
MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASİNDA
Dekabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi. Əvvəlcə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin yaranma zərurəti barədə ətraflı danışdı. Bildirildi ki, dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Son vaxtlar müxtəlif adlar altında ölkələrə zərərli ideyalar ixrac olunur, öz təxribatçı ideyalarına din donu geyindirən hərəkatlar sürətlə artır. Komitə sədri məhz bu səbəbdən belə şəxslərə qarşı cəzaların sərtləşdirilməli olduğunu vurğuladı.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 2-də V çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirildi. İclası açan komitənin sədri Ziyad Səmədzadə V çağırış Milli Məclisin deputatı seçilmələri münasibətilə komitə üzvlərini təbrik etdi, onlara qarşıdakı 5 ildə müvəffəqiyyətlər arzuladı.

VERGİ MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLDİ
Oktyabrın 16-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olundu.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR MÜZAKİRƏ OLUNDU
Oktyabrın 7-də Milli Məclisin Sosial siyasət Komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 2016-cı ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi, gələn il üçün yaşayış minimumu haqqında, 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilmişdir.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA “2016-CI İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ” MÜZAKİRƏ OLUNDU
Oktyabrın 7-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iştirakı ilə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 30-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin payız sessiyası dövründə ilk iclası keçirildi. Komitə sədri Nizami Cəfərov iclası açaraq, öncə Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi barədə fikirlərini söylədi. Bu sənədin qərəzli, heç bir reallığa söykənmədiyini bildirdi. Xalqımız tərəfindən narazılıqla qarşılandığını və təəssüf hissi doğurduğunu dedi. Milli Məclisdə bu qətnaməyə etiraz olaraq layiqli cavab verildiyini vurğuladı.

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 18-də Milli Məclisin Sosial siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxil edilmişdir. Gündəlikdəki birinci məsələ - “Sosial siyasət komitəsinin 2015-ci il yaz sessiyasının yekunları və 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı” barədədir.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov komitədə cari ilin yaz sessiyasının yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda 15 məsələ, o cümlədən 13 qanun layihəsi geniş müzakirə edilib.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Şəmsəddin Hacıyev 2015-ci ilin yaz sessiyası dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi. Qeyd olundu ki, ötən sessiya ərzində komitə səmərəli fəaliyyət göstərib, beynəlxalq qurumlarla əməkdaşlıq genişləndirilib.

TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNDƏ
Sentyabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti islası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlərin hər birini ətraflı şərh etdi. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olundu.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri payız sessiyasının başlanması münasibəti ilə həmkarlarını təbrik etdi. Sonra o, cari ilin ötən sessiyası dövründə komitənin fəaliyyəti barədə hesabat xarakterli məlumat verdi. Bildirildi ki, həmin dövrdə komitənin 6 iclası keçirilib, 10 qanun layihəsi hazırlanaraq parlamentdə qəbul edilib. Arif Rəhimzadə qeyd etdi ki, sessiya müddətində komitəyə 200-dən artıq məktub, ərizə və şikayət daxil olub, 655 vətəndaşın qəbulu həyata keçirilib və onların problemlərinin həllinə mümkün olan köməklik göstərilib.

TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ
İyunun 10-da Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəliyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” məsələ daxil edilib.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov iclas iştirakçılarının nəzərinə çatdırdı ki, gündəliyə iki məsələ - Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Mayın 20-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olundu.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Mayın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxılacaq.

MİLLİ MƏCLİSDƏ “REKLAM HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ
Martın 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Reklam haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.İclası açan komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, ölkədə reklamın inkişafını realizə edən sənəd parlamentdə 1997-ci ildə qəbul edilmişdi. Ötən 15 ildən artıq bir vaxtda Azərbaycanda sosial-iqtisadi sahədə çox ciddi dəyişikliklər həyata keçirilib. Ölkə iqtisadiyyatının davamlı inkişafı üçün böyük nailiyyətlər əldə olunub, iqtisadi həyatın bütün sahələrində tərəqqi müşahidə olunur. Reklam sahəsində də müəyyən uğurlarımız əldə olunub.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Nizami Cəfərov iclası açaraq bildirdi ki, gündəliyə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi barədə məsələ daxil edilib.

BAKIDA QDİƏT PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLDİ
Mayın 5-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi və siyasi məsələlər komitəsinin 45-ci iclası keçirildi.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 24-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər haqqında iclas iştirakçılarını məlumatlandırdı.Əvvəlcə komitə üzvləri “Reklam fəaliyyəti haqqında” qanun layihəsini müzakirə etdilər. Komitə sədri bildirdi ki, belə bir sənədin hazırlanması cəmiyyətdə geniş əks-səda doğurub.

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA
Aprelin 20-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Rəbiyyət Aslanova gündəlikdə olan “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi ilə bağlı ətraflı danışdı. Bildirildi ki, 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciət qaydaları haqqında” qanun tamamilə yenidən işlənmiş, sənədin birinci oxunuşda müzakirəsi zamanı millət vəkilləri və mütəxəssilər tərəfindən verilən bütün dəyərli təkliflər nəzərə alınmış, layihə daha da təkmilləşdirilmişdir.