Elm və təhsil komitəsinin iclasında

Komitə iclasları
08 aprel 2024 | 11:43   
Paylaşın:        

Aprelin 8-də Milli Məclisin Elm və təhsil komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.

İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirilib ki, gündəliyə ikinci oxunuşda olan iki qanun layihəsi - “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.

Qanun layihələri barədə geniş məlumat verən komitə sədri bildirib ki, təklif olunan dəyişikliklər ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin aztəminatlı təbəqələrindən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etməklə yanaşı bu kateqoriyadan olan insanların əhatə dairəsinin də genişləndirilməsinə zəmin yaradacaqdır. Qeyd olunub ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi, habelə ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının və həcminin ilbəil artırılması və digər islahatlar dövlət başçısının təhsilə, insan kapitalının inkişafına, xüsusən də sosial müdafiəyə ehtiyacı olan həssas əhali qrupuna aid edilən vətəndaşlara yüksək diqqətinin təzahürüdür.

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələrinə dair birinci oxunuşdan sonra komitəyə heç bir irad və təklif daxil olmamışdır.

Məsələlərin müzakirəsində Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitənin üzvləri Ceyhun Məmmədov, Etibar Əliyev və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

Müzakirənin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Eldar Quliyev, Anar İsgəndərov, Afət Həsənova, Müşfiq Məmmədli, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə, Tamam Cəfərova, Rafael Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU