2008-ci il 30 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  102

Milli  Məclisin  iclas  salonu.
30  dekabr  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir

 

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
İsgəndər İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Elmar Qasımov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
İradə Hüseynova, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Arif Həşimov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti.
Arif Quliyev, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının baş elmi katibi.
Gülçöhrə Məmmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru.
Əhliman Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru.
Namiq Babayev, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini.
Havar Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru.
Aqiyə Naxçıvanlı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru.
Asəf Zamanov, Bakı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun rektoru.
Abdulla Mehrabov, Təhsil Problemləri İnstitutunun direktoru.
Nailə Rzaquliyeva, Bakı Şəhər Təhsil İdarəsinin rəisi.
Sara Xanlarova, Bakı şəhəri 134 saylı orta məktəbinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
2. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007–2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.

İclasda qəbul edilmişdir:

 1. Təhsil haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
2. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007–2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.
8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  dekabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 92
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik. Buyurun, Fəzail Ağamalı.
F. Ağamalı. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və media təmsilçiləri! Mən hər şeydən öncə sizin hər birinizi qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə səadət, xoşbəxtlik, işlərinizdə və fəaliyyətinizdə yeni-yeni uğurlar, zirvələr arzulayıram. Təhsil haqqında qanun layihəsinin ikinci oxunuşu ilə geniş və hərtərəfli tanışlıqdan sonra belə qənaətə gəldim ki, Elm və təhsil məsələləri daimi komissiyası layihənin birinci oxunuşu zamanı ayrı-ayrı millət vəkilləri və ekspertlər tərəfindən deyilmiş irad və təklifləri, əsasən, nəzərə alıb. İkinci oxunuşa kifayət qədər təkmil bir qanun çıxarılıb.
Mən ayrı-ayrı maddələrin üzərində dayanmamışdan qabaq bir fikrimi ifadə etmək istərdim. Bəzi bədxahlar Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etmiş uğurları inkar etdiyi kimi, təhsilimizdə də əldə olunan müvəffəqiyyətlərə kölgə salmağa cəhdlər göstərirlər. Bu bir həqiqətdir ki, son illər Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmlənməklə bərabər, onun tədris keyfiyyəti də getdikcə artır. Bir-iki fakta diqqətinizi yönəltməyə çalışacağam. Bu yaxınlarda Məleykə Abbaszadənin bizə təqdim etmiş olduğu “Abituriyent” jurnalında belə bir fakt var ki, 2008-ci ildə 600 baldan yuxarı bal toplayan abituriyentlərin sayı 1590 nəfərdir. Halbuki 1992-ci ildə 55 nəfər olub. Digər fakt isə bundan ibarətdir ki, 2008-ci ildə 300 baldan yuxarı bal toplayanlar imtahan verənlərin 83 faizini təşkil edir. Daha bir fakt. Bu gün dedilər ki, Azərbaycandan 4000 nəfər tələbə xaricdə təhsil alır. Bunların hamısı Azərbaycanın orta məktəblərində təhsil alan şagirdlərdir və beləliklə, Azərbaycanda bu istiqamətdə aparılan işlər öz bəhrəsini verir. Tamamilə əminəm ki, təqdim edilmiş olan qanun layihəsi qəbul olunduqdan sonra mövcud olan nöqsanlar və problemlər aradan qalxacaq, Azərbaycanda təhsilin inkişafı yeni mərhələyə qədəm qoyacaqdır.
Konkret maddələrə gəldikdə demək istərdim ki, burada 4-cü maddə ilə bağlı fikir səsləndi ki, təhsilin məqsədi dəyişilməlidir. Mənə elə gəlir ki, məhz 4-cü maddədə təhsilin məqsədi kifayət qədər yığcam, olduğu kimi, yəni bizim düşündüyümüz şəkildə verilib. Onun bu redaksiyada qalması məqsədəuyğun olardı.
7-ci maddə haqqında söylənildi ki, Azərbaycan dili ilə bağlı məsələ başqa bir formada ifadə olunsun. Düşünürəm ki, bu gün Azərbaycanda dövlət dili Azərbaycan dilidir və tədris də Azərbaycan dilindədir. Lakin bu da etiraf olunmalıdır ki, həm orta məktəblərdə, həm də ali məktəblərdə başqa dillərdə də tədris prosesi gedir. Yaxşı ki, Azərbaycan dili, tarixi, ədəbiyyatı, coğrafiyası öyrənilməklə digər dillərdə də tədris həyata keçirilə bilər.
17-ci maddədə təsnifat kifayət qədər düzgün verilib və icbari təhsilin 9-cu sinfə qədər verilməsi son dərəcə əhəmiyyətlidir. Bu, hər şeydən əvvəl yuxarı siniflərdə oxuya bilməyənlərin yükünü aradan qaldırır. Digər tərəfdən, oxuya bilməyən şagirdlər iki ili itirmək əvəzinə 9-cu sinifdən sonra bu və ya digər peşəni əldə edir və bu peşəyə görə də özünə iş tapır. Beləliklə, 17-ci və sonrakı maddələrdə təhsilin pillələri ilə bağlı təsnifat kifayət qədər yüksək səviyyədə verilib.
Mən 27-ci maddənin də üzərində dayanmaq istərdim, çünki bu, kifayət qədər mübahisəli məsələlərdən biridir və bunun ətrafında fikir mübadiləsi ciddi xarakter alıb. Mən keçən dəfə də dedim və bu gün də təklif edirəm ki, yaxşı olar, biz vahid test imtahanının keçirilməsini bu qanunda ifadə edək. Yəni orta məktəbi qurtaran test imtahanı verir, əldə etdiyi bala uyğun olaraq ali məktəbi özü seçir, özü müəyyənləşdirir. Bu, daha mütərəqqi olardı. Ancaq indiki halda şagirdlərə seçim ixtiyarının verilməsi müsbət haldır və düşünürəm ki, bu, qanunun mütərəqqi məqamlarından biridir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Bir də yada salıram ki, bu, çərçivə qanunudur. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və mətbuat nümayəndələri! Mən də, cənab Sədr, Sizin simanızda bütün Milli Məclis üzvlərini, burada əyləşən qonaqları və bütövlükdə Azərbaycan xalqını hər iki bayram münasibəti ilə təbrik etmək və xalqımıza yeni ildə uğurlar arzulamaq istəyirəm. O ki qaldı qanuna, doğrudan da, bu, çərçivə qanundur və kifayət qədər hərtərəfli hazırlanıb. Əvvəlki oxunuşla müqayisədə açıq şəkildə görürük ki, qanun layihəsinin bütün aspektləri nəzərə alınıb. Bu baxımdan istərdim ki, bəzi mühüm maddələrlə bağlı fikrimi bildirim. Bəri başdan deyim ki, bu maddələr indiyə qədər mübahisəli xarakter daşıyırdı və indiki layihədə, demək olar ki, öz mövqeyini qərarlaşdırıb.
Birinci, layihədə icbari təhsil 9 illik olaraq göstərilir. Bizim əvvəl narahatçılığımız var idi ki, icbari təhsil 9 il olduğu təqdirdə yerdə qalan iki ili oxumalı olan şagirdlərin taleyi necə olacaq? Şəmsəddin müəllim təqdimatda qeyd etdi ki, bunun üçün keçid dövrü, təxminən 7 ilə qədər vaxt nəzərdə tutulub. Eyni zamanda, bu, şagirdlərə imkan verir ki, onlar sərbəst seçimlərini etsinlər. Bu, çox önəmli bir haldır.
İkinci, düşünürəm ki, daha çox mübahisələrə səbəb olan aspirantura ilə bağlı məsələ, nəhayət ki, öz həllini tapıb. Ali təhsil 3 pillədən ibarətdir: bakalavriat, magistratura və doktorantura. Doktoranturanın da iki hissədən ibarət olması, hesab edirəm ki, aspirantura məsələsinin tam şəkildə həllidir və bu da Azərbaycan təhsilinin Avropa sisteminə uyğunlaşması baxımından çox önəmlidir.
Növbəti müsbət məqamlardan biri minimum keçid balı toplayan abituriyentlərə ali məktəblərə qəbulda seçim imkanının verilməsidir. Mən düşünürəm ki, bunun özü də mütərəqqi bir haldır.
Qeyd etmək istədiyim məsələlərdən biri də təhsil idarələrinin və təhsil qurumlarının rəhbərlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunmasıdır. Ümumiyyətlə, bu, idarəçilikdə indiyə qədər yaşanan müəyyən boşluqların aradan qaldırılmasına xidmət edir. Düzdür, burada təkliflər verildi ki, təhsil müəssisələrinin rəhbərləri seçilsin. Əlbəttə, bu, öz-özlüyündə mütərəqqi haldır. Amma hesab edirəm ki, bunun üçün müəyyən vaxta ehtiyac var, bəlkə də 15–20 ildən sonra bu məsələyə qayıtmaq olar.
Burada ən mühüm amillərdən biri də ondan ibarətdir ki, təhsil alanlar imtahanların təhsil verənlərin seçimində də müəyyən sərbəstliyə malikdirlər. Bu da, hesab edirəm ki, tələbələrə daha yaxşı müəllimi seçmək imkanı verir.
29.2.13-cü maddədə qeyd olunub ki, dövlət təhsil müəssisəsində çalışan professor-müəllim heyəti üçün akademik və inzibati vəzifə tutmanın yaş həddini müəyyən etmək səlahiyyəti müvafiq icra hakimiyyəti orqanına verilir. Amma “digərlərinin yaş senzini kim müəyyən edir?” sualı açıq qalır. Məsələn, orta məktəblərdə belə hallar çox geniş yayılıb. Əlbəttə ki, bizim həmin şəxslərə böyük hörmətimiz var. Amma bu da həqiqətdir ki, daha yaşlı insanların məhsuldarlığı da bir o qədər olmur. Hesab edirəm ki, kifayət qədər təminat olmaq şərti ilə müəyyən yaş senzinin onlara tətbiq edilməsi normal qarşılana bilər. Qanun layihəsində təhsil prosesi iştirakçıları sırasında təhsil alanların valideynlərinin və ya qanuni təmsilçilərinin əks olunması da çox vacib amildir.
Mən bir neçə təklifimi də burada səsləndirmək istəyirəm. “Əsas anlayışlar”da 1.0.31-ci maddə qeyri-formal təhsil haqqındadır. “Qeyri-formal təhsil” anlayışında klub və dərnəklərin adı verilib. Mən hesab edirəm ki, “klub və dərnəklər” sözləri “qeyri-hökumət təşkilatları” ifadəsi ilə əvəz olunmalıdır. Çünki klub və dərnək adı altında hər hansı bir hüquqi şəxs fəaliyyət göstərmir.
Digər bir tərəfdən, qiyabi təhsillə distant təhsilin məsələsinə də aydınlıq gətirmək lazımdır. Distant təhsili varsa, qiyabi təhsilin qalması məsələsi müəyyən mənada sual doğurur. Mənim deyəcəyim bu qədər. Mən də qanun layihəsinə səs verməyin tərəfdarıyam. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Azay müəllim. Sizin qaldırdığınız bir məsələ ilə bağlı demək istəyirəm ki, bizdə həm də Əmək pensiyaları haqqında Qanun var. Yenə yadınıza salmaq istəyirəm ki, bu, çərçivə qanunudur. Ali təhsil, orta təhsil haqqında qanunlar qəbul olunanda Şəmsəddin müəllimin yadına salarıq ki, bu məsələləri nəzərə alsınlar. Müəllimlərin çoxu pensiyaya çıxır, amma 70–80 yaşında işləyirlər. O qanunlarda bu öz əksini tapmalıdır. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Cənab Sədr, məndən xahiş elədilər deyim ki, məndən sonra kim çıxış edəcəksə, adını deyəsiniz ki, hazırlaşa bilsin. Mən təəssüf elədim ki, çıxışlara ayrılan vaxtı 10 dəqiqədən 5 dəqiqəyədək azaltdıq. Bir çox maddələrlə bağlı kifayət qədər fikirlərimiz var idi. Amma, yəqin ki, fikirlərimizi Şəmsəddin müəllimə yazılı şəkildə versək, nəzərə alacaq. Ona görə icazə versəydiniz, bu, çərçivə qanunu olduğu üçün məhz Şəmsəddin müəllimin çıxışından başlayardım. Bir məqamı heç cür qəbul eləyə bilmədim. Şəmsəddin müəllim dedi ki, test üsulunun alternativi yoxdur. Bununla bağlı mən də sual vermək istəyirəm. Burada oturan insanların böyük əksəriyyəti, həmçinin hörmətli Şəmsəddin müəllim olmaqla hamımız test üsulu ilə imtahan verməmişik və mütəxəssislər kimi yetişmişik. Məgər biz pis mütəxəssis kimi yetişmişik? Yaxud digər sistemdə oxuduğumuz, imtahan verdiyimiz üçün bizə kiminsə sözü və yaxud savadımıza şübhəsi ola bilərmi? Mənə elə gəlir ki, bunu bu qədər əminliklə demək olmaz. Ümumiyyətlə, bu məsələlərdə bir qədər ətraflı düşünmək lazımdır.
Mən bir-iki faktı nəzərinizə çatdırmaq istəyirəm. 3 yaşından uşaqlarımızı bağçaya veririk. Orta məktəb, texniki peşə təhsili, texnikum, ali məktəb və aspiranturanı da saysaq, ümumiyyətlə, belə alınır ki, təxminən 20–23 il uşaqlarımızı Təhsil Nazirliyinə veririk ki, buyurun, bizim uşaqlarımızla məşğul olun, tərbiyə, təhsil verin. Amma Təhsil Nazirliyinin məsuliyyəti, gördüyü işin nəticəsi harada görünür? Biz bunu qanunda necə göstəririk? Deyirik ki, testin heç bir alternativi yoxdur. Niyə? Bu formada test hansı ölkədə var?
İnsanın ən böyük hüququ təhsil hüququdur. İnsanın ən böyük hüququ onun peşə seçmək hüququdur. Qədimdən ata-babalar deyərdilər ki, iki şey məsuliyyətli və müqəddəsdir. Birinci, evlənəndə, ikinci, təhsil seçəndə insana zor eləmək olmaz. Evlənməyi bir tərəfə qoyuram, təhsil seçəndə biz uşaqlarımıza zor edirik. Məsələn, uşaq bioloq olmaq, gül-çiçəklə işləmək istəyir. Bu tapmacaları yaxşı oxuyur, yaxşı tapır, gəlir, həkim olur. Düşür diş həkimliyinə, bu bədbəxtdən diş həkimi alınmır. Bu adam iyrənir, kiminsə ağzının içinə baxa, çürük dişini görə bilmir. Bu, gül-çiçəklə oturub-durmaq istəyir, amma biz buna deyirik ki. qardaş, sən tapmacaları yaxşı tapmısan, diş həkimi olmalısan. Ondan yaxşı həkim alınmayacaq. İkinci tərəfdən isə biz bioloq olmaq haqqını birdəfəlik onun əlindən aldıq.
Burada kifayət qədər universitet müəllimləri var, mən də universitetdə dərs deyən insanlardan biriyəm. Orta məktəbdə də dərs demişəm, texniki-peşə məktəbində də işləmişəm. Gəlin, gedək universitetlərə, baxaq. Kim bu sorğunu keçirib? Təhsil Nazirliyi keçiribsə, desin ki, keçirmişəm, TQDK keçiribsə, desin, keçirmişəm. 500, 600 balla ali məktəbə qəbul olunan, amma istəmədiyi ixtisasa düşən uşaqlar necə oxuyurlar? Bunları zorla təbib edirik ki, sən 600 bal yığmısan. Bu istəyirdi ki, ədəbiyyatçı olsun, yaxşı şeirlər yazır. Tapmacaları yaxşı tapıb, hüquqa qəbul olunub. Bundan prokuror da olmayacaq, heç nə də. Bu adam şeir yazacaq. Biz də deyəcəyik ki, həvəskar şairdir, amma bədbəxt elə əvvəldən şair olmaq, ədəbiyyatçı olmaq istəyirdi. Mən hər iki qurumdan – Təhsil Nazirliyindən də, TQDK-dan da sual edirəm, bu sorğunu keçirmisinizmi? Nə qədər uşaq istədiyi ixtisasa düşüb? Mən tam əminliklə deyirəm ki, bu faiz 40-dan yuxarıdır.
İkinci bir məsələ. Kifayət qədər bal toplamış abituriyentlər qəbuldan kənarda qaldılar. 200 bal toplayanlar elə institutlar var ki, ora girdilər, 300, 400, 450 bal yığanlar isə kənarda qaldılar. Burada haradadır həqiqət? Haradadır ədalət? Buna görə haqlı olaraq narazılıqlar artır. Valideyn gəlib deyir ki, mənim uşağım 300–400 bal yığıb, amma kənarda qalıb. Normal sivil ölkələrdə – Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə belədir ki, bir hissəsi testdir, ikinci hissəsi inşalardır. Uşaqların hamısını əzbərçi eləmişik. 20 ilə yaxındır ki, test sistemi var, sualı nə qədər dəyişmək olar?
Sədrlik edən. Çox sağ olun. Gülər xanım, Siz Təhsil haqqında qanun layihəsi müzakirə olunanda komissiyanın iclasında olmusunuz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hə, əvvəlki iclasda olmusunuz. Komissiyadakı müzakirə göstərdi ki, Sizin ürəyinizdəki arzular həyata keçir. Gül-çiçəklə işləmək istəyən gül-çiçəklə işləyəcək. Bu, çərçivə qanunudur. Bu o deməkdir ki, tələbə öz istədiyi seçimi edir. Bu birinci.
İkinci, Siz bir də söylədiniz ki, test üsulu ilə qəbul olunanlarla bizim vaxtımızda oxuyanların fərqi nədir? Biz bu fərqi, yəqin, 10–15 ildən sonra görəcəyik. Onlar da gəlib bizim yaşa çatanda görəcəyik ki, test üsulu ilə qəbul olunanlar güclü inkişaf edir, yoxsa biz? Söhbət ondan gedir ki, dünya inkişaf edir.
Hər şeyə şübhə ilə yanaşmayaq. Ancaq Sizin dediyiniz məsələ öz əksini tapacaq, həqiqətən, tələbə öz seçimini edəcəkdir. Bizim istəyimiz odur. Tələbə qəbulunda test üsulu Azərbaycan üçün gözəl sistemdir. Çərçivə qanununda da göstərilir ki, test sistemi tələbənin biliyinin qiymətləndirilməsidir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Burada polemika açmayaq, sözünüz varsa, deyərsiniz. O haqda fikirləşmək olar. Əli Məsimli, buyurun. Sonra isə Vahid Əhmədova söz verəcəyəm.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Təhsil haqqında qanun layihəsi birinci oxunuşdan keçəndən sonra irəli sürülən təkliflər əsasında xeyli təkmilləşdirilmiş, Baloniya prosesinin tələbləri nəzərə alınaraq cilalanmış, ikinci oxunuşun səviyyəsində qəbul olunan kondisiyaya gətirilib çatdırılmışdır. Eyni zamanda, bu qanunun çərçivə qanun olduğunu və bunun əsasında ona qədər yeni qanunun qəbul ediləcəyini nəzərə alaraq, hesab edirəm ki, artıq ikinci oxunuş kondisiyasına çatdırılmış bu qanunun vaxtında qəbul edilməsi, sonra da zamanında üçüncü oxunuşdan keçirilməsi təhsillə bağlı yeni qanunların qəbul edilməsinə yol açacaq. Ona görə də deputat həmkarlarımı Təhsil haqqında qanun layihəsinin ikinci oxunuşda birmənalı şəkildə qəbul edilməsinə səs verməyə çağırıram. Hesab edirəm ki, bu qanunun məhz bu gün ikinci oxunuşda qəbul edilməsi həm təhsil işçiləri, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edəcək.
Bu, kifayət qədər gözlənilən qanun olduğuna görə, Azərbaycanın hər yerində olduğu kimi, Şəkidə də təhsil işçilərinin geniş müzakirəsindən keçmişdir. Müzakirələr zamanı irəli sürülən böyüklü-kiçikli 235 təklifi özündə əks etdirən bir sənəd hazırlamışam və onu müvafiq komissiyaya təqdim edəcəyəm. Beş dəqiqənin imkan verdiyi zaman çərçivəsində mən onların bəzilərini sizin nəzərinizə çatdırmaq istərdim.
Birinci, əgər müasir dövrün tələblərinə cavab verən qanundan söhbət gedirsə, bu, mütləq və mütləq təhsilin modernləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması məsələlərini özündə əks etdirməlidir. Eyni zamanda da, bu, ruh etibarilə də islahat xarakterli bir qanun olmalıdır. Ona görə də təhsilin müqəddimədə verilən məramına, eyni zamanda, 4-cü maddədə verilən məqsədlərinə bir də konkret bir məqamın əlavə edilməsinə ehtiyac var. Təhsilin məzmununun bilik cəmiyyətinin tələblərinə müvafiq surətdə modernləşdirilərək yeni keyfiyyət halına gətirilməsi, rəqabət qabiliyyətinin artırılması, müasir tələblərə və Azərbaycanın inkişaf perspektivlərinə uyğunlaşdırılması məsələsi məqsəd kimi götürülsə və bunlar müvafiq maddələrdə öz əksini tapsa, hesab edirəm ki, çox yaxşı olardı.
Eyni zamanda, qeyd elədim ki, bu, çərçivə qanun kimi, başqa qanunların da qəbul edilməsində əsas olacaq. Belə qanunlardan biri də, hesab edirəm ki, Təhsil kreditləri haqqında qanundur. Mətbuatdan da bildiyiniz kimi, bizim tərəfimizdən Təhsil kreditləri haqqında belə bir qanun layihəsi hazırlanıb. Yaxşı olar, onun və bu qanunun maddələri elə qurulsun ki, zamanı çatanda, bu qanun qəbul ediləndən sonra Təhsil krediti haqqında qanun müzakirəyə veriləndə bizim üçün problem yaranmasın, əlavə elementlərin dəyişdirilməsinə ehtiyac olmasın. Burada təhsil kreditinə yalnız akademik mənada baxılıb. Hesab edirəm ki, bu, yarımçıq xarakter daşıyır və ona təkcə akademik mənada yox, iqtisadi mənada da baxmaq lazımdır. Ona görə də təhsil krediti ilə bağlı verilən açmalarda “təhsil krediti fənnin həcmini, onun mənimsənilməsi üzrə yerinə yetirilən işləri və sairini əks etdirməklə yanaşı, həm də dövlət, müxtəlif bank və kredit təşkilatları tərəfindən ali təhsil müəssisələrinin təhsil alan şəxslərə tərəflər arasında bağlanmış müqavilə əsasında təhsil haqqı və digər təhsil xərclərini ödəməkdən ötrü (təhsili başa vurduqdan sonra qaytarmaq şərti ilə) verilən pul vəsaiti” kimi göstərilməsini vacib hesab edirəm.
İkinci məqam kimi, demək istəyirəm ki, bu qanunda bütün təhsil mərhələlərində fərqlənənlər qeyd olunmalıdır. Ona görə də məktəbi fərqlənmə diplomu ilə, qızıl medalla qurtaranlara xüsusi bir statusun verilməsini məqsədəuyğun hesab edirəm ki, o da bizim təkliflərimizdə öz əksini tapıb. Bir də “ümumi” sözü həm onbirillik təhsilə, həm də doqquzillik təhsilə aid edildiyinə görə xeyli dərəcədə problemlər yaradır. “Ümumi” sözünü yalnız bir yerdə saxlamaq lazımdır.
Sədrlik edən. Çox sağ olun. Onu ayrıca qeyd elədik. Diqqətlə baxın, bu məsələ orada var. Vahid Əhmədov. Hazırlaşsın Aynur Quliyeva.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Yeni il münasibəti ilə mən sizin hamınızı təbrik edirəm, hamınıza uzun ömür, can sağlığı arzu edirəm. Təhsil Qanunu, bildiyiniz kimi, 1992-ci ildə bu zalda qəbul olunub. Həmin qanun qəbul olunarkən, onun üzərində də çox böyük mübahisələr olub, mən onun şahidi olmuşam. Ən çox mübahisə doğuran məsələ test üsulunun qanuna salınması ilə əlaqədar idi. 1992-ci ildə bir sıra qüvvələr test üsulu ilə qəbulu qanuna salmaq istəmirdilər. Mən deyərdim ki, rəhmətlik Əbülfəz Elçibəyin çox ciddi təkidi nəticəsində test üsulu Azərbaycanda tətbiq edildi və bu gün onun nəticələrini də görürük. 1992-ci ildə biz ilk dəfə test imtahanlarının nəticəsini türk qardaşlarımızın vasitəsi ilə Türkiyədə açıqladıq. Ona görə də mən belə hesab edirəm ki, bu qanunda test üsulu ilə qəbulun saxlanması çox müsbət haldır, mən bunu alqışlayıram və bunu daha da inkişaf etdirmək lazımdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bizə 2008-ci ilin yekunları ilə əlaqədar hesabat təqdim eləyib. Bu hesabatda hər şey aydındır. Bu hesabatda hər bir rayondakı təhsilin vəziyyəti əks olunub. Mən bu hesabata görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına öz dərin minnətdarlığımı bildirirəm. Mən belə hesab edirəm ki, Təhsil haqqında qanun 2005-ci ildə Baloniya sisteminə qoşulmuş Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir, mütərəqqi bir qanundur və bunun qəbul edilməsi çox vacibdir. Bununla əlaqədar bir sıra məsələlərə münasibətimi bildirmək istəyərdim. Birincisi, 1.9-cu maddədə məsafədən (distant) təhsil anlayışı verilib. Bildiyiniz kimi, hazırda istər orta məktəblərdə, istərsə də ali məktəblərdə davamiyyət o qədər də yaxşı deyil. Bu elə bir şərait yaratmazmı ki, sonra bu məsafədən təhsil sistemindən bir sıra şagirdlər, tələbələr süni şəkildə istifadə etsinlər və nəticədə davamiyyət daha da aşağı düşsün. Buna diqqət yetirmək, mənə elə gəlir ki, çox vacibdir.
5.6-cı maddə ilə bağlı da fikirlərim var. Bilirik ki, təyinatla göndərilən insanlar işə götürülür. Amma nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda şirkətlərin 90 faizi özəldir və göndərilən tələbələr faktiki olaraq orada işə düzələ bilmirlər. Mən belə hesab edirəm ki, Təhsil haqqında qanunda bu məsələ xüsusi olaraq öz əksini tapmalıdır. Çünki mən belə hesab edirəm ki, Təhsil haqqında qanun çərçivə qanunu olduğu üçün Konstitusiya Qanununa yaxın, Azərbaycanın inkişafı üçün çox əhəmiyyətli bir qanundur və həmin tələbələrin işlə təmin olunmasında çox mühüm əhəmiyyət kəsb edir.
Burada Əli müəllim və bir sıra deputatlar da qeyd elədilər. Keçən dəfə də bu məsələ mübahisə doğurdu. Biz beynəlxalq olimpiadanın, o cümlədən beynəlxalq turnirlərin iştirakçılarını institutlara güzəştli şərtlərlə qəbul edirik. Niyə görə biz orta məktəbi qızıl və gümüş medalla bitirən insanlar üçün o güzəştləri təmin etmirik? Onda qızıl və gümüş medalın, ümumiyyətlə, nə əhəmiyyəti var? Onda onu tamamilə oradan çıxarmaq lazımdır. Mən deyərdim ki, onun heç bir əhəmiyyəti olmayacaq. Mən belə hesab edirəm ki, qızıl və gümüş medalla orta məktəbi bitirən insanlar da çox böyük əziyyət çəkirlər. Qızıl və gümüş medalı almaq o qədər də asan deyil və mən onun şahidi olmuşam. Ona görə də mən hesab edirəm ki, bu da saxlanılmalıdır və bu insanlara da imtiyaz verilməlidir.
29.2.13-cü maddə də dövlət təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin yaş senzi ilə əlaqədardır. Ümumiyyətlə, bu nə qədər düzdür və belə hesab edirlər ki, yaş senzi ilə əlaqədar məsələni institut rəhbərlərinin ixtiyarına vermək lazımdır. Elə müəllim var ki, 70 yaşı var, amma 50 yaşındakı insandan da gümrahdır, çox qəşəng də işləyir, savadlıdır. Nəyə görə biz bu insanları kənarlaşdırırıq? Əgər bunu institutun rəhbərlərinin ixtiyarına versək, mən sizi inandırıram, 50 yaşından yuxarı insanları təmizləməyə başlayacaqlar və təzə kadrlar götürəcəklər. Buna heç cür getmək olmaz. Son vaxtlar qəbul olunan bütün qanunlarda biz yaş senzini faktiki olaraq götürürük, amma burada bərpa edirik. Nəyə görə? Buna, ümumiyyətlə, ehtiyac yoxdur, mən bunun qəti əleyhdarıyam və qanundan çıxarılmasını tələb edirəm.
Bir də, 41-ci maddədə sahibkarlıqla əlaqədar olaraq institutlara çox böyük səlahiyyət verilir. Axırda biz deyəsən, institutların auditoriyalarını anbarlara çevirəcəyik.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, Siz çıxış elədiniz, mənim xatirimə bəzi məsələlər gəldi, onları demək istəyirəm. Hamımız məktəbdə oxumuşuq, şagird, tələbə olmuşuq. Yadınıza gələrsə, biz şagird olanda müəllimlərə çox böyük hörmətlə yanaşırdıq. Əstəğfürullah, müəllimi Allahdan sonra ikinci adam sayırdıq. Çox təəssüflər olsun ki, indi özümüz danışa-danışa orta məktəb müəllimlərini hörmətdən salmışıq və onlara qarşı inamsızlıq yaranıb. Nəyə görə bu yaranmalıdır? Belə hesab edirik ki, orta məktəb müəlliminin nəsə bir səlahiyyəti olsa, bu, düzgün olmayacaq? Niyə belə düzgün olmayan istiqamət seçilib? Özümüz eləyirik. Biz çalışmalıyıq ki, orta məktəb müəllimlərinin hörməti qalxsın. Bunun üçün də biz gələcəkdə orta təhsil haqqında qanun qəbul ediləndə bəzi məsələləri nəzərdə tutmuşuq.
Rektorlar barədə danışdınız. Niyə bizim rektorlarımıza şübhə ilə yanaşırsınız? Bizim kollegiyanın üzvü olan rektorlarımız var. Nəyə görə rektor mütləq 70 yaşına çatan lazımlı, savadlı adamı göndərməlidir? İnamsızlığı bir qədər kənara qoymalıyıq. Biz buna görə qanun qəbul edirik. Bizlərdə də, cəmiyyətdə də günah çoxdur. Müəllimlərə, sinif rəhbərlərinə, digərlərinə qarşı bizdə bir balaca inamsızlıq yaranıb. Bunu biz yaradırıq. Reallığı dəyişmək lazımdır. Nəyə görə biz gərək axıra kimi həmişə belə gedək? Bu reallıq var və bunu da bizlər yaratmışıq. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hazırda dünyanın qlobal problemlər sırasına təhsil problemi də daxil edilir. Müasir dünyanı düşündürən əsas məsələlərdən biri təhsilin hamı üçün əlçatan olmasıdır. Azərbaycan vətəndaşlarının təhsilin istənilən pilləsində təhsil almaq imkanları var və buna dövlətin qayğısı da, şübhəsiz ki, göz önündədir. Amma vətəndaşlarımızı düşündürən ən mühüm problem keyfiyyətli təhsillə bağlıdır. Keyfiyyətli təhsilə şəraitin yaradılması Təhsil qanununun əsas prioriteti olmalıdır. Bu, təhsil alanın və təhsil verənin hüquq və vəzifələrindən, təhsilin standartlarından və keyfiyyətə nəzarət mexanizmlərinin qanunla tənzimlənməsindən doğmalıdır.
İkinci oxunuşda bizə təqdim edilən Təhsil haqqında qanun layihəsinin “Əsas anlayışlar” maddəsində diqqətimi çəkən məqamlardan biri elitar təhsillə bağlıdır. Bu anlayış belə təsnifatlandırılır: “Xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil”. Amma mən düşünürəm ki, bunun ödənişli və yaxud ödənişsiz əsasları qanunda göstərilməlidir, çünki hazırda elitar təhsilə uyğun orta məktəblərin hamısında yüksək təhsil haqqı nəzərdə tutulur. Belə məktəblərdə xüsusi istedad yox, məhz təhsil haqqı əsas rol oynayır.
Maddə 3-ə, “Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri”nə diqqət yetirək. Mən həmin prinsiplərə bu əlavələrin də edilməsini təklif edirəm: milli dəyərlərin ümumbəşəri dəyərlərlə çulğalanması, fərdi inkişafın sosial-iqtisadi tələblərin inkişafı ilə uyğunlaşması, təhsil müəssisələrinin müstəqilliyi, təhsildə azadlıq və plüralizm, istənilən formalı zorakılığa yol verilməməsi.
Təklif edirəm ki, 9-cu maddəyə də belə bir bənd əlavə edilsin: təhsilin keyfiyyəti bütün iştirakçıların – müəllimlərin, administrativ heyətin, məzunların, ixtisaslaşmış assosiasiyaların və xarici ekspertlərin qiymətləndirmə prinsipinə əsaslanır. Qeyd edək ki, bu cür qiymətləndirmə dünya praktikasında da mövcuddur.
Qanun layihəsi ilə tanışlıqdan sonra belə nəticəyə gəlmək olur ki, hər hansı bir anlayışın açılışına çox geniş yer verilir. Başqa sözlə, imperativlik əvəzinə təriflər çox yer alır. Məsələn, 19.10-cu maddədə ibtidai təhsil belə xarakterizə olunur: “İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir”. Bu keyfiyyətlərin heç biri “ibtidai təhsil” anlayışı ilə düz gəlmir. Bu tərif kurrikulum sənədindən götürülüb, dünya praktikasında “ibtidai təhsil” adlı pillə yoxdur. Bu, “ilk təhsil” adı ilə əvəz olunsa, düşünürəm ki, yaxşı olar. İlk təhsil anlayışı Ümumdünya insan hüquqları Bəyannaməsində də öz əksini tapıb.
Yeni qanun layihəsində orta təhsil onbirillik nəzərdə tutulur. Amma artıq dünyada onbirillik təhsilə, demək olar ki, rast gəlinmir. Yeni təhsil qanununun universallığından söhbət gedəndə elə başa düşürdük ki, həm də onikiillik orta təhsilin tətbiqi nəzərdə tutulacaq. Onikiillik təhsilin zəruriliyini belə əsaslandırmaq olar: beynəlxalq standartlara görə orta təhsil azı on iki il nəzərdə tutulur. Amerika, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Ukrayna, Özbəkistan və Belarusda da orta təhsil on iki ildir. Almaniya, Çexiya, İsveç və İtaliyada on üç il, Hollandiyada isə on dörd ildir.
Azərbaycan orta təhsili rəqabətə davamlı deyil. Onbirillik təhsilin əsas nöqsanlarından biri də onun şəxsiyyətə zəif yönümü ilə bağlıdır. Ümumi orta təhsil pilləsini bitirən on beş yaşlı uşaq peşə təhsili ala bilmədiyindən gənclər arasında işsizlik artır. Ümumi orta təhsil müddətini bir il artırmaqla qismən bu problemi aradan qaldırmaq olardı. Amma bunun əksinə olaraq geriyə addım atıldı. Layihədə icbari təhsilin on bir ildən doqquz ilə endirilməsi nəzərdə tutulur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının iclasında hörmətli Şəmsəddin müəllim belə bir fikir səsləndirmişdi ki, on bir və on ikinci siniflərdə təhsil təmayüllər üzrə aparılacaq. Amma onikiillik təhsilə keçirilsə idi, təmayülləşmənin on bir və on ikinci siniflərdən aparılması, məncə, daha güclü effekt verərdi.
Sədrlik edən. Sağ olun. Təhsilin pillələri haqqında keçən dəfə izahat verdilər. Lazım olsa, yenə cavab verərlər. Asəf Hacıyev buyursun, Hüseynbala Mirələmov hazırlaşsın.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Mən ilk öncə ondan başlamaq istəyirəm ki, Oqtay müəllim burada qeyd elədi, bu, çərçivə qanunudur, ona görə biz təhsilin müxtəlif sahələrində olan incəliklərdən danışmamalıyıq və onları burada görməməliyik, çünki bundan sonra müxtəlif qanunlar qəbul olunacaq və biz orada o incəlikləri görəcəyik.
Bu qanun nəticəsində Azərbaycanda təhsilin yeni sistemi təklif olunur. Bu sistem nədən ibarətdir? Birinci, təklif olunur ki, biz orta məktəbdə 9+2 sisteminə keçək. Onu da qeyd etmək lazımdır ki, hər iki pillə, sözsüz ki, pulsuz olmalıdır və dövlət tərəfindən maliyyələşdirilməlidir. Şübhəsiz, özəl orta məktəblər də ola bilər, amma bu 9+2 sistemini dövlət maliyyələşdirəcək. Doqquz ildən sonra o qədər də uğurlu oxumayan şagirdlər xüsusi peşə-ixtisas məktəblərinə gedə bilərlər. Ancaq bunun üçün Azərbaycanda yeni peşə-ixtisas məktəbləri yaradılmalıdır. Bu sistem, təbii ki, ancaq doqquz ildən sonra həyata keçə bilər.
Ona görə hesab edirəm ki, bu doqquz ildə dövlət tərəfindən müxtəlif addımlar atılmalıdır və yeni peşə-ixtisas məktəbləri yaradılmalıdır. Məsələn, bunun həlli yollarından biri nə ola bilər? Dövlət müxtəlif böyük şirkətlərlə bərabər, belə ixtisas məktəblərini yarada bilər. Burada əsas məsələ ondan ibarətdir ki, ixtisas məktəblərini bitirən insanlar işlə təmin olunsunlar. Bu sistemə keçmək, eyni zamanda, işsizlik problemini aradan qaldıracaq. Burada səsləndi ki, biz yüz min adamı küçəyə atırıq, xeyr, belə deyil, biz yüz min adamı işlə təmin edirik. Digər tərəfdən, bu 9+2 sistemi vahid test imtahanı məsələsini həll edəcək. Baxın, bu gün şagird orta məktəbi qurtaranda ağır imtahanlar verir, ondan sonra da qəbul imtahanları keçirilir. Bu sistemə keçdikdə isə o, iki ildən sonra cüzi imtahanlar verəcək və çox rahat da qəbul imtahanlarına gedəcək. Ona görə mən hesab edirəm ki, biz bu sistemi qəbul etməliyik. Növbəti pillə qəbulla bağlıdır.
Qanunda yazılıb ki, peşə məktəblərini əla qiymətlərlə bitirən tələbələr ikinci kursa birbaşa qəbul edilirlər. Buna qəti yol vermək olmaz, çünki peşə məktəblərinə məktəbdə o qədər uğurlu olmayan şəxslər gedirlər. Fənn olimpiadalarının qalibləri ilə bağlı burada fikirlər səsləndi. Bilirsiniz, söhbət dünya olimpiadalarından gedir. Bu, ildə bir dəfə keçirilir. Hər bir ölkə öz milli komandasını ora göndərir. Burada 3–4 nəfərdən söhbət gedir. Biz bu gün o qədər də yüksək səviyyədə deyilik ki, dünya olimpiadalarında Azərbaycandan 30–40 nəfər qalib gəlsin. Söhbət maksimum 3–4 nəfərdən gedir və biz belə talantlı uşaqları itirməməliyik. Onlar hansı fəndən qalib gəliblərsə, avtomatik olaraq o ixtisas üzrə imtahansız ali məktəbə qəbul olunmalıdırlar.
Orta ixtisas məktəblərinə qəbul, təbii ki, testlə olmalıdır. Burada Gülər xanım testlə bağlı müəyyən fikirlər səsləndirdi. Bilirsiniz, dünyada, sadəcə, insan həyatına alternativ yoxdur. Hər şeyə alternativ var. Amma, sadəcə, söhbət ondan gedir ki, heç kəs testin əleyhinə deyil. Bu gün test özünü doğruldur və test üsulu qalmalıdır. Amma mən hesab edirəm ki, bu qurumun adı dəyişdirilməlidir, çünki onlar bu gün prokurorları, dövlət məmurlarını və digər sahədə çalışan insanları dəyərləndirirlər. Ona görə yaxşı olardı, bunun adı “bilikləri qiymətləndirən komissiya” olsun. Tələbə əvvəlcə imtahanını verərdi, ondan sonra balını alardı və sonra seçimini edərdi. Hər bir ali məktəb öz keçid balını qoymalıdır və tələbə internet vasitəsi ilə birbaşa ali məktəbə müraciət eləməlidir. Bir də təkrar edirəm, heç kəs, heç bir rektor bura müdaxilə edə bilməz. Bu bir qurğu olacaq və bunun üzərində də texniki nəzarət yaradılacaq. Ona görə burada heç bir neqativ haldan söhbət gedə bilməz. Əgər bu gün yerləşdirmədə neqativ hallar varsa, bax bu yeni sistemdə o hallar aradan qaldırılacaq, çünki nəzarət gücləndiriləcək. Əgər yoxdursa, çox gözəl, indi də olmayacaq və bu sistem təkmilləşəcək. Demək, tələbələr imtahanlarını verəndən sonra bir siyahı tutulacaq, orada onların balları və adları olacaq. Bir şagird bir neçə universiteti seçə bilər. Tutaq ki, beş universitet bunu qəbul elədi, ondan sonra o yenə seçimini edə bilər. Bu da Baloniya sisteminə uyğundur. Şagirdə sərbəstlik verilməlidir. Burada şəffaflıq olacaq, çünki qəbul olunanların siyahısı dərc ediləcək.
Bir məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz, təhsil strateji bir sahədir, ona görə burada dövlət proqramı olmalıdır. Hökumət hər il büdcənin müzakirəsi zamanı Milli Məclis qarşısında təhsil proqramı ilə bağlı hesabat verməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asəf müəllim, Siz Elm və təhsil məsələləri daimi komissiyasının üzvüsünüz. Xəbəriniz var ki, birinci oxunuşdan sonra peşə məktəblərini əla qurtaranların institutlara daxil olması məsələsi layihədən çıxarılıb? Təzədən bunu təkrar edirsiniz. Yəni bu, düzgün deyil.
İkinci, böyük təşkilatlarla əlaqədar gözəl təklif verdiniz. Hamı təhsil qanunu ilə maraqlanır. Bu yaxınlarda hüquq mühafizə orqanlarının rəhbərlərindən biri çox gözəl təklif verdi. Bu da Sizin təkliflərinizə uyğun gəlir. Doğrudan da, böyük şirkətlər bu işlə yaxından məşğul olmalıdırlar. Məsələn, Dövlət Neft Şirkəti çox gözəl bir texniki peşə məktəbi açıb. Bunlar çox lazımlıdır. Bizim təşkilatlarımız, nazirliklər, komitələr var. Gələcəkdə sahə qanunları qəbul ediləndə bu məsələ nəzərə alınmalı, hökumət tərəfindən bunlara tapşırıqlar verilməlidir ki, texniki peşə məktəbləri, texnikumlar açsınlar, özləri üçün işçilər hazırlasınlar. Bu, vacib məsələdir, mən Sizinlə razıyam. Hüseynbala Mirələmov.
H. Mirələmov. Çox sağ olun. Təhsil haqqında qanunun əhəmiyyəti haqqında danışmaq istəmirəm, çünki bunun cəmiyyətimiz üçün nə cür mühüm əhəmiyyətə malik olduğu aksiomdur. Mən iki məsələ üzərində dayanmaq istəyirəm. Deputat həmkarım Vahid Əhmədov da dedi, mənim də yaş senzi ilə bağlı maddəyə etirazım var. Qabaqlar Azərbaycanda, ümumiyyətlə, dünyanın hər yerində belə bir fikir səslənirdi ki, təcrübə gəncliyə qalib gəlir. Necə ola bilər ki, 65 yaşındakı alim və yaxud da 70 yaşında dərin biliyi, təcrübəsi olan insanlar pensiyaya göndərilsinlər. Mən hesab edirəm ki, bu, düzgün deyil. İstehsalatda bunu tətbiq etmək olar, amma elm sahəsində bu, qeyri-mümkün olan bir şeydir. Çünki bu alimlər hələ sağlamdırlar, hələ onlar biliyi, zəkası sayəsində öz sözlərini deyə bilərlər.
İkinci, mən çox hörmətli Şəmsəddin müəllimin nəzərini 31.0.2-ci maddəyə cəlb etmək istəyirəm. Orada təhsil prosesində iştirak edən adamların adları sadalanır. O bəndə çox düzgün olaraq mən etiraz etmirəm. Konsertmeystrləri, məşqçiləri, sosial müdafiə və səhiyyə sahəsində işləyən adamları da təhsil prosesinə aid edirlər. Amma necə olur ki, ali məktəblərin laboratoriyaları əsasında yaradılmış elmi tədqiqat institutlarının işçilərini bu maddəyə aid etmirlər? Bu, haqlı olaraq böyük narazılıq yaradır. Mənim işlədiyim Dövlət Neft Akademiyasında da bir-iki dənə belə elmi tədqiqat institutu var. Onlar sırf təhsil prosesində iştirak edən alimlərdir, amma onlar bura aid edilmirlər. Mən hörmətli Misir müəllimə və hörmətli maliyyə naziri Samir Şərifova müraciət edirəm. Bizim möhtərəm Prezidentimiz ali təhsil müəssisələrinin işçilərinin əmək haqlarını 50 faiz artırdı. Təsəvvür edin ki, orada bir ovuc adam işləyir. Təhsil haqqında qanun və Prezidentin fərmanı bu adamlara şamil olunmur. Mən Misir müəllimdən, Samir müəllimdən çox xahiş edirəm ki, Prezidentin fərmanı bu insanlara da şamil olunsun. Onlar mənə müraciət ediblər, mənim iş yoldaşlarımdır. Həm də onların arasında mənim seçicilərim var. Mən inanıram ki, Misir müəllim, Samir müəllim bu barədə öz sözlərini deyəcəklər. Hörmətli Şəmsəddin müəllimdən də xahiş edirəm ki, dediyim maddəyə bu adamların adları da qeyd edilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən istəyərəm bir məsələyə öz fikrimi bildirim. Bir çox həmkarımız pensiyaçılar haqqında danışdı. Çox maraqlı tendensiyadır. Xarici ölkələrdə insanlar yaşa dolduqca günlərini sayırlar ki, pensiyama neçə gün qalıb. Fikirləşirlər ki, pensiyaya tez gedim ki, istirahət edə bilim. İndi biz sizinlə birinci, onu etməliyik ki, pensiyaya gedən insan özünü tam təmin etmiş bir insan olsun. Biz birinci növbədə buna çalışmalıyıq. İkinci, deyirik ki, niyə 70, 80 yaşında olan çox güclü alimlərimiz pensiyaya getməlidirlər. Mən hesab edirəm, bizim alimlər o qədər güclü olmalıdırlar ki, özləri üçün bir cavan alternativ hazırlasınlar. Yaxşı, bütün yaşı çatmış insanlar yerində qalsınlar, bəs bu inkişaf edən gənclər nə olsunlar? Yəni həyatın təkamülü var, o, yavaş-yavaş gedir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə biz də onu deyirik ki, gəlib işləsinlər. Siz deyən başqa şeydir, mən deyən başqa. Mənim dediyim odur ki, ümumiyyətlə, bu pensiya məsələsi təkamülün bir formasıdır. Niyə biz 75 yaşındakı alimə əziyyət verməliyik ki, gündə instituta gəlsin. Bu, artıq öz bacarığını verib, biz ona normal həyat tərzi təmin etməliyik ki, pensiyaya çatanda normal yaşasın. Biz, gəlin, bundan danışaq. Yoxsa hamımız onları qorxuduruq ki, filan yaşda pensiyaya çıxacaqsan. Bu, düzgün yanaşma deyil. Biz belə yanaşanda camaata nə demək olar? Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Mən hörmətli Şəmsəddin müəllimə təşəkkür edirəm ki, onlar uzun zamandan bəri gözlənilən və ətrafında kifayət qədər ajiotaj olan bu sənədin üzərində zəhmət çəkiblər, xeyli iş aparıblar.
Konkret olaraq mən “Əsas anlayışlar” maddəsinə “müəllim” anlayışının hüquqi kimliyinin, statusunun müəyyənləşdirilməsini özündə ifadə edən bir müddəanın daxil edilməsini təklif edirəm. Çünki təhsilin əsasında müəllim dayanır və heç şübhəsiz ki, bu, çərçivə qanununda da müəyyənləşməli idi. Nə üçün mən bu məsələnin üzərində belə dayanıram? Çünki Azərbaycan təhsilinin hər hansı problemlərində, əlbəttə, biz arzu etməsək də, təəssüflə qeyd etsək də, müəllimlərin də özünə məxsus rolu var. Yalnız ona görə ki, müəllim adını daşıya bilməyəcək insanların müəyyən bir hissəsi bu sferalarda çalışmaqdadırlar. Buna görə də məhz pedaqoji baza təhsilindən bura daxil olanları özündə ifadə edən bir hüquqi anlayış gərəkdir ki, gələcəkdə müxtəlif ali məktəblərdən, hətta orta ixtisas məktəblərindən bu sferaya daxil olanların qarşısını kəsmək mümkün olsun. Əslində, mən çox arzu edirdim ki, bu müəllim istehsalı, – ifadəmə görə bağışlayın, – yalnız bir ali tədris ocağında həyata keçirilsin. Əgər bu alınmırsa, heç olmasa, dediyim anlayışlarla bunu müəyyənləşdirmək olar.
İkinci, burada qəbulla bağlı məsələlərə toxunuldu. Hesab edirəm ki, bu ajiotajın ortadan götürülməsinin, heç şübhəsiz, iki yolu var. Birinci, biz 18 yaşına çatmış kişi cinsindən olan insanları ali məktəbə daxil olandan sonra hərbi xidmətə qəbulunu müəyyənləşdirən müddəa nəzərdə tutmalıyıq. Bu halda təhsil sferasında çalışmayacaq, elm yolunda addımlamayacaq insanların da bu yoldan çıxmasına nail ola bilərdik. Hörmətli Səfa müəllim Elm və təhsil məsələləri daimi komissiyasının iclasında o məsələni vurğuladı. Şahlar müəllim də dəfələrlə bu tribunadan ali məktəblərdə qəbul prosesində ajiotajın ortadan götürülməsi üçün giriş qapılarının böyük, çıxış qapılarının kiçik olmasını obrazlı ifadə etmişdi. Hesab edirəm ki, burada “diplom verilir” əvəzinə başqa bir anlayış nəzərdə tutulsa idi, ali məktəbə qəbul olub, sadəcə, diplomla mükafatlandırılanların qarşısını almış olardıq. Beləliklə, dediyimiz kimi, normal bir seleksiya gedərdi.
9 və 11 illik təhsillə bağlı məsələlərin Konstitusiyaya zidd olmasından danışanlar unudurlar ki, Konstitusiyada bununla bağlı konkret müddət müddəası yoxdur. O biri yandan mən hörmətli həmkarımız Rövnəq Abdullayevin bu yaxınlarda dərc edilən müsahibəsindən bir cümləni xatırlamaq istəyirəm. O çox təəssüflə deyir ki, vuran ayağımız yoxdur. Mənə elə gəlir ki, bizim hamımızın vuran baş və böyük başlar yetişdirmək kimi təhsilin qarşısına qoyduğumuz vəzifəni elə bir az da vuran ayaqlara yönəltmək naminə onları təmayülləşmə, ixtisaslaşma, 9 ildən sonra onların yükündən azadolma və onların normal ayaqları varsa, gedib o ayaqlarını Azərbaycan idmanına qoyması naminə bu addımı atmalıyıq. Ona görə bunun narahatçılıq yaratdığını deyənləri də qəbul etmirəm.
Test əzbərçilik yaradır. Təbii ki, etiraf etmək lazımdır ki, təhsilin inkişafında çox böyük rolu olmaqla bərabər, o, ümumi biliklər verir. Bu mənada mən hörmətli cənab Ramiz Mehdiyevin təhsillə bağlı müzakirələrin birində bu fikrə istinad etdiyini də xatırlayıram. Hesab edirəm ki, tələbə qəbulunda bu məsələni tənzimləməyin çox normal yolu vardır. Yaradıcı təhsil verməyin ən yaxşı yolu ondan ibarət idi ki, məsələn, hər hansı bir ixtisas qrupunda riyaziyyat üçün qoyulmuş 8 balı bütün suallar üzrə müəyyənləşdirməkdənsə, onlar 8, 8, 8 sistemində 3 yerə bölünüb, çətin, orta və asan suallar qaydasında qoyulsun, ballar da ona uyğun müəyyənləşdirilsin. Yəni abituriyentin ən çətin sualı müəyyənləşdirməsinin mükafatı budur ki, o daha yaxşı bal qazanmış olur.
Burada qəbulda ixtisası tələbə seçmir məsələsinə toxunuldu. Mən onları bölüşürəm. Baxmayaraq ki, birinci oxunuşdan sonrakı dönəmdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu yöndə müəyyən addımlar atmağa başladı, amma yenə də 300 və 500 balların yerləri səhv düşə bilir. Ona görə də internetdə, normal bir tabloda nə qədər ajiotaj olsa da, balların normal bir seleksiyası gedəcək. Tutaq ki, mən 340 bal toplamışam. Siyahı üzrə görürəm ki, 341 balı olan adam artıq məndən əvvəl o yerə sənədini təqdim edib. Hesab edirəm ki, bütövlükdə təhsilin keyfiyyəti müəllimlə müəyyənləşir. Ona görə müəllimlərin attestasiyası məsələsinin də burada qeyd olunması normal olardı. Mən bu sənədə səs verəcəyəm, həmkarlarımı da buna çağırıram.
Sədrlik edən. Çox sağ olun. Mən bir xanımı da incitmək istəmirəm. Elmira xanıma söz verək, sonra Əhliman müəllim çıxış etmək istəyir. Elmira Axundova buyursun.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Təhsil haqqında qanunu cəmiyyət çox böyük səbirsizliklə gözləyir. Bu çərçivə qanundan sonra təhsilin ayrı-ayrı sahələrini əhatə edən bir çox başqa qanunlar işlənəcəkdir. Ona görə də mən bu gələcək qanunların müəlliflərindən çox xahiş edərdim ki, sahə qanunlarını bir az operativ işləyib, Milli Məclisin müzakirəsinə təqdim etsinlər. Daha bunların arasından bir və ya iki il keçməsin. Çünki məktəbəqədər təhsil müəssisələri haqqında, ilk peşə ixtisas təhsili haqqında və sair qanunlar çox aktual və həyati əhəmiyyətlidir. Bu sahələrdə çox ciddi problemlər var və onlar öz həllini gözləyir.
O ki qaldı indi müzakirə etdiyimiz qanuna, məncə, bu sənəd dərin və hərtərəfli işlənilib, prinsip etibarilə onun qəbuluna etirazım yoxdur. Amma maddələr üzrə bir-iki qeydim var. 1.0.14-cü maddə elitar təhsil haqqındadır. Orada yazılıb: “Xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil”. Sual olunur ki, elitar təhsil nə deməkdir və hansı formalarda təşkil olunacaq. Yəni xüsusi istedadlar üçün xüsusi fakültələr, xüsusi institutlarmı açılacaq? Belə olan halda bu bənd təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri ilə, o cümlədən demokratiklik və bərabərlik prinsipləri ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, bu bəndə demokratik cəmiyyətlərdə ehtiyac yoxdur.
Sonra, bu qanuna əsasən ümumi orta təhsil icbaridir. Mən bilirəm ki, biz bunu qəbul edəcəyik. Amma mən təəssüflənirəm ki, biz sovet vaxtına nisbətən geriyə gedirik. İstərdim ki, bizdə icbari təhsil tam orta olsun.
Burada qızıl və gümüş medalların verilməsi məsələsinə toxunuldu. Qanuna görə bu medalların ali məktəblərə qəbula heç bir təsiri olmayacaq və onlar başqa abituriyent kimi imtahan verməli olacaqlar. Belə olan halda medalların çəkisi kəskin surətdə azalır və gənclərimiz onların əldə edilməsinə o qədər də canfəşanlıq göstərməyəcəklər. Digər tərəfdən, beynəlxalq yarışlarda yüksək bal toplayanlar isə müsabiqəsiz ali məktəbə daxil ola bilərlər. Burada yenə də bərabərlik prinsipi pozulur. Mən başa düşürəm ki, bu nəyə görə belə yazılıb. Yəni medalların təmizliyinə şübhəmiz var. Onda ya medal haqqındakı bəndi tamamilə buradan çıxaraq, ya da heç olmasa, məktəbi qızıl medalla bitirənlərə müəyyən güzəştlər edək. Misal üçün, mən nə təklif edirəm? Medalçının imtahan vaxtı əldə etdiyi ballara 50 və ya 100 bal əlavə edilə bilər. Bu çox da böyük rəqəm deyil, lakin medalçıya imkan yaradar ki, istənilən fakültəyə daxil olsun. Bu barədə mütləq düşünməliyik, çünki əks halda, təkrar edirəm, medalın mənası olmayacaq. İstərdim ki, qanunda test üsulu haqqında daha ətraflı yazılsın və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rolu daha qabarıq göstərilsin. Mən Gülər xanımla müəyyən dərəcədə razıyam, həqiqətən, test üsulunda peşə seçimi ilə bağlı boşluqlar çoxdur. Amma Şəmsəddin müəllimlə də razılaşmaya bilmərik, doğrudan da, hələlik test üsuluna alternativ yoxdur.
İki kəlmə də təhsilin təxirəsalınmaz problemlərindən danışmaq istərdim. Fürsətdən istifadə edib hörmətli cənab Misir Mərdanova müraciət etmək istərdim ki, kənd məktəblərinin problemlərinə daha ciddi diqqət yetirmək lazımdır. Bakıda və Bakıətrafı kəndlərdə yüzlərlə məktəb bərpa olunur və əsaslı təmir edilir. Lakin bizim cənub zonasında məktəblərin bir çoxu bərbad vəziyyətdədir, uşaqlar ağır şəraitdə oxuyurlar. Xahiş edirəm, 2009–2010-cu illərin planında bizim təkliflərimizi nəzərə alasınız.
Sonra, zonalarda müəllim kadrları çatışmır. Ona görə də keçmişdə olduğu kimi, ali təhsil haqqında qanun hazırlanarkən mütləq yazılmalıdır ki, pedaqoji institutu bitirən şəxs 3 il təyinatı üzrə rayonda işləməlidir. Ümid edirəm ki, müzakirə etdiyimiz qanun təhsil sahəsində gələcək islahatlara güclü təkan verəcəkdir. Mən Asəf Hacıyevlə tam razıyam və onun təklifinə tam dəstək verirəm. Heç olmasa, ildə bir dəfə Milli Məclisdə təhsil sahəsində gedən proseslər haqqında hesabat dinlənilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, bir də yada salıram ki, bu, çərçivə qanunudur. Vahid müəllim də, Siz də yenə medallardan danışdınız. Düz deyirsiniz ki, qızıl medal lazımdır. Ancaq Siz deyən kimi, güzəşt olmayanda medalların sayı az olur, amma güzəşt olanda say həddindən artıq çox olur. Hələ bunun bir orta variantını tapmamışıq. Ancaq Misir müəllim də, Şəmsəddin müəllim də dedilər ki, təhsilin əvvəlki pilləsindəki uğurlar ikinci pillədə nəzərə alınacaq. Deməli, qızıl medal alan insanın təhsili hamıdan yüksək olacaq. Hələlik bununla qənaətlənmək olar.
Mən hesab edirəm ki, artıq bu qanun layihəsini yetərincə müzakirə etdik. Siyahıda 46 nəfər var. Etiraz yoxdursa, hörmətli rektorumuz Əhliman müəllimə söz verək, o da çıxış etmək istəyir. Ehtiyac varsa, Şəmsəddin müəllim də suallara cavab verər, sonra səsverməyə keçərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əhliman müəllim, buyurun.
Ə. Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! İlk öncə, mən istərdim ki, sizin hər birinizi qarşıdan gələn bayramlar münasibəti ilə ürəkdən təbrik edim, sizə müvəffəqiyyətlər, uzun ömür, can sağlığı arzu edim. Mənə belə gəlir ki, heç kimdə şübhə yoxdur ki, Təhsil haqqında qanun cəmiyyət tərəfindən ən çox gözlənilən qanunlardan biridir. Mən də bu qanunla yaxından tanış olmuşam və onun hazırlanmasında bizim universitetin nümayəndələri də iştirak ediblər. Mənə belə gəlir ki, ayrı-ayrı məqamları nəzərə almasaq, mükəmməl bir qanun hazırlanıbdır.
Bu qanunda məni xüsusilə maraqlandıran 22-ci maddədir. Bu, bütövlükdə ali təhsilə həsr olunubdur. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, biz burada nəzərdə tutulanları həyata keçirə bilsək, bütövlükdə təhsilimiz və ali təhsilimiz dünya təhsil sisteminə inteqrasiya yolunda böyük müvəffəqiyyətlər əldə edəcək və böyük uğurlarımız olacaq. Bu qanunun 22.6-cı maddəsi bütövlükdə ali tibbi təhsilə həsr olunubdur. Mən deyərdim ki, bu gün səhiyyə sistemi bəlkə də təhsil qanununu hamıdan çox gözləyən qurumlardan biridir. Çünki bilirsiniz ki, diplomdan sonrakı mütəxəssis hazırlanması sahəsində bizim böyük problemlərimiz var. Yəni biz rezidentura sisteminə keçidlə əlaqədar bu məsələni çoxdan müzakirə edirdik, ancaq bu, qanunumuzda olmadığına görə bu sistemə keçə bilmirdik. Mən təşəkkür edirəm ki, rezidentura sistemi, yəni diplomdan sonrakı tibb mütəxəssislərinin hazırlanması bu qanunda öz əksini tapıbdır.
Daha çox diskussiyaya səbəb olan müddəalardan biri tibb doktoru dərəcəsinin verilməsidir. Hörmətli Oqtay müəllim, mən qeyd etmək istəyirəm ki, bu gün dünyada elə bir ölkə tapa bilməzsiniz ki, institutun birinci pilləsini bitirən şəxsə biz yazdığımız kimi həkim adı verilsin. Dünya bunu qəbul edibdir, doktorun ünvanı verilir. Mən bu sənədləri özümlə gətirmişəm, çünki bu, çox böyük diskussiyaya səbəb olmuşdu. Bir neçə ölkənin, o cümlədən Rusiyanın, Belarusun, Türkiyənin, Almaniyanın verdiyi diplomlarda ixtisas dərəcəsi “tibb doktoru” adlanır. Bu qanunu hazırlayanlara böyük təşəkkür etmək istəyirəm, çünki qanun layihəsində bu, nəzərdə tutulubdur. Bu gün bizim məzunların diplomlarının dünyada tanınmasında və onların həkim kimi fəaliyyətə başlamasında məhz “tibb doktoru” sözlərinin olmaması böyük maneə idi. Biz bu gün bu maneəni aradan qaldırırıq. Mən əminəm ki, bunun bizə çox böyük xeyri olacaq.
Diplomdan sonra mütəxəssis hazırlığı ilə əlaqədar tibbi klinikaların olması çox vacib məsələdir. Bu məsələ də qanunda öz əksini tapıb. Mən demək istəyirəm ki, bu qanun qəbul olunmamışdan qabaq biz diplomdan sonrakı yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün universitet klinikalarının təşkilinə başlamışıq və artıq universitetimizdə iki klinika fəaliyyət göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə daha iki klinika yaradılıb. Bunlar bu gün müvəffəqiyyətlə inşa olunurlar.
İstərdim ki, daha bir məsələyə münasibətimi bildirim. 22.6-cı maddənin ikinci cümləsi belədir: “Rezidentura təhsilini həyata keçirən ali təhsil müəssisəsinin nəzdində tibbi klinikanın yaradılması zəruridir”. Bura “ali tibb təhsili” əlavə olunmalıdır. Buradan belə çıxır ki, rezidenturanı və universitet klinikalarını fəaliyyət göstərən hər bir təhsil müəssisəsi yarada bilər. Ona görə də bura “ali təhsil müəssisəsinin” əlavə olunması çox vacibdir.
Nəhayət, mən də yaş senzi ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. Hörmətli Oqtay müəllim, yaş senzinin təyin olunması çox vacib məsələdir. Mən bunu təhsil və elm sahəsinə aid edirəm. Bu gün bizim elmimizin, təhsilimizin inkişafına mane olan, ona buxova çevrilən ən əsas maneələrdən biri yaş senzinin olmamasıdır. Hörmətli Vahid müəllim də bu fikri səsləndirdi, biz demirik ki, professor, müəllim müəyyən yaşdan sonra işləməsin. Kafedra müdiridirsə, kafedra müdirliyini hazırladığı tələbəsinə versin, dekandırsa, daha gənc, daha perspektivli olan bir insan onun yerini tutsun. Adətən, yaşlı insanlar konsultant kimi fəaliyyət göstərirlər. Heç kim demir ki, onlar tamamilə işdən çıxsınlar və elmlə, təhsillə məşğul olmasınlar. Oqtay müəllim, mən tam məsuliyyətimlə deyirəm ki, bu gün dünyada elə bir ölkə tanımıram ki, orada elm və təhsil sahəsində yaş senzi olmasın. Elə ölkələr var ki, orada bu, 65 yaş, elə ölkələr də var ki, 67 və 70 yaşdır. Qonşu qardaş Türkiyədə 67 yaşdan sonra nə bir rektor, nə bir kafedra müdiri, nə də bir dekan dövlət qurumlarında fəaliyyət göstərə bilər. Biz də müəyyən bir yaş həddi təyin etməliyik və bu hamıya – rektora da, dekana da, kafedra müdirinə də aid olmalıdır. Bu o demək deyil ki, bunlar gələcəkdə öz ixtisası ilə – əgər alimdirsə, elmi fəaliyyətlə, mütəxəssisdirsə, hər hansı başqa müalicə fəaliyyəti ilə məşğul olmayacaq. Bu çox vacib məsələdir. O yaşı nə rektor təyin edəcək, nə də nazir. Bu barədə dövlət, hökumət səviyyəsində bir qanun qəbul olunmalıdır. Diqqətinizə görə sizə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əhliman müəllim. Mən görürəm, bizim 4 həmkarımız sual vermək üçün yazılıb. Buyurun, Fuad Muradov.
F. Muradov. Çox sağ olun, Oqtay müəllim. Əslində, burada, sadəcə olaraq, iki əsas fikir var, onu bildirməliyik. Bu baxımdan əgər icazə versəniz, 1 dəqiqə vaxtınızı alım.
Sədrlik edən. Fuad müəllim, bir xahişim var. Sualınız varsa, verin, çıxışa ehtiyac yoxdur. Danışdıq, qəbul etdik.
F. Muradov. Sual verirəm, bu, icbari təhsillə bağlıdır. Bizdə 9-cu sinfi qurtaran insanların sayı təxminən 140 mindir. Bu gün peşə məktəbləri isə cəmi 30 min adam qəbul edə bilir. Sualım ondan ibarətdir ki, qalan insanları biz nə edəcəyik? Elə insanlar var ki, çilingər olmaq, digər bir peşəyə yiyələnmək istəyir. Bəs o uşaq nə edəcək? Onu qəbul etməyə imkan yoxdur.
Sədrlik edən. Sual aydın oldu. Keçən çıxışlarda diqqətli olmamışıq. Buyurun, davam edin.
F. Muradov. İkinci sualım, əslində, təklif kimidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənədlərin regionlarda qəbuluna imkan yaratmaq lazımdır. Bunu biz qanuna salsaq, uşaqlar əziyyət çəkməzlər. Hər gün Bakıya gəlmək onlar üçün böyük problem yaradır. Orada müəyyən yerlər olsun ki, sənədləri qəbul edə bilsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad müəllim, dediyiniz məsələlərin hamısı tətbiq olunub. Biz birinci oxunuşda bu məsələləri deyəndən sonra onlar həll olundu. İkinci, 100 min nəfərin söhbəti keçən dəfə izah olundu. İcbari təhsil indi tətbiq olunmur, 9 ildən, 5 ildən sonra, nə vaxt ki Təhsil Nazirliyi bu proqrama birinci sinifdən başlayacaq, onda tətbiq olunacaq. Məlahət xanım, buyurun, sualınızı verin.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən təkliflərimi hörmətli Şəmsəddin müəllimə verəcəyəm, amma iki sualım var. Əsas anlayışlar çox geniş və ətraflı verilib. Amma “Əsas anlayışlar” maddəsində “dərslik”, “dərs vəsaiti”nin olmamasının səbəbi nədir?
İkinci sualım. Hamıya məlumdur ki, xarici vətəndaşlar Azərbaycanda ali məktəblərə testdən keçmədən müsabiqə yolu ilə qəbul olunurlar. Amma Gürcüstanda yaşayan soydaşlarımızın təhsillə bağlı bir çox problemləri var. Yəni onlara Azərbaycan təhsilinə uyğun olmayan fənlər keçirilir. Nə üçün Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan universitetlərində təhsil alarkən mütləq testdən keçməsi lazımdır? Minnətdaram və mən bu qanun layihəsini dəstəkləyəcəyəm. Sağ olun.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Çox sağ olun. Hörmətli Sədr, mənim 2 sualım var. Birinci, qısa müddətdə təhsildə paralelliyin qarşısı qəti surətdə alınmalıdır. Ali məktəblərin əksəriyyəti eyni ixtisaslı kadrlar hazırlayır. Xüsusilə müəllim ixtisaslarını qeyd etmək istəyirəm. İndi elə bir vəziyyət əmələ gəlib ki, orta məktəblərdə az qala şagirddən müəllim çoxdur. İnstitutlarda belədir. Hətta Şamaxı Kənd Təsərrüfatı Texnikumu da müəllim hazırlayır. Beləliklə, müəllimlərin sayı xeyli artıbdır, bu paralelliyin qarşısı alınmalıdır. İnstitutların fakültələrindəki paralelliyin qarşısı nə üçün alınmayıb?
İkinci, ixtisasartırma və ixtisasdəyişmə məsələlərinə toxunmaq istəyirəm. İxtisasartırma 6 aydır, bunu bildik. Ancaq ixtisasdəyişmə 6 aya mümkün deyil. İndi hər yerdə təkmilləşdirmə institutları açıblar. Aqronom, zootexnik, mühəndis 6–7 ay oxuyub müəllim olur. Xahiş edirəm, bu məsələlər dəqiqləşdirilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mən görürəm ki, sual yox, çıxışlar olur. Onda təzədən çıxışlara başlayaq. Belə olmaz. Yəni bu sualları komissiyaya ayrıca vermək olmaz, gərək ümumi şəkildə verək? Nəsib Nəsibli.
N. Nəsibli. Çox sağ olun. Təşəkkür edirəm. Birinci elə Sizə sualım var. Bu layihənin preambula hissəsində yazılıb: “siyasi əhəmiyyətli prioritet fəaliyyət sahəsi”. Hamı da bəh-bəhlə deyir ki, bəli, bu, strateji sahədir. Niyə belə tələskənliklə istəyirsiniz ki, bu məsələyə nöqtə qoyulsun? Keçən il də belə oldu. Qanun layihəsinin konseptual müzakirəsi vaxtı nə qədər israr etdik, imkan vermədiniz. İndi, heç olmasa, fikrimizi suallar formasında ifadə etməyə imkan verin. Bu ki siyasi məsələ deyil. Bu ki dediyimiz kimi, ümummilli əhəmiyyəti olan strateji bir...
Sədrlik edən. Xahiş edirəm, sualınızı verin.
N. Nəsibli. Birinci sualımı verdim. İndi Şəmsəddin müəllimə sualım var. Başqa ölkələrin təcrübəsindən və təhsil qanunundan istifadə etmək olar və lazımdır. Rusiyanın Federal Təhsil qanunu ilə bu layihəni müqayisə etmişəm. Xüsusilə 3-cü maddə, elə bil ki, üst-üstə düşür. Niyə məhz 10 prinsip olmalıdır? Rusiya federal bir dövlətdir. Normal təhsil sistemi olan ölkələrdə birinci prinsip millilik olur. Milliliklə dünyəviliyi birləşdirməyin nə əhəmiyyəti var? Əslində, millilik, həqiqətən də, təhsil sisteminin lap canıdır. Onun yerini dəyişmək və onu birinci etmək mümkündür.
İkinci sualım. Burada dövlətin təhsil sahəsində siyasəti ilə bağlı bir neçə bənd var. Şəmsəddin müəllim, əlbəttə ki, Azərbaycan indi neft gəlirlərinə sahibdir və neft gəlirlərinin ən çox sərf olunduğu sahə də təhsil olmalıdır. Həmin bəndləri gücləndirmək mümkündürmü? Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Birinci sualınıza mən cavab verərəm. Həm siyasi məsələ, həm də təhsil məsələsi burada qədərincə müzakirə olunub, amma siz tələskənlikdən danışırsınız. Əgər belə güclü suallarınız vardısa, dəfələrlə komissiyanın iclası keçirilib, bir dəfə orada fəal iştirak edəydiniz. Burada çıxış etmək istəyirdinizsə, vaxtında yazılaydınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz sual verdiniz, cavab verirəm. Dediyiniz məsələ burada qədərincə müzakirə olunub. Sizdən başqa burada 100 nəfər də deputat var və onlar deyirlər ki, qanun layihəsi kifayət qədər müzakirə olunub, səsə qoyulsun. Ona görə xahiş edirəm, pafosla danışmaq lazım deyil. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun, cənab Sədr. Mənim iki sualım var. Dəfələrlə bu qanun layihəsinin çox ciddi müzakirəsi olub. Bu qanunun əhəmiyyəti onunla bağlıdır ki, bundan sonra biz konkret olaraq orta təhsil, peşə təhsili və ali təhsillə bağlı qanunlar qəbul edəcəyik. Elə etmək lazımdır ki, üçüncü oxunuş ləngiməsin, çünki qanun kifayət qədər təkmilləşib, artıq qəbul edilmək üçün hazırdır. Oqtay müəllim, ya bu gün, ya da yeni sessiya başlayan gün Təhsil haqqında qanunu üçüncü oxunuşda qəbul edək ki, digər qanunların qəbulunun önü açılsın.
İkinci sualım. Xarici vətəndaşların Azərbaycanın ali məktəblərinə qəbulu ilə bağlı müəyyən qədər problemlər var. Bunu ümumi, vahid bir sistemə, Azərbaycan vətəndaşlarının keçdiyi imtahan sisteminə uyğunlaşdırmağa ehtiyac var. Çünki onlar bir sıra məsələlərlə bağlı yerlərdə çox ciddi problemlərlə rastlaşıblar. Onun üçün həm xarici vətəndaşlar, həm də Azərbaycan vətəndaşları üçün eyni üsulla universitetlərə qəbul təşkil etmək olarmı? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birinci sualınıza özünüz cavab verdiniz. Bu məsələlərə baxılmalıdır ki, qanun layihəsini üçüncü oxunuşa çıxara bilək. Birdən-birə bunu qəbul etmək olmaz. Təhsil qanunu hazır olanda heç kimin bir iradı olmayanda biz onu qəbul edəcəyik. Gültəkin Hacıbəyli.
G. Hacıbəyli. Çox sağ olun, hörmətli Sədr. Qanunun ən üstün cəhəti test üsulu ilə qəbulun saxlanılmasıdır və buna görə mən Şəmsəddin müəllimə və onun komissiyasına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Ancaq qəbul etmədiyim cəhət ondan ibarətdir ki, icbari təhsil 9 il səviyyəsində təsbit olunub. Mən soruşmaq istəyirəm, dünyada təhsil sahəsində gedən tendensiyaları, dünyanın qabaqcıl ölkələrinin əksəriyyətinin 12 illik təhsilə keçməsini və Azərbaycanın iqtisadi imkanlarının artdığını nəzərə alaraq Azərbaycanda icbari təhsilin 11 ildən 9 ilə qədər azaldılması hansı zərurətdən doğur? Mən, düzü, gözləyirdim ki, biz bu qanunla icbari təhsili dünya ölkələrinə unifikasiya apararaq, standartlara uyğun olaraq 12 ilə qaldıracağıq. Bu sualdan növbəti bir sual doğur. Azərbaycan bölgələrinin spesifikası hamınıza bəllidir. Azərbaycanın ucqar bölgələrində, xüsusilə Cənub bölgəsində qız uşaqlarının təhsildən yayınması, 14–15 yaşlarından erkən nikahlara məcbur edilməsi faktları var. Bu gün biz əgər 9 illik təhsildən danışırıqsa, 14–15 yaşlarında qızlar artıq məktəbə getməyəcəklər və onların erkən nikahlara cəlb olunması imkanları da genişlənəcək. Biz, əksinə, icbari təhsili 12 ilə qaldırmaqla bunun qarşısını ala bilərdik. Bu məsələ ilə bağlı münasibətinizi öyrənmək istəyirəm.
Növbəti sualım. Şəmsəddin müəllimdən xahiş edərdim ki, 3-cü maddəyə yenidən baxılsın. Mən təkliflərimi verəcəyəm. Təhsilin təşkilində, təhsilin qiymətləndirilməsində ədalətlilik prinsipi göstərilməyib, amma bərabərlik prinsipi göstərilib. Hamı bilir ki, təhsilin qiymətləndirilməsində, təhsilin təşkilində ədalətlilik prinsipi çox vacibdir.
Növbəti sualım belədir. Təhsilin əsas üsullarından biri akademik azadlıqlar məsələsidir. Bu məsələ də burada əksini tapmamışdır. Digər təkliflərimi Şəmsəddin müəllimə yazılı şəkildə verəcəyəm. Ümumilikdə, qanun layihəsi yaxşı hazırlanıb və mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Baba Tağıyev.
B. Tağıyev. Çox sağ olun. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Əvvəla, minnətdaram ki, mənə sual verməyə imkan yaratdınız. Mən burada söylənən fikirlərin hamısına rəğmən sualımı verməmişdən əvvəl demək istəyirəm ki, mövcud qanun layihəsində təkcə dünyəvilik deyil, millilik də kifayət qədər öz əksini tapmışdır. Bizim bayrağımızda təsvir olunan islami dəyərlər də bu qanun layihəsində göstərilməklə bərabər, milli dəyərlər kifayət qədər təsbit edilmişdir. Sual verirəm ki, cənab Sədr, Sizə elə gəlmir ki, zalda söylənilən fikirlərin əksəriyyəti təkrarlanır və səsə qoymaq vaxtı çatıb, yoxsa yox? Sağ olun.
Sədrlik edən. Baba Tağıyevin təklifini yeni il qabağı səsə qoyacağam. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 97
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Baba müəllim məni tələsdirdi, qanun layihəsini fəsil-fəsil səsə qoymalıyıq. 3 fəsildir, xahiş edirəm, I fəslə münasibətinizi bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz, birinci, Baba müəllimin təklifini səsə qoyduq.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 105
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, II fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 103
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi. Xahiş edirəm, III fəslə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 102
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Təhsil haqqında qanun layihəsinin ikinci oxunuşda qəbuluna, xahiş edirəm, səs verəsiniz.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 104
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Deməli, birinci, Baba müəllimin təklifini, ondan sonra isə qanun layihəsini fəsil-fəsil səsə qoyduq. Axır ki, Təhsil haqqında qanun layihəsini ikinci oxunuşda qəbul elədik. Şəmsəddin müəllim, xahiş edirəm ki, ikinci oxunuşda hörmətli millət vəkilləri və rektorlar tərəfindən verilən təklifləri nəzərə almaqla qanun layihəsini üçüncü oxunuşa hazırlayasınız. Mən ona görə sualları cavablandırmağa imkan vermirəm, onlara yazılı da cavab verə bilərsiniz. Polemikanı saxladıq. Mən hörmətli Misir müəllim başda olmaqla bizim hörmətli təhsil işçilərinə də təşəkkür edirəm, sağ olun.
Keçirik gündəliyin ikinci məsələsinə. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində 2007–2010-cu illər üçün əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin insan alverinə qarşı mübarizə sahəsində adı çəkilən əməkdaşlıq Proqramı vacib beynəlxalq sənəddir. Ümumiyyətlə, insan alverinə qarşı mübarizə, həmişə qeyd etmişik, transmilli cinayət olduğuna görə elə bu səviyyədə də həyata keçirilməlidir. Mən sənəddə qərarla bağlı bircə qeydə – Azərbaycan Respublikasının Xüsusi Rəyinə diqqət yetirmək istəyirəm. Çünki bu, çox vacibdir. Azərbaycan Respublikası Proqrama Xüsusi Rəylə imza atıb. Burada iki mühüm məsələ öz əksini tapıbdır.
Birincisi, Azərbaycan Respublikası bu Proqramı həyata keçirərkən MDB-nin iştirakçısı olan dövlətlərin milli qanunvericiliklərinin hormonizasiyasına dair müddəalar ilə özünü bağlı hesab etmir. Baxmayaraq ki, milli qanunvericiliklərin hormonizasiyası əhəmiyyətli məsələdir, amma Azərbaycan müstəqil bir dövlətdir, bir çox beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının, BMT-nin üzvüdür. Respublikamız ilk növbədə bu təşkilatların qanunvericiliklərinin müddəalarını əsas götürür və hormonizasiya baxımından onları tətbiq edir. MDB ilə bağlı milli qanunvericiliyin hormonizasiyasi isə, hesab edirəm ki, həm də siyasi bir məsələdir.
İkincisi, Azərbaycan Respublikasının hər bir tədbirdə iştirakını ayrıca olaraq müəyyən etməsi də vacibdir, çünki bir sıra məsələlər bizim dövlət tərəfindən öz həllini tapıbdır. Məsələn, Proqramda insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın beynəlxalq hüquqi bazasının genişləndirilməsi məqsədi ilə əsas konvensiyalara qoşulmaq tövsiyə olunur. Burada adı çəkilən konvensiyaların əksəriyyətinə, yəni vaciblərinə Azərbaycan artıq qoşulmuşdur. Misal üçün, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası və digərlərinin adlarını çəkmək olar. Əgər Azərbaycan hansı tədbirdə iştirakını vacib hesab edəcəksə, o tədbirə də gedəcək.
Bütövlükdə belə bir sənədə qoşulmaq vacibdir. Ona görə ki, insan alverinə qarşı mübarizə transmilli həyata keçirilməlidir və MDB iştirakçısı olan dövlətlər arasında da belə əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qanun layihəsinə səs vermək mümkündür və həmkarlarımı buna çağırıram. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Sağ olun, Ziyafət müəllim. Əvvəlcə bir məsələyə toxunmaq istəyirəm. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiqi gündəliyə 17-ci məsələ kimi salınıb. Əvvəllər olduğu kimi, müraciətin mətni, nədənsə, bizə təqdim olunmayıb və kompüterdə də yoxdur. Çox mühüm məsələ olduğuna görə, onun gündəliyə axırıncı yox, əvvəlki məsələlərdən biri kimi salınmasını təklif edirəm.
İkincisi, hörmətli Milli Məclis üzvləri, Azərbaycan parlamenti, bu gün bütün dünya ölkələrində, o cümlədən parlamentlərdə İsrail dövlətinin Qəzzaya silahlı təcavüzü nəticəsində dinc əhalinin, körpələrin, qocaların kütləvi şəkildə qırılması və qətl halları pislənilir. Mən burada Müsavat deputat qrupu və bu qrupun təmsil olunduğu partiyalar adından Qəzzadakı insan qətlinə, genosidə qarşı etirazımı bildirirəm. Biz İsrail dövlətindən bu təcavüzkar, antiinsanlıq həmlələrinə son qoymasını tələb edirik. Biz istəyirik ki, Fələstin əhalisinin bütün dünya xalqları tərəfindən qorunması üçün Azərbaycan hökuməti də tədbirlər görsün, etiraz səsini ucaltsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən varmı? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında. Komissiya sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlarım! Hamınıza məlumdur ki, narkotik vasitələrə qarşı mübarizə transmilli səviyyədə həyata keçirilməlidir və Azərbaycan Respublikası bu əməkdaşlıqda həmişə öndə olur. Bu Saziş də Azərbaycan dövlətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həyata keçirdiyi beynəlxalq əməkdaşlığının nəticələrindən biridir. Bütün dövlətləri narahat edən məsələ ilə bağlı olan bu Sazişdə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması təklif olunur. Bu o deməkdir ki, adı çəkilən ölkələr arasında belə bir real informasiya mübadiləsi həyata keçiriləcəkdir. Mərkəzin fəaliyyəti narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə məqsədi daşıyacaqdır.
Sənədə bu mərkəzin Əsasnaməsi də əlavə olunubdur. Qərara alınıb ki, mərkəz Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşsin. Amma mərkəzin yerləşmə şərtlərinə dair ayrıca bir Saziş də imzalanacaqdır. Mərkəzin rəhbər vəzifəsinə namizədliklərin müzakirə edilməsi ilə bağlı bu sənəd dövlət rəhbərlərinə sonradan, ayrıca təqdim olunacaqdır. İndi isə qarşımızda duran məsələ bu Sazişi təsdiq eləmək, belə bir mərkəzin yaradılmasına rəvac verməkdir. Hesab edirəm ki, bu cür transmilli cinayətə qarşı mübarizədə Azərbaycan parlamenti də öz töhfəsini verəcək. Ona görə həmkarlarımdan bu Sazişin təsdiq olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən varmı? Yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, ilk növbədə, qeyd etmək istəyirəm ki, 2007-ci ilin iyun ayından etibarən qiymətli metalların və qiymətli daşların, habelə onlardan düzələn zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi artıq lisenziyalaşdırılan fəaliyyət növü sırasındadır. Ölkə Prezidentinin fərmanı ilə lisenziyanın verilməsi və bu fəaliyyətə nəzarət Maliyyə Nazirliyinə daxil olan Əyar Palatası tərəfindən həyata keçirilir. Hazırda statistik məlumatlar yeganə olaraq 2008-ci ilə aiddir. Faktiki olaraq qanunvericilikdə nəzərdə tutulmadığından bu dövrə qədər hansısa nəzarət-təftiş işləri həyata keçirilməmişdir. Son 11 ayın statistik məlumatı ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin bu maddələri ilə nəzərdə tutulan xətalarla bağlı 351 inzibati cəza protokolu tərtib olunmuş və dövlət büdcəsinə təxminən 37 min manata qədər cərimə ödənilmişdir.
Etiraf etməliyik ki, bu pozuntuların ənənəsi artmaq üzrədir. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin adı çəkilən 238 və 238-1-ci maddələrində cərimələrin məbləği artırılır. İnzibati Xətalar Məcəlləsinə təqdim olunan dəyişiklikləri bütövlükdə sanksiyalara tətbiq etmişik. Mövcud iqtisadi inkişafın artım sürətinə, dövrün tələblərinə uyğun olaraq sanksiyalarda cərimə məbləğləri də artırılıb. Bu maddələrdə cərimə məbləğləri fiziki şəxslər üçün 100 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün 500 manatdan 800 manatadək, hüquqi şəxslər üçün 1000 manatdan 3000 manatadək miqdarda nəzərdə tutulur. Hesab edirəm, səsləndirdiyim statistik məlumat da onun göstəricisi ola bilər ki, inzibati xətaların törədilməsinə görə cərimələrin miqdarının artırılması bu sahədə törədilmiş inzibati xətaların qarşısının alınmasına yönələcək. Ona görə millət vəkillərindən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında layihəyə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyənlər var. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən çox vaxt cərimələrin kəskin surətdə yüksəlməsinin əleyhinə çıxış edirdim. Məsələn, keçən dəfə qeyri-hökumət təşkilatlarının cərimələrini müzakirə edəndə də bunun əleyhinə idim. Amma bu miqdar mənə təəccüblü gəlir və düşünürəm ki, cərimələr yüngüldür, hətta daha sərt olmalıdır, çünki bu sahədə külli miqdarda pul dövriyyədədir və qaydaların pozulmasına görə ziyan da çox böyük ola bilər və olur da. Biz başa düşürük ki, milyon manatlardan söhbət gedir. Ona görə qaydaların pozulmasına görə 100 manat çox gülünc bir cərimədir. Bunun ən azı 10 dəfə çox olmasını təklif edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məcəlləyə dəyişikliklər bu sahədə qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində atılan addımlar kimi düşünülür. Mən o fikirlə razı deyiləm ki, cərimələri sərtləşdirmək vacibdir. Çünki burada da, başqa sahələrdə olduğu kimi, elə insanlar olur ki, onlar bir çox hallarda halal zəhmətləri ilə müəyyən gəlir əldə eləmək istəyirlər. Bu cərimələri artırıb-artırmamağımızdan asılı olmayaraq, onsuz da Maliyyə Nazirliyi öz nəzdində Əyar Palatası vasitəsi ilə elə bir sistemli fəaliyyət mexanizmi qurub ki, gündəlik olaraq bu cür sahibkarların işi əlavə vəsait ödəməkdən keçir. Ona görə də bu vəsaiti nə qədər artırırsınız artırın, onsuz da dövlət orqanı ilə təmasda olmaq onlar üçün əlavə cərimə ödəmək kimi bir şeydir.
Bunu, bildiyiniz kimi, əvvəllər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsi ilə çalışmışıq ki, tənzimləyək. Xatırlatmaq istəyirəm ki, onda bu problemlər Ləl-Cavahirat Fondu vasitəsi ilə tənzimlənirdi. Maliyyə Nazirliyinin nəzdində Əyar Palatası yaradılandan sonra həmin istiqamətdə daha da pisləşməyə doğru aparan bir ənənə meydana çıxdı. Belə ki, sahibkarların fəaliyyətinə qarşı maneçiliyi, əslində, qanundan doğan maneçilik kimi başa düşmək olar.
Bir misalı diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, bütövlükdə damğalama üçün 2 manat dövlət rüsumu ödəyirsən, 1 manat məbləğində olan gümüşü də, 50 min manat dəyərində olan brilyant qaşlı üzüyü də damğalamaq üçün 2 manat ödəmək nə dərəcədə doğru sayıla bilər? Bunlara tətbiq edilən enerji tam fərqlidir. Onların qiymətləri yerlə göy qədər seçilir, ancaq hər ikisi üçün eyni miqdarda vəsait ödənilir.
İkinci tərəfdən, bu sahədə lisenziyanın həm rəsmi, həm də qeyri-rəsmi qiymətləri də fərqlidir. Rəsmi qiymət 2 manat olduğu halda, qeyri-rəsmi qiymət 500–550 manata qalxır. Sonra, ayrı-ayrı bölgələrdə hər hansı bir şəkildə qiymətli metalların satışı üçün təhlükəsizlik təminatı verilmir. Ayrı-ayrı bölgələrdə hazırlanan məmulatları bir mərkəzdə damğalamaq, görün, nə qədər böyük vəsaitə başa gəlir. Lənkərandan, Qazaxdan kim isə qızılını gətirib Bakıda damğalatmalıdır. Yolda hansı hadisə başına gələcək, necə olacaq, bu, bəlli deyil. Ona görə də bu cəzanın sərtləşməsi yerinə bu sahədə qayda-qanun yaratmaq lazımdır.
İnanın ki, Azərbaycanda təqribən 1500-dən artıq qiymətli metal və qiymətli daşların istehsalı, satışı ilə məşğul olan sahibkar 5 illik lisenziya alıbdır. Dövlətə ödədiyi rüsum, əyar qiymətləri, yaxud da ödəniş məbləği onlara əvvəllər verilən kağızlarda, qəbzlərdə göstərilirdi. İndi onlara verilən kağızlarda hətta qiymətlər də göstərilmir. Qeyri-rəsmi formada bu sahibkarlardan pul yığılır və heç bir sənəd də verilmir. Bu da dövlət büdcəsinə həmin vəsaitin daxil olmaması deməkdir. Bu baxımdan mən cəzanın sərtləşməsinin əleyhinəyəm. Hesab edirəm ki, onsuz da çökməkdə olan bu sahəyə bizim cəzaları artırmağımız daha böyük zərbə vurur.
Mən, təbii ki, Əli müəllimi başa düşürəm. O istəyir ki, bu məsələ hüquqi yollarla tənzimlənsin. Bu sahədə olan saxta malların bazara daşınmasının qarşısı bir az alınsın. Mən həm də ona inanmıram ki, Maliyyə Nazirliyinin rəhbərliyi də bu prosesdən tam xəbərdardır. Sahibkarlara dediyim əlavə vəsaitləri ödəmək hesabına o qədər zülm edilir ki, nəticədə bu sahədə çox böyük böhran yaşanmaqdadır.
Bu, gəlirli, dövlət büdcəsi üçün çox böyük fayda verə bilən sahədir. Çox təəssüf ki, əlavə dövlət vəsaitinin korrupsiya yolu ilə rəsmi dövlət orqanı tərəfindən mənimsənilməsi büdcəyə çoxlu zərər verir. Ona görə bu cür məbləğin, sanksiyaların artırılması ilə bu sahədə çalışan insanların daha böyük zərbə alacağı düşüncəsindəyəm. Vətəndaşın, sahibkarın marağı nöqteyi-nəzərindən bunun faydalı olmayacağını düşünürəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Hörmətli Fazil müəllim, dediyiniz kimi, bazara cüzi miqdarda yox, külli miqdarda bahalı daş-qaş daşınır. Bir də hər şeyə şübhə ilə yanaşırıq, hər məsələnin arxasında qaranlıq məqam görürük. Sanksiyaların artması, azalması dünyada qəbul olunmuş qaydalardır. Hər bir sanksiya artanda onun arxasında, sizcə, korrupsiya və ya nəsə olmalıdır? Hər məsələyə düzgün münasibət olmalıdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yerindən, xahiş edirəm, danışma. Hörmətlə danışırıq. Öz vaxtınızda təəssüf eləmirdiniz, halbuki onda vəziyyət bundan da betər idi. Əgər başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Sağ olun, cənab Sədr. Sadəcə, fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, İnzibati Xətalar Məcəlləsinə, əlbəttə, hansısa sanksiyanı tətbiq edəndə iki tərəfin mövcudluğunu düşünməliyik. Əvvəlki layihədə çalışmışdıq ki, sahibkarların hüquqları pozulmasın. Amma əvvəlki layihənin məqsədi həm də o idi ki, vətəndaşın hüququ da gözlənilsin. Yəni bir xeyir iş üçün daş-qaş əldə edən bir vətəndaşın hüququ pozulmasın, aldığı qiymətli əşya saxta olmasın. Məqsəd odur. Bu əlavə düzəliş də elə vətəndaşların hüquqları və dövlət orqanlarının münasibətləri ilə bağlı olan bir məsələdir.
Ümumiyyətlə, bilirsiniz ki, biz son dövrlərdə İnzibatı Xətalar Məcəlləsinə enerji sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı da bir sıra əlavələr və düzəlişlər etmişik. Xatırlatmaq istəyirəm ki, biz hələ 2006-cı ildə istilik şəbəkələrinə qanunsuz qoşulmalar, qazın, elektrik enerjisinin talanması ilə bağlı Cinayət Məcəlləsinə də çox ciddi düzəlişlər etdik. O zaman da 118-ci maddəni yeni redaksiyada vermiş, təbii qazın, elektrik və istilik enerjisinin talanmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyaları artırmışdıq. İndi bu maddələrə edilən düzəlişin biri texnikidir. Niyə? Çünki 116-cı maddədə söhbət elektrik və istilik enerjisindən istifadə qaydalarının pozulmasından gedir. Bura “təbii qaz” sözləri əlavə olunmalıdır. Düzdür, arayışda və layihədə “qaz” yazılıbdır. Əslində, bizim qanunvericilikdə “təbii qaz” ifadəsindən istifadə olunur. İnzibati Xətalar Məcəlləsində belədir, ona görə biz bu barədə qeydimizi qanunvericilik təşəbbüsü subyektinə çatdırmışıq. “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması” kimi oxunmalıdır.
118-ci maddəyə edilən düzəliş də “məişətdə” sözünün çıxarılması ilə bağlıdır. Çünki təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və onlardan istifadə qaydalarının pozulması təkcə məişətdə olmur. Ona görə “məişətdə” sözü buradan çıxarılır və sanksiya daha geniş tətbiq olunacaqdır. Hesab edirəm ki, bu əlavələr və dəyişikliklər adı çəkilən sahədə vətəndaşlarımızı da, dövlət orqanlarını da nizam-intizamın gözlənilməsinə, enerjidən istifadə qaydalarının daha düzgün tətbiqinə sövq edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Mən bu məsələ ilə bağlı qısaca onu demək istəyirəm ki, hal-hazırda bu qazın, elektrik və ya istilik enerjisi borclarının ödənilməsi ilə bağlı, bilirsiniz ki, yerlərdə də müəyyən intizam tədbirləri gücləndirilibdir. Bu da əhalinin bir hissəsi tərəfindən narazılıqla, bir hissəsi tərəfindən isə anlaşıqlı qarşılanır.
Hörmətli Sədr və hörmətli Milli Məclis üzvləri! Yəqin ki, sizlərə də yerlərdən məlumatlar gəlir ki, ödənişlə bağlı çox ciddi problem yaranıbdır. Bu da pul qıtlığı məsələsidir. Bakı şəhərində də, rayonlarda da xüsusən pensiyaların, o cümlədən hətta maaşların alınmasında nağd pul qıtlığını əsas gətirirlər. Əhali problem qarşısında qalıbdır.
Qeyri-rəsmi şəkildə də şayiələr yayılır ki, hətta bu pul qıtlığı məsələsi daha da güclənəcəkdir. Mən çox istərdim ki, bu İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə görə cərimələrin ödənilməsi üçün əhalidə bu pulun olub-olmaması məsələsinə də diqqət yetirilsin. Prinsip etibarilə burada əlavə və düzəlişlərdə mütərəqqi cəhətlər də vardır. Çünki burada daha çox vətəndaşların, yəni fərdi istehlakçıların yox, həm də onlara xidmət sahələrində istifadə qaydalarının pozulmasını ehtiva edən müddəalar da olmalıdır. Onların da cərimələrinin artırılması, ola bilər ki, bu sahədə intizamın möhkəmlənməsinə, qayda-qanunun yaradılmasına xidmət etsin. Təkrar edirəm, qanunvericilik bazasının bu sahədə təkmilləşdirilməsinin, intizam tədbirlərinin, o cümlədən cərimələrin artırılmasının əleyhinə deyiləm, amma bunlar, digər başqa qanunlarda olduğu kimi, işləməməkdə davam edir. Təşəkkür edirəm.
Sədrlik edən. Mən birinci dəfə eşidirəm ki, Azərbaycanda pul qıtlığı var. Hələ belə söhbət yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin çox böyük səhvin var. Mənim sənin nəslindən, bəlkə hələ ondan da 3 dəfə artıq nəslim var. Nə bilirsən pul qıtlığı var, ya yoxdur. Hamısından xəbərimiz var. Elə bir şey yoxdur. Söhbət ondan gedir ki, kart sisteminə keçmək yaxşıdır. Biz istəyirik ki, adambaşına terminal maşınları qoyulsun ki, növbə yaranmasın.
Siz Milli Məclisin deputatısınız, burada jurnalistlər var. Belə söhbət etmək düzgün deyil axı, bu, bir az yaxşı anlaşılmır. Azərbaycanda heç bir pul qıtlığı yoxdur. Buna 100 faiz əmin ola bilərsiniz. Dünyada belə qıtlıq mövcuddur. Hələ nə Azərbaycanda, nə Ukraynada, nə də başqa ölkələrdə belə qıtlıq hiss olunmur. Normal vəziyyət hökm sürür. Qıtlığın Azərbaycana çox böyük təsiri olmayacaq. Heç bir pul qıtlığı da yoxdur, bunu hamı bilsin. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bir məsələyə istəyirəm, qısaca toxunam.
116.0.7-ci maddə. Təbii ki, mən də bu qiymətlərin ödənilmə məsələsində nöqsanların olduğunu bilirəm. Hesab edirəm ki, burada sanksiyaları artırmaq vacibdir. Hər kəs istifadə etdiyi yanacağa, qaz, elektrik, istilik enerjisinə görə vaxtlı-vaxtında vəsaitini ödəməyə borcludur. Burada problem daha çox vətəndaşa yönəlib. Mən istərdim ki, qanunvericilikdə sərtləşmə daha çox dövlət orqanına yönələn istiqamətdə getsin. Məsələn, Sabunçu rayonundan bir misal gətirmək istəyirəm. Orada enerji sahəsində çox böyük irəliləyiş əldə olunubdur. Yəni son 10 gündə gecə saat 2-dən səhər saat 11-ə qədər işıqlar söndürülürdü. Amma sonuncu bir həftədə, sağ olsunlar, gecə saat 12-dən 1-in yarısına qədər söndürürlər. Yəni vətəndaşa yarım saatlıq fasilə çox böyük bir fayda verir.
Burada 16.0.7-ci maddənin tələblərinin sərtləşdirilməsi, həm də bunun bilavasitə səlahiyyətli orqanlara aid edilməsi məsələsi ilə bu sahədə münasibətləri faydalı tənzimləmək olardı. Qanunsuz olaraq qaz, elektrik və istilik enerjisindən istifadəyə görə xətlərin kəsilməsinə və ya enerjinin verilməsinin məhdudlaşdırılmasına etirazımız yoxdur. Vətəndaş pul ödəyirsə, bunun enerjisi vaxtlı-vaxtında verilməlidir, qazı, işığı kəsilməməlidir. Amma reallıq budur ki, Bakının mərkəzində, bütün bölgələrdə hamının işıqları, qazı kəsilir. Gecə saat 3-də, 5-də də olsa, əgər vətəndaş pulunu ödəyirsə, bu, verilməlidir, ödəmirsə, buyur, sayğaclar var, get kəs. O baxımdan yenə deyirəm, bu cür dəyişikliklər daha çox dövlət orqanlarına yönəlməlidir. Artıq dövlət orqanları anlamalıdırlar ki, işıq pulu yığmadığına görə, vətəndaşın işığını fasilələrlə kəsmək hesabına bu kəsiri ödəmək yolundan imtina etmək lazımdır. Vətəndaş vaxtlı-vaxtında işıq almalıdır.
Mən öz nümunəmizdən dedim ki, əgər hər gün Bakının mərkəzində gecə 6 saat işıq keçirilirsə, bunun heç bir məntiqi izahı yoxdur. Onların məsuliyyətini artırmaq lazımdır. Dövlət orqanlarının, vəzifəli şəxslərin məhkəməyə verilməsi mexanizmini sadələşdirmək lazımdır ki, pulunu ödəyən vətəndaşa vaxtlı-vaxtında enerji təminatı verilsin. Mən bu qanun layihəsinə səs verməklə yanaşı, hesab edirəm ki, bu istiqamətdə vəzifəli şəxslərin məsuliyyətinin daha da artırılması, cəzanın sərtləşdirilməsi vacibdir. Bunu nəzərdə tutmaq, məncə, yerində olar.
Sədrlik edən. Sağ olun, başqa çıxış edən yoxdursa, xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu əlavələr və dəyişikliklər narkotik vasitələrin istehsalı sahəsində dövlət orqanlarının vəzifələri ilə bağlıdır. Mövcud müddəa dövlət orqanı qarşısında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin məhv edilməsi qaydasının müəyyən edilməsi vəzifəsini qoyur.
Qeyd etməliyəm ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı effektli mübarizə üsullarından biri də kinoloji xidmətdir. Söhbət xüsusi təlim keçmiş itlərdən gedir. Bura olunan əlavə artıq bu sahəni qanunvericilikdə tənzimləmiş olacaq. Qanunun 7.1.4-cü maddəsinə “...məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması” ifadəsi əlavə edilmişdir. Faktiki, bu, çox vacib bir məsələdir. Belə bir xidmət, təbii ki, təlimlər zamanı öyrədilmək məqsədilə istifadə olunur ki, bu da qanunla tənzimlənməlidir. Qanunun hər iki maddəsinə edilən düzəliş narkotik vasitələrin artıq qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan problemin həlli ilə bağlıdır.
Eyni zamanda, bilirsiniz ki, tədris və təlim məqsədləri ilə də narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə olunur. Burada olan düzəliş də kinoloji xidmətlər tərəfindən axtarış üzrə aparılan təlimlərdə xüsusi itlərdən istifadə olunmasına görə müəyyən edilən qaydalardır. Hər ikisi, hesab edirəm ki, texniki olsa da, əhəmiyyətli bir düzəlişdir. Millət vəkillərindən buna səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, biz vaxtilə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu qəbul etmişdik və Komissiyanın Əsasnaməsinin təsdiq edilməsi də qanun yolu ilə olmuşdu. Onu biz parlamentə xüsusi olaraq təqdim etmişdik. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Əsasnaməsi olduğuna görə onu paket şəklində təqdim etmişdik və qanunla təsdiq olunmuşdu. Baxmayaraq ki, indi təklif olunan əlavələr və dəyişikliklər Komissiyanın işi ilə bağlıdır, amma qanunla təsdiq olunduğuna görə, təbii ki, bu, parlament vasitəsi ilə həyata keçirilməlidir.
Qeyd etmək istəyirəm ki, 5.3-cü maddənin əvvəlki variantında Korrupsiyaya qarşı mübarizə Komissiyası korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirirdi. O zaman biz fəaliyyətə yenicə başlamışdıq və birillik proqram qəbul olunmuşdu. Təbii ki, o proqram müəyyən bir dövr üçün idi. Artıq təcrübə onu göstərir ki, bir neçə illik, amma dəyişən proqramlar olacaq. Bəzən o, proqram olur, bəzən də milli strategiya. Ona görə də “Dövlət Proqramı” sözləri burada dövlət proqramları ilə əvəz olunur, çünki bu, gələcəkdə mütəmadi olan bir işdir.
İkincisi, bizim təcrübəmizdən aydın olur ki, belə bir funksiyanı beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində həyata keçiririk. Yeri gəlmişkən deyim ki, parlamentin bir neçə millət vəkili Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvüdür və ona görə bizim işimizdən məlumatları var.
Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı da göstərilir. Belə bir fəaliyyət artıq mövcuddur. Qeyd etmək istəyirəm ki, qeyri-hökumət təşkilatlarına 2007-ci ildə büdcəmizdən 38 600 Azn, 2008-ci ildə isə 22 000 Azn məbləğində maliyyə ayrılıb. Onu da qeyd etmək istəyirəm ki, qeyri-hökumət təşkilatlarına maliyyənin ayrılması şəffaf həyata keçirilibdir. Tender vasitəsi ilə 2007-ci ildə 6 qeyri-hökumət təşkilatı, 2008-ci ildə isə 3 qeyri-hökumət təşkilatı bu maliyyəni almışlar. İndi qanunda da bu fikir öz əksini tapacaqdır.
Qanun layihəsində belə bir düzəliş də təklif olunur ki, Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarları iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə onun sədri tərəfindən qəbul edilə bilər. Burada söhbət, əlbəttə, ancaq cari məsələlərdən gedir. Çünki Komissiyanın gündəliyinə salınmış məsələlərlə bağlı Komissiyanın iclası çağırılır və bütün üzvlər də orada iştirak edirlər. Bəzən isə cari məsələlər olur və hansısa bir qərarın məktubla göndərilməsi lazım gəlir. Bu hallarda qərarın Komissiya sədri tərəfindən qəbul olunması barədə, əlbəttə, belə bir düzəliş etmək olar, çünki bu, sırf idarəçilik baxımından da əhəmiyyətlidir.
Nəhayət, sonuncu düzəliş, mövcud varianta görə Komissiyanın katibliyi Komissiya tərəfindən müəyyən olunur. Amma gəlin, razılaşaq ki, katibliyin üzvlərinin, yəni məsləhətçilərin, texniki işçilərin qəbul olunmasının Komissiya tərəfindən müəyyən olunması elə də vacib deyil. Ona görə biz özümüz təklif etmişik ki, katibliyin rəhbəri Komissiyanın qərarı ilə işə təyin olunur və azad olunur. Amma katibliyin digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və azad olunur. Bunlar administrativ vəzifələrdir və hesab edirik ki, Komissiyanın sədri tərəfindən müstəqil həyata keçirilə bilər. Hesab edirəm ki, bu əlavələr və düzəlişlər Komissiyanın işi baxımından əhəmiyyətlidir. Amma bir daha vurğulayıram ki, bu Əsasnamə qanunla təsdiq olunduğuna görə siz millət vəkillərindən bu Əsasnamədə olan düzəlişlərə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Azay Quliyev, buyurun.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, bu Əsasnaməyə ediləcək əlavələr və dəyişikliklər çox vacib və önəmlidir, buna səs vermək lazımdır. Amma mənim bir sualım var. Məlumdur ki, katibliyin rəhbəri vəzifəyə Komissiyanın qərarı ilə təyin olunur. Bəs bunun haqqında təqdimatı kim verir? Hörmətli Əli müəllim bu suala cavab versə, minnətdar olaram. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Mənim də Əli müəllimə sualım var. Burada bəs niyə “cari məsələlər” yazılmayıb? Yazılıb ki, “Komissiyanın səlahiyyətinə aid edilmiş bəzi məsələlər...” Yəni qanunla han-sısa konkret məsələ Komissiyanın səlahiyyətinə aid edilibsə, mənə elə gəlir ki, onun bu şəkildə verilməsi doğru deyil. Burada niyə yazılmır, məsələn, “cari məsələlər” və sair?
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm. Birinci, qeyd edim ki, Pənah müəllim, istənilən halda buradakı düzəlişə fikir versək, görərik ki, bu, Komissiya sədri tərəfindən təkbaşına qəbul olunan qərar deyil. “Cari” də yazmaq olar, bu problem deyil, çünki istənilən halda Komissiyanın iclası çağırılmadan Komissiya üzvlərinin rəyi öyrənilir. Belə demək mümkünsə, iclas çağırılmasa da, Komissiyanın hər bir üzvü məsələ ilə bağlı ya yazılı, ya da şifahi rəyini bildirir. Belə təcrübə olub, biz yazılı rəylər vermişik, həmçinin şifahi rəylər də mövcuddur. Demək istəyirəm ki, “bəzi” sözünü “cari” sözü ilə əvəz eləmək də olar, amma bir daha vurğulayıram, burada Komissiyanın səlahiyyətinə aid olan məsələ nəzərdə tutulur. Komissiyanın hər bir üzvü bu barədə öz fikrini bildirməlidir. Bu fikrin bildirilməsindən, yəni onun daha çevik formasından söhbət gedir. Rəy öyrənilir və bu, kifayət edir.
Əlbəttə, Komissiyanın gündəliyinə çıxarılan məsələlər də olur. Misal üçün, müəyyən bir dövr ərzində artıq hansısa bir dövlət orqanı, deyək ki, nazirlik bizim iş planına uyğun olaraq məlumat verməlidir. Onda nazir dəvət olunur, Komissiyanın iclası çağırılır, məlumat dinlənilir və sonda da qərar qəbul edilir.
Hörmətli Azay müəllimin sualı katibliyin rəhbəri ilə bağlı idi. O, sual verdi ki, həmin şəxs barədə kim təqdimat verir. O vəzifəyə kimin təyin olunması Komissiyanın iclasında müzakirə edilir və Komissiyanın istənilən üzvü tərəfindən belə bir təqdimat verilə bilər. Onu da qeyd edə bilərəm ki, Komissiyanın katibliyinin rəhbəri Strasburq Universitetinin məzunu, çox səviyyəli və hazırlıqlı hüquqşünas İnam Kərimovdur. O, eyni zamanda, Prezident Aparatının da məsul əməkdaşıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Tənəffüslə işləyək, tənəffüssüz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda keçirik növbəti məsələyə. “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mən çalışacağam ki, bir qədər operativ olum. Cənab Sədr, icazə versəniz, 12-ci məsələni də məruzə edərdim. Çünki hər ikisi “Dövlət qulluğu haqqında” Qanuna aiddir və müəyyən texniki düzəlişlərlə bağlıdır.
“Dövlət orqanlarının təsnifatı” adlanan 8-ci maddəyə “və yuxarı dövlət orqanı və ya”, o cümlədən “Məhkəmə-Hüquq Şurasının Aparatı” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanı” anlayışı əlavə olunur. Çünki Məhkəmə-Hüquq Şurası, bilirsiniz ki, fəaliyyət göstərir. Onun Aparatı da “Məhkəmə-Hüquq Şurası” haqqında Qanunda var. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçularıdır. Təbii ki, bu anlayışın onların təminatı, maaşları üçün “Dövlət qulluğu haqqında” Qanunun təsnifata dair maddəsində olması vacibdir. Elə bilirəm ki, bu, məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından da çox mühüm bir addım sayıla bilər.
İkinci dəyişiklik “Dövlət qulluğu haqqında” Qanunun 8.1.7-ci maddəsindən “ikili tabelikdə olan” və “regional” sözlərinin çıxarılması ilə bağlıdır. Texniki düzəlişdir və millət vəkillərindən həm on birinci, həm də on ikinci məsələyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Səsvermə ayrı-ayrılıqda olmalıdır. Xahiş edirəm, on birinci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
On ikinci məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət satınalmaları haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədədir, onu saxladıq.
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə. Eldar Quliyev, buyurun.
E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Mən də, ilk növbədə, istəyərdim, qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü, eləcə də Yeni il bayramı münasibəti ilə həm Sizi – Milli Məclisin rəhbərliyini, həm də bütün millət vəkillərini təbrik edim!
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə əlaqədar layihə millət vəkillərinə paylanılıb. Burada 18-ci və 20-ci maddələrdə cüzi dəyişikliklər nəzərdə tutulur. “Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlətin vəzifələri” adlanan maddədən “dövlət və regional” sözləri çıxarılır, onun yerinə “ərzaq balansı” ifadəsi əlavə edilir. Digər dəyişikliklər də buna müvafiq şəkildə edilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə müsbət münasibətlərini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ – “Dövlət rüsumu haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli fərmanı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hüquqi və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilməmiş ödənişlərin ləğv edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli qərarı ilə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısından dövlət orqanları tərəfindən göstərilən xidmətlərin çıxarılması tapşırılmışdır.
Fərmanın icrasına uyğun olaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərə və hüquqi hərəkətlərə görə tarifləri Azərbaycan Respublikasının Tarif Şurasının qərarları ilə təsdiq olunmamış və ya heç bir dövlət orqanı tərəfindən təsdiq olunmamış xidmətlərin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə olunması barədə təkliflər nəzərdə tutulmuşdur. Belə xidmətlərin sırasına sürücülük vəsiqəsinin, dövlət qeydiyyat nişanlarının, qeydiyyat şəhadətnaməsinin, yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi, avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması, standartlaşdırma və meteorologiya sahəsində hüquqi hərəkətlər, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatı, baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi, dənizçilik sahəsində şəhadətnamələrin, təsdiqnamələrin, gəmi reyestrindən çıxarışların, sertifikatların, dənizçinin qeyd kitabçasının və şəxsiyyət sənədinin verilməsi, kiçik həcmli gəmilərin qeydiyyata alınması, onlara gəmi biletinin verilməsi və texniki baxışın keçirilməsi, mülki aviasiya sahəsində sertifikatların verilməsi, tanınması və müddətinin uzadılması, habelə uçuşlara icazələrin verilməsi, tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərin göstərilməsi, ticarət və xidmət yerlərinin müəyyən edilməsi, habelə küçə reklamının yerləşdirilməsinə birdəfəlik icazənin verilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı daxildir. Yəni bu istiqamətlər üzrə dövlət rüsumu haqqında konkret təkliflər verilmiş, komissiyada müzakirə olunmuşdur. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə münasibət bildirsinlər.
Sədrlik edən. Elmira Axundova, sualınız var? Buyurun.
E. Axundova. Burada hamısı anlaşıldı. Başa düşdüm ki, nəyə görə bəzi rüsumlar dəyişir. Sadəcə, bizdə həmin maddələr tamam açılmadığına görə bəzi məqamları başa düşə bilmirik. Ziyad müəllim, mənə izahat verin. 6-cı maddəyə baxın. Burada 18.58.1-ci və 18.58.2-ci maddələrin qüvvədə olan redaksiyalarında ilkin icazəyə görə 45 manat, icazənin müddətinin uzadılmasına görə 25 manat verilirdisə, indi biz təklif edirik ki, birdən-birə 1000 manat olsun. Nəyə görə? Əvvəlki Qanuna baxmadım, mənim qüsurumdur. Nəyə görə rüsumlar birdən-birə qalxıb?
Sədrlik edən. Oldu. Elmira xanım, Ziyad müəllim dedi ki, tənəffüsdə Sizə izah edəcək. Etirazın yoxdur ki? Pənah Hüseyn buyursun. Sual ver, çıxışa yazılmısan.
P. Hüseyn. Hörmətli Ziyad müəllimə ölkənin baş iqtisadçısı kimi, habelə iqtisadi siyasətin yeridilməsində icra hakimiyyətinin bizə təqdim elədiyi qərarların əsas təqdimatçısı və vəkili kimi sualım var. Vəziyyətin düzəldiyi bir şəraitdə, dövlətin maliyyə ehtiyatlarının artdığı bir şəraitdə onsuz da çətin vəziyyətə düşmüş insanlarla, istər sahibkar olsun, istərsə də adi vətəndaş, yüz minlərlə insanla bağlı olan rüsumların birdən-birə bu dərəcədə artırılmasının və dövlət tərəfindən vətəndaşın soyulmasının səbəbi nədir? Bəlkə pul yoxdur, yaxud bayaq dediyimiz kimi, maliyyə qıtlığı var. Yəni bu nə ilə bağlıdır? Dünyanın bir çox ölkələrində həmin rüsumların çoxu ləğv olunubdur. Bizdə yeni-yeni rüsumlar tətbiq olunmağa, icad olunmağa başlayıbdır.
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Pənah müəllim, hörmətli cənab Sədr! Mən istərdim ki, bir balaca haşiyə çıxım. Hörmətli Pənah müəllim, mənim Sizə hörmətim var. Amma mən heç kimin vəkili deyiləm və xahiş edirəm, danışığınızda insanlara diqqətlə və hörmətlə yanaşın. İkincisi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, Qanunda nəzərdə tutulmamış xidmətlərə görə rüsumları ayrı-ayrı nazirliklər yığırdılar. İndi cənab Prezident maliyyə sabitliyini, maliyyə şəffaflığını təmin etmək üçün qanunlar çərçivəsində həmin rüsumları “Dövlət rüsumu haqqında” Qanunun tərkibinə salır. Vaxtilə heç bir əlavə olunmayıb. Vaxtilə Tarif Şurasının 2007-ci il tarixli qərarı ilə müəyyən istiqamətlər üzrə xidmətlərin haqqı göstərilib və yeni qanun layihəsində heç bir maddə üzrə, xidmətlər üzrə qiymətlər artırılmır.
Mənim əlimdə dövlət rüsumunun təklif olunan məbləği və vaxtilə Tarif Şurasının təsdiq etdiyi xidmətlərə görə haqlar var. Müqayisə etsəniz, heç bir rüsum üzrə, heç bir xidmət üzrə rüsum artırılmır. Ona görə mən Sizin iddiaları çox əsassız, məzmunsuz və mahiyyəti olmayan bir ittiham kimi qiymətləndirirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr son illərdə Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi, gömrük sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda, Azərbaycanın gələcəkdə Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə əlaqədar aparılan danışıqlardan irəli gəlmişdir. Burada “Gömrük tarifi haqqında” Qanunun 13-cü maddəsində məlumatın məxfiliyinin qorunması, 15-ci maddədə gömrük orqanının hüquq və vəzifələri, 17-ci maddədə gömrük dəyərinin müəyyən edilməsi üsulları, 18-ci maddədə gətirilən malların gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi, 19-cu və 20-ci maddələrdə eynicinsli malların sövdələşmə qiyməti üsulu, 21-ci maddədə dəyərin çıxarılması üsulu, 22-ci maddədə dəyərin toplanması üsulu ilə bağlı dəyişikliklər edilib.
Bu dəyişikliklərin bəziləri texniki xarakter daşıyır. Məsələn, 13-cü maddədə təklif olunur ki, “müvafiq məhkəmə qərarının qəbul olunduğu hallar” istisna olmaqla. 15-ci maddədə malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında yazılı izahat verilməsi təklif edilir. 17-ci maddədə dəyərin çıxarılması və toplanması üsullarına “deklarantın xahişi ilə” sözləri əlavə edilir. Ən böyük dəyişiklik 18-ci maddədə nəzərdə tutulub. Burada “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən gətirilən” sözlərinin “Azərbaycan Respublikasına ixrac olunması üçün satılarkən” sözləri ilə əvəz edilməsi təklif edilir.
Mən vaxtınızı almaq istəmirəm, ən böyük dəyişiklik 18-ci maddənin 1-ci, 2-ci və 3-cü bəndlərinə edilib. Ümumiyyətlə, yenə təkrar edirəm, bu dəyişikliklər Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə əlaqədar olaraq aparılan danışıqlardan irəli gəlmiş, eyni zamanda, Azərbaycanın beynəlxalq gömrük sisteminə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində müəyyən edilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Sözün doğrusu, mən çox təəccübləndim. Ola bilsin, iqtisadi təhsilim olmadığına görə bu dəyişikliklərin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun olaraq qəbul olunmasını başa düşmədim. Hörmətli Ziyad müəllimin, hörmətli akademikimizin izahatından sonra da bu mənim üçün çox əcaib bir məsələ kimi qaldı.
Mən konkret 15-ci maddəyə edilən əlavə və düzəliş barədə danışmaq istərdim. Bilirsiniz, 15-ci maddənin qüvvədə olan mətninə əlavə olunur ki, gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədi ilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyi və düzgünlüyünü araşdırma hüququ vardır.
Hörmətli Ziyad müəllim, mən Sizi inandırıram ki, onsuz da Azərbaycanın gömrük orqanı Gömrük Məcəlləsinə işləmir. Onların qeyri-rəsmi və bundan da çox dəqiq şəkildə yazılmış və icra olunan, əməl olunan bir məcəlləsi vardır. Mərkəzləşdirilmiş “obşak” sistemi ilə fəaliyyət göstərirlər. Amma heç olmasa, Qanunda bu yazılmamışdı. İndi istənilən məsələyə, istənilən sahibkara, istənilən sənədə, sözün həqiqi mənasında, ilişmək və onu qeyri-müəyyən müddətə qədər, iflas olunana qədər, böhran keçirənə qədər, malı xarab olana qədər, bazarda vəziyyət dəyişənə qədər, məhv olana qədər mane olmaq imkanı verirsiniz.
Siz deyirsiniz ki, Ümumdünya Ticarət Təşkilatı bunu tələb edir. Çünki indi qüvvədə olan mətndə, heç olmasa, bu yoxlanışların və maneələrin səbəbi barədə üç ay müddətində yazılı cavab verilirdi. İndi üç ay buradan götürülür. Niyə götürülür? Səbəbi nədən ibarətdir? Sözün doğrusu, bu barədə vəziyyət hamıya məlumdur. Mən bayaq Sizə dediyim kimi, vəziyyət o yerə gəlib çıxacaq ki, bu cür əlavə və düzəlişlərlə axırda gömrükdən gələn bir neçə yüz milyon manat həcmində dövlət büdcəsinə daxil olan ödəmələrin də Siz axırına çıxacaqsınız. Bunlar texniki xarakterli məsələlər deyil və hörmətli Ziyad müəllimi artıq korrupsiyanın vəkili kimi ittiham etməyə kifayət qədər əsasım yaranır. Təşəkkür edirəm.
Sədrlik edən. Deməli, çıxışının əvvəlində deyirsən: “hörmətli akademikimiz, “mən iqtisadçı deyiləm”, “başa düşmürəm”, “məni başa sal”. Başa düşmək üçün kursa yazılmaq lazımdır. Sonra deyirsən ki, korrupsiyanın birbaşa nümayəndəsidir. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Mən üzr istəyirəm, Yeni il axşamıdır, Yeni ilə yaxınlaşırıq. Böyük bir şairimiz olub və onun bir qəzəli olub. Mən şairin sözlərini deyirəm:

Hal əhlinin məcazı dərya kimi bulanmaz,
Ya fındığa düyün vur, ya qandır əhli-qalə.

Çox müdrik sözdür. Ona görə mən çox çıxış etmək istəmirəm. O ki qaldı Pənah bəyin fikrinə, bu barədə mübahisə etmək olar. Müəyyən etiraz yoxdursa, bu barədə Dövlət Gömrük Komitəsi ilə danışarıq, aydınlaşdırarıq.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.19 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclis Müraciət hazırlayıb. Bu Müraciət təsdiq olunmaq üçün sizə təqdim olunacaq. Xahiş edirəm, müraciət layihəsini Jalə Əliyeva təqdim eləsin.
J. Əliyeva. “Əziz soydaşlar və həmvətənlər!
Böyük və qüdrətli Azərbaycan xalqının milli-mənəvi bütövləşmə əzmini təcəssüm etdirən həmrəylik günündə hər birinizi hörmətlə salamlayırıq. Bu gün dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin söz, əqidə və əməl birliyinin möhkəmləndirilməsi ümummilli məqsədlərimizin gerçəkləşməsinə yönələn ən vacib vəzifələrdən biridir. Müasir dünyada cərəyan edən qlobal proseslər bir çox hallarda millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Xalqımızın yekdilliyinə nail olmaq üçün ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə on yeddi il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün dünyanın bütün qitələrində yaşayan azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporları və icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edir. Dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından uzaqlarda söz sahibi olması soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur.
Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bütün dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr verir. Bu gün Azərbaycan Respublikası siyasi və iqtisadi gücünü durmadan artıran, gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir.
Getdikcə çoxalan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rol oynayır.
Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn tədbirlər görülür, xarici ölkələrdəki Azərbaycan diasporları və icmaları ilə əlaqələr gücləndirilir. Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə bağlarının möhkəmləndirilməsinə kömək göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin üzvi tərkib hissəsidir.
Demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan islahatlar geniş vüsət almışdır.
Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Bütün bu amilləri nəzərə alan müdrik xalqımız 2008-ci il oktyabrın 15-də keçirilən Prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam etdirilməsini istədiyini bir daha ifadə etmişdir.
Dünya ölkələrində yaşayan azərbaycanlılar Azərbaycanın əldə etdiyi uğurlara öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyi günü səbirsizliklə gözləyirlər. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, ona görə də bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Azərbaycan xalqının bütün övladlarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasını yaxınlaşdıra bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələrini birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir.
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza qələbə sevincləri və nurlu gələcək arzulayırıq!” (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, bunu təsdiq eləmək üçün səs vermək lazım deyil. Sizin alqışlarınızı təsdiq kimi qəbul eləyək.
Artıq 2008-ci ilin payız sessiyası sona çatır, son iclasımızdır. Hərdən “rəhbərlik, rəhbərlik” deyirlər. Biz, rəyasət heyətində oturan rəhbərlik çalışmışıq ki, sessiya ərzində işgüzar şərait yaradaq, mehriban ab-hava yaradaq. Nə mümkün olubsa, yerinə yetirməyə çalışmışıq. Mən qarşıdan gələn Yeni il münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm, hər birinizin ailəsini təbrik edirəm! İcazə verin, hər birinizin adından xalqımızı təbrik eləyək! Qarşıdan gələn çətin 2009-cu ildə xalqımıza dözüm, xoşbəxtlik və firavanlıq arzulayaq! Sağ olun. (Alqışlar.)
Xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.28 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Elton müəllim, nəsə demək istəyirsiniz?
E. Məmmədov. Çox hörmətli Oqtay müəllim, söz verdiyinizə görə təşəkkür edirəm. Bizə, deputatlara daim diqqət göstərdiyinizə görə Sizə təşəkkürümüzü bildirir və arzu edirik ki, qeyd etdiyiniz bütün prinsiplər möhtərəm Prezidentimiz başda olmaqla Azərbaycan xalqına daim xoşbəxtlik gətirsin. Bir daha Milli Məclisin deputatlarına göstərdiyiniz diqqətə görə və verdiyiniz hədiyyəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm! (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 2008-ci ilin payız sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi