15.12.2017 - tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 54

Milli Məclisin iclas salonu.
15 dekabr 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov  sədrlik etmişdir
.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Kərim Vəliyev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
Rauf Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi.
Vidadi Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Komandanının müavini.
Zaur Abdullayev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini.
Elçin İbrahimov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri.

*  *  *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Nəsir Sadıqov, Azərbaycan Respublikası Hesablama Palatası Hüquq şöbəsinin müdiri.

*  *  *

Natiq Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən  “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Heyvanlar aləm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
31. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
32. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
33. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
35. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
36. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
38. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
39. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Aydın Mirzəzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Azay Quliyev, Naqif Həmzəyev, Sahib Alıyev, Siyavuş Novruzov, Kərim Vəliyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–6-cı maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Təklif: 7–16-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Çingiz Qənizadə, Tahir Mirkişili,  Vüqar Gülməmmədov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Aydın Mirzəzadə, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli, Ziyafət Əsgərov, Vahid Əhmədov, Azay Quliyev, Fazil Mustafa, Fuad Muradov, Tahir Mirkişili

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

7. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

8. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

12. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

13. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

14. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

15. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

16. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

17. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

19. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

20. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

21. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

22. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

23. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

24. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

25. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

27. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

28. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

29. Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

30. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

31. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

32. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, İqbal Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.45 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

35. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.48 dəq.)
Lehinə 80
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

36. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.50 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

37. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

38. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

39. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

15 dekabr  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Bildiyiniz kimi, gündəliyimizdə 39 məsələ var. Bunların 27-si kiçik dəyişikliklərdir. İlin axırıdır, iki iclasımız var. Əgər məsələləri çatdırmasaq, ola bilər, bir əlavə iclas da keçirək. Ona görə xahiş edirəm, çıxışlarda bir az konkret olaq. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Çox sağ olun.
Gündəliyin birinci məsələsi “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–  Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq– Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Saziş 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmışdır. Həmin saziş 2013-cü il 30 sentyabr tarixli 719 nömrəli qanunla təsdiq edilmişdir.
2017-ci il 18 oktyabr tarixində Qusar şəhərində sazişə dəyişikliklər edilməsi barədə protokol imzalanmışdır. Protokola əsasən sazişin 2-ci maddəsinə “tikinti nəzarəti” anlayışı əlavə edilir.
Sazişin 3-cü, 9-cu və 11-ci maddələrində edilən dəyişikliklər isə texniki xarakter daşıyır. Bu maddələrdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, “Azəryolservis” ASC “Azəravtoyol” ASC ilə əvəz olunur.
Dəyişikliklərə əsasən sazişin 5-ci maddəsi yeni redaksiyada verilir. Burada avtomobil körpüsü ilə bağlı layihə sənədlərinin hazırlanmasının, tikintiyə icazə alınmasının, tikintiyə nəzarətin, tikinti ilə bağlı maliyyələşdirmənin kim tərəfindən həyata keçirilməsi təfərrüatı əks olunub. Belə ki, avtomobil körpüsünün tikintisi üzrə bütün xərcləri sonradan xərclərin 50 faizi Rusiya tərəfindən qaytarılmaqla Azərbaycan tərəfi ödəyir. Avtomobil körpüsünün tikintisini Azərbaycan tərəfi, tikintiyə nəzarəti Rusiya tərəfi həyata keçirir. Avtomobil körpüsünün giriş yollarının tikintisini hər bir tərəf öz dövlətinin ərazisində müstəqil olaraq həyata  keçirir. Tikinti işləri üzrə xərclər Azərbaycan manatı ilə, tikinti nəzarətinin aparılması işləri üzrə xərclər isə rus rublu ilə ödənilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm. Oqtay müəllim, protokola səs verəcəyəm, mənim bu sənədin tərcüməsinə iradım var. 7-ci maddədə yazılıb ki, rus rublu, tikintiyə nəzarət və sair. Dünyada “rus rublu” valyutası yoxdur, “Rusiya rublu” var. Ona görə istərdim, tərcümə materialını düzgün, dəqiq tərcümə edib versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun layihəsinin ikinci oxunuşudur. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunmuş şəxslər! Qanun layihəsinin birinci oxunuşundan sonra biz onun komitədə ikinci oxunuşunu keçirdik. Qeyd etmək istəyirəm ki, birinci oxunuş zamanı bir sıra deputat həmkarlarım öz fikirlərini söylədilər. Qanunun konsepsiyası hamı tərəfindən qəbul olundu. Deputat həmkarlarımın qanun layihəsinin daha da təkmilləşdirilməsi ilə bağlı irəli sürdüyü təkliflər ikinci oxunuşun tələblərinə müvafiq olaraq cavablandırılacaq.
İndi mən qanun layihəsinin məzmunu haqqında bir daha sizə geniş məlumat vermək istəmirəm, çünki birinci oxunuşda biz bunu qeyd elədik. Qanun layihəsi 5 fəsildən ibarətdir. Qanun layihəsi sizə paylanıb. Sadəcə, demək istəyirəm ki, ikinci oxunuş zamanı deputatların sualları, təklifləri olacaqsa, biz onlarla birgə hörmətli həmkarlarımın birinci oxunuş zamanı irəli sürdüyü fikirləri də, qeydləri də cavablandıracağıq.
Ümumiyyətlə, demək istəyirəm ki, qanun layihəsi çox təkmil hazırlanıb, mükəmməl bir sənəddir. Birinci oxunuşda da mən qeyd etdim ki, bu qanun layihəsi həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm Milli Təhlükəsizlik Konsepsiyasına, həm də Hərbi doktrinasına tamamilə uyğundur. Qanun layihəsi Azərbaycanın milli mənafelərinə cavab verir və mən sizi bu sənədi dəstəkləməyə dəvət edirəm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ötən dəfə bu qanunla bağlı çıxış eləyə bilmədim. Mənim qanunun ümumi müddəalarına münasibətim normaldır və bunun qəbul olunmasına səs verəcəyəm. Amma istəyirəm ki, 15-ci maddə ilə bağlı məsələni bir daha müzakirə edək və bunu Konstitusiyamıza uyğunlaşdıraq. Deputat həmkarım Qüdrət Həsənquliyev də ötən dəfə məsələ qaldırmışdı. Amma məsələnin daha dəqiq izahını vermək üçün mütləq Konstitusiyaya istinad eləməyimiz vacibdir.
Bildiyiniz kimi, “Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər” adlı 95-ci maddədə nəzərdə tutulur ki, Prezidentin təqdimatına əsasən Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə Milli Məclis razılıq verməlidir. III hissədə də göstərilir ki, Milli Məclisin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair qərarlar qəbul edilir. Burada konkret olaraq Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandana aiddir. Bu, birmənalıdır. Baş Prokurorluq da müəyyən nəzarət funksiyasını həyata keçirir. Amma bir çox hallarda dövlətin funksiyalarının bölüşdürülməsindən söhbət gedir.
Biz Konstitusiyada Prezidentin səlahiyyətlərində də heç vaxt yazmırıq ki, birbaşa Prezident özü bunu həll edir. Bu kimi məsələlərdə Prezidentin təqdimatı ilə Milli Məclisin razılığı alınır. Bunun mənası nədən ibarətdir? Məsuliyyət bölüşdürülür. Yəni Milli Məclis də Azərbaycanın ən aparıcı dövlət orqanıdır. Qanunverici orqandır və səlahiyyətli orqanın biridir. Silahlı Qüvvələr elə bir qurumdur ki, burada mütləq müəyyən məsələlərdə Milli Məclisin rolunun qeyd olunması vacibdir. Bəzən biz bunu deyəndə, elə bil, Amerika Birləşmiş Ştatlarının Konqresi, ya Bolqarıstan parlamenti üçün səlahiyyət istəyirik. Azərbaycan parlamentindən söhbət gedir ki, istənilən zəruri məsələ... Onda belə çıxır ki, Silahlı Qüvvələr zəruri məsələ kateqoriyasına daxil olmur?
Digər tərəfdən, razılıq məsələsinin mahiyyəti nədir? Prezident tərəfindən təqdimat verilir. Milli Məclisin Silahlı Qüvvələrin vəziyyəti ilə bağlı geniş məlumatı olmalıdır ki, razılıq verəndə səs verə bilsin. Əgər yazılsa idi ki,  Milli Məclis Sədrinin razılığı ilə olur, bu, başqa məsələ idi. Amma Milli Məclisin razılığı deyəndə deputatların Silahlı Qüvvələrin real vəziyyəti ilə bağlı, – hər hansı bir şəkildə qapalı bir iclasda bunu qeyd eləmək çətin deyil, – məlumat almaq, yaxud sual vermək, müəyyən məsələləri öyrənmək imkanı olmalıdır ki, həmin razılığı verəndə artıq bunu arxayınçılıqla edə bilsin. Bilirsiniz, Milli Məclisin bir çox məsələlərlə bağlı informasiyası olmayanda ortaya müəyyən problemlər çıxır.
Bu gün penitensiar xidmətdə baş verənlərə baxın. Bu gün də, dünən də məhbus ölüb. Bundan əvvəl məhbuslar həbsdən qaçıb. Qeyri-peşəkarlardan ibarət bir şey qurulanda, – əvvəllər bir ictimai şura vardı, gedirdi, baxırdı, yoxlayırdı, – nəzarətdən kənarda qalanda bu məsələyə heç cür müdaxilə eləmək mümkün olmur və baş verən hadisələr – hər hansı bir məhkumun, vətəndaşın hüququnun pozulması sonra böyük problemlərə gətirir. Hətta ədliyyə nazirinin özü də çıxışında etiraf edir ki, burada ciddi nöqsanlar var, bu, ortadan qaldırılmalıdır. 
Dövlət həyatı elədir ki, beynəlxalq şəraitdən asılı olaraq böyük problemlər çıxa bilər. Yəni ola bilər ki, ali icra orqanının özünə böyük problemlər yarana bilər. Ən azı Milli Məclisin bu funksiyadan kənarda qalmasını yanlış hesab edirəm. Ona görə də “Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət” adlı 15-ci maddədə Milli Məclisə aid müəyyən bir epizodun qeyd olunmasını zəruri hesab edirəm. Ziyafət müəllim, xahiş edirəm, bu məsələni müzakirə edib nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən üzr istəyirəm, ikinci oxunuşdur, biz gərək qanun layihəsini əsas kimi qəbul edəydik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Əsas kimi qəbul edildi, sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Çox qısa şəkildə iki qeydimi bildirmək istərdim. Hörmətli cənab Sədr, ötən dəfə plenar iclasda bu məsələ müzakirə olunanda hörmətli Ziyafət müəllim tərəfindən geniş izahlar verildi ki, 1991-ci ilin 9 oktyabrında, hələ Azərbaycan müstəqilliyini qazanmadığı bir dövrdə qəbul olunmuş sənəd dövrün tələblərinə, təhlükəsizlik təhdidlərinə, ordu quruculuğunun prinsiplərinə uyğun olmadığından yeni, daha mükəmməl layihə hazırlanıb. Çox təəssüf ki, media orqanlarında getmiş yanlış bir məlumat üzündən bu məsələ ətrafında çox böyük bir ajiotaj  yaradıldı. Az qala belə bir mənzərəni formalaşdırmağa çalışdılar ki, guya Silahlı Qüvvələr haqqında qanun ona görə qəbul olunur ki, orduya daxili siyasətə qarışmağa ixtiyar verilir. Halbuki bunun belə olmadığı hər kəsə bəlli idi və qanunvericiliyin müddəaları da bunu sübut edirdi.
Görünür, 90-cı illərdə ordunu siyasiləşdirənlər, onun üzərindən hakimiyyətə gələnlər və hakimiyyətdə qalanlar bu məsələdən də öz maraqları üçün istifadə eləmək istəyirdilər. Amma burada çox aydın yazılıb ki, biz Silahlı Qüvvələr haqqında qanun qəbul edirik, daxili qoşunlar, sərhəd qüvvələri, yaxud da ayrıca götürülmüş bir hərbi vahid haqqında qanun qəbul etmirik. Qanunun 3-cü maddəsində ifadə olunmuş “Azərbaycan Respublikasının təhlükəsizliyinin, milli maraqlarının təmin edilməsi, dövlət quruluşu, suverenlik, ictimai qayda və ictimai təhlükəsizlik” anlayışı yalnız sahəvi qanunlar qəbul edildikdə hansı funksiya hansı qüvvələrə aiddir, o müəyyənləşəcəkdir. Azərbaycan bu gün özünün daxili təhlükəsizliyini iqtisadi, sosial, siyasi, diplomatik və beynəlxalq əlaqələrin hesabına təmin edir. Ona görə də orduya belə bir səlahiyyətin verilməsindən söhbət gedə bilməz və xüsusilə də hakimiyyət əleyhdarlarının bu məsələni informasiya vasitələrində mühüm bir təbliğat materialına çevirməsinin əleyhinə olduğumu bildirmək istəyirəm.
İkincisi, komitənin iclasında da Silahlı Qüvvələrin təyinatı ilə bağlı məsələdə söyləmişdim ki, hörmətli Ziyafət müəllim, biz “Əsas anlayışlar”da müstəqillik və suverenliyi birinci yerə qoyuruq. Vurğunu daha çox ona edirik ki, ordunun, Silahlı Qüvvələrin birinci funksiyası müstəqilliyi və suverenliyi qorumaqdır. Onda təyinat hissəsində də o formulu saxlamağın tərəfindəyəm. Silahlı müdafiə, xarici təcavüz – bunlar hamısı yerindədir. Mətndə, əslində, dediyim ifadələr var, amma onun önə keçirilməsini xahiş edirəm.
Bir başqa təklifim də var. 5-ci maddə “Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri” adlanır. Çox sağ olun, Siz, əslində, adekvat bir reaksiya verdiniz ki, başqa qanunlarda bunu nəzərə almaq olar. Amma biz bir daha bildirdik ki, bu ölkədə hərbi təcavüz reallığı var. Ona görə yazılsın ki, bunun fəaliyyət prinsiplərinə dair. Yəni görürsünüz, 5.0.1-ci maddədə “vahid və mərkəzləşdirilmiş rəhbərlik” yazılıbdır. Bu, idarəçiliyə aid müddəadır. Bir də, ərazi vahidinə aid müddəa var. Mən Konstitusiya üzrə ölkənin bütün ərazisində onun yaradılmasını təklif elədim. Yəni Dağlıq Qarabağda yaradılmış qüvvələrin qanunsuz olduğunun hüquqi bazasını belə qanunlarla müəyyənləşdirməliyik. Mən kiçik bir maddə təklif edirəm və çox arzu edirəm ki, üçüncü oxunuşda bu məsələyə baxılsın. Bu sənəd mükəmməl hazırlanıb, mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli qonaqlar, millət vəkilləri, media nümayəndələri! Mən çıxışıma ilk öncə ondan başlamaq istəyirəm ki, birinci oxunuş zamanı bəzi prinsipial məsələlərlə bağlı təkliflər vermişdik. Çox təəssüf ki, ikinci oxunuş üçün bunların heç biri nəzərə alınmayıb. Bəzən bizim təkliflərimiz hətta Konstitusiya ilə əsaslandırılsa belə, çox vaxt nəzərə alınmır.
Məsələn, bu yaxınlarda hörmətli rektorumuz Kamal Abdulla Rusiya Dövlət Dumasından və quberniyaların seçkili orqanlarının nümayəndələrindən ibarət bir nümayəndə heyəti dəvət eləmişdi. Mən də o tədbirdə iştirak edirdim. Dövlət Dumasının üzvü ilə söhbətimiz zamanı bəlli oldu ki, təkcə sonuncu büdcənin müzakirəsi zamanı onlar 700-ə qədər təklif veriblər və onların 540-ı nəzərə alınıb. 3 trilyon rublluq büdcənin bir trilyonu deputatların 540 təklifi əsasında yenidən bölüşdürülüb. Mən indi Avropa ölkələrini yox, bizə ən çox uyğun olan qonşumuz Rusiyanı misal gətirdim.
İndi qanun layihəsinin özünə keçirəm. Burada Silahlı Qüvvələrin əsas vəzifələri adlı maddənin 4.1.4-cü bəndində qeyd olunur ki, daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək. Hörmətli Zahid müəllim qeyd elədi, birinci oxunuşdan sonra bəzi qüvvələr mətbuatda belə bir kampaniya başladıblar ki, guya ölkədə daxili sabitliyi təmin eləmək üçün hökumət Azərbaycan ordusundan istifadə etməyə hazırlaşır və sair.
Bu qanunun 13.3-cü maddəsində qeyd olunur ki, Silahlı Qüvvələr özünün təyinatına uyğun olmayan vəzifələrin icrasına yalnız Milli Məclisin razılığı ilə cəlb oluna bilər. Bu həm də konstitusion müddəadır. Bu baxımdan, heç bir narahatçılıq yoxdur, amma 4.1.4-cü maddədə “daxili sabitlik” ifadəsini işlətmək düzgün deyil. Ölkədə siyasi gərginlik, küçə yürüşləri, mitinqlər ola bilər. Onda belə çıxır ki, o mitinqlərin, küçə yürüşlərinin qarşısını almaq üçün hökumət ordudan istifadə edə bilər. Yəni bu, yolverilməzdir. Burada “daxili sabitlik” sözlərinin əvəzinə yazılmalıdır ki, “kütləvi iğtişaşların qarşısının alınması məqsədi ilə”. Orada artıq zorakılıq var. Zorakılığın qarşısının alınması üçün daxili qoşunların imkanları yetərli olmadıqda Azərbaycan ordusundan istifadə oluna bilər.
Sonra, Ziyafət müəllim, yenə 4.1.4-cü maddədə yazılır ki, Konstitusiya quruluşunun qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək. Konstitusiya quruluşunun dəyişdirilməsi hər zaman cinayət sayılmır ki. Siz bilirsiniz, dövlət hüququ üzrə mütəxəssissiniz, hörmətli müəllimimiz Səfa müəllim də burada oturub, bizə dövlət və hüquq nəzəriyyəsindən dərs deyib. Dövlətlər idarəetmə formalarına, dövlət quruluşlarına görə fərqlənirlər. Yəni unitar, konfederativ, federativ dövlət quruluşu ola bilər. Yəni vətəndaşlar bunun dəyişdirilməsi, ölkədə yeni Konstitusiyanın qəbul olunması üçün kampaniya apara bilərlər. Bu, cinayət deyil və ona görə də burada “dövlət quruluşunun zorakılıqla dəyişdirilməsinə qarşı”, yəni konstitusion quruluşun zorla dəyişdirilməsinə qarşı qeyd olunmalıdır. Mən misal üçün deyirəm, bizdə idarəetmə formasına görə prezidentli respublikadır. Bizim partiyanın seçkilərdə platforması o idi ki, Azərbaycan parlamentli respublika modelinə keçsin. Buna görə kimsə hansısa tədbir keçirirsə, bunu biz dövlətə qarşı cinayət kimi qiymətləndirməməliyik.
4.1.14-cü maddədə qeyd olunur ki, peşəkar hərbi kadrlar hazırlamaq, hərbi təhsili daim təkmilləşdirmək, hərbi-elmi potensialı artırmaq. Mən hesab edirəm ki, indiki dövrdə Azərbaycan ordusunun ən azı 30 faizi müqavilə əsasında peşəkarlardan formalaşdırılmalıdır.  Burada qeyd edə bilərik ki, şəxsi heyətin ən azı 30 faizi müqavilə əsasında peşəkarlardan formalaşdırılır. Bu müddəanı “Silahlı Qüvvələrin şəxsi heyəti və komplektləşdirilməsi” adlı 10-cu maddəyə də əlavə edə bilərik. Düşünürəm ki, biz, nəhayət, bu barədə düşünməliyik.
Bilirsiniz, peşəkar ordu elədir ki, orada əsgərlərin boyu, çəkisi, fiziki hazırlığı önəmli rol oynayır. Hərb də bir sənətdir. Biri kompüter  elmləri üzrə mütəxəssis, o birisi hərbçi olmaq istəyir. Amma zəif uşağın çiyninə 20 kiloqram yük qoyub təpənin başına qalxmağa məcbur eləsən, ona düşmən gülləsi lazım deyil, onun ürəyi dayanacaq. Ona görə ki, onun fiziki vəziyyəti buna imkan vermir. Onun üçün də 30 faiz peşəkar orduya keçməliyik.
Ziyafət müəllim, mən keçən dəfə Sizə dedim. Azərbaycan Respublikası Konstitusiyasının 79-cu maddəsində düzünə göstəriş var ki, heç kəs Konstitusiya və  qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Bu müddəanın bura salınmamasını mən başa düşə bilmirəm. Niyə Silahlı Qüvvələr haqqında qanunda bu öz əksini tapmasın? Axı mən sizə dedim, qardaş Türkiyədə ayrı-ayrı hərbçilər silahlı qüvvələri Konstitusiya və qanunlara zidd vəzifələrin icrasına cəlb eləmək, dövlətə qarşı qiyam təşkil eləmək istədilər. Belə olan halda biz birbaşa zabit və əsgərlərə deyirik ki, siz Konstitusiya və qanunlara zidd vəzifələrin icrasına məcbur edilə bilməzsiniz.
Amma 13.2-ci maddədə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərinin qəbul etdikləri qərarları icra edirlər. Belə çıxır ki, o qərarların qanuni olub-olmamasından asılı olmayaraq. Burada bu müddəanı yazmaq nə çətin məsələdir ki? Konstitusiyadakı bir normanı Silahlı Qüvvələr haqqında qanuna yazırıq.
Tutaq ki, sabah kimsə dinc insanlara qarşı əsgərlərdən istifadə eləmək istədi. Türkiyədə gördünüz, əmr verdilər,  300 nəfərə qədər  dinc sakini hərbçilər güllələdilər. Yəni bu cür, açıq-aydın Konstitusiyaya zidd qərarlar, hesab edirəm, icra olunmamalıdır və bu da qanunda öz əksini tapmalıdır. Burada qorxulu heç nə yoxdur.
Mən keçən dəfə 15-ci maddə ilə bağlı dedim  ki, Milli Məclisin mütləq Silahlı Qüvvələr üzərində nəzarəti olmalıdır. Vahid müəllim dedi ki, Milli Məclis yalnız büdcəyə nəzarət formasında orduya nəzarət eləyə bilər. Amma mən düşünürəm ki, bu, belə olmamalıdır. Biz görürük ki, bütün inkişaf etmiş dövlətlərdə Müdafiə Nazirliyinin rəhbərliyi, ayrı-ayrı hərbi birləşmələrin rəhbərləri müdafiə və təhlükəsizlik komitəsinə dəvət olunur, müvafiq dinləmələr keçirilir və oradakı problemlər aradan qaldırılır.
İkincisi, hesab edirəm ki, Silahlı Qüvvələrdə ictimai nəzarət təmin olunmalıdır. 15.4-cü yeni bir bənd əlavə olunmalıdır. Son vaxtlar görürəm, bəzi hallarda hətta şantaj yolu seçilir, bəzən jurnalistlərə təzyiq də edilir ki, düşmən tərəfi bu məlumatları oxuyur, ona görə bu və ya digər problemi qaldırmayın. Mən  sizə deyirəm ki, o problemlər deyilməyəndə, yazılmayanda onun nəticələri sonradan daha ağır olur.
Əlbəttə, dövlət sirrini heç kəs yaya bilməz və buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Amma Konstitusiyaya görə jurnalistlərin məlumat almaq hüququ, məlumat azadlığı hüququ var. Ona görə də imkan vermək lazımdır ki, jurnalistlərin əsgərlərlə, zabitlərlə təması, onların problemlər barədə informasiya əldə etmək imkanları olsun. Mən keçən dəfə alqışladım ki, bizim ordumuzda açıq qapılar keçirilir, valideynlər övladları ilə görüşürlər, onların necə yaşaması, qidalanması və sair barədə məlumatları olur. Düşünürəm ki, “İctimai nəzarət haqqında” Qanun da qəbul eləmişik və Silahlı Qüvvələrdə faktiki surətdə ictimai nəzarətin olduğu halda qanunda bunun qeyd olunmamasını başa düşə bilmirəm. İctimai nəzarət, sadəcə olaraq, bir az da genişləndirilməlidir. Mən bununla yekunlaşdırıram və ümid edirəm ki, üçüncü oxunuşda təkliflərim nəzərə alınacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Birinci oxunuşda da dedim, bu qanunun  qəbul edilməsinin tərəfdarıyam, aydın dildə yazılıb, lakonikdir. Bu gün bir neçə təklifim var.
Birincisi, hesab edirəm ki, 4.1.10-cu maddə çıxarılmalıdır. Burada informasiya təhlükəsizliyinin  təmin  edilməsi vəzifəsindən danışılır. Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanununun 5-ci maddəsində Silahlı Qüvvələr və müdafiə sahəsində informasiya təhlükəsizliyini təmin etməyin bütün növləri sadalanır, siyahısı verilir. Hamısı orada var və göründüyü kimi, bu başqa bir qanunun predmetidir, burada əks olunmasına ehtiyac yoxdur. Ona görə də bu bəndin çıxarılması daha doğru olar.
İkincisi, biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatının “Təcavüzkarlığın müəyyən edilməsi haqqında” 1974-cü il 14 dekabr tarixl qətnaməsi var. Həmin  qətnamədə təcavüzkarın tərifi verilib. Eyni zamanda, biz Bahar xanımın sədrliyi ilə iki dəfə “Beynəlxalq cinayətlərin cəzalandırılması haqqında” layihənin müzakirəsini aparmışıq və hər iki halda da təcavüzün mahiyyəti, tərifi verilib.
Hazırkı qanun layihəsinin 1.0.2,  4.1.1,  4.1.2,  4.1.3, 4.3.3 və 3-cü maddələrinin hər birində Azərbaycan Respublikasına qarşı olan təcavüz başqa cür göstərilib. Birində silahlı təcavüz, digərində hərbi təcavüz, başqa birində adi təcavüz kimi göstərilib. Mən hesab edirəm ki, qanunvericilik, normayaratma texnikası baxımından və dilüslubun mükəmməlliyi baxımından həmin maddələrdəki müxtəlif yazılışlar bir cür – “hərbi təcavüz” sözləri ilə əvəz olunmalıdır. Yəni dediyim kimi, 1.0.2-də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüz” cümləsindəki “təcavüz” sözü “hərbi təcavüz” kimi yazılsın. 3-cü maddədə “xarici təcavüz”  “hərbi təcavüz” yazılsın. 4.1-ci maddədə, 4.1.3-cü maddədə və 4.3.3-cü maddədə “hərbi təcavüz” yazılsın, müxtəlif cür getməsin.
Fürsətdən istifadə edib, birinci oxunuşda dediyim məsələni məcbur olub deyirəm. Vaxt almaq istəmirdim, amma həmkarlarım buna toxundular. Keçən dəfə də bilirdim ki, müəyyən rezonans olacaq. Silahlı Qüvvələrlə ordunu qarışdırmamaqdan ötrü milli ordumuzun Silahlı Qüvvələrin  tərkib hissəsi olduğunu qeyd etməklə məhz 3-cü maddədə “ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması” sözlərindən əvvəl “Azərbaycan ordusu istisna olmaqla” sözləri yazılsın. Yəni ordudan başqa da silahlı birləşmələr var. Onlar daxili siyasətə qarışa bilər, amma ordunun olmaması, hesab edirəm ki, beynəlxalq hüquqa da uyğun olardı.
Eyni zamanda, istərdim ki, Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsaslarını daha ciddi təmin etməkdən ötrü Konstitusiyanın 9-cu maddəsinin II hissəsi – “Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir” xüsusi qeyd olunsun. Bu da bizim humanist xarakterimizi göstərə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
 A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mən də hesab edirəm ki, ikinci oxunuşa təqdim olunan qanun layihəsi kifayət qədər hərtərəfli hazırlanıb və qarşımızda duran əsas məsələləri özündə ehtiva edir. Ümumiyyətlə, yeni qanun layihəsinin bu gün müzakirəyə təqdim olunması müsbət bir haldır. Mən də bütövlükdə qanun layihəsinin müddəaları ilə bağlı deyilən müsbət fikirləri bölüşürəm və yəqin ki, bu sənədi qəbul edəcəyik. Ancaq burada bir neçə məsələ var ki, bunları səsləndirmək lazımdır. Həmkarlarım da məndən öncə haqlı olaraq bəzi məsələlərə toxundular.
4.1.4-cü maddə ilə bağlı mətbuatda yazılanlar və bunların qarşısının alınması ilə əlaqədar verilən şərhlər, hesab edirəm ki, çox mühümdür. Hörmətli Ziyafət müəllim, məncə, Siz bu məsələyə bir daha toxunun ki, o öz həllini tapsın. Çünki burada, doğrudan da, söhbət ordunun hər hansı bir müdaxiləsindən deyil, digər silahlı qüvvələrə aid birləşmələrdən gedir. Eyni zamanda, hesab edirəm ki, bu maddə ilə bağlı hörmətli həmkarım Qüdrət müəllimin dediyi təkliflərə də diqqətlə baxmalıyıq. Doğrudan da, burada maraqlı məsələlər var. Xüsusilə Konstitusiya quruluşunun zor tətbiq etməklə dəyişilməsi əlavəsi olsa, məncə, bu maddə tam olaraq yerində oturar.
Bundan əlavə, hörmətli Ziyafət müəllim, istərdim, 1.0.2-ci maddəyə baxaq: “Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdaxiləsini təmin edən” və digər. Həmkarlarımızdan biri bu barədə dedi. Ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi prinsipi burada öz əksini tapmayıb. Bilirsiniz ki, ümumiyyətlə, 3 norma – suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişilməzliyi beynəlxalq prinsipdir. Helsinki Yekun Aktında da bu prinsiplər göstərilib. Yeri gəlmişkən, ermənilər bunu istədikləri kimi şərh etməyə çalışırlar, öz müqəddəratını təyinetmə, filanla bərabərləşdirirlər. Amma beynəlxalq hüquq normasında öz müqəddəratını təyinetmə heç bir halda qeyd olunan üç prinsipin zərərinə olmamalıdır və ərazi bütövlüyünü zədələməməlidir. Sərhədlər güc tətbiq etməklə dəyişdirilməməlidir. Hesab edirəm, bizim bugünkü qanunda da bu bir daha təsbit olunmalıdır.
Növbəti deyəcəyim məsələ mətbuatda geniş işıqlandırıldı. 5.0.12-ci maddədə “Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılmasının və fəaliyyətinin qadağan edilməsi” qeyd olunub. Bu çox normal bir müddəadır. Təbii ki, Silahlı Qüvvələrdə bu tipli qurumlar yaradıla bilməz.  Həm də əvvəlki qanunda da bununla bağlı xüsusi müddəa var idi ki, siyasi fəaliyyəti qarşısına qoyan qurumlar, yaxud həmkarlar ittifaqı yaradıla bilməz. Hesab edirəm ki, bir daha açıq şəkildə şərh etməliyik ki, bu, dünya praktikasına uyğundur, burada hər hansı bir QHT-nin, yaxud partiyanın fəaliyyəti məhdudlaşdırılmır və hər hansı birləşmə azadlığının məhdudlaşmasından söhbət gedə bilməz. Bu, bir normadır və prinsipdir.
Ancaq burada biz, əlbəttə ki, ictimai nəzarətlə bağlı məsələyə də diqqətlə yanaşmalıyıq. Qüdrət müəllim onu qeyd etdi. Bilirsiniz ki, bu gün biz praktikada Silahlı Qüvvələrin bir çox növünə ictimai nəzarəti həyata keçiririk. Bu istər penitensiar xidmətlə bağlı olsun, istərsə də digər sahələrlə. Yaxud bu gün ayrı-ayrı hərbi birləşmələrə qeyri-hökumət təşkilatları, mətbuat mütəmadi səfərlər edir, onların fəaliyyəti ilə, işi ilə tanış olurlar. Əlbəttə ki, müəyyən mənada ictimai nəzarəti həyata keçirirlər. Təbii ki, bu, qanunvericilikdə də təsbit olunub. “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuralar yaradılmalıdır. Mənə belə gəlir ki, bu məsələni biz praktikada bu cür həll etməliyik. Ədliyyə Nazirliyində ictimai şura var, başqa qurumlarda da artıq bu proses gedir. Hərbi sirləri, qadağan olunmuş məlumatlara tətbiq olunan qaydaları qorumaqla ictimai nəzarət olmalıdır. Bu, praktikada öz əksini tapıb, sadəcə olaraq, bunun digər sahələrdə də tətbiqi zərurət kimi ortaya çıxıb. Biz bunu, əlbəttə ki, nəzərə almalıyıq.
Hesab edirəm, biz bunu kifayət qədər təkmil qanun layihəsi kimi səsə qoya bilərik. Ancaq hörmətli Ziyafət müəllim, istərdim ki, iki məsələyə – həm QHT-lərlə, həm də ictimai asayişlə bağlı məsələyə bir daha şərh verəsiniz və sərhədlərin dəyişdirilməsi məsələsinə münasibət bildirəsiniz. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Naqif Həmzəyev.
N.Həmzəyev. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri və qonaqlar! Bu qanun layihəsinin hazırlanmasında əməyi keçən bütün şəxslərə dərin təşəkkürümü  bildirirəm. Həqiqətən də, qanun layihəsi çox zəruridir və sadə dildə, mükəmməl hazırlanıb. Mən sizin vaxtınızı çox almaq istəmirəm, qısaca bir neçə məsələyə münasibət bildirmək istəyirəm.
Son 4-5 ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə,  xüsusilə Müdafiə Nazirliyi xətti ilə ordumuza müddətdən artıq qulluq edən qulluqçuların qəbulu və ordudan xaric olma sayına nəzər yetirsək, görərik ki, burada müəyyən qədər problemlər var.
Qanun layihəsinin 4-cü fəslinin 10-cu maddəsində Silahlı Qüvvələrin şəxsi heyəti və komplektləşdirilməsi məsələsi açıq-aydın əksini tapıb. Lakin digər hüquqi normativ aktlara baxdıqda mən burada müəyyən boşluqlar gördüm. Mən çox istərdim ki, müddətdən artıq xidmət edən şəxslərin orduya qəbulu zamanı biz mütləq digər orqanların, xüsusilə də daxili işlər orqanının, yerli icra hakimiyyətinin arayış və rəylərini alaq. Yəni bu olmayanda sonradan problemlər yaşayırıq.
Məlum hadisələr zamanı gördük ki, ordunun sirrini xarici qüvvələrə verməyə hazır olan və bizə zərbə vurmaq istəyən çoxlu sayda qüvvələr var. Bu da arzu olunan hal deyil, çünki Azərbaycan ordusu hər an müharibə edə bilər və biz buna hazır olmalıyıq. Xüsusilə müddətdən artıq xidmət edən şəxslərin orduya qəbulu zamanı mütləq nəzarət mexanizmini gücləndirməliyik. Təsəvvür edin, orduda xidmət keçən şəxs əziyyətlə, çətinliklə, valideynlərinin köməyi ilə xidmətini başa vurur. İnsan inana bilmir ki, o, yenidən orduya qayıda bilər. Ancaq bir müddət sonra görürsən ki, qonşuda yaşayan həmin şəxs artıq hərbi formadadır. Sonradan məlum olur ki, müddətdən artıq xidmət edir və xidmət müddəti başa çatmamış müəyyən səbəblərdən ordudan kənarlaşdırılır. Xahiş edirəm, bu məsələyə mütləq nəzarət mexanizmini gücləndirək. Dövlət Təhlükəsizliyi Xidməti, yerli polis və yerli icra hakimiyyətinin köməyindən istifadə etməliyik ki, həmin şəxslərin seçilməsində qətiyyən səhvə yol verməyək.
İkinci, çox yaxşı haldır ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün orduda əsgərlərimizə xidmət edən digər vətəndaşlarımız peyda olub. Bunlar yeməklərin bişirilməsi ilə məşğul olan, əsgərlərə qulluq göstərən mülki şəxslərdir ki, onların da orduya qəbulunda, məncə, nəzarət mexanizmini gücləndirməliyik. Biz deyirik ki, çox yaxşı yemək bişirən bir xanımdır. Çox gözəl. Ancaq onun dövlət sirrini qoruyacağına və yaxud ordunun məlumatlarını kənara sızdırmayacağına nə dərəcədə əminik? Həmin ərazidə yaşadığı üçün asanlıqla işə götürürük və nəticədə ziyan çəkirik. Əgər mümkün olsa, qanunun 10-cu maddəsində bu məsələlər nəzərə alınsın. Əks halda digər normativ aktlarda bu məsələnin nəzərə alınmasını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Cənab Sədr, dəyərli həmkarlar! Mən də bu fikirdəyəm ki, birinci oxunuşda da qeyd edildiyi kimi, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 18-ci bəndinə tam uyğun hazırlanıb, qanunvericilik texnologiyasının tələblərinə tamamilə cavab verir. Dilinin anlaşıqlı olması bir çox qanunverici aktlar üçün də örnək ola bilər. Mən, sadəcə, burada iki məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Öncə 4.1.4-cü maddə ilə bağlı bəzi fikirləri də çatdırmaq istəyirəm.
Həmkarlarım bu məsələyə aydınlıq gətirdilər ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri, sadəcə, ordudan ibarət deyil və daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun qorunmasında məhz digər silahlı birləşmələrin, ilk növbədə də daxili qoşunların fəaliyyəti nəzərdə tutulur. Bu yaxınlarda Amerikanın dövlət katibi cənab Tillersonun bir bəyanatı oldu, o, Rusiyanı Amerikadakı seçkilərə müdaxilə etməkdə suçladı. O, sosial şəbəkə və internet üzərindən əməliyyatlar aparmaqla müdaxiləni nəzərdə tuturdu və bunu “kiber savaş”, daha doğrusu, “hibrid savaşı” adlandırdı. Daxili siyasi sabitliyin pozulması və ümumiyyətlə, seçkiyə müdaxilə əgər “hibrid savaşı” adlandırılırsa, onda bu savaşda ordu yer almalıdır, yaxud da almamalıdır. Yəni belə bir reallıq meydana çıxır.
Ümumiyyətlə, mən bu fikirdəyəm ki, 4.1.10-cu maddədə Silahlı Qüvvələrin əsas vəzifəsi kimi “öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək” yox, bütövlükdə informasiya təhlükəsizliyini təmin etmək nəzərdə tutulmalıdır. Çünki 2016-cı ildə NATO-nun Varşava sammitində kiber-qoşunların yaradılması məsələsi ortaya çıxdı. Kiber-qoşunların vəzifəsi sosial şəbəkələri, qəzetləri, kütləvi informasiya vasitələrini 24 saat dayanmadan izləmək, orada psixoloji savaş aparmaq, güc tətbiq etməmək yolu ilə hansı metod və əməliyyatları keçirib-keçirmədiyini izləmək və adekvat addım atmaqdır. Yəni artıq ordu kiber sahədə əsas hücum və müdafiə elementlərindən birinə çevrilir və biz bunu görməzlikdən gələ bilmərik.
Bir də, keçən dəfə mən bir məsələni qeyd etdim. 4.1.1-ci maddədə yazılıb ki, Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq. Bizim reallığı nəzərə alsaq, mən istərdim, bura əlavə olunsun ki, Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısını almağa, onu dəf etməyə və nəticələrini aradan qaldırmağa hazır olmaq. Çünki nəticənin aradan qaldırılmasına hazır olmaq ayrı bir şəxsi heyət tərkibi və ayrı bir texnika tələb edir. Bu dəfələrlə artıq güc tələb edir. Hazırda ərazimizin bir hissəsi işğal altındadır. Dinc dövr üçün başa düşürəm, tamamilə doğru yanaşmadır, amma eyni zamanda, o reallığı da unutmalı deyilik ki, ərazimiz işğal altındadır.
Bir də, 4.1.2-ci maddədə qeyd olunur ki, əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək. Ümumiyyətlə, izləmək müxtəlif yöndə olmalıdır. Ona görə də təklif etmək istərdim ki, bu ifadə “əməliyyat şəraitini, onun dəyişib-dəyişmədiyi və hansı yöndə dəyişdiyini izləmək” ifadəsi ilə əvəz olunsun. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Qanun layihəsi çox gözəl hazırlanıbdır. Birinci oxunuşdakı təkliflərimizi hörmətli Ziyafət müəllim nəzərə alıb və müəyyən dəyişikliklər, əlavələr olunubdur. Hesab edirəm ki, biz bunu səs verib qəbul edə bilərik. Lakin bir neçə məsələ var ki, onlarla bağlı fikirlərimi bildirmək istəyirəm.
Biz Silahlı Qüvvələr haqqında danışanda gərək həm dünya təcrübəsinə, həm də daxili təcrübəyə əsaslanıb fikir irəli sürək. Həm Azərbaycanın düşdüyü indiki vəziyyəti, həm ərazilərimizin işğal olunmasını, həm də dünyada baş verən hadisələri nəzərə alıb elə bir qanun qəbul etməliyik ki, standartlara cavab versin. Təbii ki, hər bir qanunun yaxşı cəhətləri də var, pis cəhətləri də. Heç bir qanun Quran ayəsi deyil və istənilən vaxt dəyişdirilə bilər. O baxımdan hesab edirəm ki, bu qanun layihəsi çox mükəmməl hazırlanıb və qəbul olunmalıdır.
Birinci, mən orduya ictimai nəzarət məsələsinə toxunmaq istəyirəm. Bu, dəfələrlə qeyd olunub, deyilibdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Ali Baş Komandanı qarşısında hesabat verir. Ali Baş Komandan bilavasitə Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət edir. Hər hansı bir nöqsan baş verdikdə tutduğu vəzifədən azad edir, struktur dəyişiklikləri aparır, birləşmələr yaradır və digər qoşun növlərini təmin edir. Bu baxımdan da məsələni bu cür qaldırmaq doğru deyil. Hansı isə qeyri-hökumət təşkilatını aparıb ona silah göstərəcəklər, bu silahdan başı çıxacaq-çıxmayacaq, döyüş bölgəsinə düzülüş qaydasını biləcək-bilməyəcək və sair.
Mən üzr istəyirəm, hərdən elə olur ki, hərbi xidmətdə olmayanlar gəlib hərbi xidmət haqqında qanundan, həm də hərbi xidmətdən danışırlar. Avtomatı söküb yığa bilmir, amma ümumi nəzəriyyələr irəli sürür. Bu, nəzəriyyə deyil, praktikadır. Buna kifayət qədər təcrübəsi olan insan lazımdır ki, getsin, müəyyənləşdirsin ki, bu belədir, ya belə deyil. Biz Amerikanı olduğu kimi özümüzə tətbiq edirik. Amerikada ordu hərbi komitə qarşısında hesabat verir. Orada tamam başqa sistemdir. Sistem nədən ibarətdir? Bizdə sistemin əsasını çağırış əsasında formalaşan ordu təşkil edir. Vaxtilə bizdə müqavilə əsasında xidmət edənlər, ümumiyyətlə, yox idi. İndi bunların sayı getdikcə artır və Ali Baş Komandanın tapşırığı bundan ibarətdir ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, digər işləri görməməlidir. Əsgər silahla məşğul olmalı, döyüş taktikasını öyrənməli və döyüşə hazır olmalıdır. O baxımdan mülki işləri, təsərrüfat işlərini görmək üçün müəyyən  işçilər cəlb olunur.
Həmçinin çox bahalı qiymətə yeni texnikalar alınır ki, onların idarə olunması üçün güclü mütəxəssislər tələb olunur. Yəni il yarım və yaxud bir il qulluq etməklə onları idarə etmək mümkün deyil. Bunun üçün mütəmadi olaraq işləyən  mütəxəssis lazımdır. İndi tamam başqa əsrdir, dünya başqa dünyadır. Silah növləri mütəmadi olaraq dəyişir. Tutalım ki, orta məktəbi qurtaran bir şagirdə deyə bilməzsən ki, sən “S-400”-ü idarə elə. Buna büdcədən filan qədər xərc çəkilib, alınıb, orduya təqdim olunub. Ona görə də bura müqavilə əsasında mütəxəssislər cəlb olunur.
Bu aydındır, amma dünyada başqa ordu növləri də var ki, bunlar müqavilə əsasında formalaşır. Yəni kontrakt bağlayır, deyir ki, döyüşmək istəyirəm. Gedir, döyüşdə iştirak edir. Təbii ki, bunlara ictimai nəzarət lazımdır, çünki onların içərisində müxtəlif insanlar var. Həm də bunların sosial təminat məsələsi var, çünki iş yeri kimi buranı seçib. Bura onun iş yeridir, xidmət yeri deyil. O baxımdan da kontrakt əsasında qulluq göstərənlər tamam başqa insanlardır və tamam fərqli xidmət göstərirlər. Bu insanlara da mütəmadi ictimai nəzarət olmalıdır ki, yollarını azmasınlar.
Məsələn, mən Əfqanıstanı misal göstərə bilərəm. Böyük Britaniya ordusunun Əfqanıstanda müqavilə əsasında qulluq edən 6 min əsgəri axtarışdadır, 10 mini həbs olunubdur. Təsəvvür edin, bu, NATO-nun təqdim etdiyi rəsmi rəqəmdir. Təbii ki, bunların reabilitasiyası və digər məsələlər üçün müxtəlif qeyri-hökumət təşkilatları lazımdır. Amma həqiqi hərbi xidmətə çağırılan insanlara hər hansı bir ictimai nəzarət... Onsuz da onlara normal xidmət göstərməyə imkan vermirlər. Birinin toyu, digərinin yası, o birinin ad günü, nə bilim, nəyi oldu, hər an əlaqə saxlayırlar, mütəmadi məlumat verirlər. Ümumiyyətlə, ordu cəmiyyətə nisbətən bir az qapalı vəziyyətdə olmalıdır ki, öz işinin, funksiyasının öhdəsindən tam şəkildə gələ bilsin.
Dəfələrlə bəzi yoldaşlar müdafiə nazirinin mülki şəxs olması məsələsini qaldırıblar. Bir dəfə bir riyaziyyatçını qoydular və gördük də ölkənin başına nə oyun açdı, ərazimizin  neçə faizi işğal olundu. İndi mən ad çəkmək istəmirəm, çünki bu məclisə layiq deyil. Yəni bu gün ordunun başında professional zabit dayanmalıdır, çünki biz müharibə şəraitindəyik. Tutalım ki, Fransada müdafiə naziri qadındır. İndi bir-iki Avropa dövləti məsələ qaldırır, bizdə də bir qrup düşür ortaya ki, niyə bizdə olmasın? Bunlar hamısı xülyadır və bu, ola bilməz. Biz öz funksiyamızı yerinə yetirməyincə, ərazi bütövlüyümüzü təmin etməyincə, sərhədlərimiz möhkəmləndirməyincə, hesab edirəm ki, bu cür islahata getmək mümkün deyil və belə məsələləri qanunda da nəzərdə tuta bilmərik. Ordunun başında professional zabitlər durmalıdır. Onlar ölkə başçısı, Ali Baş Komandan qarşısında hesabat verməlidirlər. Ordu sirləri qapalı olmalıdır. Heç bir mətbuat orqanı ordunun mətbuat xidmətinin verdiyi məlumatdan başqa məlumatı yaymamalıdır. Mən xahiş edirəm, səs verək, bu qanunu qəbul edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qonaqlardan çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
K.Vəliyev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinin ikinci oxunuşuna dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Bu sənədin hazırlanmasında fəal və səmərəli iştirak edən hər kəsə, xüsusilə Ziyafət müəllimə Müdafiə Nazirliyinin rəhbərliyi adından təşəkkürümü bildirirəm. Zənnimcə, bu qanun layihəsi mükəmməl hazırlanıb və onun qəbul olunması zəruridir, çünki bu, çərçivə qanun olacaq və ona istinadən hazırlanacaq digər hüquqi normativ sənədlər Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyəcəkdir.
Bildiyiniz kimi, möhtərəm Prezident, cənab Ali Baş Komandanın tapşırığı ilə Silahlı Qüvvələrdə kompleks islahatlar həyata keçirilir. Ordumuz daimi onun diqqət və qayğısı ilə əhatə olunur. Qanun layihəsinin birinci oxunuşunda millət vəkillərinin əksəriyyətinin ordudakı real vəziyyət barədə səsləndirdikləri müsbət fikirlər Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən çox xoş qarşılanmışdır.
Eyni zamanda, hörmətli Qüdrət Həsənquliyevin çıxışında ordu ilə bağlı səsləndirdiyi bəzi fikirlərin kütləvi informasiya vasitələrində tirajlanması bizi təəccübləndirmişdir. Bu zalda qanun layihəsinin müzakirəsi bitməmiş bəzi saytlar Qüdrət müəllimə istinad edərək Tərtər bölgəsində yerləşən hərbi hissədə guya problemlərin olması ilə bağlı məlumat yayıblar. Mən bu barədə məlumat əldə edən kimi, dərhal Qüdrət müəllimlə telefon əlaqəsi saxladım. Açığı, onun özü də bu cür məlumatın getməsinə təəccüb etdi və bildirdi ki, Tərtərdəki hərbi hissə ilə bağlı səsləndirdiyi fikirlər onun çoxdan eşitdiyi bir məsələ idi.
Hörmətli millət vəkilləri və media nümayəndələri, xahiş edirəm, Silahlı Qüvvələr haqqında nə isə deyəndə dərk edək ki, bu, həssas bir məsələdir. Biz müharibə şəraitindəyik və düşmən təbliğatında bundan bizə qarşı istifadə edir. Xahiş edirəm, bu məsələ ilə bağlı nə isə söyləyəndə buna diqqət yetirilsin.
İkinci, ictimai nəzarətlə bağlı demək istəyirəm ki, son zamanlar hərbi hissələrimizə müxtəlif təşkilatlardan, dövlət komitələrindən nümayəndələr və eyni zamanda, deputatlar gəlmişlər. Onlar real vəziyyəti görüblər. Görüblər ki, orduda nə qədər müsbət dəyişikliklər var. Bilirsiniz, kim müraciət edirsə, biz onu qəbul etməyə hazırıq. O ki qaldı jurnalistlərə, bizdə 50-yə qədər akkreditə olunmuş jurnalist var. Onlar müraciət edən kimi hərbi hissələrə və xüsusən ön xəttə buraxılırlar. Əlbəttə ki, biz məxfilik rejimini təmin edirik, lakin onlar istədikləri yerdə gərəkli işləri görə bilərlər. Bundan başqa, bizi Ombudsman Aparatı da yoxlayır və bizimlə əməkdaşlıq edir. Prokurorluq və digər orqanlar bu məsələdə fəal iştirak edirlər.
Mən Naqif müəllimin təkliflərinə bir aydınlıq gətirmək istərdim. Burada müddətdən artıq xidmət edən hərbi qulluqçular haqqında deyilib ki, onlar hərbi hissələrə qəbul olunurlar. Bizdə bu, sistemli şəkildə həyata keçirilir və həm daxili işlər orqanları, həm təhlükəsizlik xidməti, həm də digər orqanlar tərəfindən tam şəkildə yoxlanılırlar. Mən sizə deyim ki, bu kateqoriyadan olan hərbi qulluqçular və gizirlər ordumuzun 70 faizə qədərini təşkil edirlər. Əksəriyyəti professional və çox yaxşı hazırlanmış insanlardır. İndi Siyavuş müəllim də o “S-300” və digər komplekslər barədə dedi. Əlbəttə ki, biz onları ən bahalı texnikaya təhkim edirik və sonra daim texnikanı yüksək səviyyədə saxlayırıq. Bu gün da bu məsələ ilə bağlı bizdə çox ciddi şəkildə iş aparılır. Biz inanırıq ki, belə yanaşma ilə silahlı qüvvələrimizin döyüş qabiliyyəti artacaq. Çox sağ olun.
Sədrlik edən. Hörmətli cənab general, Siz çıxış etdiniz, mən anladım. Biləsiniz ki, Milli Məclisin hər bir üzvü Azərbaycan ordusunun hər bir məsələsi üçün özünü cavabdeh sayır və hər bir məsələdə kömək etməyə hazırdır.
İkinci, Milli Məclisdə çıxışlarda tənqidlər də olur. Burada akkreditə olunmuş media nümayəndələri var. İndi araşdıraq, görək Qüdrət Həsənquliyevin çıxışındakı fikirləri kontekstdən çıxarıb başqa cür verən media nümayəndələri kimlərdir.
Müdafiə Nazirliyində, yaxud Milli Məclisdə akkreditasiya olunan media nümayəndələri orada varmı? Görəcəksiniz ki, bu məsələləri başqa cür təqdim edən bəzi saytlardır ki, onlar həmişə Azərbaycan dövlətçiliyinə qarşı işləyiblər. Əgər biz bu məsələləri bir-bir araşdırsaq, onda gərək Avropa Şurasına “yem” verək ki, hə, bu filankəsidir, bu da filankəsdir.
Belə məsələləri ürəyinizə salmayın. Biz həmişə Azərbaycan ordusunun güclənməsini istəmişik, onu dəstəkləmişik və dəstəkləyəcəyik. İndi Ziyafət müəllimə söz verək, bəzi sualları cavablandırsın, sonra səsverməyə keçərik. Buyurun.
Z.Əsgərov. Çox sağ olun, cənab Sədr, minnətdarlıq edirəm. Hörmətli deputat həmkarlarım, sizin təkliflərinizə, suallarınıza keçməzdən əvvəl qeyd etmək istəyirəm ki, bu gün iclasımızda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların səlahiyyətli nümayəndələri iştirak edirlər. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz.
Hörmətli deputatlar, əgər yadınızdadırsa, mən çıxışımın əvvəlində qeyd etdim ki, ikinci oxunuşun tələblərinə uyğun olaraq birinci oxunuşda fikrini söyləyən deputatların fikirlərinə ikinci oxunuşun sonunda cavab verəcəyəm. Çünki birinci oxunuşda söhbət konsepsiyadan gedirdi. Siz isə ayrı-ayrı maddələrlə əlaqədar sual verdiniz. Mən qanuna hörmət edən adamam. Gərək ikinci oxunuş bitsin ki, mən sizin suallarınıza cavab verim.
Zahid müəllim və Siyavuş müəllim birinci oxunuşda çıxış etdilər və qanun layihəsinin konsepsiyasını bəyəndilər. Mən təşəkkür edirəm, onların elə bir ciddi iradları olmadı.
Həmkarımız Tahir müəllim dedi ki, biz Azərbaycan ordusu olaraq, eyni zamanda, gərək müharibə vaxtı düşməni təqib edək, onları sərhədimizdən çıxaraq, hətta düşmən ölkənin ərazisinə keçək və onların dərsini verək. Tahir müəllim, biz onların dərsini vermişik və verəcəyik, amma bizim Konstitusiyanın 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri yalnız öz ərazisini və təhlükəsizliyini müdafiə edir. Biz əgər başqa dövlətin ərazisinə keçsək, onda bizə işğalçı deyərlər. Bizim silahlı qüvvələrimiz ərazimizi və təhlükəsizliyimizi düşməndən müdafiə etmək üçündür.
Sonra, Elman Nəsirov sərhədlərimizin toxunulmazlığı ilə bağlı sual verdi. Elman müəllim, biz o məsələni araşdırdıq. 1994-cü ildə qəbul etdiyimiz “Sərhəd qoşunları haqqında” Qanunun 1-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının sərhəd qoşunları Azərbaycan Respublikasının Dövlət sərhədinin mühafizəsini, təhlükəsizliyini və toxunulmazlığını təmin edir”. Amma burada isə biz Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə müvafiq olaraq “toxunulmazlığını” yazırıq. Çünki “toxunulmazlıq” daha geniş anlayışdır və hamısını ehtiva edir. Ona görə biz bu məsələni saxladıq.
Sonra, həmkarım Qüdrət müəllimin sualları olmuşdu. O həmin sualları bu gün də təkrar etdi. Söhbət nədən gedirdi? Birinci, Qüdrət müəllim dedi ki, təkliflər nəzərə alınmayıb. Hələ təkliflərinizə münasibət bildirməmişəm. Gərək bildirəm ki, nəzərə alınıb, yoxsa yox.
Qüdrət müəllim, məsələ qaldırdınız ki, maddənin birində “dövlət quruluşu” gedir, digərində “Konstitusiya quruluşu”. Siz də, biz də hüquqşünasıq, bilirik ki, “dövlət quruluşu” nədir, “Konstitusiya quruluşu” nədir. Yadınıza salıram, dövlət quruluşu dövlətin sadə və mürəkkəb olması ilə əlaqədar institutdur və o, unitar, federativ və konfederativ dövlətlərə bölünür. Konstitusiya quruluşu isə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan dövlətin ifadə formasıdır. Yəni Konstitusiya quruluşuna ölkənin həm siyasi, həm iqtisadi institutları, həm ailə və ilaxır daxildir. Yəni “Konstitusiya quruluşu” çox geniş anlayışdır. Ona görə də bu kontekstdə bəzi yerdə “Konstitusiya quruluşu”, bəzi yerdə “dövlət quruluşu” gedir. Məsələn, təyinatında “dövlət quruluşu” gedir, amma vəzifəsində “Konstitusiya quruluşu”. Niyə? Çünki kontekstdə belə olmalıdır. Çünki “təyinat nədən ibarətdir” sualına cavab  verir. Silahlı Qüvvələrin funksiyası nədən ibarətdir – bax bu, təyinatdır. Amma vəzifə “nə ilə məşğuldur” sualına cavab verir. Söhbət bundan gedir.
Fazil müəllim nəzarətlə bağlı sual verdi. Fazil müəllim, sualınıza cavab olaraq mən bir məsələni deyim. Siz də hüquqşünassınız, gəlin, bir məsələni nəzərə alaq ki, Azərbaycan Respublikası Prezidentinin bir Prezident olaraq üçlü səlahiyyəti var; Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısıdır, Azərbaycan Respublikasının Prezidenti ali icra hakimiyyətinin başçısıdır, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandandır. Biz konkret halda Ali Baş Komandandan söhbət aparırıq. Silahlı Qüvvələrə daxil olan bütün qoşun birləşmələrinin baş komandanı ölkə Prezidentidir. Bura ordu, sərhəd qoşunları, Prezident qvardiyası, daxili qoşunlar və Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları daxildir. Bunların hamısının komandanı ölkə Prezidentidir. Ona görə də 15-ci maddədə yazılıb ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı bu hissələrə  ümumi nəzarəti həyata keçirir.
Yeri gəlmişkən, onu da deyim ki, biz bu çərçivə qanununu qəbul etdikdən sonra yəqin ki, çox böyük ehtimalla ya ayrı-ayrı sahələr üzrə qanunlar qəbul ediləcək, ya da qanunlara ciddi dəyişikliklər ediləcəkdir. Çünki qanunlar, əsasən, Konstitusiyamızdan əvvəl qəbul olunub, ona görə də  onlarda bir sıra dəyişikliklər olmalıdır.
Zahid müəllim suverenliklə bağlı sual verdi ki, bu ifadə digər maddələrdə yazılır. Zahid müəllim, mən, əslində, Silahlı Qüvvələrin təyinatı və vəzifələri ilə bağlı suala cavab verdim. Ona görə hesab edirəm ki, burada düzgün nəzərə alınmışdır.
Burada ictimai nəzarət, məlumat almaq hüququ ilə bağlı deyildi. Keçən dəfə Qüdrət müəllim özü də dedi, əslində, açıq qapılar, valideynlərin hərbi hissələrə gəlməsi, övladlarının xidməti ilə tanış olması – hesab edirəm ki, bu çox normal bir haldır. Mən deyərdim ki, Azərbaycan ordusu bəlkə də dünyanın ən demokratik ordularındandır. Yadınızdadırsa, Amerika Birləşmiş Ştatları İraqda müharibə aparanda mətbuata da, vətəndaşlara da bir dəfə senzura qoydu; olmaz, vəssalam. Gedin, işinizlə məşğul olun, mən müharibə aparıram. Amma biz müharibə apara-apara valideyn də gəlir, o biri də gəlir. Jurnalist də gəlir, yazır. Olmaz axı. Cənab Prezidentin də bununla bağlı iki sərəncamı var ki, ordu ilə bağlı məlumat verəndə mütləq Müdafiə Nazirliyinin mətbuat katibliyinə əsaslanın. Yəni öz başınıza məlumat verməyin. Bunu düşmən də, bizi istəməyən qüvvələr də eşidir. Amma buna baxmayaraq, biz senzura tətbiq etmək fikrində deyilik. Amma hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan jurnalisti başa düşməlidir ki, bu hamımızın ümumi işidir. Bu təkcə Silahlı Qüvvələrin işi deyil, hamının işidir. 
Sonra, 4.1.4-cü maddə çox mübahisə doğurdu. Söhbət nədən gedir?  Əslində, bunu çoxları başa düşür, bəlkə də qəsdən şişirdirlər. Amma hər halda buna aydınlıq gəlməlidir. Hörmətli həmkarlarım, 4.1.4-cü maddədə yazılır ki, Silahlı Qüvvələr daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində  iştirak edir.  Bununla ordu məşğul olmur. Mən axı dedim, Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil. Silahlı Qüvvələr həm də daxili qoşunlar, sərhəd qoşunlarıdır. Bu maddə ilə məxsusi olaraq polis və Azərbaycan Respublikasının daxili qoşunları məşğul olacaq. Ordunun bura aidiyyəti yoxdur. Narahatçılığa heç bir əsas yoxdur. Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın.
Azay müəllim bununla bağlı sual vermişdi. Azay müəllim, mənə elə gəlir ki, buna kifayət qədər aydınlıq gətirdim.
4.1.10-cu maddə – “Öz fəaliyyətinin informasiya təhlükəsizliyin təmin etmək”lə əlaqədar Naqif müəllimin sualı oldu. Burada Sahib müəllim də, səhv etmirəmsə, məsələ qaldırdı. Bilirsiniz, söhbət nədən gedir? Söhbət Silahlı Qüvvələrə daxil olan hər bir hərbi birləşmənin, – biz buna qoşun deyirik, amma əslində, qanunda hərbi birləşmədir, – təhlükəsizliyinin qorunmasından gedir. Yəni dediyiniz kiber təhlükəsizlik məsələsi də, digərləri də bura aiddir. Təbii ki, bu qanun qəbul olunandan sonra hesab edirəm ki, xeyli əsasnamələr qəbul olunacaq. Ola bilsin ki, bəzilərini biz təsdiq edəcəyik, bəzilərini Nazirlər Kabineti. O sənədlər əsasında da təhlükəsizlik məsələsi daha da təkmilləşdiriləcəkdir. 
Mən bütün suallara cavab verməyə çalışdım. Əgər hər hansı bir suala cavab verə bilmədimsə, üzr istəyirəm. Yadımdan çıxan suallar ola bilər. Amma buna baxmayaraq, ikinci oxunuşdan sonra qanunun tələblərinə uyğun olaraq stenoqram yazılır. Şöbə müdiri də, şöbənin əməkdaşları da buradadırlar. Onlar bütün təklifləri, qeydləri nəzarətə götürürlər. Biz üçüncü oxunuş ərəfəsində, sözsüz ki, qanunvericilik təşəbbüsü subyektinin müvəkkil etdiyi administrasiyanın müvafiq şöbələri ilə əlaqə saxlayacağıq, bir də oturub fikirləşəcəyik. Çalışacağıq ki, təklifləriniz məqbuldursa, nəzərə alınsın. Əgər başqa sözünüz yoxdursa, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Həqiqətən, gərək çalışaq ki, bu ilin axırına qanun layihəsini üçüncü oxunuşda qəbul edək.
İkinci oxunuşdur. Qanun layihəsi 5 fəsildən ibarətdir. İndi onu fəsilfəsil səsə qoymalıyıq. Əgər etiraz etmirsinizsə, 2 fəsli bir, 3 fəsli də bir səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinin 1-ci və 2-ci fəsillərinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 3-cü, 4-cü və 5-ci fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 100
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 102
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, bütövlüklə qəbul edildi. Hərbçilər, çox sağ olun, gedə bilərsiniz. 
Gündəliyin 3-cü məsələsi Hesablama Palatası haqqında qanun layihəsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatası haqqında Azərbaycan Respublikası qanununun hazırlanmasını zəruri edən bir sıra məqamları diqqətinizə çatdırmaq istərdim.  Bilirsiniz ki, Hesablama Palatası ulu öndər Heydər Əliyev  tərəfindən 1999-cu ildə yaradılmışdır. Həmin dövrdə sosial-iqtisadi problemlər, o cümlədən respublikanın maliyyə vəsaitləri məhdud idi. Ölkənin maliyyə resursları dinamik inkişaf üçün kifayət etmirdi.  Büdcə vəsaitlərindən səmərəli istifadə etmək məqsədi ilə ulu öndər Heydər Əliyev dünya təcrübəsini öyrəndi, müvafiq tapşırıqlar verdi və Hesablama Palatasının yaradılması və onun fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi üçün konkret tədbirlər müəyyən etdi. Dövlət vəsaitləri üzərində nəzarətin vacibliyi daxili nizamnamədə, eyni zamanda, “Hesablama Palatası haqqında” Qanunda nəzərdə tutulmuşdur.
Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktları 2002-ci il 5 martda qəbul edilən Hesablama Palatasının Daxili Nizamnaməs və “Hesablama Palatası haqqında” Qanundur.  Həmin qanun 22 maddədən ibarət idi. Artıq 20 ilə yaxın vaxt keçib və Hesablama Palatasının vəzifə və funksiyalarına, onun kənar dövlət maliyyə nəzarəti qurumu kimi fəaliyyətinə yenidən baxılması zərurəti yaranmışdır.
Hörmətli cənab Sədr, son illər  Hesablama Palatasının fəaliyyətində xeyli müsbət nəticələr əldə edilmiş,  dövlət büdcəsinin icrası, formalaşması ilə əlaqədar olaraq Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatlar kifayət qədər sanballı xarakter almış və kifayət qədər dərin təhlillərə əsaslanır. Məhz bu təhlillər əsasında millət vəkilləri dövlət büdcəsinin formalaşması, ondan istifadə, dövlət büdcəsinin istifadəsində şəffaflığın artırılması kimi məsələlər barədə geniş məlumatlar əldə etmişlər.
Digər tərəfdən, mövcud qanunun “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbləri baxımından yenidən işlənməsinə ehtiyac yaranmışdır. Azərbaycan dinamik inkişaf edir, büdcə gəlirləri son 10 il ərzində 10 dəfədən çox artmışdır. Büdcə xərcləri artmışdır. Azərbaycanda yeni iqtisadi sistem formalaşmış, keçid dövrü başa çatmışdır. Bütün bunlar “Hesablama Palatası haqqında” Qanunun yenidən işlənməsini zəruri etmişdir.
Qloballaşma dövrü üçün ictimai həyatın bütün sahələrində beynəlxalq təcrübə və nəzəriyyələrdən faydalanma  Azərbaycan iqtisadiyyatı  üçün də çox vacibdir. Hesablama Palatası da öz fəaliyyətində beynəlxalq təcrübədən istifadə edir, onun xarici əlaqələri ildən-ilə genişlənir. Bir çox ölkələrlə qarşılıqlı sazişlər imzalanmışdır. Eyni zamanda, öz qətnamələrində Birləşmiş Millətlər Təşkilatı audit qurumlarının da ölkələrin dayanıqlı inkişafında əhəmiyyətli rolunu, dövlət idarəetmə mexanizminin gücləndirilməsi ilə əlaqədar təkliflərini vermişlər. Ona görə də Hesablama Palatasının hazırladığı qanun layihəsində ölkənin qanunvericilik bazasının həm milli maraqlar baxımından təkmilləşməsinə, həm də beynəlxalq  təcrübə əsasında tənzimlənməsinə ehtiyac vardır.
Yeni qanun layihəsi 6 fəsil, 41 maddədən ibarətdir. Kifayət qədər sanballı bir qanun layihəsidir. Qanun layihəsinin strukturu barədə sizə geniş məlumat vermədən öncə mövcud qanundan fərqli və bu qanunu zəruri edən cəhətləri diqqətinizə çatdırmaq istərdim.
Birinci, milli qanunvericilikdə “kənar dövlət maliyyə nəzarəti” və “daxili dövlət maliyyə nəzarəti” anlayışlarının diferensiasiyası verilmədiyindən ölkədə bu sahədə boşluq yaranmışdı. Dövlət maliyyə nəzarətinin müxtəlif səviyyələrdə müxtəlif qurumlar tərəfindən müxtəlif mövzular üzrə həyata keçirilməsini nəzərə alsaq, həmin nəzarət sistemləri arasında fərqliliyin müəyyən edilməsi üçün milli qanunvericiliyin qeyd olunan istiqamətdə təkmilləşdirilməsi vacib şərtlərdəndir.
Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq fəaliyyət sərhədlərinin konkret olaraq cızılması dövlətin maliyyə nəzarəti sistemində daxili və kənar auditin də sərhədlərini konkretləşdirir. Bu isə öz növbəsində dövlət vəsaitləri üzərində nəzarət mexanizmlərinin və metodlarının da konkretləşməsini özündə ehtiva edir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki,  biz həmişə Milli Məclisdə büdcə ilə əlaqədar müzakirələrdə yeni məsələlər təklif edirik. Şəffaflığın artırılması, büdcə vəsaitlərdən istifadədə ayrı-ayrı yoxlamaların səmərəsinin artırılması barədə danışırıq. Razılıq hissi ilə qeyd edilməlidir ki, yeni qanun layihəsində maliyyə auditi, uyğunluq auditi, həmçinin beynəlxalq təcrübədə son dövrlərdə daha çox tətbiq edilən səmərəlilik auditi növləri təsbit edilmişdir.
Əsas diqqətinizi səmərəlilik auditinə yönəltmək istərdim. Bu audit metodu proqram, layihə, fəaliyyət, əməliyyat və idarəetmə sisteminin qənaətliyinin, effektliyinin və nəticəliyinin müəyyənləşdirilməsinə yönəldilmiş bir audit metodudur.
Ümumiyyətlə, biz son vaxtlar həm proqramdan, həm layihələrdən danışırıq. Amma bütövlükdə istər respublika miqyasında, istərsə də ayrı-ayrı təşkilatlar miqyasında bu layihələrin konkret nəticələri barədə  açıqlamalar vermirik.
Səmərəlilik auditi dövlət maliyyə inzibatçılığı sisteminə yeni baxışı ortaya qoyur, ayrı-ayrı qurumların strateji fəaliyyət planlarının hazırlanmasını zəruri edir. Belə planların tərtibi və faydalılıq indikatorlarının müəyyən edilməsi sonda dövlət büdcəsinin nəticə əsaslı prinsiplərlə tərtibini şərtləndirir. Təbii ki, burada mübahisəli məsələlər də ola bilər, çünki büdcə vəsaitlərindən istifadənin nəticələrinin qiymətləndirilməsi hər bir təşkilatın spesifikası ilə əlaqələndirilməlidir.
Əgər biz dövlət büdcə vəsaitlərini səhiyyəyə ayırırıqsa, mütləq Azərbaycan səhiyyəsinin inkişafını xarakterizə edən göstəricilərə – xəstəliklərin, uşaq ölümünün azalması, uzunömürlüyün artması kimi hallara diqqətimizi artırmalıyıq. Əgər təhsilə ayırırıqsa, təhsilin inkişafını xarakterizə edən göstəricilər təhlil edilməlidir.
Qanun layihəsində nəzərdə tutulmuş başqa yeni metod monitorinqdir. Monitorinq kənar dövlət maliyyə nəzarəti obyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ayrı-ayrı əməliyyatlarının və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiya qərarlarının yerinə yetirilməsi vəziyyətinin müəyyən edilməsi, mütəmadi və davamlı müşahidə aparılmaqla dövlət qurumlarının elektron informasiya sistemləri üzrə məlumatların toplanmasını nəzərdə tutur. Qanunda Hesablama Palatasının dövlət xəzinədarlığı məlumatlarına çıxışı, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində maliyyə nəzarəti obyektlərinin elektron informasiya sistemlərinə daxil olması təklif edilir ki, bu da dövlət vəsaitlərinin məqsədli və təyinatına uyğun istifadəsinə xidmət edəcəkdir. Kənar dövlət maliyyə nəzarətinin əsas prinsipləri kimi hesabatlığa və şəffaflığa xüsusi diqqət yetirilmişdir. Hesablama Palatasının Milli Məclis qarşısında hesabatlığı, fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması üsulları konkret olaraq müəyyən edilmişdir.
Mən hesab edirəm ki, Hesablama Palatası Milli Məclisin yaratdığı bir orqandır. Bu məsələ Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsində öz əksini tapmışdır. Arzum ondan ibarətdir ki, bütövlükdə Milli Məclisin orada fəaliyyəti, Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar olaraq iş planlarının hazırlanmasında Milli Məclisin rolu, Milli Məclisin deputatlarının hüquqlarına diqqətlə yanaşılması kimi məsələlər də bu qanun layihəsində öz əksini tapmalıdır. Mən hörmətli Vüqar müəllimə də fikrimi çatdırdım, yəqin, ikinci oxunuşda bir sıra məsələləri konkretləşdirəcəyik. Bu, Milli Məclisə tabe olan orqandır. Milli Məclisin komitələri ilə fəal işləməlidirlər və Milli Məclis üzvlərinin Hesablama Palatasının iş planının formalaşmasında rolu diqqətlə nəzərə alınmalıdır.
Qanun layihəsində Hesablama Palatasının büdcə prosesində iştirakının mərhələləri konkret olaraq müəyyən edilmişdir ki, bu da “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vəzifələrin icrasını daha da gücləndirəcəkdir. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə rəy verilməsi üçün Hesablama Palatasına daxil olduqdan sonra 30 gün, dövlət büdcəsinin icrası barədə illik hesabat üçün isə 15 gün müddətində rəy verilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, bu, ciddi məsələdir. Çünki Milli Məclisin normal fəaliyyətini, komitələrin büdcə müzakirələrində daha fəal iştirakını təmin etmək baxımından bu məsələyə bir az diqqətlə yanaşmalıyıq. Milli Məclis 1 oktyabrda fəaliyyətə başlayır. Azərbaycan Respublikasının Konstitusiyasına və “Büdcə sistemi haqqında” Qanuna görə dövlət büdcəsi sənədləri Milli Məclisə oktyabrın 15-də verilir. Hesablama Palatasına 30 gün möhlət verildiyi halda bizim dekabr ayının 20-ə qədər büdcəni təsdiq etmək imkanlarımız xeyli məhdudlaşır. Ona görə biz bu məsələni hökumətlə, bilavasitə büdcəni tərtib edən strukturlarla müzakirə etməliyik. Təklifin özü təqdirəlayiqdir, çünki vaxtın həddən artıq az olması Hesablama Palatasına keyfiyyətli rəy hazırlamağa mane olur.
Mən vaxtınızı çox almaq istəmirəm, hesab edirəm ki, kifayət qədər sanballı qanun hazırlanmışdır. Eyni zamanda, bəzi məsələlər var ki, biz onları ikinci oxunuşda maddə-maddə müzakirə olunanda deyəcəyik. Mən bayaq dedim, Hesablama Palatasının fəaliyyətinin hədəfləri daha konkret olmalıdır. Bir neçə yerdə yazılmalıdır ki, Hesablama Palatasının səlahiyyətləri çərçivəsində. Qanun layihəsində redaktə xarakterli görüləcək işlər var. İş planının tərtibində Milli Məclisin rəhbərliyinin, komitə üzvlərinin təklifləri daha sanballı verilməlidir. Hesablama Palatasının müstəqilliyi haqqında fikirlərin də təkmilləşdirilməsinə ehtiyac var.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesablama Palatası Milli Məclisin rəqabətə davamlılığını nümayiş etdirən bir orqandır. Bütövlükdə Azərbaycanda Hesablama Palatası institutunun formalaşması beynəlxalq maliyyə sistemi ilə əlaqələrin möhkəmlənməsinə xidmət edir. Onun Milli Məclisə təqdim etdiyi hesabatlar ildən-ilə yaxşılaşır, strukturu təkmilləşir. Eyni zamanda, hesab edirəm ki, millət vəkillərinin bu vacib qanun layihəsi ilə əlaqədar təklifləri, fikirləri ikinci oxunuşda nəzərə alınacaqdır. Mən millət vəkillərini qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, gündəliyin 3-cü məsələsidir, 14 nəfər yazılıb. Əgər etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir də, birinci oxunuşdur, xahiş edirəm, konseptual yanaşma olsun. Qarşıda ikinci oxunuş var. Buyursun Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, Hesablama Palatası Milli Məclisin seçdiyi orqan olaraq bizə büdcə müzakirələrində çox yardımçı olur. Verdiyi rəylər müəyyən dərəcədə daha peşəkar formada çıxış etməyimizə və məsələyə münasibət bildirməyimizə imkan yaradır. Ona görə də bu qanunun bizim üçün çox böyük əhəmiyyəti olduğunu qeyd eləyərək əsas konseptual məsələlərə diqqəti çəkmək istəyirəm.
Birinci, qohumluq əlaqəsi məsələsi üzərində durmaq istəyirəm. Burada xeyli kateqoriya sayılıb – Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, Baş nazir, Mərkəzi Bankın İdarə Heyətinin sədri, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və sair. Məncə, Hesablama Palatası elə bir həssas qurumdur ki, ümumiyyətlə, büdcədən maliyyələşən bütün mərkəzi idarə orqanlarının rəhbərləri ilə yaxın qohumluq məsələsi burada qeyd olunmalıdır. Çünki onların fəaliyyət yalnız yüksək ali vəzifə tutan şəxslərlə bağlı deyil ki. İstənilən vaxt, istənilən şəxsin fəaliyyətinin yoxlanması zamanı qohumluq münasibətləri öz təsirini göstərə və bu, büdcə vəsaitinin hər hansı bir şəkildə qeyri-qanuni xərclənməsi ilə bağlı müəyyən epizodların gizlədilməsinə səbəb ola bilər. Ona görə də ümumiləşdirilmiş bir formada yaxın qohumluq kateqoriyasının daha dəqiq ifadə olunmasına və bunun büdcədən maliyyələşən əksər qurumlara şamil edilməsinə ehtiyac var.
Digər konseptual məsələlərdən biri Hesablama Palatasının üzvünün təyin olunma məsələsidir. Qanunda göstərilir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər. Ümumiyyətlə, buradan “cinayətlər” götürülməlidir. Yəni adam öldürəndən sonra Hesablama Palatasının üzvü olmaq məqbul sayılırmı? O baxımdan da ancaq iqtisadi xarakterli cinayətlərə görə Hesablama Palatasının üzvü olmamaq prinsipindən daha geniş bir prinsipə keçmək lazımdır. Ümumiyyətlə, “ağır cinayət törətmiş”, “az ağır cinayət törətmiş” kimi terminlər var. Belə şəxslərin Hesablama Palatasının üzvü olması məqbul sayılmamalıdır və bu, nəzərdə tutulmalıdır.
Rəylərin, hesabatların Milli Məclisə təqdim olunması məsələsinə toxunmaq istəyirəm. Ziyafət müəllim də onu vurğuladı. Deputatların sorğuları ilə bağlı epizodun burada qeyd olunması, ümumiyyətlə, vacibdir. Konseptual olaraq vacibdir ki, deputatlar istənilən vaxt Hesablama Palatasına hər hansı bir sorğu göndərəndə ona cavab verilməlidir. Amma qanunda nəzərdə tutulan müddəa bunu bir qədər arxa planda saxlayır. Heç əsas vermir ki, deputat üçün hansısa bir sorğuya müəyyən cavab alma imkanı tanınsın. Ona görə bu məsələyə diqqət yetirməyimiz vacibdir.
Bir də, regional qurumlarla bağlı aydın olmayan məqamlar var. “Regional qurumlar” deyəndə nə anlaşılır? Məsələn, tutaq ki, Hesablama Palatası ayrı-ayrı mütəxəssislərlə müqavilə əsasında hansısa yoxlamaları, nəzarət funksiyasını həyata keçirir. Bunun üçün hər bir bölgədə ayrıca ştatlar, regional strukturlar yaratmağın nə anlamı var?
Qanunda Hesablama Palatası ilə Naxçıvan Muxtar Respublikasının Hesablama Palatası arasında əlaqələr məsələsinə də müəyyən mənada aydınlıq gətirilməsi vacibdir.
Tez-tez rast gəlinən ən maraqlı məsələlərdən biri də budur ki, əmək haqqı ilə bağlı məsələlərdə müəyyən olunan prinsiplər açığı, bir qədər deputatların auditdən daha aşağı səviyyədə qəbul olunması təsəvvürünü yaradır. Təsəvvür edin ki, Hesablama Palatasının sədri Milli Məclis Sədrinin birinci müavininə, auditlər də komitə sədrlərinə bərabər tutulur. Onda elə auditin qarşısına bir tire qoyub “deputat” da yazaq, çünki daha böyük status əldə edir. Ən azı heç olmasa, deputatla bərabərləşdirmək lazımdır. Hesablama Palatası Milli Məclis tərəfindən seçilən qurumdursa, necə ola bilər ki, onun auditi Milli Məclisin deputatından daha çox maaş alsın? Buna diqqət yetirmək lazımdır, çünki deputatın statusunu bu qədər alt mərtəbəyə salmaq açığı, məntiqi izahı olan bir məsələ deyil. Bu həm də siyasi məsələdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada qeyd olunduğu kimi, qanun 1999-cu ildə qəbul olunub. Keçən müddət ərzində istər Azərbaycanın iqtisadiyyatında, istərsə də beynəlxalq iqtisadiyyatda çox ciddi hadisələr baş verdiyi üçün bu qanunun yenidən qəbul olunması zəruridir. Həm də köhnə qanunumuz bir sıra normativ sənədlərə, o cümlədən beynəlxalq qanunvericiliyin tələblərinə cavab vermirdi. Ona görə də mən belə bir qanunun qəbul olunmasını  çox vacib hesab edirəm. Bu qanunun qəbul edilməsi Azərbaycan iqtisadiyyatına nəzarət funksiyasının Hesablama Palatası tərəfindən yerinə yetirilməsinə müsbət təsir göstərəcəkdir.
Qanun layihəsində Hesablama Palatasının statusu müəyyən edilir. Yəni Hesablama Palatası ali audit orqanı kimi artıq Azərbaycan dövlətində fəaliyyət göstərəcək. Bu çox vacib məsələlərdən biridir.
Qanun layihəsində nəzərə çarpacaq məsələlərdən biri də Hesablama Palatasının həyata keçirdiyi nəzarət fəaliyyətinin obyektlərinin müəyyən edilməsi, yəni dəqiqləşdirilməsi və dürüstləşdirilməsidir. Bu çox vacib bir məqamdır. Qanunda ilk dəfə olaraq “dövlət vəsaiti”, o cümlədən “kənar dövlət maliyyə nəzarəti obyektləri” anlayışları verilmişdir. Buradan aydın görünür ki, dövlət vəsaitləri üzrə orqanlar və kənar dövlət maliyyə nəzarəti obyektləri hansılardır. 
Digər bir məsələ. Korrupsiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən korrupsiya ilə mübarizə aparan orqanlarla qarşılıqlı münasibətlər, əlaqələr qanun layihəsində öz əksini tapmışdır.
Hesablama Palatasının üzvlüyünə namizədlərə qoyulan tələblərin həddindən artıq yüksək olması da burada öz əksini tapmışdır. Qanun layihəsində bir sıra qaydaların öz əksini tapması ölkəmizdə bu istiqamətdə aparılan islahatların vacib istiqamətlərindən biridir.
Bundan başqa, Ziyad müəllim Hesablama Palatasının iş planı ilə əlaqədar məsələlərə toxundu. Əlbəttə, Hesablama Palatasının iş planı əsas mövzulardan biridir. Millət vəkili olaraq bizim üçün də Hesablama Palatasının iş planı çox önəmli məsələdir, çünki biz mütəmadi olaraq Hesablama Palatasının iş planı, dövlət büdcəsi ilə əlaqədar verdiyi rəylərlə tanış oluruq və çox hallarda müsbət qiymətləndiririk. Milli Məclis rəhbərliyinin, o cümlədən millət vəkillərinin Hesablama Palatasının işi ilə əlaqədar, yəni müəyyən məsələlərlə əlaqədar müraciətinin burada dəqiq göstərilməsinə çox böyük ehtiyac var. Yəni sorğu və təkliflərin vaxtında yerinə yetirilməsi, nəzərə alınması çox vacibdir, çünki bu bizim üçün önəmli məsələlərdən biridir.
Burada xəzinə və bank əməliyyatları ilə əlaqədar da çox ciddi əlavələr edilmişdir. Xəzinə və bank əməliyyatlarına nəzarət mexanizminin həyata keçirilməsində müəyyən məxfilik prinsipinin qorunub saxlanılması, o cümlədən sənədlərin təqdim edilməməsi ilə əlaqədar müəyyən məsələlər var idi ki, Hesablama Palatasının auditorları bununla bağlı müəyyən problemlərlə üzləşirdilər. Bu da qanun layihəsində öz əksini tapmışdı.
Burada regional qurumlarla əlaqədar məsələyə də toxunuldu. Əlbəttə, bu, vacib məsələdir, amma belə hesab edirəm ki, regionlarda auditorların yerləşdirilməsi, o cümlədən yüksək ixtisaslı auditlərin tapılması çox çətin məsələdir. Hesablama Palatasında çalışan auditorlar yüksək ixtisaslı mütəxəssislərdir. Amma regional qurumların yaradılması da vacibdir.
Yadınıza gəlirsə, biz bir neçə dəfə Hesablama Palatasının səlahiyyətlərinin artırılması ilə əlaqədar qanunlara dəyişiklik etdik. Amma çox təəssüflər olsun ki, bu dəyişiklikləri axıra çatdıra bilmədik. Məhz indiki qanun layihəsi hesab edirəm ki, Hesablama Palatasının Azərbaycanda nəzarət mexanizmini həyata keçirməsi üçün əsas olacaq. Oqtay müəllim, mən bu qanun layihəsini konseptual cəhətdən müsbət qiymətləndirirəm. Bayaq Siz qeyd elədiniz ki, 15 nəfər yazılıb. Belə hesab edirəm ki, çox danışmağa ehtiyac da yoxdur, bunu konseptual cəhətdən qəbul etmək olar. 
Sədrlik edən. Sağ olun. Siz ikiniz hərdən bir yerdə çıxış edirsiniz. İndi, konseptual qiymətləndirmədə tək-tək çıxış edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Əli Məsimli çıxış eləmir də?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, çox sağ olun. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. İlk öncə zabitə verdiyiniz cavaba və Milli Məclisin üzvlərinin hüquqlarını müdafiə elədiyinizə görə təşəkkür edirəm. Amma həm Sizə, həm də Milli Məclisin üzvlərinə məlumat verirəm ki, o, ikimizin arasında olan söhbəti tamamilə təhrif elədi. O məndən xahiş eləmişdi, Oqtay müəllim, mən də ona demişdim ki, söylədiyim kiçik bir epizoddur. Tərtər istiqamətində ondan daha ağır cinayətlər baş verib və şərəfli zabit, o sahəyə nəzarət edən insanlar istefa verməli idilər. Ona görə ki, oradakı nəzarətsizliyin nəticəsində ən azı 4 nəfərin öldüyü barədə bizdə məlumat var. Bilirsiniz ki, orada bizim bəzi zabitlər sutenyorluqla məşğul olublar, hətta Azərbaycan əskərlərini ermənilərə satıblar. Bu barədə artıq prokurorluğun məlumatı var, mətbuatda yazılıb. Gizli informasiya deyil. Amma bütün buna baxmayaraq, jurnalist həmkarlarımdan çox xahiş edirəm ki, bu barədə yazmasınlar.
İndi əsas məsələyə keçirəm. Hesablama Palatasının tərkibinin formalaşdırılması çox prinsipial məsələdir. Dünyanın bir çox ölkəsində parlamentdə büdcə və büdcəyə nəzarət komitəsi var. Bu komitənin sədri də, adətən, müxalifətdən olan partiyanın təmsilçisi olur. Yəni bu, qarşılıqlı nəzarət mexanizmi təmin eləmək üçündür. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının üzvlərinin ən azı üçdə biri parlamentdə azlıqda qalan partiyalar tərəfindən təklif olunmalıdır. Necə ki, MSK-nı formalaşdırırıq. Daha yaxşı olar ki, Oqtay müəllim, Hesablama Palatasının sədrliyinə də azlıqda qalan partiyanın verdiyi nümayəndəni təqdim edəsiniz.
Həmkarlarım Hesablama Palatasının auditorlarının əmək haqları ilə bağlı söylədilər. Onlar komitə sədri səviyyəsində maaş alırlar. Mən düşünürəm ki, necə olur, Milli Məclisin işinin təşkilinə kömək eləməli olan bir orqanın auditorları Milli Məclisin üzvlərindən çox maaş alırlar? Bunun bir əsası olmalıdır. Məsələn, Rusiyada millət vəkilləri 6 min dollar əmək haqqı alırlar. Yəni bu baxımdan burada da bir nizam-intizamın olması vacibdir.
Hesablama Palatasının iş planı ilə bağlı məndən öncə həmkarlarım dedilər. Düşünürəm ki, təkcə Milli Məclisin sorğusu, müraciəti, təklifləri əsasında yox, həm də millət vəkillərinin sorğusu əsasında iş planında müəyyən dəyişikliklər edilə, yaxud iş planına hansısa sahələrin yoxlanılması təklif oluna bilər.
Bundan başqa, əlbəttə, müzakirələrdə deyəcəyik, 26-cı maddədə qeyd olunub ki, kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı cinayət tərkibinin əlamətlər olduqda prokurorluğa bu barədə məlumat verilir. Söhbət 22-ci maddədən gedir və burada qeyd olunur ki, auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilir. Bir də, audit müvafiq icra hakimiyyəti orqanının sorğusu əsasında, habelə onun yaratdığı dövlət qurumlarında və hüquqi şəxslərdə həyata keçirildikdə, onun nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına da məlumat təqdim  olunmalıdır. Düşünürəm, ümumiyyətlə, audit keçirilirsə, cinayət xarakterli məlumatlar aşkarlanırsa, mütləq prokurorluq orqanlarına məlumat verilməlidir ki, bu da mühüm məsələlərdən biridir.
Oqtay müəllim, hazırda cənab Prezident də, hökumət də çalışır ki, dövlət idarəetmə xərcləri azalsın. Elə burada da qeyd olunub ki, Hesablama Palatasına kifayət qədər hazırlıqlı insanları audit kimi işə götürürlər. Bunun tədris mərkəzinin, rayonlarda əlavə bölmələrinin yaradılmasına heç bir ehtiyac yoxdur.
Mən keçən dəfə də söyləmişdim. Bir də görürsən ki, Hesablama Palatası gedib hansısa bələdiyyəni yoxlayır. İki min neçə yüz bələdiyyədir, ayrılan o puldan hərəsinə 200 manat pul düşüb, ya düşməyib. Gedib bələdiyyəni yoxlayır, 100 milyonlarla dövlət zəmanəti ilə kredit götürmüş səhmdar cəmiyyətlər qıraqda qalır. Büdcədən yüz milyonlarla vəsait ayrılmış orqanlar qıraqda qalır. Keçən dəfə Vahid müəllim burada dedi, deputat olandan görməmişik ki, Hesablama Palatası bir dəfə Müdafiə Nazirliyində yoxlama aparsın ki, ayrılmış vəsait necə xərclənir. Bu baxımdan düşünürəm ki...
Sədrlik edən. Çox sağ olun. Bir-iki məsələ qaldırdın. Hesablama Palatası auditlə məşğuldur, orada partiyalılıq sisteminə, iqtidar-müxalifət məsələlərinə baxılmır.
Bir misal çəkdin ki, gedib bələdiyyəni yoxlayır. 2700 bələdiyyəni yoxlamır ki? Bələdiyyəyə büdcədən pul ayrılırsa, seçim yolu ilə bir neçə bələdiyyə yoxlanılmalıdır ki, orada pullar necə xərclənir? Ona biz niyə “yox” deyək. Hesablama Palatası böyük təşkilatları yoxlayır. Özü də prokurorluqla birgə işləyirlər, birgə yoxlamalar aparırlar. Bu məsələlərin hamısı var. Buyurun, Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Hesablama Palatası son illər ali audit orqanı kimi dövlət maliyyə nəzarətinin həyata keçirilməsində fəaliyyətini xeyli genişləndirmişdir. Dövlət maliyyə nəzarəti tədbirləri, büdcə layihələrinin icrasına verilən obyektiv rəylər, maliyyə intizamının gücləndirilməsi, nəzarət üsullarının təkmilləşdirilməsi sahəsində görülən işlər bunu deməyə əsas verir.
Yaxşı haldır ki, Hesablama Palatası ali audit orqanı olmaqla bərabər, həm də metodiki kömək göstərən, məqsədyönlü və səmərəli tövsiyələr verən bir qurum kimi də formalaşmışdır. Onun beynəlxalq ali audit orqanları ilə əlaqələri də xeyli genişlənmişdir və əməkdaşlığın səviyyəsi ildən-ilə güclənməkdədir. Sözsüz ki, bu, kollektivdə yaradılmış əlverişli iş şəraitindən, ilk növbədə Milli Məclisin öz orqanına düzgün, sağlam münasibətindən qaynaqlanır. Dövrün, zamanın inkişafına, beynəlxalq standartların tələblərinə uyğun olaraq, həm də qanunvericilikdə olan boşluqları aradan qaldırmaq üçün Hesablama Palatasının qanunla təkmilləşdirilməsinə, daha çevik maliyyə nəzarəti orqanına çevrilməsinə ehtiyac duyulur.
Bizə təqdim olunan Hesablama Palatası haqqında qanun layihəsi zərurətdən irəli gəlir və demək istəyirəm ki, çox sanballı, mükəmməl bir sənəd ortaya çıxarılmışdır. Bu qanun Hesablama Palatasının statusundan tutmuş, onun bütün fəaliyyət sahələrinin istiqamətlərini əhatə edir, digər orqanlarla münasibətlərini tənzimləyir.
Birinci oxunuşun tələblərinə əməl edərək ayrı-ayrı maddələr, fəsillər haqqında danışmaq fikrində deyiləm. Hesablama Palatasının təqdimatları, palata üzvlərinə və işçilərinə dair etik qaydalar, məsuliyyət məsələləri, palatanın hesabatlılığı, beynəlxalq əməkdaşlıq, palata üzvlərinin və işçilərinin maliyyə və digər təminatları əks olunan müddəalar mütərəqqidir, məqsədyönlüdür. Bu, bilavasitə Hesablama Palatasının fəaliyyətinin daha da yaxşılaşdırılmasına hesablanıb. Qanun layihəsi birinci oxunuşun tələblərinə tam cavab verir. Layihənin təqdim edilməsində zəhməti olan hər bir kəsə öz minnətdarlığımı bildirməklə bu qanunun lehinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Sağ olun, cənab Sədr. Burada qeyd olunduğu kimi, birinci qanun bundan 18 il öncə hazırlanıb. Həmkarlarım da qeyd etdilər ki, o, beynəlxalq tələblərə cavab vermir və müəyyən boşluqlar, təbii ki, doldurulmalıdır. Ona görə bu qanunun konseptual olaraq qəbul olunmasının tərəfdarıyam və belə hesab edirəm ki, bəlkə də bir az gecikmiş qanundur.
Şübhəsiz, rəhbərliyini, Vüqar müəllim başda olmaqla Hesablama Palatasının hər bir üzvünün peşəkarlığına şübhə eləmirik və hesab edirik ki, bu qurum öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Amma yeni qanun hazırlanarkən təbii ki, biz onu uzun müddətə hesablayırıq və müəyyən məsələlərə öz münasibətimizi bildirməliyik.
Mən vaxtınızı çox almayacağam, qısaca bildirmək istəyirəm ki, qanunun 13-cü maddəsində müəyyən qədər başa düşülməyən məqamlar var. Bu da hüquqla bağlı olduğu üçün qeyd etmək istəyirəm ki, 13.3-cü maddədə Milli Məclisin razılığı olmadan Hesablama Palatasının üzvü “cinayət məsuliyyətinə cəlb edilə bilməz”, “tutula və ya həbs edilə bilməz” “barəsində məhkəmə qaydasında inzibati tənbeh tətbiq edilə bilməz”, “axtarışa və gətirilməyə məruz qala bilməz” kimi anlayışlar verilib. Mən ümumilikdə bunun tam əleyhinə deyiləm. Milli Məclisin yaratdığı bir qurumdursa, qoy müəyyən toxunulmazlığı olsun. Amma cinayət başında, cinayət törətdiyi yerdə tutula bilər. Tutulma həbs demək deyil. Həbs üçün, təbii ki, razılıq lazımdır. Ona görə burada müəyyən dəqiqləşdirmə aparılmalıdır. Hesab edirəm ki, bu bəndin üzərində işləmək lazımdır.
13.4-də qeyd olunur ki, Hesablama Palatasının üzvünə qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər. Burada da boşluq var və istərdim ki, qanunun üzərində işləyənlər bura “Baş prokurorun təqdimatı və Milli Məclisin razılığı ilə” sözlərini qeyd eləsinlər. Çünki 13.3-də “Milli Məclisin razılığı” sözləri öz əksini tapıb.
Mən də həmkarlarım kimi, Mili Məclisin deputatının sorğularına cavabla bağlı 21-ci maddədə dəqiqləşdirmənin aparılmasının tərəfdarıyam.
28-ci maddə Hesablama Palatasının təqdimatları ilə bağlı məsələdir. 28.4-cü maddədə göstərilir ki, təqdimatın ləğv edilməsi və ya onun dəyişdirilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir. Biz hüquqi dövlətdə yaşayırıq. Hesab edirəm ki, məhkəmə qaydasında bina baxılması olduqca vacibdir.
“Hesablama Palatası üzvlərinin məsuliyyəti” adlı 30.1.4-cü maddədə yazılır ki, korrupsiya hüquqpozmalarını törətdikdə. Sadəcə, burada töhmət, xəbərdarlıq və sairdən söhbət gedir. Mən bir daha istərdim, dəqiqləşdirilsin ki, “korrupsiya hüquqpozmaları” dedikdə bu qanunun üzərində işləyənlər nəyi nəzərdə tuturlar? Hesab edirəm ki, bu qanun növbəti oxunuşda bəzi düzəlişlər edilməklə qəbul olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! Daha öncə qeyd edildiyi kimi, “Hesablama Palatası haqqında” Qanun 1999-cu ildə qəbul olunmuşdu və keçən müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, Azərbaycan büdcəsi isə 6 dəfə artmışdır. Təbii ki, büdcənin belə həcmdə artması nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsini və bu mexanizmlərin həcmlərinin daha da artmasını, yeni metodologiyanın və texnologiyanın tətbiqini labüd etmişdir. Mən qeyd etmək istərdim ki, qanun layihəsi bu istiqamətdə dünyada mövcud olan müasir texnoloji və metodoloji prinsiplərin böyük əksəriyyətini artıq özündə əks etdirmişdir. Ümumilikdə, hesab edirəm ki, qanun layihəsi bu funksiyaların yerinə yetirilməsi istiqamətində atılmış böyük bir addımdır.
Ümumiyyətlə, büdcə vəsaitlərinin səmərəli istifadəsi bu gün fiskal siyasətin qarşısında duran əsas məqsədlərdəndir. Məhz bu məqsədin yerinə yetirilməsi nəinki vəsaitlərin səmərəli xərclənməsinə, növbəti ildə iqtisadi siyasətin daha düzgün qurulmasına və vəsaitlərin yaradıcı dəyər yaradan istiqamətdə  yönəldilməsinə böyük xidmət etmiş olacaqdır.
Bununla yanaşı, mənim bir neçə təklifim var və düşünürəm ki, bu təkliflərin həyata keçirilməsi həm Hesablama Palatasının fəaliyyətinə, həm də qanun layihəsinin daha səmərəli məsələləri əhatə etməsinə imkan yarada bilər. Təkliflərdən birincisi ondan ibarətdir ki, qanun layihəsində Hesablama Palatası yalnız maliyyə nəzarəti funksiyasını yerinə yetirən orqan kimi göstərilmişdir.  Amma bu gün dünyada ən son texnologiyalardan istifadə edən audit qurumlarının fəaliyyətinə ikinci bir funksiya da əlavə olunur ki, bu da dövlət audit funksiyasıdır. Dövlət audit funksiyası tamamilə yeni bir termindir. Əgər maliyyə nəzarəti maliyyə pozuntularının nəticələri ilə mübarizə aparmaqdırsa, dövlət auditi isə bu pozuntuların  baş verməməsi üçün onun səbəblərinin aradan qaldırılmasıdır. Hesab edirəm ki, hər iki funksiyanın qanun layihəsində olması, əslində, gələcəkdə Hesablama Palatasının  böyük səy hesabına bu pozuntuların aradan qaldırılması istiqamətində həyata keçirəcəyi səmərəli fəaliyyətin nəticəsi ola bilər.
İkinci təklifim budur ki, qanun layihəsində Hesablama Palatasının yalnız və yalnız maliyyə resursları ilə bağlı vəzifələri müəyyən edilir. Amma bu gün dövlətin iqtisadi təhlükəsizliyi yalnız maliyyə resursları ilə məhdudlaşmır. Bu gün dünyada yeni audit qurumlarının funksiyalarında ümumilikdə “milli resurslar” anlayışından istifadə olunur ki, milli resurslar da özündə maliyyə resurslarını,  istehsal resurslarını,  təbii ehtiyatları, kadr resurslarını və informasiya resurslarını  birləşdirir. Ona görə hesab edirəm ki, dövlətin iqtisadi təhlükəsizliyi üçün məhz bu beş resursun qanun layihəsində öz əksini tapması daha səmərəli ola bilərdi.
Növbəti təklifim. Əgər fikir verdinizsə, qanun layihəsində daha çox Hesablama Palatasının daxili ticarət əməliyyatına nəzarəti həyata keçirməsi düşünülür. Amma bu gün Azərbaycanın ixracı, ixracın şaxələndirilməsi, ixracda dövlət şirkətlərinin payı getdikcə artır. Mən düşünürəm ki, qanun layihəsində Hesablama Palatasının gələcəkdə xarici ticarət əməliyyatlarını həyata keçirən dövlət şirkətlərini audit etmək kimi funksiyasının mövcud olması bu əməliyyatların daha da sərfəli olmasına dəlalət edə bilərdi.
Nəhayət, düşünürəm ki, Hesablama Palatası bu gün maliyyə nəzarəti fəaliyyətini həyata  keçirən bir neçə orqandan biridir. Təcrübə göstərir ki, maliyyə pozuntularının təsnifatının indiyə qədər tam, dolğun hazırlanmaması bəzən bu orqanların fəaliyyətinin koordinasiyasında və digər məsələlərdə müəyyən çətinliklər yaradır. Ona görə hesab edirəm ki, qanun layihəsində  pozuntuların təsnifatının hazırlanması və bunun hansı orqana həvalə olunması ilə bağlı məsələnin nəzərdə tutulması çox səmərəli olardı. Bir daha hesab edirəm ki, layihə kifayət qədər təkmildir və mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Altı millət vəkili qalıb. Növbədə Ağalar müəllimdir. Təkid eləyən yoxdursa və Ağalar müəllim təkid eləmirsə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda icazə verin, Vüqar Gülməmmədova söz verim. Buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Millət vəkillərinə də söylədikləri irad və tövsiyələrə görə təşəkkürümü bildirmək istəyirəm. Sadəcə, icazə versəydiniz iki məsələ barədə fikrimi bildirərdim. Hesablama Palatasının statusu qanunun 3-cü və 5-ci maddələrində aydın göstərilib. Bəzi millət vəkilləri statusla bağlı müəyyən fikirlər bildirdilər. İstərdim, 3-cü və 5-ci maddələri bir daha nəzərdən keçirsinlər.
Oqtay müəllim, ikinci məsələni də qeyd etmək istərdim. Hesablama Palatası son on ildə Azərbaycanda heç bir bələdiyyəni yoxlamayıb. Bunu da nəzərə almanızı xahiş edirəm. Millət vəkillərinin qanun layihəsi ilə bağlı verdikləri tövsiyələri və təklifləri nəzərdən keçirməyə çalışacağıq. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutun.
Gündəlikdəki 4-cü məsələ Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli,Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Bildirmək istəyirəm ki, Seçki Məcəlləsində 44 maddə və 4 əlavə maddəyə ümumilikdə 55 dəyişiklik təklif olunur. Təklif olunan dəyişiklikləri iki qrupa bölmək istərdim. Birinci qrup dəyişikliklər 2016-cı il referendumunda Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması məsələlərdir. Misal üçün, “milliyyət” sözünün “etnik mənsubiyyət” sözü ilə əvəz olunması, seçici yaşı ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və sair.
Eyni zamanda, hörmətli həmkarlar, qeyd etməliyəm ki, mətbuat səhifələrində və müxtəlif saytlarda Seçki Məcəlləsinin 162, 164, 195 və 197-ci maddələri ilə, yəni pulsuz efir vaxtının ləğv edilməsi ilə bağlı əsası olmayan yazılar dərc olunmuşdur. Bildirirəm ki, bu məsələ heç də belə deyil. Əvvəllər qeydə alınmış namizədlər istifadə etdikləri pulsuz efir vaxtının və dövrü nəşrlərdə pulsuz ayrılmış yerin dəyərini seçki fondlarına dövlət tərəfindən ayrılan vəsaitdən ödəyirdilər, istifadə edilməmiş vəsaiti isə geri qaytarırdılar. 2010-cu ildəki dəyişikliklərdən sonra pulsuz efir vaxtının verilməsi və dövrü nəşrin səhifələrində pulsuz yer ayrılması ilə əlaqədar çəkilən xərclər müvafiq olaraq teleradio verilişləri təşkilatlarına və dövrü nəşrlərin redaksiyalarına dövlət büdcəsindən ödənilir. Bax bu səbəbdən məcəllənin 162, 164, 195 və 197-ci maddələrinin ləğv edilməsi nəzərdə tutulur. Xüsusi olaraq diqqətə çatdırıram ki, heç bir halda pulsuz efir vaxtının ləğvindən söhbət getmir. Eyni zamanda, Seçki Məcəlləsində normativ hüquqi aktlarla mövcud olan uyğunsuzluqlar da aradan qaldırılır.
Hörmətli həmkarlar, həm komitə iclasında, həm də hörmətli cənab Sədrin yanında keçirilmiş müzakirədə Seçki Məcəlləsinin 175-ci və 176-cı maddələri ciddi müzakirə predmeti olmuşdur. Bununla bağlı cənab Sədrin tövsiyəsi olmuşdu və biz qanunvericilik subyekti ilə bu məsələni yenidən müzakirə etmişik. Yeni variantı sizlərin diqqətinizə çatdırmaq istəyirəm.
Müzakirənin əsas predmeti ondan ibarət olmuşdur ki, əgər Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra etik davranış qaydalarının kobud pozulması ilə bağlı Milli Məclisin müvafiq qurumunun qərarı, rəsmi məlumat mövcuddursa, bundan sonra Mərkəzi Seçki Komissiyasının bu faktları müəyyən bir dövrdə araşdırması məsələsi ciddi görünmür. Çünki məsələ Milli Məclisin ixtisaslaşmış bir qurumu olan İntizam komissiyasında müzakirə olunubsa, qərar qəbul olunubsa, onun yenidən araşdırılması bütövlükdə parlamentin səlahiyyətləri baxımından düzgün olmazdı. Bununla bağlı tamamilə yeni bir variant işlənib hazırlandı və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldı. Mən indi onu sizin diqqətinizə çatdırmaq istəyirəm.
Beləliklə, 175.3-cü maddəyə belə bir 2-ci cümlə təklif olunur: “Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər”. Amma hansı qərardır, o artıq 176-cı maddədir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 6 və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar, – bilirsiniz, 6 səsvermə, 7 etik davranış qaydasının kobud surətdə pozulması ilə bağlıdır, – Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə, “Mərkəzi Seçki Komissiyası tərəfindən faktların 2 aydan gec olmayan müddətə araşdırılması”, “mütəxəssislərdən ibarət qrup yaradılması” fikirləri çıxarılmış olur.
176.4-cü maddəyə ikinci cümlə əlavə edilir: “Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin olunur”. Yəni əgər Milli Məclisin deputatının mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minməyibsə, yəni məhkəmə prosedurunu keçməyibsə, həmin dairədə seçki keçirilə bilməz. Hesab edirik ki, bu da hörmətli millət vəkillərinin qaldırdığı məsələnin çox prinsipial bir həllidir.
Hörmətli həmkarlar, bir məsələni də qeyd etmək istəyirəm. Müzakirələr zamanı belə bir yanaşma mövcud idi ki, nə üçün mandatdan məhrum etmə ilə bağlı məsələyə Mərkəzi Seçki Komissiyası tərəfindən baxılsın? Bununla bağlı biz komitədə də, ümumi müzakirələrdə də məlumat vermişik. Məsələ bundadır ki, hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə, misal üçün, Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndi Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılır. Müəyyən bir dövrdə, deputat fəaliyyəti ilə bir araya sığmayan fəaliyyət ilə məşğul olduqda. Yəni bu gün də Mərkəzi Seçki Komissiyasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş pozuntu olduğu halda millət vəkilini mandatdan məhrum etmək funksiyası mövcuddur. Amma, əlbəttə ki, cənab Sədr, Sizin və millət vəkillərinin o fikirləri ilə birmənalı razı idik və qanunvericilik təşəbbüsü subyekti də bu fikri dəstəklədi ki, artıq iki halla bağlı ixtisaslaşmış qurum, İntizam komissiyası, Mili Məclisin özü qərar qəbul edirsə, bu halda Mərkəzi Seçki Komissiyası tərəfindən yenidən hər hansı araşdırmaların aparılmasına  heç bir lüzum yoxdur.
Hörmətli həmkarlar, düşünürəm ki, cənab Prezident tərəfindən Seçki Məcəlləsinə təklif olunan bu müddəalar bütövlükdə həm Konstitusiyaya, həm Seçki Məcəlləsinə, həm də mövcud qanunvericiliyimizə uyğundur. Əlbəttə ki, “Normativ hüquqi aktlar haqqında” Qanuna etdiyimiz dəyişiklik qüvvəyə mindikdən, yəni may ayından sonra nizamnamə üzərində işimizi davam etdirəcəyik və təbii ki, nizamnamə də qəbul edəcəyimiz Seçki Məcəlləsinə uyğun olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Seçki Məcəlləsi Azərbaycanın qəbul etdiyi qanunvericilik toplusunda çox böyük bir nailiyyətdir. Mən qeyd edim ki, bir sıra ölkələrdə bu cür məcəllə yoxdur, seçkini ayrı-ayrı qanunlarla tənzimləyirlər. Prezident seçkiləri, parlament seçkiləri, bələdiyyə seçkiləri, referendum haqqında qanunların toplu şəklində olması və mütəmadi şəkildə təkmilləşdirilməsi, doğrudan da, bizim qanunvericilik bazamızın nailiyyətidir. Referendumdan sonra bu addımlar atılmalı idi. Artıq Konstitusiyamızda müvafiq dəyişiklik edildikdən sonra Seçki Məcəlləsinə əlavə və düzəlişlər tətbiq olunur.
Çox gözəl haldır ki, Seçki Məcəlləsində edilən dəyişikliklərin böyük əksəriyyəti orada olan məhdudiyyətlərin aradan götürülməsini özündə ehtiva edir. Məsələn, biz referendum yolu ilə müxtəlif yaş senzlərini götürmüşüksə, müəyyən yaş senzləri yoxdursa, artıq bu, Seçki Məcəlləsində öz əksini tapmaqdadır. Vaxtı ilə yaş senzləri tətbiq olunurdu. Mən xatırlayıram ki, ümummilli liderin prezident seçilməməsindən ötrü Konstitusiyanın 121-ci maddəsinə ikinci bənd salmışdılar ki, 65 yaşından yuxarı şəxs prezident seçilə bilməz. Bu, antidemokratik bir müddəa idi. Lakin Azərbaycanda nəinki yuxarı hədd, hətta aşağı həddin özü də aradan qaldırıldı ki, 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı istənilən seçki prosedurunda özünü sınaqdan keçirə bilər. Şəxsə hüquq verilir ki, 18 yaşında mülkiyyət sahibi olsun, mülkiyyətə imza atsın. Belə olan tərzdə biz ona seçkidə iştiraketmə və yaxud seçmək hüququ veririksə, niyə seçilmək hüququ verməyək? Bunların hamısını biz referendumla bağlı təbliğat-təşviqat kampaniyası zamanı demişik.
Digər tərəfdən, qeyd etmək istərdim ki, Seçki Məcəlləsinin ictimai televiziya, dövlət mətbuat orqanları ilə bağlı olan məsələsi də vacib elementlərdən biridir. Xatırlayırsınızsa, vaxtı ilə namizədlərə namizədliyini irəli sürdüyünə görə vəsait ayrılırdı. Mənim xatirimdədir, prezident seçkilərində 15 min, parlament seçkilərində müəyyən qədər və sair. Nəzərdə tutulmuşdu ki, müvafiq səsi toplamayan şəxslər bu vəsaitləri geri qaytarmalıdırlar. Lakin geri qaytarmırdılar. Həmçinin nəzərdə tutulmuşdu ki, dövlət nəşrlərində, dövlət televiziyalarında və ictimai televiziyada təbliğatdan istifadə edib seçki dövründə seçicilərin 3 faiz səsini toplamayan şəxslər də onlara ayrılan efir vaxtının məbləğini ödəməlidirlər.  Bunu da etmədilər. İndi çox düzgün olaraq birbaşa dövlət seçkini dolayısı ilə maliyyələşdirir, həm seçkinin təşkil olunmasını, həm təbliğat-təşviqatın aparılmasını, həm də vəsaitin birbaşa köçürülməsini öz üzərinə götürür. Həmin televiziya və mətbuat orqanlarına vəsait dövlət tərəfindən köçürüləcək.
İkinci, Oqtay müəllim, müəyyən adamlar ictimaiyyəti qəsdən çaşdırmağa çalışırlar. Bu da növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar olan müddəadır. Biz seçkinin keçirilməsini onsuz da, iki ay müddətinə müəyyən etmişik. Seçki Məcəlləsində göstərilir ki, 60 gündür. Yəni 60 gün müddətində istənilən seçki keçirilməlidir. Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq seçkilər səsvermə gününə 60 gün qalmış elan olunur. Bundan sonra isə əgər vaxtından əvvəl və yaxud da təkrar seçkilər keçirilərsə, burada müddət 3 ay, yəni 90 gün nəzərdə tutulub. Ola bilməz ki, əsas seçki iki ay, əlavə və yaxud da təkrar seçkilər 90 gün müddətinə nəzərdə tutulsun. Bu baxımdan da dəyişiklik sırf texniki məsələdir.
İndi mətbuat orqanlarında hərə ağzına gələni danışmağa başlayıb. Biri deyir, mart ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək, o biri deyir ki, başqa vaxtda başqa seçkilər keçiriləcək. Vaxtı ilə ANS-in bir əməkdaşı var idi, Sevinc Osmanqızı. İndi Amerikada yaşayır. Amerika Birləşmiş Ştatlarında çıxış edib ki, mart ayında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək, bu gün Milli Məclis bu məsələyə baxır, seçki müddətini azaldırlar və sair. Sırf təxribatla məşğuldurlar.
Azərbaycan Respublikasının Seçki Məcəlləsində bir-başa göstəriş var ki, Azərbaycan Respublikasında Prezident seçkiləri fəaliyyətdə olan Prezidentin müddəti başa çatdıqdan sonra, – burada açıq şəkildə o müddətlər göstərilibdir, – oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyi gün də, saat da, dəqiqə də məlumdur. Burada hər hansı bir fövqəladə hadisə baş verməyibdir. Hətta Seçki Məcəlləsində göstərilir ki, bayram gününə düşdükdə həmin həftənin başqa gününə keçirilə bilər, yəni ay da dəyişə bilməz. Məsələn, üçüncü gün bir bayrama düşürsə, onda günü dəyişə bilərlər, ayı dəyişmək mümkün deyil.
Bu konstitusyon normadır, Seçki Məcəlləsində təsbit olunub. Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. İstənilən adam bu məsləyə düzgün yanaşsın. Hər fikirdən yeni bir fikir çıxarırlar və biz də bütün fəaliyyətimizi buna həsr etməliyik. Prezidentin səlahiyyət müddəti müəyyənləşibdir, heç kəsin hüququ çatmır ki, onun səlahiyyət müddətini qısaltsın. Bununla bağlı gərək referendum keçirilə, Konstitusiyada dəyişiklik edilə. Yaxud da bunun hüquqi norması odur ki, parlamentdə impiçment qaydasında məsələ qaldırılsın və ondan sonra yenə referenduma gedilsin. Qalan hallarda buna kim hüquq verib ki, prezident seçkilərinin müddətini azaltsın və yaxud çoxaltsın. Bu, konstitusion normadır və ona uyğun da həyata keçirilir. Mən həmkarlarımızdan da, mətbuat nümayəndələrindən də xahiş edirəm, Seçki Məcəlləsinə diqqət yetirin, ondan sonra bu məsələlərə toxunun.
Mərkəzi Seçki Komissiyası ilə əlaqədar burada verilən müddəanı qeyd etmək istəyirəm. Oqtay müəllim, xüsusi təşəkkürümüzü bildiririk ki, Sizin bilavasitə dəstəyiniz, Azərbaycan Konstitusiyasını əsas götürməyiniz nəticəsində burada düzgün olaraq bir norma müəyyənləşdi və həm konstitusion, həm də digər normalar baxımdan öz hüquqi əsasını tapdı. Burada heç bir kəsin hüququ pozulmur. Çox düzgün olaraq 176.2-ci maddədə göstərilir ki, Mərkəzi Seçk Komissiyası müzakirə edib, müvafiq qərar qəbul edir. Ola bilər, məsələni təsdiq edər, ola bilər, təsdiq etməz. Deyə bilər ki, tutalım bu, filan qanuna uyğun deyil. Əsas səlahiyyət burada Milli Məclisin öz daxili intizam qaydalarına, İntizam komissiyasına aid olan məsələdir. O baxımdan da hesab edirəm ki, biz buna səs verib, qəbul etməliyik.
Sədrlik edən. Sağ olun. Mən xahiş etmişdim ki, 5 dəqiqə çıxış edin. Xahiş edirəm, çıxışları 5 dəqiqə edək. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən hörmətli komitə sədrimiz Əli müəllim başda olmaqla komitə üzvlərinin bu sahədə çox gərgin işini qeyd etmək istəyirəm. Hətta bir az çətinlik çəkirəm ki, bu qədər zəhmətdən sonra nə isə mülahizəmi bildirim. Amma fikirlərimi də deməyə bilmərəm. Onlar qəbul olunmasa da, mən buna səs verəcəyəm.
Bir neçə məsələ barədə demək istəyirəm. Mən etiraz etmirəm, qoy Mərkəzi Seçki Komissiyasında baxılsın. Ancaq bu məsələni Daxili Nizamnamədə olan müvafiq dəyişikliklərdən sonraya saxlayaq. Görək Milli Məclisdə bu məsələ necə həll olunacaq, İntizam komissiyasının rolu, Milli Məclisin plenar iclasının fəaliyyəti necə olacaq? Ümumiyyətlə, bu qərar necə verilir? Ehtiyac yaranacaqmı ki, məsələ Mərkəzi Seçki Komissiyasına göndərilsin? Çünki bu çox ciddi və xüsusi bir qərardır. 175-ci maddədə verilən hallar Konstitusiyamızın 89-cu maddəsində göstərilir. Fikir versək, görərik ki, hamısı bir növ qərarların mexaniki təsdiqidir. Axı, indi qəbul etdiyimiz Konstitusiyanın 6–7-ci maddələri mexaniki deyil. Mahiyyət üzrə Milli Məclisdə müəyyən qərar qəbul olunacaq. Mahiyyət üzrə qərar qəbul olunmasını Mərkəzi Seçki Komissiyası necə təftiş edəcək, necə yoxlayacaq? Ümumiyyətlə, onun buna səlahiyyəti varmı? Şikayətlər Mərkəzi Seçki Komissiyasından olmayacaq. Əsas şikayət İntizam komissiyasından və yaxud da Milli Məclisdə qəbul olunan qərardan olacaq. Ümumiyyətlə, bu məsələlər aydınlaşdırılmalıdır.
Biz bilirik ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 61-ci maddəsi hədsiz diskrision səlahiyyətləri rədd edir ki, sui-istifadə hallarına yol verə bilər. Ona görə də yalnız “etik qaydalar” ifadəsi hədsiz diskrision şəxsi mülahizələrə bağlanan bir məsələ olur. Biz dərk etməliyik ki, hansı etik qaydaya görə cəzalandırıla bilərik. Keçmişdə bu sualı vermişdim.
Eyni zamanda, bu ciddi məsələnin başqa bir tərəfi də var. İstəməzdim təkrar edəm, ancaq məcburam. Axı, bizim Konstitusiyamızın  91-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Milli Məclisdəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməz. Əgər belədirsə, onda bu necə  məsuliyyətə cəlb olunacaq? Ona görə də çox arzu edərdim ki, bu məsələlərə bir az aydınlıq gətirək.  Bəlkə bir qədər təxirə salaq, çünki çox ciddi, narahatedici hallardır. Təşəkkür edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr.  Doğrudan da, Seçki Məcəlləsinə edilən dəyişikliklər çox normaldır. Mən yalnız 176-cı maddə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bir də, burada qeyd olundu ki, seçki günü bu qanunla müəyyənləşib. Biz bilirik ki, Konstitusiyaya etdiyimiz son dəyişikliklərə görə Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl həm Milli Məclisə seçkiləri, həm də Prezident seçkilərini təyin edə bilər. Amma deputat həmkarlarımızın dediyi vaxtından əvvəl seçki məsələsi onunla əsaslandırılmışdı ki, 2025-ci ildə parlament seçkiləri ilə Prezident seçkiləri eyni vaxta düşür. Bu baxımdan da bəlkə biri irəli çəkilsin. Bu bir təklifdir, demokratik ölkələrdə demokratik düşüncəli insanlar tərəfindən çox normal qəbul olunan məsələdir.
İndi isə 176-cı maddəyə keçirəm. 176-cı maddədə verilir ki, deputat başqasının əvəzindən səs verərsə, etik davranış qaydalarını kobud formada pozarsa, deməli, Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunur və o da Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası da bizim qərar əsasında qərar qəbul edir. Amma burada son sözü biz deyiriksə, onda bunu Mərkəzi Seçki Komissiyasına göndərməyin mənası nədir? Orada o müzakirə açılmayacaqsa, – mən də hesab edirəm ki, o müzakirənin açılması doğru olmazdı, – o halda Mərkəzi Seçki Komissiyasının təkrar  qərar qəbul etməsinə nə ehtiyac var?
İkincisi, bizim qanunvericiliyə görə Mərkəzi Seçki Komissiyasının qərarı dərc edildiyi gündən qüvvəyə minir. O halda da, tutaq ki, millət vəkili mandatdan məhrum olunur, sonra da məhkəmə prosesi uzun müddət davam edir və bu müddət ərzində də o, səlahiyyətlərindən məhrum olur. Halbuki bizim mövcud Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir. Hakimiyyətin 3 qanadı var: icra hakimiyyəti, qanunverici orqan, bir də, məhkəmə hakimiyyəti. Allah rəhmət eləsin, Heydər Əliyev dövründə, hesab edirəm ki, mütərəqqi bir Konstitusiya qəbul olunmuşdur. İcra hakimiyyətinin başçısı həm də dövlət başçısı olduğu üçün burada nəzərdə tutulmuşdu ki, o, yalnız ağır cinayət törətdikdə impiçment qaydasında vəzifəsindən kənarlaşdırıla bilər. Bu prosesdə hakimiyyətin digər qanadları – həm Milli Məclis, həm də məhkəmə iştirak edir. Yəni burada hakimiyyətin bütün qanadlarının iştirakı təmin olunub. 
Konstitusiyanın 89-cu maddəsinin 3-cü hissəsində qeyd olunur ki, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda millət vəkili mandatdan məhrum edilir. Konstitusiyanın 89-cu maddəsinin 3-cü hissəsinə hər birimiz baxa bilərik. Eyni zamanda, hakimlərlə bağlı 128-ci maddənin IV bəndində qeyd olunur ki, hakim cinayət törətdikdə Prezident Ali Məhkəmənin rəyi əsasında təqdimatı Milli Məclisə göndərir və Milli Məclis qərar qəbul edir. Yəni Milli Məclisin səlahiyyətləri sırasında qeyd olunur ki, Prezidentin təqdimatı əsasında hakimləri fərq qoymadan 83 səs çoxluğu ilə hakimlik statusundan məhrum edir. 83 səs çoxluğu burada xüsusi qeyd olunub.
Bütün bunları ona görə sadalayıram ki, əvvəllər nə hakimin, nə millət vəkilinin etik davranış, ümumiyyətlə, intizam məsuliyyətinə görə səlahiyyətlərinin itirilməsindən söhbət gedə bilməzdi. Amma ind Konstitusiyada yazdıq ki, etik davranış qaydalarını pozduğuna görə deputat mandatından məhrum oluna bilər. O halda bunu kriminallaşdırmaq lazımdır. Cinayət Məcəlləsinin 221-ci maddəsində qeyd  olunur ki, cəmiyyətdə açıqdan-açığa hörmətsizlikdə ifadə olunan hərəkətlər xuliqanlıq sayılır. Gəlin, etik davranış qaydalarının kobud formada pozulmasını xuliqanlıq kimi qiymətləndirək. Artıq bizim Konstitusiyanın digər normalarında tənzimlənir ki, bunu necə həyata keçirmək lazımdır. Başqasının əvəzinə səs vermək isə səsvermənin nəticələrini saxtalaşdırmaq cəhdidir. O halda yenə də Cinayət Məcəlləsi işə düşür və yenə biz onu əvvəlki qaydada məhrum edirik. Amma mən hesab etmirəm ki, bu əməlləri kriminallaşdırmadan...
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, çoxunuz dəyişiklikləri çox dərindən oxumamısınız. 1 həftə bundan qabaq biz “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik etdik və 6 aydan sonra bunu səsə qoyacağıq. Ondan sonra siz deyən məsələləri Milli Məclisin Daxili Nizamnaməsində dəyişiklik aparanda deyəcəyik. Səhv etmirəm ki, Əli müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Bunların hamısı prosedur məsələlərdir. Yəni biz bu məsələni qəbul etmişik, referendum keçirmişik. İndi də dəyişiklik etmişik. 6 aydan sonra təsdiq edəndə Milli Məclisin Daxili Nizamnaməsinə uyğun  dəyişikliklər olacaq. Burada ardıcıl olmayan məsələ yoxdur. Vahid Əhmədov buyursun. 
V.Əhmədov. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Seçki Məcəlləsinə edilən dəyişikliklər çox ciddi məsələlərdir. Ona görə də həm dövrü mətbuatda, həm də millət vəkillərinin arasında bu məcəlləyə edilən dəyişikliklərlə əlaqədar müəyyən  mülahizələr var. Amma Əli müəllim də qeyd etdi ki, bunlar, əsasən, Konstitusiyaya etdiyimiz dəyişikliklərlə əlaqədardır. Çünki qanunlarımız, o cümlədən Seçki Məcəlləsi Konstitusiyaya edilən dəyişikliklərə uyğunlaşdırılmalıdır.
Burada mübahisə doğuran ən əsas məsələlərdən biri seçkilər zamanı deputatın mandatının ləğv edilməsi oldu. Yadınıza gəlirsə, etik davranışla əlaqədar qanun müzakirə olunanda bu məsələ çox ciddi müzakirə olundu. O vaxt bizim taleyimizi faktiki olaraq Mərkəzi Seçki Komissiyasına vermişdilər. Mərkəzi Seçki Komissiyası millət vəkillərinin taleyini həll etməli idi. Amma indi 175 və 176-cı maddələrə əsasən millət vəkillərinin taleyini faktiki olaraq Milli Məclisin özü həll edir. Yəni buna İntizam komissiyası baxacaq.
Oqtay müəllim, təklif edərdim ki, Seçki Məcəlləsi qəbul ediləndən sonra İntizam komissiyasının tərkibində də müəyyən dəyişikliklər olsun. O tərkib genişləndirilsin. Pis qəbul olunmasın, ora çox ləyaqətli insanlar daxil edilsin, çünki onlar bizim həmkarlarımızın taleyini həll edəcəklər. Amma belə götürəndə yenə də burada qərar qəbul etməsək, Mərkəzi Seçki Komissiyası faktiki olaraq heç bir deputatın taleyini həll edə bilməz. Yəni bizim taleyimiz millət vəkillərinin kimliyindən asılı olmayaraq, faktiki olaraq öz əlimizdədir. Mən hesab edirəm ki, bu, əvvəlki qanun layihəsindən tamamilə  fərqlidir. Yəqin buna müəyyən danışıqlar əsasında nail olmusuz. Ona görə də mən sizə minnətdarlığımı bildirirəm.
İkinci, müzakirə olunan ən ciddi məsələlərdən biri pulsuz efir vaxtı ilə əlaqədardır. Əlbəttə, pulsuz efir vaxtının ləğvi ciddi, mübahisə doğuran məsələdir. Amma seçki fondunda vəsait olanda bu yenə öz yerini tutacaq. Yəni pulsuz efir vaxtından istifadə etmək olur. Yəni vəsait birbaşa televiziyaya köçürülür və orada bu məsələ öz həllini tapır. Bu da o qədər ciddi məsələ deyil. Əgər sən seçkidə iştirak edirsənsə, müəyyən qədər vəsaitin olmalıdır ki, efir vaxtından istifadə edə biləsən.
Siyavuş müəllim yaş senzi ilə əlaqədar  məsələyə toxundu. Doğrudan da, bu məsələ referendumda öz əksin tapdı. Əgər biz 18 yaşında insanlara bütün şəraiti yaradırıqsa, əmlakla əlaqədar heç bir ciddi problem yaratmırıqsa, o nəyə görə o seçkilərdə iştirak etməməlidir? Yəni yaş senzi tamamilə aradan qaldırılır.
Burada həm də 90 günün 60 günlə əvəz edilməsi məsələsinə toxunuldu. Açıq deyim ki, bu həm seçki müddətinin azaldılması, həm də müəyyən qədər vəsaitə qənaət edilməsi ilə əlaqədar məsələdir. Mən deyərdim ki, bu məsələlər o qədər də ciddi analiz tələb etmir.
Ümumiyyətlə, hesab edirəm ki, Seçki Məcəlləsinə edilən dəyişikliklər mütərəqqidir. Burada millət vəkillərini çox narahat edən məsələlər, xüsusilə etik davranış qaydalarının pozulmasına görə mandatın ləğv edilməsi məsələsi öz əksini tapır. Burada da ciddi bir problem yoxdur. Mən buna səs verəcəyəm və millət vəkillərini də səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Sədr.  Seçki Məcəlləsinə dəyişiklik edilməsi tamamilə anlaşılandır və düzgündür. Biz ötən il Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişiklik və düzəlişləri mütləq Seçki Məcəlləsində nəzərə almalıyıq. Əgər  bu düzəlişləri etməsək, onda biz qanun qəbul edən şəxslər kimi qanunu bir-başa pozmuş oluruq. Tamamilə məntiqidir ki, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilən referendumun nəticələri digər qanunlarda, ilk növbədə, Seçki Məcəlləsində öz əksini tapmalıdır. Hesab edirəm ki, bir sıra məsələlərin artıq müzakirə edilməsinə ehtiyac yoxdur. Bu artıq Konstitusiyaya dəyişikliklər ərəfəsində edilən müzakirələrin, sadəcə, davamıdır. Biz mexaniki olaraq həmin dəyişikliyi Seçki Məcəlləsində nəzərə almalıyıq.
Eyni zamanda, qeyd edim ki, vaxtaşırı Seçki Məcəlləsinə dəyişiklik edilməsi Azərbaycanda artıq seçki təcrübəsinin və ənənəsinin yaranmasından xəbər  verir. 1993-cü ildən bəri keçirilən hər demokratik seçkidən sonra seçki təcrübəsinin, yeniliklərin Seçki Məcəlləsində öz əksini tapmasına çox böyük ehtiyac yaranır. Qoy heç kəs bizi qınamasın ki, nəyə görə Seçki Məcəlləsində bu və ya digər yanaşmanı biz məhz bu cür edirik.
Qeyd edim ki, dünyada heç iki elə ölkə tapmaq mümkün deyil ki, orada ya dövlət quruluşu, ya seçki qaydaları  tamamilə bir-birinə uyğun olsun. Amerika Birləşmiş Ştatlarında vətəndaşlar prezidenti birbaşa seçmirlər. Seçicilər kollegiyasına üzvlər seçirlər ki, onlar prezident seçirlər. Avropanın bəzi ölkələrində seçkini seçki komissiyası deyil, daxili işlər nazirliyi keçirir. Avropanın bəzi ölkələrində seçki günü elan edilməsi ilə seçki günü arasında cəmi 1 ay vaxt  olur. Bunun da 2 həftəsi təbliğata həsr olunur. Göründüyü kimi, bizim Seçki Məcəlləsindəki müddəalar, hətta bir sıra hallarda Avropanın bəzi ölkələrinin müddəalarından daha demokratikdir.
Bir məsələyə də toxunmaq istərdim. Azərbaycanda əhəmiyyətli bir hadisə ərəfəsində, – Seçki Məcəlləsində düzəlişlərin edilməsini də əhəmiyyətli bir hadisə hesab edirəm, – mütləq təxribat yaratmaq cəhdləri olur. Axtardıqda məlum olur ki, sifariş xaricdən gəlir və bunu da Azərbaycanda sabitliyin olmasını istəməyən qüvvələr edir. Ya Azərbaycan cəmiyyətinə müzakirə üçün süni bir mövzu verməyə çalışırlar, ya da dünya ictimaiyyətinə Azərbaycanla bağlı yalan informasiya ötürürlər.
Amma bir məsələni bilmək lazımdır ki, Azərbaycan cəmiyyətində artıq bunlar qəbul edilmir. Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşib, insanlar hüquqi cəhətdən kifayət qədər maarifləniblər. İnsanlarda artıq dövlətçiliklə, Azərbaycanın strateji yolu ilə bağlı əqidə var. İnsanlar öz gələcəklərini Heydər Əliyev yolu ilə, cənab Prezident İlham Əliyevin siyasi kursu ilə birbaşa bağlayırlar. Bu baxımdan edilən cəhdləri təxribat, Azərbaycanda çaxnaşma yaratmaq cəhdindən başqa cür adlandırmaq olmaz. Amma onların heç biri ayaq tutub yeriyə, Azərbaycanda özünə dəstək qazana bilməz. Edilən dəyişiklikləri tamamilə məqbul sayıram. Müəyyən məsələlər barəsində deyilənlərin isə artıq bu gün müzakirə etdiyimiz məsələnin predmeti olmadığını bildirmək istəyirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Seçki Məcəlləsinə 30 dəyişiklik təklif olunur. Burada qeyd olunduğu kimi, bəziləri texniki xarakter daşıyır, bəziləri isə başqa qanunvericilik aktlarında artıq qəbul olunmuşdur. O üzdən bu məsələ ətrafında bir konsensus var və mən əminəm ki, həmkarlarımızın hamısı bu məsələyə səs verəcəklər.
Bu məsələ ilə əlaqədar çıxış edən həmkarlarımız, eyni zamanda, ölkənin seçki həyatı, dövlət institutlarının fəaliyyəti, başqa beynəlxalq təcrübədən misallar gətirməyə çalışdılar. Amerika Birləşmiş Ştatlarında seçkilər daimi bir prosesdir. Məsələn, Konqresin özünün üçdə bir tərkib hissəsi daim dəyişir və bir sıra hallarda mənim də mediada toxunduğum o məsələ – Prezident  və parlament seçkilərinin eyni günə düşməsi onların siyasi həyatının ayrılmaz hissəsidir.
Ona görə də bu məsələlərə qiymət verərkən həmkarlarımı kifayət qədər diqqətli olmağa çağırıram. Bizim hamımız bu illər ərzində tərcümeyi-halımızı bu parlamentdə, bu parlamentin çölündə dövlət qarşısında  göstərməklə yazmışıq. Ona görə də hər hansı bir təklifə qiymət verilərkən çox tünd boyalardan və sərt tablolardan istifadə  olunmasının qəti əleyhinəyəm. Bunların dərinliyinə varmaq istəmirəm.
176-cı maddə ətrafında, təbii ki, mənim də fikirlərim var. Bu məsələnin əleyhinəyəm. Xatırlayırsınızsa, deputat etikası ilə bağlı məsələlər müzakirə olunanda bunları söyləmişdim. Birinci, burada artıq diqqət cəlb olundu. 91-ci maddə parlament üzvünə çıxışına görə, səsverməsinə görə hər hansı bir mühakimə vəziyyətində qoymur.
İkincisi, dünyanın ən inkişaf etmiş ölkələrinə baxın. Orada “parlament institutu güclü olanda dövlət güclüdür” formulu işləyir. Ona görə də bu maddənin mahiyyət etibarı ilə parlament üzvünün azadlıqlarının məhdudlandırılması kimi tövsif olunan biləcəyi söhbəti... Hazırki parlament, gələcək parlament, 5 ildən sonrakı parlamentdən danışmırıq. Onun müstəqilliyinin azaldılması cəhdi kimi, onu siyasi senzuraya məruz qoya biləcək bir cəhd kimi qələmə verilə biləcəyindən biz bu məsələ ətrafında fikir yürüdürük. Zatən hazırda dövlət başçısı bütün xalqı təmsil edir, Parlamentin də çoxluğu hakim partiyanın, qalib partiyanın nümayəndələridir. Bunlar müxtəlif sahələrdə uğur qazanmış adamlardır. Ona görə də bu parlamentdən dövlətə hər hansı bir  təhlükə yoxdur.
Burada ki, “ixtisaslaşmış qurum” qeyd olunur. Doğrusu, İntizam komissiyasının belə bir ixtisaslaşmanı harada keçdiyini sual versək, yəqin ki, cavablandırmaq çox çətin olacaq. Harada ixtisaslaşıblar onlar? Onlar da eynən o xalqın səsini alırlar. Onların başqaları üzərində daha üstün hüququ necə təsbit oluna bilər? Əgər bu məsələ Konstitusiyaya düşübsə, başa düşüləndir. Əgər etikanı pozan şəxs parlamentin nüfuzuna xələl gətiribsə və parlament də ondan yaxa qurtarmaq istəyirsə, bunun proseduru elə seçilməlidir və elə hüquqi mexanizmlərdən istifadə olunmalıdır ki, o, cəmiyyətdə qəbul olunsun. Mən əminəm ki, burada hamı maraqlıdır. Birinci növbədə parlamentin sədarəti maraqlıdır.
İndi belə bir mənzərə yaranır. Ağır cinayət törədən parlament üzvü Baş Prokurorluğun sanksiyasına məruz qalır. Həmin təqdimat parlamentə gəlir, baxılır, onun üzərindən toxunulmazlıq hüququ götürülür və ondan sonra artıq onun əleyhinə hüquqi əməliyyatlar işə düşür. Bu, ağır cinayətə yönəlik tətbiq olunan prosedurdur. Etik davranış qaydasını pozan şəxsə qarşı dediyimiz prosedur işə düşür, o halda belə çıxır ki, daha yüngül saydığımız etik davranışı pozmaq məcburi dövlət tədbirini zəruri eləmir.
Ziyafət müəllim burada kifayət qədər peşəkarlığı ilə seçilən adamdır. Mən əminəm ki, bu mövqeni bölüşər. Yəni etik davranış ictimai rəyin müəyyənləşdirdiyi məsələdir. Burada xüsusi bir cinayət hadisəsi yoxdur. Özünü elə aparıb da. Mən Ukraynanı misal gətirmirəm, indi qovğanın içərisindədir. Rusiya daxil siz yüzlərlə ölkənin nümunəsində müxtəlif vəziyyəti görəcəksiniz. Orada etik davranışa görə mandatdan məhrum edilmə nümunəsi yoxdur.
Hörmətli cənab Sədr, mən əminəm ki, Siz də parlamentdə olan bu diskussiyaları çox diqqətlə izləmisiniz, komitə səviyyəsində müxtəlif dəyərləndirmələr aparmısınız. Əgər bu, Konstitusiyada varsa, daha mürəkkəb mexanizm qoyulsun. Sadə yolla mən nə təklif edirəm? İndi deyilir ki, İntizam komissiyası baxacaq, MSK-ya veriləcək, sonra şikayət eləmək hüququ saxlanılır. Bilirsiniz ki, o adamı mandatdan məhrum edəndən sonra bunun şikayət hüququnu saxlayırıq. Necə ki Baş Prokurorluq ağır cinayətə yönəlik məsələləri işə salır, bunu etik davranış məsələsinə də tətbiq edin. Məncə, bununla məsələ sadələşəcək. Sağ olun.
Sədrlik edən. Sən niyə belə narahat çıxış edirsən, mən başa düşmədim? Birincisi, de görək, sən referendumda iştirak eləmisən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səs vermisən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sual verirəm, cəmiyyət bunu istəyib?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz bunu referendumda qəbul elədik, Milli Məclisdə qanun şəklində qəbul eləməliyik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz onu edirik. Ondan qabaq da mən izah elədim ki, dəyişikliklər olandan sonra Milli Məclisin nizamnaməsində də, İntizam komissiyasında da dəyişikliklər olacaq.
İkinci, hər dəfə eyni məsələni təkrar edirik. Aydın məsələdir ki, referendumda qəbul olunan dəyişiklikləri biz qanunda qəbul eləməliyik. Onun 10 formasını təklif elədilər, biz ən müasir formasını tapdıq. Bundan da yenə narazılıq var, mənim daha deməyə sözüm yoxdur. Əli müəllim, nə isə əlavəniz var idi. Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, əslində Siz bütün məsələlərə aydınlıq gətirdiniz. Doğrudan da, məhz Sizin müdaxiləniz nəticəsində biz bu layihəni daha səliqəli formada təqdim etdik. Sadəcə, iki hüquqi məsələyə aydınlıq gətirmək istəyirəm. Hörmətli həmkarlar, Konstitusiyanın 91-ci maddəsində Milli Məclis deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağalar ancaq inzibati və cinayət məsuliyyəti ilə bağlı olan qadağalardır. Heç bir halda intizam məsuliyyəti qadağası kimi başa düşülmür və belə də təfsir oluna bilməz. Doğrudan da, millət vəkili səs verməyə və söylədiyi fikrə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Etik davranış qaydası ilə bağlı intizam məsuliyyəti isə bütün hakimiyyət qollarına və bütün vəzifəli şəxslərə aiddir. Bizi digər vətəndaşlardan fərqləndirən də məhz budur. Biz davranışımıza görə məsuliyyətə cəlb oluna bilirik. Elə bir etik davranış, elə bir qeyri-mədəni davranış var ki, o vətəndaşların arasında adi bir haldır və heç kim onlara bu davranışa görə irad bildirə bilməz. İrad bəlkə də bildirər, amma məsuliyyətə cəlb edə bilməz. Amma bütün hakimiyyət qolları – icra hakimiyyəti, məhkəmə hakimiyyəti və qanunverici hakimiyyət bu məsələdə müəyyən çərçivə içərisindədir və etik davranış qaydasını pozduğuna görə hakim də, dövlət qulluqçusu da, indi artıq millət vəkili də vəzifədən kənarlaşdırıla bilər.
Cənab Sədr, hörmətli millət vəkillərinin yanaşmasında bir fikri qəbul edirdik ki, Konstitusiyanın 89-cu maddəsinin 2-ci, 4-cü hissəsində faktı təsdiq edir, yəni o faktı araşdırır. Amma 6 və 7-də İntizam komissiyasının araşdırması olduqdan sonra yenidən araşdırmaya ehtiyac olmamalıdır. Bax bu fikirlə razıyam və məhz ona görə düzəlişi etdik. Amma cənab Sədr, Siz də söylədiniz, biz bunu indi Seçki Məcəlləsində etməsək, 6 aydan sonra nizamnamədə etsək, yenə heç nə dəyişmirdi. Çünki biz nizamnamədəki müzakirələr zamanı ancaq bir məsələni müzakirə edirdik. Son qərar İntizam komissiyasının olsun, yoxsa Milli Məclisin plenar iclasının? Misal üçün, mənim mövqeyim belə idi ki, İntizam komissiyasının, ixtisaslaşmış qurumun.
Zahid müəllim, İntizam komissiyası Milli Məclisin nizamnamə ilə seçdiyi, səlahiyyət verdiyi ixtisaslaşmış qurumdur. Biz onlara bu səlahiyyəti vermişik və onlar bizimlə bağlı bu qərarı qəbul edə bilərlər. Hətta biz nizamnaməni gözləsək belə, məsələ yenə belə həll olunacaq. Çünki onsuz da Konstitusiyanın 89-cu maddəsinin 2-ci və 4-cü bəndləri, yəni vətəndaşlıq, kommersiya fəaliyyəti ilə məşğul olmaq məsələsində mandatdan məhrum edən orqan Mərkəzi Seçki Komissiyasıdır. Cənab Prezident tərəfindən təqdim olunmuş layihədə bu iki yeni hal MSK-ya verilir.
Cənab Sədr, Sizin tövsiyənizdən sonra qanunvericilik təşəbbüsü subyekti ilə araşdırma məsələsini çıxardıq və daha mükəmməl müdafiə mexanizmi yaratdıq. Onu bir daha səsləndirirəm. Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildikdən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Yəni hələ qüvvəyə minmir. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Növbəti mərhələyə, kassasiya instansiyasına keçdi. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.
Beləliklə, baxın, mandatdan məhrum olunan millət vəkilinin Mərkəzi Seçki Komissiyasında, apellyasiya məhkəməsində, Ali Məhkəmədə müdafiə olma mexanizmi var. Ancaq Ali Məhkəmənin qərarından sonra qüvvəyə minir, amma bu da Konstitusiya Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı müraciətləri də istisna etmir. Bunu söyləməklə onu demək istəyirəm ki, biz də millət vəkiliyik və bütün prosedurda, yəni Konstitusiyanın artıq üzərimizə qoyduğu vəzifəni icra etməkdə ilk növbədə parlamenti və millət vəkillərinin təəsübünü gözləmişik. Buna görə sənədə səs verməyinizi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 16.50 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Mülki Məcəlləyə təklif olmuş dəyişikliklər bir müddət öncə Milli Məclisdə ictimai müzakirə keçirilərkən çox geniş müzakirə olunmuşdur. Parlament müzakirəsi zamanı da Mülki Məcəlləyə təqdim olunan bu dəyişikliklərin və əlavələrin əhəmiyyəti nəzərə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Ədliyyə Nazirliyi, VVAQ idarəsi və eyni zamanda, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri ilə işgüzar dialoq qurulmuşdur.
Qeyd etməliyəm ki, hazırda tikintisi başa çatmayan binaların tərkib hissələrinin, mənzillərin alğı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı bir çox ciddi problemlər mövcuddur. Təəssüf olsun ki, bu problemlər çox zaman məhkəmə müzakirəsi predmeti olur, bir sıra hallarda isə prokurorluq orqanları, hətta cinayət işi qaldırmaq məcburiyyətinə gəlib çatırlar. Mənzillərin, evlərin bir neçə şəxsə satılması, dələduzluq kimi hallar mövcuddur. Mənzilin dəyərinin ödənilməsi sahəsində mexanizmlər də mövcud deyildir və bu layihə həmin mexanizmlərin həllinə yönəlmişdir.
Qanun layihəsinin əsas məqsədi birinci, notariusla Daşınmaz Əmlakın Dövlət reyestri xidməti arasında əlaqələrin elektron informasiya sistemi vasitəsi ilə daha çevik qurulması, ikinci, tikilməkdə olan və ya tikintisi başa çatmayan binaların tərkib hissələrinin, yəni mənzillərin alğı-satqı prosesinin tənzimlənməsi və bu sahədə dövlət nəzarətinin qurulmasından ibarətdir.
Layihəyə təklif olunan mexanizmlər və onların həlli yolları aşağıdakılardır:
Birinci, tikinti şirkətinin və yaxud da tikinti aparılmasına icazə almış şəxsin ilk növbədə çoxmənzilli binaların tikintisini həyata keçirməsi üçün tikinti aparılacaq torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə olunması;
İkinci, növbəti mərhələdə tikinti şirkəti tərəfindən daşınmaz əmlakın tərkib hissələrinin hər birinin, yəni hər bir mənzilin ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır. Baxmayaraq ki, reallıqda hələ heç mənzil mövcud deyil, tikinti başa çatmayıb, amma satılacaq hər bir mənzili tikinti şirkəti tərəfindən reyestrdən çıxarışla təmin olunmalıdır. Bunun üçün çoxmənzilli binanın mənzillərinə dair bölünmə planı, onun kvadrat metrləri göstərilməklə tərtib edilir. Həmin plan təsdiq edildikdən sonra bölünmə nəticəsində yaranan mənzillərin hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
Hörmətli həmkarlar, belə bir layihənin qəbulu bizim hüquqşünasların, mütəxəssislərin alman ekspertləri ilə birlikdə həyata keçirdikləri iş və onlardan öyrənilən təcrübə nəticəsində meydana çıxmışdır. Bir sıra məsələləri tənzimləməkdən ötrü qanunun mühüm müddəalarının 2018-ci ilin yanvar ayının birindən qüvvəyə minməsi nəzərdə tutulmuşdur.
Cənab Sədr, eyni zamanda, biz son müzakirə zamanı bir sıra yeni müddəaları da razılaşdırdıq. Onlar sizə paylanmasa da, diqqətinizə çatdırmaq istəyirəm. Təklif olunur ki, Qanunun 1-ci maddəsində Mülki Məcəllənin və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun qabaqcadan qeydiyyatının aparıldığı günə mövcud olmuş müvafiq normalarla tənzimlənsin. Eyni zamanda, 5-ci maddədə “qanunvericiliyə zidd olmadığı hallarda” sözləri “qanunun 1-ci maddəsinin tələblərini nəzərə alınmaqla” sözləri ilə əvəz olunur.
Bütövlükdə bir daha qeyd etmək istəyirəm ki, Mülki Məcəlləyə təklif olunan bu dəyişiklik fundamental bir məsələni – ilkin qeydiyyat məsələsini həll etmiş olur. Yəni bundan sonra vətəndaşlarla tikinti şirkətləri arasında bağlanan müqavilələr ilkin qeydiyyat mənası daşıyacaq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata düşmüş olacaq. Bununla da bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq. Hesab edirəm ki, Almaniya təcrübəsinin bizim Mülki Məcəllədə əksi həm də mövcud olan onlarca məhkəmə prosesinə son qoymuş olacaq və vətəndaşların mənzil əldə etməsi ilə bağlı məsələləri tamamilə sivil bir formaya salacaqdır. Həmkarlardan layihəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Doğrudan da, çox yaxşı qanun layihəsidir. Əli müəllimin qeyd elədiyi kimi, notariat qaydada torpaq üzərində ilkin qeydiyyat, təminat qeydiyyatı məsələləri olur və eyni zamanda, burada mənzilin alış qiymətinin tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyinin alıcının üzərinə qoyula bilməməsi müddəası var. Yəni elektron informasiya sisteminin tətbiqi var. Bunlar çox yaxşıdır.
Deyilənləri təsdiq edirəm, ancaq narahatçılıqlarım var. Bu nə ilə bağlıdır? Narahatçılığım onunla bağlıdır ki, birincisi, Azərbaycanda əcnəbi mülkiyyətçilər var, onlarla münasibət necə olacaq? Bu qanun o məsələni necə tənzim edəcək, bunu bilmək istərdim.
İkincisi, münbit torpaqlar üzərində mülkiyyətin olmaması haqqında müddəanın həll olunmasını arzu edərdim. Ən mühüm məsələ bundan ibarətdir ki, bu gün Azərbaycanda ən azı 500 min fərdi ev var ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsi pozulmaqla tikilib. 5 mindən də yuxarı çox mərtəbəli binalar tikilib. Bunların taleyi hüquqi cəhətdən necə həll olunacaq? Bu məsələ mənim üçün çox çətindir.
Biz bilirik ki, bizdən asılı olmayan səbəblərdən, xüsusən Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş çoxlu sayda soydaşlarımız özbaşına binalar tikiblər. Mülki Məcəllənin 135-ci maddəsi də birbaşa göstərir ki, torpaq üzərində tikilən mülkiyyətin də mülkiyyətçisidir. Ancaq indi bizdə çoxmənzilli binalar tikilib. Həmin qanuna əsasən torpağın mülkiyyətçisi həmin binaların da mülkiyyətçisidir. Amma bunlar alıblar, artıq faktiki mülkiyyət sahibidirlər. Bu əks formul işləmir ki, çoxmənzilli binanın, mənzilin sahibi onun altında olan torpağın mülkiyyətçisidir deyək. Yəni əksi tətbiq oluna bilmir. Ona görə də mən çox narahatlıq keçirirəm ki, bu necə olacaq?
Ümumiyyətlə, demək lazımdır ki, 2000-ci ilə kimi bu məsələlər olub. Yaxşı, müəyyən müddətdən sonra bu qanun qüvvəyə minir. Bəs indiyə kimi yarımçıq qalmış o tikililərin aqibəti necə olacaq? Axı onlara tətbiq olunmayacaq. Dediyim kimi, 5 mindən yuxarı belə bina, 500 mindən çox belə mənzil var. Bunların taleyi necə olacaq? Axı bu qanunla həll oluna bilmir. Ona görə də biz düşünməliyik və bu qanunun irəliyə tətbiqi qaydasını müəyyən eləməliyik.
Başqa bir həll olunmamış məsələ var. Deyək ki, o, qeyd nəticəsində müəyyən ayrılmış payın, yəni binanın altındaki müvafiq torpaq sahəsinin də mülkiyyətçisi oldu. Yaxşı, onda bunun vergi qaydaları necə müəyyən olunacaq? Ola bilər, başqa qanunlarla. Ona görə də gizli deyil ki, bu gün vətəndaşın evinə bələdiyyədən, dövlət orqanından, mənzil istismar sahəsindən və sairdən gəlirlər, öz paylarını istəyirlər. Torpaq vergisi, mənzil vergisi və sair.
Biz hamımız dünən şahidi olduq, Rusiya Federasiyasında 6 sotdan aşağı torpaq sahəsi olan 36 mindən yuxarı şəxsin vergidən azad olunması məsələsi ən yüksək səviyyədə qoyuldu. 3 orqanın hamısı gəlir vergi payını alır, heç olmasa, burada nəzərdə tutaq ki, həmin mülkiyyətçi çoxmənzilli binanın altında olan paya sahiblənəndən sonra torpaq payından vergi ödəməkdən azad olunur. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Vahid müəllim, sualınız var, buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Çox mütərəqqi dəyişiklikdir, mən buna səs verəcəyəm. Amma Əli müəllimə ödəmələrlə əlaqədar bir sualım var. Müəyyən mərhələlər həyata keçdikdən sonra təxminən 80 faiz ödəmə verilir, 20 faizi qalır. O 20 faiz məbləğ nə vaxt ödəniləcək? Yaxşı olar, qeyd edək ki, 20 faiz qeydiyyat sənədi veriləndən sonra ödənilsin. Yəni belə təklifim var, çünki insanlar on illərlə yaşayırlar, amma evlərə sənəd ala bilmirlər. Ya qazı, ya suyu olmur və sair. Ona görə də bunu əlavə etməyi Əli müəllimdən xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də həmkarlarımın fikirlərinə tam dəstək olaraq bildirmək istəyirəm ki, doğrudan da, belə bir qanunun Milli Məclisin gündəliyinə daxil edilməsi çox mütərəqqi haldır. Hörmətli Əli müəllim qanun layihəsi ilə bağlı çox ətraflı məlumat verdi. Bilirsiniz ki, dəfələrlə seçicilərimiz, vətəndaşlarımız tərəfindən bizə müraciət olunur ki, bir ev bir neçə dəfə alınır, satılır və tikinti şirkətləri, bunlara rəhbərlik edən şəxslər çox ciddi qanun pozuntularına yol verirlər. Dələduzluq maddəsi ilə onların bir çoxu həbsdədir. Təbii ki, qanunu pozan insanlar layiqli cəzalarını almalıdırlar. Amma nəticədə zərərçəkən vətəndaş bundan heç nə qazanmır. Dəfələrlə olub ki, eyni mənzil bir neçə vətəndaşa satılıb və dediyimiz qanun pozuntuları qeydə alınıb. Amma bu gün müzakirə etdiyimiz qanun bunu tam şəkildə istina edəcəkdir.
Mən hörmətli Əli müəllimə təşəkkür edirəm ki, bu məsələni çox aydın şəkildə izah etdi. Bu, vətəndaşların hüquqlarının qorunması istiqamətində çox mühüm addım olacaq və bundan sonra reyestrdə qeydiyyata düşən müqavilələr ikinci dəfə alğı-satqı predmeti olmayacaq. Buna görə biz bunu dəstəkləməliyik.
Amma digər bir problem var. O nədən ibarətdir? Mən istəyirəm, bunu qaldıram və baxaq ki, gələcəkdə qanunvericilikdə hansı dəyişiklikləri edib vətəndaşların hüquqlarını qoruya bilərik. Söhbət ondan gedir ki, bu gün bir çox torpaq sahəsi ictimai və dövlət ehtiyacları üçün özgəninkiləşdirilir, amma bunun müqabilində vətəndaşlara bazar qiymətlərinə uyğun kompensasiya verilmir. Bunların bəzilərində mülkiyyət hüququ var, bəzilərində yoxdur. Sadəcə olaraq, bələdiyyənin verdiyi qərarla həmin torpaq sahələrində vətəndaşların bəziləri qaraj, bəziləri müəyyən ticarət obyekti və sair tikiblər. Əsas da bu olur ki, sənin mülkiyyət hüququn yoxdur ona görə biz sənin bura xərclədiyin vəsaiti nəzərə almırıq, dağıdırıq, sökürük və istədiyimiz yerdə inşaat işlərini həyata keçiririk. Bunların mülkiyyət hüquqları necə qorunacaq? 
Heç olmasa, bələdiyyə ilə bunun müqaviləsi var, heç olmasa, bələdiyyəyə torpaq vergisi ödəyib. Yaxşı, 15–20 il qabaq bu obyektlər tikiləndə, müvafiq qurumlar hara baxırdı, buna niyə icazə verirdi? Əgər hər hansı bir tikinti şirkəti bunu yerlə yeksan edib yerində böyük bina ucaldırsa, heç olmasa, vətəndaşın hüququnu qoruyaq. Bu cür hallar çoxdur. Ona görə mən hesab edirəm ki, bizim müvafiq qanunvericilikdə buna hansısa formada hüquqşünaslar baxmalıdırlar. Ən azı vətəndaşın ədalətli kompensasiya almaq hüququ bərpa olunmalıdır. Vətəndaş narazı qalmamalıdır. Mən istərdim, hörmətli Əli müəllim, gələcək fəaliyyətimizdə bu məsələyə baxaq və bunun həlli istiqamətində müəyyən təşəbbüslər irəli sürək. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Məmnuniyyətlə səs verəcəyim bir qanun layihəsidir. Bu dəyişiklik Azərbaycanda böyük insan kütləsinin çilələrinə son qoya biləcək bir addımdır. Buna görə mən Oqtay müəllim, Sizə də, komitə sədri Əli müəllimə də təşəkkür edirəm ki, vətəndaşların mənafeyini, maraqlarını nəzərə alaraq bu gün müzakirəyə belə bir qanun layihəsi çıxarmısız.
Əli müəllim, anladığım qədər yanvar ayının 1-dən sonra belə bir obyektlərə sərəncam verilməsi haqqında müqavilənin notariat qaydada təsdiqlənməsindən söhbət gedir. Bu məsələnin müsbət gələcəyə yönəlik tərəfidir.
Burada da qeyd olundu, axı keçmişə yönəli tərəfi ilə bağlı minlərlə problem qalıb, məhkəmələrdə yüzlərlə iş var. Hüquq mühafizə orqanlarında onlarca dələduzluq motivli işlər qalıb. Bu necə yoluna qoyulacaq? Məncə, dövlət vətəndaşın şəxsi mülkiyyətinin toxunulmazlığı istiqamətində müəyyən addımlar atmağa çalışmalıdır. Yüngülləşdirici hal olduğuna görə biz bunun keçmişdə tikilmiş obyektlərə də şamil edilməsi məsələsini qanunda nəzərdə tutmalıyıq. Yəni 3il, 4 il qabaq əgər belə bir sərəncam verilibsə, onlara da bu imkanın yaradılması məsələsini düşünməliyik.
Digər tərəfdən, çoxmənzilli binalarda yaşayan insanların böyük əksəriyyətinin mülkiyyət sənədinin olmaması problemi ortaya çıxır. Evləri satanda məcbur olurlar ki, həmin binanın sahibinə 2–3 min əlavə vəsait ödəsinlər. Halbuki bunların mənzil şəhadətnaməsi onların günahından verilmir ki? Hansısa orqan 5 ev, 10 ev götürməlidir, ya binanı təhvil götürməyibsə, bu, vətəndaşın günahı deyil ki. Ona görə də vətəndaşın vəziyyətini yüngülləşdirici addımlar barədə, həqiqətən, ciddi düşünməliyik.
İnsanlar, doğrudan da, böyük əziyyət çəkirlər. Mən sizə nümunə deyim. Azərbaycanda yüzlərlə müəllim, həkim və yoxsul kontingentə daxil olan digər insanlar var ki, 20–25 il qabaq məcburi köçkün qardaşlarımız onların evlərinə yerləşiblər. 20 ildir, bir müəllim kirayədə qalır, qanuni evində yaşaya bilmir. Ola bilər, qaçqınlar və məcburi köçkünlərin məsələlərinə baxan dövlət komitəsi, heç olmasa, vətəndaşların şəxsi mülkiyyətini geri qaytarmaq üçün müvafiq evlərin tikilməsi məsələsini həll eləsin. Yüzlərcə insan bu vəziyyətdədir. Onlarca insan dünyasını dəyişib, inanın, məhz bu motivə həyatlarını qurban veriblər.
Bu baxımdan da dəyişikliyi yüksək qiymətləndirirəm, amma Əli müəllim, bu qanunun yüngülləşdirici hal olduğunu nəzərə alaraq bundan əvvəlki sərəncamlara da aid edilməsi məsələsinin yolunu göstərək ki, insanlar, nəhayət, öz problemlərini həll eləyə, məhkəmə süründürməçiliyindən qurtara bilsinlər. 6–7 insan var ki, prokurorluqdan xahiş eləmişəm, məhkəməyə müraciət etmişəm ki, ev bunundur, pulu bu ödəyib, amma evi başqasına veriblər. O da müəyyən miqdarda pul ödəyir. Hamını zəncirvari bir işin içinə salıblar, insanlar çox böyük sıxıntı çəkirlər. Çıxış yolunu tapmaqda vətəndaşlara kömək eləsək, çox faydalı, xeyirli iş görmüş olarıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də öz növbəmdə komitəyə təşəkkür edirəm ki, çox vacib bir məsələni müzakirəyə çıxarıb. Əslində, bu məsələnin bu gün Milli Məclisdə müzakirə olunması sosial sifarişdir. Çünki uzun müddətdir, bizə Mülki Məcəllədən irəli gələn məsələlərlə, xüsusilə də özəlləşdirmə ilə bağlı müxtəlif şikayətlər daxil olurdu. Oqtay müəllim, dünən iclasımızdan əvvəl Xətai rayonunun Rahib Məmmədov küçəsində yaşayan 40 nəfər adam Milli Məclisin qabağına gəlmişdi. 2014-cü ildə o binadakı mənzillər bir neçə adama satılıb. MMC-nin rəhbərləri də, işçiləri də tutulub, amma bu məsələdə hər iki tərəf zərərçəkmiş sayılır. Hər il məhkəmə olur, yenə də hər iki tərəf əziyyət çəkir, amma məsələ həll olunmur. İndi biz bu qanunu qəbul eləməklə, fikrimcə, prinsipial bir məsələni həll etmiş oluruq.
Bu günlərdə yeni pilot layihələr də həyata keçirilir. Mənə elə gəlir ki, onlar da yeni qanunvericiliyi nəzərə almalıdırlar. Orada da bilirsiniz insanlar müvəqqəti köçürülür, kirayədə yaşayır və bina tikiləndən sonra yenə qayıdırlar. Eyni zamanda, cənab Prezident tərəfindən çox gözəl təşəbbüs, sosial mənzillər məsələsi irəli sürülüb. Həmin məsələlər ora da şamil olunacaq və sosial baxımdan zəif olan təbəqə həmin mənzilləri əldə edəcək. Biz “İpoteka haqqında” Qanuna dəyişiklik eləmişik. Belə olan halda Mülki Məcəlləyə dəyişiklik vacib idi.
Əsas məsələlərdən biri də insanların mülkiyyət sahibi olmasıdır. Bu istiqamətdə çoxlu islahatlar həyata keçirilir. Siz bilirsiniz ki, artıq həm özəlləşdirmə, həm də sahibliklə bağlı məsələlər tam elektronlaşdırılıb. Dedik ki, bu qanun predmetinə növbəti illərdə baxa bilərik. Bu istiqamətdə görülən işlər də həm sahibkarın, həm də dövlət qurumunun məsuliyyətini bərabərləşdirməlidir. Yəni bu işdə iştirak eləyən dövlət qurumları mütləq şəkildə insanların ev sahibi olması istiqamətində məsuliyyəti onlarla bölüşməlidir. Bütün dünyada bu belədir.
Mənə elə gəlir ki, bu, birinci addımdır. Komitə tərəfindən çox müsbət əlavə və dəyişikliklər həyata keçirilib. Bu işlərin gələcəkdə daha mükəmməl həyata keçirilməsi üçün bir mərkəzin yaradılmasına da ehtiyac var. Yəni bu tikinti məsələsi dünyanın hər yerində çox böyük problemdir. Amma təcrübə göstərir ki, qanunun aliliyi dəqiqliyinə qədər həyata keçirilən yerlərdə belə problemlə üzləşmirlər. Mən əlavə və dəyişiklikləri dəstəkləyirəm və həmkarlarımı da buna səs verməyi çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili.
T.Mirkişili. Çox sağ olun, cənab Sədr. Mən də hesab edirəm ki, bu qanun layihəsi son illərdə Azərbaycanda tikinti sahəsində sahibkarlarla vətəndaşlar arasında yığılıb qalmış bir çox problemin həlli üçün kökündən və tamamilə yeni bir yanaşmadır. Mən də bunu dəstəkləyirəm.
Cənab Sədr, mən bir məsələni qaldırmaq istərdim. Biz, təbii ki, birinci, tikinti bumu yaşadıq. Bu tikinti bumu ərzində Azərbaycanda xeyli mənzillər tikildi. Mən xatırlatmaq istəyirəm ki, Azərbaycanda tikilən mənzillərin və bu gün də Azərbaycanda tikinti işlərinin 87 faizini özəl sektor həyata keçirir.
Biz 2018-ci ilin büdcəsində də tikinti sektoru üçün kifayət qədər böyük məbləğ ayırmışıq. Ölkə başçısının tapşırığı ilə Azərbaycanda vətəndaşların daha yeni və daha şəraitli mənzillərlə təmin olunması ilə bağlı ikinci bir tikinti bumuna artıq başlamaq ərəfəsindəyik ki, bu da pilot layihə dediyimiz köhnə mənzillərin sökülüb əvəzində yeni mənzillərin tikilməsi ilə bağlıdır. Amma burada da tikinti şirkətləri ilə vətəndaşlar arasında hüquqi müqavilələr bağlansa da, tikinti işlərinin tam başa çatmaması və yaxud da şirkətin bunu başa çatdıra bilməməsi sonda yenə də vətəndaşlarla sahibkarlar arasında ciddi problemlərə səbəb ola bilər. Sonda yenə də müraciətlər Milli Məclisə və yaxud da hökumətə olacaq. Ona görə bu münasibətlərin daha başqa bir formada tənzimlənməsi ilə bağlı qanunvericiliyə müəyyən bəndlər əlavə oluna bilər. Məsələn, sığorta məcburi ola bilər. Hökmən bu müqaviləyə sığorta əlavə olunsun ki, hər hansı bir problem olarsa,  sığorta şirkətləri bunu ödəsin. Yaxud da hər hansı bir formada bura inzibati və yaxud cinayət məsuliyyət əlavə edilməlidir. Çünki gələcəkdə yaranan hər bir problem sonda yenə bizi məcbur edəcək ki, problemə bir daha qayıdaq. Ona görə Əli müəllimdən xahiş edərdim ki, problemin bu formada həlli ilə bağlı qanunvericiliyə müəyyən bəndlər əlavə olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. Bir dəqiqə, Əli müəllim, əlavən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyurun.
Ə.Hüseynli. Cənab Sədr, bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Hörmətli millət vəkillərinin qaldırdığı məsələlər həm komitədə, həm də qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olundu. Yəni bütün səsləndirilmiş fikirləri çox pozitiv, əhəmiyyətli hesab edirəm. Sadəcə, qanunvericilik təşəbbüsü subyektinin mövqeyi belə oldu.
Cənab Sədr, Siz bilirsiniz, bir müddət öncə biz ictimai müzakirə  keçirdik. Bu çox qlobal bir məsələdir. Yanaşma belədir ki, indiki mərhələdə ilkin qeydiyyatla bağlı fundamental problemi həll edək  və sonra işləri davam etdirək. Bütün təklifləri mən qeyd edirəm, təbii ki, gələcəkdə bunların həlli yolları mümkün olacaq.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.16 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamınıza məlumdur ki, Xüsusi Dövlət Mühafizə Xidməti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, qorunmasında xüsusi bir rola malikdir. Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi ilə bağlı yubiley medalının təsis olunması, hesab edirəm ki, bizim orden və medal yaradıcılığımızda müstəsna bir yer tutacaq.
Bununla bağlı medalın təsviri sizə təqdim olunmuşdur. Burada həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də müstəqil dövlətçiliyimizin atributları öz əksini tapmışdır. Hesab edirəm ki, bu yubiley medalını təsis etməklə biz orden və medal yaradıcılığımıza çox ciddi bir töhfə vermiş olacağıq. Həmkarlarımdan qanun layihəsinə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov.
R.Hüseynov. Hörmətli millət vəkilləri, seçkin insanların, əməyi, fədakarlığı ilə fərqlənən şəxslərin mükafatlandırılması, təltif edilməsi, orden və medallara layiq görülməsi həmişə təqdirəlayiqdir. Bunun Azərbaycanda da, dünyada da çox zəngin bir tarixi ənənələri vardır. Azərbaycanın orden və medalları sırasına daha bir yenisinin əlavə edilməsi, əlbəttə ki, sevindirici hadisədir.  Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi münasibəti ilə təsis edilmiş bu medal Azərbaycanın geraldika ənənəsinə tam cavab verir və bizim orden və medallar şəbəkəsində inanıram ki, layiqli yerini tutacaqdır. Lakin bu mövzu ətrafında vacib bir məsələyə diqqət yönəltməyi gərəkli hesab edirəm. 
Azərbaycanda bizi çox mühüm bir hadisə gözləyir. Əslində, o hadisə artıq başlayıb. Bu il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 99-cu il tamam oldu və artıq 100-cü ilin günləri işləyir. Hər ötən gün o 100-cü ilin yeni bir günüdür. Ona görə də hər kəs Azərbaycan  istiqlalına, Azərbaycan müstəqilliyinə böyük bayram olacaq həmin tarixə öz töhfəsini vermək səmtində çalışmalıdır. Deyəcəyim məsələlər də bir neçə nöqteyi-nəzərdən həmin problemlə bağlıdır.
Bizdə artıq müəyyən ənənə var və bunun da təməlini ulu öndər Heydər Əliyev qoyub. Ayrı-ayrı sahələr üzrə, ayrı-ayrı təsisatlar üzrə tarixin başlanması istinad nöqtəsi olaraq 1918–1919-cu illər, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi götürülür. Tutalım ki, Silahlı Qüvvələr günü olaraq 1918-ci il 26 iyunda milli ordunun yaradılması tarixi əsas götürülür. Yaxud xüsusi xidmət orqanları əməkdaşlarının peşə bayramı olaraq 1919-cu ilin mart ayının 28-də Azərbaycanda xüsusi xidmət orqanı olan Əks-inqilabla mübarizə idarəsinin yaranması tarixi əsas götürülür. Eləcə də, polis işçisi günü olaraq Azərbaycanda ilk polis bölüyünün 1918-ci il iyulun 2-də yaradılması əsas götürülür.
Lakin dövlət işində, təbii ki, belə pərakəndə yanaşmalar ola bilməz. Ayrı-ayrı problemlərə fərqli münasibətlər, fərqli prinsiplərlə yanaşma düzgün deyil.  Sistemli yanaşma olmalıdır. Baxırıq, gömrük işçilərinin peşə bayramı şəbəkənin təsis tarixi olaraq 1992-ci ilin 29 yanvarında verilmiş qərara əsasən 28 yanvar götürülür. Halbuki Azərbaycanda  ümumi prinsipləri nəzərə alırıqsa, onda cümhuriyyət dövründə gömrük sisteminin təsis edilməsi tarixi götürülməli idi. Yəni 1918-ci il iyulun 12-də Qazax bölgəsinin Salahlı, Şıxlı kəndlərində və  Poylu stansiyasında ilk gömrük postları yaradılıb. Avqust ayının 18-də isə artıq 99 gömrük postu yaradılıb. Yəni Azərbaycanın gömrük tarixi faktik olaraq oradan başlanır. Peşə bayramı da oradan başlamalıdır,  bu sahə üçün istinad nöqtəsi də orada olmalıdır.
Digər fərqli yanaşmalar da var. Azərbaycanda rabitə və informasiya texnologiyası sahəsi işçilərinin peşə bayramı kimi 1881-ci il dekabrın 6-sı götürülür ki, bu da Azərbaycanda ilk telefon rabitəsinin yarandığı, ilk telefon xəttinin çəkildiyi gündür. Amma yanğınsöndürənlərin peşə bayramı kimi 1918-ci ilin 5 oktyabrı –Azərbaycanda yanğından mühafizə xidmətinin yaranması tarixi götürülür. Halbuki o da rabitə sahəsi kimi götürülsəydi, gərək 1884-cü ili götürəydik. Ona görə də belə müxtəliflik, belə fərqli yanaşmalar, prinsiplərin pozulması düzgün deyildir.
Xüsusi Dövlət Mühafizə Xidmətinə gəlincə deyim ki, 1918-ci ildə Azərbaycanın xüsusi mühafizə xidmət yaranmışdı. 1920-ci ildə aprel ayında bolşeviklər Azərbaycanı işğal etdilər, Qarabağda döyüşlər gedirdi. Bolşeviklərlə əlbir olan ermənilər ora hücum etmişdilər, talanlar, qırğınlar törədirdilər. Azərbaycanın Milli Ordusu orada döyüşürdü. Bakıda hökumət idarələrini, parlamenti, Nazirlər Kabinetini mühafizə edən o zamankı Xüsusi Dövlət Mühafizə Xidməti idi. Əgər bizim daha əski tariximiz və ulu öndər tərəfindən  müəyyənləşdirilmiş bir prinsip varsa ki, 1918–1919-cu illərdə təsis edilmiş, müəyyənləşdirilmiş ayrı-ayrı sahələr üzrə tarixləri istinad nöqtəsi kimi götürək, düşünürəm ki, Xüsusi Dövlət Mühafizə Xidmətinə münasibətdə də bunu nəzərə almaq lazımdır. Əlbəttə, cənab Prezidentin imzası ilə gəlmiş sənəddir, buna səs verəcəyik, amma dövlətdə bu məsələlərlə bilavasitə məşğul olan şəxslər gərək bu istiqamətdə düşünsünlər. Təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.23 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, 2015-ci ildə İnzibati Xətalar Məcəlləsində dəyişiklik etmişdik. Gündəliyin 7–32-ci məsələləri o dəyişikliyə uyğun olaraq texniki və uyğunlaşdırma xarakteri daşıyır. Əgər etiraz etmirsinizsə, bu dəyişiklik haqqında Əli Hüseynli məlumat versin, sonra ayrı-ayrılıqda məsələləri səsə qoyarıq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Əli müəllim, buyurun.
Ə.Hüseynli. Cənab Sədr, Sizin söylədiyiniz kimi, təqdim olunan qanun layihələri İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə uyğunlaşdırma xarakteri daşıyır. Bu baxımdan, hesab edirəm ki, səs verməyə keçə bilərik. Aidiyyəti qanunlar İnzibati Xətalar Məcəlləsinin normalarını özündə ehtiva edəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Fazil müəllim, əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
F.Mustafa. Oqtay müəllim, məsələlərdən biri ilə bağlı fikrimi bildirmək istəyirəm. Burada həmkarlar ittifaqı ilə bağlı bir məsələ var. Deyilir ki, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülür.
Açığı, Oqtay müəllim, bu həmkarlar təşkilatı məsələsi gündəmə gələndə mən birinci növbədə bu gün Azərbaycanda ən çox qınaq obyekti olan məmurlarla bağlı məsələni gündəmə gətirmək istəyirəm. Hər dəfə işdən çıxan vaxt görürük ki, bütün işçilər saat 6 tamam olanda işdən çıxıb gedirlər. Məni həqiqətən sevindirir, bu bir mədəniyyət məsələsidir. Məmur 8 saat işləyibsə, vaxtında da işdən getməlidir. Amma Azərbaycanın əksər nazirliklərində, komitələrdə, hüquq mühafizə orqanlarında, – XIX əsrdən başlayaraq insanlar 8 saatlıq iş uğrunda mübarizə aparıblar, – buna əməl olunmur. Bunun bir yolunu tapmalıyıq. Bu məmurun da ailəsi var, saat 8-də mağaza bağlanır. Rəhbər şəxs yuxarıda oturursa, olsun da. İş çox olur. Sizin də müavinlərin də işi çox ola bilər, 10-a qədər oturmaq olar. Amma aşağı vəzifəli məmurun onsuz da maaşı çox deyil.
Yəni mən istərdim ki, həmkarlar ittifaqı bu məsələyə diqqət yetirsin. Məmurların hüququnun qorunması istiqamətində, doğrudan, ciddi addımlar atmaq lazımdır. Onlarca insan bundan şikayətlənir. Elə olur ki, saat 10-da işdən gələndə artıq uşaq yatır. Balaca uşaqdır, yatır, heç onu görə bilmir. Şənbə günü də işləməli olurlar. Bu çox ciddi problemdir. Biz sivil dövlət qururuqsa, nəhayət, bu məsələ üzərinə gəlinməlidir. 8 saatdan artıq kimi işlədirlərsə bu, istismar sayılmalıdır. Buna müəyyən mənada hüquqi münasibət bildirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Buna müəssisə rəhbərləri özləri baxmalıdırlar. Şükür ki, Milli Məclisdə bu qanun-qayda yerindədir. Saat 6-da bütün işçilər evlərinə gedirlər.
Xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 9-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 10-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 12-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 13-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 14-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 15-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 16-cı məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 17-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 18-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 19-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 20-ci məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 21-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 22-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 23-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 24-cü məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 25-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.37 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 26-cı məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 27-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 28-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 29-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.39 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 30-cu məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, xahiş edirəm, 32-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
25 dəyişikliyi ayrıca səsə qoyub qəbul etmək 15 dəqiqə çəkdi.
33-cü məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Ziyad  Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatlarını, onların ehtiyat hissələrinin, mühərriklərinin və güc qurğularının əlavə dəyər vergisindən azad olunması məqsədi ilə hazırlanmışdır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. İqbal Məmmədov buyursun, görək nə deyir.
İ.Məmmədov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Sevindirici haldır ki, Vergi Məcəlləsinin ölkəmizin iqtisadi inkişafı üçün mühüm yerə malik olan “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddəsinə yeni bir bəndin əlavə edilməsi təklif olunur. Bu kimi əlavələr yalnız alqışlanmalıdır.
Ancaq təəssüf ki, bu Məcəllənin bəzi bəndləri arasında uyğunsuzluq mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfat məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən başqa bütün növ vergi ödəyicisindən azaddır. Amma ötən il Vergi Məcəlləsinə dəyişiklik edərkən həmin qanun işləməsini məhdudlaşdıran 13.2.61-ci maddəni də qəbul etmişik. Belə ki, sadə dildə açıqlamış olarıqsa, bu maddəyə əsasən broyler quşları diri şəkildə satılarsa, kənd təsərrüfatı məhsulu adlanır və heç bir vergiyə cəlb olunmur. Kəsilib satılarkən isə kənd təsərrüfatı məhsulu sayılmır və avtomatik olaraq vergi obyektinə çevrilir.
Bildiyimiz kimi, broyler fabrikində yetişdirilmiş quşların texnologiyaya uyğun olaraq diri şəkildə satışı qadağandır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyim maddələri arasında yaranmış uyğunsuzluğu nəzərə alaraq, onlara yenidən baxılmasını təklif edərdim. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. O, bu məsələnin predmeti deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dediniz eşitdik, bu, gündəliyin məsələsi deyil. Gələcəkdə bunu nəzərə alarıq, indiki qanunun predmeti deyil.
Mən üzr istəyirəm, 25 qanun dedik, amma 31-ci məsələ yaddan çıxıb. Xahiş edirəm, 31-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.44 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi isə xahiş edirəm, 33-cü məsələyə – Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.45 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
34-cü məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Təqdim olunan qanun layihəsində Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissənin əlavə edilmişi təklif olunur: “Bu məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Cənab Sədr, 35-ci məsələ də “Torpaqların münbitliyi haqqında” Qanuna edilən dəyişiklikdir. İcazə verin, bunu da təqdim edim, sonra səsə qoyarıq.
“Torpaqların münbitliyi haqqında” Qanunun da 9-cu maddəsinə “Əkin yerinin yandırılması qadağandır” məzmununda ikinci hissənin əlavə olunması təklif olunur. Bu da onunla əlaqədardır ki, bu, təkcə kənd təsərrüfatına yararlı torpaqlar üçün deyil, həm də ətraf mühitə, insan həyatına ciddi təhlükə yaradır. Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqda baş verən təbii bərpa və münbitləşmə prosesi, eləcə də qida maddələrinin balansı pozulur. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Ona görə də verilən təklif yerindədir və xahiş edirəm, səsə qoyaq.  Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, 34-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 35-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.48 dəq.)
Lehinə 80
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 82
Nəticə: Yetərsay yoxdur

96 nəfər adam var. Bilirlər ki, hər kəs öz yerində səs verməlidir. Səs vermək də çətin məsələdir? Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.49 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

36-cı məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu məsələ Eldar müəllimin məruzə etdiyi qanunların məntiqi davamıdır. “Torpaqların münbitliyi haqqında” Qanunda qeyd olunur ki, əkin yerlərinin yandırılması məsuliyyətə səbəb olur. Bununla bağlı olaraq İnzibati Xətalar Məcəlləsinə yeni 244-1-ci maddə əlavə olunur. 244-1-ci maddəyə əsasən həm fiziki şəxslər, həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər əgər belə pozuntuya yol verərlərsə, mütənasib olaraq cərimə sanksiyaları ilə cərimələnəcəklər. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.50 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdəki sonuncu 3 məsələ bir məktubla daxil olub. Ziyad Səmədzadə, üçünü də məruzə edin, ayrılıqda səsə qoyarıq. Buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Avtomobil yolları haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri bir-biri ilə bağlı olduğundan və cənab Prezidentin bir məktubu ilə daxil olduğundan icazənizlə onları bir yerdə təqdim etmək istərdim.
Qeyd edim ki, bu dəyişikliklər uyğunlaşdırma xarakterlidir və 2016-cı il 16 dekabr tarixdə qəbul olunmuş “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunların tətbiqi məqsədi ilə hazırlanmışdır. Həmin qanunlarla avtonəqliyyat vasitələrinin parklanması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun qaydalar müəyyən edilmiş, parklanma yerlərinin yaradıldığı yollar, parklanma yerlərinin seçilməsi, həmin yerlərə tələblər, ödənişsiz və ödənişli parklanma yerləri, ödənişin həyata keçirilməsi, ayrı-ayrı nəqliyyat növlərinin parklanmasının xüsusiyyətləri müəyyən edilmiş, habelə parklanma haqqında qaydaların pozulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq “Avtomobil yolları haqqında” Qanunun 14-cü maddəsində “dayanacaqlar” sözü dəqiqləşdirilərək “ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin duracaq yerləri, parklanma yerləri” sözləri ilə əvəz edilir. 26-cı maddədə “meydançalara” sözü “parklanma yerləri” sözləri ilə əvəz edilir.
“Bələdiyyələrin maliyyələşməsinin əsasları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yerli büdcənin gəlirlərinin siyahısına yeni bir mənbə – bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait əlavə edilir.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilərək taksi minik avtomobillərinin sifariş gözləyərkən hər hansı ümumi dayanacaqlarda deyil, xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin  duracaq yerlərindən istifadə etməsi təsbit edilir. Bu da onunla bağlıdır ki, artıq İnzibati Xətalar Məcəlləsinin 322.0.8-ci maddəsində taksilərin xüsusi olaraq müəyyən edilmiş və işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədi ilə durmasına görə 50 manatadək cərimə nəzərdə tutulmuşdur. Millət vəkillərindən hər 3 qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, 37-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 38-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin sonuncu məsələsinə – 39-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasımız sona çatdı. Gələn iclas haqqında sizə xəbər veriləcək. Sağ olun.
 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU