2011-ci il 17 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ

PROTOKOLU № 15

Milli Məclisin iclas salonu.
17 may 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Xaqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Viktor Qasımov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sektor müdiri.
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Musa Ağamalıyev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş idarəsinin sektor müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım  haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli  928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
23. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə Müraciəti haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Azay Quliyev, Əli Əhmədov, Fəzail Ağamalı, Jalə Əliyeva, Sahib Alıyev, Qüdrət Həsənquliyev, Tahir Rzayev, İqbal Ağazadə, Bahar Mura-dova, Ziyafət Əsgərov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım  haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev, Gülər Əhmədova, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

4. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Rövşən Rzayev, Mübariz Qurbanlı, Jalə Əliyeva, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli  928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan  Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Rövşən Rzayev, Bəxtiyar Əliyev, Elmira Axundova, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

8. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev, Jalə Əliyeva, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

14. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  100
Nəticə: Qəbul edildi

15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış emişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  102
Nəticə: Qəbul edildi

19. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə Müraciəti haqqında.

Çıxış etmişlər: Azay Quliyev, Oqtay Əsədov, Musa Qasımlı, Mübariz Qurbanlı, Aydın Mirzəzadə, Fəzail Ağamalı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Rövşən Rzayev, Hadi Rəcəbli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Oqtay Əsədov, Fuad Muradov, Kamilə Əliyeva, Mübariz Qurbanlı, Əhliman Əmiraslanov, Leyla Abdullayeva, Aqiyə Naxçıvanlı, Əli Əhmədov, Səttar Möhbalıyev, Sabir Rüstəmxanlı, Şəmsəddin Hacıyev, Gülçöhrə Məmmədova, Abel Məhərrəmov, Səməd Seyidov, Asəf Hacıyev, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Jalə Əliyeva, Elmira Axundova, Astan Şahverdiyev, Siyavuş Novruzov, Ziyafət Əsgərov, Səttar Möhbalıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  93
Nəticə: Qəbul edildi

24. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Oqtay Əsədov, Leyla Abdullayeva, Əli Məsimli, Azay Quliyev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV


 

 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

17 may  2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 100
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli millət vəkilləri, müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirəyə başlamamışdan öncə icazə verin, “Eurovision–2011” mahnı müsabiqəsində qələbəyə görə sizin hamınızı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik eləyim. (Alqışlar.) Bu, bütün Azərbaycan xalqının qələbəsidir.
Mətbuatda bəzi fikirləri oxuyanda adam hərdən təəssüf eləyir. Ancaq sizə söyləyim ki, son 2 gün ərzində yalnız “Google”də Azərbaycanla bağlı axtarış 100 faiz olub. 2 gün ərzində bu, təxminən 800 milyon insan deməkdir. Görün, bu qələbə Azərbaycanı nə qədər məşhurlaşdırdı, nə qədər insanı maraqlandırdı. İnşallah, Allah qismət eləsin, “Eurovision–2012” mahnı müsabiqəsi Bakıda keçiriləndə Azərbaycan dünyada necə tanınacaq, görəcəksiniz.
Bu cür yaxşı bir notla iclasımıza başlayaq. Xahiş edirəm, müzakirəyə yazılın. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də Sizə qoşulmaq istəyirəm və ölkəmizi böyük, möhtəşəm qələbə  münasibətilə təbrik edirəm. Xüsusilə cənab Prezidenti təbrik etmək istəyirəm, çünki bu, ölkəmizin  adına yazılan ən böyük uğurdur. Bu müsabiqənin qəhrəmanları Eldar Qasımov və Nigar Camalı təbrik edirəm. Təbii ki, bu müsabiqənin təşkilində zəhmət çəkən hər kəsə, xüsusilə Heydər Əliyev Fondunun rəhbəri hörmətli həmkarımız Mehriban xanıma, eyni zamanda, Mədəniyyət və Turizm, Təhsil və İdman nazirliklərinə, İctimai televiziyaya göstərdikləri səyə, verdikləri əməyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Cənab Sədr, indi isə mən başqa bir Avropa haqqında danışmaq istəyirəm. Bu, Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə əlaqədardır. Düşünürəm ki, bu qətnamə bütövlükdə heç bir əsas və zərurət olmadan qəbul edilibdir. Mən bu qətnaməni obyektivlikdən kənar, tələsik və sistemsiz hazırlanmış, eyni zamanda, birtərəfli və qeyri-səmimi, xüsusilə yersiz bir sənəd hesab edirəm.
Nəyə görə? Birinci, ona görə ki, qətnamə qəbul ediləndən 9 gün əvvəl Avropa Parlamentinin və “Şərq Tərəfdaşlığı”na daxil olan 5 ölkənin iştirakı ilə Avronest Parlament Assambleyası təsis edildi. Çoxları ümid edirdi ki, Avropa Parlamenti ilə tərəfdaş ölkələr arasında bütün məsələlərin ikitərəfli və çoxtərəfli səviyyədə, qərəzsiz şəkildə müzakirəsi üçün məhz bu assambleya ən yaxşı platforma rolunu oynayacaq. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti 12 may qətnaməsi ilə ən azı Azərbaycanın bu təşkilata olan ümidlərini alt-üst etdi.
Avronest Parlament Assambleyasını  təsis edən ölkələrdən yalnız Azərbaycanı ayıraraq onun haqqında tələm-tələsik təxirəsalınmaz və vacib məsələlərin müzakirəsini nəzərdə tutan reqlamentin 122 saylı qaydasını tətbiq edərək heç bir əsas olmadan yanlış məlumatları özündə əks etdirən qətnamə qəbul edildi. Mən hesab edirəm ki, bu qətnaməni başqa cür adlandırmaq olmaz. Düşünürəm ki, üzv ölkələrin iştirakı olmadan bu cür sənədin qəbulu Avropa Parlamentinin obyektivliyinə xələl gətirməklə bərabər, Avronest Parlament Assambleyasının beynəlxalq əhəmiyyətini azaldır və onun gələcəyini sual altında qoyur.
İkinci, qətnamədə, qeyd etdiyim kimi, çoxlu sayda yanlışlığa yol verilmişdir. Misal üçün, qətnamənin 8-ci bəndində Ədliyyə Nazirliyinin Milli Demokratiya İnstitutunun fəaliyyətinə xitam verilməsi pislənilir. Hörmətli millət vəkilləri, mən bu məsələni xüsusi olaraq araşdırdım. Bildiyiniz kimi, ölkə qanunvericiliyinə  əsasən xarici QHT-in filial və nümayəndəlikləri yalnız qeydiyyata alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Lakin araşdırma zamanı məlum oldu ki, Milli Demokratiya İnstitutunun indiyə kimi, ümumiyyətlə, qeydiyyatı olmayıbdır. Yalnız dünən, yəni mayın 16-da, qətnamənin qəbulundan 4 gün sonra qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim ediblər. Belə çıxır ki, Avropa Parlamenti Ədliyyə Nazirliyini Milli Demokratiya İnstitutunun olmayan qeydiyyatına görə ittiham edibdir.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Sağ olun. Hörmətli Sədr, mən də burada səslənən təbriklərə qoşularaq ölkəmizin dünyanın ən mötəbər mahnı müsabiqəsində misilsiz qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik eləmək istəyirəm. Şübhəsiz, bu qələbənin iki müəllifi var. Bunların birincisi bizim gözəl ifaçılarımızdır, ikincisi isə Azərbaycanın bütün dünyanın gözü qarşısında son illərdə müşahidə olunan uğurları, yüksəlişi, inkişafıdır. Belə hesab edirəm ki, başda Prezidentimiz olmaqla Azərbaycan xalqının bu qələbə ilə qürur duymağa haqqı var.
Eyni zamanda, “Eurovision” müsabiqəsi mənim belə bir qənaətə gəlməyimə əsas verib ki, görünür, Avropanın sadə insanları onun bir çox siyasətçilərindən daha obyektiv, daha ədalətlidirlər. Mən bu sözləri Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə əlaqələndirirəm. Bu qətnamənin həddindən artıq qeyri-obyektiv, qərəzli və ədalətsiz olması haqqında sübutlar, dəlillər gətirməyə elə də ehtiyac yoxdur. Baxmayaraq ki, bunlar da səsləndirilir. Hesab edirəm ki, bu qətnamə Azərbaycanın reallıqları və gerçəklikləri ilə daban-dabana ziddiyyət təşkil edir.
Digər tərəfdən, bu qətnamənin ruhu, məzmunu, xarakteri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın da xarakterinə və mahiyyətinə uyğun gəlmir. Azərbaycan və Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq formalaşıbdır. Biz belə hesab edirik ki, hər bir əməkdaşlıq iştirakçı tərəflər üçün faydalı olmalıdır. Azərbaycan bu əməkdaşlıqda öz üzərinə düşən öhdəlikləri layiqincə və vicdanla yerinə yetirib. Eyni sözləri digər tərəf haqqında demək mümkün deyil. Avropa İttifaqı Azərbaycana hər hansı bir maliyyə yardımı göstərmir, Azərbaycanda heç bir layihənin maliyyələşməsini həyata keçirmir. Avropa İttifaqı, eyni zamanda, Azərbaycanın üzləşdiyi ədalətsizliyin, təcavüzün aradan qaldırılması istiqamətində də bir neçə deklarativ  bəyanatlardan savayı hər hansı ciddi addım atmayıbdır.
Belə çıxır ki, bu iki tərəf arasında əməkdaşlıq ondan ötrüdür ki, Azərbaycan öz imkanları çərçivəsində lazım olan öhdəliklərini yerinə yetirsin. Azərbaycan bunu edir. Avropa İttifaqına gəldikdə isə o belə hesab edir ki, bu əməkdaşlıqdan onun üzərinə düşən vəzifə yeri gəldi, gəlmədi, əsas oldu, olmadı, Azərbaycana qarşı tənqidlər, ittihamlar irəli sürməkdir. Xüsusilə də bu ittihamlar, bu tənqidlər qərəzli, qeyri-obyektiv olduqda Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti bunu qəbul etmir. Təbii olaraq Azərbaycan tərəfi bu əməkdaşlıq Azərbaycana nə verir, Azərbaycanın maraqlarına nə dərəcədə uyğun  gəlir sualı üzərində düşünür.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı buyursun.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, Eldar Qasımovun və Nigar Camalın millətimizin hər bir nümayəndəsinə böyük sevinc bəxş edən, Avropada mənəvi dünyamızın, mədəniyyətimizin təntənəsi kimi diqqəti cəlb edən uğuru hər bir azərbaycanlı kimi məni də ürəkdən sevindirdi. Bu qələbə hər bir azərbaycanlının baş ucalığı kimi diqqəti cəlb etməkdədir. Bu qələbə münasibətilə mən bütün Azərbaycan xalqını, Prezidentimiz cənab İlham Əliyevi, maddi və mənəvi mədəniyyətimizin nümayəndəsi olan hörmətli həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı, Eldarı və Nigarı, eyni zamanda, bu işdə əziyyət çəkən hər bir insanı ürəkdən təbrik edirəm və bu uğur münasibətilə bütün Azərbaycan xalqına gözaydınlığı verirəm.
Əlbəttə, mən Əli müəllimin bu fikri ilə tamamilə şərikəm ki, Avropada yaşayan sadə insanlar hadisələrə daha obyektiv qiymət verməyi bacarırlar, nəinki bu məkanda fəaliyyət göstərən siyasətçilər. Uzun illərdən bəridir ki,  Avropanın ayrı-ayrı təşkilatları, ayrı-ayrı dövlətləri Azərbaycana qarşı ikili standartlarını davam etdirməkdədirlər. Bunun növbəti təzahürü bu yaxınlarda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə oldu. Bu qətnamə, əslində, heç bir araşdırmaya, heç bir təhlilə söykənməyən qərəzli, qeyri-obyektiv və xəstə təxəyyülün ifadəsindən başqa bir şey deyildir. Belə hallara hər zaman Milli Məclis özünün kəskin münasibətini bildiribdir. Mən bu məsələnin ətrafında geniş dayanmaq istəmirəm. Hörmətli cənab Sədr, təklif edirəm ki, Avropa Parlamentinə Milli Məclisimizin etirazını ifadə eləyən bir bəyanat qəbul edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva buyursun.
J.Əliyeva. Təşəkkür edirəm. Mən də, təbii ki, məndən əvvəl səslənən təbriklərə qoşuluram və bu, həqiqətən, böyük qürur verən möhtəşəm bir qələbə idi. Bu qələbədən sonra hamımız daha əzəmətli bir qələbəyə köklənmişik. Bu qələbənin adı Qarabağ məkanı, Cıdır düzü, komandanı isə möhtərəm Prezidentimiz İlham Əliyev olacaq. Buna inamımız tam, əminliyimiz isə şəksizdir. Ölkə Prezidenti keçən həftə növbəti dəfə bölgələrə, eyni zamanda, təmsilçisi olduğum Zərdab rayonuna səfər etdi. Cənab Prezident ölkənin bütün bölgələrini, Bakı və Bakı ətrafı kəndləri qarış-qarış gəzir, hər bir vətəndaşı dinləyir, onların problemləri ilə maraqlanır. Vətəndaşlardan gələn təkliflərə, xahişlərə diqqətlə yanaşır. Azərbaycan dövləti hər bir vətəndaşını düşünür. Bütün işlərdə insan amilini ön plana çəkən ölkə Prezidentinin rəhbərliyi ilə insanlarımızın daha yaxşı, daha firavan bir həyata qovuşması üçün əhəmiyyətli tədbirlər görülür.
Bundan bir neçə ay əvvəl dövlət başçısı məcburi köçkünlərin mənzil şəraitinin yaxşılandırılması ilə bağlı növbəti sərəncam verdi. Hamımıza məlumdur ki, 2007-ci ildən etibarən ölkədə bütün çadır şəhərciklər ləğv edilib və məcburi köçkünlərin mənzil problemi tam həllini tapıb. Lakin ümumilikdə ölkədə mənzil problemi qalır, aztəminatlı ailələrin, müxtəlif səbəblərdən evindən məhrum olmuş insanların mənzil problemi mövcuddur.
Bir müddət bundan əvvəl büdcə müzakirə edilərkən hörmətli həmkarımız Əli Əhmədov bu problemin həlli üçün təkliflər irəli sürmüşdü. Daha sonra müxtəlif vaxtlarda həmkarlarımız, o cümlədən mən də bu problemi dilə gətirdik və onun həlli üçün optimal təkliflər irəli sürdük. Oqtay müəllim, hər il Milli Məclisdə büdcəyə əlavə və dəyişikliklər edilir. Bu il də gözlənilən əlavə və dəyişikliklər zərfinə haqqında danışdığımız mənzil məsələsinin də daxil edilməsi üçün əməli tədbirlər görülməsini Sizdən xahiş edirəm. Diqqətinizə görə sağ olun. Bir daha hamınızı qələbə münasibətilə təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev buyursun.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli Sədr, dəyərli millət vəkilləri! Mən də öz növbəmdə hər bir azərbaycanlını “Eurovision” yarışmasında birinci yerə çıxmamız münasibətilə təbrik edirəm. Bu yarışmadakı uğurlarına görə bizim Eldarla Nigar alqışa nə qədər haqq edirlərsə, məncə, onlardan daha çox buna haqqı çatan bir tandem var. O da dövlətimizin başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, həmkarımız Mehriban xanım Əliyevadır. Niyəsini açıqlamağa elə bir ehtiyac olmasa da, yenə də bununla bağlı bir neçə kəlmə söyləmək istərdim.
“Eurovision” bir musiqi yarışması olsa da, dəfələrlə deyilib ki, musiqi burada aysberqin görünən tərəfidir. Bu müsabiqədə uğur qazanmaq üçün hərçənd səs də, performans da  lazımdır, amma ötən illərin təcrübəsi və builki yarışma da göstərdi ki, burada yarışmaçının hansı ölkəni təmsil etməsi, onun ölkəsindəki durum, dünya dövlətləri arasındakı yeri, imici, orada mədəniyyətə və istedadlara qayğı kimi faktorlar az rol oynamır. Önəmli olan faktorlardan biri də bu yarışmaya qatılan ölkənin digər dövlətlərdəki təmsilçilərinin milli maraqlar ətrafında topalanma səviyyəsi və vətənpərvərlikləridir.
Deyilənlərlə bağlı bir neçə faktı diqqətinizə çatdırmaq istərdim. Bu yarışmada qardaş Türkiyə ilə yanaşı, Rusiya da bizə ən yüksək bal – 12 xal verdi. Eyni zamanda, Yunanıstan və yunan Kiprinin verdikləri ballar da yetərincə yüksək idi. Bu nə deməkdir? Bu o deməkdir ki, milli liderimizin “biz dostları qardaşa, neytralları dosta çevirməli, düşmənləri isə ən azından neytrallaşdırmalıyıq” sözləri unudulmur. Bu siyasət indi də uğurla həyata keçirilir. Yəqin, izləyənlər bilirlər, erməni saytlarında “Eurovision” yarışmasında yaşananları az qala növbəti milli faciələri kimi qiymətləndirərək buna iki azərbaycanlı musiqiçinin uğurundan daha çox iki ölkə arasında gedən ideoloji savaşda, diaspora ilə iş məsələlərində Azərbaycanın Ermənistanı üstələməsi kimi yanaşırlar.
Bu fonda diqqətçəkən məsələlərdən biri də əldə edilən uğurla bağlı xalqımızın davranışı və onun dünya mediasına yansımasıdır. “Eurovision” yarışmasından bir gün sonra televiziyalardan birində xəbər buraxılışından öncə bu qələbəni gecə saat 4-də Bakı küçələrində qeyd edən azərbaycanlılar haqqında süjet getdi. Onun ardınca isə başqa bir süjetdə Qahirənin yenə də daş-kəsək dolu küçələri və bir-birinə basqın edən adamlar göstərildi. Təbii ki, misirlilərə acıdım, amma ondan da dəfələrlə çox xalqım, ölkəm və dövlətimlə qürur duydum. Rəbbimə şükürlər etdim ki, nə yaxşı mən insanların bir-birini daş-qalaq edərək özlərinə yadları güldürdüyü bir məmləkətdə deyil, iki gənc təmsilçisinin uğurunu gecədən xeyli ötmüş olsa da, əllərində bayraq küçələrə çıxıb bir-birini qucaqlayaraq bayram edən əmin-amanlığın olduğu bir ölkədə yaşayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma Sahib müəllim, Siz bizim üçün həmişə eyni mövqe sərgiləyən Maltanı yaddan çıxardınız. O da bizə 12 xal vermişdi. Eyni bayram əhvali-ruhiyyəsi yalnız Bakıda yox, Moskva şəhərində də duyulurdu. Mən dünən Sankt-Peterburqda idim. Orada azərbaycanlılar səhərə kimi bu bayramı qeyd etdilər. İclasa gələn 8 ölkənin spikeri Azərbaycanı bu qələbə münasibətilə təbrik edirdi. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! Doğrudan da, böyük qələbədir. Bizim gənc istedadlarımız Eldarla Nigar çoxdan belə bir qələbə arzusunda olan Azərbaycan xalqına qələbə dadızdırdılar. Mən buna görə onlara minnətdaram. Amma bizim gənclər siyasəti ilə məşğul olan şəxslər bizim gəncləri elə hazırlamalıdırlar ki, onlar ən kiçik bir imkan olanda belə Azərbaycanın problemlərindən, dərdindən danışsınlar. Məsələn, bu gənclərə “siz Ermənistanda konsert verə bilərsinizmi” sualı veriləndə, məncə, onlar deməməlidirlər ki, mahnı sərhəd tanımır, bu mümkündür. Ən azından deməlidirlər ki, bilirsiniz, qonşu Ermənistan bizim torpaqlarımızın 20 faizini işğal eləyib, bir milyon qaçqınımız var. İnşallah, onlar bizim torpaqları azad eləyəndən, sülh bağlanandan sonra biz Ermənistanda da konsert verərik. Bu sözləri deməyə oxumaqdan fərqli olaraq böyük talant tələb olunmur. Mən bu məsələni yeri gəlmişkən dedim. Əminəm ki, bundan sonra da bizim gənclərimiz bu cür mötəbər tədbirlərdə öz istedadları, qabiliyyətləri ilə qalib gələcəklər. Hər bir azərbaycanlı bizim ən böyük problemimiz olan Dağlıq Qarabağ barədə danışmağı yaddan çıxarmamalıdır.
Bədxahlarımız bu qələbədən çox pəjmürdə, dilxor olublar. Hətta bu qələbədən də Avropada əleyhimizə istifadə etməyə çalışırlar. Razılaşdırılmamış 2 aprel aksiyasından sonra Azərbaycanda bir qrup gənc həbs olunub. Bu gün o gəncləri mitinqə çağıranlar, yəni İctimai Palatanın koordinasiya şurasının üzvləri Yesentukidə dincəlirlər. Amma, Oqtay müəllim, Sizi əmin edirəm ki, o uşaqların valideynlərinin çoxunun onları həbsxanada ziyarət eləməyə imkanları yoxdur. Mən inanmıram ki, bundan sonra o insanların çağırışı ilə kimsə bir də küçəyə çıxar. Ona görə də istərdim ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinə müraciət eləsin, böyük bir  alicənablıq nümayiş etdirsin. Azərbaycanda böyük bayram əhvali-ruhiyyəsi var. Biz bir il “Eurovision”a hazırlaşmalıyıq. Mən əminəm ki, Azərbaycanda bu tədbir gözəl təşkil olunacaq. İmkan verməyəcəyik ki, bədxahlarımız bundan Azərbaycana qarşı istifadə eləsinlər. Həmin gənclər azadlığa buraxılsın, onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Bu da bayrama bir bayram qatmış olar və Azərbaycan xalqının birliyinə, həmrəyliyinə xidmət edərdi. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, mən də burada səslənən təbriklərə qoşuluram və elə bilirəm ki, bizim qələbələrimiz bundan sonra da davam edəcək. Ali baş komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə biz Qarabağı azad eləyəndə bütün dünya bizi bir daha təbrik edəcək.
Bu günlərdə hörmətli Prezidentimiz Ağcabədi rayonunda oldu. Çox fərəhli haldır ki, o, 9 obyektdə bilavasitə iştirak etdi. İki böyük süd məhsulları emalı zavodunun, 25 kilometrlik magistral yolun, eləcə də Şahmat məktəbinin açılışında, bir böyük xəstəxananın, 204 çarpayılıq müasir tipli xəstəxananın təməlqoyma mərasimində iştirak elədi. Muğam Mərkəzində oldu, Heydər parkını gəzdi, insanlarla söhbət elədi. Əlbəttə ki, bu yalnız bir Ağcabədi üçün xarakterik deyil, bütün regionlarda belə sürətli inkişaf var.
Çox təəssüflər olsun ki, bizi istəməyənlər bu gün bu inkişafdan narahatdırlar. Avropa Parlamentini də belə qurumlar siyahısına daxil etmək olar. Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi qətnamə, həqiqətən də, faktlara əsaslanmır. Əgər bir çox ölkələrdə müharibə gedirsə, Avropanın özündə müəyyən iğtişaşlar varsa, orada insanların azadlıqları pozulursa, mətbuat, söz azadlığı ciddi şəkildə məhdudlaşdırılırsa, onlar haqqında Avropa Parlamenti belə qətnamələr qəbul etmir. Ancaq bu gün inkişaf eləyən, dünya tərəfindən qəbul olunan Azərbaycan haqqında belə bir qətnamənin qəbul olunması, mən deyərdim, bir riyakarlıqdır, həm də Azərbaycanla Avropa İttifaqı arasında olan əməkdaşlığa bir zərbədir. Mən də həmkarlarım kimi bu qətnaməni pisləyirəm. Yeni Azərbaycan Partiyasının bu barədə verdiyi bəyanata qoşuluram və bütün ictimaiyyəti də bu bəyanata səs verməyə çağırıram. Çox sağ olun.  
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Burada həmkarlarımız tərəfindən çox təbriklər səsləndi və mən də həmin təbriklərə qoşuluram. Hesab edirəm ki, Azərbaycanın tanınması, Azərbaycanın dünya xalqları içərisində mədəni və sivil qaydada öz yerinin olması üçün bu faktdan kifayət qədər ciddi istifadə edəcəyik və bu fürsətdən istifadə eləyib haqqımızda yanlış fikirdə olanların fikirlərini dəyişə biləcəyik.
Burada həmkarlarım Avropa İttifaqı Parlamentinin bəyanatından danışdılar. Dəfələrlə burada “hansı addımları atmaq və hansı addımların qarşısını almaq lazımdır”  mövqeyi ilə çıxış eləyəndə elə buna əsaslanırdıq ki, sabah hansısa beynəlxalq biliklər məhz bu faktlardan istifadə eləyib Azərbaycan əleyhinə bəyanatlar verəcəklər. Bəli, dəfələrlə burada qeyd etmişik, Bakı Şəhər İcra Hakimiyyəti “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunu pozur. İnsanlar sərbəst toplaşma azadlığı hüququndan istifadə eləmək istəyirlər. Nəticədə hakimiyyət həbs eləyir və biz sonra Avropa İttifaqını qınayırıq. Avropa İttifaqı niyə qınanılmalıdır? Avropa İttifaqı fakta, həbs olunan gənclərin məsələsinə münasibət bildirib.
Bir ənənə halını alıb. Həbs olunan gənclər və digərləri narkotika ilə, yaxud şərləmə ilə həbs olunurlar. Universitet tələbəsi Cabbar Savalanlının qanında heç bir narkotika əlaməti yoxdur, amma narkotik maddə ilə şərlənib içəri qoyulub. Bu hadisə Qənimət Zahid, Mirzə Sakitlə bağlı da baş vermişdi. Belə şeylərə görə, təbii ki, Avropa İttifaqı yazasıdır.
O gəncin həbsi nəyi dəyişir? O, Azərbaycanda dəhşətli dərəcədə çevriliş və ya terror hazırlayan bir gənc idimi ki, heç nədən şərlənib içəri qoyulur? Onun ailəsi yeməyə, uşağının yanına getməyə pul tapmır. Buna görə, hesab edirəm, bu cür məsələləri yığışdırmaq lazımdır ki, Avropa İttifaqı və ikili standartla yanaşanların hamısı dediyiniz standartları bu və ya digər şəkildə dəyişsinlər. Kifayət qədər bu tipli faktlar var və bunlar beynəlxalq aləmdə ölkəmizin, dövlətimizin əleyhinə işləyir. Mən hesab edirəm, hakimiyyət bütün bunların hamısını ciddi şəkildə nəzərə almalıdır. Keçən dəfə Milli Məclisdə səsləndirdiyim fikrə bir daha qayıdıram, parlament 28 may ərəfəsində amnistiya aktı ilə çıxış etsin ki, müstəqilliyimizin 20 illiyi ərəfəsində bu cür hallar aradan qalxsın. Elə etmək lazımdır ki, nə Avropa İttifaqı, nə də digər beynəlxalq təşkilatlar üzərimizə gəlsin. Hamı deyir ki, Avropa çox yaxşı səs verdi, sonra da dalınca deyirlər ki, Avropa...
Sədrlik edən. Hörmətli İqbal müəllim, Avropa yalnız Avropa siyasətçiləri demək deyil. Avropa başqa şeydir. Mənim çıxış eləmək fikrim yox idi, amma bir-iki kəlmə demək istəyirəm. Çox təəssüf olsun ki, Azərbaycana qarşı hər hansı bir kiçik narazılıq, qətnamə olan kimi bəzi müxalifət təmsilçiləri bundan rupor kimi istifadə eləyirlər. Siz və digərləri deyirsiniz ki, Avropa İttifaqı düzgün hərəkət eləyir, Azərbaycanda insan hüquqları pozulur. Dünyanın bir çox ölkələrində yüzlərcə insanın hüquqları pozulur, mitinqlərdə onları gülləbaran edirlər, atların ayaqları altına salırlar, onların haqqında bu cür qətnamə yoxdur. Amma Azərbaycanda bir mitinq imitasiyası olmuşdu, ona görə “insan hüquqları pozulub” adı altında belə qətnamə qəbul edirlər.
Bunun səbəbi onlar deyil. Bunun əsas səbəbi odur ki, Azərbaycanı istəyənlər, istəməyənlər var. Azərbaycanı istəməyən qüvvələr Azərbaycanın inkişafını, Azərbaycan dövlətinin güclənməsini görürlər və özlərinin bütün imkanlarından istifadə edərək Azərbaycana xaricdən problemlər yaratmaq istəyirlər. Amma Azərbaycan heç vaxt, mən adlarını demək istəmirəm, “otur-dur”la hərəkət edən oyuncaq dövlət olmayacaq.
Azərbaycan dövlətinin Prezidenti tamam başqa yol seçib. Azərbaycan dövlətinin Prezidenti müstəqil siyasət aparır və inanıram ki, bu siyasəti axıra kimi aparacaq. Bu müstəqil siyasət bir çoxlarının xoşuna gəlmir, ona görə bu siyasətə və Azərbaycana təsir eləmək üçün həmin ikili standartları tətbiq edirlər. Bunun əsas səbəbi budur. Heç kim istəmir ki, Azərbaycan – böyük enerji ehtiyatları olan kiçik bir dövlət özü müstəqil siyasət aparsın. Hamı istəyir ki, Azərbaycanda öz təsir qüvvəsini göstərsin.
İkinci, erməni diasporunun gücünü də, imkanını da bilirsiniz. Hətta az qalır ki, bəzi hallarda Amerikanın siyasətini də müəyyən istiqamətə yönəltsin. Biz bu məsələləri diqqətə almalıyıq. Azərbaycana təsir eləmək üçün qəbul edilən qətnamələr mənim üçün o qədər də vacib deyil. Mən millət vəkillərinin fikirləri ilə razıyam ki, Milli Məclis müraciət hazırlasın. Yəqin, bir komissiya yaradacağıq və Avropa Parlamentinə öz etirazımızı bildirəcəyik.
İndi həmkarlarımız öz fikirlərini dedilər. Biz, həqiqətən, bu yaxınlarda Avronest Parlament Assambleyasına üzv seçildik. Bizim həmkarlarımız orada iştirak edirdilər. Əgər Azərbaycana qarşı hər hansı bir narazılıq var idisə, bunlar ilk növbədə Avronest Parlament Assambleyası çərçivəsində bu məsələləri ortaya çıxarmalıydılar, axı bu, “Şərq Tərəfdaşlığı” proqramıdır. Yoxsa bir-iki yaşıllar, qırmızılar partiyasının təsiri ilə gündəliyə məsələ çıxarıb belə qətnamə qəbul eləmək Azərbaycana qarşı həqarətdir və mən bunu düzgün saymıram.  Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən düşünürəm ki, 2 apreldə Azərbaycanda mitinq keçirilməmişdi, Azərbaycanda mövcud qanunların və ictimai asayişin pozulması halı baş vermişdi. Mitinqin keçirilməsi şərtləri var. Biz qanunda o şərtləri qəbul etmişik və mən ona uyğun gələn hər hansı bir hərəkəti orada müşahidə etmədim. Hər şeyi adı ilə çağırmaq lazımdır, onda dəyərləndirmə daha düzgün və obyektiv qəbul olunur.
Azərbaycanda bir qrup insanın arasında artıq belə bir ənənə özünə möhkəm kök salıb ki, kimsə cinayət hadisəsinə, törətdiyi əmələ, hüquq pozuntularına görə məsuliyyətə cəlb olunursa, dərhal onun siyasi mənsubiyyəti üzə çıxır və yaxud da qələm əhli olduğu qabardılır. İnsanı hər vəchlə məsuliyyətdən azad etmək və bu alınmayanda isə ondan Azərbaycana qarşı bir fakt kimi istifadə etmək ənənəsi artıq formalaşıb.
Çox təəssüf ki, bir az da uzaqlara gedərək həmin Avropa Parlamenti də daxil olmaqla bir çox beynəlxalq təşkilatlara məhz həmin dairələrin nümayəndələri tərəfindən ardıcıl bu faktlardan Azərbaycana qarşı istifadə olunması tələbləri, xahişləri göndərilir. Azərbaycanda belə bir zərərli ənənə də var. Avropa Parlamentinin qəbul etdiyi bu sənədlər də çox təəssüf ki, bu kimi halların zərərli ənənə olduğunu arxa plana ataraq onu da özlərinin məqsədlərinə xidmət edən bir hal kimi qəbul etmələri nəticəsində meydana çıxır.
Mən də Avropa Parlamentində qəbul olunan bu qətnaməyə öz kəskin etirazımı bildirirəm. Hesab edirəm ki, tərəflər bir-biri ilə qarşılıqlı münasibətdə olmalıdırlar. Bir tərəfin öhdəliyi digər tərəfin üzərində hakim ola bilməz və hər kəs öz öhdəliyinə məsuliyyətlə yanaşmalıdır. Əli müəllim çox gözəl qeyd elədi, mən onun fikirləri ilə şərikəm və hesab edirəm ki, Yeni Azərbaycan Partiyası vaxtında belə bir müraciəti etdi. Eyni mövqeyi digər siyasi partiyalardan da gözləyirik, onlar da öz mövqeyini ortaya qoysunlar.
Diasporla iş məsələsinə toxunmaq istərdim. Bu günə kimi bir çoxumuz söyləmişik ki, erməni diasporu, erməni lobbisi güclüdür. Bəzi hallarda bunlar doğru olub. Amma siz artıq hiss edirsiniz ki, getdikcə Azərbaycan diasporu, Azərbaycanın mövqeləri güclənir. Bu, Azərbaycan dövlətinin son 20 ildə apardığı ardıcıl siyasətin nəticəsidir. Bu, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun və ardıcıl siyasi fəaliyyətin nəticəsidir.
Bu gün mən harada, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə təkcə bizim musiqimizin, mədəniyyətimizin, dövlətimizin qələbəsi deyil, bütün azərbaycanlıların birliyinin qələbəsidir. Bu həm də onu göstərdi ki, biz istəyəndə güclü ola, bütün imkanlarımızı səfərbər edib bir nöqtəyə, bir hədəfə vura bilirik. Bu qələbə həm də bizə həmrəyliyin, türk dünyası ilə birliyin nümunəsini göstərdi.
Mən cənab Prezident, xüsusilə Heydər Əliyev Fondunun prezidenti başda olmaqla bu işdə əməyi olan hər kəsə təşəkkür və minnətdarlığımı bildirirəm. Biz bu faktdan beynəlxalq aləmdə azərbaycanlıların birliyinin daha da möhkəmləndirilməsi üçün istifadə etməliyik. Biz dünyada azərbaycanlıların yaratdığı təşkilatların dəyərini və qiymətini verməliyik. Onların da rolu çox olmuşdur. Biz bu kimi uğurlardan məhz diaspor işinin gücləndirilməsi üçün istifadə etməliyik. Mən, eləcə də, buna cavabdeh olan bütün qurumlara fəaliyyətlərinə görə təşəkkür edirəm. Bir daha Azərbaycan xalqını təbrik edirəm. Həm də hesab edirəm ki, ruhdan düşmək lazım deyil, belə halların qarşısında Azərbaycanın böyük uğurları dayanır. İnanın ki, bir ildən sonra o qətnamənin qəbulunda iştirak eləyən ölkələrin nümayəndələri Azərbaycandakı mövcud durumu gördükdən sonra öz siyasətçilərinin nə qədər böyük səhv etdiklərini anlayacaqlar. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim də söz istəyir, çünki Avronest Parlament Assambleyasına biz üzv olanda qrupun rəhbəri kimi orada iştirak edib, qol çəkib. Buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Avropa Parlamentində bu cür qətnamənin qəbul olunması, sözsüz ki, bizim Avropa Parlamenti ilə olan münasibətlərimizin ruhuna qətiyyən uyğun gəlmir. Bizim, həqiqətən, Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı proqramı” çərçivəsində çox yaxşı münasibətlərimiz var, amma təəssüf edirəm ki, belə qətnamələr üzə çıxır. Belə qətnamələr nədən üzə çıxır? Hörmətli cənab Sədr bunun əsas səbəbini burada vurğuladı.
Mən qeyd eləmək istəyirəm ki, may ayının 3-də biz Brüsseldə Avronest Parlament Assambleyasının təsis aktını imzalayanda o, 9 maddədən ibarət idi. Həmin aktın 6-cı maddəsində göstərilir ki, Avronest Parlament Assambleyası Avropa Parlamenti ilə birgə fəaliyyət göstərir və təsis aktının 2-ci maddəsində göstərilən 4 məsələ birgə həll olunacaq. Bura energetika,  demokratiya, insan hüquqları, qanunun aliliyi, iqtisadi əlaqələr daxildir. Hətta mən orada cənab Buzekdən soruşdum ki, 2-ci maddədə sadalanan və başqa məsələlərin həlli bizim iştirakımız olmadan mümkündürmü? Dedi ki, bütün məsələlər sizin iştirakınızla həll olunacaq, Avronest elə bunun üçün yaranıb. Amma nəticə nə oldu? Yenə ikili standart, yenə Azərbaycana arxadan zərbə. Yəni hələ bu imzanın mürəkkəbi qurumamış artıq buna başlayıblar.
Hesab edirəm ki, bu gün Avropa Parlamentinin bu cür qətnaməni qəbul etməsi çox təəssüf doğuran bir haldır. Mən də o fikirlə razıyam ki, biz bir müraciət qəbul eləməliyik və kəskin fikirlərimizi də orada bildirməliyik.
Orada bizim fransız deputatları ilə söhbətimiz oldu. Onlar dostluq qrupunun üzvləri idilər. Onlardan biri mənə söylədi ki, mən həmişə arzulamışam, Qərb, xüsusilə Avropa İttifaqı, NATO, digərləri Sovet İttifaqının yolu ilə getməsin. Çox təəssüf edirəm, bu gün Qərb deyəndə nə başa düşülür? Jandarm başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar və kimə necə istəyirlər, elə də tətbiq edirlər. Reallıq budur, bunu bilmək lazımdır. Onların dedikləri budur: güc də, bütün resurslar da bizdədir, biz necə diktə ediriksə, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, artıq bunu biz özümüz müəyyən edirik.
Onda sual olunur, yaxşı, belə olan halda  bizi bura niyə dəvət edirsiniz? Biz bura nə üçün gəlmişik? Biz bura gəlmişik ki, əgər problem varsa, gəlin, oturaq bir yerdə müzakirə eləyək. Neft, qaz lazım olanda Azərbaycan Prezidentinin üstünə qaçırsınız, amma Azərbaycanda iki nəfər cinayətkar tutulan kimi o saat qeyri-hökumət təşkilatları ilə işləyirsiniz. Bu da Azərbaycanın işidir, gəlin, Azərbaycan dövləti ilə iş görün də. Axı, biz bunu yaratdıq ki, əgər problem varsa, bir yerdə müzakirə eləyək. İkili standart nəyə lazımdır? Hər hansı bir məsələ sərf eləyəndə bir mövqedən  yanaşırsınız, sərf eləməyəndə başqa mövqedən.
Mən sizə açığını deyim, bu gün “Nabucco” layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. O layihənin həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan qətnamələr qəbul eləyirlər. Nabucco Qərbin öz layihəsidir, buyursun, həyata keçirsin. Azərbaycan buna heç vaxt etiraz eləməyib. Amma bundan istifadə eləyib Azərbaycandan əlavə güzəştlər qoparmaq və bu da olmayanda insan hüquqları, demokratiya, nə bilim, qanunun aliliyi adı altında Azərbaycana təzyiq eləmək, vallah, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb, amma bizim öz standartlarımız var. Axı, insanla belə danışmaq olmaz. Özü də bədbəxtlik burasındadır ki, bunu açıq deyirlər.
Orada bir nahar verildi. Söhbət zamanı cənab Buzekdən soruşuram ki, Siz ayın 20-də Bakıya gəlirsiniz, Azərbaycanla bağlı nə təəssüratlarınız var? Dedi ki, mən o mitinqlər haqqında eşitmişəm, mənə belə deyirlər. Deyirəm ki, Siz Polşanı, mən də Azərbaycanı təmsil edirəm. Siz həm də Avropa Parlamentinin sədrisiniz. Deməli, “Mülki və siyasi hüquqlar haqqında” Paktda 4 bənd sadalanıb. Əgər dövlətin milli təhlükəsizliyi, ictimai asayişlə bağlı təhdidlər varsa, mitinqlərin müəyyən mənada qarşısı alına bilər. Buna siz də qoşulmusunuz, biz də. Necə olur, İspaniyada, Polşada, Yunanıstanda olanda qarşısını alırsınız, amma Azərbaycanda olanda həmin pakt işləməyə başlayır? Bunu biz hamımız imzalamışıq da, hamısı da eynidir. Yenə ikili standartlar.
Ona görə mən bir daha o fikirdə qalıram ki, bu gün beynəlxalq hüquq işləməsə də, kağız üzərində olsa da, hər halda biz çalışmalıyıq ki, Azərbaycan beynəlxalq hüququn normalarının və prinsiplərinin işləməsinə nail olsun.
Bir məsələni də qeyd eləyim, hörmətli cənab Sədr də onu dedi. Mən şəxsən 10 ildir, Avropaya gedib-gəlirəm. Erməni diasporu, erməni qüvvələri kimi stereotipi sındırmaq, bundan qurtarmaq lazımdır. Görürsünüz, mütəşəkkil iş görəndə hər şeyə nail olmaq mümkündür. Bizim musiqiçilərimiz, iki cavan balamız orada çox böyük müvəffəqiyyət qazandı. Harada idi erməni diasporu? Heç yarımfinaldan çıxa bilmədilər. Birləşib səs verəydilər də. Bunu çox şişirtmək lazım deyil. Vallah, işləyəndə görürsən ki, erməni diasporu Azərbaycan diasporundan o qədər də güclü deyil. Sadəcə, biz bunu beynimizə salmışıq, bir xof var. Heç bir xof yoxdur, birgə, kollektiv iş görəndə, deməli, nəticə əldə eləmək olur. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri! Valeh müəllim də Avropa Parlamentində həmsədr olan bir həmkarımız kimi söz istəyirdi. Amma mən hesab edirəm ki, biz bir komissiya yaradaq, Valeh müəllimi də o komissiyanın rəhbəri təyin edək və öz etirazımızı bəyanat şəklində Avropa Parlamentinə göndərək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən təklif edirəm ki, Valeh Ələsgərov başda olmaqla Əli Hüseynli, Azay Quliyev, Fərəc Quliyev, Asim Mollazadə, Aytən Mustafayeva və Səməd Seyidovdan ibarət komissiya yaradaq. Yəni bu deputatların hamısının bu məsələlərlə müəyyən əlaqəsi var. Mən təklif edirəm, bu çərçivədə bir komissiya yaradaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Bilirsiniz ki, ayın 20-də Avropa Parlamentinin Sədri Buzek Azərbaycana səfər edəcək. Biz hazırladığımız bəyanatı sənəd şəklində də göndərəcəyik, Avropa Parlamentinin Sədrinə də burada təqdim edəcəyik.
Bəzi qəzetlər yazırlar ki, qətnamə qəbul olunan kimi Buzek Azərbaycana gəlir. Bu elə deyil. Buzek Ermənistan, Azərbaycan və Gürcüstana səfər edir, öz işini yerinə yetirir. Ancaq Azərbaycana gəlməyi yerinə düşdü. Biz öz fikirlərimizi birbaşa onun özünə deyə biləcəyik. Çox sağ olun.
Artıq hesab edirəm, gündəlikdəki məsələlərin müzakirəsinə başlaya bilərik. Gündəliyin birinci məsələsi “Azərbaycan  Respublikası Hökuməti və Argentina  Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım  haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Çingiz müəllim.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Hazırda təsdiq üçün təqdim olunmuş saziş 2011-ci il fevralın 22-də Buenos-Ayres şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Argentina  Respublikası Hökuməti arasında imzalanmışdır. Sazişə əsasən tərəflər gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, malların idxalı və ixracı zamanı alınan rüsum, vergi və digər gömrük ödənişləri və yığımlarının toplanmasını, təyin edilməsini, iki ölkə arasında mövcud olan əməkdaşlığın gömrük sahəsində də inkişaf etdirilməsini nəzərdə tuturlar.
Bildiyiniz kimi, bu gün Azərbaycanın gömrük sistemi ölkənin xarici iqtisadi əlaqələrinin davamlı inkişafında, dünya iqtisadiyyatına inteqrasiyasında böyük rol oynayır. Qısa zaman ərzində ölkəmiz dünya dövlətlərinin əksəriyyəti ilə iqtisadi əməkdaşlıq əlaqələri quraraq bərabər tərəfdaş kimi yeni layihələrdə iştirak edir. Təbii ki, belə bir sazişin qəbul edilməsi ölkələrimiz arasında mövcud olan münasibətlərin daha da inkişaf etməsinə və hər iki dövlətin qarşılıqlı əməkdaşlığına imkan yaradacaqdır. Bu saziş komitəmizdə müzakirə olunmuş və yekdilliklə qəbul olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Gülər xanım, buyurun.
G.Əhmədova. Təşəkkür edirəm. Ziyafət müəllim, əlbəttə ki, bu sazişlə bağlı hamımızın fikri eynidir və biz bunun lehinə səs verəcəyik. Mən, sadəcə, bayaq müzakirə olunan məsələ ilə əlaqədar bircə cümlə demək istəyirəm.
Biz uzun illərdir, Avropanın institutlarında ədalət axtarırıq. Sonuncu ədalət axtarışımız da ondan ibarət idi ki, 9 yaşlı uşağın öldürülməsi ilə bağlı bütün Avropa təşkilatlarına müraciət elədik. Amma bu qətnamə bir daha onu sübut edir ki, biz bəlkə də yanlış yoldayıq. O səbəbdən ki, Ermənistanda bu gün deputat statusunu itirməmiş bir şəxs həbsdədir, amma onun haqqında heç bir Avropa təşkilatı “siyasi dustaq” və yaxud “siyasi məhbus” ifadəsini işlətmir. Bu adam deputatdır, statusu özündədir, amma həbsdə yatır.
Bu adam siyasi baxışlarına görə həbsdə yatır, amma Avropa institutları tərəfindən siyasi məhbus sayılmır. Amma Azərbaycanda xuliqanlıq, qeyri-qanuni  hərəkət edən insanlar siyasi məhbus sayıla bilərlər. Məncə, bunun üzərində bir qədər düşünmək lazımdır. Bizim Avropa institutlarından ədalət axtarmağımız doğrudurmu? Çünki bu ədalətsizlik artıq o dərəcədə çox böyükdür ki, bəzi hallarda insanın gözünə girməyə bilmir. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, sağ olun. Mən Sizinlə razıyam, şəxsən mən Avropada ədalət axtarmıram. Biz öz işimizi görürük. Kim necə fikirləşir, özü bilər. Çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  96
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəlikdəki ikinci məsələ Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında qanun layihəsidir. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Avropa Parlamentinin, yaxud Avropanın başqa strukturlarının belə ədalətsiz qətnamələr qəbul etməsinə baxmayaraq, Azərbaycan xalqının, Azərbaycan Prezidentinin, parlamentin siyasəti Avropa strukturları ilə əməkdaşlıq edərək Avropa dəyərlərini ən yüksək səviyyədə inkişaf etdirməkdir. Təəssüflər olsun ki, bəzi hallarda Avropa dəyərlərini Avropa özü o qədər də müdafiə edə bilmir. Bu istiqamətdə isə Azərbaycan parlamentinin qəbul etdiyi sənədlər artıq silsilə xarakteri almışdır.
Biz parlamentdə dəfələrlə vizaların aradan götürülməsi ilə bağlı sazişləri müzakirə etmişik və bunlara öz müsbət münasibətimizi bildirmişik. Hazırda Avropanın inkişaf edən ölkələri içərisində Albaniya da öz sözünü demək iqtidarındadır. Albaniya Avropa strukturlarında təmsil olunur və inkişaf edir. Mədəni, tarixi, iqtisadi nöqteyi-nəzərdən Azərbaycanın Avropa ölkələri ilə belə bir saziş imzalaması məqsədəmüvafiqdir. Komitəmiz bu məsələyə öz müsbət rəyini vermişdir. Mən həmkarlarımdan xahiş edirəm, diplomatik və xidməti pasportlar üçün vizaların aradan qaldırılması ilə bağlı sazişlərə birmənalı öz müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Rövşən Rzayev, buyurun.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən müzakirəyə təqdim edilən məsələləri mahiyyəti etibarilə 3 bloka bölmək olar. Birinci blok məsələlər məhkəmə qərarlarının icra edilməsi ilə bağlı azadlığın məhdudlaşdırılması ilə əlaqədardır. İkinci blok dəyişiklik texniki xarakter daşıyır, müxtəlif qanunvericilik aktlarında “məhkəmə icraçısı” termini “icra məmuru” ilə əvəz olunur. Üçüncü blok dəyişiklik “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilən 32-1-ci maddə ilə əlaqəlidir.
Birinci, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 1-ci maddəsində Azərbaycan vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsasları göstərilir. Bu əsasların sırasına məhkəmə qərarlarının icra olunmamasına görə məhdudiyyətin əlavə edilməsi təklif olunur.
Bildiyiniz kimi, 2009-cu ilin mart ayında Azərbaycanda referendum keçirilmişdir. Biz referendumda Konstitusiyanın 129-cu maddəsinə “məhkəmə qərarının  icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur” ifadəsini əlavə etmişik. Məhkəmə qərarlarının dövlət orqanları, o cümlədən hər bir vətəndaş tərəfindən icra olunması hüquqi dövlətin əsas göstəricisidir. Məhkəmə qərarlarının icra olunması hər bir şəxs və ya təşkilat üçün mütləq olmalıdır. Bu cür tələb əcnəbilərə də aiddir. Ona görə də qeyd olunan qanunun 12-ci maddəsinə əcnəbilərə də eyni cür məhdudiyyətin əlavə olunması təklif olunur.
Gündəliyin 4-cü məsələsi müzakirə etdiyimiz qanunun tətbiqi ilə bağlı xüsusi əsasnamədə dəyişikliyin edilməsidir. Ona görə də hörmətli millət vəkillərindən hər iki qanuna edilən dəyişiklikləri dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki, bu, vacib bir qanundur, mən buna səs verəcəyəm. Amma, yeri gəlmişkən, bir məsələ haqqında fikrimi bildirmək istəyirəm. Biz pasportlar haqqında qanuna və ümumiyyətlə, şəxsiyyət vəsiqəsi ilə bağlı sənədlərə gələcəkdə mütləq qayıtmalıyıq. Mən bu qanuna aid olmasa da, təklif kimi irəli sürürəm ki, biz mütləq beynəlxalq standartlara uyğun olaraq ad, soyad və ata adının yazılışı qaydalarını dəyişməliyik. Bizdə bu qayda beynəlxalq standartlara uyğun deyil. Mən bir dəfə də bu təklifi səsləndirmişdim. Ad qabaqda getməlidir, soyad sonra gəlməlidir. Mən xahiş edirəm ki, parlament rəhbərliyi müvafiq komitəyə bununla bağlı tapşırıq versin və bunun üzərində işləsinlər.
İkinci, cari məsələlərdə yazılmışdım, imkan olmadı. Mən “Eurovision” ilə bağlı deyilən təkliflərə qoşularaq bir fikri səsləndirəcəyəm. Onların adını burada çəkmək istəmirəm, təəssüf ki, Azərbaycanın bəzi mətbu orqanları bu sevinci paylaşmaq istəmir, yenə də yersiz yazılar verirlər. Biz dəfələrlə deyirik ki, ümummilli maraq olan yerdə gərək hər kəs buna uyğun addım atsın. Amma bu gün mətbuatda elə yersiz fikirlər, yazılar özünə yer tapır ki, onu oxuyanda utanırsan. Utanırsan ki, bunu yazan adını azərbaycanlı qoyub.
Axı, bu, milli maraqdır. Burada biz Ermənistan üzərində mənəvi-psixoloji qələbə qazanırıq. Burada biz dövlətimizin imicini yüksəldən bir hadisəni həyata keçiririk. Sən isə bunu yenə də gözdən salmağa çalışırsan. Sən azərbaycanlısan? Azərbaycanlı deyilsən. Belə yazını yazanı mən azərbaycanlı saymıram.
Digər tərəfdən, Valeh müəllim, xahiş edirəm, Avropa Parlamentinə etiraz hazırlanarkən orada bir məqam qeyd olunsun. Ermənistan yenə də Orta Asiyadan, başqa yerlərdən erməniləri işğal olunmuş ərazilərə köçürməyə çalışır, bununla bağlı işlər həyata keçirir. Bu çox ciddi məsələdir. Bu, bütövlükdə həm ATƏT-in prinsiplərinə, həm də Birləşmiş Millətlər Təşkilatında qəbul olunmuş müvafiq sənədlərə ziddir. Buna görə də hazırlanacaq sənəddə indiyə qədər işğal olunmuş ərazilərdə qeyri-qanuni yerləşdirilmiş sayı göstərməklə, eyni zamanda, ATƏT-in Monitorinq komissiyasının fikirlərinə də orada yer verməklə Avropa Parlamentinin  diqqətinə çatdırmaq lazımdır ki, siz beynəlxalq münasibətlərin bu və ya digər prinsiplərindən danışanda işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni məskunlaşdırılma faktını da nəzərə alın. Bu, bütövlükdə dünyada qəbul olunmuş prinsiplərə ziddir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun. Mən də, təbii ki, bu layihəyə səs verəcəyəm. Burada diqqətimi çəkən bir məsələ oldu, yəqin ki, texniki səhv olaraq qəbul edilməlidir. 1-ci maddədə – həm qüvvədə olan, həm də təklif olunan mətnlərdə yazılır ki, çıxarılıb. Yəni həm qüvvədə olan mətndə, həm də təklif olunan mətndə bu çıxarılan maddə hər nədirsə, artıq çıxarılıb, yoxdur. Bunun burada yenidən qeyd edilməsinə hər halda bir ehtiyac qalmır. Bu, çıxarılıbsa, 2-cinin rəqəmini 1-lə dəyişdirərək  2-ci maddədən başlamaq olar.
İkinci məsələ isə elə bu əlavə ilə bağlıdır. Burada könüllü icradan söhbət gedir. Yəni “məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə...” Bu “könüllü icra” kimə aiddir? İcraçıyamı aiddir, yoxsa cavabdehlə bağlıdır? Əgər icra məmuru bu icranı vaxtında yerinə yetirməyibsə və bu səbəbdən vətəndaşın müvəqqəti ölkədən getməyi məhdudlaşdırılıbsa, o zaman burada anlaşılmayan bir məsələ qalır ki, nəyə görə icra məmurunun günahı ucbatından vətəndaşın ölkədən getməyi məhdudlaşdırılmalıdır? Ya da,  yəqin, cümlədə bir qarışıqlıq var, ən azından mən belə başa düşürəm. Bir daha deyirəm, qanuna səs verəcəyəm. Eyni şəkildə 4-cü məsələ ilə bağlı da bu “könüllü icra”nı izah eləmələrini xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 1-ci və 12-ci maddələrinə edilən dəyişikliklər komitədə müzakirə olunan zaman biz öz münasibətimizi bildirmişik və qanuna edilən dəyişikliklər bu günün tələbidir. Burada, sadəcə olaraq, bir məsələni qeyd etmək istəyirəm. Bəzi yoldaşlar qeyd edirlər ki, bu bəlkə də şəxslərin hüququnun məhdudlaşdırılması, pozulmasıdır.
Mən bu məsələyə başqa prizmadan yanaşmanın tərəfdarıyam və burada qeyd olunduğu kimi, doğrudan da, bir şəxsin hansı isə bir hərəkəti məhdudlaşdırılır. Amma bu məhdudlaşdırma əgər başqa bir şəxsin hüququnun qorunmasına, dövlətin mənafeyinə xidmət edirsə, mən belə hesab edirəm ki, bu, qanunla tənzimlənə bilər və burada hər hansı bir xoşagəlməz məqamın axtarılmasına ehtiyac yoxdur. Çünki indiyə qədər ölkədə müəyyən məhkəmə qərarlarını üzrlü səbəbdən icra etməyən şəxslər ölkəni tərk etməklə, ümumiyyətlə, bundan yayınırdılar və dövlət orqanlarının onların harada olması haqqında heç bir məlumatı olmurdu.
Digər tərəfdən də bunların ödəyəcəyi pulun kimə çatdırılması ilə bağlı o tərəfdə heç bir məlumat olmadığı üçün məhkəmənin qərarının icra olunmaması nəticəsində bu şəxslər daima axtarışda olurdular. Amma burada bir maraqlı məqam var. Mən Jalə xanımın verdiyi suala komitə üzvü olaraq cavab vermək istəyirəm. Burada icra məmurlarından söhbət getmir. Məhkəmənin kiminsə üzərinə qoyduğu vəzifədən söhbət gedir. Sadəcə olaraq, bu mexanizmi həyata keçirən icra məmurlarıdır.
Bir məsələni qeyd etmək istəyirəm. Həmkarlarım bilsinlər ki, burada məhkəmənin birinci qərarı ilə şəxsin hərəkətinin məhdudlaşdırılmasından söhbət getməyəcək. Onun bu icranı könüllü olaraq vaxtında həyata keçirmədiyinə görə növbəti bir qərarla fəaliyyəti məhdudlaşdırılacaq. Bu baxımdan, Jalə xanım, artıq burada məhkəmə icraçıları məhkəmə qarşısında çıxış edirlər ki, vətəndaş üzərinə qoyulan öhdəliyi könüllü olaraq vaxtında icra etmədiyinə görə onun hərəkəti məhdudlaşdırılsın. Yəni burada ikinci bir qərardan, üzərinə vəzifə qoyulan şəxsdən söhbət gedəcək.
Eyni zamanda, 12-ci maddədə bunun əcnəbilərə də şamil olunması olduqca ədalətlidir. Xatırlayırsınızsa, “Barmek”lə bağlı dövlətə nə qədər zərər dəymişdi. Əcnəbilərin bunu ödəmədən ölkədən getməsi dövlətə nə qədər zərər vururdu. Bu baxımdan mən belə hesab edirəm ki, bu qanuna əlavə və dəyişikliklərin edilməsi olduqca normaldır və hamını da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
4-cü məsələ Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”  Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Rövşən müəllim, Siz bu barədə məlumat verdiniz. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
5-ci məsələ Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə  maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsidir.
İcazənizlə, mən bu barədə məlumat verim. Bu qanun  layihəsinə edilən dəyişiklik sırf redaktə xarakteri daşıyır. Belə ki, bilirsiniz, biz müvafiq qanun qəbul etmişik. “Məhkəmə icrası” sözləri “icra məmuru” sözləri ilə əvəz edilir. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Rövşən müəllim, buyurun. Rövşən müəllim, 6, 7, 8 və 9-cu məsələlər arasında sıx bağlılıq varsa, Siz onları bir yerdə məruzə edin, biz səsvermələri ayrıca keçirərik. Mümkündür, yoxsa ayrı-ayrı məlumat verirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hələlik 9-da saxlayaq. Siz bu 4 məsələni məruzə edin, qalan məsələlərə baxacağıq.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İkinci blok dəyişiklik texniki xarakter daşıyır. Müxtəlif qanunvericilik aktlarında “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə əvəz edilir. “Məhkəmə qərarlarının icrası” sözlərinin “icra” anlayışı ilə əvəz olunması təklif edilir. Bu dəyişikliklər bayaq qeyd etdiyim kimi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən bugünkü gündəliyə təklif olunan layihələrlə bağlıdır.
Bildiyiniz kimi, parlamentdə 1999-cu ilin 28 dekabr tarixində “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanun  və 2001-ci ilin 27 dekabr tarixində “Məhkəmə qərarlarının icrası haqqında” Qanun qəbul olunmuşdu. Bu qanunlara əsaslı terminoloji dəyişikliklər edildi.  “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanunun adı “İcra məmurları haqqında” Qanunla əvəzləndi. “Məhkəmə qərarlarının icrası haqqında” Qanun isə “İcra haqqında” Qanun adlandırıldı. Müvafiq olaraq bütün digər qanunlarda, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində qeyd olunan terminlər əvəz olundu. Biz bu yaxınlarda “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanunda da eyni dəyişiklikləri etmişik. Təklif olunan dəyişikliklər texniki xarakter daşıyır və obyektivdir. Ona görə mən istərdim ki, biz bu qanunlara ayrı-ayrılıqda səs verək. Ziyafət müəllim, mən bu məsələlərin hamısını birgə təqdim etdim. 
Sədrlik edən.  Təqdimat qısa olmadı? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə başlayırıq. Bəxtiyar Əliyev, buyurun.
B.Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Şübhəsiz ki, bu qanunlara edilən əlavə və dəyişikliklər olduqca zəruridir. Xüsusilə də “İcra haqqında” Qanunla bağlı bu gün məhkəmələrin çıxardığı qərarların icra olunmasında müəyyən problemlər yaşanmaqdadır. Çox təəssüflər olsun ki, ədalətli qərarlarla yanaşı, bəzən tam araşdırılmamış  qərarlar da çıxarırlar. Amma qəbul edilmiş hər bir qərar icra olunmalıdır. Bəzən məmurlar tərəfindən məhkəmə qərarları icra olunmur. Bu isə məhkəmə sahəsində aparılan islahatların ləngiməsinə öz təsirini göstərir. Çünki vətəndaş sonda ədalətin bərpa olunmasını məhkəmədən gözləyir, məhkəmədən bu cavabı alır, amma o, icra olunmayanda artıq məhkəmələrin statusuna və ədalətin qələbə çalmasına ümidlər də azalır.
Bu baxımdan bizi narahat edən məktublar, şikayətlər haqqında danışmaq istəyirəm. Bilirsiniz ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunubdur. Bizim 100 minlərcə soydaşımız öz doğma torpağında məcburi köçkün həyatı yaşayır. Dövlətin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımız çox yüksək  templə inkişaf edir və dövlət məcburi köçkünlərə qayğı göstərir. Cənab Prezidentin sərəncamları ilə dövlət hesabına çox gözəl qəsəbələr salınır, çoxmərtəbəli binalar tikilir və bizim məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılır, onlara hər bir təminat verilir.
Amma bu siyasətin hələ davamı gedir. Bəzi insanlarımız hələ də vaxtilə dövlətin balansında olmuş binalarda, zirzəmilərdə, qeyri-yaşayış sahələrində yaşayırlar. Amma çox təəssüflər olsun ki, onların 1993–1995-ci illərdən orada məskunlaşmalarına baxmayaraq, 2000-ci ildən kimlərsə dövlətin balansında olan bu qeyri-yaşayış sahələrini özəlləşdirirlər, sonra isə məhkəməyə müraciət edirlər ki, mənim mülkiyyət hüququm var, bu, tanınmalıdır. Şübhəsiz ki, bu belə də olmalıdır. Həmin insanlar oradan çıxarılmalı, hər bir vətəndaşın mülkiyyət hüququ qorunmalıdır. Bu birmənalıdır, qanunun aliliyi də qorunmalıdır.
Amma məcburi köçkünlərin orada yerləşdirilməsi ilə bağlı “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu var.  Bu qanunla yanaşı,  Prezidentin bir neçə sərəncam və fərmanları var. Həmin fərman və sərəncamlarda, eyni zamanda, adını çəkdiyim qanunda məcburi köçkünlərin Konstitusiya ilə təsbit edilmiş yaşamaq hüququ tanınır. Amma çox təəssüflər olsun ki, ədalətin bir tərəfi bərpa ediləndə, vətəndaşın mülkiyyət hüququ təmin edilib mülkiyyəti ona veriləndə nəzərə alınmır ki, orada məcburi köçkün yaşadığı halda qanunlar pozularaq dövlətin balansında olan mülkiyyət icra hakimiyyətləri tərəfindən özəlləşdirməyə çıxarılır. Düşünürəm ki, bu, qətiyyən yolverilməz haldır.
Məhkəmələr bu məsələyə birtərəfli qaydada baxmamalı, onu hərtərəfli, obyektiv araşdırmalıdır. Mövcud olan qanunvericiliyə söykənərək ilk növbədə orada uzun müddət, – bu, Mülki Məcəllənin tələbidir, – yaşamış insanların həmin yaşayış sahəsinə hüququ tanınmalıdır. Mənə elə gəlir ki, bu, qanunun əsas prinsiplərindən biridir.
Ölkə Prezidenti  birinci dəfə prezident seçildiyi dövrdə bəyan etmişdi ki, ölkədə bir dənə də olsun çadır, vaqon şəhərciyi qalmayacaq, məcburi köçkünlərimizin hər biri evlə təmin ediləcəkdir. Bəli, bütün bunlar həyata keçirilir, amma bu siyasətə kölgə salanlar var. Məcburi köçkünlər bizə müraciət edir, biz də onları aidiyyəti orqanlara göndəririk. Amma təəssüflər olsun ki, göndərdiyimiz müraciətlər cavabsız qalır. Ona görə də düşünürəm ki, yerli icra hakimiyyəti orqanlarının məsuliyyəti artırılmalıdır. Onlar məcburi  köçkünlərimizə, xüsusən də bəzi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ciddi maneçiliklər törədirlər. Bəzən də cəmiyyətdə xoşagəlməz bir təəssürat yaratmağa çalışırlar ki, ölkədə korrupsiyaya qarşı aparılan mübarizə o qədər də uzağa getməyəcəkdir. Bu düşüncədə olan insanlar yanılırlar, ölkənin siyasi sistemi qurulub, bu gün siyasi iradə ortalığa qoyulubdur. Hamı qanun qarşısında bərabər olmalıdır.
Hörmətli Ziyafət müəllim, mən çox istərdim ki, məcburi köçkünlərin çoxsaylı müraciətləri və onların məhkəmələrdə üzləşdiyi çətinliklər yerli icra hakimiyyəti orqanları ilə birlikdə araşdırılsın və bu problem aradan qaldırılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Sağ olun. Mən Ailə Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar bir təklif vermək istərdim. Bu, respublikamızda alimentdən yayınma faktlarının həddən artıq çox olması ilə bağlıdır. Mənə və digər deputatlara bu barədə çoxsaylı müraciətlər olur. Hətta məhkəmə qərarlarının olması işin həllinə, yəni aliment üzrə borcların qaytarılmasına köməklik etmir. Borclunun ya ünvanı məlum deyil, ya da o, maaşının cüzi hissəsini rəsmiləşdirir, qalanını qeyri-leqal formada alır və sair. İcra məmuru isə bu işdə maddi marağı olmadığından çox vaxt alimentlə bağlı işlərə formal yanaşır və dərinə getmir.
Aliment borclarının qaytarılması prosesində dönüş yaratmağın bir yolu var. O da dövlət tərəfindən xüsusi aliment fondunun yaradılmasıdır. Bu fonda büdcədən müəyyən məbləğ verilməlidir. Bu və ya digər boşanmış qadın, – söhbət, əsasən, xanımlarımızdan gedir, – məhkəmə yolu ilə aliment almaq  hüququnu təsdiqləsə, lakin icrasına nail ola bilməsə, ona məhkəmə ilə müəyyən edilmiş məbləğ fond tərəfindən verilir.
Eyni zamanda, fonda da aliment verməkdən yayınan insanı axtarmaq, iş yerində yoxlama aparmaq, ondan alimenti almaq kimi geniş səlahiyyətlər verilir. Ən əsası odur ki, fondun işçiləri alimentdən yayınan insanların axtarışında və ondan pul alınmasında maraqlı olsunlar. Fond büdcəsinin bir hissəsi – işçilərin mükafatları, maaşlarına əlavələr və sair aliment borclarının yığılmasından asılı olmalıdır. Burada müxtəlif variantlar ola bilər. Əsası odur ki, dövlət boşanmış, himayəsində bir və ya bir neçə uşağı olan qadını öz problemləri ilə təkbətək qoymasın, ona vaxtında  kömək əlini uzatsın. Alimentdən yayınan insan isə bilsin ki, vaxtında və tam həcmdə aliment vermək daha yaxşıdır, nəinki fondun diqqətini cəlb etmək.
Bu yaxınlarda belə bir fondun yaradılması haqqında Rusiya Dövlət Dumasına müvafiq sənəd təqdim edilib. Hesab edirəm ki, bizdə də buna oxşar bir qurum yaratmaq olar. Əsası odur ki, alimentdən yayınan insan daim başının üstündə Demokl qılıncını hiss etsin və tərk etdiyi ailə qarşısında məsuliyyətini daha dərindən anlasın.
Yeri gəlmişkən, mən də fürsətdən istifadə edib “Eurovision–2011” mahnı müsabiqəsindəki möhtəşəm  qələbəmizlə bağlı bütün Azərbaycan xalqını, ölkəmizin xaricdəki bütün dostlarını təbrik edirəm. Burada bir məqamı da qeyd etmək istəyirəm. Avropa İttifaqının, Avropanın bizə münasibətindən danışıldı. Lakin mən hesab edirəm ki, bir məsələ unudulur. Boş yerə demirlər ki, “Eurovision” siyasi çalarlı müsabiqədir. Avropanın neqativ yanaşdığı ölkələrin burada qalib gəlmək şansı praktiki olaraq yox idi. Bir çox digər dövlətlərdən fərqli olaraq müsabiqənin ən gənc üzvü olan Azərbaycanın qələbəsi İlham Əliyev  siyasətinin, onun kürəsəl enerji və nəqliyyat təşəbbüslərinin, bizim ümummilli maraqlarımızın, müstəqilliyimizin qorunmasındakı prinsipiallığının təntənəsidir. Eyni zamanda, bu hadisə ölkəmizin Avropada artan nüfuzunun göstəricisidir. Avropa bizimlə olduğunu, bizim Prezidenti dəstəklədiyini nümayiş etdirdi. Bu da “Eurovision–2011” mahnı müsabiqəsinin ən gözəl nəticəsi oldu. Bir nəticə də ondan ibarətdir ki, bu qələbədən sonra biz fəxr edə bilərik, artıq xaricdə bizim çox güclü və nizamlı diasporumuz mövcuddur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi müəllim, aliment fondu ilə bağlı arayış vermək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
8-ci məsələ bizim komitədə müzakirə olunubdur. Amma məsələ texniki xarakter daşıdığına görə geniş müzakirə olunmayıb. Toxunulan mövzu aktualdır, bütün dünyanı narahat edən məsələdir. Alimentlə bağlı dünyada bir sıra təcrübələr var. İndi Elmira xanım onların birini dedi.
Sədrlik edən. Hadi müəllim, Elmira xanım birtərəfli dedi. O, qadınların o fonddan aliment almaq hüququ barədə danışdı. Aliment almaq təkcə qadınlara aid deyil, kişilər də aliment ala bilərlər. O necə olsun? Onun üçün də bir fond yaradaq?
H.Rəcəbli. Ziyafət müəllim, alimentin mülkiyyətə yönəlməsi təcrübədə var. Bu gün aliment fondundan söhbət getdi. Elə bir təcrübə də var ki, alimenti mülkiyyətə yönəldirlər. Yəni vətəndaş aliment ödəmirsə, onda onun mülkiyyətini alimentə cəlb edirlər.
Sədrlik edən. Sağ olun, aydındır. Hər halda bu məsələ bugünkü qanunun predmeti deyil. Amma məsələ qaldırıldı, sağ olun ki, münasibət bildirdiniz. Buyurun, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Yenə komitə sədrinin müavini Rövşən Rzayev məlumat verəcək. Buyurun.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri!
Ziyafət müəllim, ehtiyac varsa, Elmira xanım üçün maraqlıdırsa, mən alimentlə bağlı arayış verə bilərdim. 
Sədrlik edən. Bu mövzuya yaman həvəslə yanaşırsınız. Xahiş edirəm, bu məsələni məruzə edin.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Bu dəyişikliklər Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə edilən dəyişikliklərə və əlavələrə uyğun olaraq təqdim olunur.  “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanun “İcra məmuru haqqında” Qanunla və “Məhkəmə qərarlarının icrası haqqında” Qanun “İcra haqqında” Qanunla əvəz edilir. Bu da texniki xarakter daşıyır. Hörmətli millət vəkilləri bu dəyişiklikləri dəstəkləsələr, bizim komitə tərəfindən təqdim olunmuş layihələr keçmiş olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun.  Çıxış etmək istəyən varmı? Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılı surətdə verərsiniz, artıq səsvermə gedir.

Səsvermənin nəticələri (saat 13.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim buradadır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çingiz müəllim, Siz məlumat verəcəksiniz, buyurun.
Ç.Əsədullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu gün Vergi Məcəlləsində, “Banklar haqqında”, “İpoteka haqqında” qanunlarda dəyişikliklər edilib. Həmin dəyişikliklər “Məhkəmə nəzarətçiləri  və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklərlə bağlıdır.
Sədrlik edən. Çingiz müəllim, Siz zəhmət olmasa, qruplaşdırın və hamısı haqqında məlumat verin. Səsverməni  isə biz ayrıca keçirəcəyik.
Ç.Əsədullayev. Vergi Məcəlləsinin 90-cı maddəsinə müvafiq dəyişikliklər edilib. Qeyd etdiyim kimi, bu, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş dəyişikliklərlə bağlıdır. Yəni “məhkəmə icraçısı” sözləri “icra məmuru” sözləri ilə və “məhkəmə icraçılarının” sözləri isə “icra məmurlarının” sözləri ilə əvəz edilir. Yəni hər 3 qanuna həmin dəyişikliklər edilir.
Eyni zamanda, Vergi Məcəlləsində bir dəyişiklik də var. Dəyişiklik vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası ilə bağlıdır. Yəni qüvvədə olan redaksiyada qeyd edilirdi ki, müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış  əmlakının hərracda satışından əldə olunan vəsait barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Təklif olunan redaksiyada isə “hərracda” sözü çıxarılır. Yəni bütün bu dəyişikliklər redaktə xarakterlidir. Bu məsələyə bizim komitəmizdə baxılıb və yekdilliklə qəbul olunub. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Jalə xanım, buyurun. Çıxış eləmək istəyirdiniz?
J.Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Əslində, mən yazılmamışdım, amma bir halda ki, fürsət yarandı, onda bayaqkı fikrimi davam etdirmək istəyirəm. Başa düşürəm...
Sədrlik edən. Xahiş edirəm, Rövşən müəllimə yazılı surətdə verərsiniz. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən, Ziyafət müəllim, təbii ki, bu dəyişikliklərin hamısını dəstəkləyirəm. Amma Sizin və həmkarlarımın icazəsi ilə bir məsələyə münasibət bildirmək istəyirəm. Cari məsələlərin müzakirəsi zamanı yazılsaq da, zaman çatmadı. Zamanın da az qaldığına görə...
Sədrlik edən. Qənirə xanım, üzr istəyirəm, mən Sizə söz verəcəyəm, sözünüzü kəsmirəm. Amma hiss edirəm, qəribə bir tendensiya yaranır. Cari məsələdə kim çıxış eləyə bilməyibsə, iclasın gedişində bunu etməyə çalışır. Axı, biz burada konkret məsələlər müzakirə edirik. Xahiş edirəm, çalışın, belə şeylər etməyin. Buyurun, Qənirə xanım.
Q.Paşayeva. Mənim qaldıracağım məsələ olduqca vacibdir. Bəlkə bu, bir çoxları üçün o qədər vacib görünməsin, amma burada bizim tibb sahəsində çalışan mütəxəssislərimiz var, onlar bu məsələnin nə qədər vacib olduğunu bilirlər. Söhbət ondan gedir ki, mayın 31-nə qədər bizim iki iclasımız olacaq. Ona görə bu məsələni indi qaldırmağı vacib bildim.
Söhbət ondan gedir ki, mayın 31-i ümumdünya tütünlə mübarizə, yəni tütündən imtina günüdür. Biz də bir çox ölkələr kimi, bu məsələ ilə bağlı  BMT-nin konvensiyalarına qoşulmuşuq. Amma çox təəssüf ki, indiyə qədər bu sahədə qanunvericiliklə bağlı heç bir addım atılmayıb.
Hörmətli Ziyafət müəllim, özümüzün, ailə üzvlərimizin olduğu ictimai yerlərdə çox biabırçı bir vəziyyət yaranıb. Nə uşaqlara, nə qadınlara – heç nəyə fikir verilmədən siqaretin çəkilməsi, siqaretdən istifadə edilməsi dözülməzdir. Biz ən azı ilkin mərhələdə Türkiyədə olduğu kimi, bu istiqamətdə fəaliyyətimizi ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə başlaya bilərik. Bu qanun layihəsi ilə bağlı şəxsən özüm də Sosial siyasət komitəsinin işində iştirak etmişəm. Təkliflər də verilib, hörmətli Musa müəllim də bununla bağlı işləyib. Demək olar ki, bu qanun layihəsi hazırdır. Mayın 31-nə qədər biz ilkin müzakirələri keçirə bilərik.
Bu gün sivil dünyanın əksər hissəsi artıq bu istiqamətdə ciddi işlərə başlayıb. Bizim də bu işlərə başlamamız lazımdır. Hörmətli Əhliman müəllim də, Rafiq müəllim də buradadırlar. Dünyada bu sahədə vəziyyət çox ciddidir. İctimai yerlərdə siqaret çəkənlər digər insanları da zəhərləyirlər. Bu gün siqaretdən istifadəyə görə artan xəstəliklərin statistikasına baxsaq, dünyada çox ciddi və acınacaqlı vəziyyət var.
Biz buna sadə bir problem kimi baxmamalıyıq. Mayın 31-nə qədər  növbəti iclaslarımızın birində bu qanun layihəsinin müzakirəsinə başlayaq. Heç olmasa, ilkin mərhələdə ictimai yerlərdə – avtobusda, metroda, yeməkxanada bunu qadağan eləyək. Bu həm də çox pis bir görüntüdür.  Bunu xaricdən gələnlər də görürlər. Bu həm də bir mədəniyyətdir. Bununla çox ciddi mübarizə aparmamız üçün mayın 31-nə qədər bu istiqamətdə işimizə başlasaq, çox yaxşı olar.
Yenə təkrar edirəm, ilkin mərhələdə ən azı ictimai yerlərdə bunu qadağan edərdik, sonrakı mərhələlərdə bu mübarizəni daha da genişləndirərdik. Məktəblərimizdə, gənc yaşlı insanlar arasında, qadınlarımızın arasında siqaretdən istifadə halları artır. Ümumiyyətlə, biabırçılıqdır ki, bu zərərli vərdiş qadınlarımızın arasında da artmağa başlayıb. Getdikcə bunun törətdiyi fəlakətlər artır. Ona görə biz bu istiqamətdə mübarizəni sürətləndirməliyik. Ona görə mənim xahişim budur ki, mayın 31-nə qədər növbəti iclasımızın birində bu hazır qanun layihəsini müzakirəyə çıxaraq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir.  Rövşən müəllim bu barədə məlumat verdi. Çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Banklar haqqında” və “İpoteka haqqında” qanunlarla bağlı Çingiz müəllim məlumat verdi. Xahiş edirəm, “Banklar haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda edilən dəyişikliklər çox vacib və zəruridir. Deyildiyi kimi, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” qanunlara, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Qanuna uyğun olaraq təklif olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 53-cü maddəsində “məhkəmə qərarlarının icrası barədə” sözləri “icra haqqında” sözləri ilə əvəz edilsin. Çox güclü bir dəyişiklikdir. Elə bilirəm ki, hörmətli həmkarlarım buna səs verəcəklər. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Nizami Cəfərov, buyurun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Mən də “Eurovision”da əldə edilən qələbə münasibətilə xalqımızı və Prezidentimizi təbrik eləmək istəyirəm. Biz bilirik ki, xalqımız istedadlı xalqdır. Amma istedad da o zaman üzə çıxır ki, o, dövlət başçısı, mədəniyyət xadimləri tərəfindən idarə olunsun.
Bu məsələ də elə bizim mədəniyyətimizin qorunması və inkişafı ilə bağlıdır. Vaxtilə qanunun müddəası bu şəkildə idi ki, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə edirdilərsə, dövlət büdcəsinə müəyyən məbləğ ödəməli idilər. Amma bu, nəzarəti lazımi səviyyədə aparmağa imkan vermirdi. İndi nəzərdə tutulur ki, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikası hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadə edirlərsə, bunun üçün müvafiq icra hakimiyyəti orqanından icazə almalıdırlar, onun hesabına müəyyən vəsait ödəməlidirlər və həmin məbləğ də folklorun inkişafına sərf olunmalıdır.
Ödənilmə qaydası da yenə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Biz güman edirik ki, bu müvafiq icra orqanı Müəllif Hüquqları Agentliyi olacaq və ya onun tərəfindən idarə olunacaq. Mən onu da xüsusi olaraq qeyd eləmək istərdim ki, Müəllif Hüquqları Agentliyi artıq xeyli dərəcədə inkişaf eləyib və bu məsələlərə nəzarət eləyə bilir. Ona görə düşünürəm ki, bu çox ciddi bir dəyişiklikdir, Azərbaycan mədəniyyətinin, xüsusilə çox zəngin olan folklor sərvətimizin xaricdə talan olunmaması üçün bir növ hüquqi baza, hüquqi  müdafiə sistemidir. Xahiş edirəm, bu sənədə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Çıxış eləmək istəyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev, buyurun.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən təqdim olunan məsələ “Dövlət qulluğu haqqında” Qanuna əlavələrlə bağlıdır. Yeni 32-1-ci maddənin əlavə edilməsi təklif olunur. Qeyd edilən maddəyə əsasən dövlət qulluğunda olmanın yaş həddi 65 müəyyən edilir. Göstərilən həddən artıq xidmətə davam etmək üçün bir neçə istisna nəzərdə tutur. Dövlət qulluğunda xidmət müddəti müvafiq icra hakimiyyəti orqanının razılığı ilə hər dəfə bir il müddətinə, ümumilikdə 5 ilə qədər uzadıla bilər.
Bu maddənin 8-ci bəndində göstərilir ki, 32-1.1-ci maddə tətbiq edilərkən aşağıdakılar nəzərə alınır: Şəxsin dövlət qulluğunda olduğu müddətdə inzibati tənbeh almaması, elmi dərəcəsi və ya elmi adı olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçməsi.
Dövlət qulluğunun müddət həddinin digər istisnası dövlət qulluqçularının kateqoriyalarına müvafiq aparılır. İnzibati vəzifələrin 1–4-cü təsnifatına aid vəzifələrdə çalışan dövlət qulluqçularının müsbət xidmətlərini nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanı onların dövlət qulluğunda qalma müddətini uzada bilər. Cənab Prezident tərəfindən gələn təklif vacib xarakter daşıyır. Hörmətli həmkarlarımı bu layihəni dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Rövşən müəllim. Hörmətli həmkarlarım, oxşar müddəalar Əmək Məcəlləsinə də daxil edilir. Etiraz eləməzsinizsə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında da Hadi müəllim məlumat versin. Müzakirəni bir yerdə aparaq, səsverməni ayrı-ayrı keçirərik. Buyurun, Hadi müəllim.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Müvafiq layihə bizim komitədə müzakirə olunub. Əmək Məcəlləsinə edilən dəyişikliklər bilavasitə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddini müəyyənləşdirir. Burada da yaş həddi 65-dir. Amma, eyni zamanda, hər il bir ildən çox olmayaraq bu müddət 70 yaşına qədər uzadıla bilər. Burada iki məqam da öz həllini tapıb. Bunlardan biri odur ki, 100 nəfərdən artıq işçisi olan müəssisələrdə çalışanların 1 faizi 65-dən yuxarı yaş həddində çalışa bilərlər. Müəssisənin işçilərinin sayı 100-dən aşağı olanda isə çalışma müddəti uzadılmış işçilərin sayı bir ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Burada bütövlükdə bir konkret rəqəm göstərilib. O da büdcə müəssisələrində çalışanlar üçün son yaş həddinin 70 yaş  müəyyənləşdirilməsidir. Əlbəttə, bu məsələ komitənin iclasında birmənalı qəbul olunmadı, bəzi fərqli çıxışlar da səsləndi. Amma bütövlükdə bunun müsbət və mənfi məqamlarını götür-qoy edəndən sonra belə qərara gəlmək olur ki, bu layihə gənclərin işlə təmin olunmasında çox böyük rol oynayacaq. Təxmini hesablamalar göstərir ki, bu gün büdcə müəssisələrində  65 yaşdan yuxarı çalışanların sayı 230 min nəfərə qədərdir. Düşünürəm ki, bu, həm gənclərin gələcəkdə işlə təmin olunmasında, həm də öz üzərində çalışmasında böyük rol oynayacaq.
Digər tərəfdən, biz başqa bir qanun layihəsini də müzakirə edəcəyik. O qanun layihəsində əmək pensiyalarının yüksək səviyyədə artırılması nəzərdə tutulub. Bu da, əlbəttə, bu adamların pensiyaya göndərilməsində müəyyən rol oynaya bilər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Bir daha yadınıza salmaq istəyirəm ki, hər iki qanun layihəsi haqqında danışmaq olar. Amma yenə deyirəm, səsvermə ayrıca aparılacaq. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hər iki qanun layihəsi çox vacibdir. Mən hesab edirəm ki, bunlara həddindən artıq bir zərurət vardı. Bu qanun layihələri Milli Məclisə möhtərəm Prezidentimiz tərəfindən təqdim olunubdur. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan insanların yaş həddi ilə bağlı olan məsələlərdir. Bilirsiniz ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət müəssisəsində çalışan 63 yaşına çatmış kişi və ondan bir az aşağı yaş həddi olan qadın pensiyaya çıxır və təqaüd alır. Bu təqaüdlə yanaşı, onlar əmək haqqı ilə də təmin olunurlar. Yəni bir insan dövlət büdcəsindən iki şəkildə maddi təminatla əhatə olunur. Dünyanın bir çox ölkələrində olduğu kimi, bu şəxs ya təqaüd almalıdır, ya da əmək haqqı. Keçmişdə bizim qanunvericilikdə belə idi ki, təqaüd alan şəxs əmək haqqının ancaq 25 faizini ala bilərdi. Lakin biz sonradan bunu 100 faiz etdik. Bu baxımdan da təqaüdə çıxan şəxs üçün  əlavə bir təminat da yaranır. Ona görə də heç kim tutduğu vəzifədən və yaxud da işdən təqaüdə getmək istəmir. 
İkinci bir tərəfdən, burada qeyd olunduğu kimi, həm xaricdə, həm də Azərbaycanda ali məktəbləri bitirən gənclərin işlə təmin olunmasında problemlər yaranır. Çünki dövlət büdcəsindən maliyyələşən təşkilatlarda indi qeyd olunduğu kimi, 65 yaşdan yuxarı 230 min insan çalışır. Bu da yeni gələn nəslin və ümumiyyətlə, orta nəslin formalaşmasında ciddi problemlər yaradır. Bu gün elmimizə nəzər salsaq, görərik ki, orada orta yaş həddi 60-a gəlib çatıb. Həmin vəziyyət ayrı-ayrı strukturlarda da var. Bu gün sovet təhsili görmüş müəllimlərlə yeni düşüncəyə malik olan, informasiya-kommunikasiya texnologiyalarından istifadə edən tələbələr arasında kəskin ziddiyyət yaranır. Bu ziddiyyətin də səbəbi ondan ibarətdir ki, bu tələbə İnternet vasitəsilə dünyada olan məlumatları alırsa, həmin müəllim 30 il bundan qabaq yazdığı mühazirəni auditoriyada oxuyub getməklə öz işini bitmiş hesab edir. Bunu hər bir sahəyə aid etmək olar. Ona görə də mən hesab edirəm, bu qanun vacibdir və biz mütləq bunu qəbul etməliyik.
Lakin mənim bu qanuna bir əlavəm var. Burada istisna halları həddindən artıq çoxdur. Bu isə orada neqativ halların ortaya çıxmasına şərait yaradacaq. Mən hesab edirəm ki, bu səlahiyyət ancaq Azərbaycan Respublikasının Prezidentinə verilə bilər. Dövlət qulluğunda, digər strukturlarda çalışan şəxslərin yaş həddinin bir il artırılması məsələsi, ümumiyyətlə, bu sahədə çalışan insanlar arasında çox neqativ hallar yaradacaqdır. Rəhbərin münasibətindən asılı olaraq bəlkə də yaxşı işçi kənarda qalacaq, kim ona “ləbbey” deyirsə, onun vaxtı uzadılacaq. Bu da dövlət qulluğunda mövcud olan münasibətləri korlayacaq.
Mən hesab edirəm ki, bu məsələləri Prezidentin səlahiyyətinə aid etmək lazımdır. Bizim Konstitusiyamıza uyğun olaraq qanunverici orqanın rəhbəri, təbii ki, prezidentdir. Bir də, məhkəmə hakimiyyətinin rəhbərlərinə o səlahiyyətlər verilməlidir ki, onlar öz aparatlarında bu işi həyata keçirsinlər. Yerdə qalan heç bir struktura qəti şəkildə bu səlahiyyəti vermək olmaz. Mən hesab edirəm ki, bu çox neqativ hallar yaradacaq və uzun bir proses ortaya çıxacaq. Bir müəllim yaş həddini artırmaqdan ötrü gərək məktəb direktorunun yanına gedə, məktəb direktoru təhsil nazirinə yaza, Təhsil Nazirliyi də fikirləşə ki, bunu artırıram, artırmıram və sair. Bu hansı mərhələlərlə gəlib çıxacaq, bir Allah bilir. Ona görə də 65 yaş birmənalı şəkildə həll olunsa, onda heç bir neqativ hal ortaya çıxmayacaqdır.
Yaxud da ali məktəblərdə çalışan bir professorun yaş həddi uzadılacaq, o birininki uzadılmayacaq. Bir kafedra müdiri saxlanılacaq, o birisi saxlanılmayacaq. Burada da yenə ciddi problemlər yaranacaq, yazışmalar başlayacaq. Nəticə etibarilə də gözəl bir qanunun üstünə kölgə salacaqlar.  Bu baxımdan, hesab edirəm ki, orada göstərilən müddəaların özündə ciddi dəyişikliklər olmalıdır. Sonra o saxlama faizinin dərəcəsi 10-dan artıq olmamalıdır. Əgər mən dediyim şərt qəbul olunursa, avtomatik olaraq o müddəalar da sıradan çıxar və biz cəmiyyətimiz üçün çox gözəl bir qanun layihəsi qəbul etmiş olarıq. Cənab Prezident bu qanunu göndərməklə insanların özlərinə də mesaj göndərir ki, 65 yaş kifayətdir. Yəni hər kəs öz xoşluğu ilə getsin. Öz xoşluğu ilə getməyənlər üçün isə qanun qəbul olunub, qanunun tələblərinə uyğun olaraq bu məsələ həyata keçirilməlidir. Bir daha qeyd edirəm, seçkili orqanlardan başqa bütün orqanlara bu, şamil olunur və olunmalıdır. İstisnalar da aradan qalxmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Hörmətli deputatlar, biz bir məsələni sizinlə məsləhətləşməliyik. O da reqlamentlə bağlıdır.
26 nəfər yazılıb. Doğrudan da, maraqlı məsələdir, hamı danışmaq istəyir. Əgər biz çıxışları 10 dəqiqə eləsək, çox adam danışa bilməyəcək. Həm də nəzərə alın ki, gündəlikdə hələ iki qanun layihəmiz də var. Ona görə etiraz yoxdursa, səsə qoymadan protokol qaydasında çıxışları 5 dəqiqə edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən həmkarım Siyavuş Novruzovun dediyi fikirlərə qoşuluram. Həm də çox sevinirəm ki, hətta Prezidentin imzası ilə gələn qanun layihəsinə də Siyavuş Novruzov tənqidi münasibət bildirdi.
Ziyafət müəllim, mən hesab edirəm ki, Milli Məclisə layihələr ona görə göndərilir ki, burada müzakirə olunsun, millət vəkilləri ona öz münasibətlərini bildirsinlər. Bu təşəbbüs cənab Prezidentdən gəlib. Azərbaycan Respublikası Prezidentinin gənclərlə görüşündən sonra bu qanun layihəsi Milli Məclisə göndərilib. Çox yüksək qarşılanıb, gənclərdə böyük ümid yaranıb. Onlar üçün yeni iş yerləri açılacaq, yaşa dolmuş insanlar da gedib dincələcəklər.
Amma bu layihədə müəyyən ziddiyyətlər var. Bu ziddiyyətlər nədən ibarətdir? Siyavuş müəllim də qeyd elədi, kifayət qədər istisnalar var. İnzibati vəzifələrin birinci-dördüncü təsnifatına daxil olan dövlət qulluqçularına bu, şamil edilmir. Mən hesab edirəm ki, bu, vətəndaşların Konstitusiya və qanun qarşısında bərabərliyi prinsipini pozur və bu müddəa, ümumiyyətlə, buradan çıxarılmalıdır. Deyildiyi kimi, yalnız Azərbaycan Respublikasının Prezidentinə səlahiyyət verilməlidir ki, o istədiyi şəxsi sərəncamı ilə vəzifəyə təyin və azad edə bilsin. Qanunverici orqanın başçısı kimi Azərbaycan Respublikası Milli Məclisinin Sədrinə bu səlahiyyət verilməlidir və məhkəmə hakimiyyətinin başçısına belə bir hüquq tanınmalıdır. Əgər kimin səhhəti imkan verirsə, lap 80, 85 yaşında da işləsin. Amma dediyim kimi, bu həmin 3 vəzifəli şəxsin sərəncamı ilə olmalıdır ki, bu dairə məhdudlaşsın.
İkincisi, bizdə pensiya yaşı 63-dür. Amma biz burada göstəririk ki, 65 yaşdan sonra 5 il ərzində hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Tam razıyam ki, bu, neqativ hallara yol açacaq. Pensiya yaşına çatandan sonra 65 yaşına qədər olan o iki il necə tənzimlənir? Ona görə də burada 65 yaş yox, pensiya yaşı göstərilməlidir. Gələcəkdə pensiya yaşı əgər qaldırılacaqsa, o halda həmin vaxtdan sonra şəxslər artıq pensiyaya getməlidirlər. Mən bunu da təklif edirəm.
32-1.8-ci maddədə qeyd olunur ki, şəxslər əgər yaxşı işləyibsə, təltif olunubsa, qalıb işləyə bilərlər. Mən hesab edirəm, bu yanaşmanın fəlsəfəsi doğru deyil. Əslində, biz yaxşı işləyən insanlara vaxtından tez pensiyaya getmək hüququ tanımalıyıq. Amma biz deyirik ki, sən çox çalışmısansa, çox zəhmət çəkmisənsə, qalıb daha çox işləyə bilərsən. İndi fikirləşin, 10 minlərcə insanın pensiya yaşı çatanda dövlət deyir ki, sən dövlətə qulluq eləmisən, çox sağ ol, indi get pensiyaya. O, ailəsinin, ictimaiyyətin qarşısında nə deyəcək? Ona deyəcəklər ki, sən yaxşı işləməmisən, ona görə səni pensiyaya göndərdilər. Mən hesab edirəm ki, bu həm də o pensiyaya gedən şəxslərə hörmətsiz yanaşmanın bir formasıdır. Mən şəxsən belə qəbul edirəm. İnsanları biz hörmətlə, ehtiramla pensiyaya yola salmalıyıq və deməliyik ki, get dincəl, gənclərə də iş yerləri açılsın. Bizdə, ümumiyyətlə, əhalinin 15 faizi, – xüsusilə dövlət qulluqçularını deyirəm, – heç pensiya yaşına çatmamış dünyasını dəyişir. Ona görə də mən hesab edirəm ki, bugünkü gün üçün 63 yaş götürülməlidir. Ancaq və ancaq 3 subyekt – Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri və məhkəmə hakimiyyətinin başında duran şəxs bu müddəti artıra bilər. Belə olduğu halda biz iş yerləri açmış olacağıq. Əks halda, dediyim kimi, yenə də burada sui-istifadə hallarına yol verəcəyik, həm də Prezidentin bu gözəl təşəbbüsünün, müəyyən mənada, çərçivəsini xeyli dərəcədə dağıtmış olacağıq. Diqqətinizə görə sağ olun.
Üzr istəyirəm, Ziyafət müəllim, sonda bir kəlmə də deyim. Bu təkcə dövlət qulluqçularına yox, bütün idarə, müəssisə və təşkilatlara şamil olunmalıdır. Hətta dövlətin payı 50 faizdən çox olan müəssisələrə də şamil olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Etiraf edim ki, demək istədiklərimi məndən öncə hörmətli həmkarlarım Siyavuş Novruzov və Qüdrət Həsənquliyev söylədilər. Sadəcə olaraq, mən vacib bildiyim bir neçə məqamı diqqətinizə çatdırmaq istəyərdim.
Hər şeydən öncə ölkə Prezidentinin imzası ilə gəlmiş bu qanun layihəsi dövlət başçısının gənclərə qayğısının ifadəsi kimi qiymətləndirilməlidir. Xatırlayırsınızsa, ölkə Prezidenti mayın əvvəllərində ayrı-ayrı sahələrdə ciddi uğur qazanmış gənclərlə və eyni zamanda, 2011–2015-ci illəri əhatə edən Dövlət Gənclər Proqramının işçi qrupu ilə görüşü zamanı gənclərin işlə təmin olunması, gənclərə etimad göstərilməsi məsələsinə xüsusi diqqət yetirdi. Bu da təbiidir, çünki nəsillərin varislik prinsipi bütün səviyyələrdə özünü qoruyub saxlamalıdır. Bu gün kifayət qədər ciddi və böyük intellektə malik olan, Siyavuş Novruzovun dediyi kimi, ən müasir düşüncələri özündə ifadə edən gənclərin dövlət qulluğunda yetişdirilməsi, formalaşdırılması və onların gələcəkdə daha ciddi, perspektivli məqamlara irəli çəkilməsi son dərəcədə vacibdir. Ölkə Prezidenti məhz bu məntiqə söykənərək belə bir təşəbbüslə çıxış edir.
Mən bu qanunun fəlsəfəsini və mahiyyətini birmənalı şəkildə dəstəkləyirəm və alqışlayıram. Mən də o fikirdəyəm ki, sadəcə olaraq, yaş məsələsi bir az sual doğurur. Niyə 64, 66 yox, 65? Niyə 67 yox, məhz 65?  Burada söylənildiyi kimi, bundan sonra yaş həddi ilə bağlı məhdudiyyətlər Azərbaycan qanunvericiliyində əlavə və dəyişikliklər şəklində tətbiq olunanda nəzərə alınsın ki, müəyyən olunmuş yaş həddi var. Bu, pensiya yaşıdır. Ona görə də bu anlayış qanunlara əlavə olunmalıdır və bu anlayış altında yaş həddi tətbiq edilməlidir. 65 yaşın özü,  bir daha təkrar edirəm, kifayət qədər suallar doğurur.
İkinci, bəli, mən də o fikirlə tamamilə şərikəm ki, dövlət qulluğunda xüsusi xidmətləri, potensialı olan insanlar ola bilərlər. Bunlar istisnadır. Bu, kütləvi deyil. İcra strukturunda 100 nəfər, qanunvericilik orqanında 20 nəfər, məhkəmə orqanlarında da 10 nəfər ola bilər. Yaş həddini 70-ə qədər bir il-bir il artırmaq səlahiyyətlərini ayrı-ayrı nazirliklərə, ayrı-ayrı baş idarələrə verməyin özü kifayət qədər problem və neqativ hallar yarada bilər. Ona görə də mən də onun tərəfdarıyam ki, bu səlahiyyətlər ölkə Prezidentinə, qanunvericilik orqanının rəhbərinə və Ali Məhkəmənin sədrinə verilməlidir. Yoxsa bu, bir daha təkrar edirəm, xoşagəlməz vəziyyətə gətirib çıxara bilər.
Hörmətli Ziyafət müəllim, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə də bu cür yanaşmanı tətbiq etmək lazımdır. Bəli, müəllimlər, dövlət büdcəsindən maliyyələşən ayrı-ayrı sahələrdə çalışanlar 63 yaşdan sonra həm pensiya alır, həm də əmək haqqı. 230 min insan necə işləməlidir? Hansı prinsiplə bu vəzifənin pillələrinə qalxıb həm öz istedadını reallaşdırmalı, həm də Azərbaycan dövlətçiliyinə töhfə verməlidir? Ona görə də bu şərtlər həm də dövlət büdcəsindən maliyyələşən müəssisələrə də tətbiq olunmalıdır.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Saat 4-ə qədər fasilə.
 
(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xahiş edirəm, hörmətli millət vəkilləri, yerlərinizi tutasınız. Valeh müəllim, müraciət hazırdır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirələrə davam etməmişdən qabaq gəlin, Avropa Parlamentinə müraciəti dinləyək. Azay müəllim, buyurun.
A.Quliyev. Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə müraciəti.
Hörmətli həmkarlar! Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu tutmuşdur. Demokratiyaya, insan hüquqlarına riayət edilməsinə və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və Azərbaycan öz gələcəyini birmənalı şəkildə Avropada görür. 2001-ci ildən ölkəmiz Avropa Şurasının üzvüdür, digər Avropa qurumları ilə səmərəli əməkdaşlıq edir. 
Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir. 2004-cü ildə Azərbaycan “Avropa qonşuluq siyasəti”nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha dinamik xarakter almışdır.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini artırır, bu məqsədlə mövcud layihələrdə fəal iştirak edir, gələcəkdə yarana biləcək layihələrdə isə iştirakını təmin etməyə çalışır. Qeyd etmək yerinə düşər ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır. Biz Avropa İttifaqı ilə əməkdaşlığın parlament ölçüsünə də xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində uğurlu iş birliyi qurulmuşdur. Hazırda Azərbaycan Respublikasının Milli Məclisi Litva parlamenti ilə birlikdə Tvinninq layihəsini həyata keçirməkdədir.
Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin parlament məclisinin fəaliyyətə başlaması Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlığımızda yeni mərhələ açmışdır. Biz ümid edirik ki, Avronest Parlament Assambleyası böyük Avropa ailəsinin üzvləri arasında daha sıx birliyin yaranmasına, demokratiyanın inkişafına dəyərli töhfələr verəcəkdir.
Bu gün Azərbaycan cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən bir ölkədir. İqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.
Sovet-kommunist irsinin qalıqlarından birdəfəlik xilas olmaq üçün bütün tədbirlər görülür. İnsanların öz iradəsini, fikir və mövqeyini sərbəst ifadə etməsi, siyasi plüralizmin bərqərar olması üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Ölkəmizin Avropa standartlarına uyğun gələn qanunvericilik bazası formalaşdırılır.
İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə sahəsində görülən tədbirlər Azərbaycanın milli maraqlarına əsaslanır. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yönəlmişdir.
Tamamilə məntiqlidir ki, Avropa İttifaqının nümayəndələri Azərbaycanda keçirilən parlament, prezident və bələdiyyə seçkilərində iştirak edir, öz məsləhətləri və tövsiyələri ilə bu istiqamətdə görülən işlərin təkmilləşməsinə kömək göstərirlər.
Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanın ağrılı problemi olan Ermənistanın təcavüzü məsələsinə də xüsusi diqqət yetirirlər. Məmnun olduğumuzu bildiririk ki, Avropa Parlamentindəki həmkarlarımız regionda vəziyyəti aydın şəkildə qiymətləndirərək, 2010-cu il mayın 20-də qəbul etdikləri “Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac” adlı qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından geri çəkilməsini tələb etmişlər.
Qaçqın və məcburi köçkünlərin ağır vəziyyətinə və acılarına şərik çıxan Avropa Parlamenti bu il aprelin 7-də qəbul etdiyi “Avropa qonşuluq siyasəti – Şərq ölçüsünün icmalı” adlı qətnamədə bu əhalinin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin bu qətnamənin qəbulu zamanı deputatların tam əksəriyyəti tanınmamış ərazilərdəki separatçı  rejimlərlə təmaslar qurulmasını rədd etmişdir.
Bütün bunlar Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu, ikitərəfli əlaqələrin böyük perspektivlərə malik olduğunu nümayiş etdirir. Belə bir şəraitdə Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin təxirəsalınmaz bir məsələ kimi bu ayın 12-də Avropa Parlamentinin müzakirəsinə çıxarılması və bu barədə qətnamə qəbul edilməsi ölkəmiz üçün gözlənilməz olmuş, təəccüb, təəssüf və narahatlıq hissləri doğurmuşdur.
Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinə müraciət edərək, aşağıdakıları nəzərə çatdırmağı zəruri hesab edir.
Biz yaxşı anlayırıq ki, demokratiya təkcə institusional kateqoriya olmayıb ilk növbədə və əsas etibarilə həyat və düşüncə tərzidir. Şübhə etmirik ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, görüləsi işlər də hələ çoxdur. Qarşıya çıxan yeni problemlərin öhdəsindən gəlmək üçün yeni demokratik formaların işlənib hazırlanması tələb olunur. Amma ayrı-ayrı xırda faktları ictimai kontekstdən çıxarıb ümumiləşdirərək, qanunauyğunluq, sistematik baş verən hadisələr kimi, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi, fikrimizcə, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa yönəlmişdir.
Digər tərəfdən, regionumuzda, eləcə də başqa yerlərdə insan hüquqlarının Avropa Parlamentinin qətnaməsində təqdim edildiyindən də kobud şəkildə pozulduğu,  insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər də vardır. Məhz Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi, hesab edirik ki, xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.
Bəzi ərəb ölkələrində cərəyan edən hadisələrlə əlaqədar olaraq, Azərbaycanda heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində də  qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş üsullar tətbiq edilir.
Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir. Bizim demokratik inkişaf yolunu seçməyimiz heç də konyunktur mülahizələrdən irəli gəlmir, xalqımızın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Bu yolda nə qədər böyük çətinliklərin olduğu bizə gündəlik həyat və fəaliyyətimizdən yaxşı məlumdur. Amma bu çətinliklər bizi qorxutmur. Biz bilirik ki, Avropa demokratiyaları da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar.
Məhz buna görə də biz Avropa Parlamentinin qətnaməsini demokratik dövlət kimi Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Hesab edirik ki, hər bir demokratik dövlətin praktikasında ola biləcək kiçik məsələləri bu cür nüfuzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanda həyata keçirilən işlərə kölgə salmaq istəyirlər. 
Yuxarıda şərh edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qətnaməsini qeyri-obyektiv və qərəzli hesab edir, Avropa Parlamentinə bu müraciəti edərək, gələcəkdə ikitərəfli münasibətlərin daha konstruktiv çərçivədə qurulmasını arzulayır.
Sədrlik edən. Sağ olun. Musa Qasımovun təklifi var.
M.Qasımov. Təşəkkür edirəm, hörmətli cənab Sədr.  Mən bu müraciəti hazırlayanlara öz minnətdarlığımı bildirirəm. Bununla belə bəzi məqamlara diqqət yönəltməyi və mətndə onların nəzərə alınmasını vacib hesab edirəm. Bunlar hansılardır? Bir. Müraciətin adında hansı məsələ ilə bağlı müraciət edilməsi öz əksini tapsın. Bu çox konkret bir məsələdir. Filan məsələ, filan qərarla bağlı Azərbaycan Respublikası Milli Məclisinin müraciəti. İkinci, müraciət məhz həmin ifadə ilə başlasın. Biz sizə filan məsələ ilə müraciət edirik, ondan sonra şərh gəlsin. Burada nələr öz əksini tapsın? Mütləq burada həmin sənəd qəbul olunarkən Azərbaycanın iştirak etməməsi və ya xəbərinin olmaması fikri öz əksini tapsın. Bu həm Avropa dəyərləri, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar baxımından çox ciddi məna kəsb edir və gələcək üçün onlara bir siqnal olmalıdır.
Üçüncü, burada mütləq qeyd olunmalıdır ki, belə bir sənədin qəbul olunması Avropa dəyərlərinin üzərinə kölgə salır. Demokratiya xaricdən ixrac oluna, birdən-birə qurula bilməz, bu, təkamül yolu ilə gedən prosesdir. Burada qeyd olunmalıdır ki, qəbul edilən qərar Azərbaycanın keçdiyi 20 illik demokratik inkişaf yoluna kölgə salır.
Nəhayət, son hissədə nə öz əksini tapmalıdır? Hesab edirəm ki, bu müraciət 3 hissədən ibarət olmalıdır. Finalda nə olmalıdır? Bizim Milli Məclisin ümidi müraciətdən irəli gələn nəticədir. Biz ümid edirik ki, qəbul edilən hər hansı bir qərar Azərbaycanı və digər ölkələri Avropaya daha çox yaxınlaşdırmalıdır, Avropadan, Avropa İttifaqından, Avropa Parlamentindən uzaqlaşdırmamalıdır. Bu, mütləq qeyd olunmalıdır. Bir də, hökmən qeyd olunmalıdır ki, demokratik inkişaf yolu Azərbaycan xalqının öz iradəsidir, seçdiyi yoldur. Hesab edirəm ki, ərəb ölkələrinin orada xatırladılmasına bəlkə də lüzum yoxdur. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Musa müəllim, Siz, yəqin, bir az diqqətlə qulaq asmadınız. Dediyiniz məsələlərin əksəriyyəti orada var. Birinci qaldırdığınız ad məsələsi ola bilər. Amma biz burada təhlil aparmamalıyıq, bu, müraciətdir. Çıxışa 7 nəfər yazılıb. Təzə əlavələr edəcəksiniz, bundan güclü yazı yazacaqsınız? Mübariz müəllim, buyurun.
Yerdən. (Eşidilmir.)
M.Qurbanlı. Zahid Oruc, bu, ciddi bir sənəddir, niyə deyirsiniz, səsə qoyaq? Burada nə məsələ var ki? Hərə bir fikir deyə bilər. Mən xahiş edirəm, belə məsələlərdə ciddi olaq. Mən də buna tərəfdaram ki, sənəddə konkret nəyə görə müraciət edildiyi yazılsın: Avropa Parlamentinin 12 may tarixli qətnaməsi. İkincisi, bütövlükdə sənədə tərəfdaram, yaxşı hazırlanıb, çox təkmil bir sənəddir. Bu qətnaməyə 34 parlament üzvü səs verib, qalanları səs verməyiblər. Müraciətdə xüsusi qeyd olunmalıdır ki, Avropa Parlamentinin az sayda deputatlarının səsi ilə qəbul edilmişdir.
Üçüncü, bu qətnamədə müsbət məqamlar da var. Müraciətdə konkret göstərmək olar ki, hansı məqamları biz qərəzli hesab edirik və bunlar təəssüf doğurur. Təəssüf doğurduğu qeyd edilməlidir. Bir də, oradan “tanınmamış ərazilər” terminini çıxarmaq lazımdır. Onu belə yazmaq lazımdır: “Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimlər və yaxud rejim”. Ərazi işğal olunub, orada da qondarma rejim yaradılıb, “tanınmamış ərazi” termini işğal ərazisinə aid edilə bilməz. Mən də bu  fikirdəyəm ki, ərəb ölkələrinin buraya heç bir aidiyyəti yoxdur. Ərəb ölkələrinin bu qətnamədə göstərilməsinin bizim məsələyə heç bir aidiyyəti yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Birinci məsələni biz dedik. Düzgün təklifdir. Əlavə edəcəyik. Eləcə də Avropa Parlamentinin deputatlarının azsaylı hissəsinin səs verməsi də düzgün məsələdir, çünki Avropa Parlamentində Azərbaycanı dəstəkləyən çoxlu deputat var, onlar da çıxış ediblər. Biz bilirik ki, hansı partiyalar bu məsələni əsaslandırıblar, bunu da qeyd etmək olar. Aydın Mirzəzadə, buyurun.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Axırda deyilir ki, “qərəzli müraciət”. Mən “qərəzli” sözünün çıxarılmasını təklif edirəm. Qərəz düşmənə qarşı olur. Nə Azərbaycan Parlamenti Avropa Parlamentinə, nə də Avropa Parlamenti Azərbaycan Parlamentinə düşmən deyildir. Biz qeyri-obyektiv münasibətə heyfsilənirik. “Qərəzli” sözünü yazmaqla bilərəkdən Avropa Parlamentini özümüzə düşmən elan etməyək. Həmin sözün oradan çıxarılmasını təklif edirəm.
Sədrlik edən. “Qərəzli” sözü mütləq olmalıdır. Bu, qərəzli qərardır. Sayları az da olsa, bəzi deputatlar qərəzli təkliflə çıxış ediblər. “Qərəzli” sözünü çıxarmaq olmaz, burada qərəz var. Ondan 5–6 gün qabaq bizim nümayəndə heyəti Strasburqda olub. Ziyafət müəllim söhbətdə iştirak edib. Düz deyirsiniz, onlar, Yaşıllar Partiyası hələ mitinq də yığmaq istəyirlər. Siz Azərbaycana gəlirsiniz. Belə işlərdə bizim nümayəndə heyəti də iştirak etməlidir. Buna baxmayaraq, Avropa Parlamentinin Sədrinə də məhəl qoymadan üç partiya yığıldı bir yerə, məsələ qaldırdılar, prosedur keçirdilər, danışdılar. Qərəzli olmasına, qərəzlidir. Razıyam ki, burada bütün Avropa Parlamenti yox, bəzi deputatlar iştirak ediblər. Buyur, Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən Mübariz Qurbanlının fikirləri ilə tamamilə şərikəm. Bizə problem yaradırlar. Biz bu problemin üzərinə getməyəndə, əlavə bizim üstümüzə daha kəskin şəkildə,  daha böyük şəbəkə ilə, imkanlarla gəlirlər. Ona görə mən də düşünürəm ki, buradakı ifadələrdə sərt notlar xüsusi seçilməlidir, fərqlənməlidir. Nəyə görə?  Çünki Azərbaycana böhtan atılıb. Biz isə deyirik ki, bu böhtana bir az yumşaq cavab verək, onların xətrinə dəyər. Böhtana qarşı təmkinli olaq, onlar bizdən inciyə bilərlər.  Belə olmamalıdır.
Azərbaycan müstəqil dövlətdir. Oqtay müəllim, Siz də bu gün çıxışınızda haqlı olaraq dediniz ki, Azərbaycana qarşı bütün hücumların arxasında bir məqam dayanır. Azərbaycan Respublikasının Prezidenti Azərbaycanı hər hansı bir dövlətin təsiri olmadan Azərbaycan xalqının iradəsinə söykənərək idarə edir. Bu da Avropa ölkələrini qane etmir. Ona görə də bu və buna bənzər bəyanatlar, qətnamələr bundan sonra da davam etməlidir. İndi bizim vəzifəmiz nədən ibarətdir?
Düşünürəm ki, deputat, Milli Məclis olaraq  bizim vəzifəmiz, üzərimizə düşən başlıca məsuliyyət Prezidentimizin siyasətinə, onun iradəsinə uyğun mövqe nümayiş etdirməkdir. Ona görə də müraciətin ruhunu mən bəyənirəm. Ancaq xahiş edirəm ki, hazırlayanlar, müəlliflər, Avropa Parlamentinə müraciətdə, əlbəttə, bütün etik normalar nəzərə alınmaqla, sərt ifadələr işlətsinlər. Göstərilməlidir ki, Azərbaycana qarşı qərəzli münasibətdir, ikili standartın daha yeni bir formasıdır. Azərbaycan xalqına qarşı bütün bunların hamısı təhqirdir. Azərbaycan xalqı da buna qarşı münasibətini ifadə etməlidir. Mübariz müəllim düz deyir, burada ərəb ölkələrini xatırlatmaq  nəyə lazımdır? 
Sədrlik edən. Eyni fikirləri təkrar etməyək.
F.Ağamalı. Nəhayət, axırıncı sözümü deyirəm, Oqtay müəllim, çox xahiş edirəm.  “Həyata keçirilən işlər” nə deməkdir? Bu cümlə dəyişilməlidir. “Azərbaycanın tutduğu yola qarşı” və yaxud da “Azərbaycanın tutduğu demokratik yol” kimi işlənsə, daha yaxşı olar.
Sədrlik edən. Lazımınca müzakirə etdik. Deyilənlər içərisində müsbət fikirlər də oldu. Bunlara da, Valeh müəllim, baxın. Bu müraciəti də qəbul edək, çünki vaxtımız azdır. Ayın 20-də Avropa Parlamentinin Sədri Azərbaycana gəlir. Səfərə qədər onun bundan xəbəri olsun ki, görüşlərdə biz bu söhbətləri apara bilək. Etiraz yoxdursa, qəbul edək. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Səfa müəllim, müraciətdə düzəlişləri qeyd edin. Təcili göndərmək lazımdır, sabah göndərək. Müzakirələrə davam edirik. Fuad Muradov, buyurun. Reqlament 5 dəqiqədir.
F.Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər çox vacib və əhəmiyyətli dəyişikliklərdir. Mən öncədən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, Azərbaycan üçün vacib olan qanuna dəyişikliklər Milli Məclisə göndərilib. Müvafiq komitələrdə bunu çox yüksək səviyyədə müzakirə ediblər. Bu gün bizim müzakirəmizə çıxarıblar.
Heç kim üçün sirr deyil ki, Azərbaycanda gedən islahatların əsas hissəsi Azərbaycan gənclərinin müxtəlif dövlət qurumlarında işləmələrinə, müxtəlif təhsil ocaqlarında təhsil almalarına yol açmışdır. Bütün bunlar nəzərə alınaraq təqdim olunan qanunda çox mütərəqqi və yeni yanaşmalar əksini tapmışdır. Bayaq həmkarlarım bu məsələyə toxundular. Bir müddət əvvəl biz, bir qrup Azərbaycan gənci və gənclər haqqında dövlət proqramlarını həyata keçirən işçi qruplarının üzvləri cənab Prezidentin qəbulunda olmuşduq. Bu məsələlər orada da çox geniş müzakirə olunmuşdur. Cənab Prezidentin fikri, bizə verdiyi tövsiyələr ondan ibarət idi ki, biz yaşlı, pensiyaya çıxan insanlara da böyük diqqət ayırmalıyıq və eyni zamanda, Azərbaycan gənclərinin həm dövlət qulluğunda, həm də karyeralarında irəliləmələri üçün şərait yaratmalıyıq. Bu, cənab Prezidentin fikri idi. Orada gənclərdən müxtəlif müraciətlər oldu.
Düşünürəm ki, biz bu qanuna edilən dəyişikliklərə çox diqqətlə yanaşmalıyıq. Əgər Azərbaycanda gedən islahatları, Azərbaycanın bu gün xaricdə oxuyanlara sərf etdiyi təhsil sərmayəsini düşünürüksə, biz Azərbaycan gənclərinin karyeraları istiqamətində çox ciddi addımlar atmalıyıq. Təbii, bu qanun çoxlu müzakirələrə yol açan bir qanundur. Amma Azərbaycan cəmiyyəti açıq bir cəmiyyətdir, bu müzakirələrə biz hamımız hazırıq. Düşünürəm ki, bir neçə məqama xüsusi diqqət ayırmalıyıq.
Burada millət vəkilləri bu məsələyə toxundular. Məsələnin önəmlisi ondan ibarətdir ki, təklif edilən dəyişikliyin 32-1.4-cü maddəsində biz 5 faizdən artıq olmayan həddi qoymuşuq. Yəni dövlət qulluğunda işləyən və yaşı uzadılan insanların sayı işçilərin ümumi sayının 5 faizindən artıq ola bilməz. Bu da çox gözəl yanaşmadır ki, biz bunu nəzərə almışıq. Çox vacib bir məsələni Siyavuş müəllim dedi və düşünürəm ki, biz də bu fikri dəstəkləməliyik. Çalışma müddətinin uzadılması məsələsi cənab Prezident tərəfindən çərçivəyə qoyulmalıdır. Cənab Prezident səlahiyyətin artırılması ilə bağlı qərar verməlidir ki, lazım olmayan digər bütün söhbətlər cəmiyyətdə bitsin.
Növbəti bir məsələ burada deyildi. Ümumiyyətlə, son zamanlar cəmiyyətdə müəllimlər, həkimlər haqqında çox ciddi müzakirələr gedir. Yaxşı olardı ki, onlar da dövlət qulluqçularına bərabər tutulsunlar və biz o zaman bir çox məsələləri həll edə bilərik. Əgər onlar dövlət qulluğunda olsalar, onların məvacibi də çox yüksək səviyyədə artacaqdır. Eyni zamanda, bununla gənclərə yol açarıq. Rayonlarımızda müəllimlərin səviyyələri və sayları Azərbaycanın bugünkü inkişafına uyğun deyildir. Yəni hazırda kənd məktəblərimizdə bununla bağlı çox ciddi problem var. Təbii, oraya gənc insan gedəcək, 70 yaşlı adam gedə bilməyəcək. Düşünürəm ki, biz mütləq bunu nəzərə almalıyıq. Bu qanun layihəsinin həyata keçirilməsində yeni ideyalar da olacaq, bunları mütləq nəzərə almalıyıq. Əsas istiqamət isə burada verilibdir. Əsas istiqamət ondan ibarətdir ki, biz bu gün  ölkənin təhsilə qoyduğu sərmayəni mütləq çıxara bilmək üçün şərait yaratmalıyıq. Bizdə təhsil pulsuzdur, xaricdə təhsil almaqla bağlı cənab Prezident tərəfindən irəli sürülmüş xüsusi proqramımız var. Gənclər xaricdən qayıdanda çox böyük problemlə üzləşirlər. Nəticədə də bu istiqamətdə müəyyən narazılıqlar yaranır. Mən həmkarlarımı bu qanun dəyişikliklərinə səs verməyə çağırıram. Düşünürəm ki, həkimlər və müəllimlər məsələsinə biz mütləq baxmalıyıq ki, dövlət qulluğu onlara da şamil olunsun və ondan sonra bu qanun mükəmməl şəkildə işləsin.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, sizdən bir xahişim var. Siyahı ilə 27 həmkarımız çıxış edəcəkdir. Nəzərə almalıyıq ki, bu gün biz iclasda “Əmək pensiyaları haqqında” Qanuna mütləq baxmalıyıq, çünki qarşıda büdcə məsələləri var. Xahiş edirəm, mümkün qədər fikirlərinizi qısa çatdırın. Çıxışları mümkün qədər konkret edək. Kamilə Əliyeva.
K.Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də sayıram ki, bu qanun layihəsi mühüm əhəmiyyət kəsb edir. Mən də digər həmkarlarım kimi bu qanun layihəsinə müsbət səsimi verəcəyəm. Ancaq qısaca olaraq bəzi bəndlər haqqında fikrimi və təklifimi vermək istərdim. Gündəmdə olan məsələlərdən biri də təhsil işçilərinə dövlət qulluqçusu adı verilməsidir. Əgər təhsil işçilərinə dövlət qulluqçusu statusu şamil olunarsa, bu qanunun 32-1.1-ci maddəsi tətbiq edilərkən elmi dərəcənin və ya elmi adın olması nəzərə alınmalıdır. Aydın məsələdir ki, təhsil ocaqlarında çalışan müəllimlərin əksəriyyəti elmi ada və dərəcəyə malikdir. Bu şamil edildikdən sonra hansı şəkildə realizə olunacaq? Bax, belə bir problem yaranacaq. Ondan sonra 32-1.8.3-cü maddədə “dövlət təltifi ilə təltif edilmə” yazılıb. Burada düzəliş edilməlidir. İki dəfə “təltif” sözü işlənməsin deyə “dövlət təltifinin olunması” yazmaq olar. Bundan əlavə, mən təklif edərdim ki, buraya fəxri adların da verilməsi əlavə olunsun. Yəni bir var, dövlət təltifi, bir də var, fəxri adlar. Yəni “əməkdar elm xadimi”, “əməkdar müəllim” kimi. Yəni dövlət təltifindən əlavə elmi adların əlavə olunmasını da təklif edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Bütövlükdə qanun layihəsinə tərəfdaram. Ancaq hesab edirəm ki, 65 yaşdan sonra dövlət qulluqçusunun iş müddətinin bir il uzadılması əvəzinə ya birdəfəlik 5 il edək və ya heç olmasa, 2–3 il. Bir il azdır, bu məsələyə hər il təzədən baxmaq lazım gələcəkdir. Mümkündürsə, komitə buna bir də baxsın.
Sonra, aşağı dövlət qulluğunda vaxtın uzadılması üçün kimlərə güzəştlər tətbiq oluna bilər? Burada attestasiyanı saxlamaq kifayətdir. Əgər adam attestasiyadan 3 dəfə uğurla keçibdirsə, deməli, onun tənbehi də olmayıb, səriştəsi də yaxşıdır və sair. Elmi dərəcəni burada saxlamağa ehtiyac yoxdur. Onsuz da süni surətdə elmi ad almaq uğrunda yarış başlayıbdır. Əslində, elmi ad uğrunda yarış elm mərkəzlərində, akademiyada, universitetlərdə olmalıdır. Dövlət qulluğunda çalışan adamların elmi araşdırma aparmaları üçün, necə deyərlər, qeyri addımlar atılır. Lazım deyil. Bunu deyəndə, inanın ki, sabah dövlət qulluğunda olan adamların hamısı elmi ad almaq istəyəcək. Çalışacaq elmi ad alsın ki, gələcəkdə pensiya yaşı çatanda ona güzəşt edilsin.
Bir də burada belə bir problem yoxdur. Türkiyədə əməkli olanda insan sevinir. Deyir: əməkli olsaydım, gedib çalışardım, azad, sərbəst olardım. Əməkli olmaq şərəfli bir işdir. İnsan 65 yaşında əməkli olub hansısa idarədə, müəssisədə, dövlət quruculuğunda çalışa bilər. Yüksək təqaüd alacaq və o demək deyil ki, çalışmayacaq. O, ayrı-ayrı özəl sahələrdə müşahidəçi, məsləhətçi işləyə bilər. Yəni onun üçün böyük imkanlar yaranır ki, başqa yerdə işləsin. Bu qanun vətəndaşın, yaxşı bir mütəxəssisin maraqlarına toxunmayacaq. O ki qaldı, tutaq ki, vaxtı çatdıqda yaxşı işçini saxlamaq məsələsi, birinci-dördüncü təsnifata aid vəzifələrlə bağlı məsələ cənab Prezidentin səlahiyyətinə aiddir. Dövlət idarələrinə rəhbərlik edənlər üçün bir il müddət azdır, bunu artıraq, 5 il edək. Bir də, mümkünsə, elə attestasiyanı saxlasaq, daha məntiqli olar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun. Mən növbəmi Əhliman Əmiraslanovla dəyişdirirəm.
Sədrlik edən. Əhliman  müəllimə mikrofon verin.
Ə.Əmiraslanov. Jalə xanım, çox təşəkkür edirəm. Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu yaş həddinin büdcədən maliyyələşdirilən müəssisələrə, xüsusilə elm, təhsil və səhiyyə müəssisələrinə tətbiqi elmi kadrlarımızın, professor, müəllim heyətinin cavanlanması, kadr potensialının möhkəmləndirilməsi yolunda atılmış ən uğurlu addımlardan biridir. Mən də bu qanun layihəsinə səs verəcəyəm. Ancaq mən bir neçə məsələni burada qeyd etmək istəyirəm.
Dünyada elə bir ölkə yoxdur ki, orada tədris, elm, səhiyyə müəssisələrində yaş məhdudiyyəti olmasın. Əgər Avropaya müraciət etsək, görərik ki, bu 65–70 yaş arasındadır. Qardaş Türkiyə Cümhuriyyətində bu rəqəm 67-dir. Əksər ölkələrdə 65 və 70 yaş həddi qoyulmuşdur. Bu yaş həddini xüsusilə ali təhsil müəssisələrinə tətbiq eləməklə, çox böyük bir boşluq yaranacaq. Elə ali təhsil müəssisələrimiz var ki, orada professor-müəllim heyətinin təxminən 40 faizi təqaüdə getməlidir. Mən 65 yaşa tərəfdaram. Ancaq 3-5 il müddətində bunu 70 yaşdan başlasaq, böyük bir boşluq yaranmaz və tədricən biz bu yaş həddinə uyğunlaşa bilərik. Xüsusilə hazırkı dövrdə bu yaş həddinin tətbiq edilməsi gənclərimizin elmə, tədrisə cəlb olunması üçün çox vacibdir. İnformasiya texnologiyalarının inkişaf etdiyi, tədrisə elmin tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə bəzən bizim yaşlı alimlərimiz bugünkü tələbatla ayaqlaşmırlar. Mən bunu vacib hesab edirəm.
Digər bir məsələ elmi dərəcələrlə bağlıdır. MDB məkanında və bizə qonşu ölkələrdə elmi dərəcəyə görə vəsait ödənilir. Bizdə də bu vəsait ödənilir. Ancaq bu azdır. Qonşu Rusiyada bu vəsait elmlər namizədinə 220-230 dollar, elmlər doktoruna 500 dollara qədər bir məbləğ təşkil edir. Orada bu məbləği təqaüdə, pensiyaya çıxanda pensiyanın üzərinə köçürürlər. Əgər bizdə də belə bir tədbir görülsə, qanunda belə bir dəyişiklik etsək, onda professorlar, dosentlər, elmi dərəcələri, elmi adı olan insanlar təqaüdə getməklə razılaşarlar və böyük məmnuniyyətlə təqaüdə gedərlər. Bu çox proqressiv bir dəyişiklikdir və təhsilimizin, səhiyyəmizin, elmimizin inkişafı yolunda atılmış ən uğurlu addımlardan biridir.
Bir məsələni də qeyd etmək istəyirəm. Bəzi deputat həmkarlarım qeyd etdilər ki, bu yaş həddini 65-dən 63-ə endirək. Mən buna tərəfdar deyiləm. 63 çox azdır, 65 yaş həddi yaxşıdır, optimaldır. Ancaq müəyyən bir müddət vermək lazımdır ki, ali təhsil ocaqlarında böyük boşluq yaranmasın.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Amma özünüz dediniz ki, professorların 40 faizi pensiyaya gedə bilər. Ona görə də verilən vaxtda cavanları hazırlamaq lazımdır. Cavanlarımız çoxdur, bu məsələyə başlamaq lazımdır. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli həmkarlar! İstər dövlət qulluqçuları, istərsə də əmək müqaviləsi üzrə işləyən şəxslər üçün yuxarı yaş senzinin müəyyən edilməsi və bunun qanunvericilikdə öz əksini tapması təşəbbüsünü dəstəkləyirəm və həmkarlarımı da bu dəyərli dəyişikliklərin lehinə səs verməyə çağırıram. Xüsusilə qeyd edirəm, bu təklif ölkə rəhbərliyinin gənclər siyasətinin tərkib hissəsi olaraq imkan verəcəkdir ki, gənc kadrlar dövlət orqanlarının müxtəlif strukturlarında daha fəal şəkildə işlə təmin edilsinlər. Eyni zamanda, müvafiq dövlət proqramına uyğun olaraq xaricdə təhsil almış gənc kadrların gələcəkdə işlə təmin edilməsi baxımından da bu dəyişikliklərin müsbət təsiri olacaqdır.
Həmçinin təklif edilən 5 ilə qədər ilbəil müddətlərin artırılması müddəası da məqsədəuyğun hesab edilməlidir, çünki həyat tərzi göstərir ki, peşəkar, bacarıqlı kadrların təcrübəsindən istənilən sahədə istifadə həmişə öz müsbət nəticələrini vermişdir. Bir təhsil işçisi olaraq təklif edərdim ki, xüsusilə elm, təhsil, səhiyyə kimi sahələrdə müvafiq yaş həddini keçmiş peşəkarlardan konsultant-məsləhətçi institutu formasında gələcəkdə müəssisələr özləri istifadə etməyə başlasınlar. Bu hal yaşlı işçilərin birdən-birə işdən ayrılmalarının onlara psixoloji, mənəvi cəhətdən təsir etməməsinə imkan verəcəkdir. Məsələn, ali təhsil müəssisələrində onlar qanun layihəsində göstərildiyi kimi, ştatdankənar, saathesabı dərs deyə, elmi rəhbərliklə yanaşı həm də gənc pedaqoqlar üçün məsləhətçi qismində cəlb oluna bilərlər ki, onlara da əmək haqqı müvafiq müəssisənin daxili imkanları hesabına ödənilə bilər. Ümumilikdə bu dəyərli dəyişikliklərin böyük əhəmiyyət daşıdığını dərk edirəm və onları dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı, buyurun.
A.Naxçıvanlı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, müzakirəyə təqdim olunan hər iki qanun layihəsi çox vacibdir. Hər iki məsələ çox həssas məsələdir. Bu məsələlər yalnız hüquqi yox, mənəvi və ictimai məsələdir. Buna sübut odur ki, bir neçə gündür ölkədə bir çox insanlar tərəfindən bu məsələ müzakirə edilir. Ölkədə çox sayda insanlar dövlət qulluğu ilə bağlıdır. Mən bu məsələnin hüquqi tərəfindən çox mənəvi tərəfi haqqında fikrimi çatdırmaq istəyirəm. Aydındır ki, dövlət qulluğunda maaşlar yüksəkdir, başqa imtiyazlar da var. Amma pensiya yaşına çatanda dövlət yolunda çalışan insanların hamısına eyni gözlə baxmaq düzgün deyil. Məhz bunları nəzərə alaraq cənab Prezident bu qanun layihəsini Milli Məclisə təqdim etmişdir.
Qanun layihəsində varislik də  nəzərə alınır. Heç kimə sirr deyil ki, hər bir dövlətin müəyyən yaş həddini ötmüş dövlət qulluqçularına həmişə ehtiyacı olacaqdır. Bu gün həyatımız da bunu sübut edir. Ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəni böyük bəlalardan qurtarması buna  ən böyük misaldır. İndinin özündə də dövlət qulluğunda elə insanlar var ki, bu gün onları əvəz etmək mümkün deyil. Bu gün onlar dövlətimiz, dövlətçiliyimiz üçün çox lazımdırlar.
Məgər ölkəmizdə 50 yaşında akademiklərimiz çoxdurmu? Bir akademiki hazırlamaq üçün nə qədər müddət lazımdır? Təhsil sahəsində elə insanlar var ki, onları bu gün əvəz etmək, doğrudan da, çox çətindir, çünki onları əvəz etmək üçün potensial yoxdur. Biz düşünməliyik ki, layihədə göstərilən şərtləri nəzərə almasaq, cəmiyyətdə çox böyük boşluq əmələ gələcəkdir. Çünki gənclər hələ buna hazır deyildirlər, yaşlı insanları isə artıq pensiyaya ötürməliyik. Pensiyalar faizlə yox, dəfələrlə qalxmalıdır ki, məsləhətçi, diplom rəhbəri öz potensialından istifadə edərək  maaşa bağlı olmasın. Aldığı pensiya onun yaşaması üçün şərait yaratsın. Mən düşünürəm, bu qanun layihəsində ən çox qəbul edilən elə odur ki, dövlət qulluğunda olma müddətinin müstəsna hallarda 65 yaşdan 70 yaşına qədər və daha sonra layiq olanlar üçün uzadılması nəzərdə tutulur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də  təklif olunan bu layihənin ideyasını qətiyyətlə dəstəkləyirəm. Belə hesab edirəm ki, Azərbaycanda yetişməkdə olan gənc nəslin potensialından səmərəli şəkildə istifadə edilməsi üçün bu qanun əlverişli imkanlar yaradacaq. Düşünürəm ki, Milli Məclisin deputatları bu qanunu, onun müddəalarını dəstəkləyəcəklər. Mən onu da fikirləşirəm ki, burada səsləndirilən bir neçə ideyanın da qanun layihəsində imkan daxilində nəzərə alınması üzərində iş aparılacaqdır. Mən bir-iki məsələyə diqqəti cəlb etmək istəyirəm. 
Burada 5 və 1 faizdən ibarət kvotalar müəyyənləşdirilib. Mənə elə gəlir ki, bu kvotalar arasında bir ziddiyyət var. Həmin kvotaların birinə görə qulluq müddəti uzadılmış dövlət qulluqçularının sayı işçilərin sayının 5 faizindən artıq ola bilməz. Amma digər maddədə isə 1 faizlik kvota nəzərdə tutulur. İstənilən sahədə çalışan işçilər həmin sahənin müəssisələrində çalışan işçilərin cəmini təşkil edir. Nə cür ola bilər ki, sahədə çalışanlar üçün 5 faizlik, amma həmin sahəyə aid müəssisələrdə isə 1 faizlik kvota nəzərdə tutulur? Beləliklə də bu iki kvota arasında 5 dəfə fərq əmələ gəlir. Burada bir ziddiyyət var və bunu dəqiqləşdirmək lazımdır.
İkinci, konkret bir müəssisədə, xüsusilə də təhsil, elm müəssisələrində çalışan insanların 1 faizinin çalışma müddətinin artırılması, mənə elə gəlir ki, indiki reallıqlar çərçivəsində müəyyən problemlər yaradacaqdır. Bu barədə hörmətli akademik Əhliman Əmiraslanov da qeyd etdi. İndi universitetlərin əksəriyyətində çalışanların böyük hissəsinin yaşı artıq nəinki 65–70-i də keçib. Əgər kvota əsasında onların 1 faizinin çalışma müddətini artırmaq nəzərdə tutulmaqla yerdə qalanların hamısının  pensiyaya getməsi qanunun tələblərinə uyğun olaraq həyata keçirilsə, onların hamısını həmin səviyyədə və yaxud buna yaxın səviyyədə mütəxəssislərlə əvəz etmək çox çətin olacaqdır.
Digər tərəfdən, bir daha həmin məsələyə qayıtmaq istəyirəm ki, həm kvotalardakı ziddiyyətin aradan qaldırılması, həm də peşəkar insanların işçi qüvvəsindən daha səmərəli istifadə etmək üçün hər iki kvotanı 5 faiz müəyyənləşdirmək yaxşı olardı. Məsələn, Bakı Dövlət Universitetində 2 minə yaxın müəllim çalışır ki, onların 1 faizi 20 nəfər edir. Amma Bakı Dövlət Universitetində, yəqin, Abel müəllim razılaşar və ya başqa universitetlərdə də bu qanun tətbiq olunsa, pensiyaya getməli olan adamların sayı artıq 20–30 nəfərlə ölçülməyəcək. Ona görə də bu problemi həll etmək lazımdır.
Digər bir məsələ də artıq burada səsləndirildi. İş müddətinin ildə bir dəfə olmaqla, 5 il artırılmasının da həyata keçirilmə, reallaşma mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Prinsip etibarilə bu ideya  bəyənilir. Amma həmin ideyanın praktik olaraq həyata keçirilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Mən burada səsləndirilən fikirləri dəstəkləyirəm, hesab edirəm ki, bu qanunun qəbul olunmasına çox ciddi ehtiyac var. Bu qanun Azərbaycanda əmək resurslarından səmərəli istifadə edilməsinə ciddi köməklik göstərəcək. Eyni zamanda, gənclərin Azərbaycan ərazisində xüsusi çəkisinin yüksək olduğunu nəzərə alaraq mən hesab edirəm ki, bu qanunun qəbul və tezliklə tətbiq olunmasına ciddi ehtiyac var. Buna görə də deputat həmkarlarımı qanunun mümkün olan dəyişikliklərlə həyata keçirilməsini dəstəkləməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Oqtay müəllim, mən təkrarçılıq olmasın deyə çıxışdan imtina edirəm. Artıq fikirlər söylənildi.
Sədrlik edən. Təkid edənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda siyahı ilə gedək.  Səttar Möhbalıyev.
S. Möhbalıyev. Çox sağ olun, cənab Sədr. Doğrudan da,  bu məsələ ən aktual məsələlərdən biridir. Təhsil, səhiyyə sahəsində, bir çox yerlərdə qanun layihəsi müzakirə olundu. Mən bunu da deyim ki, vaxtında atılmış addımdır. Gənclərə də yer vermək lazımdır, təhsil, səhiyyə sahəsində gənclərin işləməsi üçün şərait yaradılmalıdır.
Ancaq ikinci məsələ, ildə bir dəfə iş müddətini uzatmaq müəyyən problemlər yaradacaq. Buradakı 1 faizlə 5 faiz kvota təhsil sahəsində çalışan işçilər üçün müəyyən problem yaradacaq. Mən əminəm ki, icra orqanı bunu tənzimləmək üçün əsasnamə hazırlayacaq. Kimin işləmək müddətinin artırılması komissiyanın qərarı ilə həyata keçiriləcəkdir.
Digər məsələ barədə bayaq hörmətli Əhliman müəllim çıxış etdi. Doğrudan da, indi gənclər bu işə tam hazır deyildirlər. Ancaq müddətin 5 il  uzadılması Təhsil Nazirliyinin üzərinə çox böyük yük qoyur ki, bu  qısa müddət ərzində boşluğu aradan qaldırmaq üçün kadr hazırlığına diqqəti artırsınlar. Mən ümumiliklə bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Bu qanun layihəsi burada kifayət qədər geniş müzakirə olundu. Ona görə də mən çox geniş danışmağa ehtiyac görmürəm. Sadəcə, bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Doğrudan da, qanun layihəsi Azərbaycanın inkişafı baxımından son dərəcə zəruri bir sənəddir. Amma mən hesab edirəm ki, burada da bürokratiyanı və məmur özbaşınalığını önləmək, müəyyən əyri meyllərin qarşısını almaq üçün konkretləşdirmək lazımdır. 65 yaşından sonra hər il hörmətli idarə başçısının rəğbətindən və yaxud subyektiv mülahizələrindən asılı olaraq iş müddəti artırıla bilər, yaxud işçi ilə müqavilə pozular. Ona görə yaxşı olar ki, 70 yaşa qədər vahid bir ölçü, yəni 5 il vaxt verilsin. İstəyər işləyər, istəməz işləməz. Amma ildən-ilə yox, 70 yaşa kimi birdəfəlik bu artım məsələsi nəzərdə tutulmalıdır.
İkinci, Əli müəllim də bu barədə dedi. 1 faiz nədir?  1 faiz  100 adamdan biri deməkdir. Bəlkə elə idarə var ki, orada 50 nəfər son dərəcə dəyərli insan çalışır və idarə müdiri onların, heç olmasa, 30–40-nın qalıb işləməsini istəyir. Onda 1 faiz kvota ilə bu məsələlər necə həll olunacaq? Müxtəlif idarələrə müxtəlif yanaşma da  burada anlaşılmazlıq yaradır. Mən elə gəlir ki, hər halda bu qanun layihəsi ilkin oxunuşda qəbul olunmalıdır. Qəbul  olunmalıdır, amma burada deyilən qeydlərin bir hissəsi nəzərə alınmaq şərti ilə. Burada qanunu təkmilləşdirmək baxımından kifayət qədər dəyərli təkliflər oldu. Elə olmalıdır ki, cəmiyyət bu qanunun qəbulundan əziyyət çəkməsin. Biz bəzən cəmiyyətdə gedən prosesləri nəzərə almadan bunları qəbul edirik. Həyatda qanunun ilk addımından məlum olur ki, bu qanun müəyyən idarələrin təzyiqi ilə qəbul olunur. Bəzən daha çox müəyyən nazirliklərin, yaxud idarələrin hüquqlarına xidmət edir. Ona görə deyilən qeydlərin nəzərə alınması zəruridir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əhliman müəllim də, Əli müəllim də dedi. Biz əvvəldə dedik ki, 65 yaşından yuxarı 240 minə yaxın işləyən vətəndaşımız var. Əgər biz kvotaları götürsək, onda bu qanunun tətbiq olunmasına 30 il vaxt lazım olacaq. Hesabatları aparıb bunlara diqqətlə baxmaq lazımdır. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hər iki qanunda dəyişikliklər haqqında qanun layihələri kifayət qədər müzakirə olundu. Mən konkret bəzi təkliflərimi bildirmək istəyirəm. Birinci növbədə, müqavilələrin müddətinin ilbəil artırılması ilə bağlı hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, əmək qanunvericiliyində artıq təsdiq edilmiş, qanunvericilik bazası olan bir faktdır. Əksər universitetlərdə hər il müəllimlər müqavilə ilə 1 il müddətinə işə götürülürlər.
İkinci məsələ. 5 il ərzində yaranan boşluğun aradan qaldırılması üçün kifayət qədər vaxtımız var. Bundan səmərəli istifadə etmək bizim borcumuzdur. Hörməti Əli müəllim də dedi, 1 və 5 faizlik kvota və bunun nə dərəcədə səmərəli olub-olmaması kim tərəfindən müəyyən olunacaq? Yəqin ki, büdcədən maliyyələşdirilən ali məktəblərdə eyni vəziyyətdir. Məsələn, Dövlət İqtisad Universitetini götürək. Bu gün Dövlət İqtisad Universitetində 70 yaşdan yuxarı olan professorların və dosentlərin sayı 170 nəfərdir. Nəzərə alsaq ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetində 900 nəfər professor-müəllim heyəti çalışır, 1 faizlə götürsək, onda cəmi 9 nəfər ilə növbəti müddətdə əmək müqaviləsi bağlaya bilərik. Bu da müvafiq icra hakimiyyəti orqanının qərarından sonra. Bəs bu 170 nəfərin 161 nəfəri harada olacaq? Bu nəyə səbəb olacaq? Təbii ki, onlardan biz mütləq istifadə etməliyik. Amma yaradılan elmi şuraların tərkibinin, demək olar ki, 70 faizi həmin təcrübəli professorlardan ibarətdir. Deməli, elmi şuraları bağlamalı olacağıq. Bu da gətirib ona çıxaracaq ki, yeni kadrların hazırlanması üçün yeni elmi şuraların yaradılması məsələsi bir problem kimi qarşımızda dayanacaq.
Bununla əlaqədar mən Əli müəllimin fikrini bir daha təsdiq edirəm. Mən də bunu xüsusi qeyd etmək istəyirdim. Yaxşı olar ki, həmin kvotanın səviyyəsi artırılsın. Yəni minimum 5 faizə qədər qaldırılsın.
Başqa bir məsələ. Əmək müqavilələri   hamımıza yaxşı məlumdur, hüquqşünaslar da təsdiq edərlər ki, idarənin, müəssisənin rəhbəri ilə işçi arasında bağlanır. Amma yeni təqdim olunan dəyişiklikdə göstərilir ki, bu müqavilələr icra hakimiyyəti orqanının rəhbəri tərəfindən 1 il müddətinə uzadılacaq. Yaxşı olar ki, bu dəyişdirilsin, “müəssisənin rəhbəri tərəfindən” sözləri artırılsın. Amma 70 yaşdan yuxarı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilsin. Bununla əlaqədar bir dəyişikliyə də ehtiyac var. 10-1.3-cü maddədə qeyd olunub ki, “65 yaşına  çatmış”. Yaxşı olar ki,  “70 yaşına çatmış” yazılsın. Bu qanun layihəsinin 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddət artıq silinsin və belə yazılsın: “bərabər uzadıla bilər”. Yəni 70 yaşdan sonra müddət uzadıla bilər.
Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, bu qanun layihəsinə biz səs verməklə istər təhsil, istərsə də elm sahəsində kadrların tərkibinin əhəmiyyətli dərəcədə yeniləşməsinə və mövcud kadrlardan daha səmərəli istifadə olunmasına, xüsusilə gənc alimlərin, müəllimlərin elmi potensialının reallaşması istiqamətində irəliyə doğru çox mühüm bir addım atacağıq. Lakin bəzi məsələlər var ki, bu qanunun reallaşdırılması ilə bağlı mexanizmlər hazırlananda mütləq nəzərə alınması vacibdir.
Bir məsələni də demək istəyirəm. Qanun layihəsində elm, mədəniyyət, səhiyyə və təhsil sahələri göstərilir. Yaxşı olar ki, bu mexanizmlər hər bir sahənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla hazırlansın. Hətta mən təklif edərdim ki, təhsil sistemində təhsilin hər bir pilləsinin, səviyyəsinin tələbləri nəzərə alınmaqla  müəyyənləşdirilsin. Bayaq bir təklif irəli sürüldü ki, bütünlükdə...
Sədrlik edən. Sənin çıxışın heç 5 dəqiqəyə də sığmadı. İndi Valeh müəllimlə söhbət edərkən bir məsələ yadımıza düşdü. Bir neçə il öncə Dövlət Neft Şirkətində qısa bir müddətdə 4 min insan pensiyaya yola salındı. Onların yerlərinə, həqiqətən, cavan, xaricdə təhsil almış uşaqlar gəldilər. İş də davam etdi. Mən hesab edirəm ki, burada əsas məsələlərdən birini qaldırmalıyıq ki, pensiyaya gedən insanları yüksək pensiya ilə təmin edək. Amma pensiyaya gedənin qarşısını almaq düzgün deyil. Bizim vəzifəmiz budur ki, biz insanların pensiyalarının miqdarını artıraq, yəni yüksək səviyyəyə qaldıraq. Biz bu istiqamətdə düşünməliyik. Yoxsa belə çıxışlarla biz bu qanunun lazımlığını tamam itirmiş oluruq. Çıxış üçün yazılanların sayı azalmır. Əgər etiraz etmirsinizsə, mən bizim rektorlara söz vermək istərdim. Şəmsəddin müəllim çıxış etdi. Birinci Gülçöhrə xanıma söz verək, sonra Abel müəllimə. 
G.Məmmədova. Təşəkkür edirəm, Oqtay müəllim. Doğrudan da, biz bu qanunu çoxdan gözləyirdik. Hesab edirəm ki, hər bir rektor bu barədə fikir söyləməyə özünü borclu bilir. Çox aktual, lazımlı qanundur. Universitetlərimizdə yeni bir nəfəsin yaranması, müasirləşmənin, yeniləşmənin getməsi, yeni kadrların universitetdə tərbiyə olunub hazırlanması üçün çox böyük əhəmiyyəti olan qanundur. Eyni zamanda, narahatlıqlar da çoxdur. Söhbət yalnız ondan getmir ki, bu gün pensiyaların miqdarı azdır və pensiyaya çıxan insanlar üçün narahatlıq var. Nəzərdə tutulub ki, pensiyalar artacaq və gələcəkdə də, yəqin, bu davam etdiriləcək. Amma universitetlər üçün yaranan problemi böyüklüyü, bütün həcmi ilə görmək lazımdır.
Məndən əvvəl çıxış edən rektorlar dedilər. Bəli, həmin müəllimlərin 30 faizi, bəlkə də daha çoxu yaşı çatmış insanlardır. Onların hətta 5 faizini belə saxlamaq imkanı əldə etsək, bu yenə də böyük boşluq və problem yaradacaq. Bəlkə də fundamental elmlər sahəsində gənc mütəxəssislər var və onlar universitetlərə gəlməyə hazırdırlar. Amma texniki, tətbiqi elmlər sahəsində, inanın ki, universitetlərə gəlmək istəyən gənclərin sayı çox azdır. Biz çox böyük problemlərlə rastlaşacağıq. Mən də məndən əvvəl çıxış edənlərlə razılaşıram, ya qanun tədricən həyata keçirilməlidir, ya da qanunda nəzərdə tutulmuş kvota 5 faiz olmalıdır. Bununla da universitetlərimiz üçün bir keçid dövrü yaradılar. Yoxsa biz böyük problemlərlə rastlaşacağıq.
Bir də burada deputat həmkarlarım çox narahatlıq ifadə etdilər ki, müəssisə rəhbərləri qeyri-obyektiv, subyektiv qərarlar qəbul edəcəklər və sair. Heç bir narahatlıq yoxdur. Düşünürəm ki, bu gün universitetlərdə, demək olar ki, ən demokratik bir ab-hava hökm sürür. Orada hər hansı professora, müəllimə qarşı subyektiv qərar qəbul etmək çox çətindir. Yəni mühit özü bunu tənzimləyir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Abel müəllim, buyurun.
A.Məhərrəmov. Oqtay müəllim, təşəkkür edirəm. Rektorlara xüsusi diqqət yetirdiyinizə görə çox sağ olun. Doğrudan da, hamıdan çox biz narahat oluruq. Çünki müzakirə etdiyimiz hər iki qanun layihəsi bilavasitə təhsil işçilərini əhatə edir. Belə desəm, daha düzgün olardı. Biz burada fasilə zamanı təqribən hesabladıq, bu qanun 40–50 min təhsil işçisini, orta və ali məktəbləri əhatə edəcək. Orta məktəbdə də çətin bunu başa düşmək olar, ali məktəbdə də xüsusi olaraq.
Mən bir məsələni nəzərə çatdırmaq istəyirəm, Oqtay müəllim. 1988-ci ildə milli hərəkat başlayandan sonra Azərbaycan təhsilində güclü destruktiv proseslər getdi, yəni hamı elmdən uzaqlaşdı. Azərbaycandan beyin axını başladı, alimlər xaricə getdilər, digər ölkələrdə işləməyə başladılar. Bu gün  yaşlı nəsli əvəz edən yeni nəsil tam formada deyil. Mən bunu bir ziyalı kimi deyirəm. Ola bilər, 5–10 ildən sonra bu öz gücünü göstərəcək, özü də güclü göstərəcəkdir. Ancaq bu gün göstərilən rəqəmlər bizi çox narahat edir, sosial gərginlik yarada bilər. İndi təsəvvür edin. Azərbaycanın, ümumiyyətlə, 1800 professoru var. Bu qanuna görə 1800 professorun təqribən 1000-i, 50 faizi getməlidir. Onları əvəz edən professorları haradan tapmalıyıq? Haradan kafedra müdiri tapmalıyıq? Dostum Əhməd müəllim çox sakit oturubdur. Onların hamısı üz tutacaqlar özəl universitetlərə. Biz işdən çıxaracağıq, onlar özəl universitetlərə gedəcəklər. Ona görə Əhməd müəllim çıxışa yazılmır. Azərbaycanda yenidən özəl universitetlər çiçəklənəcək. Maddi-texniki baza dövlət universitetində, axın özəl universitetə. İnciməsin Əhməd müəllim.
Bu qanun layihələrini biz çoxdan gözləyirdik. Çox düşünülmüş və Azərbaycanın dinamik inkişafını ortaya qoyan qanunlar olmalıdır. Ancaq bir məsələ var, ölçülər bizi qane etmir. Mən açıq deyirəm. Bunun sabah müxtəlif təzadları ola bilər. Bu gün bəzi adamlar çox sakitliklə deyirlər ki, yaşı 62-yə endirək. Təhsil ocaqları idarə olunmayacaq. Mən öz fikrimi deyirəm. Gənclərə yer vermək lazımdır, gələcək gəncliyindir. Ancaq şərt ilə. Təklif edirəm ki, 65–75 arası olsun, yaxın 10 il üçün başqa yolumuz yoxdur. Kvotanı da bir faiz yox, yoldaşlar burada çox düz dedilər, 5 faiz müəyyən edək. Yalnız bu şərt daxilində sosial gərginlik də ortadan çıxa bilər. Bu şərt daxilində biz gəncləri də hazırlaya bilərik ki, yaşlı nəsli əvəz etsinlər. Yaşlı nəsli də birdən-birə küçəyə atmaq olmaz.
Açıq danışıram. Bakı Dövlət Universitetində orta yaş 52–53-dür. Yəni 65 yaşlı müəllimlərimiz çoxdur. Deməli, bir xeyli adamı bayıra atmalıyıq. Qanun layihəsinə səs verəcəyik. Ancaq mən də təkliflərimin hökmən nəzərə alınmasını xahiş edirəm. Bir də təkrar edirəm ki, yaddan çıxmasın. İki alternativ variant təklif edirəm. 65 yaş 70 yaşla əvəz olunsun və ya 65–75 arası göstərilsin. 5 faizlik kvota ilə 10 il ərzində həmin müəllimləri tədricən öz yerlərində saxlamaq mümkün olsun. Təklifim bundan ibarətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Abel müəllim, indi hamımız fikir mübadiləsi aparırıq, mübahisə etmirik. Birinci, hörmətli rektorlarımız inciməsinlər, əgər qabağa baxırlarsa, bu məsələni 10–15 il əvvəl başlamaq lazım idi. Bəyəm dərsi hökmən professor deməlidir? Əgər savadlı dosent olsa, dərs deyə bilməz? Yəni bu meyarlardan bir az uzaqlaşmalıyıq. Xarici universitetlərdə oxuyan uşaqlarımızın 50–60 faizi Azərbaycana qayıtmır, çünki gələndə iş yerləri tapa bilmirlər, hamısı xaricdə qalır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən Sizi dinlədim. Mən də öz fikrimi deyirəm. Yəni bu islahatlar aparılmalıdır. Sizin təklifləriniz varsa, təkliflər üzərində fikirləşərik. Qanunvericilik təşəbbüsü  ilə çıxış edənlərlə söhbət edilər, danışılar. Ancaq deyirsiniz ki, yaxşı tədbirdir və bunu 10 il də gecikdirmək lazımdır. Yaş həddini uzatmaqla nə olur? Tədricən olar, amma yaş həddini artırmaq düzgün deyil. Mən də öz fikrimi dedim. Fikir mübadiləsi aparırıq. Buyurun, Səməd müəllim.
S.Seyidov. Minnətdaram, Oqtay müəllim, mənə də söz verdiniz. Həmkarlarım, hörmətli rektorlar çıxış etdilər. Bilirsiniz, xofa düşmək lazım deyil. Azərbaycan Respublikası Prezidentinin düşünülmüş və bu istiqamətdə atdığı addım yalnız təhsil sistemində yox, ümumiyyətlə, Azərbaycanda çox məntiqlidir və islahatlar istiqamətində atılan addımlardan biridir. Bu böyük bir sistemin, məntiqin ilk addımlarından biridir. Ona görə ki, bu addım avtomatik olaraq başqa sahələrdə də islahatların aparılması üçün əsas yaradacaq.
Bilirsiniz, bu gün burada da müşahidə etdik, hər şeyin tərəfdarı olmaqla yanaşı, heç nəyin tərəfdarı olmamaq məsələsi ortaya çıxır. Belə fəlsəfədən, belə yanaşmadan əl çəkmək lazımdır. Ümumiyyətlə, çox maraqlı bir meyl ortaya çıxır. Azərbaycanda bir gənc nəsil formalaşıb, bir də ağsaqqallar. Bir anlığa təsəvvür edin. Əvvəlcə insana “sən gəncsən”, sonra bir anda “sən artıq ağsaqqalsan” deyirik. Bəs orta yaş haradadır? Bax, orta yaş 65-ə qədərdir. 65 yaşa qədər orta nəsil işləməli, fəaliyyət göstərməli və öz töhfələrini respublikaya verməlidir. Mən əminəm ki, bu qanun layihəsini qəbul edəndən sonra hər hansı böyük bir problem yaşamayacağıq. Qa-nun layihəsinin müddəaları bizim gündəlik iş həyatımızı əks etdirir. Misal üçün, ali məktəblərdə müqavilənin ilbəil uzadılması hər bir müəssisənin praktikasında var. Gülçöhrə xanım, Şəmsəddin müəllim də bu haqda danışdılar.
İkinci məsələ kadrların formalaşması məsələsidir. Kadrların formalaşması məsələsi  məhz gəncliyin idarəetməyə, bir də təkrar edirəm, idarəetməyə dəvət olunması ilə bağlıdır. Mütləq hansı isə vəzifəni tutmaqdan söhbət getmir. Professor hansı isə nailiyyətlər qazanıbdır. Qoy professor, dosent kimi işləsin. Mütləq kafedra müdiri, fakültə dekanı olmalıdır, nəyi isə idarə etməlidir? Universitetin professoru kimi artıq ştatda ola bilmirsə, saathesabı işləmək üçün dəvət edin. Hansı isə formada, 3–4 aylıq müqavilə bağlayıb həmin adamla işləyin. Dünyada bu praktika çox gözəl mövcuddur. Ancaq ştat cədvəlləri boşalmalıdır ki, ştat cədvəllərinə uyğun yeni adamlar işə götürülsünlər. Mən sizə bir misal göstərim. Fransada doktorluq müdafiəsi üç mərhələdən keçir. Birinci mərhələyə onlar “bonne” deyirlər, yəni yaxşı müdafiə gedir. İkinci mərhələ “tres bonne”, yəni “çox yaxşı müdafiə” adlanır. Üçüncü mərhələ “tres bonne en vertu de aplodements”, yəni şəxs doktorluq dissertasiyasını alqışlanmaqla müdafiə edir. Bizim bir gənc Azərbaycan balası həmin üçüncü mərhələ ilə doktorluq müdafiə edib, Azərbaycana gəlib. İndi o, 25 yaşında ən yüksək səviyyədə Fransada doktorluq dissertasiyasını müdafiə etməyə nail olub. 10 il gözləməlidir ki, kim isə kafedra müdirliyindən getsin, o, kafedra müdiri olsun? Elə söhbət ola bilməz. Ondan dərhal istifadə etmək lazımdır. (Alqışlar.) Cənab Prezidentin bu istiqamətdə siyasəti çox böyük dərin məntiqə əsaslanır. Hesab edirəm ki, bu qanunu qəbul etməklə Azərbaycanın yalnız təhsil sistemində yox, idarəetmə sistemində də böyük nailiyyətlər əldə etmək istiqamətində addımlar atacağıq. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Zahid müəllim, rektorsan sən də? Həvəsə düşmüsən, deyəsən. Burada fikirlər tamamilə aydındır. Mən bizim hörmətli rektorları da çox yaxşı başa düşürəm. Həqiqətən, çox çətin vəziyyətdir. Mən sizi əmin edirəm ki, bu məsələlər hamısı düşünülmüşdür. Bu məsələlər mərhələ ilə həyata keçiriləcəkdir. Mən gördüm, cavanlar əl çaldılar. Bir azdan bizdə də yaş senzi keçiriləcək. Yaşı 60-a çatan bir akademikə söz verək. Görək o, nə deyir? Asəf Hacıyev.
A.Hacıyev. Oqtay müəllim, söz verdiyiniz üçün çox təşəkkür edirəm. Sözsüz ki, bu təklifin əleyhinə heç kəs çıxış etmir, çünki, doğrudan da, elmimizin, təhsilimizin gəncləndirilməsinə yönəldilmiş bir addımdır. Biz də hamımız buna tərəfdarıq. Sadəcə, bu məsələlərin necə həyata keçiriləcəyindən söhbət gedir. Səməd müəllim çox haqlı olaraq dedi ki, bəli, professor vəzifəsindən gedəcək, saathesabı, dokto-rantlara rəhbər və elmi şuranın üzvü kimi çalışa bilər. İnandırıram sizi, onlar maaşda, demək olar, heç nə itirməyəcəklər, çünki əlavə vəsait alacaqlar.
Almaniyadan misal gətirim. Almaniyada 65 yaşına çatan professor dərhal çox təntənəli şəkildə təqaüdə yola salınır. Amma sonra dərs deyə, doktorlara rəhbərlik edə bilər və sair. Buna görə də pul alır və vəziyyətlərindən məmnundurlar. Hətta onların hər birinə ayrıca otaq da verirlər. Am-ma təhsilimizdən başqa elm sahəsi də var. Bunlar həyata keçiriləndə bir disbalans yaranacaq. Bu nə ilə bağlıdır? Əgər ali məktəbdə professor vəzifəsini tərk etdikdən sonra saathesabı işləyə, dissertantlara rəhbərlik edə biləcəkdirsə, Elmlər Akademiyasında buna imkan yoxdur. Əgər Elmlər Akademiyasından təqaüdə göndəriləcəksə, onun artıq işləmək şansı yoxdur. Hesab edirəm, yaxşı olardı ki, Milli Elmlər Akademiyasında ilk mərhələdə 65 yaşına çatmış insanlar in-stitut direktoru, direktor müavini, laboratoriya müdiri vəzifəsini tuta bilməsinlər. Yəni adi elmi işçi kimi işləyə bilərlər. Artıq elmin də inkişafı göstərir ki, 65 yaşdan sonra insanlar elmə müxtəlif töhfələr verə bilirlər. Ona görə ilk addımda, mənə elə gəlir ki, bundan başlamaq olardı. Bundan sonra av-tomatik olaraq 65 yaşından sonra təqaüdə göndərilə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Oruc, buyur.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli Milli Məclis üzvləri! Mən, əlbəttə, düşünürəm ki, burada istər rektor, istərsə də başqa vəzifə sahibi təkcə rəhbərlik etdiyi qu-rumun gələcək vəziyyətini yox, bu qanunun təsdiqindən sonra cəmiyyətdəki durumu hesablayır. O mənada ki, narahatlıq mövqeyi göstərənləri nəyin bahasına olursa-olsun yaşlıları vəzifədə saxlamaq, gəncliyin qarşısını kəsmək istəyən in-sanlar kimi bəri başdan günahlandırmaq çox səhvdir.  Bu-rada biri rektor, digəri başqa ixtisas sahibi ola bilər. Ancaq bu ölkənin lideri yaşlıların da, orta nəslin də, cavan nəslin də lideridir. Ona görə də bu addımı atarkən o, harmoniyanı nəzərə alıb.
Mən nə düşünürəm? Əlbəttə, yaş senzi Azərbaycan qanunvericiliyində özünü göstərir. Bu, dünyada da mövcuddur. Biz bunu özümüz kəşf etmirik. Şəxsən mən hesab edirəm ki, tamamilə doğru addımdır, birmənalı qəbul olunmalıdır. Amma söhbət nədən gedir? Biz, əlbəttə, nəzərə almalıyıq ki, bu prosesləri uzun müddətdən bəri izləyən dairələr var. On-lar gözləyirlər ki, cəmiyyətdə ictimai münasibətlər sistemindəki ziddiyyətlərdən öz maraqları üçün istifadə etsinlər. Mən demirəm ki, yaşlı nəsil dərhal hansı isə başqa bir qurumun, qrupun, dairənin sosial bazasına çevriləcək, amma birmənalı mövqe bundan ibarətdir.
Sədrlik edən. Zahid müəllim, mən üzr istəyirəm. Bu məsələni siyasiləşdirməyin, tamam başqa məsələni müzakirə edirik. Rektorların dərdi boynunda olsa idi, sən də vəziyyəti bilərdin. Bu məsələni siyasiləşdirmək lazım deyil, xahiş edirəm.
Z.Oruc. Mənim əsas, başlıca niyyətim bunu deməkdir ki, Azərbaycan təhsilini dövlət qulluğuna aid sahələrdən çıxdıq. Təhsilin, səhiyyənin problemi yaş məsələsi deyil. Bir hissəsi, 10 faizi yaşla bağlıdır. Attestasiyanı tətbiq etsinlər, onların yarısı çıxıb gedəcək. Azərbaycanın qanunvericiliyi ilə həmin məsələnin bu şəkildə həllindən müəyyən maraqlı dairələr, güdükçü qüvvələr, pusquda dayananlar öz maraqları üçün mənfəət götürəcəklər. Mən bunu demək istədim.
Amma dünyada bu mövcuddur və bundan ötrü iki addım atmaq lazımdır. Bu qanun layihəsi ilə bərabər bir qanun layihəsi də gəlib, əmək  pensiyaları ilə bağlı. Bu məsələlər, eyni zamanda, müəllimlərlə, təhsil işçiləri ilə də bağlıdır. Qanun layihəsi gəlməli idi ki, ya onlar dövlət qulluqçusu olurlar, ya da onların sosial təminatını dövlət öz üzərinə gö-türür. Bizdə yaşayış minimumu 95 manatdır. Bu insanları pensiyaya göndərməyi böyük bir inqilabi addım kimi təqdim edərək nə qazanacağıq? Mənim aləmimdə bu qanunun təşəbbüskarları bir məqamdan düşünüblər, biz də bunu çox səhv təqdim edirik. Bu qanun gəncləri yaşlıların üzərinə qaldıran, onların yerlərini zorən əllərindən alan qanun deyil. Bu qanun dövlət qulluğu ənənəsini yaradır. 65 yaşa çatdın, get. Amma bundan ötrü dövlət sənə elə layiqli şərait yaradacaq ki, sən getməyi şərəf sayacaqsan, onun üçün çalışacaqsan, onu gözləyəcəksən. Mən bunu demək istəyirəm. Sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov, buyur.
S.Novruzov. Oqtay  müəllim, şərait yaratdığınız üçün təşəkkür edirəm. Mənim xatirimə əsrin əvvəlində Türkiyə parlamentində Atatürkün islahat aparması ilə əlaqədar tribunada çıxış etməsi düşdü. Yerdən hamı istəyirdi ki, Türkiyə Cümhuriyyətində islahatlar aparılmasın. Atatürk qılıncını çəkib qoydu tribunanın ortasına, dedi ki, bu islahatlar gedəcək. Ona görə də bu islahat getməlidir. Bu gün həmin məsələ ortaya qoyulanda həmkarlarım və çox hörmət bəslədiyim rektorlar çıxış etdilər. Azərbaycanın bu il müstəqilliyinin 20-ci ilini qeyd edəcəyik. 20 ildə biz bəyəm kadr yetişdirməmişik? Kimin kitabını açsan yazır ki, 50 professor, 20 elmlər namizədi yetişdirmişəm. Hanı bəs onlar? Əgər onlar sovet dövründə yetişmişdilərsə, onda niyə belə yazırlar? Əgər sovet dövründə yetişməyiblərsə, indi yetişiblərsə, onda onlar haradadırlar? Gəlsinlər, müstəqil Azərbaycanı irəli aparsınlar.
Professorlara çox böyük hörmətimiz var. Həmin professorların böyük əksəriyyətinin əsərləri keçmiş dövrün elmi sahələrinə aid olubdur. Tibb sahəsində hər gün yenilik var. Məsələn, 3 il bundan qabaq hansı isə bir iş müdafiə olunubsa, həmin sahədə artıq yeni bir iş ortaya çıxır. Digər elm sahələrinin hər birində də bu mövcuddur, var, aparılır. Mən hesab etmirəm ki, elmi şura boş qalacaq. Elmi şura niyə boş qalır? Yeni elmi şura təşkil edin. Burada nə var ki? Gərək orada 75 yaşı olanlar oturub tərif desinlər. Gənc bir adam otursun, elmin inkişafı üçün təklif versin, tərif deməsin. Bu məsələlərdən biz yavaş-yavaş və inqilabi yolla qurtulmalıyıq. Bunu bu cür uzatsaq, hərəmiz bir tərəfə çəksək, nə olacaq? 
Sədrlik edən. Yaxşı, hamısı məlumdur, aydındır. Hamımız Azərbaycan vətəndaşıyıq, ağsaqqallarımız da, gənclərimiz də var, bu problemlər hamıya aydındır. Bu problemlərin həll olunmasının birinci yolu islahatlara başlamaqdır. İkinci, mən yenə söyləyirəm ki, bu islahatlar dövründə pensiyaya gedənlərin pensiya təminatına dəstək olmaq lazımdır.
Abel müəllim özəl universitetlər haqqında da dedi. Özəl universitet Amerikanın universiteti deyil ki, o da Azərbaycanın universitetidir, orada da işləyə bilərlər. Xaricdə yüzlərlə şirkət var, bütün bu alimləri, hətta cərrahları yığırlar. Səhv etmirəmsə, xaricdə 60 yaşdan yuxarı cərrah işləməyə qoymurlar. Həmin insanları yığırlar, institutlar yaradırlar, yüksək əmək haqqı verirlər, onlardan istifadə edirlər. Bunlar hamısı dünyada mövcud praktikadır, həyata keçirilə bilər.
Əsas məğz ondan ibarətdir ki, biz bu islahatlara başlamalıyıq. Formaları haqqında məsləhətləşərik. Amma bu islahatlar getməlidir. Hesab edirəm ki, bu qanun layihələrinin ikisini də lazımınca müzakirə etdik. Xahiş edirəm, səsə qoyaq. Birinci, “Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələyə, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələyə keçirik. “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi haqqında. Buyurun, Hadi Rəcəbli. Hadi müəllim, xahiş edirəm, konkret danışın.
H.Rəcəbli. Minnətdaram, Oqtay müəllim. Bu layihə, həqiqətən, bizim pensiyaçıların çoxdan gözlədikləri bir sənəddir. Onu demək istəyirəm ki, bu çox cəsarətli, siyasi bir addımdır. Möhtərəm Prezidentimiz, sözün əsl mənasında, sosial cəhətdən əhalinin az qorunan hissəsinə çox böyük bir dəstək verən sənədə imza atıb. Bu sənədin həyata keçirilməsi ilə Azərbaycanda 830 min pensiyaçının pensiya haqları artacaq. Bu, Azərbaycan büdcəsinə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə birgə təxminən bir ildə 390 milyon manata başa gələcək. Bütövlükdə mən bir kiçik misalla fikrimi yekunlaşdırmaq istəyirəm.
Bu gün pensiyanın baza hissəsi 85 manatdır. Bizim indi qəbul edəcəyimiz dəyişikliyə görə pensiyaya çıxan adamın pensiya məbləği yenidən hesablananda hər il üçün 1 manat 94 qəpik vəsait müəyyənləşdirilir. Təsəvvür edin ki, vətəndaş 85 manat alırsa, əgər 30 il işləyibsə, təxminən 60 manat, 40 il işləyibsə, təxminən 80 manat bunun üzərinə gəlir. Beləliklə, Azərbaycanda bu günə qədər pensiyaya çıxanların 70 faizi pensiyanın baza hissəsini, 85 manatı alırdısa, bundan sonra bu aşağı rəqəm olmayacaq və beləliklə, pensiya 130 manat civarında hesablanacaq.
Beləliklə, bu layihə, sözün əsl mənasında, bizim pensiyaçılarımız üçün gözlənilən sənəd idi. Parlamentdə uzun müddət bu haqda söhbət gedirdi. Düşünürəm ki, bu, möhtərəm Prezidentimizin əhalinin həmin qrupu üçün atdığı ən önəmli addımlardan biridir. Mən fürsətdən istifadə edərək möhtərəm Prezidentimizə buna görə bizim pensiyaçılar adından, komitəmizin bütün üzvləri adından dərin minnətdarlığımı və razılığımı bildirmək istəyirəm. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Hadi müəllim. Qanun layihəsi ilə bağlı yazılanlar var. Jalə xanım Əliyeva, buyurun.
J.Əliyeva.  Çox sağ olun, təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Bu günlərdə bilirsiniz ki, ölkə Prezidenti müəllim və həkimlər üçün dövlət qulluğunun xüsusi kateqoriyasının, konsepsiyasının hazırlanması haqqında xüsusi tapşırıq verdi. Yenə də bu günlərdə cənab Prezident yaxın zamanlarda maaşların yüksələcəyini bildirdi, pensiyaların artacağını söylədi. Gəlin qəbul edək ki, bütün bunlar, həqiqətən, çox əhəmiyyətli və humanist addımlardır. Bu gün isə  “Dövlət qulluğu haqqında” Qanuna, Əmək Məcəlləsinə və “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü əsasında  təqdim edilən layihələri müzakirə edirik. Hər üç layihə vətəndaşların daha layiqli həyat səviyyəsinin təmin edilməsinə yönələn sosial mahiyyətli və çox əhəmiyyətli layihələrdir və həqiqətən, insan amilinə, sosial ədalət prinsipinə söykənməkdədir.
Diqqət çəkən məqamlardan biri də hər üç layihənin bir təqdimatda birləşdirilməsidir. Çünki bu layihələrin üçü də istər ayrılıqda, istərsə də bütün halında mahiyyət etibarilə Azərbaycan vətəndaşlarının, xüsusilə də qorunmağa, himayəyə böyük ehtiyacı olan yaşlı təbəqənin sosial rifahına hesablanmış layihələrdir.  Bu layihələr haqqında danışarkən, xüsusilə “Əmək pensiyaları haqqında” Qanuna  dəyişikliklərlə bağlı fikirlərimizi qeyd etməyi lazımlı bildik. Məlumdur ki, sovetlər dövründə işləmiş və daha sonra təqaüdə ayrılmış vətəndaşlarla sonrakı illərdə işləmiş və təqaüdə ayrılmış vətəndaşların aldıqları təqaüd arasında fərqlər mövcud idi. Konkret olaraq 2006-cı ilə qədər təqaüdə ayrılanlarla bu tarixdən sonra təqaüdə çıxanların aldıqları pensiya arasında fərqlər var idi. Bu da müəyyən mənada narazılığa səbəb olurdu.
Həmin kateqoriyadan olan insanlardan ünvanımıza daxil olan müraciətlərdə bu məsələnin nəzərə alınması xahiş edilirdi. Bu da məlumdur ki, pensiyaların hesablanmasında mövcud olan fərqlərin və bu sahəni tənzimləyən qanunlardakı boşluqların aradan qaldırılması ilə bağlı Milli Məclis üzvləri tərəfindən müxtəlif vaxtlarda müxtəlif təkliflər səsləndirilib.  Biz dövlət başçısı cənab İlham Əliyevə bu məsələdə göstərdiyi iradəyə, böyük dəstəyə görə təşəkkür edirik. Bu qanunların qəbulu cəmiyyətdə sosial balansın təmin edilməsində çox əhəmiyyətli bir addım olacaqdır. Mən, təbii ki, bu layihənin lehinə səs verəcəyəm və inanıram ki, layihə deputat həmkarlarım tərəfindən də birmənalı şəkildə dəstəklənəcəkdir. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Biz bu gün çox mühüm, mən deyərdim ki, qanunvericilik sahəsində inqilabi əhəmiyyət kəsb edən bir qanun dəyişikliyini müzakirə edirik. Söhbət 850 minə yaxın ahıl insanın həyat səviyyəsinin yaxşılaşdırılmasından, obyektiv səbəblərdən yaranmış ədalətsizliyin aradan qaldırılmasından gedir. Yəni 2006-cı ilə qədər pensiyaya çıxmış insanların pensiyaları təzə qaydalarla hesablanacaq və nəticədə həmin kateqoriyadan olan insanların pensiyası 40 faizdən 100 faizə kimi qalxacaq. Mən bu gün çox böyük məmnunluq hissi keçirirəm. Çünki bu qanun layihəsi Milli Məclisə hörmətli Prezidentimiz tərəfindən göndərilsə də, bir çox millət vəkilləri, xüsusən də  Sosial siyasət komitəsi üzvləri həmin təşəbbüsü daim qaldırıb, gündəmə gətiriblər. Hər dəfə rayonda seçicilərlə görüşlərdən sonra biz ahıl, uzun illər stajı olan, lakin minimum məbləğdə pensiya alan müəllimlərdən aldığımız ərizələri cənab Səlim Müslümova göndərirdik. Mümkün olan çıxış yollarını onunla və komitə sədri Hadi Rəcəbli ilə müzakirə edirdik. Eləcə də başqa millət vəkilləri.
Bilirəm ki, pensiya islahatının müxtəlif variantları nəzərdən keçirilib, lakin nəticədə cənab Prezident ən məqbul, dünya praktikasına uyğun ən mütərəqqi və ədalətli variantı seçib və Milli Məclisə təqdim edib. Bu layihə və onun gündəmə gəlməsi tarixi bir həqiqəti təsdiq edir. O ölkədə ki hakimiyyətin qanunverici və icraedici qolları bir-birinə hörmətlə yanaşır, bir-birini eşidir, bir-birinin təşəbbüslərini dəstəkləyir və həyata keçirir, orada daim irəliləyiş var. Nəticədə isə bu konstruktiv əməkdaşlıqdan bütövlüklə cəmiyyətimiz qazanır. İnanıram ki, bunun ardınca dövlət tərəfindən digər zəruri addımlar da atılacaq.
İyunun axırında Silahlı Qüvvələrimizin bayramıdır. Yaxşı olardı ki, çoxsaylı zabit ordusunun maaşları da artırılsın. İşləyən həkim,  müəllim, dövlət qulluqçuları səbirlə, lakin  böyük intizarla vəzifə maaşlarının artırılmasını gözləyirlər. Bu barədə də bizə külli miqdarda ərizələr gəlir. Xahiş edirəm, 27 may tarixində dövlət büdcəsinə yenidən baxılarkən yuxarıda qeyd etdiyim məsələlər nəzərə alınsın. Bu pozitiv proses, yəni pensiya, maaşların artırılması daim davam etdiriləcək, özü də populistcəsinə, kiməsə xoş gəlmək üçün yox. Sosial sahədə edilən və ediləcək islahatlar iqtisadi sahədə əldə edilən nailiyyətlərə əsaslanır, daxili resurslara arxalanır və ona görə də uzunmüddətli və uğurlu olur. Mən bu qanun layihəsi ilə bağlı hamınızı təbrik edir, Prezidentimizə dərin təşəkkürümü bildirmək istəyirəm. İnanın mənə, bu qanun qüvvəyə minəndən sonra seçicilərimizdən gələn şikayətlərin sayı xeyli azalacaqdır. Diqqətinizə görə çox sağ olun.    
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli sədarət. Əziz həmkarlarım, bizə təqdim olunan “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər proqressiv dəyişikliklər olduğu üçün, heç şübhəsiz, ancaq və ancaq alqışlamaq lazımdır. Bu, eyni zamanda, sosial yönümlü büdcəmizin əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinin  sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından doğru yanaşmadır. Dövlətin sosial siyasətinin ardıcıllığı baxımından da təqdirəlayiq haldır. Bildiyiniz kimi, yaşa görə əmək pensiyalarının təyin edilməsi bu gün qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə  tənzimlənir. 14 aprel 2009-cu ildə edilən dəyişikliklərdən sonra 2006-cı ilin yanvarında ölkədə kişilərin pensiya yaş həddi 63, qadınların yaş həddi isə 60-a çatdırılacaqdır. 
Mən əhalisinin hamısını məcburi köçkünlər təşkil edən 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsindən millət vəkili seçilmişəm. Mən yeni, xüsusilə də sosial sahəyə aid qanunlar qəbul edilərkən məcburi köçkünlərin mənafelərinin daim diqqətdə saxlanmasını qanunvericilik hüququ olan şəxslərdən xahiş edirəm. Məcburi köçkünlər arasında işsizliyin səviyyəsi, bildiyiniz kimi, daha yüksəkdir. Belə ki, məcburi köçkünlüyə qədərki dövrdə kolxoz, sovxoz və digər sahələrdə işləyənlər var idi. Əhalinin əksər hissəsi bu kənd təsərrüfatı müəssisələrində çalışırdı. İndi əhalinin həmin hissəsinin torpağı yoxdur ki, özünə iş yeri yaratsın. “Əmək pensiyaları  haqqında” Qanunun tələblərinə görə pensiya hüququ əldə etmək üçün ən azı 12 il əmək stajı tələb olunur. Ona görə də ümummilli liderimizin sözləri ilə desək, əhalimizin ən zərif hissəsi olan bu insanların 15–20 ildən sonra pensiya yaşı çatanda iş stajı problemi ortaya çıxacaq. Onların nə günahı var ki, məcburi köçkünlük vəziyyətinə düşərək respublikanın bütün rayonlarına səpələniblər? Ona görə də bu insanların gələcəklərini hansısa formada qanunlarda mütləq nəzərə almaq lazımdır.
Bir məsələni də, hörmətli Ziyafət müəllim, qeyd etmək istəyirəm. Burada öncə qəbul olunan iki qanun layihəsinə münasibətimi bildirmək istəmirəm. Artıq bunlar kifayət qədər müzakirə olundu. Amma bu gün ölkədəki reallıq elədir ki, istər təhsil, istər səhiyyədə və digər sahələrdə çalışan pensiyaçılar var, onlar həm pensiya, həm də maaş alırlar. Həmin  insanların bir qisminin rahatlığını, istirahətini, ömürlərini şərəflə başa vurmalarını təmin etmək üçün, mən təklif edərdim ki, onsuz da dövlət büdcəsindən əlavə vəsait tələb olunmur, onların maaşları və pensiyaları birləşdirilsin, heç olmasa, bunların cəminin 80 faizi qədər onlara pensiya verilsin. Onlar pensiyaçı həyatlarını sürə bilsinlər. Xahiş edirəm, bu təklifə də münasibətinizi bildirin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Çox gözəl, çox humanist bir qanun layihəsidir. Mənim bununla bağlı bir təklifim var. Biz əmək pensiyaçıları ilə bağlı bu addımı atırıq. Təbii ki, Azərbaycanda əmək pensiyaçıları ilə yanaşı sosial pensiyaçılarımız da var və heç də az deyildirlər, səhv eləmirəmsə, 300 mindən yuxarıdır. Sosial pensiyaçıların da əsasını qadınlar təşkil edirlər. Yəni onlar yaşa görə pensiyaya çıxıblar, əmək fəaliyyətinə görə yox. Onların da zəhməti əmək fəaliyyəti göstərənlərdən daha çox olub, uşaq böyüdüb, ailə saxlayıblar. Əmək fəaliyyəti ilə məşğul olanın qulluğunda durublar. Elə bunun özü də bir işdir. Gedib cədvələ qol çəkməli idi ki, əmək pensiyaçısı olsun? Hörmətli Hadi müəllimdən xahiş edək ki, bir araşdırma aparsınlar, həmin insanların da pensiyaları artırılsın ki, onlar arasında fərq yaranmasın. Kişilərdən çox az bir hissə, kimsə tüfeyli həyat sürüb işləməyib, ola bilər ki, bu siyahıya düşməsin. Amma onların böyük hissəsi qadınlardır. Bu qadınların da hüquqları müdafiə olunsun. Onların əmək fəaliyyəti ailə qurduqları tarixdən göstərilsin, bu dəyişikliklər onlara da şamil edilsin. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun.  Səttar Möhbalıyev.
S.Möhbalıyev.  Doğrudan da, bu gün “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi ölkə Prezidenti tərəfindən daxil olub. Mən ölkə Prezidentinə minnətdarlığımı bildirirəm, uzun müddətdir yaranmış problem bu gün hörmətli millət vəkillərinin müzakirəsindən sonra həll olunacaq və sosial narazılıq aradan qaldırılacaqdır.
Ölkədə 1 milyon 292 mindən artıq əmək pensiyası alanlar var. Bunun 830 mini 2006-cı ilə qədər pensiyaya çıxan insanlardır. 2006-cı ildən pensiyaya çıxanlarla hazırda pensiyaya çıxanların pensiyaları arasında böyük fərq var idi. İstər deputat seçkilərində, istərsə də görüşlərdə, ümumiyyətlə, o dövrdə pensiyaya çıxan pensiyaçılar tez-tez ərizələr, şikayətlər yazırdılar ki, nə vaxt bizim pensiyalarımız artırılacaq? Bir daha ölkə Prezidentinə təşəkkürümü bildirirəm ki, bu gün biz belə bir məsələni müzakirə edirik. Bunu qəbul edəndən sonra orta hesabla pensiyalarda 40 faizə qədər artım olur. Hamınızın nəzərinizə çatdırıram ki, Azərbaycan dövləti Avropa Sosial Xartiyasına qoşulub və xartiyanın qaydalarına uyğundur. Gələcəkdə bir daha da artım olsa, qoşulduğumuz Avropa Sosial Xartiyasını 100 faiz təmin etmiş olacağıq. Hörmətli millət vəkillərinə deyirəm ki, səs verək və bu qanun qəbul olunsun. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Səttar müəllim, təşəkkür edirəm. Hesab edirəm ki, layihəni kifayət qədər müzakirə etmək imkanımız oldu. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.41 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi.
Nəhayət, bizim bir qanun layihəmiz də var. İcazənizlə, onu Hadi müəllim təqdim etsin. İmkanımız olsa, müzakirə edərik. Hadi müəllim qanun layihəsini birinci oxunuşda təqdim etsin, sonra baxaq. Buyurun.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Bu günlər Azərbaycan müstəqilliyinin 20-ci ilini həyatın bütün sahələrində qazandığı uğurlarla qeyd edir. “Eurovision” mahnı müsabiqəsində üçrəngli bayrağımızın qələbə ucalığına yüksəlməsi bu təntənələrin ardıcıllığının bariz nümunəsidir. Ulu öndərimizin bünövrəsini qoyduğu yeniləşən Azərbaycanda insan amili, onun qayğı və istəkləri daim ön plana çəkilmiş, hökumətin və cəmiyyətin məqsədyönlü fəaliyyəti vətəndaşa, onun sosial müdafiəsinə yönəlmişdir. Ölkəmiz sosial sabitlikdən sosial rifaha doğru sürətli revanş götürmüş, dövlət quruculuğunun modernləşən, müasirləşən möhtərəm Prezidentimiz İlham Əliyev modelinin tələbləri baxımından sosial siyasətin mütərəqqi islahatlarını davam etdirir.
Müzakirənizə təqdim etdiyimiz Sosial xidmət haqqında qanun layihəsi dövlətimizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi olaraq həyatımızda çox vacib yer tutan bir sahəyə, çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinin fundamental prinsiplərini özündə ehtiva edən bir sahəyə həsr olunub. İlk növbədə qanun layihəsinin aktuallığını və özəlliklərini şərtləndirən əsas amillərə diqqət yetirək. Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü kimi Avropa Sosial Xartiyasına qoşulub, bu xartiyada da həmin tələblər önə qoyulub.
İkinci ciddi bir məsələ, Avropanın bir sıra, adlarını sadalamaq istədiyim ölkələrində – Almaniya, Fransa, İsveçrə, Macarıstan və digərlərində artıq sosial xidmətlə dövlət qurumu yox, qeyri-hökumət təşkilatları məşğul olurlar və Azərbaycanda da belə bir təcrübə var. Məsələn, bizim Qızıl Aypara Cəmiyyəti uzun müddətdir ki, bununla məşğul olur. Ona görə düşünürük ki, bu qurum da sosial müdafiə sistemində iştirak etsin. Müasir dövrdə uşaqlarla bağlı ciddi problemlər var. Bu gün uşaq müəssisələrində yaşayan uşaqların sayı çoxdur. 46 dövlət müəssisəsindən 17-si bilavasitə sağlamlıq imkanları məhdud olan uşaqların problemləri ilə məşğuldur. Bu müəssisələrdə 9 min 176 uşaq yaşayır. Eyni zamanda, əlil uşaqların sayı Azərbaycanda 1459-a çatır.
Narahatlıq doğuran bir məsələ də mövcuddur. Azərbaycanda qeydə alınmış 403 küçə uşağı var. Küçə uşağı institutu Azərbaycanda çox narahatlıq doğuran bir səbəbdir və bu inkişaf edir. Eyni zamanda, statistikaya görə 410 min əlil var. Sağlamlıq imkanları məhdud olan 55 mindən artıq uşağın da problemləri, əlbəttə, xüsusi diqqət cəlb edir. Bir rəqəmi də diqqətə çatdırmaq istəyirəm. Azərbaycanda 400 mindən çox ahıl insan var. Bunların bir qismi tənhadır və özlərini idarə etmək imkanları yoxdur. Ona görə bu qrup da sosial xidmətə cəlb olunmalıdır.
Cəzaçəkmə müəssisələrindən azad edilən adamların bəzilərinin ailələri, evləri, yaşayış yerləri yoxdur. Yeni cinayətlərin qarşısının alınması üçün də bu adamların sosial xidmətə ehtiyacı vardır. Narahatlıq doğuran bir məsələ də mövcuddur. Azərbaycanda xəstəliyi müalicə olunmayan insanlar var. Bunun üçün də yeni bir məsələni ortaya qoymuşuq. Bunun da adı palliativ yardım mexanizminin tətbiq edilməsi, yəni ölüm yatağında olan insanların sosial xidmətlə əhatə olunmasıdır. Bütün bu risk qruplarının əhatə etdiyi 14 mindən çox insana 1100 nəfər sosial işçi xidmət edir. Gəlin açıq danışaq. Sosial işçi institutu özü bizim üçün yeni olduğundan burada çoxlu problemlər var. Bu mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var. Mən xüsusi qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetində xüsusi fakultə var. Bu institut, düşünürəm ki, Azərbaycanda inkişaf etdirilməlidir. Qanun layihəsində biz bu məsələləri ehtiva etməyə çalışmışıq.
Təqdim olunan qanun layihəsinin əsas mahiyyəti sosial xidmət sahəsinin inkişafı üçün tutarlı hüquqi zəmin yaratmaq, mövcud fəaliyyət növünü daha da zənginləşdirmək, bu sahədə beynəlxalq əlaqələri genişləndirmək, cəmiyyətdə sosial xidmət göstərən subyektlərin nüfuzunu artırmaq, çətin həyat şəraitində yaşayan şəxslərin hüquqlarını müdafiə etmək, onların sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Biz qanun layihəsini hazırlayarkən bir sıra ölkələrin qanunlarını əsas götürmüşdük. Bu qanunlar üzərində çox möhkəm iş getdi. Biz Polşanın, Ukraynanın, Türkiyənin, Qazaxıstanın, Macarıstanın qanunlarından səmərəli istifadə etdik və bu sənədlər bizə xeyli kömək oldu.
Qanun layihəsi 6 fəsil, 28 maddədən ibarətdir. Mən maddələri bir-bir sadalayıb vaxt ala bilərəm, amma bunu xüsusi vurğulamaq istəyirəm ki,  maddələrin hər birində münasibətlər, yəni subyekt və obyekt arasındakı münasibətlər tənzimlənir. Burada çoxlu maraqlı məsələlər, yeniliklər var və bu yeniliklər də qanunla təsbit olunacaqdır. Məsələn, biz 14-cü maddədə yenilik göstəririk. Bu yenilik ondan ibarətdir ki, sosial xidmət sistemi dövlət, bələdiyyə və özəl sosial xidmət müəssisələrindən ibarətdir. Bildiyimiz kimi, bu günə qədər sosial xidmət ancaq dövlət müəssisələrində göstərilib. Dünyada geniş təcrübə var. Özəl qocalar evləri, özəl xüsusi xidmət müəssisələri var. Amma Azərbaycanda bu gün qocalar evi çatmır. Bunların da özəl qurumları yoxdur. Düşünürəm ki, bu da gələcəkdə yaradılmalıdır.
Sosial xidmət ilə bağlı digər bir məsələ burada xüsusi vurğulanıb. Burada adamların fəaliyyət dairəsi konkretləşib və onların fəaliyyətləri bir daha qanunla təsbit olunacaq. Biz ilk dəfə olaraq sosial xidmətin növlərini bir-birindən ayırmışıq. Azərbaycan Avropa məkanında da ilk dəfə olaraq sosial xidmətlə sosial işi bir-birindən ayırır. Bu, səhiyyədə sanitar ilə tibb bacısının fərqi məsələsinə oxşar məsələdir. Bu məsələ ilk dəfə olaraq bizim qanunvericilikdə öz əksini tapıbdır.
Onu da qeyd etmək istəyirəm ki, qanun layihəsi parlamentin komitəsində iki dəfə çox geniş, bütün əlaqədar yoldaşların iştirakı ilə müzakirə olunubdur. Aparatın Sosial qanunvericilik şöbəsi işçi qrupu ilə birlikdə ciddi işləyibdir. 14 nazirlik, idarə, müəssisədən təkliflər almışıq. Bütün bu təkliflər qanun layihəsini daha da təkmilləşdiribdir. Həmişə olduğu kimi bizim komitə qeyri-hökumət strukturu ilə işləyir. Mayın 8-də istirahət günü 16 qeyri-hökumət əlil təşkilatının, əlillərin iştirakı ilə bu layihəni müzakirə etmişik. Əlillər özləri bu sənədlə bağlı fikirlərini söyləyiblər. Beləliklə, biz həm sosial sifariş almışıq, həm dünya təcrübəsini götürmüşük, həm də bizim reallıqlardan çıxış etmişik. Dövlət müəssisələrinin, nazirlik və idarələrin fikirlərini cəmləşdirmişik. Beləliklə, sizə təqdim olunan layihə, düşünürəm ki, məqbul, orta bir layihədir. Sizi bunun müzakirəsində fəal iştirak etməyə çağırıram. Düşünürəm ki, hamımız bu layihəyə vətəndaş, deputat kimi mərhəmət baxımından səs verəcəyik. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Bu layihənin birinci oxunuşudur. Biz gərək buna konseptual cəhətdən yanaşaq, konkret fikirlər bildirək, ya da saxlayaq gələn iclasa.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda çıxışlara başlayaq. Leyla Abdullayeva, buyurun.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlarım! Birinci oxunuşda müzakirəyə təqdim edilmiş Sosial xidmət haqqında qanun layihəsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq qeyd etmək istəyirəm ki, bu qanun layihəsi ölkə rəhbərliyinin, cənab Prezidentin apardığı sosial yönümlü dövlət siyasətinin tərkib hissəsidir. Belə ki, həm dövlət qurumları səviyyəsində, həm də Heydər Əliyev Fondu, onun prezidenti Mehriban xanım Əliyeva tərəfindən aparılan sosial proqram və layihələr vətəndaşların sosial təminat hüquqlarının təmin edilməsində çox mühüm bir yer tutur.
Hörmətli həmkarlar, layihə birinci oxunuş üçün təqdim edildiyindən maddələr üzərində konkret dayanmayaraq ümumi şəkildə konseptual olaraq qısa münasibətimi bildirmək istərdim. Müzakirəyə çıxarılmış qanun layihəsinin preambulasında da deyildiyi kimi, bu akt çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir və bütün mövcud tələblərə cavab verir.
Mən də öz növbəmdə təklif edərdim ki, sosial xidməti həyata keçirəcək olan sosial işçilər qismində bəzi xarici, xüsusilə Qərb ölkələrinin təcrübəsinə uyğun olaraq əsas kontingent kimi tibb, psixologiya, pedaqogika sahələrində təhsil alan tələbələrin də cəlb edilməsinə başlanılsın. Bu da həmin gənclərin gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi formalaşmasına kömək edərdi. Eyni zamanda, könüllü qismində vətəndaşları cəlb etmək üçün onlara da müəyyən güzəştlər nəzərdə tutulsun. Həmçinin sosial xidmətdə könüllü sosial işçi kimi fəaliyyət göstərmiş şəxslərin gələcəkdə digər oxşar vəzifələr tutması zamanı bu təcrübənin əlavə üstünlük kimi nəzərə alınması variantı da nəzərdən keçirilə bilərdi.
Qeyd etmək istədiyim digər məqam isə sosial xidmətin formaları arasında evdə sosial xidmət və yarımstasionar sosial xidmətin yer almasıdır. Yəni tənha və xüsusi xidmətə, qayğıya ehtiyacı olan şəxslərə müvafiq yardımın ev, yaşayış şəraitində göstərilməsi imkanı qanunla müəyyənləşdirilir. Xatırlayaq ki, xüsusilə 1990-cı illərin əvvəllərində belə xoşagəlməz təcrübə yayılmışdı. Tənha, ahıl qocalarla ömürlük renta müqaviləsi bağlanılırdı və müqaviləyə görə hamilik edən tərəf ahıllara məxsus mənzilin sonradan onların mülkiyyətinə keçməsi şərti ilə onlara qayğı və xidmət göstərilirdi. Bir çox hallarda isə bu, mənzili daha tez ələ keçirmək üçün sui-istifadə, cinayət halları ilə nəticələnirdi. MDB ölkələrində bu hal hazırda da geniş yayılmışdır. Respublikamızda bu cür presedentlər nadir hal sayılırsa, belə bir müddəanın qanunvericilikdə öz əksini tapmasından sonra, hesab edirəm ki, ümumiyyətlə, aradan qalxacaqdır. Bir daha qanun layihəsinə görə Sosial siyasət komitəsinə öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Qanun layihəsi inkişaf etmiş ölkələrdə sosial dövlət anlayışının bilavasitə özəyini təşkil edən məqamları özündə əks etdirir. Ona görə belə bir qanunun da Azərbaycanda qəbul edilməsi, hesab edirəm ki, çox vacib bir addımdır. Eyni zamanda, qeyd etmək istəyirik ki, bu qanun layihəsində konseptual cəhətdən düzgün yanaşma olsa da, sosial xidmətlərə dar, yaxud da geniş mənada yanaşılması baxımından bir sıra əlavələrin edilməsinə də böyük ehtiyac var. Yəni burada formalar və növlər araşdırılan zaman, hesab edirəm ki, konseptual yanaşmada müəyyən dərəcədə kənarlaşmalar var. Bir sıra növlər qanun layihəsində öz əksini tapmadığına görə keçmiş SSRİ-yə daxil olan ölkələrin qanunvericilik sənədlərindən istifadə etməklə vaxt almamaq üçün detallara getmirəm. Bu istiqamətdə  mühüm işlərin görülməsi vacibdir.
İkinci diqqət çəkən məsələ ondan ibarətdir ki, dövlətin üzərinə çox böyük məsuliyyətlər qoyur və bunun çox böyük maliyyə yükü var. Burada sosial xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Keçmiş SSRİ-yə daxil olmuş ölkələrin xeylisindən sonra biz belə bir qanun qəbul ediriksə, dünyada olan yenilikləri özündə əks etdirməlidir, köhnə məqamlarla məhdudlaşmamalıdır. Ona görə də maddi-texniki, maliyyə, kadr resursları nöqteyi-nəzərdən məsələlər burada xeyli dərəcədə genişləndirilməlidir.
Əgər sosial xidmətdən söhbət gedirsə, burada da yazılır, keyfiyyətdən söhbət gedir, standartlardan söhbət getmir. Hansı standartlar əsasında qiymət veriləcək ki, bu sosial xidmət digərindən daha yaxşıdır? Müsabiqələr, tenderlər keçirilən zaman kimin udması, gələn dəfə tenderin ona verilməsi üçün, “dəyər, dəyməzmi” sualına cavab verməkdən ötrü dövlət standartları da işlənib hazırlanmalıdır. Ona görə də bir fəsil də məhz bu məsələlərə həsr edilməlidir.
Azərbaycanda səfil uşaqlar ciddi problemə çevrilir. Bu gün maşın şüşəsi yuyur, yaxud da yalvarmaqla pul alırlar. Amma bir neçə yaşdan sonra artıq dəliqanlı yaşına çatanda o, yalvarmayacaq, silahla pul tələb edəcək. Ona görə də səfil, baxımsız uşaqlar məsələsinə diqqət artırılmalıdır. Bunun  qanun layihəsində xüsusi bir blok kimi verilməsi çox vacibdir ki, Azərbaycan üçün gələcəkdə böyük bir təhlükə yaratmasın. Bütün dünyada bu problemlərin həllində qeyri-dövlət strukturları dövlət strukturlarından daha yaxşı işləyir. İki maddədə səthi göstərilib. Bu qanun layihəsinin həmin məqamları xeyli dərəcədə genişləndirilməli, dəqiqləşdirilməlidir.
Pulsuz, pullu, qismən pullu xidmətlər bəs kimə şamil ediləcək? Qanunda verilməzsə, ünvanlı sosial yardım sahəsindəki mənfiliklərin bu qanuna transferi demək olacaq. Ona görə də qanunda pullu sosial xidmətin kimə şamil edildiyi göstərilməlidir. Qanunda göstərilməsə, normativ sui-istifadə halları əmələ gələcək.
Mən vaxtınızı almaq istəmirəm. Hesab edirəm ki, qəbul etdiyimiz qanunların içərisində bu qanun ən humanist, sosial dövlət anlayışının Azərbaycanda tətbiqi nöqteyi-nəzərdən ən gözəl qanun olacaqdır. Amma bu qanunun keçmiş SSRİ-yə daxil olan ölkələrdən ən sonuncularından biri kimi qəbul ediriksə, biz pis məqamları təkrar eləməməliyik. Biz bu qanunu yüksək səviyyədə, sözün həqiqi mənasında, mentalitetimizə uyğun surətdə, ehtiyacı olanların  sosial xidmətini, bu işdə yüksək keyfiyyəti təmin etmək istiqamətində maddələrlə tamamlamalıyıq. Konsepsiyası düzdür, layihə üzərində işləyənlərə təşəkkür edirəm, amma hesab edirəm ki, bu məqamlar nəzərə alınmaqla qəbul olunsa, qanun daha yaxşı işləyər və cəmiyyətə daha yüksək səviyyədə xidmət edər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, Siz ikinci oxunuşdakı kimi çıxış etdiniz. Biz konseptual cəhətdən yanaşırıq.  Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən qısaca münasibət bildirməyə çalışacağam. Şübhəsiz ki, qanun layihəsi barədə konseptual baxımdan yalnız və yalnız müsbət fikir söyləmək olar. Etiraf etməliyik ki, bu sahədə çox böyük boşluqlar var. Düşünürəm ki, bu qanunun qəbulu ilə həmin boşluqlar aradan qaldırılacaqdır. Amma, hörmətli cənab Sədr, gələn həftə qanun layihəsi müzakirə olunan zaman mənim burada olmayacağımı, ezamiyyətdə olacağımı nəzərə alaraq, icazə versəydiniz, iki qısa təklifimi bildirərdim.
Birinci “Əsas anlayışlar”la bağlı təklifdir. 14-cü maddədə özəl sosial xidmət müəssisələrinin adı çəkilir, amma “Əsas anlayışlar”da “özəl sosial xidmət müəssisəsi”nin izahı verilmir. Mənə belə gəlir ki, işçi qrupu buna diqqət yetirsə, yaxşı olar.
İkinci mühüm məqam burada qeyd olunduğu kimi, əsasən, bütün inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanın özündə də sosial xidmətlərin böyük əksəriyyətinin məhz qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilməsidir. Düzdür, burada hörmətli Hadi müəllim qeyd etdi ki, qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılıb, fikirlər öyrənilib. 14-cü maddədə sosial xidmət sisteminin birbaşa iştirakçıları qeyd olunur. Amma orada qeyri-hökumət təşkilatlarının adı çəkilmir. Mən təklif edərdim ki, məhz burada da dövlət, özəl, bələdiyyələrlə yanaşı, qeyri-hökumət təşkilatlarının da adı qeyd olunsun. Çünki hazırda Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dəstək Şurası tərəfindən yüzlərlə bu cür layihə dəstəklənir.
Nəhayət, sonuncu qeyd etmək istədiyim məsələ 24-cü maddə ilə, bunun mexanizminin daha təkmil şəkildə qurulması ilə bağlıdır. Burada göstərilir ki, bu sifarişlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Əlbəttə, bu mənim fikrimdir, amma düşünürəm ki, gələcəkdə həmin prosesi daha şəffaf şəkildə həyata keçirmək üçün göstərilən sahədə ixtisaslaşmış orqanların imkanlarından da faydalanmaq lazımdır. Bu həm də beynəlxalq təcrübəyə, xarici ölkələrin təcrübəsinə tam uyğun olar.
Bütövlükdə mən bu qanun layihəsinə səs verəcəyəm. Düşünürəm ki, hörmətli Oqtay müəllim, biz yaxın zamanlarda sosial sifariş haqqında qanun layihəsinə də baxmalıyıq. Sosial xidmət haqqında qanundan sonra sosial sifariş haqqında qanun qəbul olunarsa, hesab edirəm ki, bu sahədə çox böyük işlər görmüş olarıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Mən belə bir təklif etmək istərdim. Konseptual cəhətdən bu qanuna heç kimin etirazı yoxdur, humanist bir qanun olacaqdır. Əgər etiraz yoxdursa, birinci oxunuşda konseptual baxımdan qanun layihəsini qəbul edək. Çıxış üçün yazılan deputatlar ikinci oxunuşda sırada birinci çıxış edərlər. Etiraz yoxdursa, xahiş edirəm, qanun layihəsinə  münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun. Bugünkü iclasımız sona çatdı.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi