdur. Həmin şagirdlərin avtobuslarla başqa məktəblərə aparılmasına, onların yeməklə təmin edilməsinə üstünlük verilir. Bu, təhsilin keyfiyyətinə də müsbət təsir edə bilər. İndi kəndlərarası yolların cənab Prezidentin tapşırığı ilə çox yüksək səviyyədə çəkildiyini nəzərə alsaq, mənə elə gəlir ki, bu məsələyə xüsusi diqqət yetirməliyik.
Sonda bir məsələni demək istəyirəm. Dünən VI Qlobal Bakı Forumunda cənab Prezidentin bir fikri oldu. Dedi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görsəydilər, onunla fəxr edərdilər. Bu, doğrudan da, belədir və bugünkü Azərbaycanın bu günə gəlib çıxmasında cənab Prezident başqa olmaqla bu komandanın böyük rolu var. Mən gələcəkdə onlara daha böyük uğurlar arzulayıram və hesabata səs verəcəyəm.
Sədrlik edən. Sağ olun.  Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun. Cənab Sədr, cənab Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri! İlk növbədə mən istəyərdim, qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi və ailələrinizi təbrik eləyim və sizə işlərinizdə uğurlar arzulayım. Müzakirəyə təqdim edilmiş hesabatın təhlili, hörmətli Baş nazir Artur Rasizadənin geniş və ətraflı məruzəsi, məndən əvvəl çıxış edən həmkarlarımın dedikləri onu göstərir ki, dünya iqtisadiyyatında yaşanan və beynəlxalq aləmdə baş verən mənfi proseslərə baxmayaraq, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də ölkəmizin sosial-iqtisadi həyatında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu uğurlu nəticələrin əsasını isə böyük əminliklə qeyd edə bilərik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin son 14 il ərzində ardıcıl olaraq inamla həyata keçirdiyi siyasi və iqtisadi islahatlar təşkil edir. Bu islahatların davamı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin təsdiq edilməsi haqqında fərmanda öz əksini tapmış və onun icrasına başlanmışdır. Hesabat ilində iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması, aqrar sektora dövlət dəstəyinin genişləndirilməsi, davamlı və rəqabət qabiliyyətli iqtisadiyyatın inkişafında böyük əhəmiyyət kəsb edən bir çox tədbirlərin həyata keçirilməsi hökumətin diqqət mərkəzində olmuşdur. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində hörmətli Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı 2017-ci ildə sabit və təhlükəsiz şəraitdə yaşamış, ölkəmiz uğurla və sürətlə inkişaf etmişdir.
Ötən il iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahəsində də inkişaf üçün uğurlu il olmuşdur. Belə ki, 2017-ci ildə pambıqçılıq, baramaçılıq, ipəkçilik və tütünçülüyün inkişafına dair dövlət proqramları təsdiq olunmuş, bu sahələrdə  istehsalla məşğul olanların stimullaşdırılması üçün subsidiyaların verilməsinə başlanmışdır. Keçən il fermerlərə 110 milyon manatdan çox güzəştli kreditlər verilmişdir. Hökumətin aqrar sektora göstərdiyi bu diqqət və qayğı sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artmış, əsas ərzaq məhsulları ilə təminat xeyli yaxşılaşdırılmış və 502 milyon dollar dəyərində və yaxud 2016-cı illə müqayisədə 35 faizdən çox tərəvəz, meyvə ixrac edilmişdir. Bununla yanaşı, fermerlərin daha məhsuldar işləməsinə mane olan bəzi məsələlərə toxunmaq istərdim. Bəzi fermerlərdən əkin sahəsində çoxillik bitkilərin becərilməsində  yanacaq və motor yağı, habelə buğda və çəltik əkinləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş subsidiyaları tam həcmdə ala bilməmələri barədə şikayətlər daxil olur. Onlar bunun iki səbəbini göstərirlər. Birinci, icarə müqavilələrinin bağlanmasında fiziki şəxslərin həmin torpaqların  üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət aktlarının mülkiyyətçilərə verilməməsi və ikinci isə hər bir icarə müqaviləsinin notarial qaydada hər il təsdiq edilməsi. Belə bir halda az torpağı olan mülkiyyətçilər onlarla bağlanan icarə müqavilələrinə görə ödəməli olduqları gəlirləri ödəməkdən  imtina edirlər. Bu da gəlirlərin az olması ilə əlaqədardır. Onların təklifi budur ki, 5 illik müqavilələr bağlansın və notarial qaydada təsdiq olunsun. Bildirirəm ki, torpaq islahatı nəticəsində 850 mindən çox ailə torpaq payı almışdır. 10 minlərlə fermerin isə bələdiyyə və dövlət torpaqlarını icarəyə götürməsinə baxmayaraq, hesabat ilində qeyd olunduğu kimi, 2017-ci ildə kənd təsərrüfatı ilə məşğul olan 372 min istehsal sahəsinə yuxarıda göstərdiyim subsidiyalar verilmişdir. Bu da onu göstərir ki, bu məsələdə, doğrudan da, uğursuzluq mövcuddur. Onların aradan qaldırılması üçün hökumətin müdaxiləsinə ehtiyac vardır.
Bir neçə məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, mən  28-ci dairədən millət vəkili seçilmişəm. Fərəhlə və hökumətə də minnətdarlıqla bildirmək istəyirəm ki, uzun illərdən bəri Maştağada  mədəniyyət sarayının yenidən qurulmasına böyük ehtiyac var idi. Dekabr ayının sonunda Birinci vitse-prezidentimizin iştirakı ilə həmin bina  əhalinin istifadəsinə verildi.  Bir məsələni də  bildirmək, daha doğrusu, hökumətdən xahiş etmək istərdim. Uzun illərdir, yəni 1930-cu illərdən istifadədə olan 7 saylı Maştağa xəstəxanasının əsaslı təmirə böyük ehtiyacı var və dövlət proqramında da bu göstərilib. Səhiyyə nazirimiz hörmətli Oqtay Şirəliyevlə bu barədə söhbətlərimiz olub, onun da dəstəyi var. Onu da deyim ki, maliyyə naziri Samir müəllimlə də görüşmüşük və o da bu məsələyə dəstək verir. Xahişim budur ki, hökumət onun maliyyələşdirilməsi məsələsinə baxsın, biz də təmir işlərinə başlayaq.
Sonda bir məsələni də xahiş edərdim. Bilirsiniz ki, “Azərittifaq”ın Kooperasiya Universiteti və kolleci şəhərin mərkəzində yerləşir. Onun xidmətində olan 2 yataqxana binasından biri Azadlıq prospektində, digəri isə Ziya Bünyadov prospektində yerləşir. 1992–1993-cü illərdə köçkün və qaçqınları biz orada məskunlaşdırmışıq və bu gün də onlar oradadırlar. Çox təəssüflər olsun ki, uzun illərdən bəri bu binalarda təmir işləri aparılmadığına görə həmin binalar qəzalı vəziyyətdədirlər. Ziya Bünyadov prospektində yerləşən binanın sakinləri olan qaçqınlar dəfələrlə  bizə  müraciət ediblər. Hələ 2014–2015-ci illərdə biz bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinə və eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Onlar bir yerdə gəlib binaya baxış keçirdilər və binanın, həqiqətən də, qəzalı vəziyyətdə olduğunu təsdiq etdilər,  hökumətə müraciət göndərildi. Qaçkınkomun sədri, Baş nazirin müavini hörmətli Əli müəllimin bizə məktubu gəldi ki, 2015-ci ildə onları köçürəcəyik. Maliyyə Nazirliyi də müraciətimizə cavab verdi ki, köçürülən vaxt onlara maliyyə dəstəyi göstəriləcək. Lakin bu vaxta qədər həmin məsələ öz həllini tapmamışdır. Hökumətdən xahiş edirik ki, heç bir hadisə baş vermədən bu insanları köçürsünlər, qalan məsələləri, yəni təmir məsələsini biz özümüz həll edərik. Bütövlükdə hesabatı qənaətbəxş hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Artur müəllim, hökumət üzvləri, hörmətli həmkarlar və media mənsubları!  Nazirlər Kabinetinin müzakirə  etməkdə olduğumuz hesabatı nəhəng inkişafımızın, böyük tərəqqimizin bir aynasıdır. Hesab edirik ki, digər illərdə olduğu kimi, ötən ildə də hökumətin fəaliyyəti öz müsbət çalarları ilə yadda qalan olub. Azərbaycan hökumət   qlobal  proseslərin təzyiqi altında belə kifayət qədər müvəffəqiyyətlə fəaliyyət göstərib və müsbət nəticələr əldə edib. Dövlət başçımızın həyata keçirdiyi uğurlu və çevik siyasət, onun rəhbərliyi altında reallaşan mühüm layihələr nəticəsində ölkəmiz ötən ildə də misilsiz nailiyyətlərə imza atıb. Məhz cənab Prezidentin iradəsi ilə sosialyönümlü layihələrin icrası yüksək səviyyədə davam etdirilib, sosial müdafiəyə ehtiyacı olan təbəqənin qorunması istiqamətində mühüm addımlar atılıb. Ölkədə yaranmış ictimai-siyas sabitlik, təmin edilən stabil iqtisadi siyasət, ən böyük qazancımız olan vətəndaş həmrəyliyi və milli birlik gələcəyə daha  nikbinlik və əminliklə baxmağımıza əsas verir. Bu nailiyyətlərdə əlbəttə ki, hər bir nazirliyin, hər bir qurumun rolu və payı böyükdür. Əldə etdiklərimiz bütün hökumət üzvlərinin böyük əməyinin və uğurlu fəaliyyətinin məcmusudur. Xüsusilə səhiyyə, kənd təsərrüfatı, əhalinin sosial müdafiəsi, keyfiyyətli su ilə təmin edilməsi, gənclər və idman siyasəti sahələrindəki uğurlarımızla öyünməyə dəyər.
Ötən ilin yadda qalan ən əhəmiyyətli nailiyyətlərindən biri təkcə iqtisadi deyil, həm də böyük bir strateji, siyasi layihə olan Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi oldu. Bu, tarixi bir hadisə idi. Bu yol böyük İpək Yolunun dəmir özüllər üzərində yenidən canlanması idi. Bu yol Azərbaycanın gücünün, qüdrətinin daha da möhtəşəm təsdiqi və göstəricisi idi. Söz yoldan düşmüşkən, bildiyiniz kimi, cəmi 2 gün bundan əvvəl İqtisadi İnkişaf Nazirliyi və Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin iştirakı ilə İran İslam Cümhuriyyətində yüksək səviyyəli görüşlər keçirilib. Azərbaycan həmin gün daha bir tarixi uğura imza atıb. İllər boyu imperiyaların, Rusiyanın, Fransanın, İngiltərənin birləşdirə bilmədiyi Fars körfəzi ilə Fin körfəzi indi cənab Prezident İlham Əliyevin dəstəyi və iradəsi ilə reallaşdırılan “Şimal–Cənub” beynəlxalq nəqliyyat vasitəsi ilə birləşdirilir. Bu, əlbəttə ki, qürurverici bir hadisədir. Bu münasibətlə başda ölkə Prezidenti olmaqla layihənin reallaşmasında əməyi keçən hər bir kəsi təbrik etmək istəyirik.
Hesabat haqqında toxunmaq istədiyimiz məsələlər daha əvvəl  çıxış edən deputat həmkarlarımız tərəfindən dilə gətirildi. Ona görə də hesabatı geniş təhlil etməyəcəyəm. Amma bir məqamı mütləq vurğulamaq istəyirəm. Təmsilçisi olduğum rayonlarla və ümumilikdə ölkə əhəmiyyətli bəzi məsələlərlə bağlı olaraq ötən il səsləndirdiyimiz fikirlərin və təkliflərin böyük əksəriyyətinə həssaslıq və diqqətlə yanaşdıqlarına görə, bütün seçicilərim adından Nazirlər Kabinetinə və şəxsən Artur müəllim, Sizə böyük minnətdarlığımızı bildirirəm. Mən hesabata daxil edilən həmin məsələlərdən bir neçəsini qeyd etməyi özümə borc bilirəm. Hesabatda önümüzdəki illərdə Zərdab rayonunun Təzəkənd kənd səkkizillik orta məktəbi üçün  yeni binanın tikintisi, Məlikli və Körpükənd kənd sahə xəstəxanalarının tikintisi, rayon mədəniyyət evinin əsaslı təmiri, Tarixdiyarşünaslıq muzeyi üçün binanın tikintisi, Şıxbağı və Nəzəralılı kəndlərinin qazlaşdırılması istiqamətində işlərin başlanması və davam etdirilməsi, Zərdab  şəhərində kanalizasiya  xəttinin çəkilişinin nəzərdə tutulması çox əhəmiyyətli məqamlardır. Eyni zamanda, deputatı olduğum Ucar rayonunun Lək kəndində mədəniyyət evi binasının əsaslı təmiri, yenə həmin kənddə məktəb qazanxanalarının qazla təmin edilməsi və qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Ucar rayonunun Bərgüşad  kəndinin  qazlaşdırılması işlərinin başa çatdırılması da hesabatda öz yerini alıb. Vaxt məhdudluğu səbəbindən qeyd edə bilmədiyim, amma hesabata daxil edilən bütün digər məsələlərin də öz həllini tapacağı xəbəri bütün seçicilərimizin sevincinə səbəb olub.
Sonda bir daha qeyd etmək istəyirəm ki, bizə paylanan 435 səhifəlik mükəmməl sənəd, əslində, xalq və dövlət birliyinin, həmrəyliyinin mühüm bir göstəricisidir. Mən bu hesabata səs verəcəyəm. Çıxışımın sonunda qarşıdan gələn Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edir, dövlətimizə, xalqımıza, millətimizə xeyirli, uğurlu olmasını arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov.  Çox hörmətli cənab Sədr, hörmətl Baş nazirimiz, deputat həmkarlarım və hörmətli hökumət üzvləri! Mən  əsas etibarilə bizim Şəki camaatının, seçicilərimin iki xahişini Baş nazirimizə yetirmək üçün bu çıxışa yazılmışam. Amma həmkarlarımın çıxışlarını dinləyəndən sonra bizim Baş nazirimizin çıxışı ilə bağlı bəzi mülahizələrimizi də bildirmək istəyirəm. Bizim çox dəyərli dövlət adamımız olan Baş nazirimizə dərin minnətdarlığımı bildirirəm. Onun başçılıq etdiyi hökuməti də təbrik edirəm. Bu müddət ərzində, doğrudan da, çox səmərəli fəaliyyət göstərib. Bizə paylanılan hesabat sözün əsl mənasında peşəkarlıqla hazırlanmış hesabatdır. Artur müəllim Rasizadə də onu yüksək peşəkarlıqla təqdim etdi.
Mən hörmətli Baş nazirimizin çıxışındakı bir məqamı xüsusi vurğulamaq istəyirəm. Biz Prezident seçkiləri ərəfəsindəyik. Bu gün hökumətimizin fəaliyyətinə qiymət verərkən Prezidentimizin də Prezident hakimiyyəti kürsüsündə əyləşdiyi dövrdəki fəaliyyətinə bütövlükdə qiymət verməliyik və məsələlərə o kontekstdən yanaşmalıyıq. Bu baxımdan mən həmişə söylədiyim bir fikri təkrarlayaraq sözlərimə başlamaq istəyirəm. Biz unutmamalıyıq ki, son dərəcə çətin və mürəkkəb bir dünyada yaşayırıq. Bizim regionumuz, yəni türk islam dünyası demək olar ki, qan dəryasına qərq olunub, mürəkkəb problemlər, proseslər gedir, beynəlxalq münasibətlərimiz pozulub, regiondakı iqtisadi əlaqələrimiz lazımi qədər sahmanda deyil və həm Türkiyəyə, həm də bizə qarşı beynəlxalq aləmdə  böyük dövlətlərin bəzi dairələri tərəfindən müəyyən planlar da hazırlanmaqdadır. Biz müharibə şəraitindəyik. Müharibə şəraitində milyondan çox qaçqını olan ölkədə mənim fikrimcə, Azərbaycan Prezidentinin başçılığı ilə ötən illərin  ən böyük uğuru bundan ibarətdir ki,  bizim Prezidentin müəllifliyi ilə inkişafın müasir Azərbaycan modeli formalaşdırıldı. O modellə bütün dünya maraqlanır. İnkişaf etmiş ölkələr, böyük dövlətlər maraqlanır, onun tərkib hissələrini öyrənirlər ki, bu cür çətin şəraitdə Azərbaycan  davamlı olaraq inkişaf edən ölkəyə necə çevrildi? Bu baxımdan mən öz seçicilərim adından cənab Prezidentə, onun komandasına ən dərin minnətdarlığımızı yetirmək istəyirəm ki, bu şəraitdə Azərbaycan davamlı olaraq inkişaf edən ölkə oldu. Biz kosmik tədqiqatlar aparan ölkələrdən biriyik. Bizim ölkəmiz, bizim dövlətimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib və bütün sahələrdə Azərbaycanın uğurları göz qabağındadır. Yəni bu baxımdan mən bu uğuru başlıca uğur hesab edirəm.
İkinci, Prezidentin Prezident kürsüsündə olduğu, Azərbaycanı idarə etdiyi müddətdəki ən böyük uğuru bu çətin dünyada, bu ağır regionda qarşıdurmaların, terror aktlarının yayıldığı bir məqamda və məkanda Azərbaycanı bir sabitlik adası kimi qoruyub saxlaya bildi. Sabitlik olmayan yerdə isə heç bir inkişafdan əlbəttə ki, söhbət gedə bilməz. Yəni bu şəraitdə Azərbaycanı qoruyub saxlamaq, bizim sabitliyimizi təmin etmək Prezidentin başçılığı ilə bizim hüquq mühafizə sistemimizin, Daxili İşlər Nazirliyimizin, ümumiyyətlə, ədliyyə sistemimizin çox böyük uğurudur. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm.  
Bizim regionumuza gəldikdə, mən belə hesab edirəm ki, Şəki Azərbaycan Prezidenti ölkəni idarə etdiyi dövrdə öz intibah dövrünə qədəm qoyub. Yeni teatr binası tikilib, Sabit Rəhman adına teatr yenidən xalqımıza təqdim olunub. Şəkidə mehmanxanalar ucaldılıb. Şəki ilə Qax arasında Şirinçay üzərindən möhtəşəm körpülər salınıb. Yəni Şimal–Qərbi Azərbaycan Balakəndən üzü bəri özünün intibah dövrünü yaşayır. Bu uğurları mən bir daha təkrar etmək niyyətində deyiləm. Amma bir daha  bugünkü müzakirənin gedişatında deyilən sözlərə qoşularaq Baş nazirimizi təbrik etmək istəyirəm.
Hörmətli Artur müəllim, bizim Şəki zəhmətkeşlərinin adından iki məqamı sizə yetirmək istəyirəm. Mən bu gün, əslində,  bu iki tapşırığı Sizə yetirmək üçün bu çıxışa yazılmışam.  Bunlardan birincisi, mən belə hesab edirəm ki, süni yaradılan narazılıqdır, onu aradan qaldırmaq lazımdır. Şəki şəhərində 441 vətəndaşa torpaq sahəsi ayrılıb, bütün hüquqi sənədləri əllərindədir. 200-dən çoxu  ev tikib və bu evlərdə körpə uşaqlar da daxil olmaqla təxminən mindən çox adam yaşayır. İllərlə bunlara qaz verilmir.  Bütün strukturlara müraciət etmişik. Ötür-ötür oyunu oynanılır.  Buna yol vermək olmaz. Xüsusilə indi Prezident seçkiləri qarşısındayıq. Xəstə uşaqlar var. Necə ola bilər, 200 ev, yəni şəhərin bir hissəsi qazlaşdırılmasın? Yəni mən Sizdən çox xahiş edirəm, camaatın xahişidir, süni yaradılan bir məsələdir. Bu məsələn həll edin. Yəni təcili surətdə bu camaatın qayğısına qalmaq lazımdır. Əllərində bütün vəsaiti və sənədləri ilə qalanlar da var, orada ev tikdirə bilmirlər, çünki qazla təmin olunmur. Bütün sənədlər qaydasındadır. Bu xahişi mən Sizə yetirirəm və Sizdən rica edirəm.
İkincisi, camaatımızın  digər xahişini Sizə çatdırıram. Azərbaycanımızın yaxın zamanlarda inkişafını real olaraq təmin edəcək məsələlərdən biri turizmin inkişafıdır. Şəki isə tarixi abidələrinə, ənənələrinə, Xan sarayına, ümumiyyətlə, regionun gözəlliyinə görə Azərbaycanda ən çox turistin gəldiyi bir yerdir. Sovet dövründə Şəkidə təyyarə meydanı var idi. İndi o təyyarə meydanını ot-alaq basıb. 100 min əhalisi olan Şəkidə nə üçün təyyarə meydanı olmasın? Şəkiyə gəlmək istəyən  gedir, qonşu rayonlarda düşür, oradan gəlir. Ya da Bakıya gəlir və buradan Şəkiyə gəlir. Ona görə də biz Sizdən çox rica edirik ki, bu məsələyə də dövlət maraqları səpkisində diqqətlə baxılsın. Həmişə regionun  mərkəzi olan, azərbaycançılığın mərkəzi olan, qədim dövlətçilik məkanı hesab edilən Şəki şəhərinə təyyarə meydanı baxımından bu münasibəti biz yolverilməz hesab edirik. Bununla belə, mən bir daha sonda qeyd etmək istəyirəm ki, bizim regionumuz, o cümlədən Şəki inkişaf dövrünü yaşayır. Prezidentimiz dəfələrlə Şəkidə olub. Xalq Prezidenti sevir və bizim camaatımız yekdilliklə bu seçkilərdə Azərbaycan Prezidentinə növbəti dəfə seçki müddətində öz taleyini etibar edəcəkdir. Şəkidə dövlətçiliyə sədaqət var, dövlətimiz sevilir, Prezident sevilir, ancaq bu kimi nöqsanların aradan qaldırılması son dərəcə vacibdir.
Sizə müraciət edirəm və sonda da bildirirəm ki, bizim hökumətin hesabatı səriştəli hesabatdır, hökumət üzvlərinin böyük əksəriyyəti peşəkardır. Sizin bu gün bizim qarşımızda verdiyiniz hesabat da peşəkarcasına verilən hesabatdır, alqışlayıram və hökumətin fəaliyyətinin yaxşı qiymətləndirilməsini təklif edirəm. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli deputatlar və hökumət üzvləri!  Sizi salamlayıram və eyni zamanda, Novruz bayramınızı təbrik edirəm. Çıxışa başlamazdan əvvəl bir sıra prosedur məsələlərlə bağlı demək istərdim. Bilirsiniz ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hesabatı bizim müzakirəmizdədir. Amma Konstitusiyada, bildiyinizə görə, 95-ci maddənin 14-cü bəndində Nazirlər Kabinetinə etimad məsələsi qoyulub. Eyni zamanda,  Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 21-1-ci maddəsinə və “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən də  etimad məsələsi qoyulur. Göründüyü kimi, Konstitusiyada hesabat məsələsi öz əksini tapmayıb. Mən arzu edərdim ki, gələcək qanunvericilik yaradıcılığı vaxtı bu nəzərə alınsın. Heç də həmişə etimad məsələsi hesabatla bağlı olmur, başqa hallarda da ola bilər. Ona görə də bunun gələcəkdə nəzərə alınmasını arzu edərdim.
İkinci bir məsələ. Mən  hesab edirəm ki, neft ixracatından asılı olan ölkələrin içərisində Azərbaycan sənayesinə, iqtisadiyyatına görə daha yaxşı göstəricilərə malikdir və Nazirlər Kabineti, doğrudan da, yaxşı işləyib. Ona görə də  mən Nazirlər Kabinetinin hesabatını müsbət dəyərləndirirəm və ona səs verəcəyəm.
Eyni zamanda, hesab edirəm ki, Azərbaycan Respublikası inkişaf etməkdə olan dövlətlər kateqoriyasına daxildir. Burada orta inkişaf göstəricisi haradasa 3 faizdir. Əminəm ki, Nazirlər Kabineti gələcək fəaliyyətində bu faizə yaxınlaşacaq və onu təmin edəcək. Buna heç bir şübhə yoxdur. Neftin də qiyməti müəyyən qədər sabitləşib və sair.
Bir sıra məsələlərə də mən toxunmaq istərdim. Eyni zamanda, təşəkkür edirəm ki, hesabat məruzəsində mənim çıxışlarıma da yer verilib. Bunun üçün də təşəkkür edirəm. Görülən işlər və icra haqqında məlumat verilib. Ancaq mənim narahatçılığım var. Şəhid və əlil ailələrinin evlə təmin olunması barədə məsələ yenə də aktualdır. Eyni zamanda, Quba–Qonaqkənd–Şamaxı yolu da aktualdır. Bunun bizim bütün region bölgəsi üçün əhəmiyyəti var. Amma xüsusi olaraq bir şeyi mən xahiş etmək istərdim. Bu da  Ağsu dolayları məsələsidir. Bu, Ağsu rayonu iqtisadiyyatının arteriya damarıdır. Burada göstərilir ki, 2019-cu ildən sonra bu yolun əsaslı tikintisinə başlanacaq. Mən cənab Baş nazirdən xüsusi xahiş edirəm, bütün hökumətdən xahiş edirəm, Ağsu iqtisadiyyatı çox ciddi şəkildə buna bağlıdır. İraq olsun, o yol bağlansa, bilmirəm necə olacaq. Ona görə də bunu tezləşdirməyi xahiş edərdim.
Digər məsələlərlə bağlı narahatçılığımı ifadə etmək istəyirəm.  Azərbaycan Respublikasının ixracının 90 faizi neft-qaz məhsulları ilə bağlıdır. Digər məhsulların ixracı ilə bağlı biz bilirik ki, cənab Prezident  dəfələrlə müşavirədə bu məsələləri qoyub. Çox ciddi məşğul olmaq lazımdır ki, faizlər aşağı salınsın. İdxal məsələlərində də bir qədər  bu cür problemlər yaşanır.
Məni narahat edən başqa bir məsələ də var. Misal üçün, şampan məhsullarının 2003-cü ilə nisbətən 1,1 faiz olmasını, konyak məhsullarının 6,3 faiz olmasını, haradasa spirtli içkilərdir, başa düşmək olar. Amma əmtəəlik balıq məhsullarının 2003-cü ilə nisbətən cəmi 21,5 faiz təşkil etməsi məni narahat edir. Mən keçənilki hesabatın müzakirəsi zamanı da demişdim, bizim Xəzər dənizimiz var, göllərimiz,  çaylarımız var. Nə üçün əmtəəlik balıq məhsulları 2003-cü ilə nisbətən 15 il ərzində cəmi 20 faiz olsun? Bu məsələyə də diqqət edilməsini mən çox arzu edərdim.
Başqa bir məsələ də var. Mən təşəkkür edirəm ki, bu məsələyə məruzədə toxunulub. Bu, cümhuriyyətin 100 illiyi məsələsidir. Eyni zamanda, 100 illiyi martın 31-də tamam olan  soyqırımı məsələsi də öz əksini tapıb. Göstərilir ki, 2016–2017-ci illərdə bununla bağlı təlimatlar verilib, səfirliklərdə tədbirlər keçirilib. Bu il həmin soyqırımının 100 illiyi tamam olur və bunun üçün  bütün atributları ilə çox möhtəşəm bir abidə kompleksi yaratmaq lazımdır. Nə üçün düşmənlərimiz saxta bir abidə yaradaraq dünyanı onun ayağına gətirirlər, hamını özlərindən asılı vəziyyətə salırlar, amma biz heç nə etmirik? Hesab edirəm ki, son 200 il ərzində zaman-zaman türk, müsəlman xalqı olaraq başımıza gətirilən müsibətlərlə bağlı gözəl bir abidə kompleksi yaratmaq lazımdır. Hər halda məruzədə bu məsələyə toxunulduğuna görə təşəkkür edirəm.
Eyni zamanda, bir məsələyə də toxunmaq istəyirəm. Məruzədə ikitərəfli, çoxtərəfli münasibətlərdən söhbət getdi. Amma xüsusilə  aktual  və Azərbaycanın müvəffəq olduğu bir sahə var, cənab Sədr. Bu da ondan ibarətdir ki, Gürcüstanla, Pakistanla, Türkiyə ilə, İranla, Türkmənistanla  üçtərəfli, hətta dördtərəfli görüşlərimiz olur. Mən hesab edirəm, ayrı-ayrı görüşlər artıq bizə elə bir  platforma verib ki, gələcəkdə bu dövlətlərin iştirakı ilə Asiya tipli bir təşkilatın yaradılması istiqamətində də işlər aparıla bilsin. Mən bunu alqışlayardım.
İndi isə birbaşa öz regionumla bağlı bir sıra məsələləri demək istərdim. Məruzədə təşəkkür edirəm ki, Ağsu rayonunun Gegəli kəndinə suvarma kanalının çəkilməsi ilə bağlı məsələyə toxunulub. Amma orada qazan xətti deyilən bir xətt var idi. Sovet dövründə minlərlə hektar torpaqda bu suvarmadan istifadə edilirdi. Onu təcili bərpa etmək lazımdır. Mən aidiyyəti orqanlardan xahiş edirəm. Gegəli, Bico, Qəşəd, Ləngəbiz və digər kəndlərdə çoxsaylı əhali yaşayır, bu, onların iqtisadiyyatına, kənd təsərrüfatının inkişafına çox kömək edərdi. Eyni zamanda, Ərəbmehdibəy kəndində də suvarma işləri ilə ciddi məşğul olmaq lazımdır. Mən Mədəniyyət və Turizm Nazirliyindən çox xahiş edərdim, Azərbaycanın “xaraba şəhər” deyilən abidəsi var. 1736-cı ildə salınmış bir şəhərdir, sonra dağıdılıb, xaraba halına gəlib. Oranı düzəltmək lazımdır, bir sıra turizm xətlərinin mərkəzi ola bilər. Hamı gəlsin, görsün ki, Azərbaycan xalqı heç də bu gün ermənilərin və başqalarının dedikləri kimi, barbar olmayıb, əksinə, mədəni olub. Qədim yaşayış məkanlarında nə qədər kanalizasiya xətti var, nə qədər mədəni abidələr var. Öz gözləri ilə görsünlər. Mən elə bilirəm ki, bunun respublikamıza xeyri ola bilər.
Yenə də yollarla bağlı məsələni demək istəyirəm. Bu gün Ağsu yeganə şəhərlərdən biridir ki, onun bütün yolları asfaltlanıb. Mənim üçün çox xoşdur ki, kənd təsərrüfatının, yəni pambıqçılıq və digər sahələrin inkişafı ilə bağlı camaat yavaş-yavaş geri qayıdır. Mən quru söz demirəm, bir fakt gətirim. Ağsu şəhəri balaca olmasına baxmayaraq, orada  təkcə keçən il 246 fərdi ev tikilib və 46 ev də tikilməkdədir. Bakıda kirayədə olan adamlar geri qayıdırlar. Yaxın vaxtda 30 milyondan çox özəl sərmayə qoyulub. Şərab emalına 20 milyona yaxın, kənd təsərrüfatına 7 milyona yaxın sərmayə qoyulub. Bu sərmayələr inkişaf etdirilir, pambıqtəmizləmə məntəqəs və digərləri tikilir. Bu işlər aparılır. Mənim məlumatım var ki, bizim Rəhimi kəndi istiqamətində və eyni zamanda, Kalva istiqamətində də yollar çəkiləcək. Bunun da mümkün qədər sürətləndirilməsini mən xahiş edərdim. Mənim narahat olduğum ən ciddi məsələlərdən biri də məktəb məsələsidir.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir və hökumət üzvləri!  Bu gün Ağsu şəhərinin özündə 1980-ci illərdə tikilmiş məktəblər fəaliyyət göstərirlər. Uçulur, yağış damır. Bəzi kənd məktəblərində, hətta ilan gəzir. Mən keçən dəfə də bu məsələni demişdim. 5 nömrəli internat məktəbi var, çox yaman gündədir, heç cür dərs keçmək olmur.  Hər dəfə bu məsələni mən qaldırıram.  2, 4, 5 nömrəli məktəblər və xüsusilə kənd məktəbləri çox pis vəziyyətdədirlər. Onların təmirinə diqqət edilməsini rica edərdim. Eyni zamanda, müəllim problemi var, təkcə Ağsuda 106 müəllim çatışmır. Kişi müəllimlərinin çatışmamasının hansı psixoloji nəticələrə səbəb olduğu haq-qında keçən dəfə geniş məlumat vermişdim. Mən Təhsil Nazirliyindən çox xahiş edərdim, bu məsələyə baxsın. Kişilərin daha çox müəllim işləməsi üçün müəyyən güzəştlər təmin olunsun. 
Ümumilikdə məruzə çox geniş yazılıb, əhatəli və tutumludur. Mən  hökumətimizə inanıram. Cənab Prezidentin başçılığı altında İnşaallah, Azərbaycan hökuməti yeni nailiyyətlər əldə edəcək, hətta müəyyən  sıçrayış mövqelərinə də gələ biləcək. Uğurlar arzulayıram. Bir daha bayramınızı təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Çıxışınıza görə çox sağ olun, amma Tahir müəllim, Konstitusiya məsələsi ilə bağlı bir söz işlətdiniz. Konstitusiyaya uyğun olaraq, Milli Məclisin hər il 5-ci iclasında hökumətin hesabatı dinlənilir. Amma Allah uzaq eləsin, etimad məsələsi böhran dövrü olanda qaldırılır, onun bu iclasa heç bir dəxli yoxdur. O tamam başqa məsələdir. Aqiyə Naxçıvanlı buyursun.
A.Naxçıvanlı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü daxili və xarici siyasət hesabına yaranmış ictimai-siyasi sabitlik, şaxələnmiş və innovativ iqtisadi siyasət nəticəsində dövlətimiz dünyada baş verən güclü iqtisadi və maliyyə təzyiqlərinə sinə gərərək ölkəmizdə irimiqyaslı, böyük maliyyə tutumlu layihələr həyata keçirir. Dövlətimiz tərəfindən aparılan uğurlu siyasi kursun demək olar ki, əsas qayəsi sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir. Xüsusilə insanların ya-şayış səviyyəsinin yaxşılaşdırılması, maaşların və pensiyaların iqtisadi artım tempinə uyğun olaraq mütəmadi artırılması, yeni sosial infrastrukturun yaradılması bir daha sübut edir ki, sosial siyasət dövlətimizin prioritet istiqamətlərindəndir.
Cənab Prezidentin 2013-cü il 23 fevral tarixli sərəncamına əsasən 5-dən çox uşağı olan qadınlara verilən müavinətlərin məbləği bu il mart ayının 1-dən artırılmışdır. Müavinət 5-dən çox  uşağı olan qadınlara hər bir 18 yaşına çatmamış uşağa görə ödənilir. Bu isə dövlət büdcəsindən xeyli miqdarda vəsaitin ayrılması deməkdir. Digər tərəfdən cənab Prezident, ümumiyyətlə, sosial müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətlərin artırılması haqqında sərəncam imzalamışdır. Bu ilin əvvəllərindən bəzi xidmət sahələri üzrə maaş və pensiyaların artırılması da sosial siyasətdə aparılan inkişafın bariz nümunəsidir. Hesabat ilində dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə Heydər Əliyev Fondu, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlıq qurulmuş, əhəmiyyətli birgə layihələr icra edilmişdir. Dövlətin uşaq siyasəti sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, uşaqların müstəqil olaraq özünüifadə bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə fəal iştirakının təmin edilməsi istiqamətində müəyyən nəticələr əldə olunmuşdur. Dövlət başçısının müəyyən etdiyi strateji yol xəritələri dövlətimizin iqtisadi və sosial siyasətinin davamlı inkişafı üçün əsas meyardır. Bir sözlə, görülən işlər daha əhatəli və konkret rəqəmlərlə hökumətin hesabatında öz əksini tapmışdır. Bütövlükdə mən Nazirlər Kabinetinin hesabatını mükəmməl, əhatəli hazırlanmış sənəd hesab edirəm və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Biz bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında 435 səhifəlik hesabatla tanış olduq və eyni zamanda, çox hörmətli Baş nazirin məruzəsini dinlədik. Hesab edirəm, hər birimiz bu qənaətdəyik ki, hökumətin bu birillik fəaliyyətini bir cümlə ilə ifadə etmək lazım gəlsə idi, məncə, ən düzgün ifadə o olardı ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti, Nazirlər Kabineti bu il də bizim iqtisadi müstəqilliyimizi nəinki qoruyub saxlayıb, eyni zamanda, onu kifayət qədər möhkəmləndirib, daha da güclü edib. Həmin siyasətin sayəsində xüsusilə də son 14 il ərzində Azərbaycan iqtisadiyyatında 3,2 dəfə artım baş verib.
Bizim iqtisadiyyatımızda ən önəmli məsələ bu iqtisadiyyatın şaxələndirilməsi, yəni qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Cənab Baş nazir son 14 il ərzində bu sahədəki məsələləri xüsus qeyd etdi. Mən bir daha bu məsələlərə toxunmaq istəyirəm. Qeyri-neft sektorunda 2,8 dəfə artım qeydə alındı, sənayedə artımın səviyyəsi 2,6, kənd təsərrüfatında isə 1,7 dəfədir. İqtisadi siyasətimizin  əsas istiqamətlərindən bir idxaldan asılılığı zəiflətmək, ixracatın potensialını genişləndirməkdir. Son 14 il ərzində Azərbaycanda, xüsusilə qeyri-neft ixracatı məsələlərində 4,1 dəfəlik artım qeydə alınıb və bu rəqəmlər çox şey deyir. Siz təsəvvür edin ki, 14 il bundan öncə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdi. Bu gün isə gəlib 42 milyard dollara çatıb. Təxminən elə o qədər də bizim ümumi daxili məhsulumuz var. Azərbaycan iqtisadiyyatına son 14 il ərzində 231 milyard dollar investisiya qoyulub, bunun da yarısı xarici investisiyadır. Bu bir daha onu göstərir ki, uğurla yeridilən siyasət öz nəticələrini verməkdədir. Bu gün biz bir daha şahidi olduq ki, Nazirlər Kabinetinin builki fəaliyyəti də yalnız və yalnız müsbət rəy doğurur və biz buna görə həmin fəaliyyəti yüksək dəyərləndiririk.
Eyni zamanda, çox müsbət bir ənənə var. Mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, bizim Nazirlər Kabinetinin hesabatlarında irəli sürülmüş təkliflər və tövsiyələr diqqətdən kənarda qalmır. Bunun təsdiqi kimi, – mənim həmkarlarım yəqin ki, 381-ci səhifəyə baxıblar, – 381-ci səhifədən ta bu hesabatın sonuna qədər, yəni 435-ci səhifəyə qədər Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı müzakirələrin gedişatında deputatların irəli sürdükləri təklif və tövsiyələr necə icra olunub, hansılar icra olunub və hansı nəticələr əldə edilib, bax, bütün bunlar öz əksini tapıb. Biz tam əminik ki, növbəti ildə də Nazirlər Kabinetinin 2018-ci il ilə bağlı hesabatında məhz indi bizim hörmətli həmkarlarımızın irəli sürdükləri təklif və tövsiyələr, onların icrası ilə bağlı məsələlər öz əksini tapacaq.
Mən, eyni zamanda, bugünkü iclasda bu mötəbər tribunadan seçicilərmizin mövqeyini səsləndirmək istəyirəm. Bizə il ərzində daxil olmuş məktublarda bir çox məsələlər qaldırılır. Onları narahat edən məsələlər diqqətdə saxlanılır. Biz təbii ki, bu məktub və müraciətlər əsasında müvafiq nazirliklərə və komitələrə müraciət edərək  qaldırılan məsələlərin həllini onlardan xahiş edirik. Mən bugünkü fürsətdən istifadə edib şəxsən mənim seçicilərimin  məktubları, müraciətləri əsasında qaldırdığım məsələlərə dərhal və operativ reaksiya verən bir çox nazirliklərdən bəzilərinin adlarını çəkmək istəyərdim. Məsələn, Daxili İşlər Nazirliyinə  təşəkkür edirəm ki, dərhal bizim qaldırdığımız məsələlərə reaksiya verilir. Eyni cür təşəkkürü mən Ədliyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin ünvanına söyləmək istəyərdim, çünki müraciətlərimizə dərhal reaksiya verilib. Eyni zamanda, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təşəkkür edirəm ki, bizim qaldırdığımız məsələlər ilə bağlı operativ reaksiya verilib. Habelə Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edirəm ki, bizim seçicilərimizin qaldırdıqları problemlərlə, məsələlərlə bağlı dərhal öz reaksiyalarını bildiriblər.
Çıxışımın sonunda isə bir neçə təklifimi səsləndirmək istəyirəm. Bu təkliflər də mənim ünvanıma  daxil olmuş məktublar əsasındadır. Yəqin ki, mənim həmkarlarım da dəfələrlə bu məsələləri qaldırıblar. Yəni bu məsələlər bu gün bizim cəmiyyətimizi narahat edən məqamlarla bağlıdır, ilk növbədə isə problemli kreditlərlə bağlıdır. İnanın, əksər məktublarda bu məsələlər qoyulur ki, xüsusilə dollarla verilən kreditlərin taleyinə nə vaxt bir çarə tapılacaq? Nə vaxt bu məsələlər öz həllini tapacaq? Axı, bizim valyutamız manatdır, ancaq bu vəsaiti bizə dollarla veriblər. İndi dolların qiymətində baş vermiş dəyişiklik nəticəsində biz niyə bu qədər yükün altına düşməliyik? Bax, bu xahişlər var. Bizə daxil olmuş məktublarla bağlı xüsusilə mən neftçilərdən gəlmiş məktubları qeyd etmək istəyirəm. Neftçilərdən gəlmiş məktublarda əsas xahişlərdən biri budur ki, onlar da sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş o kateqoriya insanların siyahısına daxil edilsinlər. Bilirsiniz ki, Azərbaycanın bugünkü inkişafında Azərbaycan neftinin müstəsna rolu var və 2 milyard ton neftin istehsalı artıq baş verib. Bizim iqtisadi inkişafımızda Azərbaycan neftinin və  neftçilərinin çox müstəsna rolu var. Hələ vaxtilə deyilirdi ki, Azərbaycan neftçilərinin qəhrəmanlığı ikiqat qəhrəmanlıqdır. Bu nöqteyi-nəzərdən mən  bu gün hörmətli Baş nazirin burada olmasından, bizim nazirlərin, komitə sədrlərinin burada iştirakından istifadə edərək  neftçilərimizin  həmin kateqoriyaya, yəni sosial evlərin alınması ilə bağlı kateqoriyaya  daxil edilməsini xahiş edirəm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Bu dollar kreditləri ilə bağlı çox danışırıq, artıq o məsələ ilə məşğul olurlar. Amma biz deyəndə ki, kreditləri dollarla veriblər, məsələni bir az da qızışdırırıq. “Krediti dollarla almışıq, veriblər” deməyək də. O məsələ ilə məşğul olurlar, hər dəfə bunu qaldırmayaq. Fuad Muradovun əvəzinə Rəşad Mahmudov buyursun.
R.Mahmudov. Hörmətli Sədr, hörmətli həmkarlarım, möhtərəm qonaqlar! Əlbəttə ki, hökumətin müzakirə etdiyimiz hesabatından da göründüyü kimi, hazırda dünyada baş verən siyasi-iqtisadi böhran şəraitində bütün işlər ölkəmizdə qeyri-neft sektorunun inkişaf yolu ilə Azərbaycan vətəndaşının maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də işsizliyin aradan qaldırılması, iqtisadiyyatın inkişafına nail olunması üçün dövlət başçısının təyin etdiyi prioritet sahələrin inkişafına xidmət edir. Dünya təcrübəsi də göstərir ki, böhranlar problemlərlə yanaşı, həm də iqtisadiyyatın inkişafına səbəb olan əsas amillərdən biridir. Mən vaxtın, zamanın qıtlığını da nəzərə alaraq təmsil etdiyim Astara rayonunda son illər ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyələrinə əsasən görülmüş işlər haqqında həm fikirlərimi bildirmək, həm də bunun nəticələri haqqında düşüncələrimi paylaşmaq istəyirəm.  Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yerli sahibkarlar tərəfindən 1000 hektar çay plantasiyalarının salınması, sitrus bağlarının 3100 hektara çatdırılması, çəltikçiliyin 2,5 dəfə artırılması kimi nümunələr məhz böhran saydığımız bu son iki ilin rayona vermiş olduğu inkişaf töhfələridir. Əlbəttə ki, sadaladığım işlərin verə biləcəyi müsbət nəticələrlə yanaşı, daha geniş perspektiv planların işlənilib həyata keçirilməsinə də zərurət vardır. Hökumət üzvlərinin və xüsusən hörmətli Artur müəllimin burada olmasından istifadə edərək seçicilərimizin bəzi təklif və düşüncələrini paylaşmaq istəyərdim. Amma əvvəl Astara rayonunun xarakteristikası ilə əlaqəli bir neçə məqamı diqqətə çatdırmaq istəyirəm. Astara rayonunun əhalisi 103 min, ümumi torpaq sahəsi 61,4 hektar, bu torpaq sahəsinin meşə və Hirkan qoruğuna aid olan hissəsi 70 faiz, əkinə yararlı torpaq sahəsi 6900 hektar, onlardan da suvarılan torpaq sahəsi, sadəcə, 4500 hektardır. Adambaşına düşən pay torpaq sahəsi 0,008 hektardır.
Göründüyü kimi, bütün islahatlara, proqramlara baxmayaraq, rayonda kənd təsərrüfatının gələcəkdə daha da inkişafına imkan yarada biləcək kifayət qədər torpaq sahəsi yoxdur. Əlbəttə, belə bir düşüncə çıxır ki, bu vəziyyətdə nə etmək olar? Rayonun yerləşdiyi coğrafi mövqe, 17 kilometr sahil, dağlıq sıx meşə ərazisi, dağ çayları, şəlalələr, bulaqlar, təbii isti su mənbələri,  dördüncü əsrə, eradan əvvələ aid olan qədim tarixi abidələrimiz rayonda turizmin inkişafı üçün böyük potensialdır. Bundan başqa, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin gətirmiş olduğu avantajlar, rayonun cənub sərhədində turizmə meyli olan ərazi, eləcə də Prezidentin bir müddət əvvəl verdiyi tapşırıqla dəniz sahilində olan dəmir yol xəttinin magistral yol xəttinə paralel olaraq çəkilməsi, əlbəttə ki, faydalana biləcəyimiz amillərdəndir. Bütün bu potensialı reallığa çevirən, Astaranın deyil, bütün ölkənin iqtisadiyyatına fayda verəcək  uzunmüddətli strategiyanın dəqiq xətlərinin təyin edilməsi, xarici və yerli investorlar üçün münbit şəraitin yaradılması dövlət orqanları tərəfindən müəyyənləşdirilib həyata keçirilməlidir. Əlbəttə, uyğun görüldüyü zaman Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Astara rayonunun təyinatının kənd təsərrüfatı rayonu kimi deyil, turizm rayonu kimi təyin edilməsi, bu istiqamətdə rayonun baş planının hazırlanması, baş plana uyğun infrastruktur layihələrin dövlət tərəfindən həyata keçirilməsi, –  bunların əksəriyyət hazırda həyata keçirilir, – Astaranın təbi iqlim şəraiti, ilin bütün aylarında açıq havada idmanla məşğul olma, idman yarışlarının keçirilməsi üçün bütün imkanların nəzərə alınaraq 5–8 minlik tamaşaçı tutumu olan idman stadionunun tikilməsi, investorlar üçün  güzəştli kredit və vergi məsələləri, – qeyd etmək lazımdır ki, bu gün İqtisadi İnkişaf Nazirliyi tərəfindən bunun modelləri mövcuddur, – eləcə də Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən dənizə mavi bayrağın verilməsi və bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün dünya təcrübəsindən yararlanılması və turizm sahəsi üzrə yerli mütəxəssislərin hazırlanmasından ötrü Astara Pedaqoji Kollecinin nəzdində Turizm fakültəsinin açılması kimi təkliflərimizin nəzərə alınmasını sizlərdən xahiş etmək istəyərdim. Əminəm ki, bütün bu potensiallardan səmərəli istifadə edildiyi təqdirdə Astara dünyada bənzər coğrafi mövqeyi olan turizm bölgələri kimi təkcə özünün deyil, eləcə də ölkənin sosial-iqtisadi həyatına böyük töhfə verəcək, 10 minlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq və bu da möhtərəm Prezidentimizin müəyyən etdiyi strateji xəttə uyğun olacaqdır.
Hörmətli qonaqlar, fürsətdən istifadə edib hər birinizin qarşıdan gələn Novruz bayramınızı təbrik edir, ölkəmizə və xalqımıza əmin-amanlıq və ruzi-bərəkət  arzu edirəm. Dünyadakı böhran vəziyyətinə, problemlərə baxmayaraq, hökumətimizə ölkə vətəndaşlarının həm təhlükəsizliyi, həm də inkişafı yolunda göstərmiş olduğu əməyə görə vətəndaş olaraq və seçicilərimiz adından dərin təşəkkürümüzü bildiririk. Hökumətimizin illik hesabatına münasibətimizin müsbət olduğunu bildirməklə birlikdə bütün həmkarlarımı da buna səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M.Kazımov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Son illər dünya iqtisadiyyatında baş verən böhranın səngiməsi və Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün əlverişli mühit yaranmışdır. Nəticədə hesabat ilində 2016-cı il ilə müqayisədə iqtisadi inkişafa nail olunmuş, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal 2016-cı ilə nisbətən 2,7 faiz artmış və bu sahənin ümumi daxili məhsulda xüsusi çəkisi 63 faizə yaxın olmuşdur. İqtisadi artım nəqliyyat, informasiya və rabitə, turizm və kənd təsərrüfatı sahələrində daha yüksək, 4–8 faizdən çox olmuşdur. 2017-ci ildə ölkənin iqtisadi və sosial inkişafına bütün maliyyə mənbələrindən 16,8 milyard manat sərmayə yönəldilmişdir. Bu vəsaitin 65 faizi qeyri-dövlət sektoruna qoyulan sərmayədir. Hökumət hesabat ilində xarici ölkələrlə iqtisadi-ticari əlaqələri diqqət mərkəzində saxlamış, nəticədə 187 ölkə ilə aparılmış ticari əməliyyatların həcmi 2016-cı illə müqayisədə 12 faizdən çox artmış, 6,7 milyard dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Önəmli hal odur ki, ixracın 54 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü kimi xüsusi olaraq qeyd etmək istərdim ki, 2017-ci ildə hökumət enerji sisteminin dayanıqlığını, maddi-texniki bazasının gücləndirilməsini, istehlakçıların etibarlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı məsələlərini diqqət mərkəzində saxlamışdır. Son 14 il ərzində ölkədə ümumi yükü 2400 meqabayt olan 30-dan çox elektrik stansiyası tikilib istifadəyə verilmiş, 50 min kilometr elektrik verilişi xətləri çəkilmişdir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsal stansiyaları yaradılmışdır.
Hesabat ilində hökumət sosial-iqtisadi və ekologiya yönümlü dövlət proqramları çərçivəsində ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə tədbirlərini uğurla davam etdirmişdir. İl ərzində meşə fondlarının mühafizəsi, meşə ərazilərinin artırılması məqsədi ilə 10,2 min hektar sahədə bərpa tədbirləri həyata keçirilmiş, 4,1 min hektar ərazidə aqromeşələr, o cümlədən cənub zonasında 60 min ərazidə sitrus bağları salınmış, 1,6 milyon ədəd ağac əkilmişdir. Milli parkların, dövlət təbii qoruqların inkişafı, onların strukturunun təkmilləşdirilməsi və nümunəvi infrastrukturların yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə hökumət əmlak müəssisələrini də diqqət mərkəzində saxlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təqdim edilmiş elektron və online xidmətlərindən vətəndaşların və hüquqi şəxslərin istifadə statistikası artaraq 180 minə çatmışdır. Komitə ilə digər dövlət qurumları arasında elektron məlumat mübadiləsi ilə bağlı işlər genişləndirilmişdir. İl ərzində komitə tərəfindən kütləvi çıxarış kampaniyası genişləndirilmiş, ölkənin 20-dən çox şəhər və rayonunu əhatə etmişdir. Daşınmaz əmlakın qeydiyyatı üzrə geniş ictimai maarifləndirmə işləri aparılmışdır.
Hesabat ilində kənd təsərrüfatı, onun fındıqçılıq, üzümçülük, tütünçülük, pambıqçılıq və baramaçılıq sahələrində istehsalın genişləndirilməsi üçün dövlət prorqamı qəbul edilmiş, istehlakçılara subsidiya verilməsi qaydaları müəyyənləşdirilmiş, qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq dövlət dəstəyi mexanizmləri həyata keçirilmişdir. Kənd təsərrüfatına maliyyə dəstəyini gücləndirmək məqsədi ilə hesabat ilində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətləri tərəfindən aqrar sektorda fəaliyyət göstərən sahibkarlara 120 milyon manatdan çox güzəştli kreditlər verilmişdir. Bu tədbirlərin nəticəsində il ərzində məhsul istehsalının həcmi 4,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,1 faiz artmışdır. Kənd təsərrüfatında birbaşa xidmət göstərən meliorasiya və irriqasiya sistemlərində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Hesabat ilində bütün maliyyə mənbələrinə ayrılmış vəsaitlərin istifadəsi nəticəsində 281 kilometr suvarma kanallarının, 235 kilometr kollektor-drenajor qurğularının inşası, yenidən qurulması və bərpası işləri həyata keçirilmiş, 248 ədəd subartezian quyusu qazılmışdır. Görülən bu işlər nəticəsində 31 min hektardan çox sahədə suvarılan torpaqların su təminatı, 17 min hektara yaxın əkin sahələrinin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 71 min hektardan artıq torpaq sahəsinə irriqasiya suyunun çatdırılması təmin edilmişdir.
Çıxışımın sonunda bir daha qeyd etmək istərdim ki, 2017-ci il dünya iqtisadiyyatı üçün çətin bir il olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün  də asan olmamışdır. Buna baxmayaraq, Prezident tərəfindən hökumət qarşısında qoyulan hədəflərə nail olunmuş, iqtisadiyyatda, xüsusilə qeyri-neft sektorunda kifayət qədər yüksək artım əldə edilmişdir. Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyətinə dair bu gün müzakirə edilən hesabatı məqbul sayıram və qarşıdan gələn bütün  bayramlar münasibəti ilə xalqımı təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Bu gün 30 nəfər həmkarımız çıxış etdi, hamı müsbət münasibət bildirdi. İndi bir nəfər, Fəzial Ağamalı da çıxış etsin, sonra etiraz yoxdursa, səsverməyə çıxararıq. Buyursun Fəzail Ağamalı.
F.Ağamalı. Çox təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli və dəyərli Baş nazir, hökumət üzvləri və millət vəkilləri! Hesabatla tanışlıq və dərin hörmət bəslədiyimiz Baş nazir Artur Rasizadənin həmin hesabatı yüksək peşəkarlıqla lakonik şəkildə təqdim etməsi belə bir həqiqəti ehtiva etdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ölkənin hərtərəfli inkişaf xətti XXI əsrin çağırışlarına cavab verən yanaşmalarla əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də davamlı xarakter daşımış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı, əlverişli biznes və investisiya mühitinin yaradılması, sahibkarlığın müdafiə olunması, aqrar sektora diqqətin artırılması təmin olunmuş, maliyyə dayanıqlığı qorunub saxlanılmış, milli valyutamızın məzənnəsi sabitləşdirilmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, yeni sənaye sahələrinin yaradılması ötən il daha intensiv xarakter daşımış və ölkədə sənaye parklarının sayı durmadan artmışdır. Respublikanın rayon mərkəzlərində və şəhərlərində sənaye parklarının yaradılması, regionların aqrar bölgədən sənaye-aqrar bölgəyə çevrilməsi yeni və innovativ yanaşmadır, respublikanın harmonik inkişafına ciddi töhfədir. Geniş profilli sənaye parkının Sumqayıtda yaradılması ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla yanaşı, həm də son illər şəhərin simasının müsbətə doğru dəyişməsi ilə harmoniya təşkil edir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, vaxtilə sənayenin müxtəlif sahələrinin inkişaf etdiyi Gəncədə də sənaye parkının yaradılması, orada yüngül və yeyinti sənayesinin bərpası məncə, uğurlu nəticələr verə bilər.
2017-ci ilin ən ciddi uğuru məncə, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi oldu. Transmilli xarakter daşıyan layihənin müəllifi, onun reallaşmasının təşkilatçısı kimi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin müdrik siyasəti, təmkinli və prinsipial mövqeyi, bir sıra baryerləri aradan qaldırması ilə təkcə ölkəmiz üçün deyil, həm də Avropa və Asiya ölkələri üçün də ciddi töhfələr verə biləcək tarixi bir missiyaya imza atıldı. Bunun ardınca, deyildiyi kimi, bir sıra imperiyaların axıdılan qanlar hesabına nail ola bilmədiyi Baltik dənizi ilə Hind okeanını birləşdirən “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması gəlir. Bu möhtəşəm layihənin əsas təşkilatçılarından biri məhz Azərbaycandır, möhtərəm cənab Prezidentimiz İlham Əliyevdir. Hesabat ilində qeyd etmək lazımdır ki, özəlləşmə, daşınmaz əmlakın dövlət reyestrinin aparılması və torpaqların elektron bazasının yaradılmasında mühüm işlər görülmüş, ardıcıl olaraq dövlət əmlakı şəffaf şəkildə özəlləşdirilməyə çıxarılmışdır. Bu, əlbəttə, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, büdcəyə əlavə vəsaitin daxil olması deməkdir.
Hökumət cənab Artur Rasizadənin rəhbərliyi ilə ölkə Prezidentinin çağırışlarına, imzaladığı sənədlərə adekvat olaraq aqrar sektorun stimullaşdırılması, inkişafının təmin edilməsi və dönməz xarakter alması üçün öz fəaliyyətini yüksək səviyyədə qura bilmişdir. Əhalinin  keyfiyyətli su və elektrik enerjisi ilə təminatında, torpaqların su ilə təsisatında, eyni zamanda, yeni yolların çəkilişində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.
2017-ci ildə sosial sahədə də uğurlara imza atılmış, pensiya təminatı, əmək münasibətləri və əhalinin sosial müdafiəsi ənənəsi, təhsil və səhiyyədə islahatlar davam etmiş, məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət ayrılmış, İslam həmrəyliyi oyunları kimi möhtəşəm idman bayramı uğurla başa çatmış, ölkəmizə turist axını xeyli çoxalmışdır. Əlbəttə, bütün bunlar möhtərəm cənab Prezidentin rəhbərliyi altında vahid və peşəkar komandanın səyləri hesabına olmuşdur.
2017-ci ilin sonlarında Vergilər Nazirliyinin rəhbərliyinin dəyişməsi sahibkarlar tərəfindən böyük razılıq və rəğbətlə  qarşılanmışdır. Heç kəsə sirr deyil ki, 2015-ci ildən başlayaraq Vergilər Nazirliyi sahibkarlara qarşı qeyri-qanuni tələblər irəli sürür, onlardan vergilərdən kənar vəsait almaq üçün ən müxtəlif üsullardan belə istifadə edirdi. Əminəm ki, təmizlik və şəffaflıq imici qazanan yeni vergilər naziri cənab Mikayıl Cabbarov sahibkarlarla Vergilər Nazirliyi arasında münasibətlərin sağlamlaşdırılması kimi mühüm bir missiyanı uğurla yerinə yetirə biləcəkdir. Sözümün sonunda təqdim edilmiş hesabatı yüksək dəyərləndirir və ona səs verəcəyimi bəyan edirəm. Oqtay müəllim, bir daha Sizə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. 5 dəqiqə vaxtımız var. Əvvəldən xəbərdarlıq etməmişdim. Naqif Həmzəyev buyursun.
N.Həmzəyev. Hörmətli cənab Sədr, hörmətli Artur müəllim!  Çıxışınız üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Bir neçə məsələni qısaca nəzərinizə çatdırmaq istəyirəm. Hörmətli Artur müəllim öz çıxışında vurğuladı ki, görünən dağa nə bələdçi? Həqiqətən də, hökumətin hesabatı çox yüksək səviyyədə hazırlanıb. Bizə düşən yalnız budur ki, biz  hesabatı dəstəkləyək.
Möhtərəm cənab Prezidentin Gəncə şəhərinə böyük diqqət və qayğısı var.  Bütün hökumət nümayəndələrinə dərin təşəkkürümü bildirmək istəyirəm ki, Gəncəni həmişə diqqətdə  saxlayırlar. Bütün layihələr vaxtlı-vaxtında həyata keçirilir. Bilirsiniz ki, yollar müəyyən infrastruktur layihələrin həyata  keçirilməsi üçün mütəmadi olaraq  qazılır və sonradan o yolların asfaltlanması üçün tender elan olunur, buna da müəyyən vaxt gedir. Bütün bu problemləri həll etmək üçün Gəncə şəhərində şəhərin mərkəzi hissələri daş  piltələrlə  örtülüb və bu problem öz həllini tapıb. Mən təklif edirəm ki, digər rayon və şəhərlərdə də asfalt yerinə daş  piltələrdən istifadə edilməsinə üstünlük verilsin. Bu, külli miqdarda dövlət vəsaitinə  qənaət etmiş olar.
Həmçinin bilirsiniz ki, Azərbaycan 2013-cü ildən Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvüdür və mən bu təşkilatda bizim fəaliyyətimizin daha da fəal olmasını arzu edirəm. Hər il Gəncə şəhərində Beynəlxalq Şərab Festivalı keçirilirdi. Müvafiq nazirliklərdən xahiş edirəm ki, bu ənənənin davam etdirilməsinə müəyyən dəstək olsunlar və bu, konkret olaraq büdcəyə salınsın.
Sonuncu xahişimi edirəm. Mümkündürsə, Gəncə–Naxçıvan hava yolu xətti bu il açılsın, biz də arzumuza çataq. Dərin təşəkkürümü bildirirəm. Hər kəsin qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, çıxış edən hər bir  həmkarımız hesabatın müsbət nəzərə alınmasını təklif etdi. Xahiş edirəm, hesabata münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hökuməti təbrik edirik. Sağ olun.
 
 
EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ


16 mart 2018-ci il
_________________________

Dilarə Cəbrayılova. Hörmətli Sədr və cənab Baş nazir! Nazirlər Kabinetinin 2017-ci il hesabatını dinlədik. Qeyd etmək istəyirəm ki, ölkədə gedən sosial-iqtisadi uğurlar çox təqdirəlayiqdir. 2017-ci ildə ölkənin müxtəlif sahələrindəki irəliləyişlər təhsil sahəsindən də yan keçməyib. Təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədi ilə son illərdə məktəblərin əksəriyyəti əsaslı təmir olunmuşdur. Hesabat dövründə təhsil müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi, təhsilin keyfiyyətinin, təhsil işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsi və digər əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində təlim şəraiti yaxşılaşmışdır. İkinövbəli məktəblərin sayının 27,8 faiz, birinci növbədə təhsil alan şagirdlərin sayının isə 14,4 faizə qədər azalması da tədrisin xüsusiyyətinə müsbət təsir edir. Müəllim fəaliyyətinin qiymətləndirilməsi və əməyinin stimullaşdırılması istiqamətində də tədbirlər davam etdirilmişdir. 2017-ci ildə  ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə artırılmasını təmin etmək istiqamətində 2014-cü ildən başlanmış işlər uğurla davam etdirilmişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və ya yenidən qurulmasına 651,1 milyon manat vəsait sərf olunmuşdur. Yeni məktəb və bağçaların tikintisi təmsil olunduğum Sabunçu rayonundan da yan keçməyib. Bu da Azərbaycan dövlətinin təhsilə, elmə  verdiyi diqqət və qayğının nəticəsidir. Ümumilikdə hesabat çox mükəmməl və əhatəli hazırlanmışdır. Deputat həmkarlarımı ona səs verməyə çağırıram.

Elşad Həsənov. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli həmkarlar! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətini qiymətləndirərkən ilk növbədə iqtisadiyyatımızda son bir neçə ildə baş verən prosesləri nəzərə almalıyıq. Belə ki, ölkə rəhbərliyinin müəyyən etdiyi iqtisadi kursa uyğun olaraq Nazirlər Kabineti çevik iqtisadi islahatlar həyata keçirib. Bu mənada Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığını minimuma endirmək ən əsas hədəflərdən birini təşkil edib. Sənaye, kənd təsərrüfatı, rabitə, turizm və digər sahələr qeyri-neft iqtisadiyyatının prioritet sahələri kimi səciyyələndirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri isə bu sahədə səmərəli iqtisadi siyasəti müəyyən edir.
Bu gün ölkə rəhbərliyi iqtisadi sahədə köklü islahatlar aparır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında əsas iqtisadi hədəfləri müəyyən etmişdir: yerli istehsalın dəstəklənməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması. Buna uyğun olaraq Nazirlər Kabineti 2017-ci ildə müxtəlif tədbirlər planını həyata keçirmiş və nəticə özünü çox gözlətməmişdir. Ötən il ərzində Azərbaycanın qeyri-neft ixracı artmış və ümumiyyətlə, qeyri-neft sektoru inkişaf etmişdir. Dünya bazarlarında Azərbaycan məhsullarına getdikcə daha çox tələbat yaranmış, 2017-ci ildə ixrac olunan kənd təsərrüfatı və sənaye məhsulları dövlət büdcəsinə daha çox gəlir gətirmişdir. Eyni zamanda, turizm sektorunun inkişafı da göz önündədir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun ölkəmizin iqtisadi həyatının canlandırılması işində səmərəli bir addım oldu. Bu sənəd yerli sahibkarlığın, xüsusən də orta və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına birbaşa münbit zəmin yaratdı. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılması barədə təşəbbüs isə sahibkarlığa yeni stimul verəcək. Məlum olduğu kimi, ölkədə artıq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi fəaliyyət göstərir. Bildirildiyinə görə, agentliyin əsas məqsədi ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması,  maliyyə resurslarına sahibkarlıq subyektlərinin çıxış imkanlarının genişləndirilməsidir. Düşünürəm ki, agentliyin fəaliyyəti ölkə rəhbərliyinin sahibkarlığa dəstəyinin bariz nümunəsidir.
2017-ci il ərzində Nazirlər Kabineti üçün prioritet sahələrdən biri də sosial sahə olub. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və pensiya təminatı ən həssas istiqamət olub. Səsləndirilmiş rəqəmləri nəzərə alaraq ötən il sosial sahədə vəziyyətin müsbət olduğunu söyləmək olar.
Millət vəkili kimi təmsil etdiyim Yasamal rayonuna dair sosialyönlü bir təklif də irəli sürmək istərdim. Yasamal rayonunun inkişafı barədə danışarkən, rayonda sosial evlərin tikintisini xüsusi qeyd etmək olar. Ölkə Prezidenti cənab İlham Əliyev Yasamal Yaşayış Kompleksində doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində iştirak etmişdi. Yasamal rayonunda sosial evlərin tikintisi bu sahəyə verilən böyük önəmi əyani şəkildə nümayiş etdirir. Düşünürəm ki, sosial evlərin tikintisi gözəl təşəbbüsdür və bu təşəbbüs davam etdirilməlidir. Belə ki, Yasamal əhalisi və ümumiyyətlə, paytaxt sakinləri sosial evlərə böyük maraq göstərir. Məhz buna görə Yasamalda yeni sosial yaşayış kompleksləri tikintisinin imkanı nəzərdən keçirilməlidir.
Bildiyiniz kimi, bu gün Azərbaycanda hökumət sahibkarlara  təcrübi dəstək verir, onlara güzəştli kreditlər ayrılır, müxtəlif  investisiya layihələri həyata keçirilir, vergi sistemi təkmilləşdirilir.  Bir sözlə, sərmayə mühiti daha münbit hala gətirilir. Bu gün vergilər sistemində aparılan islahatlar bu sahənin daha dinamik və çevik olmasını təmin edəcək. Əminəm ki, Vergilər Nazirliyi strukturunda baş verən yeniliklər ölkədəki biznes və investisiya mühitini daha da yaxşılaşdıracaqdır.
Bütün bunları nəzərə alaraq, mən Nazirlər Kabinetinin ötənilki fəaliyyətini müsbət qiymətləndirirəm. Ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı təmin edilmiş, valyuta bazarı tarazlaşdırılmış və qeyri-neft ixracı artmışdır. Hazırda biz 2017-ci ildə əldə edilmiş bu müsbət iqtisadi nəticələr 2018-ci ildə yeni səviyyəyə çıxartmalı və iqtisadi islahatları dərinləşdirməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Fuad Muradov.  Hörmətli Sədr, hörmətli nazirlər və həmkarlar! Bu gün hökumətin fəaliyyəti haqqında hesabatını dinlədikcə ölkəmizdə nə qədər nəhəngmiqyaslı işlərin görüldüyünün, yüksək səviyyədə düşünülmüş islahatların aparıldığının şahidi oluruq. Hamımıza məlumdur ki, Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Sonrakı illərdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz bu ideyaların davamı kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində 2017-ci ildə də Azərbaycanın uğurlu, dinamik inkişafı təmin edilmiş, qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur.
Hesabatdan da göründüyü kimi, dünyada böhranın olduğu, əksər dövlətlərdə qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə ölkəmizdə bütün layihələr davam etdirilmiş, xüsusilə sosial layihələr uğurla reallaşdırılmış və 2017-ci il də uğurlu nəticələrlə yadda qalmışdır.
2017-ci ildə ilk növbədə dövlət idarəçiliyi sahəsində mühüm dəyişikliklər edildi, islahatlar aparıldı. Ölkədə aparılan uğurlu siyasi islahatların məntiqi nəticəsi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi. Konstitusiya dəyişikliyindən sonra ölkədə ilk dəfə təsis olunan bu vəzifəyə Mehriban Əliyevanın təyin edilməsi Azərbaycan xalqının iradəsinin ifadəsi olmaqla yanaşı, ölkənin uğurlu gələcəyinə olan inamı daha da artırdı. Bu mühüm təyinatdan sonrakı ötən müddət ərzində həyata keçirilən strateji əhəmiyyətli, Azərbaycanın hərtərəfli inkişafına təkan verən işlərin müsbət dinamikasının və intensivliyinin artması bunun bariz təsdiqi oldu. İdarəetmənin təkmilləşdirilməsi və operativliyin artırılması məqsədi ilə müxtəlif nazirliklərdə dəyişikliklər edildi, struktur islahatları aparıldı. Hər zaman sosial məsələləri diqqətdə saxlayan hökumətimiz tərəfindən 2017-ci ildə məcburi köçkünlərin problemlərinin həlli üçün çox böyük işlər görülmüş və minlərlə köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. İşğaldan azad edildikdən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlər bizi bir daha əmin edir ki, Azərbaycan ordusu hər zaman torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.
2017-ci ildə çox əlamətdar hadisələrdən biri də Bakıda “Azəri–Çıraq–Günəşli” yatağı üzrə yeni sazişin imzalanması oldu. Mühüm hadisə olan iki milyard ton neftin hasil olunmasını da ölkəmiz 2017-ci ildə bayram etdi. Eyni zamanda, digər vacib layihə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi də 2017-ci ildə tamamlandı.
Ötən il humanitar sahədə də böyük işlər görülmüşdü. Bakı sivilizasiyalararası dialoqun təşkili və genişləndirilməsi üçün artıq dünya mərkəzinə çevrilmişdir. Ötən il Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı oldu, artıq VI Forum da çox yüksək səviyyədə keçirildi. Eyni zamanda, 2017-ci ildə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Milli və dini dözümlülük, tolerantlıq Azərbaycanın böyük sərvətidir. Məhz bunun nəticəsidir ki, 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edildi, bu istiqamətdə silsilə tədbirlər reallaşdırıldı. Möhtərəm Prezidentin dəstəyi və nəzarəti ilə reallaşan bu tədbirlərlə Azərbaycan dini və dünyəvi dəyərlərə hörmətlə yanaşan hüquqi dövlət olduğunu bir daha bəyan etdi.
2017-ci ildə idman sahəsində də böyük qələbələr əldə edilmişdir. “İslam Həmrəyliyi İli” çərçivəsində 2017-ci ildə paytaxt Bakı şəhərində  IV İslam Həmrəyliyi Oyunları keçirildi, komandamız böyük uğurlar əldə etdi. İdmana göstərilən diqqət və qayğının sayəsində idman tariximizdə ilk dəfə olaraq “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.
Bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının miqyası hər birimizə bəllidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanın bütün sahələr kimi, gənclər və idman sahəsi də uğurla inkişaf edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Bu mənada, 2017-ci ildə bizim üçün xüsusi əhəmiyyəti olan məsələlərdən biri də “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsidir. Bu, Azərbaycan gəncliyinə ayrılan diqqət və qayğının bariz nümunəsidir.
Ümumilikdə, 2017-ci ildə sosial-iqtisadi, siyasi və sair sahələrdə çox mühüm uğurlar əldə edilmişdir. Bunu mötəbər beynəlxalq qurumlar və təşkilatlar da təsdiqləyir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə  irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Təbii ki, bütün bunlar Azərbaycan hökumətinin fəaliyyətinin nəticəsidir.
Aydındır ki, əldə edilən uğurların davamı kimi, beynəlxalq mövqelərimiz də möhkəmlənir. 2017-ci il ərzində ölkə başçısı İlham Əliyevin Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, İran, Pakistan və bir neçə digər xüsusi strateji əhəmiyyətli dövlətlərə səfərləri, bu səfərlər zamanı keçirdiyi iki və çoxtərəfli görüşlər bunu bir daha ifadə edir.
Əlbəttə, ötən ilin uğurlarını sadalamaq çox xoşdur və bütün bunlar, bir daha qeyd edirəm, hökumətin fəaliy-ətinin nəticəsidir. Məhz xalq – Prezident birliyinin, Prezidentlə hökumətin birgə fəaliyyətinin nəticəsidir ki, 2017-ci ili uğurla başa vurduq. Bununla belə, 2018-ci ildə də qarşıda mühüm vəzifələr dayanır və əldə edilən uğurların davamlılığı üçün bu vəzifələrin icrası mühüm əhəmiyyət kəsb edir. İlk növbədə qeyd etmək istərdim ki, 2018-ci ilin ən mühüm hadisəsi cümhuriyyətin 100 illi-yinin tamam olması və bu ilin cümhuriyyət ili elan edilməsidir. Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilən parlamentlərarası futbol yarışında göstərdiyi dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə, cənab Sədr, Sizə, bütün həmkarlarıma, bu işdə yaxından iştirak edən insanlara təşəkkürümü bildirir, turnirin qalibi olduğumuz üçün sizləri də təbrik edirəm. Əlbəttə, bu, sadəcə, bir futbol yarışı, qabiliyyət marafonu deyildi. Başlıca məqsəd ölkəmizin tarixi, Azərbaycanın həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti barədə dünya ictimaiyyətinə daha geniş informasiya vermək idi.
Çıxışıma yekun vuraraq demək istərdim ki, hökumətin hesabatını qəbul etmək lazımdır. Onu da qeyd edim ki, 2018-ci ildə ölkəmizdə bir sıra mötəbər beynəlxalq idman yarışları keçiriləcək. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulur. Ümid edir və inanıram ki, bu ildə də qarşıda dayanan işlərin öhdəsindən layiqincə gəlinəcək və biz 2018-ci ili də uğurla başa vuracağıq.

Nəsib Məhəmməliyev. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hökumət üzvləri və millət vəkilləri! 2017-ci il ərzində görülmüş işlərlə bağlı hökumətin hesabatı ilə tanış olduq və hörmətli Baş nazirin məruzəsini dinlədik. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hökumət əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ən ümdə məsələ olan ictimai-siyasi sabitliyi qorumaqla yanaşı, bir çox tarixi nailiyyətlərə, iqtisadisiyasi, sosial-mədəni inkişafa nail olmuşdur. Tarixi hadisələr dedikdə, ilk növbədə Azəri–Çıraq–Günəşli yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən böyük həcmdə sərmayə qoyulmasına, yeni iş yerlərinin, yeni müəssisələrin yaranmasına imkan verəcəkdir. Eyni zamanda, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir.
İkincisi, Bakı–Tbilisi–Qars dəmir yolunun inşası başa çatdırıldı. Bu yolun şərqlə qərbi birləşdirməklə yanaşı, gələcəkdə dövlətimizə külli miqdarda iqtisadi dividendlər gətirəcəyi şübhəsizdir. Həmçinin “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan hökuməti İran sərhədinə qədər dəmir yolu tikintisini təmin etmişdir.
Hesabat ilində 1300 kilometr avtomobil yolu salınmış və yenidən qurulmuşdur. O cümlədən təmsil etdiyim Balakən rayonunda uzunluğu 24,5 kilometr olan Balakən–Sarıbulaq––Qabaqçöl–Xalatala kəndlərarası yollar, Qorağan–Qax–Zaqatala magistral yolu istifadəyə verilmişdir. Cənab Prezidentin müvafiq sərəncamının icrası ilə əlaqədar Xaldan–Balakən yolunun Gürcüstan sərhəddinə qədər yenidən qurulması işləri intensiv şəkildə həyata keçirilir. Bütün bunlar təbii olaraq əhali tərəfindən çox böyük razılıq hissi ilə qarşılanır.
İqtisadi sahədə  qeyri-neft sektoru 2,7 faiz, sənaye sahəsində qeyri-neft sektoru 3,8 faiz, kənd təsərrüfatında isə 4,2 faiz artmışdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının 34,2 faiz artaraq 5,3 milyard dollara çatması, ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulması, ümumi valyuta ehtiyatlarının 42 milyarddan çox olması təbii olaraq düzgün iqtisadi siyasətin aparılmasına dəlalət edir.
2017-ci ildə xarici ticarət dövriyyəsi 24,257,6 milyon dollar, o cümlədən ixracın dəyəri 15,457,6 milyon, idxalın dəyəri isə 8,720 milyon təşkil etmiş, nəticədə 6,693,6 milyon dollarlıq müsbət saldo yaranmışdır. Bu yaxşı göstəricidir. Hesab edirəm ki, qeyri-neft sahəsi üzrə ixrac potensialını genişləndirmək üçün kifayət qədər real imkanlar mövcuddur. İqtisadi İnkişaf Nazirliyi mütəxəssislərinin ixrac imkanları olan sahibkarlarla geniş işçi görüşləri keçirməsi, onların problemləri ilə bağlı müzakirələrin aparılması ixrac mallarının təşviqinə səbəb olardı.
Bir məsələni də nəzərinizə çatdırmağı özümə borc bilirəm. Yaxşı olardı, xüsusilə böyük vəsait tələb edən infrastruktur layihələrinin icrası zamanı onların iqtisadi effektliyi nəzərə alınsın. Əks təqdirdə, elə layihələr təqdim olunur ki, onların rentabelliyindən söhbət belə gedə bilməz, hətta istifadəyə verildikdən sonra istismar xərclərini qarşılamaz, əlavə olaraq bir çox problemlərin yaranmasına səbəb olar.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu ildə imzaladığı sərəncama əsasən kiçik su-elektrik stansiyalarının geniş tətbiq edilməsi məqsədi ilə xüsusi proqramlar hazırlanmışdır. Bu günədək ümumi gücü təqribən 150 meqavat olan 12 su-elektrik stansiyası istifadəyə verilmiş, o cümlədən cənab Prezidentin iştirakı ilə 2017-ci ildə Balakən rayonunda ümumi gücü 1,5 meqavat olan su-elektrik stansiyası istifadəyə verilmişdir. Bu tipli stansiyaların tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə imkan verir, digər tərəfdən isə ətraf mühitə heç bir zərər vermədən istehlakçıları elektrik enerjisi ilə təmin edir. Azərbaycanın elektrik enerjisinin ixracı baxımından müəyyən təcrübəsinin olduğunu nəzərə alsaq, mümkün olan ərazilərdə kiçik su-elektrik stansiyalarının tikintisi effekt verə bilər. 
Təhsil sahəsində “Məktəbəqədər təhsil haqqında” Qanunun icrası ilə bağlı 2017–2018-ci tədris illərində 2874 məktəbdə 93035 nəfər 5 yaşlı uşağın məktəbəqədər hazırlığa cəlb olunması 65 faizə çatdırılmışdır. Bu da təhsilin keyfiyyətinin yaxşılaşdırılması baxımından çox böyük addımdır.
Bütövlükdə hesabatı qənaətbəxş hesab edirəm və hökumətə 2018-ci ildəki fəaliyyətində uğurlar arzulayıram. Sağ olun.
 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU